Erix Mariya Remark. Anettanın məhəbbət tarixçəsi

Erix Mariya Remark. Anettanın məhəbbət tarixçəsi

Erix Mariya Remark
Anettanın məhəbbət tarixçəsi


Anetta Ştol Mərkəzi Almaniyanın kiçik universitet şəhərciyində böyümüşdü. Diribaş, gümrah və işıqlı bənizi olan şən bir qız idi.

O, məktəbə elə də həvəslə getmirdi və çubuqlu şirnilərə, bir də filmlərə dərin həssaslıq duyurdu. Anettanın uşaqlıq dostu ondan üç yaş böyük, kitablara və ciddi söhbətlərə həvəs göstərən Herxard Yeger adında uzun və caydaq bir oğlan idi.

Onlar qonşu idilər və valideynləri arasında da dostluq var idi. Tale elə gətirdi ki, onlar bacı-qardaş kimi bir yerdə böyüdülər. Anettanın sərgüzəştləri Herxardın da sərgüzəştləri idi: atılmış bağlar, dolanbac küçələr, ətirli hava və yeniyetməlik çağlarının gərgin, naməlum heyranlıqları – bütün bunlar onlarda ümumi idi. Sonradan bu gənclərin həyatı başqa cür getməyə başladı.

Anetta – yaşına görə çox böyük və yetkin görünən bu qız, on altı yaşlı şıltaq və özündənrazı gözəlçə xasiyyətini almışdı.  Ona bu qədər tanış olan yoldaşlıq bağından, tamam anlamadığı və həyəcan yaşadan sirlərlə dolu bir diyara düşmüşdü, sanki.

Hələ az əvvəl Anettanın böyük dostu və onun uşaqlıq çağının müdafiəçisi olan gənc Herxard Yeger, indi ona köməksiz və özündən də gənc biri kimi, hətta öz qətiyyətsiz qərarları ilə gülməli görünürdü. Anettanın xoşuna bircə o gəlirdi ki, hər şey hamar və maneəsiz gedirdi. Və bu münasibətin davamını qabaqcadan görmək elə də çətin deyildi. Bu gələcək tam aydın, dinc və mehriban ərlə, sağlam uşaqlardan ibarət görünürdü. Herxard ilk semestr üçün universitet imtahanlarını verdiyi zaman onlar artıq bir-birinə yad adamlar olmuşdu. Sonra isə müharibə başladı.

Az qala bütün şəhərcik yoluxucu bir həyəcana bürünmüşdü. Hər gün daha çox abituriyent çil-çil tələbə furajkasını könüllü alaylarının boz şapkasına dəyişmişdi. Və onların yeniyetmə simalarında qətiyyət cizgiləri peyda olmuş, daha ciddi, daha böyük və yaraşıqlı görünməyə başlamışdılar. Hər biri özünü qurban verməyə hazır idi. Amma yenə də onlar məktəb partalarına, avarçəkmə klubuna və gecə əyləncələrinə daha yaxın idilər.

Sülh günlərinə o qədər yaxın idilər ki, bütün bunların nə demək olduğunu və hara getdiklərini anlamaq çətin deyildi. Herxard Yeger ilk könüllülərin sırasında idi. Sakit, özünə arxayın olmayan, hər zaman fikirli görünən bu gənc birdən dəyişilmişdi.

Elə bil onun içində nəsə bir yanğın var idi. Düzdür, bu yanğın müharibə alovuyla alışıb-yanan universitet professorlarının coşğunluğundan fərqlənirdi. Herxard və yoldaşları bu hərbdə mübarizə və özünümüdafiədən də çox şey görürdü; onlar üçün müharibə gələcəyə açılan qapı idi – müştəbeh və nizamlı bir zamanın qocalmış ideallarını məhv etmək, cəmiyyətin həyatını gəncləşdirmək üçün.

