Cüzeppe Verdinin “Don Karlos” operasının premyerası olacaq

Cüzeppe Verdinin “Don Karlos” operasının premyerası olacaq

İyunun 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Don Karlos” operasının premyerası olacaq.
 
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsər Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulur: "Dahi bəstəkarın ən gözəl operalarından biri olan "Don Karlos” İohann Kristoff Fridrix fon Şillerin "Don Karlos, ispaniyalı infant” dramı əsasında qələmə alınıb. Operanın ilk tamaşası 1867-ci ildə Parisdə baş tutub və həmin vaxtdan bu əsər dünyanın bir çox opera teatrlarında böyük müvəfəqiyyətlə səhnəyə qoyulur”.
 
Tamaşada əsas partiyaları Azərbaycanın əməkdar artistləri Əkrəm Poladov (II Filipp), Fəridə Məmmədova (Yelizaveta Valua), Səbinə Əsədova (Şahzadə Eboli) ifa edəcəklər. Don Karlos partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko dəvət olunub. Tamaşada həmçinin Anton Ferştandt (Rodriqo) və Tələt Hüseynov (Böyük İnkvizitor) da iştirak edəcəklər.
 
Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.