İsmayıl Qarayev. İntihar - E-KİTAB

İsmayıl Qarayev. İntihar -
E-KİTAB

İsmayıl Qarayev

İ N T İ H A R 

(Ssenari) 
  
 Hərdən ulduzları görünən səyyar qara buludlu göy küçələr, həyətləri işıqlı, mehdən budaqları yırğalanan, pul-pul yarpaqları oynaşan bağ-bağat içindəki üstü şiferli, kirəmitli evlərin üzərində çətir kimi açılıb. Daş hasarların, başı hamar qırmalı çəpərlərin arası ilə uzanan işlək bir yol hərəsi bir səmtdən arxa-arxaya vermiş, pərdəli aynaları çölə baxan, dəmir darvazalı evlərin tuşunda sanki qurtarır, lakin buranın da haçansa get-gəlli olduğu maşın basdağının arasında, qıraqlarında cərgə ilə əkilib becərilmiş şitilliyi xatırladan boyverməz unnucalardan, süpürgə başını yerə əymiş pürənlərdən bilinir. Bir az qabaqda ayı balasından tikilmiş uçuq, sökük bir ev var. 
Taxtapuşu yatıb, şiferləri qırıqlanıb. Şiferlərin aralanan yerlərindən yal otları fışqırıb qalxıb. İkigözlü bu evin naxışlı, oyma bəzəkli surahılarının bə`zisi qopub, bə`zisi də qocaların laxlaq dişləri kimi o yan-bu yana əyilib. Boş qalmış yerlərindən bilinən dörd pilləli artırmanın yan qollarının arasına qar bir daş qoyulub, daşın üstündə kiminsə bulaşıqlı ayağının bir sıyrım palçığı qalıb, quruyub, kəltənə dönüb. Eyvanın bir tərəfinin milbəndini divarlarda izi görünən sel-su uçurub yerə töküb, milin üçü də bir başını yerə qoyub, onların üstünə döşənmiş qarğılar qırıqlanıb, qarğının üstündən basılmış küləş çürükləşib, bə`zisində ot göyərib. Bu millər bir otağın qapısını elə tutub ki, onun altından ürək eləyib keçmək olmaz. 
Bu yandakı kəllə divarda buxarı var. Buxarıda hisli sacayağı, sacayağının üstündə hisli qazan. Qazanın ağzı açıqdır, içində heç nə yoxdur. 
Buxarının ocaqlığında da, qıraqlarında da hamısı yanı üstə yıxılmış araq şüşələri, boş konserv qutuları, sümürülüb atılmış quru-qaxac balıq skeletləri. Qara bir pişik surahının arasından keçir, konserv qutularını imsiləyir, sonra bu biri otağın açıq qapısının ağzına gəlir, qayıdır, üst gözlərinə qalın kağız vurulmuş, alt gözlərinə isə yarmaçalar yığılmış aynalardan birinin ağzına sıçrayır, burnunu yarmaçaların arasından içəri soxur, sanki içəriyə baxmaq, içərini görmək istəyir. Miyoldayır. Hürküb geri hoppanır, qaçır. Kimsə içəridə öskürür. Pişik həyətdə durur, yönü küçəyə ola-ola başını dala döndərir, evə baxır, elə bil həmişə kimsəsiz gördüyü bu yurdda kiminsə varlığına inanmır. Yekə qapının ağzına gəlir, şöngüyür, qapısı açıq, güzgülüyünün aşağı dabanında əl boyda bir qırıq şüşə qalmış içi boş şifonerə, onun köpəş-köpəş çölünə, heç nəsiz beşiyə, üstü yorğan-döşəksiz dəmir çarpayılara baxır, bir pəncəsi ilə bığını sığallayır. Sonra qulaqlarını şeşələyib yarmaçaların arasından süzülən toranlıqda ağac çarpayıya, mitil yorğanın altındakı adamın tavana dikilmiş gözlərinə, onun dabanı cırıq, altı qopuq ayaqqabılarına boylanır. Aralanır. Bu, İltifatdır. Mitil yorğanın bir qulağını geri atıb dikələndə mütəkkənin qarnının yarıldığı, içinin pambığı görünür. 
Əynində bir pencək, bir şalvar var. Yalın ayaqları kirlidir. Pencəyin çiyinləri sökülüb, qolları didilib, düymələri qırılıb, şalvarının balaqları cırılıb, dizlərində yağ ləkələri. Şalvarın kəmərliyinə kirli boz bir ip keçirib, belini bərk-bərk boğub. 
Bir gözünün altı göyərib, bir almacığı yaralanıb. Əl dırnaqları peyinlikdə eşələnmiş toyuq caynaqlarına oxşayır. Üzünü tük basıb. Boğazı armud saplağı kimidir, pencəyin yaxasından görünən sinəsi quru taxta, qarnı belinə yapışıb. Onun qulağına səs gəlir: «Qarnımnan çıxıb qada, ay Allah, mən hara gedim dada?» İltifat devikir, sanki bu acı fəryadı qıcıtdanmış dişlərinin arasında bir sərt sümük kimi gəmirmək istəyir. Həmin səs bir də eşidilir: «Əzizim qarğamışa, Min bir alqış neynər ki, O bir fələk qarğamışa...» İltifatın əlləri əsir, üzünün, başının qaralmış ocağın tüstüsünə bənzər tükləri biz-biz olur. Qanlı-qançır gözləri böyüyür, çənəsi titrəyir, kərkilənir, ulğumu enib qalxır, sanki əcəllə üz-üzə dayanıb, onun heybətli görkəmindən zəhri yarılacaqdır. İltifal eşiyə çıxmaq istəyir, lakin dizləri tutulub, sinəsi onu irəli çəkir, ayaqları yerimir. «Bala, bala, balacan, Asqır yuxudan oyan, Əcəl buraxsın səni, Yerinə ölsün anan...» İltifatın gözlərinin qabağına çovğunlu bir gün gəlir: Külək qırma qarları evin divarlarına dolu kimi səpələyir, yerdə qovurğa kimi oynadır, surahını döyəcləyir, çoxu eyvana tökülür, otaqların ağzına diyirlənir, dingildəşirlər. Bir ana saçlarını yolur, əllərini üzünə çəkir, üzünün qanı sinəsinə süzələnir. Bir gəlin balasını yerdən götürür, sinəsinə sıxır, az qalır ürəyini ona versin, az qalır canını, bütün yaşar, diri varlığını ona bağışlasın. Göylər bir ana, bir gəlin naləsi ilə dolur, ağ qırma qarlar bir ananın, bir gəlinin qanlı göz yaşlarına çevrilir, dünyanın üzünü sel-su bürüyür, bir girdab hərami nəriltisi ilə İltifatı öz burulğanına alır, fırlayır, onu öz kamına çəkmək istəyir. İltifat qışqırır:
– Ay ana! Öz səsi öz başına daşlar, qayalar kimi yağır. Əlləri ilə gözlərini qapayır ki, o günü, o anları görməsin. O həyat, o müsibət silinir, görənlikdə təkcə qan-tərə batmış İltifatın özü qalır. Mütəkkənin altından bıçağı götürür. Onun uzun, iti tiyəsinə baxır. Pencəyini bir silkinmə ilə yerə salır. Bıçağın dəstəyini taxta dayayır, sinəsini – ürəyini tiyəyə tuşlayır. Gözlərini bərk-bərk qapayır, bıçağın dəstəyini hər iki əli ilə taxta möhkəm sıxır, bütün ağırlığı ilə özünü onun üstünə atmaq istəyir. Üzünün hər iri-xırda tər damcısı sapı qırılmış muncuq kimi yerə səpələnir.
– Yox!.. – pıçıldayır. 
– Yox!.. Yox!.. Çiyinlərdə qəbiristanlığa bir cənazə aparılır. Qarayaylıq analar, bacılar, gəlinlər, üzü kədərli, məhzun qocalar, cavanlar cənazənin arxasınca sürünürlər. İltifat hiddətlə pıçıldayır: – Yox, mən bu hörmətə layiq deyiləm! Pencəyini yerdən götürüb geyinir, bıçağı qoltuq cibinə qoyur, eyvana çıxır, üfüqlərə boylanır. Ətrafı zülmət bir qaranlıq sarıb. 
– Kaş həmişə gecə ola. Heç kim məni görməyə. Bu, mümkünmü?!. Səhərə az qalmış olar... Mən bu gündüzlərin əlindən canımı necə qurtarım? Hər gözdə bir ağır töhmət, hər baxışda acı bir məzəmmət, hər nəzərdə adama dağı dağ üstündən çəkən qınaq... Hərdən şimşək çaxır, göy guruldayır, seyrək damlalar havada gümüş kimi parıldayır. Şimşək göyləri öz qızıl qırmancı ilə bir də dağlayanda İltifat qəbiristanlığa girir, köhnə baş-daşlarının ara-bərəsindən keçə-keçə ehtiyatla irəliləyir, bir çürük, uçuq qəbrin yanında dayanır. Şimşək bir də qızıl ilan balaları kimi qıvrılıb açılanda uçuq qəbrin dərinliyinə baxır. 
– Burda... 
– Nitqi qırılır. 
– Heç kim itirib axtarmayacaq məni... Keçmiş var axtarsın? Axtarılasımı olmuşam?! Göy bu dəfə elə guruldayır ki, iri yağış damcıları çırpılan iri tutlar kimi ələnir. Qəbiristanlığın o başında guppultu, tappıltı, şaqqıltı qopur. Hər ağır, dolu damcısı ilə torpağı bir dəfə deşən yağışın aramsız şırıltısı sanki dirilərək tərəf-tərəf olub döyüşən əmud-qalxanlı, toppuzlu-qılınclı ölülərin dava səsini azalda bilmir. Bu çalhaçal gah yaxınlaşır, gah uzaqlaşır, gah da ağır yara, zərbə alıb yıxılan, dünyaya, həyata əlvida söyləyən canlı iniltisi, diri zıqqıltısı eşidilir. İltifat donub heykələ dönür. Şimşək göylərin göy şüşəsini bir də çilikləyəndə baxır ki, qəbiristanlıqda qara bir at çapır, başı hansı başdaşına dəyirsə, elə bilir onu vururlar, geri sıçrayır, arxaya burulur, dala götürülür, kəlləsi yenə da başdaşına çırpılır. 
– Çoban Mirişin kor atıdır. İltifat muşqura-muşqura irəliləyir. At dayanır. Kişnəyir. O qədər qaçıb ki, nehrə kimi gedib gəlir, başı dəridən çıxıb, onun başından axan yağış suyu qırmızıya boyanır. İltifat onu yedəkləyib qəbiristanlıqdan qırağa çəkir, xeyli aralayır, hörük ipinin ucundakı ağac mıxı yerə çalır. Bir qolunu atın boynuna salır: 
– Sən də korsan. Sənin gözün kordur, mənim ağlım. Korluğun ən pisi ağılınkıdır. At e`tiraz edirmiş kimi başını yırğalayır. İltifat ağır addımlarla qəbiristanlığa üz tutur. Ayaq saxlayır, çünki öz səsini eşidib: – Bıçaq ürəyindən yan da ötər, az da yaralayar, tez ölməzsən, əzab çəkərsən. Sənə elə bir ölüm gərəkdir ki, canını tez alsın, çox iztirab görməyəsən. Geri dönür. Atın mıxını qoparır, ipin ucunu boğazından açmaq istəyir, əl saxlayır, yenə: «Yox, – deyir, – özümü hansı ağacdan assam tapılacam, tanınacam, lap tanınmaz-bilinməz bir meyit də olsam, mən elin çiynində gedəcəm gora. Mən buna layiqəmmi?! Mıxı bir də yerə çalır. Göylər çınqıllıqda diyirlənən içinə daş atılmış boş çəlləklər kimi guruldayır və sanki bu gurultu dünyanın hansı qaralığındasa kor bir quyuya axıb tökülür. Çox uzaqda şimşək oynayır. Şimşək işığında seyrək yağış damcılarının uçuşu, süzüşü görünür. İltifat buludları buz salları kimi çat-çat olub bir-birindən aralanan, şüşəsi yuyulub silinmiş lampalar təki parlaq işıq saçan tək-tək ulduzlu bu səmanın altında seli hələ də kəsilməmiş bir cığırla gedir. Qarşıda meşə, meşənin arxasında qarlı dağlar. Meşəlik deyirsən həyatın bayaqkı qaranlığıdır, öz dəstəsindən ayrı düşüb, azıb, burda qalıb, o qədər teylənib, o qədər çalıxıb, ora-bura qaçıb ki, yorulub, üzülüb, hələ burda çox yatacaq. İltifat elə bil bu bir bölük zülmətə çatmaq, onun içinə girmək, onun içində gizlənmək istəyir. Cığırla axan sel suyu azalıb, İltifat palçığa bata-bata yeriyir. Qırağa çıxa bilmir, çünki cığırın kənarlarını qaratikan kolları, iynəli yemişan-böyürtkən şəlliyi tutub. Dan yeri mis pul kimi qızaranda meşəyə girən, meşə ilə uzanan, meşədən çıxıb bir uçqunun dik təpəsinə doğru dırmanan həmin bu cığırda bə`zisinin içinə su dolub göllənmiş, bə`zisi boş,, bə`zən sıxlaşan, yaxın-yaxın, bə`zən seyrək, bir-birindən aralı bu izlər, ən nəhayət, palçıqda qalan o ayaqqabının sağ tayı, xeyli aralıdakı sol tayı ağlar, sızlar bir faciədən xəbər verir. İltifat uçqunun başındadır. Yarğanlı, çınqıllı, göz qaraldan dərənin dibi güclə görünür. Dabandan bir daş tərpədilsə, ya bu uçqunun başından əl boydaca bir kəltən-kəsək buraxılsa, çınqılların çaxnaşıq axını başlanar. İltifatın gözlərindən bir təsəvvür uçur: özünü atır, başı daşlara dəyir, bircə dəfə «ay ana!» çağırır, çınqıl seli onun fəryadını batırır, onu ağzına alır. Dərənin dibində qılınc çınqılların arasında qanlı bir meyid. Xurd-xəşil olub. Təkcə bərələ qalan gözləri salamatdır, sanki o gözlər bütün dünyanı öz tamaşasına çağırır. Göydə leş-barata iyi almış quzğunlar hərlənişirlər. İltifat səntirləyir, oturur. Gözlərini yumur. Başını əlləri arasına alır. Şalvarının balaqları dizlərinəcən palçıqlıdır, baldırları, ayaqları palçıqlıdır, ordan-burdan qan sızıb, donub. O, tapdalanandan sonra əl-ayaqları ilə boynunu-başını didişdirən, heyfini ağlından almağa çalışan əqrəbə baxır. Əqrəb arxası üstə aşırılır, çabalayır, sonra quyruğunu yerə dirəyib bir də düzəlir, qıvrılır, quyruğu ilə günahlı başını döyür... 
*** 
Ayı balasından tikilmiş həmin evin təzə vaxtı. Həyətdəki ot çardağının bir başına bir ala inək, digər tərəfinə qara bir dana bağlanıb. Taxta axurlarına göy ot basılıb. Şirin-şirin yeyirlər. Qapı-bacada ağ, qırmızı toyuq-cücələr, şələquyruq qırmızı xoruz təkəş-təkəş gəzişirlər. Boz küçük İltifata şırmanır. Əlində sərnic inəyə sarı gedən İltifat küçüyə «rədd ol!» deyə təpinir, küçük onun ayaqlarına yıxılıb quyruğunu oynada-oynada yerə döyür, qulaqlarını qırpıb çənəsini yerə sürtür. İltifat qara dananı açıb inəyin altına buraxır, anasını xeyli sortuqladandan sonra çəkib dirəyə bağlayır. İnəyin altında çömbəlir. Ala inək fısqırır, onu burunlayır, İltifata buynuz çalmaq istəyir, təpik atır. İltifat onun yambızının, quyruğunun dibini qaşıya-qaşıya anasının oxuduğu eydirməni zümzümə etməyə başlayır: Göydən bəla ələnərmiş, mənim quzum, Zəhərə bal bələnərmiş, mənim quzum, İnsaf yersiz-yurdsuz qalıb, Qapılarda dilənərmiş, mənim quzum. 
*** 
Bənəfşəsiz yaz olarmış, mənim balam, Mehri-ülfət az olarmış mənim balam, Dağ uçanda təpələrin Kefi yaman saz olarmış, mənim balam. 
*** 
Daşda bitən bir gülə bax, mənim anam, Suda bitən sünbülə bax, mənim anam, Göydən gəzib qarğalara, Yerdən baxan bülbülə bax, mənim anam. İnək qulaqlarını sallayır, şirin-şirin gövşək çalır, xumarlanır. İltifat bu eydirmələri təkrar deyə-deyə sağmağa başlayır. İnək birdən gözlərini gen-gen açır, qulaqlarını teşələyir, ayağının birini qaldırıb qoyur. İltifat geri çəkilir, geri boylanır. Baxır ki, ondan az aralıda iki adam dayanıb. Birini tanıyır – kolxozun sədri İsgəndər kişidir. Dümağ bığları var, qarayanız sifətini pələ kəl buynuzları kimi tutub. Həmişə dolu olan torba cibli köynəyinin üstündən qurşadığı enli kəmərinin sarı dilləri işıldayır. Xrom çəkməsi var. Düz qara şalvarı yoğun sarı sapla tikilib, başına qoyduğu meşin kepksı yanpörtü durur. Yanındakı isə qoltuğu ağ qovluqlu, başı açıq, qolsuz ağ köynək geyinib, qara qalstuk bağlayıb, şalvarı ütülüdür, ayaqlarında üstü deşik-deşik boz yay ayaqqabısı var. Üzdən arıq görünsə də kürəklidir, qolları əzələlidir, sinəsi enlidir. İsgəndər kişi soruşur: 
– Sağdın qurtardınmı, a bala? İltifat sərnici qırağa qoyur, dananı açıb inəyin altına buraxır. – Qurtarmış kimiyəm. 
– Ə, anan hanı? 
– Yatır. 
– Genə xəstələnib? 
– Bəli. 
– Haçandan, ə? 
– Üç gündür. 
– Üç gündür? 