Bir bazar gününün günortasında, gənclər cəbhəyə yola düşdülər. Vağzal xeyli sayda ağlayan, həyəcanlanan, dostlarına və qohumlarına toxtaqlıq verən insanla doluydu. Demək olar ki bütün şəhər bura yığışmışdı. Hər yerdə gül-çiçək var idi. Yaşıl yarpaqlı budaqlar tüfənglərin lüləsindən sallanırdı.
Hərbi orkestr təntənə ilə ifa edir, hər tərəfdən qışqırıq və çağırışlar eşidilirdi. Qatar təzəcə yerindən tərpənirdi ki, Herxard Yeger perronda Anettanı gördü. Anetta onun kupesinin pəncərəsi ilə yanaşı yeriyir və başqa vaqonda olan kiməsə əl edirdi. Herxard həyəcanla qızın əlindən tutdu. – Anetta... O isə qəhqəhə çəkdi və əlində qalan gülləri uşaqlıq dostuna atdı: – Parisdən mənə yaxşı bir şey gətir!  

O, başını tərpətdi, amma cavab olaraq heç nə deyə bilmədi – qatar sürətini artırmışdı və vağzaldan mahnıların əks-sədası ilə nəfəs alətləri orkestrının gurultusu yüksəlirdi. Qızın küləkdə oynayan ağ yay donu, Herxardın özüylə apardığı son xatirə idi. İlk aylarda Anetta Herxardın haqqında çox az eşitdi. Amma sonra ondan daha çox məktub və səhra poçtunun açıqcaları gəlməyə başladı. Bu, qızı heyrətləndirirdi. Anlamırdı ki niyə Herxard birdən-birə ona yazmağa başlayıb. Və ən çox da bu məktubların birgə keçən uşaqlıq xatirələrinə ithaf edilməsini anlaya bilmirdi. O, məktublarda cəsarətli hücumlar, döyüş rəşadətləri barədə geniş təsvirlər gözləyirdi. Amma eləcə çox yaxşı bildiyi və cansıxıcı şeyləri oxuyurdu. Flandriyadakı döyüş günlərində Herxardın briqadası böyük itki vermişdi.

Bir neçə gün sonra onun valideynlərinə qısa bildiriş gəldi ki, iki yüz nəfərdən yalnız o və başqa 27 nəfər hələ yaralanmayıb, sağ-salamat qalıblar. Anetta isə öz növbəsində uzun bir məktub aldı: Herxard böyük həvəslə çalışırdı ki, onun yaddaşında hansısa may səhəri və kilsənin arxasındakı albalı çiçəkləri ilə bağlı xatirələri oyatsın. Anetta məktubu Herxardın atasına göstərdi. Oğlunun məktubunu oxuyan ata anlaqsız şəkildə başını buladı. O yüksək ideallara malik insan idi və istəyirdi ki oğlu az da olsa, qəhrəmanlıq ruhu göstərsin. Anetta çiyinlərini çəkərək, səliqə ilə yazılmış bu məktubu kənara qoydu – qızcığaz həmin may səhərindən heç nə xatırlamırdı.

Bu iki insanın heyrəti o zaman artdı ki, Herxardın Flandriya döyüşlərində rəşadət göstərdiyini və elə döyüş meydanındaca mükafatlandırılaraq rütbədə yüksəldiyini eşitdilər. Tezliklə, Herxard məzuniyyət alıb evə qayıtdı: möhkəm, qamətli və gündən qaralmış halda. O heç də Anettanın məktublardan təsəvvür etdiyi kimi deyildi. Özünün bol-bol öyünməyi və çənə döyməyi sevən atasından fərqli olaraq, Herxard daha ciddi olmuşdu. Lakin arada elə dağınıq görünürdü ki, sanki, bu dünyadan deyil. İlk dəfə Anetta ilə tək qalanda özünü çox qəribə apardı – az qala bir saat ərzində heç nə danışmadı, sonra isə birdən-birə qızın əlindən yapışıb soruşdu ki, bəlkə evlənsinlər? Və astadan, amma inadla öz sözlərini təkrar elədi. Hətta qız onların hələ gənc olduqlarını deyib etiraz edəndə də oğlan öz inadından əl çəkmədi. Herxardın 19 yaşı var idi, Anettanın isə heç 17 yaşı da yox idi. O zamanlar tələm-tələsik bağlanan müharibə nikahları və nişan mərasimləri qeyri-adi sayılmırdı. Əksinə, belə şeylər ümumi bir coşqunluğun tərkib hissəsi idi. Əvvəlcə bir az təəccüb edən və rədd cavabı verən Anetta fikrini tez dəyişdi. Məktəbdəki qızlar arasında ilk evli qadın olmaq ehtimalı ona bir anlıq çox cazibədar görünməyə başladı. Həm də ki, hərdəmxəyal Herxardın çevrildiyi bu əzəmətli hərbçi görkəmi lap Anettanın ürəyincə idi. Başqa heç nə də tələb olunmurdu. Onun imkanlı, xeyirxah və həm də vətənpərvər olan valideynləri bu nikaha razılıq verdilər. Hətta çox sevindilər. Bu evlənmə təklifi böyük bir ailə bayramı üçün səbəb yaratmışdı. Mərasim günorta başladı.

