İosif Brodski. Nekrasova bənzətmə (Şeir)

İosif Brodski. Nekrasova bənzətmə (Şeir)

Nekrasova bənzətmə
və ya İvanovun məhəbbət nəğməsi

Belə olur hər bu yerdən keçəndə,
Nişanlım yadıma düşür. Və mən də
Pivəxanaya girirəm içməyə.
Elə bil, çay axır, sular sürünür.
Sifariş edirəm, iki yüz gətir.
Gözüm dolur. Uzaqdasa görünür
Polad körpü və gəmi silueti.
Nişanlım dostumu sevdi. Biləndə
Az qaldı öldürüm ikisini də.
Amma qanun sərtdi, xasiyyətim də
Çox möhkəmdi. Bəxtim gətirdi yenə.
Amma içdim. Balıq kimi içirdim.
Öləcəkdim qovmasaydılar işdən.
Hərdən girib onlara zəng edirəm
Təsadüfi telefon köşklərindən.
Dostum cavab verir. Danışır nəsə.
Soruşur, İvanov, necəsən deyə?
Bilmirəm necəyəm. Susuram. Osa
qışqırır, gəl uşaqları görməyə.
Uşaq onlarındı. Ana nişanlım,
Atası da dostum. Bu qədər. Nöqtə.
Deyirəm ki, gələn həftə gələrəm.
Amma gələn həftə yoxdu təqvimdə.
Elə bil ki, dünən idi. Baxırdım
gözlərinə bu qaranlıq döngədə.
Paltar üstdən döşlərini sıxırdım.
İndi şüşəni tutduğum əlimlə.
Bədənim çarpayıya biixtiyar
düşüb qalıb. Üzüm də qırxılmayıb.
İstəyirəm qışqırım: Ay qancıqlar!
Dilim isə: Bağışla... pıçıldayır.
Kimi? Nəyi? Qağayılar uçanda
Qışqırıram var gücümlə mən indi.
Nişanlım da bir vaxtlar boşalanda
Buna oxşar səslə inildəyirdi.
Zaman axır. Yoxdu onun əyləci.
Bir şüşə də araq almağa gedim.
Eynən nişanlımın gözləri kimi
Araq da şəffafdı, bəyaz rəngdədi.

1968

Tərcümə: Həmid P.