– Bəli, üç gündür. İsgəndər kişi yerə baxır. Ayaqlarının yerini dəyişir. Qollarını sinəsi üzərində çataqlayıb tez də açır, əlinin birini qaldırıb şəhadət barmağını sirkələyir: – O qızın qaraltısını kəsəcəm ordan, bu gəlini yola vermir deyəsən. İltifat elə bil özünü qapılarından içəri dolan selin qabağına verir: 
– Yox, İsgəndər baba, anamın azarı oralıq deyil. Anama deyir, sən heç gəlmə, bağçaya beş-altı uşaq gəlir, onların da xörəklərini özüm bişirərəm. İsgəndər kişinin gözlərini alan bayaqkı kin əriyir: 
– Eləmi? 
– Hə... İsgəndər kişi sinə dolusu nəfəs alıb dodaqlarını bir-birinə sıxır, «puf» eləyir, sanki ürəyindəki qəzəbin, hiddətin hamısını havaya uçurur, üzünü kürən kişiyə tutur, öz-özünə deyirmiş kimi səslənir: 
– Bu gəlinin əri şofer idi, çobanların köçünü yaylağa aparanda maşın yoxuşda sürüşdü, dərənin dibinə dığırlandı. Mulxusa o xəbəri eşidən kimi özündən getdi. Xəstəxanaya apardıq. İki ay orda qaldı. Hələ də özünə gələ bilmir. Yetimin bəxti burda da gətirmədi... Mulxusa İsgəndər kişinin səsini, sözlərini eşidib durub geyinir, çarpayını düzəldir. Onsuz da təmiz olan stolun üstünü silir, ora təzə süfrə sərir, stulların oturacağına döşəkçələr qoyur, qara örpəyini başına atıb eyvana çıxır. Onlara: – Xoş gəlmisiniz, – deyir, – dayı, niyə orda durubsunuz, bəri gəlsəniz... İsgəndər kişi bir-iki addım irəli yeriyir: 
– Nətərsən, a qızım? Bə adam ağrıdığını bildirməz?! Mulxusa utana-utana: – Vallah... nə bilim... – deyir, susur. İsgəndər kişi ürəyində: «Yazığın heç sağ günü var ki!..» Mulxusa həyətə enir, bir də eyvana çıxır, içəri girir, iki stul gətirir. İltifat eyvana qalxıb stulları onun əlindən alır, aşağı düşürür. 
– Get anana da birini gətir, – İsgəndər kişi deyir, özü birində əyləşir, kürən adama da işarə eləyir ki, otursun. İltifatın gətirdiyi stulu Mulxusa İsgəndər kişidən xeyli aralıda, həm də onun sol səmtindən bir qədər geridə yerə qoyur, söykənəcəyindən tutub durur. 
– Otur, qızım, otur. Qısıla-qısıla əyləşir. İltifata buyuruqlu bir nəzər salan kimi o, evə girir, sarı samovarı həyətə düşürür. İsgəndər kişi Mulxusaya: 
– Uşağa zəhmət vermə, qızım, – deyir, – tez gedəcəyik. 
– Əllərini dizlərinə dayayıb irəli dartınır, sanki kürəyində ağır şələsi var, güc verib qaldırmaq istəyir. 
– Bu kişi sənət məktəbinin müəllimidir. Məktəbə uşaq yığır. Ora girmək həvəsində olan çoxdur. Ancq bunlar gəldi-gedərləri götürmürlər, istəyirlər oxuyub öyrətdikləri buralı olsunlar ki, armud yetişəndə öz ağacından qırağa düşməsin. Bizim əlçatanımızdakı bu qəsəbə yaman hörmətə minib, dünyanın hər yerindən bura qucaqda gətirilən topal-şillər ikicə həftədən sonra dovşana dönür, qaçaraqlarına çatmaq olmur. Məktəbin bizim kəndlik bircə yeri var, mən də ora İltifatı məsləhət görmüşəm. Bunların yataqxanası da var, istər qalar orda, istəməz hər axşam gələr evə, səhər yenə gedər. Mulxusa dayanıb onların söhbətinə qulaq asan oğluna baxır. İltifat evə girir, anasının üstünə təzə, şaxlı süfrə sərdiyi stolu gətirir, qonaqların qabağına qoyur, yenə evə yortur, dərin bir qab götürüb bağa cumur, qırmızı, yaşıl almalardan yığıb qaba doldurur, təpələyib gətirir. İltifatın çöhrəsində qanadlı bir sevinc var, onun başının üstünə əyilən tut budağı da elə bil bu şad xəbərdən fərəhlənən oğlana əl uzadıb, onu atıb tutmaq istəyir. İsgəndər kişi ilə kürən kişi İltifata baxa-baxa gülümsünürlər. Ananın üzünə isə batan günəşin son saraltısı qonub, o, bir az yana əyilir ki, qürub çağının bu nəhslik yayan sarı sarma, xəstəhal kələfindən yayınsın. Lakin onun gözləmədiyi hansı bir qaranlıqdansa xəbər verən bu ziya onu bir də tapır. Toyuqlar hinə yığılıblar, həyətdə təkcə boynuyoluq qalıb, bir də xoruz, xoruz da elə bil onun örtülüyə girməyini gözləyir. İnəklə dana qoşa, baş-başa dayanıblar. İkisi də gözlərini yumub qulaqlarını sallayıb, sanki müşkül işə düşüblər, fikirləşir, hey fikirləşirlər. Boz küçük onlardan xeyli aralıda şöngüyüb, gözlərini Mulxusaya dikib. Birdən qlxır, Mulxusanın qılçalarının arasına girir, baldırlarına sürtünür, zığıldayır, inildəyir, altdan yuxarı onun üzünə boylanır, onun dizlərinə dırmaşmaq, elə bil sahibinin üstünü alan, ondan savayı heç kimin görmədiyi bəlanı çəkib yerə salmaq istəyir. 

*** 
İltifat üstü ceyranşəkilli dəmir darvazanın qabağında dayanıb. Darvazanın başındakı lampanın işığı onun kölgəsini yerə yapmalayıb. O, əlinin birini qaldırıb darvazanı döymək istəyəndə bu yapmayastı kölgəsi də qol uzadır, tısbağa başı kimi yenə də öz «çanağına» çəkilir. Nəhayət, darvazanı iki dəfə yavaşca tıqqıldadır. Kiminsə taxta pillələri gurultu ilə endiyi, xırda, iti addımlarla darvazaya yaxınlaşdığı bilinir. Darvazanın arxasından səs gəlir: – İltifat, sənsən? İltifat ağzını darvaza taylarının arasına tutur, səsini, sözünü təkcə ona eşitdirirmiş kimi astadan deyir: – Mənəm... Bala qapı aralanır, açılır, alayanaq, almagözlü, totuq bir qız eşiyə çıxır. O, yoğun hörüyünü sinəsinə salıb. İltifat üstünə iri hərflərlə «Ədəbiyyat» yazılmış kitabı ona uzadır: 
– Yaman oxumalı kitabdır. Gülnaz kitabı alıb baxır: 
– Öz dərsliyimizdir ki... İltifat ondan aralana-aralana: – İçindədir, – deyir, – içindəkini oxu... İltifat işıq talasından çıxıb qaranlıqda qeyb olanacan Gülnaz kitabı aralayır, içindəki iki qatlanmış qoşa varağa baxır, kitabı tez örtüb qoltuğuna sıxır, yanaqlarından zənəxdanlarına bal kimi süzülən bir təbəssümlə gülümsünür. 
***
Beşmərtəbəli binanın həyətində kəsmə daş, qum topaları, sement, kəc anbarçaları, əhəng gölməçəsi. Qaldırıcı kranla axırıncı mərtəbənin üstünə tavalar düzülür. Hər dörd mərtəbənin bə`zi otaqlarında bir neçə fəhlə. Palçıq qarışdırırlar, divarlara suvaq çəkirlər. Geyimlərində, sir-sifətlərində nəhəng vergüllərə oxşar palçıq sıçrantıları. Üçüncü mərtəbənin dörd otaqlı bir mənzilində işləyənlərin hamısı hələ üzlərinə ülgüc dəyməmiş gənclərdir. Həmin kürən kişi – Davud İsayeviç bir-bir otaqlara baş çəkir, hər otaqda xeyli dayanır, öz tələbələrinin işinə göz qoyur. Tələbələr də onu görüb diribaşlaşırlar, işə əvvəlkindən də artıq can yandırırlar: xərəklə palçıq daşıyanlar daha cəld gedib gəlirlər, təknələrə tökdüklərini təzədən qarışdırır, belə mala ilə dönə-dönə yoğururlar, suvaqçılar dik qaldıranda tavanla döşəmənin arasını tutan ülgünü divarla bu başdan o başa sürüşdürürlər, gözlərinin birini qıyıb, sifətlərinin bir tərəfini divara yapışdırıb suvağın düzlüyünü yoxlayırlar, harda çökəklik görürlərsə, ora palçıq yaxıb yayır, harda diklik tapırlarsa, oranı qaşıyıb hamarlayırlar. Davud İsayeviç axırıncı otağın qapısı ağzında çox dayanır. İltifatın işləməyinə heyranlıqla baxır. İltifat onu görüb qızışanlardan deyil. O, gah ayaqqabının üstünə sıçrayır, yalnız ona işləyən bir tələbənin yerdəki iri təknədən bellə götürüb yuxarıdakı balaca təknəyə atdığı palçığı malaya alıb divara yapır, yapdığının bir qırığı da qopub yerə düşmür, heç biri İltifatın nişanladığı yerdən azmır. O, elə cəld işləyir ki, divara vurduğu, yapışdırdığı hər atım palçığın bir şappıltısı sahil qayalarına dəyən ləpə səsi verir, yapmalar isə donmuş ləpələri andırır. O, gah da yerə hoppanır, ayaqaltını qırağa itələyir, divarın yarıdan aşağısını yapmalara tutur. Sonra iri sığal malasını götürür, onu vedrədəki suya sala-sala divarın başından ayağına, ayağından başına çəkir, dönə-dönə hamarlayıb-tumarlayıb sal mərmərə döndərir. Başını bu küncə qoyub o küncə baxır. Ayaqaltını götürüb o divarın qabağına qoyur. Bu, bu otaqdakı suvanası axırıncı divardır. Xərəklə palçıq gətirənlərin, palçığı bu təknədən İltifatın əlçatanına daşıyanın üzü, boyun-boğazı tər içindədir, hamısının kürəyinin təri paltardan çölə çıxıb. Biri Davud İsayeviçə İltifatı göstərib məzəkarlıqla deyir: 
– Müəllim, buna bir qoşun fəhlə lazımdır. Bu ustanın əlinin altında iki-üç adam öc eləyə bilməz, nəfəsi kəsilər. İltifat qanrılıb geri baxır, Davud İsayeviçi görür, yönünü ona sarı çevirir. Onun da canı tərdə çimib, başından buğ qalxır, üzü də hey yuyunmaqdadır. Tələbələrin digəri deyinir:
– Müəllim, buna canını çöldən tapmış adam qoşmaq gərəkdir ki, cızdağı çıxsın, tərli-tərli soyuq su içsin, axşam yatsın, səhər başını yastıqdan qaldıra bilməsin. Davud İsayeviç ülgünü götürür, İltifatın suvayıb qurtardığı üç divarda gəzdirir, müəllimi Fəhmi ilə diqqət yetirir, bircə eyib də tapa bilmir. Ülgünü divara söykəyib İltifata rəğbətli bir nəzər salır. Bu baxışlarda ata fəxri var, fərasətli övladdan yarıyan ata iftixarı var, hələ çox arzularının gözlərində qalmayacağına inanan ata ümidi var. Ala günlü bir axşamüstüdür. Öz dimdiklərində kəsmə ağ daşları qaramtıl palçıqla dolu nənnilərini yelləndirə-yelləndirə yarımçıq binaların başına qaldıran kranların üstündən gah kölgələr sürünüb keçir, gah da gün düşür. Həyətlərində uşaqlar oynaşan, ətrafında həmişəcavanlar, bəzək kolları əkilmiş binaların bə`zi aynaları pərdəlidir, bə`zilərinin isə palçıq sıçrantıları, rəng-boya yapışmaları hələ də üstündədir, silinməyib. Bə`zi balkonlarda səbətlər, qutular, qapıların ağzında cütlənmiş sürüntəklər, bə`ziləri isə tozlu-torpaqlıdır, ağac-taxta sıyrıntıları öz sahibini gözləyir. Bu mənzillərin birində Davud İsayeviçlə İltifat divarlara kağız yapışdırırlar. Davud İsayeviç də iş paltarındadır, köhnə bir kətilin üstündədir. İltifat döşəməyə sərib yapışqanladığı kağızların qulaqlarından tutub ona verir. Davud İsayeviç bu kağızın başını o birilərinki ilə tən-dürüstləşdirir, İltifat da aşağı başını aşağıdakı ilə tutuşdurub düzəldir. Müəllim başdan dabana doğru «ütüləyə-ütüləyə» enir, yerə düşür. Kənara çəkilib baxır. Kətili götürüb bir az irəli qoyur, o biri kağızı yapışdırmağa hazırlaşır. İltifat: 
– David İsayeviç, – deyir, – icazə ver... 
– Müəlliminin eybini deməyə hünəri çatmayan tələbə kimi ismətli, həyalı bir təbəssümlə gülümsünür. Davud İsayeviç divara baxa-baxa soruşur:
– Qırışıb, qırışıqlı qalıb? – Gözlərini qıyır, bir də diqqət yetirir: 
– Hə-ə-ə? İltifat qırıq-qırıq, xəcalətlə dinir: – İki yerdə... 
Köpəşikli də qalıb. Davud İsayeviç zəndlə baxır: 
– Harda, harasında? İltifat kətilin üstünə qalxır, kağızı tən ortadan yanlara sığayır. Başdan ayağa bir də əl gəzdirir. Düşür. Davud İsayeviç başını bulayır: 
– Qocalıram, bala, deyəsən, eynək taxmalı olacam. Bəzək işi – zərgərlik kimi şeydir, gərək ustanın əlindən qəlp iş çıxmasın, çıxdı, demək, öz çörəyini özü kəsir. – Gülümsünür. – Mən bu sənəti üç ilə öyrənmişəm, hələ də öyrənirəm. Amma sən, maşallah, suçəkən kağızı kimisən, bircə dəfə baxmağnan ən incəliyinə qədər götürürsən. Bu qəsəbədə hamı sənə iş gördürəcək. Həm də çox səliqəlisən. Sənətkarın ki, səliqəsi oldu – işi hamının ürəyinə yatacaq. İçəri yekəqarın, tövşəkli bir kişi girir. Qara şalvarı, qolsuz qara köynəyi, ağ yay ayaqqabısı. Köynəyin üç düyməsinin ikisi açıqdır, sinəsinin çallaşmış qalın-sıx tükləri qıvrımlanıb. Buxağı eymə kimi sallanıb. Ətli üzündəki xırda gözləri civildəyir. Başının çallaşmış gödək tükləri də qıvrım-qıvrımdır. Qalın alt dodağı irəli pırtlayıb, salam verəndə, danışanda elə bil ağzından çıxanları yerə, sinəsinə düşməyə qoymayacaq. Sönmüş filtirli siqaretini tapança alışqanı ilə yandırır, tüstünü göyə – havaya püfləyir. Görülmüş işə həqarətlə baxır: 
– Əlinizdən çıxan elə budur? Davud İsayeviç deyir: 
– Otağın birini qurtarmışıq. 
– Hə... deyə o, peşman olmuş kimi səsini uzadır, qonşu otağa keçir, içəridə başı çıxan adam kimi boylana-boylana hərlənir, dayanır, onun arxasınca gəlib boy-boya durmuş Davud İsayeviçə, sonra da İltifata baxıb gülümsündüyü ağzının qasımından, almacıqlarının girdələnmiş qalxımından bilinən bir şadyanalıqla deyir: – Malades!.. Bu gedişlə aboyu iki günə qurtararsınız. Sonra qalır hamamla kuxnaya, bir də... – Başını dala atır, deyirsən, elə qaqqıldayacaq ki, hırıltısı divarları titrədəcək, ancaq başı kəsilən toyuq kimi ikicə dəfə qıqqıldayır. Başını bədəninə düzəldib muncuq gözlərini ətin içindən pırtladıb çıxarmağa çalışırmış kimi qaşlarını alnına atır: 
– Bura bizim rəisinkidir, gərək lüks olsun, İnportu kafel də gətirəcəm sabah... Vobşim, David İsayeviç, – əlinin birini qaldırır, – mən xəcalətli olmayım ha!.. Davud İsayeviç ona: 
– Arxayın ol, – deyir, – arxayın ol. O, cibindən xeyli pul çıxarır, beş yüzlüyü bir-bir sivirib komlayır, qatlayıb Davud İsayeviçə uzadır: 
– Hələlik bunu al, sonrası da sonra, axırda. – Bir əllilik də verir: – Bu da bu axşamkı ujinlik... sabahkını da sabah... Sabah bu və`də yenə burdayam... 
– Əllərinin ikisini də qaldırır: 
– Paka!.. 
*** 
Davud İsayeviçin evi. Açıq ara qapıdan üstünə şahmat bəzəkli ədyal örtülmüş çarpayının bir başı, mənzil sahibinin divara vurulmuş iri şəkli, şəklin altından asılmış yekə güzgü görünür. Bu otağın büllur asmalıqlı qəndilindən süzülüb ora düşən bir zolaq gur işığında oranın çəhrayı döşəməsi parıldayır. Girəcəkdəki otağa üstü ağ örtüklü divan, kitab rəfi, iki kreslo, qılçaları ilanşəkilli stol və stullar qoyulub. Aynanın qabağında pianino. Həmin əllilik stolun üstündədir. Davud İsayeviç mətbəxdən iki stəkan çay gətirir, sonra bir də qayıdıb qənd, konfet qablarını, içində limon olan bir nəlbəki, bıçaq gətirir. Limonu doğrayır, bir dilimini İltifatın, birini də öz stəkanına salır. Oturur. 
– Yorulmamısan? İltifat başını bulayır: 
– Xeyr... 