İki saat sonra, toy naharı zamanı təcili qəzet buraxılışını gətirdilər. Qəzetdə Şərq cəbhəsindəki yeni böyük qələbədən danışılırdı. Herxardın atası başqa qəzetləri də gətirməyi əmr etdi və toplaşanların qarşısında bu mövzuda olan bütün xəbərləri ucadan oxumağa başladı. On min rus əsir götürülüb! Qonaqlar sevinc hislərindən məst olmuşdular.

Nitqlər söylənildi, sağlıqlar deyildi, vətənpərvər mahnılar oxundu. Herxard isə öz boz mundiri ilə onları sərxoş edən ideallarının canlı təcəssümünə çevrilmişdi. Keşiş onun əlini sıxdı, müəllimi çiynindən vurdu, atası isə onu eynilə bu cür, məqsədyönlü şəkildə düşmənlərini əzməyinə davam etməyə çağırdı. Və bütün məclis iştirakçıları bir-bir ona yaxınlaşaraq, əllərindəki dolu qədəhləri "qələbə, şan-şöhrət və döyüşdə uğur üçün” qaldırdılar. Amma Herxard getdikcə daha qaraqabaq və susqun olurdu. Az sonra qəfil yerindən sıçradı, dolu qədəhi qaldıraraq, yerində donub qalan qonaqların qarşısında yerə çırpdı.

– Siz... – o dedi. – Siz... – qəzəbli gözlərlə hər kəsi süzdü. – Bütün bunlar haqqında nə biləsiniz axı? – və yeməkxanadan çıxdı.
Bütün axşam boyunca, Herxard Anettayla elə danışırdı ki, sanki, əlindən sürüşən bir şeyi bərk-bərk saxlamağa çalışırdı.
O, gənclik və həyatın məqsədi barədə mühakimələr yeridirdi.

Herxard bütün axşam Anetta ilə danışırdı, amma qıza bir neçə dəfə elə gəldi ki, ərinin fikrini heç də o məşğul etmir. Növbəti gün axşam Herxard yenidən cəbhəyə qayıtdı. Amma bütün gün ərzində Anetta ilə ikilikdə qalmağa çalışmışdı. O, sanki dumanlanmış halda idi. Başqa heç kimi görmək istəmir, ancaq onunla gəzişirdi.
Ayrılıq anı yetişənə qədər Herxard Anettanın əlindən tutaraq bağlarda və çayqırağı talalarda vaxt keçirdi. Əvvəl onun davranışı həyat yoldaşına qəribə göründü, hətta Anetta yüngülcə qorxmağa da başladı. Vidalaşarkən Herxard arvadını bərk-bərk qucaqladı və tələsik danışdı. Tələskənlikdən arada kəkələyirdi, sanki, demədiyi və etmədiyi hələ çox şey qalmışdı. Daha sonra isə artıq yerindən tərpənmiş vaqonun pilləkəninə atıldı. Dörd həftə sonra Herxard Yeger döyüşdə həlak oldu. Və Anetta 17 yaşlı dula çevrildi. Müharibə davam edirdi və illər daha qanlı olurdu.

Artıq bu kiçik şəhərcikdə sahibləri matəm sarğısı daşımayan bir ev tapmaq müşkül idi. İlk vaxtlar çox müzakirə olunan Anettanın taleyi isə atalarını və oğullarını ağlayan ailələrin faciəsi fonunda gözdən itmişdi. Və onun kədəri zamanla keçdi. Anetta hələ çox gənc idi və Herxardla birlikdə keçirdiyi az vaxt onu öz əri saymaq üçün yetərli deyildi. Herxard Yeger onun yaddaşında, sadəcə, uşaqlıq dostu kimi qalmışdı. Elə bir dost ki, bir çoxları kimi müharibədə öldürülüb. Amma onun həyatında qeyri-müəyyən bir qapalılığın yaranması hər kəsin gözünə sıçrayırdı. Bütün keçmiş rəfiqələri ilə onu daha heç nə bağlamırdı – daxilində əvvəlki qız şıltaqlığı qalmamışdı.

