Əlibala Əhmədovdan yeni şeir...

Əlibala Əhmədovdan yeni şeir...

ÖZ TETÇERİMƏ

Qutuları açıb
anaların qızları üçün aldığı kiçik paltarları
açmış
güllər əvəzi
qış ağaclarıma taxıram.
Amma beynim barıt kimi yanır.
Ölüm haqqında yazılmış kitabın səhifəsini qaynadıb
suyunu içirəm elə bil.
Amma ölən bədənim deyil, ömrümdür.

Mən sənin üçün pisliklər etməyə, xəyanətlər yaşatmağa namizəd olan kişi,
ya da kədərinin yumşaq damlalarında boğulan
günahsız quzu idim.
Qadınlar haqqında mənə danışırdın
Qadınlar haqqında danışırdım, sənə
Və qadınlar, tanrılar
Və bütün məbudlar, adamlar qadınlar
yox olurdu, sənlə danışdıqca.

Sən qalırdın.

Bananın qabığı kimi soyulub
səmtləri boyunca axan bu kədər
mədəyə tezliklə yayılan xırda səpkilər kimiydi.
Ömrüm sənin əlinə keçdi.
Onu dəyişdirdin.
Ömür - anam və atamın
islaq xülyaların 
istəkli zarafatların
üstündə əsdiyi gerçək.

Olsun ki, onsuz da məhv oldu - 

Sənin sevginin dadını
sənin sevgini
uşaqlıq illərində yeyilən qanqallara bənzədirəm.
Kimisə xeyrindən
kimisə yabanı olmasından - ziyanından danışırdı.
Gah xeyirli, gah da ağrılı idi

Amma bu gün beynimdə yanan barıtı kimsə sənin adınla söndürsə,
dayanmadan ağlayaram.
Sakitləşsəm, sinirlərim soyusa
sərin - sərin çürüyən xoşbəxtliyimi düşünərəm.
Sənə etdiyim pərəstişin
ağrılı xatirəsi
havadan itməyən köhnə çay qoxusu kimi ruhumu üzər.

Sən mənim rəngim
çürüməyən xoşbəxtliyim
taxta masa üstündə barıt kimi yanmayan beynim
Sən mənim

ölməyən ömrüm idin.

İndi varlığımın bu kül mənasını kimsə üfürüb uçurtmaq istəsə
 Heç olmasa o nəfəsin
səninki olmasını arzulayardım.....