– Hər altıncı, bazar günləri, bir də dərsdən-təcrübədən sonra, istəsək, – onun üzünə sınayıcı nəzər salır, – belə işlər götürüb özümüzə işləyəcəyik. Gücümüz çatacaqmı? İltifat qurdalanır: 
– Siz necə məsləhət görsəniz... 
– Çayını iç... Qabaqca özü içir, hövsələsizliklə, hovxura-hovxura içir, elə bil ciyəri yanırmış. İltifat isə bir-iki qurtum alıb stəkanı nəlbəkiyə qoyur. Davud İsayeviç onun üzünə bu mə`nada baxır ki, İltifat acdır, acın da zəhləsi sudan gedər. 
– Dur bunu götür, – gözləri ilə əlliliyə işarə edir, – təzə çörək al, kolbasa al, yaxşısından, doktorski olsa lap ə`la, iki şüşə də tərxun arağı. Bu, sənin ilk qazancındır, ilk bərəkəti, nübarı yumaq lazımdır. Ürəyin ayrı nə istəsə al, mən də sən gələnəcən bir ləzzətli kartof kababı hazırlayım. İltifat əlliliyi götürüb gedir. Davud İsayeviç mətbəxə keçir, kartof soymağa başlayır. Qapının zəngi çalınır. O, önlüyünü boynundan çıxarıb asqıdan asır, əllərini yaxalayıb silir, qapını açır. Ovurdu ovurdundan keçən, çiyni çantalı, bir əlində bir dəstə gül tutmuş poçtalyon:
– Davud İsayeviç muştuluğumu verin, Mariya xanım gəlir. 
– Sumkadan bir poçt jurnalı çıxarır, arasındakı teleqramı ona verir, qol çəkdirir. 
– Səhər tezdən, saat altıda vstreçat eləməlisiniz. 
– Bu ətirli qızılgülləri də öz bağımdan dərib gətirmişəm ki, bülbül o qəfəsdən çıxan kimi bu gülə qonsun, «oxqay, arzuma çatdım, mən nə bəxtiyaram» mahnısını oxusun. 
– Ay səni var olasan! 
– Davud İsayeviç geri dönür ki, bu xeyirxəbər poçtalyonu əliboş qaytarmasın. 
– Bu saat!..Poçtalon əlinin birini onun qoluna atır, Davud İsayeviçi saxlayır: 
– Ehtiram satılmayıb hələ, müəllim! Sağ ol, salamat ol, mən getdim! Poçtalyon Davud İsayeviçin qolunu buraxıb qapını öz arxasınca çəkir. Davud İsayeviç teleqramı oxuya-oxuya mətbəxə gedir. Gözlərində gül kimi qönçələnib çiçək kimi açılan bir sevinc. Kartofu doğrayır, yağ atıb plitənin üstünə qoyduğu sapılcaya tökür, duz səpib ağzını örtür. Bufetdən çəngəlləri, ədviyyat qablarını götürüb otağa keçir. İltifatın gəldiyini onun yerişindən bilib qapını açır, açıq qoyur, artırmalarla qalxdıqca üzünə-üstünə düşən bir qapı işıqda qatran bataqlığından təkan verə-verə üzə çıxana oxşayan, baş-başa gətirdiyi qollarının üstü çənəsinin altınacan dolu oğlana baxır. 
– Mən unutdum deyəm zənbil götür, sənin də yadına düşmədi. İltifatın qucağındakı şeyləri bir-bir alıb mətbəx stolunun üstünə yığır, sapılcanı qarışdırır, ağzını yenə örtür. Kolbasanı bir qaba doğrayır, arağın da birini götürüb otağa keçir. Onları stolun üstünə qoyandan sonra yan otağa adlayır, oradan iki bağlama gətirir, biri balaca, digəri iri. Balaca bağlamanı açır, kağızın içindən lülələnmiş xırda qırmızı güllü, qara yerlikli bir parça çıxarıb açır. – Bunu sənin bugünkü ilk qazancından anana pay almışam. Sən almısan, mən yox, sən!.. İltifatın gözləri Davud İsayeviçin üzünə dikilir. Necə ədəbli, necə qanacaqlı, necə insaflı adamdır bu Davud İsayeviç. Davud İsayeviç böyük bağlamanı da açır. İçindən bir cüt qara ayaqqabı, bir dəst qara pencək-şalvar, bir cüt corab, bir cib dəsmalı, bir bel kəməri, bir köynək çıxarır, köynəyin ağ ensiz zolaqları palıdı yerliyini doğrayıb keçib:
– Keç o biri otağa, bunları geyin gəl. İltifatın bayaqkı minnətdar baxışlarında sonsuz «əhsənlər» kükrəyir, daşır, sel kimi çağlayır. Davud İsayeviç həmin şeyləri bağlamanın kağızına büküb onun qoltuğuna verir, kürəyindən ora itələyir: 
– Gecikmə, – mətbəxə keçir, – kabab hazırdır, gətirirəm. Davud İsayeviç bir əlində sapılcanı, digərində də altlığı tutub gətirir, onları stolun üstündə rahlayır. Qədəhlərə araq süzür. Pianinonun arxasına keçir, fırlanan kətildə oturub özünü o tərəfə hərləyir, yönünü o səmtə çevirir, qəmli bir hava çalır, dərin bir həzinliklə, sonsuz bir hüznlə oxumağa başlayır: Bir yarpağam, qopacam mən, Torpaqlara hopacam mən, Əyər ömür möhlət versə, Qəmdən qala yapacam mən. Ümid verən sabahlar var, Əli üzən agahlar var, İnsan dərdə dözümlüdür, Gümanlar var, pənahlar var. Bir kitabam oxu məni, Bəzəklərə toxu məni, Gündüz görüb, gecə unut, Rö`ya məni, yuxu məni... Qanrılır. İltifatın geyinib-kecinib dayandığını görür. Geri fırlanıb qalxır, qədəhin birini İltifatın əlinə uzadır, o birini də götürüb onunkuna vurur: 
– Mübarək, – deyir, cibindən bir yüzlük sivirib İltifatın döş cibinə basır, – həmişə dolu olsun! İçir, oturur, yeməyə başlayır. İltifat hələ içməyib, hələ oturmayıb, gözləri Davud İsayeviçdədir, sanki mö`cüzə görüb, sanki onu əfsunlayan sehri dərk eləməyə çalışır: hamısını mənə xərcləyib. Bəs özünə nə qaldı? Bu niyə belə eləyir? Belə yoldaşlıq olmaz. İşin çoxunu o görüb, mən qurdalanmışam, az-çox kömək eləmişəm. Niyə öz bahalısını ucuz tutsun, mənim kor qəpikliyimi bu qiymətə mindirsin? Qapının zəngi basılır. Davud İsayeviç kartof «kababı» taxdığı çəngəlini ağzına apardığı məqamda saxlayır, duruxur, çəngəli sapılcaya söykəyib cəld qalxır. Qapını açır. İşıq seli çəhrayı donlu, balaca ağ sumkasının qayışını bir çiyninə keçirmiş, bir əlində zolaqlı iri zənbil tutmuş, alçaqdaban ağ ayaqqabılı, gur qızılı saçlı, göy gözləri sürməli, minagərdən bir qızı öz qoynuna alır. Onun qızılgül ləçəklərini andıran dodaqları təbəssümlə açılır: 
– Gözləmirdin? Davub İsayeviç zənbili onun əlindən alır, Mariyanın bir qolundan tutub içəri çəkir, qapını çırpır, onlar üz-üzə, göz-gözə dayanırlar, gözlərində mələr bir həsrətin vüsal sevinci, gözlənilməz görüş fərəhi... Öpüşürlər. Davud İsayeviç onun çiynindən aşırdığı balaca ağ sumkasını da alıb pianinonun üstünə qoyur. Güldandakı gülləri gətirib onun üzünə sıxır. – Teleqramda vaxtı... Mariya sözü onun ağzından alır: 
– Birdən e`lan etdilər ki, birinci reyslə getmək istəyənlər biletlərini dəyişdirə bilərlər. 
– Mariya gözlərini süzdürür, nazla yırğalanır: – İstəmirdin bir neçə saat tez gəlim? Davud İsayeviç nəvazişlə onun saçlarını sığallayır. Mariyanın ayaq üstəcə quruyub qalan İltifata bxdığını görüb deyir: – Mənim tələbəmdir, dostumdur, tanış olun. Mariyanın ağ pambıq əli İltifatın qabarlı ovcuna göyərçin kimi qonur. İltifat mətbəxə keçir, Davud İsayeviçi çağırır: 
– Bir dəqiqəliyə... Davud İsayeviç gedir, onun üzünə suallı bir nəzərlə baxır. İltifat utancaqlıqla başını aşağı dikir, pıçıldayır: 
– Mən gedim... Davud İsayeviç bir əlini onun çiyninə şappıldadır, şaqqıldayıb gülür: – Elə şey olar?! Onun çiyinlərindən tutub qabağına qatır, Mariya olan otağa aparır, oturdur. Qayıdıb mətbəxdəki bufetin gözündən bir «Şampan» şüşəsi, bir qədəh götürüb gəlir. «Şampan»ın ağ çalmasını açır, məftil kəmərbəndini söküb çıxarır, tıxacını yuxarı dartır. Tıxac papaqlana-papaqlana qalxanda şüşəni göyə tutur, tıxac atılıb tavana dəyir, şərab şüşədən köpüklənə-köpüklənə fışqıranda əyib qədəhə süzür. 
*** 
Qəsəbənin küçələrində tək-tək adam görünür. Bə`zi evlərdən, otaqlardan işıq gəlir, çoxunun pəncərələri kor adamın gözlərinin boş çanaqları kimi qaralır. Yataqxana otaqlarının da hamısının işığı söndürülüb, tək birindən başqa. Bura İltifatınkıdır. Bu uzunsov balaca otağa bir çarpayı, bir şkaf, bir dolab, bir ensiz stol, iki stul güclə yerləşdirilib. Çarpayı ilə divara yapışdırılmış stolun arasından düz keçmək olmaz, yalnız yanpörtülük yol var. İltifatın köhnə paltarları həmin qalın bağlama kağızının arasında, stolun üstündədir. Götürüb gətirəndəmi, yoxsa bura atandamı, xülasə, bağlamanın kağızı ordan-burdan partlayıb, cırılıb, bu partlaqlardan, yarıqlardan İltifatın geyimləri, hətta, tozlu ayaqqabısının bir tayı da görünür. İltifat təzə geyimini soyunmadan çarpayıya üzü üstə düşüb. Bir qolunu başının altında qatlayıb, açıq qalmış ağzındn çıxan nəfəsi barmaqlarının ucunu tərlədib. Təzə ayaqqabılarının padoş altlıqları yeyilib, ağarıb, sanki günlərlə pay-piyada yol gəlirmiş. Ayaqqabılarının burnunda iri-xırda qopuqlar, ağ-ağ çillər, elə bil ayaqqabılarının burnunu ya kol-kosa diddirib, ya da daşa-kəsəyə çırpıb. O, yuxuda görür ki, dünyanın altındakı kimi qaranlıq bir yerdədir. Hərdən ona «gəl» deyirlər. Bu səsə mağara əks-səda verir, uğuldayır, İltifat başını aşağı əyə-əyə, qəddini bükə-bükə onu çağıran bu səsə doğru gedir. Hərdən uzaqda bir cüt göz yanıb sönür. Bu gözün işığına bir əjdaha ağzı açılır, sanki o səsi də, o işığı da udmaq istəyir. Qaranlıqda ağaran qılınc dişlərini elə çaqqıldadır ki, İltifatı vahimə bürüyür. İltifat birdən geri dönür, qaçmaq istəyir, lakin dizləri tutulur, həm də elə bil kürəklərinə arxadan görünməz əllər uzanır, onu dala çəkirlər. O, qəfildən dala burulur, götürülür. Qaçır, nəfəsini çiyinlərindən alır. Baxır ki, bu qaranlıqda dəliqanlı, nərəli, boz-bulanıq bir çay axır. İltifat bir uçqunun başındadır, bircə addım qırağa qoysa da dalğaları harın atlar kimi kişnəşən bu çaya sürüşüb boğulacaq, ya da dibi görünməz bu sıldırımda məhv olacaqdır. Amma çayın o tayı düzəngahlıqdır, yaşıllıqdır, gül-çiçəklikdir. Göy otlar mehlə daranır, güllər, çiçəklər nazlı-nazlı yırğalanır. O yanda gündüzdür, bu yanda gecə. Gülnaz o yamyaşıl, güllü-çiçəkli gündüzdədir, İltifatı görür bu gecədə, üzünü çevirib gedir. İltifat onu çağırır. Dönüb dala da baxmır, sür`ətlə uzaqlaşır, üstünə gül-çiçək səpilmiş dənizi xatırladan yaşıllıqda gözdən itir. Sonra Gülnazın bayaqkı yerində anası Mulxusa peyda olur. İltifat bu qaranlıqda da görünəcəyindən ehtiyat edib pencəyinin bir ətəyini üzünə qaldırır, üzünü örtür. Baxır ki, anasının qınaqlı nəzərləri pencəyinin ətəyini əritdi. Ana əllərini qoynuna qoydu, gözlərində bircə cüt qara yaş gilələndi, bu kömürlər onun çəkdiyi ahdan od aldı, alovlandı, ananı yandırmağa başladı. İltifat: «Ana, ana!..» – deyir, anasını çağırır. Ona elə gəlir ki, bu harayı bu taydan o taya fışqıran selə-suya dönüb onu söndürəcək. Lakin ana bu övlad sel-suyunun altından qaçır, yana-yana gedir. İltifat bir də çağırır: – Ana!.. İltifat öz çığırığına oyanır. Başını yastıqdan qaldıra bilmir, başı yastığa daş kimi düşür. Əllərini çarpayının yanlarına dirəyir, belini, kürəklərini dikəldir, lakin bşını yastıqdan aralamağa gücü çatmır. Arxası üstə çevrilir, yuxarı sivçinir, başını çarpayının başına dayayır, dikəlir, qalxır. Otaq başına hərlənir, döşəmə tavana sıçryır, tavan döşəməyə enir, O, çarpayı ilə stolun arasına pərçimlənir. İçəri Davud İsayeviç girir. İşığı söndürür. Səhər çoxdan açılıb – aynadan ağ divara çəpəki gün şüası düşüb. Onun qolundan yapışıb qaldırır. Gətirdiyi qəzet bükülüsünü açır. Bir duzlu xiyarı cibindən çıxartdığı balaca bıçaqla dilimləyir, bir qıça pendiri xırdalayır, doğraqlı çörəyin bir dilimini onun tərəfinə qoyur. Qrafindən çapma stəkana su töküb yaxalayır, yaxantını qapının dalına, döşəməyə çırpır. Ətir şüşəsindən stəkana araq süzür: 
– Mən bilirdim ki, belə olacaq, – deyir, ona görə də tezdən gəldim. İti itə boğdurarlar, ilana balası qənim olar. Yüz qram atmasan düzəlməyəcəksən. Al vur görüm. İltifatın gözləri qan çanağına dönüb, alnının, boyun-boğazının damarları şişib, düyünlənib, hər gözünün altında bir koma qara bulud kölgəsi. Başını üstündə güclə saxlayır, sanki heykəl, büst qondarmasıdır, hələ yaxşı bərkidilməyib, bir yersiz-lüzumsuz hərəkətlə qopub yerə düşəcək. – Ürəyim böyüyür. Davud İsayeviç stəkanı onun ağzına yaxınlaşdırır: – Bunu atmasan, bütün günü gicəllənəcəksən. İçsən elə bil közün üstünə su töküləcək. İltifat stəkanı alır, gözlərini yumur, ağız-burnunu əyişdirə-əyişdirə arağı başına çəkir. Arağın son qurtumunu sorhasorda Davud İsayeviç duzlu xiyarın bir dilimini hazır tutur, stəkanı ağzından aralayan kimi onu dodaqlarına sıxır. 
– Nəfəs almamış ötür, – deyir, – tez, nəfəs almamış!Y.. İltifat duzlu xiyar dilimini su kimi suçulayır, sonra Davud İsayeviçin bir yuxa çörək kəsiyinin iki nazik qatlağı arasına qoyub dürməklədiyi pendiri gəvələyir. Davud İsayeviç ona: – İndi bir az uzan, – deyir, – mən gələnəcən qalxma, e`malatxanaya dəyib qayıdıram. – Hə, uzan görüm. Bax, belə... İltifat gözlərini xeyli qapalı saxlayır, yavaş-yavaş qorxa-qorxa açır, elə bilir yenə də bir dəyirman daşının üstünə düşəcək, dünya başına dolanacaqdır. Lakin baxır ki, günəşin bir aynalıq dördkünc işığı tərpənmir, həm də bu şüa o divar ağlığında elə qırmızıdır ki!.. Dikəlir, görür, beyninin başını bayaq yerə çəkən o daş-qaya ağırlığı yoxdur, içməmişdəki kimi yüngüldür. Bəbəklərinə sancılan əzəlki sarı qanqal tikanları da yox olub, ürəyinə təpilən, tüstüçəkməz buxarı kimi his-qurumu geri üfürən o çalxıma da itib. Dünənə qədərki güc-qüvvət yenə də canına qayıdıb, onu yenə də işə-gücə, qaynaşıqlı həyatın, oynaşıqlı dünyanın dinclik, sakitlik, durğunluq bilməyən diriliyinə çağırır. Qalxır. Əlləri ilə paltarlarının qırışlarını hamarlayır. Ayaqqabılarının burnundakı qopuqları görəndə bikefləyir. Şkafdan şotkanı, qara yaxma qutusunu götürür, o ağ çilləri sürtüb qaraldır. Davud İsayeviç gəlir. 
– Hə, daha yaxşısan. Bir də içmə. Mən bu zibilin də ustasıyam, birinci yüz qramdan hiss etdim ki, sənin bədənin içkiyə qarşı çox həssasdır, özünü öyrətsən ondan ayrı dura bilməyəcəksən. Gedək bizə, Mariya bizi gözləyir. Obaşdan durub, heç bilirsən nələr bişirib. Yox, yox, olmaz, elə şey yoxdur, getməsən, səndən inciyər, yaman küsəyəndir Mariya, bir adamdan dönməsin, döndü – fələk qarnını yerə qoya – barışmaz. Həm də deyər, necə müəllim-tələbə, necə dostsunuz ki, İltifat sənin sözünü yerə salır?!. Onsuz da istirahət günüdür, burda tək neynəyəcəksən ki!.. Həm də o qalan işi görməyə sən tək gedəcəksən. 
