Frans Kafkanın acı taleyi

Frans Kafkanın acı taleyi

Divanəlik və istedad arasındakı bağlılıqdan çox danışılıb. Biz onları təkrarlamaq istəmirik. Ancaq istedadlı divanələr tamamilə ağıllı bəşərəiyyətə çox böyük, həm də olduqca pozitiv təsir göstərirlər. Dünya fikri tarixinə nəinki təkcə gözəl ədəbi əsərlər, həm də dahiyanə yaradıcılıq tapıntıları bəxş etmiş bu şəxsiyyətlərin bədii örnəklərini psixi baxımdan tamamilə sağlam, lakin o qədər də istedadlı olmayan qələm sahibləri az və ya çox uğurla təxmis edərək, onlara bənzəməyə çalışıblar. Bu ənənə dünya durduqca beləcə də davam edəcək. Axar.az belə yazarların xəstəlik tarixçəsini və bəşəriyyətə bəxş etdikləri dəyərləri silsillə şəklində oxucularına təqdim edir.
 
Frans Kafka (1883-1924) - alman dilli, yəhudi əsilli çex yazıçısı
 
Diaqnoz
 
Nevroz (əsəb sistemi xəstəliyi – tərc.), funksional xarakterli psixasteniya (özünə inamsızlıq, hər şeydən şübhələnmək, daim qorxmaq və s. şəklində təzahür edən ruhi xəstəlik – tərc.), daima davam edən depressiv durum.  
 
 
Simptomları
 
 
Tam süstlüklə növbələşən çılğın əsəbilik halları, yuxunun pozulması, ifrat qorxu hissi, intim həyatda psixosomatik çətinliklər.   
 
Xəstəlik tarixi
 
Kafkanın psixi durumunun pozulması öz başlanğıcını atası ilə aralarındakı münaqişələrdən, ailədəki çətin qarşılıqlı münasibətlərdən və  qarışıq-dolaşıq sevgi əhvalatlarından götürür. Onun yazıçılıqla məşğul olması ailədə rəğbətlə qarşılanmadığından bu işlə oğrun-oğrun, gizlicə məşğul olmağa başlayır. "Bu, mənim üçün dəhşətli ikili həyatdır, ondan yalnız bir çıxış yolu var ki, o da dəlilikdir”, - deyə yazıçı gündəliklərində yazırdı. Hərbi xidmətdən sonra atası təkid edəndə ki, oğlu cəfəngiyatla məşğul olmamalı, onun küçük dükanında işləməlidir, Kafka intihar ettmək qərarına gəlir və dostu Maks Broda vida məktubu yazır. Maks Brod dostuna həsr etdiyi kitabda bu əhvalatı belə xatırlayır: "Son anda qətiyyən çəkinmədən işə qarışaraq onu "sevən valideynlərindən” xilas edə bildim. Onun psixi durumunda dərin və stabil sakitlik və eyniylə uzun müddət davam edən xəstəlik mərhələsi müşahidə olunurdu. Budur, bu da onun daxili mübarizəsini  açıq-aydın əks etdirən gündəlik qeydləri:
"Yata bilmirəm. Yalnız qarabasmalar olur, bir dəqiqəlik də olsa yuxuya gedə bilmirəm. Bütün daxili varlığım çox qəribə mütərəddidlik içərisindədir. Başımda müdhiş bir aləm gəzdirirəm. Mən ondan necə qurtulum və başımı dağıtmadan onu necə xilas edim?”
 
Bəşəriyyətə bəxş etdiyi ideyalar
 
Kafka sağ ikən hələ məşhurlaşmamışdı, az çap olunurdu. Ancaq ölümündən sonra onun yaradıcılığı ədəbiyyatda açdığı yeni axın baxımından oxucuları heyran qoydu. Kafkanın kədər, qorxu və çarəsizliklə dolu aləmi yazıçının şəxsi dramından doğaraq XX əsr üçün xarakterik olan, Allahı itirən və əvəzində absurd mövcudluq qazanan "diaqnoz ədəbiyyatının” yeni estetik istiqamətinin əsası oldu.      
Frans Kafkanın əsas əsərləri roman, roman fraqmentləri ("Proses”, "Qəsr” və "İtkin düşmüşlər”), hekayələr və həmçinin Felise Bauer və Milena Yesenskaya ilə apardığı məktub yazışmalarından ibarətdir.
 
Kafkanın XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmiş əsərlərinin çoxu onun vəfatından sonra, yazıb qoyduğu vəsiyyətinin əksinə olaraq dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap etdirilib.   
 
