Bir mahnının tarixçəsi: “Mart” - VİDEO

Bir mahnının tarixçəsi: “Mart” - VİDEO

Müasir təqvimdə mart üçüncü ayıdır. Qədim romalılar bu ayı müharibə allahı Marsın şərəfinə adlandırıblar. Bir müddət sonra bu adı Roma ilə qonşu regionlar da qəbul etdilər.

Əsrlər keçdi və əvvəllər bir çox xalqlar üçün ilin ilk ayı hesab olunan mart xristianlığın qəbul olunmasından sonra öz əhəmiyyətini itirdi. Yanvar ayının hökmranlığına qədər Mart yazın, baharın gəlişinin rəmzi idi. Təbiətin yenilənməsi mövsümü məhz yazdan, daha doğrusu, Mart ayından başlayır. Ümumiyyətlə, Mart digər aylardan öz enerjisi ilə önə çıxır. Bir çox digər xalqlar kimi, türklər də baharın gəlişini yüksək qiymətləndirir və xüsusi qeyd edirdilər. İnsanlar üçün bir çox doğma inanclar və bayramlar da bu ayın payına düşür…

1956-cı il. İçərişəhərin dar küçələrində gənc bir oğlan harasa tələsir. Qaçaraq üçüncü mərtəbədəki mənzilinə qalxır, radioya tərəf cumur. "Amerikanın səsi" radiosunda çox qəribə bir musiqi yayamlanır, oğlan səslənən melodiyanın hər notunu böyük vurğunluqla dinləyir. Sonra fortepianonun arxasına əyləşir, eşitdiyi musiqini improvizə edərək orijinal musiqidəki bəzi məqamları dəyişir. Bu musiqi həmin illərdə SSRİ-də qadağan olunmuş Amerika cazı, 9-cu sinif şagirdi olan oğlan isə gələcəyin böyük cazmeni olacaq Vaqif Mustafazadə idi.

39 illik həyatında Vaqif Mustafazadə onlarla musiqi əsəri yaratdı. Yəqin ki, bu cür musiqi irsini miras qoymaq üçün bütün bir həyat kifayət etməzdi. Təsəvvür etsək ki, belə bir böyük insan 70-80 illik bir həyat yaşasaydı, daha nə qədər gözəl musiqilər ortaya çıxa bilərdi. Onun əsərləri təkcə adi dinləyicilərin deyil, həm də ən zövqlü musiqi bilicilərini də həyəcanlandırır. Bu kompozisiyalar o qədər gözəl və mükəmməldirlər ki, onlardan yalnız birini seçmək mükün deyil. Amma biz bu əsərlər arasından birini seçməyə məcburuq və həcmcə iri olmayan, amma dərin mənalı "Mart" kompozisiyasının üzərində dayanırıq. 

Təəssüf ki, bu kompozisiyanın dəqiq yaranma tarixçəsini bizə açıqlayacaq hər hansı dəlil-sübut, yaxud bir parça əlyazma qalmayıb. Amma dolayı mənbələrdən əsərin təxminən 1972-ci ilə aid olduğu güman edilir. Amma bir şeyi dəqiq demək mümkündür: bu, avtobioqrafik əsərdir, orada musiqiçi həyat və yaradıcılığından danışır. 

Vaqif Mustafazadənin istedadı çox erkən yaşda özünü göstərib. Uşaq vaxtı o, kiçik barmaqlarıyla nə zamansa anasından eşitdiyi mahnı fraqmentlərini təkrarlayırmış. Musiqi məktəbində bu balaca oğlan öz duyumu ilə bütün yaşıdlarından fərqlənib. Müxtəlif müsabiqələrdə ən çox qələbə qazanan Vaqif olub.