– Qımışır. 
– Mən getsəm, gərək Mariyanı da aparaq. İltifat o mə`nada gülümsünür ki, onda hamı bizi qınamazmı?!. Deməzlərmi dünyada pulu-qazancı hər şeydən üstün tuturlar?!. 
*** 
Güclü yağış yağır. Damların suyu navalçaların ağzından gurhagurla portlayıb tökülür. Küçələrlə, səkilərlə axan selin üzü köynək-köynəkdir, biri batanda biri çıxır, sularda sanki xırda göbələk papaqları oynaşır. Sür`ətlə ötən maşınların altından hər yana bir qanad qalxır, elə bil bu miniklər ildırım kimi şığıyan dəniz katerləridir. Axşamın alatoranlığında yanan küçə lampalarının papağına çırpılan damcılar zərrələnir, hər işıq haləsini duman-çən kimi tutur. Həmişəcavanların hər budağı yoğun bir hörük təki yuyunur. Çinarların budaqlarda xallanmış hələ göy yarpaqları qopub yerə tökülür, bu sel-sularda uşaqların qayıq oyuncaqları kimi ləngərlənə-ləngərlənə üzür. İltifat dördmərtəbəli bir binanın balkonuna çıxıb, dəmir barmaqlıqlı məhəccərinə söykənib. Damcı qətrələri onun qollarına, tüklü biləklərinə şeh kimi qonub. Mənzilin açıq qapısından arğaz, üzünü tük basmış, görkəmindən fəhləyə oxşayan bir oğlan çıxıb onun yanına gəlir. O da məhəccərə dirsəklənir. – İltifat, başına dönüm, – deyir, – sabah bazardır, nolar, bu dəfə də mənim xətrimə qal, evə getmə, mən palçıq tutum, sən suva, axı payızdır, havalar çox və`də belə keçəcək, nə qədər tez qurtarsaq, o qədər də tez quruyar. Suvaq qurumasa, öyrətmək olmasın, aboy da vurmaq olmaz. Balalarım – kənddə, mən – burda, neçə ildir günüm qara olub bu yollarda. Deyirəm, bizim də ayağımız altımıza yığışsın, qazancımız bərəkət tapsın. Mən burda üyüdürəm, onlar orda, nə gözümüz doyur, nə qarnımız. İltifat onu mərhəmətlə süzür, məhəccərdən qopur, hökmlə dinir: – Tez palçıq tut. Bu gecə qurtaracam, Əkbər! Dostun-zadın yoxdur buralarda? – Var, niyə yoxdur, Allah qarğımayıb ki!.. 
– Di, onda onlardan bir-ikisini tap gətir. 
– Mən özüm öhd eləyə bilmərəm? 
– Çətin. Əkbər üzündə inamsız bir təbəssüm süzdürür: 
– Sən hələ yaxşı tanımırsan məni. Mən stroykada işləyirəm, hər usta mənimlə bazlaşa bilmir, mənim «davay-davay»ım qaçırır onları. Sonra eşidirəm ki, birinin beli ağrıyır, birinin sinəsi-başı tutulub, içini döyür içi yara qoyun təki... İltifat da ona mə`nası «baxarıq, görərik» olan bir nəzər fırladır: 
– Daha yaxşı!.. İltifat artırmabaşına qoyulmuş yekə təknəyə üç kisə qum, bir kisə də sement boşaldır, çəlləkdən vedrə-vedrə su tökür, qarışdırır dönə-dönə, palçıq həl xəngəl xəmiri kimi uzananda, beldən çətin qopanda kürüyüb xərəyə doldurur. Xərəyin qabaq qollarının arasına girir. Götürürlər. Ləngərindən bilir ki, çox yığıb, ağırdır, Əkbərin gücü çatmır, ona görə də «səkkiz yazır». Gülümsünə-gülümsünə onu arxasınca irəli dartır. Xərəyi otaqda yerə qoyurlar. İltifat ayaqaltının üstündəki təknəni palçıqla silələyib ora sıçrayır, Əkbərə tapşırır: – Sən vedrəynən daşı, qoyma tükənsin. İltifat şappşap döşəyir, sanki iş deyil, bu da bir oyundur, rəqs edir. Təknə dolur, boşalır. İltifat ayaqaltının üstünə qalxır, düşür. Kiçik malanı palçığa sancıb böyüyü götürür. Hamar-tumar çəkəndə bulanıq su biləkləri aşağı süzülür, gah dirsəklərindən şoralanır, gah qoltuqlarının altından canına süzülür. Əkbər palçığı qoşa vedrələrlə daşıyır, hər gedib gələn də görür ki, İltifat təknənin dibini sivirir. Tər onun da üzündə, sinəsində cığır açıb, bədəninə kip yapışmış zolaqlı dənizçi köynəyini sıxsan şarhaşar suyu tökülər. 
– Qardaş, sənin perekurun-zadın yoxdur? – deyir, elə tövşəyir ki, deyirsən canı ağzından bu saat çıxacaq. – Mən pəs, qardaş, əlimin dalı yerdə, qoy bir az nəfəsimizi dərək. Bircə hovur soluq ver mənə. İltifat gülür. Pencəyini çiyninə atır. Artırmabaşına keçir. Yenə də qumla sementi təknəyə tökür, çəlləkdən su əndərir, qatıb dönə-dönə qarışdırır. Əkbər də onun böyür-başında fırlana-fırlana siqaret çəkir. İltifat soruşur: 
– Baş layaq? Əkbər çiyinlərini çəkir. Aşağıda bir «QAZ-21» dayanır, siqnal verir. Onlar balkona çıxırlar. Göyün üzü bir tərəfdən ayazıyıb, ulduzlar görünür. Lakin həyətdəki, küçədəki işıqdan hələ də seyrək, iri damcılar ötür. Əkbər maşını nömrəsindən tanıyır: – Kababçı Maşallahdı. Maşallah onları görüb maşından düşür, yuxarı dırmaşır. Onların yanına çatan kimi əlini cibinə salıb bir qalaq iyirmibeşlik çıxarır, iyirmisini sayıb İltifata uzadır, – Bunu qoy cibinə. İltifat dartınır: 
– Niyə axı?.. Maşallah tə`kid edir: 
– Beh verirəm. Əlmuzdunu sonra danışarıq. Danışmaq nəyə lazım, camaat necə, mən də elə. Mənim işim, – pulları İltifatın cibinə zorla basır, – çox olacaq. Mənim mülküm kənddədir. Hamamım, kuxniyam... Köhnə suvaq nədənsə çat-çat olub, deyirlər, usta qumunu, sementini düz qatmayıb. Qazıyıb tökəcəksən, kəc suvağı vuracaqsan, üstündən də importnu aboy. Hələm ayrı işlərim də olacaq. 
– İltifatın bir qolundan tutub sıxır, onu sirkələyir: – Mən getdim. 
*** 
Sarı samovar eyvanda fışqırıq çalır, buğluğu buxar püskürür. Payız mehi çılpaqlaşmış tut ağacının eyvana əyilən alt budağındakı seyrək, sarı yarpaqlarından birini uçurub samovarın odluğuna salır. Samovardan çıxan bir burum tüstü eyvanın işıqla qaranlığın arasına çəkilmiş səda kimi uzanan qoluna sarı süzür, zülmət hopur. Mulxusa dəmkeşi samovarın başına taxır, dəm çaydanına su alıb onu dəmkeşə qoyur, çaydanın üstünə yaşıl yelənli, dörd qatlanmış çay dəsmalı atır. Gedib buxarıdakı qazanın qapağını qaldırır, başını geri çəkir ki, buğ üzünə vurmasın. Qaşıqla püfləyə-püfləyə soyudub xörəyin tamına baxır. Əvvəlcə qazanı, sonra da samovarı içəri aparır. İçəridə İltifat oturub. Davud İsayeviçin aldığı pencək-şalvar, köynək əynindədir. Dirsəklərini stolun üstünə qaldırıb, əllərini, qollarını süfrəyə yatırdıb. Qazanc gətirdiyinə görə, kişiliyini də təkcə bununla təsdiq edən bir kişiləşməyi var: oturuşunda özünü yekəltmək, ağalanmaq var. Baxışlarında onun heç bir işinə evdəkilərin qarışmağına, sirrini-gizlinini öyrənməyə çalışmalarına qol qoymayan erkəklik zəhmi-zabitəsi itilənib. Başının cod tükləri də elə bil gözlərinin üstünə qara, yanıq körpü kimi düşmüş qaşlarının keşiyindədir, onun tərpədiləcəyindən ehtiyat edirlər, əgər qurdalansa bu körpülərin altındakı quru qobular qan-qan deyən, ağacları kökündən qoparıb gurhagurla gətirən, qıraqları gəmirib uçuran, dağıdan, iri qayaları xırda qumlar kimi atıb-tutan, ora-bura çırpan harın haykırtılı sellərlə dolar. Mulxusa çarpayının altındakı sandığı bəri çəkir. Qapağını qaldırıb geri atır. Onun içindən üç balaca qutu çıxardıb gətirir, stolun üstünə düzür, sonra da al-yaşıl parçaları. Qutuları açır: birində aypara sırğalar, birində medalyon, birində də qızıl saat... Sonra da parçaların qatını açır. Ananın könül şadlığı üz-gözündə çiçəklənib, işığı-nuru çöhrəsinə yayılıb, həm də o, elə bir ürkəkliklə sevinir ki, elə bil bundan artıq şadlanmaq olmaz, üzünə gülməyə başlayan bu bəxti, bu iqbalı da xəlvət gəlişinin dilə-dişə düşdüyünə görə ondan üz döndərib gedər. – Gülnaza almışam. İltifat anasının üzünə baxmaq istəyir, baxa bilmir, gözlərinə həyadan, ismətdən bir ipək, yumşaq pərdə tutub boylanır, nazik əyri bığlarının hərəsi bir tərəfə qaçıb qələmlənir. Anası bir qolunu onun boynuna dolayır, o üz-bu üzündən öpür, başını köksünə sıxır, yırğalana-yırğalana sonsuz bir feyzdən məst olmuş kimi gözlərini yumub onu da yırğalayır, sanki beşik başındadır, körpəsini laylalarla yuxuya verir, ya da sağalmaz yarasına əvəzsiz bir məlhəm tapıb, illərlə ona əzab verən sızıltılar sübh dumanı kimi əriyib itməkdədir. – Niyə demirsən «mübarək olsun!», a qırışmal! İltifat başını anasının köksündən aralamadan onun ürəyinə pıçıldayırmış kimi astadan deyir: – Mübarək olsun!.. Ana quşa dönür: şeylərin boyunu oxşaya-oxşaya sandığa yığır, sandığı çarpayının altına itələyir. Oğluna qabaqca armudu stəkanda çay süzür. Sonra süfrəyə xörək, çörək qoyur. Eşiyə çıxıb daxılçadan bir üzüm, bir armud bəndamı düşürür, aşsüzəndə yuyur, yaxalayır, onların da hərəsini bir qaba yığıb süfrəyə gətirir. Özünə də xörək payı çəkib oturur. Əlini çörəyə uzadanda baxır ki, oğlunun gözləri dirənib, yol çəkənə oxşamır, çünki İltifatın qaşqabağı tökülüb, burnu körüklənib, bəbəklərinə də elə bil qanlı bir hirs pəlməsi gəlməsi gəlib, üzünün bir tərəfində də əsmə-oynama var, əlləri də hərdən tutaşır, boğuşur. Ananı heyrət alır: 
– A bala, niyə... İltifat qalxır: 
– Sən çörəyini ye, soyutma, mən bu saat gəlirəm, ana! Qapıdan güllə kimi çıxır. Mulxusanın hər əli bir qoltuğunun altına daş atılıb budaqdan qaçırılmış bir göyərçin kimi sığınır. O, ağır addımlarla eyvana çıxır, həyətə düşür, yerdə sürünən yarpaq-yarpaq, budaq-budaq kölgələrin altına girib çıxa-çıxa, onları başından, çiyinlərindən geri aşırıb ata-ata gəzişir. Dayanır. Ağ doqqaza yatmış arxalı qaranlığa boylanır. Vahimələnir, əti ürpəşir. Silkinir, elə bil ürəyinə ilan soyuqluğu ilə axan bu qara qorxunu üst-başından təsadüfi bir boğanaq toz-torpağı kimi çırpıb tökmək istəyir. Geri dönür. Artırmanın dabanında, həyətə axan işığın gur yerində ayaq saxlayır. İltifat qaranlıqdan işığa çıxır, gülə-gülə anasını qucaqlayır, onu qolları arasına alıb eyvana qaldırır, beləcə də içəri aparır, onu stulda uşaq kimi oturdur. Stolun o tərəfinə keçib özü də əyləşir. Bir də qalxır, armudu stəkanın dibində qalan çay xıltını açıq qapıdan eşiyə atır, samovardan su süzüb onu yaxalayır, yerinə keçir. Mulxusa ona bayaqdan bəri heyrətlə baxır, pıçıldayır: «Kefi nə tez kökəldi?.. Bəs niyə qara bulud olmuşdu?..» İltifat qoltuq cibindən bir şüşə araq çıxarır, onun ağ papağını qulaqlayıb götürür, stəkana süzür, stəkanı silələyir. Başına çəkir. Acgözlüklə yeməyə girişir: nimçəni üzünə qaldırıb xörəyin suyunu hortdadır, üzümün bir salxımını götürür, dənələmir, onu bütüncə ağzına sıxır, dodaqlarının bir küncündən salxımın qara tumlu, ağ saplaqlı cecəsi daşlanır, armudun birini ikicə dişləmlə yox eləyir. 
– Niyə yemirsən? Ana ləng cavab verir: 
– Qorxuram. İltifat toyuğun budunu dişlərinə çəkə-çəkə uşaq sözünə gülürmüş kimi irişir. 
– Nədən? – Bu araxdan. İltifat bud sümüyünü nimçəyə atıb o birini götürür, qaşlarının kölgəsində qalmış qarmaq burnunu tələdən-cələdən çıxa bilmədiyinə görə dimdiyini qeyzlə daş-kəsəyə çalan quzğun təki qaldırır: 
– Bu – canavardır, mən – qoyun?! Məni yeyəcək bu?! Ana köksünü ötürür: 
– Yeyir bala, yeyir. Görmədin Müdhəti necə yedi?! Bu kənddə ondan ağıllı-kamallı adam vardı?! Məclislərin başında oturardı. O, minnətə gedəndə qanlılar da barışardı. Raykomlar, ispalkomlar buralara gələndə Müdhət müəllimlə görüşməmiş qayıtmazdılar, kəndin, camaatın çox işini ona tapşırardılar. Böyük rayon yığıncaqlarının çoxunda da böyük danışığını onun boynuna qoyardılar. Elə ki, dadandı buna – gülünc günə qaldı: maaşı çatmadı on günlüyünə. Ondan on aldı, bundan beş, hamıya borclu oldu. Hər gün kefləndi. Gah bu çəpərdə yatdı, gah palçığa yıxılıb qaldı. Axırda arvad-uşağı da baxmadı üzünə, başını götürüb getdi, avtobuslarda dilənir. Öldü-qaldısı da bilinmədi. İltifat stəkanı yenə doldurur, içir, armudun birini götürüb içini döyə-döyə gəmirtləyir. Xumar tutmuş gözləri ilə anasına baxır, anasına ayıq ürək-dirəyi vermək istəyir, lakin açılan ağzı bir yana əyilir, gah bu gözü süzülür, gah da o. Kallaşmış xırıltılı səslə ikicə kəlmə sözü qırıqlaya-qırıqlaya deyir: 
– Qorx-xma mən-nnən... Qalxır, düz dura bilmir, irəli, geri axır. Stulu dabanı ilə yana itələyir, özünü çarpayının üstünə yıxır. Ananın gözlərində göllənən yaş gilələnir, yanaqları aşağı süzülür. Ana pıçıldayır: – Bu, mənim sözümə baxmayacaq... Gülnazı tez gətirim... Bunun ipini yığsa o yığacaq. 
– Asqıdan qara çarşabını alıb başına salmaq istəyir, lakin əli gəlmir. Güllü yaylığı götürür, buna da indiki halı elə bil rişxəndlə gülür, onu bir də asqıya taxır. Eyvana keçir, məhəccərə söykənir: – Bəlkə elə Gülnazın kürlüyünü eləyir... tez evlənmək istəyir?.. 
*** 
Hava qaralmağa başlayıb. Əlçim qar yağır. Xırda gözlərini yandırmış miniklərin, küçə lampalarının işığında kəpənək kimi uçuşur. Həmişəcavanlar itirdiyi sürünü axtarıb yorulmuş, çomağına dirənib fikrə getmiş çobanların şiş papaqlarına oxşayır. Səkilərdə qalmış piyada izləri öz şəklini elə itirib ki, elə bil buralardan naxırlar keçib. Uşaqların bə`ziləri «şaxta baba» düzəldir, bə`ziləri qartopu oynayır, bə`ziləri də ötüb-keçənə qartopu atıb gizlənirlər. İltifat iş paltarındadır. Başına kepka qoyub. Kepkasına, çiyinlərinə əl qalınlıqda qar yatıb. Asta-asta yeriyir, onun arxasınca paltolu-papaqlı, qoltuğu qara qovluqlu bir oğlan yeriyir. İltifata şüşələri tərli, içəridə ayaq üstə dayanıb yeyib-içənləri əyri-üyrü göstərən «Novbahar» qəlyanaltısının qabağında çatır. Bu, tikintinin iş icraçısıdır. – Salam! İltifat başını tərpədir. 