 
Ata xofu
  
Kafka 1883-cü ildə Praqanın keçmiş qetto məhəlləsi olan Yozef rayonunda yəhudi ailəsində anadan olub. Atası Herman Kafka (1852-1931) cənubi Çexiyada çex dilli yəhudi icmasından idi. Kafka gənc yaşlarında atası ilə heç də yaxşı münasibətdə olmur. Ona görə ki, atası həmişə Frans ilə kobud rəftar edir və onu həmişə alçaltmağa çalışırdı. Bundan əlavə ailədə özünü patriarx kimi aparan Herman Kafka həyat yoldaşının da hüquqlarını məhdudlaşdırmışdı. Gənc Kafka heç də atasından qorxmurdu, ancaq həmişə atasından müəyyən məsafədə dolanar və onunla düşmən xəttindən davranardı. Kafka bir çox əsərlərində atasını güclü, möhkəm və birtərəfli şəxs kimi təsvir edib. "Çevrilmə", "Hökm" əsərlərində atasının yeri aydın görünür. Kafka ömrünün sonuna yaxın atası haqqında olan bütün fikirlərini "Atama məktub"da bədii şəkildə yazmış, ancaq onu heç vaxt göndərməmişdi. Burada atasının onun üzərində həmişə hökmran olduğu qeyd edilib.
 
Yazıçının anası Yuliya Kafka (1856-1934) Podiebarddan olan varlı pivə istehsalçısının qızı idi. O, alman dilində danışmağa üstünlük verirdi. Yulia Kafka ərinə nisbətən daha yüksək savada malik idi.
 
Frans Kafkanın uşaq ikən vəfat etmiş qardaşları Georq və Haynrihdən başqa üç bacısı da var idi: Qabriele (Elli) (1889–1942), Valerie (Valli) (1890–1942) və Ottilie (Ottla) Kafka (1892–1943). Onların hər üçü ikinci dünya müharibəsində alman faşistləri tərəfindən həbs düşərgəsində öldürülürlər. Valideynlər bütün günü işdə olduqlarından qızlar xadimələr tərəfindən tərbiyə edilmişdilər. Kafka o dövrdə Praqada yaşayan ana dili alman olan 10 faiz əhali təbəqəsinə aid idi. Onun valideynlərinin hər ikisi çex dilində gözəl danışırdılar.
 
1889-cu ildən 1893-cü ilə qədər Kafka Praqada Flayşmarktdakı "Alman uşaq məktəbi"nə gedib. Sonra atasının arzusu ilə Praqanın köhnə hissəsindəki humanitar gimnaziyada təhsil alıb. Burada da təhsil almanca aparılırdı.
 
 
Kafka dil açır...
 
 
Hələ gənc yaşlarından Kafka ədəbiyyat ilə məşğul olur. Onun ilk zamanlarda yazdığı əsərləri və gündəlikləri itib. Bunların yazıçının özü tərəfindən məhv edildiyi güman olunur. 
 
Gimnaziyanı "qənaətbəxş" qiymətlərlə bitirən Kafkanın bu nailiyyəti valideynləri tərəfindən qiymətləndirilir və onu 1901-ci ildə səyahətə göndərirlər. Kafka atasının arzusuna uyğun olaraq 1901-1906-cı illərdə Karl-Ferdinads Universitetində (Praqa) təhsil alır. O, burada öncə kimya, qısa müddətdən sonra isə istiqaməti dəyişərək hüquq üzrə oxumağa başlayır. Arada Kafka öz arzusu ilə 1 semestr Qermanistik və incəsənət tarixi də oxumağa cəhd edir. Ancaq sonda təhsilini hüquq üzrə başa vurur. Təhsil proqramına uyğun olaraq Kafka Alfred Veberin rəhbərliyi altında elmi dərəcə alır. Bundan sonra o 1 il pulsuz olaraq məhkəmə yanında hüquq praktikası keçir.
 
 
Sevgi tarixçəsi
 
 
Kafkanın qadınlarla münasibətinin mərkəzində onun nişanlısı Felise Bauerə yazdığı məktublar durur. Kafka onunla 13 avqust 1913-cü ildə Maks Brodun mənzilində tanış olmuşdu.
 
