Hədiyyə Şəfaqət. Ədalətin yoxdur - demək istəyirəm bəzən Tanrıya (Şeirlər)

Hədiyyə Şəfaqət. Ədalətin yoxdur - demək istəyirəm bəzən Tanrıya (Şeirlər)

 

 

...Gələn dəfə mən doğulmayım,

Müqəddəs Ata...

Gizlənib qalım

Heç kimin görmədiyi yerdə,

                                    gözlərdən uzaq

Adamlardan uzaq

Çiçəklərə yaxın

Bir də göyə...

 

Bir gün xoşbəxt olacağam deyə-deyə

Öldüm...

Yüz dəfə...

Bu,

Bir ömür üçün çoxdur...

 

Ədalətin yoxdur - demək istəyirəm bəzən

Tanrıya

Demək istəyirəm, susuram

Sonra nəfəsimi

Xəyallarımı

Ümidimi zəhərlənmiş

                        çörək kimi qusuram...

 

Belə olmalıydısa, oldu,

Oldusa, deməli, sondur... Müqəddəs Ata...

Gedim mən…

 

 

***

 

Heç kim görməz qanadını

                        bu qaranlıq şəhərin

Amma.. o uçub gedir...

Üstünə kölgə enir evlərin, küçələrin

Suları daşa dəyir

Arzuları torpağa

Adamı... keçib gedir...

 

Heç nə edir ən dərin sualının cavabı

İkini birə vurur, candan doqquzu çıxır

Qanadı ağır-ağır toxunur əllərimə

Yerdə qalan nədirsə,

                        səssiz-səmirsiz yuxu...

 

Göyündən bir səs enir iyinin yaxasına

Biri ağ

Biri qara... köynək...   nə köynək olur?

Cingildəyib tökülür hardasa

            güzgülərin daş dəyən sinəsində

Dualar...

Göynək olur...

 

Mən bu uçan şəhərin qərib sahibəsiyəm,

Nə o tanıyır məni

Nə mən onu... qoy olsun

Kim kimin ürəyində daha çox uçacaqsa

Gecənin köynəyini qoy elə o soyunsun…

 

***

 

Bir ovuc ot yaşılına bükdüm

            səhərin alaqaranlıq açılışını

Bir ovuc bənövşəyi atdım

            üfüqün üstünə qürub vaxtı

Günəşin ardıyca yollananda

                        gözlərimi yumdum...

Müqəddəs Ata,

Sən heç bilirsənmi, mən yaşamaqdan

                        nə zaman yoruldum?

Zamanın yoxa çıxdığını anlayanda...

Anlayanda heç nəyin var olmadığını...

Quşların

Ölmədən əvvəl bircə dəfə də

                                   yıxılmadığını...

Biləndə...

 

Səbrinə

Başımı qoyub uyumuşdum,

Uşaq olmuşdum yuxumda,

Göm-göy çiçəklərin arasında yüyürmüşdüm

Sulara doğru...

Sən oyatdın məni,

            Müqəddəs Ata, sən oyatdın

Bu sabah

Mas-mavi dərinliyə baxmışam, başımın

            üstündə öyüm olduğunu xatırladıb -

Necə getməyəsən,

Çətindir...

 

Elə bilirsən,

Sənindir

Bütün acıların açılıb-tökülüb,

            ətrafa səpələndiyi yeganə yer...

Xeyr...

Deyir, sən eşitməsən də

                        dodaqların deyir -

Get!

 

İndi, nə edirsənsə et,

Amma sonra

Məni qınama, Müqəddəs Ata,

Sonra məni üzmə...

 

Demişdim axı...

Qanadlarıma toxunuldumu,

Heç nə görünmür gözümə…

 

***

 

Bir qəfəsin

Həm o üzündən, həm bu üzündən

                        Günəşə uzanır əllərim

Gözlərimi yumub işığı gözləyirəm

Bir nəğmə səslənir divarın

            çölə doğru uzanan tərəfində

Kimsə

Astadan dua pıçıldayır...

 

Xırçıldayır,

Qum-qum

Daş-daş,

Dartınır ayağımın altındakı yol

Dartınır ünvansızlığa, bilinməzliyə

Səsimi

Canımın köynəyindən keçirib

            sonra buraxıram göyə doğru.

Uç...

Uç...

Uç...

 

Soruş,

Soruş niyə belə oldu...

 

Dop-dolu ağ dumandan

Ağ-ağ çiçəklər hörülür saçlarımın üstündə

Şeh damlası kimi bir hənir duyuram

                                    çiyinlərimdə

Öpülmək istəyir torpağın soyuq,

                                    qap-qara köksü

Bir ağac kök salır bətnimdə...

 

İbadətində gözlə bir azca - mən özüm

Göyərə-göyərə,

Dartına-dartına

Uça-uça.

Ağaca çevriləcəyəm, sevgilim,

Doğduğum ağaca...

 

***

 

Köynək yaxasında,

Qol düyməsində

Qalar ayna yeri, qalar göz yeri

Dünyanın ən uzaq küncündən gəlib

Çıxar qabağına, olmaz öz yeri...