– İşin axırında niyə gözləməmisən məni? İltifat suçlu kimi baxır, dillənmir. İş icraçısı məzəkarlıqla dinir:
– Bu zapravışnı punkta yanacaq götürməyə gəlmisən? İltifatın böyüyən gözlərində sivrilmiş xəncər tiyəsi təki bir kin ağarır. Onun əlini açmağı ilə iş icraçısının kəlləmayallaq aşması bir olur. İş icraçısı qalxır, çırpınır, özündən xeyli aralı düşmüş qara qovluğu götürür, bir əlini öz üzünə döyür: – Bu ölsün düz elədin. Haqlısan, qardaş. Bunun meyitini görəsən ki, bu qapaza görə demirəm, vapşe, indi də olmasa, sabah çatdıracaqdım: neçə aydır brak iş görürsən. Dövlətin neçə minlik materialı korlanıb. Bizə hər şeyi ölçü-biçi ilə, haqq-hesabla buraxırlar. Sementin, aboyun, kafelin o qədərini necə spisat eləyəsən?! O boyda tikinti trestinə təkcə sənin korladığın miqdarda skidka vermirlər, mən bu balaca uçaskadan o boyda ziyanın altından necə çıxım? Ayıq vaxtın olmur ki, bir ağıllı-başlı söhbət eləyək. İltifatın gözləri yerə dikilir. Bir ayağının ucu ilə səkinin «naxır keçmiş» qarnını kürüyür. İş icraçısı: 
– Mən istəmirəm trudovoya pis söz düşə, – deyir, – sabah ərizə ver, qoy səni öz xahişinlə işdən azad edək. Mənim sənə bundan başqa ayrı yaxşılığım dəyməz. 
– Getməyə başlayır. Beş-altı addım uzaqlaşıb dayanır: 
– Ağlın başına qayıtsa, gələrsən, yenə götürərik səni işə. – Qımışır: – Mən kin saxlayan oğlan deyiləm. İltifat indi də qarı o biri ayağı ilə kürüyür, elə bil nəsə itirib, onu axtarır.
*** 
Pərdələrdə oynayan, gəzən, gah da silinən kölgələrdən tanınır ki, biri Davud İsayeviçdir, biri də Mariya. Onların nələri isə götürüb qoyduqları, qabqardıqları, yır-yığış elədikləri hiss olunur. Tələsirlər, bircə dəqiqə də dayanmırlar. Mariya hər əyilib qalxandan sonra başının hərəkəti ilə gur, ipək saçlarını dala atır. Uşaq səsi gələndə Mariyanın kölgəsi görünmür, Davud İsayeviçinki dimdikcə quruyub təkcə qalır. Onun da bir əli ağzına uzanır, dodaqlarının arasına bir siqaret qoyur, sonra əlləri kündələnib üzünə qalxır. Davud İsayeviç nəfəsliyi açır, aynanın qabağında durub tüstünü eşiyə üfürür. İltifat təşviş içindədir. Baxıb görür ki, burdan bir yük maşınının izi keçib, evin kəlləsindən qabağına burulub: Yoxsa köçürlər? İzin biri ilə bu tərəfə hərlənir. Həyətdə, lap Davud İsayeviçgilin bloklarının qabağında üstü örtülü bir yük maşını dayanıb. Şofer motorluğun qapağını qaldırıb, lampanı yandırıb, orda qurdalanır. Davud İsayeviç paltosunu çiyninə salıb eşiyə çıxır, İltifatı görür. Tez-tez sümürdüyü siqaretini barmağının çırtması ilə uzağa atır. Siqaretdən qopan köz arxasınka nazik tüstü lentini çəkib uzadaraq havada qövs cızır. O, damağını bir siqaret də alıb yandırır. – Niyə orda durmusan? 
– Davud İsayeviç özü ona sarı yeriyir. Durur. İltifatın boğazlığı yarıyacan çölə qatlanmış rezin çəkmələrinə baxır. Bir tayanın üstü elə bil bıçaqla çapılıb, o biri tayı isə boğazlıqla ayaqlığının bitişən yerindən qopub. Əynindəki iş paltarının sökülməmiş salamat tikişi qalmayıb. Boz kepkanın günlüyü altdan, sağ tərəfdən kirlidir, barmaq çirki parçanın canına hopub. İltifatın gözlərinin altı torbalanıb, dodaqları gömgöy göyərib. Almacığının birində şişkinlik var. Burun pərləri yuvadan çıxmaq istəyən sarıdimdiklərin lələksiz qanadları kimi çırpınır. Çiyinləri sallanıb, kürəkləri dala çıxıb. Davud İsayeviç ürəyində: «Acdır, – deyir. 
– Buna pul verimmi? Araq alıb içəcək. Bu saat dünyada ona araqdan savayı heç nə lazım deyil». Davud İsayeviç xəlvət sözü olan adam təki ona yanakı baxıb irəliləyir. İltifat da belə başa düşür ki, müəllimin onun təkcə özü eşidəcəyi deyilməlisi var. Qarı yara-yara bürümüş xiyabanları çəpinə keçib darvaza dirəklərinə oxşar dəmir dayaqların qabağında dayanırlar. Dayaqların birinin başındakı lövhəyə «start», digərindəkinə «finiş» yazılıb. «Finiş» qırmızıdır, «start» qara. Davud İsayeviç gözləri ilə ona «finiş»i göstərir: – Bura tez çatan idmançı yarışın qalibi sayılır, mükafatlandırılır. Davud İsayeviç susur, diqqət yetirir ki, görsün İltifat onun nə demək istədiyini başa düşübmü? Yox, qətiyyən! Elə bil onun səsini, sözlərini heç eşitməyib də! Davud İsayeviç bir əlini onun qoluna çatdırır, onu sirkələyir: – Bildin nə dedim? – Eşitdim. – Sözümün canı çatdımı sənə? İltifat dirilməyi ilə can verib ölməyi bir olan ehtiyatlı rişxəndlə gülümsəyir. Davud İsayeviç barmaqları arasında çoxdan sönmüş siqaretini sümürür, atır, birini də alışdırır. Tüstünü sinəsinə acgözlüklə çəkir. Onun qolundan yenə yapışır, onu bu dəfə bütün gücü ilə yırğalayır: – Ölüm də ömrün finişidir. O finişə tələsməzlər. *** İltifatgilin evinin üstünə yatmış qalın qar ordan-burdan talanıb. Şiferlərin hər novundan bir sırsıra asılıb. Eyvandakı lampanın işığı onları büllur asmalıqlar təki parıldadır. Tut ağacının şah budaqları da sırsıralarla yüklənib, budaqların çoxu başını özündən aşağıdakının belinə qoyub. Artırmanın dabanından həm doqqaza sarı, həm də tövləyə doğru cığır açılıb. Cığırların qıraqlarını toyuq izləri naxışlayıb. Otağın birindən işıq gəlir, o biri qaranlıqdır. İltifat doqqaz cığırı ilə gəlib qaranlıq otağın qapısını itələyir. Qapı bağlıdır: görəsən, hara gedib? Bəlkə yatır? Yox, bu vədə yatmaz, hələ axşamnandır. Bəlkə bu yandadır? O biri qapının ağzında dayanıb içərini dinşəyir. Səs-səmir yoxdur. İçəri girir. Mulxusa çarpayıdadır. Başını çalıb. Yorğanı kürəyinə çəkib. Bir qolunun üstə dirsəklənib. Torpaq döşəməyə sərilmiş göllü kilimin qapı tərəfindəki çustun biri ağzı üstə düşüb. Buxarı səmtdəki peçin qabağına qoyulmuş vannada beş-altı qamqlaq qalıb, peçdə işartı yoxdur. Tavandan asılan lampanın işığı titrəyir, elə bil üşüyür. Qılçalarının duruşundvn laxlaqlığı bilinən stolun süfrəsində çörək qır-qırıntıları, nəlbəkidə dənəvər tor səpələntiləri, stəkanın dibində də solğun çay xıltı qalıb. Ana oğluna baxır, oğlun isə gözləri otağın içində dolanır, elə bil hər şeydən soruşur: – Hanı o? Mulxusa bir əlini ağzına tutub öskürür: 
– O gecə getdiyidi, – deyir, – qayıtmayıb. Nəyə qayıtsın?! Axı ötən dəfə Gülnaz çörək-xörək gətirib qoyub. İltifatın baxışı onu ayaq üstə saxlayıb: bunda həm sərt bir tələb var, kişi ağalığının xoruzlanmağı görünür, həm də boynuburuq, yetim bir təmənna. Bu təmənna da yalvarmaq istəyir, lakin ərlik-erkəklik qüruru onu əridib təkcə bu anda, bu məqamda lazım olduğuna görə ömür-gün yoldaşlığının gülünc nəvazişinə çevirir. İltifat bir əlini boylu gəlinin qarnına sürtür: – Bunun sağlığına vuracam. – Yoxdur. İltifatın üzü dönür, ağzı əyilir: – Birini içdim, biri qaldı. Gör hara qoymusan. Gülnaz and içir: 
– Vallah, yoxdur... İltifat qalxır: – Neynəmisən?.. Mənim başımda sən də bir dəlləklik eləyən olmusan? Harda gizlətmisən? Gülnaz onun vurağan öküzə döndüyünü görüb geri çəkilir: – Əlimdən düşdü, sındı. İltifat bağırır: – Özün qəsdən sındırmısan, it balası! Qancıq!.. Gülnaz əllərini üzünə yapışdırır. Hədəqədən çıxmış gözlərini ona dikir. Mulxusa o biri otaqdan çıxıb özünü bura salır, əlini İltifatın boynunun dalına uzadır, onu qeyzlə geri çəkir: – Ə, sənin üzündə heç su qalıb? Ə, sən haçan adam olacaqsan?! O nə zibildi ağzında qaynadırsan?! Qudurmuş itə dönən sənsən, a heyvan! Devin canı şüşədə olan kimi səninki də araxdadı?! O kimi adam elyəib ki, səni də eləsin?! İltifatı şillələməyə başlayır. Gülnaz hiss edir ki, oğlunu döyməyə ananın əli gəlmir, qolları çətin qaxır, hər şillədə ciyəri bir dəfə çəkilir, ağrılı. ona saraltma gətirmiş ürəyi bir dəfə sıxılır. Axı övladdır! Gülnaza görə kötəkləyir, ona görə yamanlayır ki, qoy aradakı ara yerində isti, qayınana arxalı, köməkli «qərib» bir söz küskünlüyü ilə ağır karvanını çox yüngülcə çəkib getməsin. Lakin Gülnaz dayana bilmir, heyrətli gözlər yaşla dolur, hönkürüb çıxır. İltifat indi yatağa düşmüş anasından nəsə soruşmaq istəyir, amma xəbər ala bilmir. Mulxusa onun canında sarsılmış, təntik bir sorğunun çırpındığını duyub məhzunluqla dinir: – Əhməd kişi qoymayacaq qayıtsın. Sabah şəhərə aparasıdı 
– boynundakını xərc elətdirməyə. Məhkəməyə də ayrılıq ərizəsi yazıblar. Yaxşı eləyir... Ziyanlığın heç olmasa, yarısından!.. İltifatın əlləri düyünlənir, gözlərində bir qəzəb kişnəyir. Qıcırtdanmış dişləri xırçıldayır. Başının qabaran tükləri, üzünün tarıma çəkilib qayışlanan əzaları kepkasını oynadıb gözlərinin üstünə endirir. Adama elə gəlir ki, bu hiddət onu Gülnazgilin evinə aparacaq. Lakin qoşa gürzə oxşar yumruqlarını qaldırıb öz başına çırpmaq istəyir, çırpmır, havada əsdirib salır. Anasının qabağında mötərizəyə dönür. Titrəyir. Uçunan bir səslə deyir: – Mənə beşcə... manat ver, ana!.. Oğlunun dilənçi səsi, dilənçi yalvarışı ananı dəhşətə gətirir: o, dikəlib oturur, maşa qılçalarını aşağı sallayır, əllərini yanlara dayayır, elə bil qalxacaq, amma elə dayanır, hey baxır, sanki gözlərinin uzaqda aldığı adam qaraltısı yaxınlaşıb, beşcə addımlığında durub insan deyil, indiyəcən heç kimin görüb xəbər vermədiyi bir canlıdır. – Bircə bu dəfə... 
– İltifat əsim-əsim əsir, bir əhdini-andını söyləyir: 
– Dedim goru haqqı... Mulxusa çarpayının altındakı corablarını ayaqlarına çəkir, yastıqlı mütəkkənin altına qatlayıb qoyduğu yun şalını başına salır, bürünür, gedir. İltifat onun arxasınca eyvana çıxır, qayıdır, otağın aşağı başında var-gəl etməyə başlayır. Divara yekə bir meymun şəkli vurulub. Meymun bir əli ilə quyruğunun altını qaşıyır, bir əli iləsinəsini. Quyruq tərəfini beldən bəri, qabağa doğru əyib, elə bil güldüyünə orasını göstərib qah-qah çəkir. Mulxusanın qonşunu çağırdığı eşidilir: 
– Ay Kəlmət!.. Qonşu qapısının şaqqıltısı gəlir, sonra bir qadın səsi: – Xeyirdimi bu vədə, ay bacı? – Bir ağzını bəri tut. İltifat dayanır, Mulxusanın nə deyəcəyini, qonşunun cavabını eşitmək istəyir. Lakin onların nə danışdıqları onun qulaqlarına gəlib çatmır, yenə də o baş-bu başa gedib qayıtmağa başlayır, özü də tez-tez, elə bil ona az vaxtda çox dönümlü məsafə qət etməyi tapşırıblar, onun da taleyi, gələcəyi bundan asılıdır. Mulxusa ayağı çöldə sürüşür, o, arxası üstə yıxılır, qaloşunun bir tayı kələ-kötür qarlı cığırda xeyli şütüyür. İltifat bu səsə içəridə divara baxır, ona elə gəlir ki, həmin çaxnaşıq çınqıl axını divardakı meymun qaqqıltısıdır. Əlini atıb şəkli qoparır, onun qəhqəhi kimi xırda-xırda cırıqlayıb atır. Ana ovucunda gətirdiyi onluğu ona uzadır: – Bax ha!.. Dədənin goruna and içdin... İltifat pulu tez qapıb gedir. 
*** 
Kəndin itlərinə hürüşmə düşür. Biri özünü dap didib dağıdır: kiminsə üstünə hünərli-hünərli cumur, sonra zingildəmədiyindən bilinir ki, ona daş, ya salve atıblar, ona görə də quyruğunu qısıb gəzir. Hardasa balasını istəyən inək mələyir. Ağır yüklü bir maşın nərildəyir, gurultusu deyir ki, yer donub, çarxların dişi yeri yaxşı tutmur. Çığırtı qopur: – Ay Mulxusa xala! Bu çağırış müxtəlif səslərlə təkrar olunur. Bir həyətə, doqqaza nə qədər kişi-arvad, qız-gəlin, uşaq-muşaq yığışıb, bir ucdan da hey ora yorturlar. Çardağın bir dirəyini «həh-həh»lə kəsməyə başlayan İltifata yaxın gedə bilmirlər. Qızıl it hərdən ona cumuxur, İltifat baltanı hərləyən kimi o da ilim-ilim itir. Hündür kürsülü, aynabəndli evdən eşiyə çıxan yoxdur, aynanın arxasında hərdən papaqlı bir kişi başı kəlağayılı arvad üzü, ayaqlarının altına nəsə qoyub həyətə qorxa-qorxa boylanan uşaqlar görünür. Çardağın İltifat kəsən dirəyi xartıltı ilə qırılır, şüllə ot çardağının bir tərəfi yatır, tayanın bir yanının buzlaşmış qarı sürüşüb yerə tökülür, qırıqlanır. İltifat səntirləyə-səntirləyə artırmaya doğru gedir. Qarı süpürülüb silinmiş, dabanına ayaqsilən sərilmiş, üstü şifer çardaqlı-yağmurluqlu pilləkənin oyma naxışlı surahı dişlərinin başına hamısının başını özünə bağlayan əlliyi baltalayır, neçə yerdən çapır, sonra aynabəndin, şüşələrini baltanın gah ağzı, gah da küpü ilə ovxalayıb tökür. Artırmabaşına qalxır. Qapıya bir təpik vurur. Qapı qıfıllıdır, açılmır. Baltanın ağzını qurama qapı taylarının arasına çalır, qıfılı sındırıb içəri girir. Bu məqamda Mulxusa özünü ora yetirir. Qışqırır: – A yurdda qalmamış, neynirsən? İltifat dayanmır, baltanı çiyninə qaldırıb ik yan-yanaşı, aynaları da, qapıları da pərdəli iki otağın birinə doğru şığıyır. Həmin qapıdan Gülnaz onunla üz-üzə çıxır, İltifata bir şillə çəkir. Həmin əlini ağzına sıxır, sanki barmaqlarını közə vurub, köz barmaqlarının başını pöşələyib. Gözlərində öz balasını çox döyüb söymüş, hirsi-hikkəsi yatandan sonra da ürəyinin başı göynəyən ana peşmançılığı var. İltifatın bəbəkləri isə təklikdə-tənhalıqda belə hər kişinin öz arvadına deyə bilmədiyi bir mərhəmət, rəhm umu-küsüsü ilə dolub. O gilələrdə yetim qalmış bir məhəbbət ağlayır, bir mələr sevgi inləyir, həm də gözlərdə ərkyana bir giley– məzəmmət qaynayır, Kişini bu gündə atmazlar, Gülnaz, a mənim ilk payım, son harayım!.. Balta İltifatın əlindən düşür. 