Amma digər tərəfdən özünü böyüklərin sırasına da qoşa bilmirdi, çünki hələ yeniyetmə qız təbiətindən onda çox şey qalmışdı. Beləliklə, Anetta özünü necə aparmalı olduğunu bilmirdi. Həddən artıq çox şey olmuşdu və sürətlə keçmişdi. Son illərdə yaşadığı hadisələr ona yaxşı düşünmək və götür-qoy etmək üçün vaxt tanımamışdı. Səhərdən axşama qədər hospitallardan birində şəfqət bacısının köməkçisi işləyirdi.

Zamanın axarı hər kəsi və hər şeyi öz bataqlığına qərq eləmişdi. Sonra isə sülh sazişi, inqilab, qiyam zamanları, inflyasiya dəhşəti... Və nəhayət, bütün bunlar qurtaran zaman Anneta özünə gəldi və həm də çox təəccüblə gördü ki, artıq 25 yaşına qədəm qoymuş gənc bir qadındır, amma həyatı hələ də heç nə ilə zənginləşməyib. Herxard barədə isə az qala heç nəyi xatırlamırdı.

Tezliklə valideynləri vəfat etdilər. Onların malı-mülkü o qədər ərimişdi ki, Anetta Şimali Almaniyanın bir şəhərində tibb bacısı işinə düzələndə çox sevindi. Bir neçə ay sonra orda bir kişi ilə tanış oldu. Həmin adam Anettanın qayğısına qaldı və ona evlənmək təklif etdi. Əvvəlcə Anetta tərəddüd elədi. Amma sonra özü də ona qarşı simpatiya ilə yanaşmağa, öyrəşməyə başladı. Və toy günü təyin olundu.  O xoşbəxt həyatı dadmağa elə bu yerdən başlayacaqdı, lakin nədənsə daxili rahatlığını itirmişdi. İçində nə isə – nə olduğunu heç özü də bilmirdi – onu gələcəkdən qorxmağa vadar edirdi.

Birdən-birə fikirli olmuşdu və onunla danışan insanlara dağınıq halda qulaq asırdı. Fikirləri dumanlanmış, tutqun və miskin bir melanxoliyanın ağuşuna qərq olmuşdu. Gecələr səbəbsiz yerə gözüyaşlı halda oyanırdı. Daha sonra tədricən qarşısında böyüyən anlaşılmaz bir səddi aşmaq üçün səy göstərdi – başqa bir adama nəvaziş bəxş etməyi öyrənmək üçün. Buna çox çalışırdı, amma içindən gəlmirdi. Hərdən öz otağına qapanıb oturarkən o, üzbəüz evin çılpaq, boz divarlarını uzun-uzun nəzərdən keçirirdi. Və ona elə gəldi ki, sanki, bu divarlar dağılıb səpələnir, yüngül və şəffaf tüstü buluduna çevrilir. Binanın arxasında qapılar aralanır, o tərəfdə isə dar küçələr, qoşaçatılı damlar, yay talaları və günəşin qızdırdığı boş bağlar görünürdü... O zaman birdən-birə doğma yerlər üçün darıxdığını hiss elədi.

Nəhayət, Anetta əmin oldu ki, mütləq ata evinə baş çəkməlidir, yoxsa onun bu ağır vəziyyəti keçməyəcək. "Bu, sadəcə vətən həsrətidir” – deyə Anetta düşünürdü, – "və sakitləşmək üçün qayıtmaq, hər şeyi yenidən görmək lazımdır”. Tezliklə nişanlısının müşayiəti ilə bir neçə günlük doğma şəhərə getdi. Onlar şəhərə axşam çatdılar. Anetta çox həyəcanlı idi.

