Elnur Nəhmətov -

Elnur Nəhmətov - "Məngülə" (hekayə)

İndi həmin xəstəxananın yerində yaşayış binaları tikilib. Mən isə 20 ildir, şəhərdə yaşayıram. Qardaşım kənddən zəng vurub Məngülə xalanın öldüyünü dedi. 10 yaşlı oğlumu bağrıma basdım. Xəyala dalıb ötən uşaqlıq illərimə qayıtdım. İkimərtəbəli xəstəxananın həyətindəki şam ağacları elə gözəl, elə qəşəng sıra ilə əkilmişdi ki! Ağaclar həm də çox hündür idi. Evimiz bura o qədər yaxın idi ki, bu ağacların kölgəsində qalardı. İlboyu şam ağacının altında ot örtüyü olardı. Buranın qəribə qoxusu da vardı. O yaşıllıqdan, ağacların gövdəsindən, xəstəxananın içərisindən gələn dərman qoxusu - hamısı bir-birinə qarışardı. Kaş o qoxunu indi də duya biləydim! Yamyaşıl otların üstündə axşamacan oynayardıq.Yerə tökülən şam qozalarını bir yerə toplayıb qala qurardıq. Xəstəxananın ərazisi bizim üçün çox doğma idi. Hərdən xəstəxananın içinə də girərdik. Koridorlarda olan o xoş, fərqli qoxunu burnumda hələ də hiss edirəm. İçəri çox işıqlı olurdu. Yerə sərilmiş mavi rəngli tollar tərtəmiz olduğu üçün bəzən oturaq oyunlarımızı burada oynayardıq. İkinci mərtəbəyə çox az çıxardıq, çünki bəzi pəncərələri yox idi. Xəstəxanada yaşlı bir həkim vardı, hamı Səftər doktor çağırırdı onu. Bizə heç nə deməz, eynəyinin üstündən baxıb gülümsəyərdi. İkinci mərtəbədə Sevda adlı gözəl qız vardı. Dərman satardı. Ona da Sevda bacı deyirdik. Hər dəfə "alenka" adlı şokolad verərdi bizə. Kəndimizin məmə deyənindən pəpə yeyəninə kimi hamının tanıdığı Məngülə xala da burada işləyirdi. Amma mən heç vaxt onu xəstəxanada görməzdim. Məngülə xala mamaça idi. Adətən qadınlar doğuşu gecə keçirdikləri üçün, sən demə, Məngülə xala da gecələr olurmuş burada. Bunu isə çox sonralar öyrənmişdim. Məngülə xalanın Rüstəm adında bir oğlu vardı. O da bizimlə bütün günü xəstəxananın həyətində oynayardı. Bəlkə də, bizə kimsənin bir söz deməməsi ona görə idi. Bir dəfə yenə də şam ağaclarının altında futbol oynayırdıq. Rüstəmin vurduğu top xeyli kənara - zibil yeşiklərinin yanına düşdü. Topun dalıyca qaçdım. Topu götürəndə gözümə sellofan torba sataşdı. Maraq güc gəldi, açdım. Sellofanın içində qanlı pambıq, balaca kibrit qutusu boyda bədəni, kibrit çöpü kimi nazik ayaqları, əlləri olan uşaq var idi. O ölmüşdü. Mən ona toxunmağa çalışırdım, amma cürət etmirdim. Bir az keçən kimi Rüstəm də gəldi. Ona da göstərdim. Rüstəm mənə bir şeylər izah etməyə çalışırdı.Çox qorxmuşdum. Həmin torbanı götürüb xəstəxananın ikinci mərtəbəsinə Sevda bacıya göstərmək üçün qaçdım. Rüstəm də mənim arxamca qaçır, geri qaytarmağa çalışırdı. Sevda bacı cansız bədəni görən kimi üzünün ifadəsi dəyişdi. Üzümə baxa bilmədi. Qəfildən "Rüstəəəm",- deyə qışqırdı. Geri baxanda Rüstəmi görmədim. Rüstəmin cansız bədəni xəstəxanın həyətində - şam qozalarından düzəltdiyimiz qalanın yanında sərili qalmışdı. Məngülə xala oğlunun soyumuş bədəninə sarılıb ağlayırdı.