"Etüd"də təqdimat: “Əlifba sırası” ilə…

Fərid Hüseynin ilk kitabı işıq üzü gördü

"Etüd" art-kafesində gənc şair Fərid Hüseynin “Əlifba sırası” kitabının təqdimat mərasiminin aparıcılığı yazıçı Elçin Hüseynbəyliyə həvalə olundu. Yazıçı da işinin öhdəsindən layiqincə gəldi. O, öncə hər bir kitabın ədəbiyyata töhfə olduğunu vurğulayıb Fəridə uğurlar arzuladı. Sonra isə Fəridə tövsiyəsini yada saldı: “Ona demişdim ki, 1-ci, 2-ci, 3-cü kitablarını hədiyyə elə, 4-cünü isə 50%-lə hədiyyə elə. Sonra səni izləyən, sevən alacaq kitablarını”.

Giriş sözündən sonra söz demək növbəsi Fəridə verildi. Gənc şair əvvəlcə Rəbiqə Nazimqızına həsr elədiyi “Eynəklər gizlədə bilməz kədəri” şeirini oxudu, sonra isə “Məndən qəhrəman olmaz” dedi. Dinləyicilər hər biri şeiri alqışlarla qarşıladılar.

Şeirlərin ardınca söz alan Rəbiqə Nazimqızı Fəridin şeirlərində getdikcə artan müsbət enerjidən danışdı, uğurlar dilədi. Ardınca Elçin Hüseynbəyli “üzgörənlik edərək” Elxan Zala söz verdi. Şair gənc həmkarına uğurlar diləyib onun “Yağış yağır” şeirini oxudu və lap sonda dedi: “Sağ ol, Fərid, sən şairsən!”

II Qismət şair dostuna kitabının müsbətmənalı bumeranq effektli olmasını arzuladı. Ədəbiyyat muzeyinin regional şöbəsinin müdiri Yaqut Bahadurqızı Fəridin uşaqlıqdan ağır yüklərin altına girdiyini, atasız böyüdüyünü, ancaq bunu heç vaxt biruzə vermədiyini söylədi. Şair Qəşəm Nəcəfzadə: “ilk kitab gözəldi” – dedi və küləyin onun əlindən qaçırıb tramvayın təkərləri altına atdığı, bu səbəbdən də onda qalmayan ilk kitabıyla bağlı xatirələrini danışdı. Digər şair - Qulu Ağsəs isə Fəridin şeirlərini onu tanıyaraq çap etmək istəmədiyini, tanımadan çap etdiyini xatırladı və gənc şairə: “Kürdəmirin bürküsü kimisən” – dedi.

Şair Xanəmir isə baltanı kökündən vurdu: “yandır şeirlərini!” – dedi. Onun fikrincə, bizim şairlərin bir-birinə bənzəməsi poetik gücsüzlüyümüzün göstəricisidir. Natiq sadəcə kitablaşması münasibətilə təbrik etdi gənc şairi. Anar Amin isə: “Yandırma. Lazım deyil” – dedi (Fəridin kimə qulaq asacağını zaman göstərəcək). Ardınca da Fəridə həsr elədiyi şeirdən 1-2 bənd söyləyib alqış qazandı dinləyicilərdən.

Şair Səlim Babullaoğlu 20 yaşında insanın təriflənməli olduğunu vurğuladı. “Fərid özünü böyük işlərin altına verməyi sevir” deyən şair nitqini kitaba yazdığı son sözün son sözüylə bitirdi: “Zaman gələcək Fərid bu kitabın ən yaxşı redaktoru olacaq!”

Tədbirdə Fərid Hüseynin universitet müəllimləri və tələbə dostları da çıxış etdilər. Hər kəs Fəridin uğurlarının davamlı olmasını arzuladı.

Sonda hər kəs Fəriddən avtoqraf almaq növbəsinə durmuşdu...əlifba sırasıyla yəqin ki...dəqiq bilmədik...

"Kultaz.com"