Çırpınar

Dərəyə, dağa çırpınar

Çırpınar, nəfəsi dayananadək

Çırpar qapıları, səssiz bir külək

Çırpar,

Sınanadək,

Qanayanadək...

 

Olmaz yad evlərin pəncərəsində

Nə özgə həniri, nə özgə əksi.

Sıxar əllərini köksünün üstə

Kəsilər bətnində körpə nəfəsi...

 

Gedər

Baxışları gecəyə doğru,

Gedər qaranlığın içinə dalar

Sonra həsrət enər,

Enər vəhy kimi

Ən doğma adamlar quş olub uçar

Dönər yuvasına, səssiz ah kimi...

 

Hamının gedəni çay yatağında

Hopar, itər-batar, izi də qalmaz.

Ölüm, su damcısı düşəntək düşər,

Torpağın yaxını-uzağı olmaz.

 

 

 

***

 

Bu yol bizi aparmaz uzaq qaranlıqlara

Uzaq dərinliklərin yaralı sinəsində

Bir ağ işıq döyünür...

 

Görünür sularında çağırış göy dənizin

Çırpınır qayalara

Çırpınır aldadılmış, yaralanmış, yox olmuş

Qadın kimi,

Getmə sən...

 

Bilirsən,

Ey müqəddəs

Səssiz adam, bilirsən,

                        mən nə pıçıldayıram...

Bir ağ çiçək qoyuram və bir ağ quş qanadı

Gecənin əllərinə...

 

Çəkilib çöllərinə

Tanrı baxır, baxır hey...

Göylərin sinəsindən bir təzə

                                    söz axır hey...

Bir köhnə söz axır hey

Deyir sevirəm səni...

Aç ovcunu, aç ona...

 

Qaç,

Sona yetişməyə gücün çatmasa da qaç...

Qaç, hardasa yazılır taleyinə bir ağrı

Sərxoş hıçqırtıların

Göy üzündə dolaşan duası, bədduası

Səni bir gün tutacaq....

 

Açılacaq o zaman olmayan qapıların

                        bilinməyən yollara

Günəş şüası boyda su səsi

- Ey...

Hardasan...

Axtarılan adamlar quş olub uça bilməz,

                        ot olub bitə bilməz...

Göyərməz...

Bunu anla...

 

 

***

 

Günəş doğdu bu gecənin

     qaranlığının içindən, Müqəddəs Ata...

Qaranlıq, ağ işıq doğdu

Nə göylərin sinəsində,

                        nə torpağın yaxasında

Görünməyən heç nə qalmadı

Sehrli dualardan sonra, Müqəddəs Ata...

Sevgi

Sevgi, sənin əllərinə toxundumu?

Toxundumu ən müqəddəs

                        duaların kəlmələrinə,

Hopdumu?

Necə qaytardın göylərin səsini

                                    pıçıltıya çevirib,

Necə bacardın bunu?..

Bəs sən

Heç sevgidən sərxoş oldunmu?..

Olmadınsa, etiraflarımı özümə qaytar...

 

Qurtar, qurtar qəlbimi qarşında

            diz çökməyimi gözləmədən...

Tanrı,

Sənəmi daha yaxındır, mənəmi,

            etiraflaramı, Müqəddəs Ata,

- Rəbbim!

Günahlarımı bağışla - deyib

Əllərimi sinəmə sıxıram,

                        sinəm çalxalanır...

Baxıram,

Baxıram gözlərimi qaldırıb

                        başının üstündən uzaqlara

Orda

Yalnız və yalnız

Göylərin sinəsində mas-mavi

                        dənizin suları dalğalanır...

 

 

***

 

Adam yaşamaq istəyir,

Sevdiyim,

Adam yaşamaq istəyir göy üzünün

                        mavisi kimi dəp-dərin.

Çöl çiçəklərinin göylüyü kimi tüm-tünd.

Adam yaşamaq istəyir şeh damlası,

                        payız dumanı kimi

Bir də əllərini uzadanda

                        gün işığı axtarır...

 

Qaranlığın

İçindəki nəfəsi duymağa sevgi deyilir,

                                    sevdiyim,

Bir də yaralı adamları atıb getməməyə...

Yaşatmaq istəyidir sevgi

İşığa doğru, sarıya doğru, ağa doğru...

Adam yaşamaq istəyir...

 

Kim bilir harda

Kim bilir hansı kəpənəyin qanadında

                                    zərdir yaşam

Ən doğma adamların ölümü,

                        ən yad adamların acısı

Ən uzaq səslərin həsrəti,

Ən dərin kədərdir yaşam

Qarışıb qanımıza

            qəlbimizin içində döyünür...

 

Görünür, sevdiyim,

İnsanın ən ölümcül istəyi

                        yaşamaq istəməsidir.

Adam yaşamaq istəyir

            ən ağır zərbələrdən sonra da

Çarəsiz qalıb sinəsini yumruqlayarkən də,

Ən dərin uçurumların dibinə

                        endiyini bilərkən də,

Qəzəbliykən də,

Təkkən də

Göz yaşı tökərkən də...

 

Adam yaşamaq istəyir, sevdiyim,

Neyləyəsən,

Adam yaşamaq istəyir...