Əşyalarını tələsik mehmanxanada yerləşdirib, nişanlısını da orda qoyub çıxdı. O nə vaxtsa ata evi olmuş binanın qarşısında durmuşdu. Bağçaya qaçdı və daha da həyəcanlandı. Səmada ay parlayırdı və evlərin damları da ay işığında bərq vururdu. Hava bahar ruhu ilə dolu idi və o birdən qarşısında nəyin canlandığını hiss etdi – sanki, yeni bir başlanğıc idi, üfüqdə qalxaraq ona sarı gəlirdi. Nəyisə xatırlamaq və adını dəqiq vermək lazım idi. Anetta tala ilə gəzməyə başladı. Otlar şehdən ağırlaşmışdı. Albalı ağacları təzə qar dənələri kimi parıldayırdı. Və sonra qəfildən bir səs eşidildi. Qətiyyətsiz, unudulmuş, boğuq səs və zaman axarında batmış bir sima... Anettanın içində nəsə baş qaldırdı. Nəsə çox sönük, sonsuz, uzaq, ağlasığmaz dərəcədə yorğun və ağır bir duyğu.

O daha bu barədə düşünmürdü axı, amma indi xatirələri əvvəl olmadığı kimi baş qaldırdı. Herxard Yeger. Və necəsə birdən o, Anetta üçün sevimli və itirilmiş bir dəyər kimi görünməyə başladı. Halbuki, əslində, heç ona aid deyildi. Anetta sarsılmış və halsız vəziyyətdə mehmanxanaya qayıtdı. Ayaqüstə güclə dururdu. Öz sözlüsünə baxdı. Necə də ögey idi bu adam!

O, Anettanın qarşısında sağ və salamat durmuşdu, amma qadın ona az qala nifrət edirdi. Çətinliklə bir neçə vacib söz dedi. Nişanlısı ətraflı danışmaq istədi, hər şeyi bir daha düşünməsi üçün yalvardı, gözləməyə söz verdi. Anetta isə cavabında, sadəcə, başını tərpətdi və onu tək buraxmağı xahiş etdi. Herxardla yoldaşlıq xatirələri əzabverici bir sirr kimi olmuşdu.
Anetta onun məktublarını tapıb çıxardı, ağlaya-ağlaya onları yenidən oxudu. O, Herxardın bir neçə müharibə yoldaşını tapıb, onlardan əri barədə bildikləri hər şeyi usanmadan və inadla soruşdu. Hətta onlardan biri Herxardla tez-tez danışırmış. Hətta ölüm günündə də dərdləşmişdilər.

Anetta bu müharibənin, əslində, necə olduğunu ilk dəfə eşitdi, Herxardın səfərdən əvvəl dediyi sözlərin mənasını ilk dəfə dərk etdi və onunla bir yerdə nələr arzuladığını ilk dəfə anladı. O istəyirdi ki, sakit bir yerdə kiçik bir evi olsun və bu bitməyən nifrətlər arasında  sönməyən bir sevgi ocağından qızına bilsin. Herxard qarşılıqlı anlayış, etibar və istiliyin hökm sürdüyü bir vətənə qayıtmaq istəyirdi. Anettanın peşmanlıq və sevgi hisləri bir-birinə qarışdı. Hər şeyə barmaqarası baxan və Herxardın bütün fikirlərini səfehlik bilən, az qala öz ərini unutmuş və heç yada salmayan həmin Anetta birdən-birə sevməyə başlamışdı.

O, yoxa çıxmış bir kölgəni sevirdi. Tamamilə tərki-dünya halda yaşamağa başladı. Tanışları onun özünə gəlməsi üçün inandırmağa çalışdılar. Amma bu heç bir fayda vermədi. Əgər o, real bir insanla yaşasa idi, bəlkə də, bu vəziyyətdən xilas ola bilərdi. Di gəl ki Anetta, yalnız xatirələrlə yaşamağa davam edirdi. O getdikcə daha da qəribə olurdu.

Çox vaxt otaqda tək qalarkən öz-özünə ucadan danışırdı. Az vaxt keçdikdən sonra işini də itirdi. Daha sonra spiritual seanslar keçirən kiçik bir sektaya qoşuldu. Bir gün ona elə gəldi ki, Herxardı görür.

O, Anettaya yaxınlaşır... Və illər beləcə keçirdi... Nəhayət, Anettanın da yox olduğu gün gəlib çatdı.  Onun son gördüyü şey isə arxasından axşam günəşi boylanan pəncərə çərçivəsinin qara xaçı idi.


Tərcümə etdi: Rüfət Səid (Əhmədzadə)