*** 
Sazaq əsir. Ağacların üryan budaqları çırpınır. Yollarda fırlanan boğanaqlar tozu-torpağı öz hortumuna çəkib göyə sovurur. Örüşdən qayıdan inəklərin, danaların tükləri biz-biz olub, hamısı büzüşüklüdür, sazağa yan verib burula-burula tövləyə tələsirlər. İltifatgilin də inəyi canını qızdırmağa can atır, doqqazdan tövləyə yortur, başını qanadının altına qoyub tar vaxtını gözləyən toyuqları hürküdür, tövlənin qapısını buynuzu ilə vurub açır, özünü içəri təpir. Gülnaz inəyin dırnaqlarının səsini, yortumunu eşidib eşiyə çıxır. Belinə bir şal dolayıb. Başına da birini salıb. Bunun uclarını qoltuqlarının altından keçirib, kürəyində düyünləyib. Uzun, qalın, göl-göl güllü xalatının ətəkləri palıdı yun corablı baldırlarını da tutub. Çardağın dirəyinə söykədilmiş üçbarmaq yavanı götürür, nərdivanın ikicə daban ayaqlığına qalxıb yerə ot atır, otu tövləyə aparır, çox yarısını inəyin, azını da dananın qabağına qoyur. Bu dana da anası kimi aladır. Çardağın altında dür-düyünlü, üstündə odun doğramaqdan ortası sərnic boranlılar kimi yeyilib nazilmiş boğmalanmış kötük var, kötük qıncıq-qıncıq olub. Gülnaz onun başına sancılmış ağsaplı baltanı əlinə alır, bağa boylanır, – ağaclarda quru, alahöyüş budaqdar da, çır-çırpı da qalmayıb, bəs neynəsin? Kötüyün baş tərəflərindən baş-altı qamqalaq qoparır, baltanın ağzından hərəsi bir yana hoppanışan bu qamqalaqları yığıb evə aparır, evdən odun vannasını gətirir, tövlənin yağış-qar vurmayan qabaq, üstü yağmurluqlu divarına haçansa yapdığı, hələ də yaxşı qurumamış təzəkləri qoparır, vannaya qalaqlayır. Aparıb bunu dördünü peçin tüstüçəkənliyi tərəfdən yığır, qamqalaqları da qabağa qoyur. Bir qəzet parçası alışdırıb ora atır, peçin dəlmə-deşik qapağını örtür. Qamqalaqlar da pırr eləyib yanır, sönür. O, yenə də gəlib kötükdən qamqalaqlar qoparır. Təzəklərə bu dəfə də od düşmür. Neft lampasını gətirir, piltəliyini burub çıxarır, peçin orta qapağını qaldırıb ora xeyli neft tökür. Kibrit çəkib atan kimi peç gur-gur guruldayır. Lakin bu da çox davam eləmir. Tüstü geri təpir, qapağın dəlmə-deşiyi qamqalaqların külünü evin içinə üfürür. Üstünə iki yorğan salmış, başını da bürümüş, təkcə üzü görünən Mulxusa zıqqıldana-zıqqıldana zoqquldayır: 
– A bala, ondan kar aşmaz. Qızım... 
– Sözünün dalını gətirə bilmir, gözlərinin yaşı yastığa süzələnir. 
– Nahaq qayıtdın... Bu buzxanada canın əlindən gedər, balası... Sən mənim sözümə bax... Canım sağ olsaydı qoymazdım çəkəsən... Mən də sənə bir yük olmuşam... Bu muradım da gözümdə qaldı... Daha mən heç... Məni də yox hesab elə... Məndən ötrü gününü göy əsgiyə düymə, qızım... Əhməd qardaş düz fikirləşmişdi, sən onun dediyini nahaq eləmədin... Axı cavansan, sən yanınca haçanacan yetim gəzdirəcəksən?! Bu da sənin dilini bir yandan gödək eləyəcək təzə yurd-yuvanda... Gülnaz çölə nisbətən tez toranlaşmış otaqda göyümsov bir tüstüyə bürünüb. Bir əlini çənəsinə dayayıb, digər əlini isə belinə sarıdığı şalın dolağına keçirib. Heyrət, təəssüf yoxdur çöhrəsində, elə bil qayınanasının səsini, sözlərini eşitməyib, bir gəlin xəyalı onu öz qanadlarına alıb, burdan çox-çox uzaqlara aparıb, o uzaqların hər yerində də həyat-güzəran burda gördükləri kimidir, buranın eynidir, buna görə də fikirləşir ki, bu yurddan o yurda başqa niyyətlə köçməyin izafi əziyyətdən başqa heç bir mənası yoxdur. Mulxusa yastığın al tından əl dəsmalını çıxarır, gözlərinin yaşını silir, qırıq-qırıq deyir: – Əhməd qardaş nə vaxtacan ordan bura dalında odun şələsi daşısın, un-dən, yağ-yavanlıq daşısın?! Özü də gecənin qaranlığında ki, görən olmasın, bizim adımıza söz gələr, utanarıq. Bundansa köçək, yığışaq ora, qoy kişinin beli yağır olmasın. Qalxıb oturur. Gözlərini yumur, açır, otaq yenə də başına hərlənir. Söykənir, kirpiklərini bir də qovuşdurur, elə bil canını tapşırıb, meyitdir, köçüb bu dünyadan. Gülnaz tez şkafın başındakı balaca şüşədən stəkana dərman damızdırır, üstünə azacıq su tökür. Bir qolunu onun boynunun altından salır, qaldırır, stəkanı dodaqlarına yaxınlaşdırır: 
– İç, ana, iç... Mulxusa stəkanı bir əlinin dalı ilə geri itələyir, qansız dodaqlarını çəkişdirir, pıçıldayır: – Belə günü görməkdənsə ölmək yaxşıdır... Gülnazın iki gilə yaşı üzünə düşəndə kirpikləri səyirir, hər cərgə-çəpəri bir tərəfə aralanır. Mulxusa «səni də bədbəxt elədim, qızım» deyən baxışları onun gözlərinə dikilir. Bəbəklərində qayanayan yaş göllənir, didələrni örtür, kirpiklərinə çitənib səyriyir. Dərmanı içir. Bu dəmdə İltifat içəri girir. Qapının dalındakı ala qaranlıqda qaraltı kimi dayanır. Gülnaz işığı yandırır. İltifatın başı açıqdır. Alnı şişib, sıyrılıb, üzü tüklüdür, hər tükün dibinə nə qədər kir yığışıb. Zolaqlı köynəyinin boyunluğu qapqaradır, kəl boynuna oxşayır, yaxasında yediyi hər şeydən bir bulaşıq qalıb. Pencəyinin çiyinləri tozludur, əhənglidir, boyunluğu içəri qatlanıb. Ayaqqabısının bir tayının altı qopub, altlığı ilə burnunun arasına qır, palçıq dolub, digər tayının qaytanı yoxdur, üstü də cırılıb, şalvarının balaqları, dizləri, yançaqları traktorçuların mazutlu əlsiləninə dönüb. Gözlərinin hər birinin altından bir zəhər tuluğu sallanıb. Bəbəklərinin ağındakı qırmızı damarlar çayır kimi şaxələnib. Əhməd kişi bir şələ yarılı odunu kürəyindən tappıltı ilə eyvana salır. Çatını açır, ağbuynuzlulardan bir qolunun üstünə yığır, içəri gətirir, qapının dalına boşaltmaq istəyir, sonra irəli yeriyib vannaya qoyur. Mulxusa onu görəndə yorğanın qulağını üzünə çəkir, Əhməd kişinin nə Gülnazın, nə də İltifatın üzünə baxmayıb getdiyinə baxmır. Gülnaz peçə odun dolduranda yorğanı üstündən atıb birdən qalxır, şkafın başındakı oxlovu qapır, İltifatın üstünə yeriyir, onu budamağa başlayır: – Namusu itə atıblar, it də yeməyib, a biqeyrət oğul!.. Əhməd sənə ana saxlasın, arvad saxlasın, sən də arax dilənçiliyi elə?! İltifat gözlərini də qırpmır, əllərini də qabağa vermir, heç qımıldanmır da. Ancaq oxlov hər şappıldadıqca gözləri böyüyür, büzülür, anası isə onu ara verməyən yağı kimi döyür. Oxlovun hər enimində Gülnazın əlləri üzünü bir dəfə xışmalayır, gözləri qapanır, hər şaqqıltıya bir dəfə səksənir. İltifatın gözlərindən yaş sel kimi axanda özünü araya atır. – Ana, sən Allah!.. – deyir, ona sarmaşır, əllərini tutur, başını onun sinəsinə basıb hönkürür. 
*** 
Gülnaz bu otağın da peçini qalayıb. Su qızdırıb, İltifatı vannanın içinə qoyduğu balaca, alçaq kətildə oturdub. Onu çimizdirir. İltifatın kürəklərindən, sinəsindən çıxan lülə-lülə kirləri isə kürüyüb tökür. Sabunlayır, sürtür, vedrənin birini götürüb suyu başından əndərir. Qətfəni kürəyinə salır. Təmiz paltarları yığılmış stulu onun yaxınına çəkir. Arxasında dayanıb yönünü o yana çevirir. İltifatın əynindən çıxanlara baxır, elə bil zibillikdən tapıb geyinib. Ürəyində: «Öz pencək-şalvarı deyil, – deyir. – Bəs özününkülər hanı?» Onu məchul bir şübhə çalır. Gedib şifoneri açır. Asqının birini paltarsız görür. Alt gözdəki siyirtmənin birini çəkir, ordakı balaca qutuları bir-bir götürüb açır, baxır. Birində sırğaları, birində üzüyü, üçüncüsü boşdur. «Yəqin, aparıb satıb, arağa verib. Öz təzələrini də köhnəyə ona görə dəyişmiş olar...» Yatağa uzanıblar. Otağın lampası söndurülüb. Lakin eyvanın pəncərədən düşən kəsmə işıqları onların çarpayılarının yanındakı divardadır. İkisi də tavana baxır. Hərdən başlarını ağır-ağır döndərib bir-birinin üzünə boylanırlar, amma heç nə demirlər, bu da ona görədir ki, ürəkləri danışır, hər kəs öz ürəyinin səsini dinləyir, bəzi sorğularına cavab tapmaqda çətinlik çəkəndə baxışırlar, elə bil bu onun, o da bunun üzündə öz gümanına inamlı bir qənaət, öz şəkkinə şübhəsiz bir nəticə tapacaqdır. Gülnazın ürəyi: – Mən bunu bu halda qoyub hara gedim?.. Həkim «bədəni diksindirmə, tərgitmə müalicəsi götürmədi, əlac qalıb özünə, öz kişiliyinə...» Anası o gündə, ev-eşiyimiz suyu sovulmuş dəyirmana dönüb, özü çöllərdə... İşləyən pulu olan adam bu kökdəmi olar?! Bilmirmi araq onu, o da bizi necə gülünc günə qoyub?! Bir dəfə də xeyrini görmədiyi bu oğlunun vayına haçan oturacaq? Ondan əl çəkə biləcəkmi?.. İltifatın ürəyi: 
– Gülnazın yerinə kim olsa, bir dəqiqə də qalmaz bu evdə! İstəyir məni, çox istəyir, həm də mənə yazığı gəlir. Bəs mən? Mən kişi deyiləmmi, niyə belə aciz qalmışam bu zəhrimarın əlində?! Kişiliyin, iradən olsun, İltifat! Tüpür içkiyə, tüpür! İltifat Qurana yalandan and içdiyinə görə xofa düşmüş inamlı adamlar kimi titrəyir. Gülnaz başını qaldırıb onun bozarmış üzünə, uçunan boyun-boğazına, əsməcəli çənəsinə baxır, yorğanı çəkib böyür-başını bastalayır: 
– Səni yəqin, soyuq aldı... Ürəyinin səsi: – Canında can qalmayıb, quru qaraltıdır. Qoymaram daha getsin burdan. Özüm işlərəm, bunu saxlaram, elə bilərəm davadan qayıdıb, qollarını. qıçlarını orda qoyub, kötükdür. Pisə pis baxdıqca pisləşər. Gülnaz yorğanı geri qatlayır, onun köynəyini boynun kökünə yığır, hey ovur. Üstünü örtüb yerə düşür, çaydanı peçin üstünə qoyur, peçə bir-iki odun atır. Stulun birini çarpayının qabağına çəkir, ora süfrə salır, qənddanı, nəlbəkili stəkanı da gətirib ora qoyur. Çay qızanacan o biri otağa keçir. Ayaqlarının ucunda Mulxusanın çarpayısınav yaxınlaşır. Dayanır. qorxur, elə bilir, o keçinib, sonra baxır ki, onun sinəsi ağır-ağır qalxıb enir, alnı tərləyib, yanaqları da sanki şehlənib. Burdakı peç də hələ sönməyib, otaq istidir. Qayıdır. Çay süzür. Stəkana bir çimdik bibər üyünmüşü atır: – İç, – deyir ona, – səni yumşaldacaq. İltifat qaynar çayı araq kimi atır. Dili, ağzı, boğazı pöşələndiyi üçün çeçiyir, içini döyə-döyə öskürür, onu qan-tər basır. Gülnaz bir dəsmal gətirib onun sinəsinin, boyun-boğazının selini silir, başını çalıb-çalmalayır. Yanına girir. Başını bir qolunun üstünə alır. Uzaqdan maşın nəriltisi gəlir. Kəsilir. Siqnal verir. Gülnaz qalxır. Tələsə-tələsə qalın geyinir. İltifat soruşur: – Sabahdır? Gülnaz əlini qapıya uzadıb çıxmaq istəyəndə onun səsinə dayanır: – Yox hələ. – İnəyi sağmağa? Gülnazın çöhrəsində kölgəli bir təəssüf gəzir, gözlərində üzgün bir heyfsilənmə karvanı sürünür. 
– Çoxdan təpib inəyimiz. – Bə hara? Gülnaz duruxur. Suçlu adam kimi az qalır yalan danışsın, «gəlirəm» deyib getsin. Lakin İltifatın əzəli duru baxışlarının o dillənmədikcə bulandığını görüb düzünü deyir: – İsgəndər dayı maşın verib, dədəmgil bizdən ötrü oduna gedirlər, istəyirəm mən də əl-ayaq verəm, təndirlik çır-çırpı yığam. Axı, qapıda bir çöpümüz də qalmayıb. İltifat bir qolu ilə yorğanı dala atıb durur: – Mən gedərəm, sən bəri qayıt. – Gedim onda maşını saxladım. Sən geyinənəcən gözləməzlər. 
*** 
Ortasını sellər-sular ovub nova döndərmiş ağ çilik daşları görünən qara yolun quzulaşmış torpağını bir maşın naxışlayıb. Yolun qıraqlarında qaratikan, qaramux, yemişan kolları. Sanki darıxıblar, qəribsəyiblər. Üfüqdəki bütün bir dünyanı bürüyəsi sübh yanğının ilk bəxtiyarlıq müjdəsini görüb sevinirlər, o qırmızılıq üstlərinə çiləndikcə şadlanırlar, elə bir-birinə gözaydınlığı vermək istəyirlər. Əvvəl bozluqda qapqara yanğın yerinə oxşayan meşədə də bu qırmızılığa boyandıqca başları sünbüllənən qulançarlığa oxşayır. Meşəli döşün-sinənin arxasındakı dağ da elə bir başına ağ kürk, örtük yatırmış, bahardan soraq gətirən bu sabaha göz açıb, kürkünü, örpəyini ordan-burdan tilsimləyib dünyaya sevinclə baxır, dərə qolarını açıb bu bəxtiyarlığı bağrına basmaq istəyir. Maşın sərt bir yoxuşun dabanında dayanıb. Yoxuşun axırı görünmür, çünki ağaclar yolun üstündə əl-ələ, qol-qola verib tağbənd yaradıblar. Maşın saxlanan yeri xeyli gendir, enlidir, qıraqlarında bitili kötüklər var, görünür bu ağacları haçansa kəsib-doğrayıb əmin-arxayın hərlənməyə meydan açıblar. Sağ yanda örkəndolanmaz, çox qollu-budaqlı bir fıstıq yıxılıb, çilik-çilik, xış-xış olub. Əhməd kişi arıq, caydaq şoferə tapşırıb İltifata eşitdirir. – Çox irisindən, yoğunundan yox, xırdalarından, naziklərindən, yarmalanmışlarından yığaq. Beləsi həm asan doğranır, həm də tez quruyur. Daşımağa başlayırlar. İltifat birini aparıb qayıdanacan onlar üç-dörd dəfə gedib gəlirlər. İltifat nəfəsini çiyinlərindən alır. Tövşək içini alır, öskürək onu əldən salır, öyüdükcə gözləri kəlləsinə çıxır. Yarmaçanın birinin üstündə oturur, siqaret yandırır. Sinəsinə çəkdiyi tüstü onu təzədən böyüdür. Şax-şəvəli dəstələyib komlayan, hər komun altından bir çubuqburğu salıb boğan, burub-eşib bəndləyən, onları çiyninə alıb bir-bir maşının yanına gətirən Gülnaz zənbildəki termosdan qapağına çay süzüb aparır: – İç ürəyini bassın. Lakin Gülnazın əli havadan asılı qalır, çünki İltifatın gözlərinə iynə də uzatsan xəbəri olmaz, onun fikri qırıqlanmış fıstıqdadır. Göylərdənmi, yerlərdənmi, haradansa zəhmli-çəkimli səs gəlir. Bu səsdə ağlarlıq var, ötməz bir qubarı faş eləyir, sızıltısı azalmaz, kəsilməz bir sinə dağından keçib sınmış saz kimi inildəyir. 
– Bu fıstıqdan yekə ağac yox idi bu meşədə. Yan-yörəsindəki pöhrələri tufandan, çovğundan o qoruyurdu, o saxlayırdı. Külək onu yıxdı, o da gör nə qədər ağacı məhv elədi. Gülnaz belinə doladığı şalı açıb onun kürəyinə salır. İltifat onun üzünə altdan-yuxarı ömürlü bir məzlumluqla baxır.
*** 
Qələmdana sancılmış qələmlərə oxşar ağ cərgə dirəklərin ara-bərəsində kişilər, oğlanlar, qızlar, gəlinlər görünür. Onların üstünə gah qırmızı gün düşür, gah da qara kölgələr. Xörəklərdə soğanlar təki gömgöy otlar yeri yenicə çərtib çıxır, sanki soraqçıdırlar, dünyaya, həyata oğrunluqla boylanırlar ki, baharın gəlib gəlmədiyini xəbər aparsınlar. Tənəklərin qərtməyi qoparılmış yara yerlərinə oxşar çökək puçur yuvaları ordan-burdan düymələnib, köynəklənib. İndi hamı tənəkləri budayır. İltifatla Gülnazın da əlində qayçı var. İltifat xərəyin tirəsində oturub, siqaret çəkir. Gülnaz isə qayçını şaqqaşaq işlədir, zay barmaqları, bicləri doğrayıb tökür. Uzaqda kimsə oxuyur, onun səsi yaxındakı dərədən axan gur çayın nəriltisinə qarışıb bəzən eşidilməz olur, bəzən də bu səs dağ bulaqlarında təmizlənmiş bir saflıq-duruluqla axıb gəlir. Bir ağac əkmişdim, boyuna baxdım, İlk nübar çiçəkli toyuna baxdım, Bar-bəhər verməmiş vayına baxdım, Sevincim az oldu, kədərim karvan, Bala, hardasan? 
