Elnur Astanbəyli. Bir sərxoşun gecə yarısı monoloqu (ŞEİRLƏR)

Elnur Astanbəyli. Bir sərxoşun gecə yarısı monoloqu (ŞEİRLƏR)

Bir sərxoşun gecə yarısı monoloqu

Gecə yarı... şüşə yarı... beyqəfil
Soruşursan nə var, nə yox, necəyəm? –
Bir buludam – yağış dammaz... su dammaz...
Bir küləyəm – dolanıram sər-səfil,
Bir ağacam – budaqlarım budammaz...

Kövrəlirəm sükutlara, "sus!"lara –
Qonşuluqda qara köpək hürüncə....
Kövrəlirəm göydə uçan quşlara,
Kövrəlirəm cücərən ot görüncə...

Bir az məni özgə salıb gözündən,
Bir azca da öz gözümdən düşmüşəm.
Göz yaşımı qısqanmasın o bulud –
Mən bu göyə yer üzündən düşmüşəm...

Lal olmuşam – sözlər çıxıb yadımdan,
Susmaqçünmüş bu ağızım, bu dilim.
Əlim əsir dan üzünün yeli tək,
Deyirlər çox içməkdəndi, nə bilim...

Unutmuşam yaxınları, yadları,
Unutmuşam ən doğmaca adları...
Nəsə... çox da uzanmasın bu söhbət, –
Qurban olum, o şüşənin içində
Bir az qalıb, süz onu da içim də...

(dekabr, 2017)


Bakıdan məktub

Sən gedəli Bakı yaman dəyişib,
Sozalıbdı, sınıxıbdı, əziz dost.
Göy üzüdü – quş uçmayan... buludsuz...
Boz çöllükdü – nə yağış var, nə yağmur...
Boş-boşuna gözləmişik yanvarı,
Bir işə bax, fevralda da qar yağmır...

Sən gedəli Bakı yaman dəyişib –
Bir-birinə saxta gəlir adamlar,
Parklarında saxta gülür adamlar,
Dekorativ ağacları çoxalıb;
Bir azcana sevgiləri seyrəlib,
Bir azca da tıxacları çoxalıb...

Binaları daha uca tikdikcə
Adamları aşağılanır, alçalır.
Day döyünmür... day döyülür ürəklər...
Sən gedəli, bilirsənmi, əziz dost,
Dəyişməyən bir şey qalıb Bakıda –
Yenə elə avaradı küləklər...

(dekabr, 2019)


60 yaşın qımqımısı

(dostum Allahyar Eyuboğluna)


günaydın, bu boyda pislik içində
qurumuş ağaca, vurulmuş quşa
doğma balası tək sarılan Adam;
o quşun qanayan qanadlarını
gözünün yaşıyla sarıyan Adam....

günaydın, torpağa, suya yeriyən,
yollar ayağında yorulan Adam...
körpə uşaq kimi altmışında da
dəniz mavisinə, ot yaşılına
sünbül sarısına vurulan Adam...

bağlandı qapımız kor sevdalara,
çətin o qapını bağlayan açar...
günaydın, gözünü çaylara sıxıb
millət uyuduqca – yuxusu qaçan,
dünya bulandıqca – durulan Adam!

(30 noyabr, 2019)