
Cəlil Cavanşirin şeirləri
- 30.08.2013
- 0 Şərh
- 4250 Baxış
"Antişeir” silsiləsi
Mənasız söhbətlər - I
Qadın döşlərindən başlayır həyat Süd kimi içirəm ağ buludları Şeir qaralamaq kişilik deyil Yığıram gözümə qaranlıqları.
Adam deyiləmsə, bəs nəyəm görən. Mənim keyf eyləyən yaşımdı, brat. Gecələr bir qadın qoxusu kimi... Çökür üstümüzə bu ağır həyat.
Gecəni sevirəm, tənha gecəni. Bir tüstü, siqaret tüstüsü, acı. Dağların başında qara buludlar. "Bu dəfə şedevr yazmısan bacı”
Qadınlar bir azca gec boşalanda Həyat gəldi gedər, dostlar vəfasız. "Gecələr damlarda ot çəkirik biz.” Araqla, pendirlə zor gedir qarpız.
Səhərlər siqaret dərman əvəzi. Bir saat rok dinlə, beynin açılsın. Hər gün ağlayıram vəfasız gözəl. "Əcəb fiquran var, ay canın yansın.”
Buludlar toqquşur, ildırım çaxır. Tüpürdüm arağa, nəşəyə qardaş. Şəhər küçələri zir-zibillidir Hər gün kayfdayam, mən ay taxtabaş.
Ən gözəl qızları sevdim, unutdum. Şəhər - hisslərimin daşa dönməsi. Mən bir az kədərli adamam şair, Həkim diaqnozu : "Beyin çönməsi”
Bir şeir pıçılda üzü küləyə "Ağla, buludlar ağlasın.” Susma haqsızlığa, vəfasızlığa. Dostlar yaşıma baxmasın.
"Bu da sonuncu gün, sonuncu vida” Məndən soruşmayın ayrılıq nədir. Gedirəm dünyanın sonuna doğru İçmək göz yaşına bir bəhanədir.
Gecələr, gecələr tənha gecələr. Yenə təkərdəsən ay brat, çaşma. Şeirdən bezmişəm, gör neçə vaxtdır. Mən qoşma yazıram, kədərli qoşma.
Ağlamaq gözəldir, gülmək yalandır. "Get tullan, adımı alma ağzına.” Səni unutmuşam gör neçə vaxtdır. "Tanrım, bir yol göstər gəlim yanına”.
Bu səs-küylü küçə, bakirə şəhər. Sevirəm mən səni, inanmasanda. Durub ciddi-ciddi şeir oxuma. Qəzəldən-məzəldən qarnımız toxdu. Bir az dəlilik et, Bir az pıçılda.
Maskulin şeir
Tanrı çaşsaydı, adəmin qabırğasından qadın yox, kişi yaratsaydı Yəni istehsalat xətası olsaydı Bütün günü PUB-lardan çıxmazdıq. Sevişməyə vaxt ayırmazdıq. Nə müharibələr, Nə soyqırımlar olardı. Dünyanın qadınsız vaxtları vardı...
Çox yox, azacıq diqqətsizlik etsəydi, Qadını yaratdıqdan sonra Səhviniz düzəltsəydi. Bir az əl gəzdirsəydi Tanrı Qadın adlı əsərinə. Çevirməsəydi Adəmi Həvvanın əsirinə Həvva aldatmasaydı Adəmi Nə Həvva peşman olardı, Nə Adəm qovulardı Cənnət insanla dolardı. Nə bu qədər dinlər, məzhəblər Nə günahlar, nə savablar Nə də qara donlu kafirlər olardı... Dünyanın qadınsız vaxtları vardı...
İşini gücünü atıb, Tanrı insan yaratmaq sevdasına düşməsəydi, Hər şey yerli yerindəydi. Ya da Adəmdən sonra, Yaradıcılığa ara versəydi Qadın dünyaya gəlməsydi... Tanrı tələsməsəydi... Tanrının tələskənliyidi qadın Ya da yaradılış xətası. ən əsası Tanrım, nə yaratdığını Nə aldığını, nə satdığını bilirsən Keyf elə gözəl Tanrı Dünya açıq bazardı. Offf, o gözəl günlər offf!!! Dünyanın qadınsız vaxtları vardı...
İnsan unudur
(Viskiyə buz atmağı unutduğum üçün, qəzəblə pıçıldadığım misralar...)
Əvvəl təkliyə alışdı, Sonra göz yaşı qurudu. Çox şükür ki, toparlandı Yaxşı ki, çox qürurludu...
İndi gözlərində gülüş, baxışları dupdurudu.
ahhh nahaq yerə üzülmüşəm. axı o da bir insandır. insandır... insan unudur...