*** 
Bir şənlik gəlmişdi qüssə saraltdı, Bir gündüz tapmışdım gecə qaraltdı, Gen dünya almışdım nisgil daraltdı, Yüz dərdə, möhnətə dözərmi bir can, Bala, hardasan? 
*** 
Ağılla gül əksən daşda da bitər, Hər üzün qarası kamalda itər, Bir eyib – bir ağır ölümdən betər, Görənə, bilənə cənnətdir cahan, Bala, hardasan? İltifat qalxır, ağına-bozuna baxmadan tənəkləri qeyzlə budamağa başlayır. Gülnaz baxır ki, ən yaxşı barmaqları kəsir, dindirilməsi halda deyil, ilana dönüb, başını qaldırsa kimi, nəyi görsə çalacaqdır. Tez süfrə açır. Zənbilə yığıb gətirdiyi soyutma yumurtaları, bir baş soğanı, ortadan iki kəsilmiş bir təndir çörəyini, iki yonma stəkanı, termosu, içi dolu bir ağ şüşəni süfrənin üstünə düzür. Ağ şüşənin çölünə yapışdırılmış yaşıl yazılı kağız da üstündədir. Kim bu kağıza baxsa ordakı «Vodka» sözünü oxumağa çalışmaz, gözü sataşan kimi bilər ki, içindəki araqdır. Gülnaz onu çağırır: 
– Gəl çörək yeyək. İltifat ona məhəl qoymur, sanki ilan yuvasına düşüb, bel-buxununa baldırlarına toxunanlar da qeyzləndirdiyi gürzələrdir, onlardan canını tez qurtarmaqdan ötrü hamısını bir-bir yerə sərməlidir. Gülnaz bir də çağırır:
– Axı, mən acmışam. İltifatın üstünü alan bir koma qara bulud kölgəsini bir tala qırmızı gün işığı silir. Dayanır, Gülnaza sarı baxır. Gözünə araq şüşəsi sataşan kimi bəbəklərinə sanki duman-çən çökür, elə bil Gülnaz seyrək duman-çən karvanları sürünən dağ döşündədir. Onun baxışlarına düşmən yaxşılığının xəcaləti çökür. Gəlib Gülnazla üz-üzə otura bilmir, ona yanını çevirir. Çiyninin üstündən araq şüşəsinə ötəri boylanır, dodağını gəmirir, Gülnazın soyduğu yumurtanın birini götürüb ağzına bütüncə atır. Lakin içindən öz boyu, öz gücü boyda qalxıb beyninin içini iynələyən, ürəyinin şah damarını tutub sıxan, sıxcalayan, gənəzəyinə, damaqlarına acı qara su gətirən bir qüvvə, bir qüdrət onun bütün varlığına vəlvələ salıb çaxnaşdırır, onun sümüklərinə buzxana soyuqluğu yayır. Üzünün əzaları torbaya salınmış xırda balıqlar kimi çırpınır. Dişlərinin xırçıltısı Gülnazın da ətini ürpəşdirir. Lakin o öz qurğusunun tamaşasına qabaqcadan hazırlaşmış bir toxtaqlıqla dayanır. İltifat şüşəni qapıb uzağa tolazlayır. Şüşə havada süzüb xeyli aralıda, boz payız otluğunda daşa dəyib çiliklənir. Əlini termosa uzadır. Yonma stəkanın birinə, öz tərəfindəkinə çay süzür, soyumağa qoymur, qaynar-qaynar içir. Bir də doldurur. Bu dəfə stəkanı iki ovuc arasına alır, elə bil adamı qılınc təki kəsən soyuqdan gəlib, donmuş canını, keyimiş əllərini qızdırmaq istəyir. Bağın başı ilə toz qaldıra-qaldıra bir yanı üstə əyilmiş «Villis» onların tuşunda dayananda, maşından düşən geriyə daranmış ağ saçları seyrəlmiş, ovurdları çökəlmiş, qalın qara qaşları iri gözlərinin üstündə qartal qanadları təki gərilmiş, göy sətin köynəkli, enli kəmərli, yaşıl brezentdən boğazlı çəkməsi olan İsgəndər kişi onlara sarı gəlir. Gülnazla İltifat ayağa qalxırlar – Salam! – İsgəndər kiş i üzünü İltifata tutur: – Xoş gördük. İltifat onun üzünə pis iş görmüş adam çəkingənliyi ilə baxır: 
– Sağ ol. İsgəndər kişinin gözləri gah ona, gah da Gülnaza dikilir, axırda Gülnazın üzündə qərar tutur: _ Mulxusa indi necədir? Gülnaz: 
– Babatdır, – deyir, tərəddüdlə dilinə gətirdiyi bu bir kəlmənin İltifata necə təsir edəcəyini yoxlayırmış kimi onu ötəri süzür: – İndi bir az yaxşıdır. İsgəndər kişi yerə baxa-baxa fikirləşir, gec dinir: – Hə... təki yaxşı olsun. Amma, mənim balam, İltifatı sizin əlinizdən yenə alacam: təzə məktəb binası, baxçalıq tikdirmişik. Orda bilirsən bunluq nə qədər iş var?! Gülnaz üsyan bayrağı kimi gərilir, sanki təzəcə tapdığı xoşbəxtliyi əlindən alınacaqdı: – Yox, İsgəndər baba, mən – harda, o da – orda!.. İsgəndər kişi bu inam, əqidə dönməzliyinə həsəd aparırmış kimi razılıqla gülümsünür. – Təki xeyirli olsun. Mən təslim qızım!.. – Əllərinin ikisini də göyə qaldırır. 
*** 
Ağaclar çiçək-çiçəkdir. Mehin qanadları budaqları yırğaladıqca ləçəklər uçuşur. Hava hələ qaralmayıb. Qürubun çinarların başına atdığı sarı yaylıqlar da silinməkdədir. Kürd toyuqlar qırtlaya-qırtlaya cücələrini arxasınca çəkib hinə aparırlar. Sərçələr divardakı ovruqların ağzına qonub cırtlaşırlar. Kolların dibində sığırçınlar uçuna-uçuna son nəğmələrini oxuyurlar. Ala qarğalar qarıldaşa-qarıldaşa alçaqdan uçuşurlar. Ala inək ot çardağının altında öz ala danasını yalayır. Mə`rəkəni eyvana salıblar. Mulxusa da, İltifat da hərəsi stolun bir tərəfində oturub. Gülnaz buxarıda bişirdiyi xörəkdən hər kəsə ayrıca pay gətirir. Süfrədə çörək, cincilim kətəsi də var. O da əyləşəndən sonra süfrəyə qabaqca ananın əli uzanır. Gülnaz İltifata «niyə yemirsən?» deyən nəzərlərlə baxır. O isə barmaqları arasında tüstülənən siqareti göstərir, həm də gözləri ilə işarə verir ki, «yeyəcəyəm, sən xörəyin soyutma...» Bayaq arabir gələn toy səsi birdən-birə güclənir, lap elə yaxınlaşır ki, elə bil mağarı bircə anda hop götürüb onların bağının ortasından da xeyli bəri gətiriblər. Xanəndə mikrofonu ağzına tutub, pəsdən-pəsdən bir qəzəl oxuyur: Nə qəm, əldə dolu peymanə olandan sonra, Sənə ümmid evi meyxanə olandan sonra. 
*** 
Cami-iey zövqünə vaqif deyil irad eyləyən, Əhli-hal anlar onu məstanə olandan sonra. 
*** 
Ey yıxan könlüm evin, indi gəl abad eylə, Kim baxır bir evə viranə olandan sonra. Mulxusa oğlunun tutulduğunu görür: – Səni də çağırdılar. İltifat inamsızlıqla baxır. Mulxusa onu inandırmağa çalışır: – Siz işdə olanda çağırdılar. Ac getməzlər toya. Çörəyini ye get. – İştahım yoxdu. – Onda dur get. İltifat qalxmır. Mulxusa Gülnaza deyir: – A qızım, yastığımın altındadır. Gülnaz gedib gətirir, hamısını qayınanasının qabağına qoyur. Mulxusa da İltifatın qarşısına sürüşdürür: – Camaat on manat salır, sən neçə istəyirsən, götür. İltifat pula sarı xain öküz kimi baxıb gözünü çəkir, əl vurmur. Mulxusa ona bir onluq, bir beşlik verir. 
*** 
Böyük elektrik lampası həyəti gündüzə döndərib. Bir yanda uzun taxça qurulub. Taxçanın bir başında samovarlar, stəkan-nəlbəkilər, bir başında iç-içə yığılmış irili-xırdalı boş, təmiz nimçələr. Nimçələr səmtdə, yerdə kösövləri çəkilmiş, altının qızmar kösövləri göz qamaşdıran ocaqlar, bişmiş kərpiclərin üstündə qazanlar. Aşpaz buludlara hey xörək çəkir, daşıqçılar dolunu aparıb boşunu gətirirlər. Ağzı bəri mağarla buranın arası əriş-arğaca dönüb. Uşaqlar da gedib-gələnə aman-imkan vermirlər, məclisə, xanəndəyə baxmaq üçün ora-bura təpilir, iş görənlərin əl-ayağına dolaşırlar. Onlara hər nə qədər acıqlansalar da bir az suçuxub gerilədikdən sonra yenə də üzlülük eləyirlər. İltifat orda görünəndə toy adamları onun üzünə soyuq baxırlar, hətta qaş-qabağını tökənlər də olur. Heç kim ona «keç içəri» demir. Axırda biri onun qoluna girir: – İçəridə yer yoxdur, – deyir. – Sən özümüzünküsən. – İltifatın başının üstündən onlara qaş-gözlə qandırır ki, «mağarın çölündə bir xudmani...» Bu yandan da bunun üzünə üyüdüb tökür: 
– Oturaq özümüzçün, vuraq bala-bala... Xörəyin də əlasından. Bizim nə işimiz var orda ki, onun-bunun da əlinə baxaq yetim kimi. İltifat dirənib dayanır, onun əlini qolundan geri itələyib çıxarır: – Nəmər dəftərini bura gətir... Oturmayacam, qayıdıram, özgə işim var. O oğlan üz-gözünə, səsinə saxta bir təəssüf gətirir, bir əlini öz döşünə basır: 
– Bu mən ölüm, ürəyimcə olmadı bu! Əşşi, yeyib-içməmişdən nə nəmər! 
– Onu tapşırıq verdiklərinin əlüstü düzəltdikləri «xudmaniyə» sarı dartır. İltifat mağarın bu yan işıqdüşməzinə qoyulmuş əyriqılça, laxlaq, ya atılmalı, ya baltanın altına qoyulub xışmalanmalı, bir dirsəyin ağırlığını götürməyib cır-cırıldayası əldəqayırma stola, onun üstünə sərilmiş qırışıqlı, büzüşüklü qəzetə, qəzetin üstündəki bir qab bozbaşa, bir şüşə arağa, qırıq-quruq yuxaya baxır. Xərçəng əlli-ayaqlı, dağların dalından qalxan kimi yaydığı soyuğu ilə adamı üşüdən dolu buluduna dönür. Onluğu onun döş cibinə elə basır ki, oğlanın bir çiyni aşağı yatır. İltifat cəld geri qayıdır. Oğlan onun qarasınca: «Heç yaxşı iş görmədin,» – deyib irişəndən sonra əllərini göyə açır, astadan deyinir: – Allah, bu da özünü adam hesab eləyib başını başlara qatmaq istəyir. Bunun forsuna bax!.. İltifat onun dediklərini eşidir, ayaq saxlayır, işığı düz xətlə kəsən ev divarının qaranlığına geri dönür, ikicə addım atıb dayanır, sonra dala burulub oradan sürətlə uzaqlaşır. 
*** 
«Qarışıq mallar mağazası» yazılmış lövhənin üstündəki balaca lampa papaqlıdır, onun bir papaqlıq işığının guru yalnız qapının ağzına düşüb, ətrafa yayılan solğun ziyanı da meydançanı dövrələmiş salxım söyüdlər, cavan çinarlar özlərindən qırağa buraxmayıblar. Meydançada baş-başa verib söhbət edənlər də, mağazadan qənd-çay alıb çıxanlar da var. İltifat meydançadan keçir, mağazaya girir, beşliyi piştaxtanın üstünə atır: – İki «Ağdam» ver! Bir dəri, bir sümük qoca satıcı xırda gözlərini döyür: – Ə, indi də buna keçdin? Arax dişini qamaşdırdı?! Buna ki başladın – getdin o fələyin xərcinə!.. 
– Beşliyi geri itələyir: – Məndə «Ağdam» yoxdur! – Araq ver. – Yoxdur! – Yoxdur? – İltifat az qalır bir əlini bu yandan o yana uzadıb dükançını yaxalasın, ağız-burnunu əzsin. – Yoxdur?.. Dükançı baxır ki, ondan qan-xəta iyi gəlir, başını bulayır. Ona bir şüşə araq uzadır. İltifat şüşənin boğazından yapışır. Hamıya elə gəlir ki, araq şüşəsini dükançının başına çaxacaqdır. Dükançı da belə güman edir və dükanın o başına çəkilib «ticarətin təşkili» ilə məşğul olur. 
*** 
İltifat işığı düz xətlə kəsən həmin ev divarının qaranlığındadır. ayaq üstə güclə durur. İrəli, geri axır, səntirləyir, hərdən əlini divara dayayır, çiynini söykəyir. Şüşənin dibində qalanı da başına çəkir. Şüşəni atmaq istəyir, lakin nə fikirləşirsə saxlayır, onun boğazından yapışıb büdrəyə-büdrəyə işığa çıxır. Xanəndə «Ay sona bülbüllər»i oxuyur. Yemək-içmək daşıyan yoxdur. Hamı doyub. Bəziləri nə xanəndəyə qulaq asır, nə də adam kimi yeyir, gözlərini zorla aça-aça başını üstündə güclə saxlayır, qədəhinə araq süzür, mahnıdan, musiqidən ləzzət alırmış kimi «ay can, ay can!» deyir, ona elə gəlir ki, bu «can-can»ı çox yerində deyib, bu məqamı hər əhli-kef tuta bilməzdi, ona görə də yekələnir: bir siqaret alışdırır, məclisin başında oturan, çoxu onu xatirinə özünü ədəbli aparan hörmətlilər təki aşağını, yuxarını duman-çən çöysümüş gah dəbərtdiyi, gah da az qala öz-özünə qalanan gözləri ilə süzür. Əl-ayaq «irilər» də, ordan-bura, burdan-ora samanlıq sərçəsi kimi qovulan uşaqlar da mağarın ağzına toplaşıblar, hər kəs qabağı yaxşı görmək istəyir, buna görə itələşirlər, irəli sivçinirlər, axı ortalığa çıxan bir kefqom «Sona bülbüllər»i kəsdirib, «Ləzgi həngi» başladıb, amma oynaya bilmir, iki dəfə hoppanıb düşəndə düz durmayan başı onu bir dəfə çəkib aparır, gah bu stol cərgəsinə, gah da, digərinə vurur. Şüşələrin bəzisi aşır, içindəki süfrəyə, əl çalanların, şabaş uzadanların üstünə dağılır, bəzisi də yerə düşür, yerdə portaport qaynayır. Heç kim – ayıq toy adamları da onun xətrinə dəymirlər, xumarlananlar isə – oynamağa başlasalar bundan da pis hala düşəsilər onun meymunluğuna düz aça bilmədikləri əyri ağızları ilə gülürlər. Toyun bu çilləsində İltifat mağarın ağzına sarı yeriyib ona «hörmət eləmək istəyən» o bayaqkı oğlanın qolundan tutur, onu mağarın qaranlığına çəkmək istəyir, lakin özünü ona söykəməsə, yəqin ki, yıxılardı. O oğlan – Kamran da bircə baxımla görür İltifat kərəni kürədən ayırmağa gəlib, onunla mizan-tərəzi qurmağın yeri, məqamı deyil, onu gərək birtəhər yola salasan gedə, nə «buyursa», gərək «baş üstə»dən savayı özgə cavab verməyəsən, beləsininki qılıqdır, ürəyi qılıq olanınkı «bağışla»dır, «üzr istəyirəm»dir, başlasan xama çəkməyə o da kotanı ilişdirəcək qopmaz kötüyə, «S-150»də qoşsan xeyri yoxdur, əksinə bir az da dərinə işləyəcək. Kamran da belə ustalıqların, iş içindən dil-dişlə çıxmağın ustasıdır. Bu, onun qaş-gözündən, sir-sifətindən də bilinir. Bir qolunu İltifatın çiynindən bu yana aşırır, onu özünə sıxır, xörək qazanlarının taxçasına sarı gətirə-gətirə: – Bay sənin ağrın alım, a qardaş. 
– Bir əlini öz üzünə şappıldadır: – Bax bunun meyidini görəsən, camahatı yola salandan sonra, lap gecənin nə vədəsi olur-olsun, gəlib səni oyadacaqdım. Əşi, bunnar nə qanır onun ləzzətini. – Ağzını onun qulağına tutur: 
– Elə bir özgə mərəyinə giriblər ki, samanlıqlarını doldursunlar. İltifat ayaqlarını yerə dirəyir, getmir, özü də dik, düz dura bilmədiyinə görə onu xeyli o yana itələyir, nəhayət, çətin qalxan başını birtəhər saxlayır, sözünü gözlərindən deyəcəkmiş kimi onun üzünə əməlli-başlı baxmağa çalışır, lakin gah gözünün biri qapanır, gah da digəri, sözləri ağzından tökə-tökə dinir: – Sən bizə gələ-siy-din? – Bəs necə, bəs necə?! Atalar deyib: çörəyi ver çörəkçiyə, birini də artıq. Bunnar yüz il bunnan sonra da bilməyəcəklər meyin qədrini. Gərək sevəsən onu bir can alan, qaşları kaman canan kimi. Dolu qədəhi guruldadasan, boşunu öpüb oxşayasan, qoyasan gözlərinin üstünə, – bir əlini qulağının dalına verib gözlərini yumur, muğamat üstə pəsdən oxuyur: – Sev səni sevəni xar ilə yeksan olsa da, sevmə səni sevməyəni Misirdə soltan olsa da. İltifat onun qolundan dartır: – Bura bax! Kamran: – Nədi, qurban olum? 