Məktublarda Kafkanın əsasən özünə inamsızlığı ilə mübarizəsi, nişanlanmanın düzgünlüyü və yazmaq haqqında qorxusu öz əksini tapıb. Yüksək yazıçılıq qabiliyyətinə malik olan Kafka öz fikirlərini təxminən 300-ə yaxın məktubda bütün dəqiqliyi ilə təsvir edir. Qısa görüşdən 2 il keçdikdən sonra 1 iyun 1914-cü il tarixdə o Berlində Felise ilə nişanlanır və 6 ay sonra nişanı geri qaytarılır.
 
Bundan sonra Kafka iki dəfə nişanlanır: 1917-ci ildə Felise ilə ikinci dəfə və 1919-cu ildə praqalı katibə Yuliya Voriçek ilə. Birincisi, Kafkanın özünün dediyi kimi, onun 1917-ci ildə vərəm xəstəliyinə tutulmasına gətirib çıxarır. İkincisi atasının müdaxiləsi nəticəsində baş tutmur.  
 
Kafka 1920-1921-ci illərdə jurnalist Milena Yesenska ilə məktub vasitəsilə ünsiyyət qurmağa və ona yaxınlaşmağa çalışır, sonralar isə özünə artan inamsızlığa görə ondan uzaqlaşır. Yalnız ömrünün son aylarında ona uşaq bağçası müəlliməsi Dora Diyamant ilə dolğun münasibət qurmaq qismət olur.
 
 
Hökm
 
 
Kafkaya "Hökm" hekayəsini 1912-ci ildə sentyabrın 22-dən 23-nə keçən gecə səkkiz saat ərzində qələmə almaq nəsib olur. Bununla Kafka ədəbiyyatşünaslıqda mövzu və stilistik baxımdan özünü tapır. Kafka, yazmağın yaşamaq hissini intensivləşdirmək və onun əsərinin dönə-dönə oxunduqda belə oxucuya və dinləyiciyə azalmayan təsiri ilə özlüyünə təsir edir.
 
"Hökm" əsərini yazdıqdan sonra Kafkanın həyatında baş verən əsas dəyişikliklər ondan ibarət idi ki, o getdikcə normal həyatda çox şeyləri öz bədii yaradıcılığına qurban verir. Bu haqda öz gündəliklərində kifayət qədər material verir.
 
Yazmağın onun üçün nə qədər çətin olduğunu gündəliyində yazdığı aşağıdakı sözlərdən görmək olur: "Demək olar ki, yazdığım hər bir söz başqasına uyğun gəlmir, mən samitlərin necə bir-birinə qarışdıqlarını və saitlərin sərgi zəncləri kimi oxuduqlarını eşidirəm. Mənim tərəddüdüm hər bir söz ətrafında dövrə vurur, mən onları sözlərdən çox görürəm, amma nə olsun! Mən sözü görmürəm, onu ixtira edirəm".
 
 Avqust vərəmi
 
 
1917-ci ilin avqustunda Kafka bir gecə qanaxmaya məruz qalır. Həkimlər ona vərəm xəstəliyi diaqnozu qoyurlar. Bu xəstəlik o vaxtlar müalicə oluna bilmirdi. Müalicə nəticəsində əvvəldə simptomlar yaxşılaşır, amma sonralar uzun müddətli kurort müalicələrinə baxmayaraq, getdikcə daha da pisləşir. 1923-1924-cü illərdə Berlində olduğu müddətdə xəstəlik onun qırtlaq nahiyəsini əhatə edir və bunun nəticəsində Kafka tədricən danışıq qabiliyyətini itirir və yaranan ağrılar hətta yemək və içməyi belə çətinləşdirir. 1924-cü ildə Vinervald sanatoriyasında müalicə olunduğu zaman ailə dostu Dr. Huqo Krauz tərəfindən onun xəstəliyinə birmənalı olaraq "qırtlaq vərəmi" diaqnozu qoyulur. Kafkanın getdikcə pisləşən durumu onun üzərində əməliyyat aparmağa imkan vermir. Frans Kafka Kirling sanatoriyasına gedərək 3 iyun 1924-cü ildə orada vəfat edir. Rəsmi olaraq ölüm səbəbi kimi ürək dayanması göstərilib.
 