Musiqi sevgisi onu əvvəlcə Asəf Zeynallı adına musiqi məktəbinə, sonra da konservatoriyaya gətirib. Bir il sonra isə o, Bakını tərk edib Tiflisə getmək məcburiyyətində qalıb. Yalnız 1968-ci ildə o, bəstəkar Rauf Hacıyevin dəvəti ilə  Bakıya dönüb. Amma təəssüf ki, paxıl və bədxah həmkarlarıyla əhatə olunan böyük istedad imkanlarının çox kiçik bir hissəsini nümayiş etdirə bilib. "Leyli", "Sevil" və ömrünün son illərində rəhbərlik etdiyi ansambl Vaqif Mustafazadənin imkanlarının yalnız kiçicik bir hissəsi idi. Musiqiçi kimi fəaliyyətinin bu istiqaməti onun istedadının mahiyyətini əks etdirən digər bütün musiqi əsərlərini kölgədə saxlayırdı.

Ölümündən bir neçə ay əvvəl Vaqif Mustafazadə münsiflər heyətinin yekdil qərarı ilə Monakoda keçirilən caz festivalının qalibi elan edilmişdi. Bu, bütün postsovet məkanı üçün böyük nailiyyət idi. Sağlığında o, birinci növ muqisiçi, caz və muğamı sintez edərək inqilab yaradan,  Şərq və Qərbi birləşdirən insan kimi qəbul etdilər. Amma Vaqif Mustafazadə fenomeni yalnız onun ölümündən sonra qəbul edildi. Təəssüf ki...

İlk dəfə "Mart" kompozisiyasını Vaqif Mustafazadə özü ifa edib. 1976-cı ildə qrammafon valları studiyasının yardımı ilə onun əsəri adi dinləyicilərə də yol tapdı. "Mart" əsərində maraqlı bir qanunauyğunluq var:  sanki bəstəkar dinləyicini bir neçə dəqiqəliyinə öz həyatına "ekskursiya”ya dəvət etmək istəyir. Onun sol əli ilə ifa etdiyi sekvensiyalar bütün mahnı ərzində sabit qalır. Sanki bu yolla o, ömrünün sonuna qədər caz və muğama sadiq qalacağı mənzərəsini yaradır. Sağ əllə ifa etdiyi partiya isə inkişafdadır, daim "böyüyür”. Mahnının sonu bizi əvvələ qaytarır – bu, bütün ruhi stereotiplərin dağıdılması və zaman üzərində qələbənin rəmzidir.  

1983-cü ildə Bakıda o zamankı Lenin adına Respublika Sarayında Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş caz festivalı keçirildi. Ən qəribəsi bu idi ki, tədbirdə musiqiçininn bir əsəri belə ifa olunmadı. Təkcə Rusiyadan dəvət olunan "Quadro"  pop qrupunun ifasından başqa. Qrup "Mart" kompozisiyasını ifa edəndə az qala zal alqışlardan dağılacaqdı. İlk versiyadan fərqli olaraq, bu dəfə "Mart"da gitara partiyası da səslənirdi və bu, həmin axşamın ən parlaq hadisəsi olmuşdu.

Vaqifin "Caz şahzadəsi” kimi tanınan qızı Əzizə Mustafazadənin bu məşhur parçanı öz repertuarına daxil etməsində təəccüblü heç nə yoxdur. Qeyd etmək lazımdır ki, ilk dəfə "Mart"ı  o, 1986-cı ildə Bakıda lentə aldırıb. Sonradan onu 2000-ci ildə buraxdığı "Inspirations, rəng və Reflections" albomuna da daxil edib. Peşəkarların fikrincə, bu interpretasiyada Əzizə sanki dinləyicini aldadır, eynən atasını təkrar edir, amma sonra öz əsərinin fərdi təfsiri gəlir. 

"Mart" əsərinin çox ifaçısı olub, onlardan hər biri əsərin müəllifinə hörmətlə yanaşıb və hər ifaçı bu əsərə nəsə əlavə edib. Amma bütün ifaçılar və musiqi tənqidçiləri bir fikirdədirlər: heç kəs bu əsəri dünyaca məşhur olan, Azərbaycan cazını dünyada tanıtdıran ölməz bəstəkarın özü kimi ifa edə bilməyib. 

Hazırladı: Aliyə Haqverdi 

(Azərbaycan İctimai Televiziyasının məlumatları əsasında)

ANN.Az