Toxun mənə, Tanrım
əgər varsansa danış, sirli-sirli susmağın ümidimi öldürür. əgər varsansa, bir mesaj at günlərlə susan telefonuma ya da bir mail yaz... əgər varsansa şəhərin mərkəzində görüşək, ya bir çay, ya bir viski, ya da cibimizə görə nə varsa... içək. əgər varsansa sərxoş ol, əgər varsansa bir siqaret yandır üzü küləyə.... əgər varsansa başımı çiyninə söykəyim, əgər varsansa səsindən ən sərxoş mahnılar dinləyim... əgər varsansa, Dionis yoxdu demək... əgər varsansa Afrodita uydurmadı.... əgər varsansa özünə şərab süz, əgər varsansa... əgər varsansa, vədələşək görüşək məscidlərin birində, istəsən kilsədə ya da uyğun bildiyin bir sinaqoqda, sakit bir hücrədə bir az dünyanın işlərindən, hurilərindən, cənnətdən, müjdələrindən cəhənnəmdən, əzabdan hikkələrindən... mükafatından danışaq... elə tənhayam ki, əgər varsansa bir sevgi şeiri, ya kədərli bir musiqi dinləyib ağlayaq... Fələstində, Myanmada Suriyada ölən uşaqlara terrorda öldürülən məsumlara, toronadoda, zəlzələdə tələf olanlara yas saxlayaq... ya da əgər varsansa içkimiz bitməsin... yay gəlməsin... silahlar səslənməsin, sevgililər getməsin, analar qocalmasın, uşaqlar ölməsin! əgər varsansa əsməsin bu iyrənc küləklər əgər varsansa yığışdır müqəddəslik, ucalıq söhbətlərini... əgər varsansa çöksün diktaturalar, dağılsın qanlı rejimlər... rahatlaşsın yorğun beyinlər, kədərli ürəklər Hindistanda səndən daha müqəddəsdir inəklər... əgər varsansa çıx get, rahat yaşasın insanlar, Sən olan yerdə sükunət bir də yalançı ümid var... sənsiz daha xoşbəxt olar, bu dünya, bu ölkə, bu şəhər... çıxıb gedəcəyin bir yer yoxdursa çəkilib özünə yaşa, birtəhər... əgər varsansa, susma Danış mənimlə, sakitləşsin ağrım.... əgər varsansa görün, Toxun mənə, toxun mənə tanrım!
"Oğurluq"
"Sən çox erkəndən gələrdin, Mən hələ yuxudan qalxmamış. Evə çatmamış zəng edib məni yuxudan oyadardın Mən səni qarşılayardım Sakitcə Sən otağa, Mən hamama keçərdim. Sonra adama bir stəkan çay içərdik. Sonra bərk-bərk köksümə sıxardım səni. Oğurluq səadətin qoxusunu çəkərdim ciyərlərimə Oğurluq sevginin sərxoşluğu yayılardı bədənimə öpüşərdik ... sən üstündəki paltarı mən üzümdəki həyanı soyunardım sevişərdik... Sən çox erkəndən gələrdin, Şəhər hələ yuxudan qalxmamış Bir telefon zənginə diksinib Qapıya yüyürərdim Hər dəfə üzündə eyni məsum təbəssüm, Baxışlarında ağır bir kədər olardı... Sənin üzün gülməzdi, Mənim də halım birtəhər olardı... Qonşu bağından oğurladığı almanı gizləyən uşaq kimi, Üzünü əllərimin içində gizləməyə çalışardım. Etdiyim günahın bədəli, Ömür boyu sənə həsrət qalmaqdı, Sən gedəndən sonra bacardığım yeganə iş Hönkür-hönkür ağlamaqdı. Gecələr qoxun çökmüş yastığa üzümü söykəyib hıçqırardım... Hər gecə yuxuma girərdi gözlərin Diksinib yerimdən qalxardım... Dəli kimi başımı divarlara çırpardım... Nə içki, nə siqaret təsəlli deyilmiş sənsiz gecələrdə... Mən bir içim xoşbəxtlik dadardım, Sənin gəldiyin günlərdə... Sən çox erkəndən gələrdin Şəhər yuxudan qalxmamış... Biz sevişərdik və sən çıxıb gedərdin işinə... Hər gedişindən sonra bir darıxmaq dolardı içimə... Mən ağlayardım... sən gedərdin.... Gecələr qoxun çökmüş yastığı qucaqlayardım bir dəli darıxmaq dolardı içimə... Səninsə ərin var yanında, bir də ona xəyanət etdiyin kişilər... Nə vecinə, quzum nə vecinə..."
Cəlil Cavanşir