Kafka çoxmillətli Avstriya-Macarıstan imperiyasında və birinci dünya müharibəsində yeni yaradılmış Çexoslovakiyada yaşamışdı. O dövrdə alman dili bir çox ölkələrdə (Almaniya, Avstriya, İsveçrə) danışılırdı. Kafkanın məktublarının birində özünü alman ana dilli ("Alman dili mənim ana dilimdir, amma çex dili mənim ürəyimə daha çox yatır") adlandırıb. Praqanın alman dilli əhalisi (bu yeddi faiz təşkil edirdi) ada şəkilli qapalı bir şəraitdə onların mənsub olduqları "praqa alman dili" ilə yaşayırdılar. Praqada mövcud olan bu "alman varlığı" haqqında Kafka belə yazırdı:
 
"Mən heç vaxt alman xalqı arasında yaşamamışam". O bir tərəfdən alman dilli kimi çex cəmiyyətində təcrid olunmuş şəkildə yaşayırdı, digər tərəfdən də alman dillilər arasında öz həssas xarakteri ilə başqalarından seçilirdi. Bütün bunlardan əlavə o yəhudi azlıqlarına aid idi. Hələ məktəb illərində alman və çex dilli gənclər arasında güclü savaşlar olurdu. Alman imperiyası Kafka üçün uzaq bir məmləkət olub, onun əsərlərində özünə yer tapmır. Hətta avstriyalı milliyətinə mənsubiyyəti haqqında da o heç vaxt danışmamışdı.
  
Nabokovun fikrincə, Kafkanın yaradıcılığına fransız yazıçısı Floberin böyük təsir göstərib. Kafka da öz yazı üslubunda dilin gücündən geniş istifadə edirdi. "O, hüquq və təbiət elmləri sahəsində malik oduğu söz ehtiyatından geniş istifadə edərək onlara ironik dəqiqlik verərək öz hislərini qabarıq şəkildə göstərməyib. Eyni stilə Floberin əsərlərində də rast gəlinir".  

Tanınmamış dahi
 
Yaşadığı dövrdə Kafka yazıçı kimi tanınmamışdı. Əgər o yazdıqları mətnləri gizlətməyib açıq çap etdirsəydi, bunun necə qarşılanacağı indi sual altındadır. Kafkanın öz yazdıqları əsərlərə qarşı skepsisi o dərəcədə idi ki,  ölüm qabağı  bütün əsərlərinin məhv edilməsini vəsiyyət etmişdi. Kafkanın ölümündən sonra tapılmış məktubda yazılıb: "Hər şeydən əvvəl mənim yazdıqlarım arasında əsas olanlar "Hökm”, "Çevrilmə”, "Cəza koloniyası”, "Kənd həkimi” və "Ac sənətçi” sayılırlar (Baxış kitabının bir neçə nüsxəsi qala bilər, mən heç kimə zəhmət vermək istəmirəm, amma yeni nəşri olmamalıdır)”. Kafkanın ölümündən sonra dostu Maks Brod onun əsərlərini yazıçının vəsiyyətinin əksinə olaraq çap etdirir.
 
Kafka qızdırması
 
1945-ci ildə Kafkanın əsərlərinin araşdırılması üzrə böyük həvəs hər tərəfi başına götürdüyündən, kitabxanalar bu sahədə yazılan kitablarla doldu. Bu onunla bağlı idi ki, bu əsərlər dil, hadisələrin təsviri, reallıq və nisbətən kiçik həcmə malik olmaları sayəsində bir tərəfdən asan başa düşülürdü, digər tərəfədən məna dərinliyi aydın görünsə də, buradakı fikirləri dərinliyinə qədər hiss etmək hər kəsə nəsib olmurdu. Alber Kamyu: "Bu bir taledir və yəqin həm də onun böyüklüyüdür ki, çox imkanlar açır, amma heç birini təsdiq etmir".
 
Kafkanın yaradıcılığını araşdıran müxtəlif tədqiqatçılar aşağıdakı istiqamətləri göstərirlər: psixoloji, filoloji, bioqrafik, dini və sosiloji. Kafkanın əsərlərini interpretasiya etdikdə ona yəhudi dininin təsiri Qerşom Şolem tərəfindən aparılan tədqiqatlarda araşdırılır və onun daha çox yəhudi ədəbiyyatçısı olması vurğulanır. Bu açıqlamaya münasibət Karl Qrötçinqerin yazdığı "Kafka və Kabbala. Kafkanın əsərlərində və düşüncəsində yəhudilik. Berlin-Vien 2003" kitabında geniş mənada verilir. Onun tədqiqatları Kafkanın əsərlərində yəhudi dininin mədəni köklərinin dərin iz salmasını göstərilir. Bunsuz onun əsərləri adekvat başa düşülə bilməz. Bir çox müasir müəlliflər tərəfindən bu fikir qəbul edilməsə də, artıq Qröçiqerin fikri bütün dünyada qəbul edilib.

// axar.az