– Sən bizə gələ-siy-din? 
– Hə, hə, – əlini yenə də üzünə şappıldadır, – bunu o dünyada bir sürü yaşılbaşın içində görəsən ki, hə!.. – Nəyə? – Vurmağa! – Mən kiməm? Kamran onu qucaqlayır: – Qardaşım!.. İltifat bir əlini onun ağzına basır: – Mumla! Kamran onun xətrinə yenə dəymək istəmir: – Baş üstə! – Gülür: – İstəyirsən bir top ağ gətirim, ağzımı sarı. Amma bunun meyidini görəsən ki, xeyri yoxdur, adamın içi çölündən də görünür. İltifat onun bir qolunu qətiyyən buraxmır, özü də hiss edir ki, ondan əl götürsə yıxılacaq, ovcunu yenə də onun ağzına yamayır, çəkir. – Mən kiməm? Kamran uğunur: – Ə, özünü mənə tanıdacaqsan?! Mən qıraq kənddən-zaddan gəlməmişəm ha!.. İltifatın başı onun çənəsinin altına axır, sinəsinə dirənir, birtəhər geri çəkir, bir də soruşur: – Mən kiməm? Kamran yenə «Allahın avarasına bax ha!.. Bu da özünü adam hesab eləyir» deyən bir məna ilə gülür. İltifat onun yönünü işığa çevirir, baxmaq istəyir ki, görsün üzündən də oxuya biləcəkmi. Yanı üstə düşüb yappalanmış qıllı çoban papaqlarına dönən gözləri heybətli açılır, get-gedə böyüyür, sonra yavaş-yavaş yığılır, kinlə qıyılır, bu məqamda da şüşəli əlini qaldırır, dodaqlarını bir-birinə hiddətlə sıxır, şüşəni Kamranın başına endirir, Kamran yıxılır, hələ havada ikən: «Ay yaramaz» – deyir. Ara qarışır. İltifat işığı düz xətlə kəsən həmin ev divarının qaranlığına çəkilib yoxa çıxır. Kamranı qaldırırlar. O, camaatın kefi pozulmasın deyə gülümsünür, pıçıldayır: – Özüm belə elədim ki, qoy ürəyi soyusun, cəhənnəm olsun. Amma başı üstündə çətinliklə durur, gözlərinin axımından-çaxımından bilinir ki, ağlını hələ də top eləyə bilməyib, gicəllənmədədir. *** İş icraçısının otağı. Bu uzunsov otağın baş tərəfində, aynanın qabağında stol. İki-üç köhnə-laxlaq stullar. Qapıdan başlamış düz bu stolun yanlarına qədər, divarların dibləri boyu rəng çəlləkləri, parket komaları, fanerlər, divar kağızları lülələri, müxtəlif biçimli nazik borular. İş icraçısı arxası aynaya sarı oturub. İltifat onun qabağında ayaq üstə durub. Toya getdiyi geyim-gecimdədir. Üzünü də təzə qırxdırıb, duruşu, baxışı ötən dünənlərə vida deyib gəlmiş adam təsiri bağışlayır, sanki heç bir qüvvə onu öz iradəsindən döndərə bilməyəcək. Gözlərində hər gün başına bir corab hörüb yola salmış fırıldaqçıdan öz borcunu almağa gəlmiş adam amansızlığı var, bu iti amansızlıq düzlükdən, gerçəkdən savayı hər yalanı, hər aldatmanı kəsəsidir. Hər yumruğu da elə bil bir ilan boğazlayıb, onları boğub öldürməyincə buraxası, yerə atası deyil. Ayaqlarını da arxın bu tayından o tayına quş hoppanışı ilə sıçrayası bir hazırlıqla cütləyib. Arğaz, durnaboğaz iş icraçısı isə İltifatın bu dönümünə qətiyyən fikir vermir, qarşısındakı kağıza nəsə yaza-yaza deyir: – Yox, qardaş, mən səni işə götürüb dilimi gödək eləyə bilmərəm. Get müdirin yanına. O, əmr eləsə, mən kiməm atkaz eləyəm. Ona ağız açmağını da sənə məsləhət görmürəm, sözün yerə düşəcək, çünki yüz dəfə and içib ağı yalasan da inanmayacaqlar, səni elə tanıyıblar. Genə bəlkəm komunxozda-zadda... Vapşe orda da... 
– İş icraçısı əl saxlayıb quş gözlərini onun üzünə dikir, «söhbətimiz qurtardı» deyən bir nəzərlə baxır: – Bu arada çətin olar. – Qələmli əlini qaldırıb qolunu bütün uzunluğu ilə açır, eşiyə sarı yelləyir: – Get qıraq yerlərdə gör kimi xamlaya bilərsən. – Daha içməyəcəm! – İltifatın səsi xırıldayır. – Söz vermişəm! – Bir əlini ağzına tutub öskürür, səsini çilləkəndən çıxarır: – Tüpürmüşəm. İş icraçısı hihildəyir, başını bulayır, yazmağa başlayır: – İnanan daşa dönsün! – Başını qaldırır, rişxəndlə gülümsünür: – Deyəcəksən «haqq-muzd istəmirəm, bir iş tapşır, qəlp çıxsa, bəyənməsən, köçümü çəkib gedim». Daha başımı piyləyə bilməzsən, qardaş. Mənim artıq matiriyalım yoxdur, xeylisini də indi korlayasan, əzəlkilərin altından hələ çıxa bilməmişəm. İltifat iş icraçısının ona zillənən gözlərinin qabağında pencər kimi sıxılır, puçur-puçur tər tökür, burun pərləri körüklənir, köynəyinin baş düymələri çiyinlərini geri atır, boynunu, başını irəli verir, sanki ürəyini göstərmək, andını, əqidəsini oxutmaq istəyir. İş icraçısı bozarır: 
– Atçot hazırlayıram. Bir saata təhvil verməliyəm. Axı, mane olursan. Ayrı sözün yoxdur ki?.. İltifatın üzünün, boyun-boğazının qaynayan qaynar təri bircə anda donur, sanki onun başından yağış yağdıran bulud ötüb keçir, sazaq əsir, bu damcıları üşüdüb uçundurmağa başlayır. İş icraçısı ayağa qalxır, pencəyini bir yan-yaxasını bir qolunun çırpımı ilə geri verib əlini şalvar cibinə salır, ordan bir əzik onluq çıxarıb ona uzadır: – Get başını düzəlt! İltifatın gözləri hədəqədən çıxır, sonra quyruğu üstə qalxmış şahmar gözlərinə dönür. Üzünün əzaları oynaşır. Dodaqları dartışır, çəkişir, yumruqları daha bərk sıxılır. Qəfildən geri fırlanır, otaqdan çıxanda qapını ətli üzdə şaqqıldayan tərs şillə kimi çırpır. *** İltifat həmişəcavanların dükcə kölgələri düşən səki ilə yeriyir. Könülsüz, ümidsiz gedir, elə bil bitməz işə, uğursuz səfərə çıxıb, amma yenə də hansı bir təsadüfə bel bağlayıb. Yanından dolu-boş zənbilli qocalar, cavanlar ötür, öz qabını bazar almalılıqları ilə dolduranlar hərdən dayanıb əllərini dəyişirlər. Bəziləri öz uşaqlarını böyür-başlarına kürd toyuqlar kimi yığıblar, səkidən asfalta düşüb qaçana, yüyürənə, dingildəyənə, bəzəkli topunu təpiyi ilə vurub dalınca götürülənə acıqlanır, çımxırırlar. Uşaqların bəzisi İltifatı götürüb öz bacı-qardaşının da qolundan tutur, kənara çəkir, İltifatı göstərib pıçıldayırlar: – Piyan gəlir. Onlar İltifatın gözünə görünməməyə çalışırlar, ağacların dalından oğrun-oğrun boylanırlar, İltifat ötüb keçməyincə düz yola çıxmırlar. İltifat onların pıçıltılarını da eşidir, ona qorxa-qorxa baxdıqlarını da görür. Yerdəki hər şey tikana dönüb onun bəbəklərinə sancılırmış kimi göyə – çoxmərtəbəli binaların asmalıqlarında yellənən yuyulub sərilmiş paltarlara, pəncərələrin günəşə güzgü tutan gözqamaşdırıcı şüşələrinə baxır. Balkonun birində içnidə yoluq bir sərçə olan bülbül qəfəsi görür. Deyəsən, onu ora uşaqlar tutub salıblar. Çırpınır. Hara çıxacaq?! İltifat qapısının başına «Kommunxoz» yazılmış birmərtəbəli binanın qabağında dayanır. «Getsin, getməsin?» niyyəti ilə xeyli fikirləşir. Sonra bir tayı açıq qoşa qapıdan dəhzlizə girir, sola burulur, telefonla danışan tosqun, daz müdirin otağına keçir. Böyük otağın az qala başı ilə bu başının arasını tutan qırmızı örtüklü uzun stolun ayaq tərəfində dayanır. Müdir dəstəyi yerinə qoyur. Qara müştüyünə bir siqaret taxıb alışdırır, tüstünü qarmaq altından yuxarı üfürür, İltifatdan nəyə gəldiyini soruşmamışdan dodaqlarını büzüb başını bulayır. İltifat heç nə demədən kürünür, yenə dükcə kölcələrlə naxışlanmış səkiyə keçir. Avtovağzala gəlir. Burda bircə avtobus dayanıb. İçində də üçcə adam var. Onlar da tək-tək oturublar. Caydaq sürücü əsəbi-əsəbi gəzinir. Kassiri əsnək tutub. Əsnədikcə əlini ağzına qaval kimi verib zəvzəyini üzünə qaytarır. Sürücü saatına baxır, ona «neyniyək, tərpənmək vaxtıdır» deyən mənada boylanır, o da çiyinlərini çəkir. İltifatı əlinin işarəsi ilə balaca yuvası olan yekə aynanın qabağına çağırır, gülür: 
– Axşam toya getmişdim. Yaman vurduq. Başım üstümdə durmur. – Bir onluq uzadır: 
– Get birini al gətir, başımızı düzəldək. Mən ayda – bir dəfə, sən hər gün... Sənin başın poladdı, nədi, bu ötür-ötürə necə dözür?! 
– Mən içmirəm. Kassir başını dala atıb kəhildəyir. 
– Sən ha!.. Balıq sudan ayrı dursa sən də araqsız durarsan. Bədənin splaşnoy spirtdir, qıraqdan spiçka çəkib üstünə atsalar pırr eyləyib alışarsan. İltifatın gözlərinin qabağına öz kəndlərindəki toy, toyda onu qıraqda saxlamaları, onu görəndə burun-damaq sallayan kənd dükançısı, qəsəbə uşaqlarının ondan qorxub gizlənmələri, iş icraçısının ona sarı uzatdığı onluq – «dilənçi payı» düşür, cəld uzaqlaşır, şoferin ayağını qaza verə-verə maşını müştəri çağıran, tələsdirən bir nərilti ilə guruldatdığını görüb avtobusa minir. Avtobus şütüyür, yolun qıraqlarındakı ağaclıqlar, zəmilər dəyirman daşı kimi fırlanır, sanki qara asfalt yol, onda şığıyan irili-xırdalı maşınlarla birlikdə, avtobusun üstünə yeriyir, avtobus isə onların hamısını bir göz qırpımında udub diricə-diricə geri atır, bu qara lenti öz çarxlarına dolayıb dünyanın o görünməz uzaq başına çatmağa tələsir. İltifat aynanın qabağında oturub, söykəncəyə söykənib, bir əli dizinə düşüb, digər qolu dirsəkliyə yatıb. Dünyanın bu yankı yarısı fırlanıb onun gözlərinin qabağıdan keçir, adama elə gəlir ki, dünya çox yekə bir dəyirman təknəsinə dən kimi doldurulub, axıb boğazlığa tökülür, üyünmədədir, bir dəyirman yeyir o boyda dünyanı, bu iştahla, bu sürətlə onun axırına tez çıxacaqdır. Burnunun üstünə bir milçək qonur. Əlini qaldırıb qovur. Milçək indi də o biri sərnişinə «qonaq» gedir, onun qalın qaşlarının arasında qərar tutur. Onu sərnişin də uçurur. Milçək sonra da o birilərinə doğru vızıldayır. Yenə də İltifata sarı şığıyır. Milçək özünə yer tapa bilmir. İltifat onun necə vurnuxduğuna, yaşamağa necə can atdığına qürbətə düşmüş qərib hünərsizliyi ilə fikir verir.
*** 
Böyük şəhər bazarı. Quruca yerdə də mer-meyvə, göy-göyərti düzüb satanlar var. Alıcı azdır. Onlar da ordan-bura, burdan-ora vurnuxduqca mal yiyələri dil-boğaza qoymurlar, öz mətəhlarını tərifləyir, onları ucuz verəcəkləri ilə şirnikdirməyə çalışırlar. Elə ki, qoca qarıları görürlər, qaş-qabaqlarını tökürlər, onları hətta malın bərkliyinə-boşluğuna baxmağa da qoymurlar, mətaha uzanan əllərini geri itələyirlər. Qarının biri alma satanın qabağında dayanır, baməzəliklə deyir: – Sənin bu çaqqalboğanının hamısına nə verim? Satıcı hirslənir: – Nə danışırsan, ay arvad, bu «Qızıləhmədidi!» Qarı rişxəndlə soruşur: – Bilirəm. Hamısına bir manat verimmi? Satıcı əlini yelləyir: 
– Get burdan, get-get! – Bə neçə verim? Satıcı yanıb yaxıla-yaxıla sol qonşusuna gileylənir: – On kilo almaya deyir «bir manat verimmi?» Qonşusu da qarıya paxıllıqla göz basır ki, əl çəkmə, amma tərəzi qabının birini öz xırda ağ alması ilə doldurmağa başlayır: – Nənə, zənbilini bəri tut görüm... Pulun-zadın lazım deyil, halal-xoşun olsun, apar get. Qarı bic-bic gülümsünür: – Yox, mənə bu almanı dərman buyurub doxdur. Deyir qanın azdır, gərək qırmızı çaqqalboğan yeyəsən. Sağ qonşusu da bu yandan him-cim atıb qarını qızışdırır: – Nənə, adamın hər yediyinin rəngi üzünə çıxsa camaatın hərəsi bir xoruzquyruğu çalar ki!.. Qarı titrək əli ilə «Qızıləhmədi» satanı qonşularına göstərir: 
– Hamısı yox, tək bunun kimiləri!.. Satıcı hirslənir: – Ağzını təmiz saxla, ay qarı! – Sən əlini təmiz saxlayanda mən də dilimi təmiz saxlayacam. – Yoxsa cibinə-zadına girmişəm? – Bəs birə alıb ikiyə satmaq cibə girmək deyil nədir? Milisioner gəlir, əlini çox hündürdən gətirib o satıcının göydən enən qiymətlini, qənimətini qapmağa açılmış kimi uzanan əlinə şappıldadır. – Güloğlanın kefi, halı?.. Güloğlan da bir əlini sinəsinə basır: – Çox sağ olun! – Bir əli milisionerin döş cibinə girib çıxır. – Bizim uşaxlar ordadır. 
– Başı ilə mənalı bir işarə verir. – Allahın qruzçiki də qəhətə çıxıb. Bir saatdır gözləyirlər. İltifat bayaqdan onlara tamaşa edir, söhbətlərinə qulaq asır. Axı cibində bir qəpik də pulu yoxdur, səhərdən acdır. «Qruzçik» siz onu Güloğlanın qaş-göz oynadıb atdığı tərəfə tələsdirir. O, bazar qarma-qarışıqlığından sürətlə keçir, bağlı iri darvazaların qənşərində balaca açıq qapıdan küçəyə çıxır. Baxır ki, ipçin yığılmış taxta qutular maşının banından da yuxarı qalxmış bir «Zil» dayanıb. «Zil»in yanında da əllərini ciblərinə dürtmüş bazburutlu iki oğlan hərlənir, onların gözləri ovda-quşdadır – bazara girib-çıxan gözəgəlimliləri, ləngərliləri yandırıb-qandırıcı, daddırıb-doyurucu bir yağı ilə süzürlər. Damaqlarında hərləyə-hərləyə fısqırtdıqları filtirliləri də elə sümürüb püskürürlər ki, elə bil papiros çəkmirlər, od almış içlərinə soyuq su sorub çiləyirlər. İltifat onların birinə yanaşır: 
– Sizə yükünüzü boşaldan lazımdır? Üzündə çapığı olan bu oğlan: 
– Lazımdır, – deyir, – lazımdır. Təksən? – Hə, təkəm. – Özünə bir yoldaş tapa bilməzsən? İltifat çiyinlərini qısır. Çapıqsız da onlara yaxınlaşır, bir əli il işin çətinliyini, ağırlığını ölçüb-çəkib bildirirmiş kimi ona «Zil»i göstərir. 
– Bir adam gərək ordan verə, bir də yerdə durub ala, götürə. İltifat bu ümidin də üzüləcəyindən qorxurmuş təki deyir: – Bir taxta tapsanız... Üzü çapıqlı: – Malades! – deyib bir əlini İltifatın kürəyinə döyür. 
– Çörəyi ver çörəkçiyə, birini də artıq. Taparıq. Darvazanı açdırırlar, maşını içəri sürdürürlər, anbarın qabağında saxladırlar. 
*** 
Şər qarışır. Bazar çox seyrəlib. Çoxu satıcılardır, onlar da şeylərini qutulara qabqarırlar, yır-yığış edib getməyə hazırlaşırlar. İltifat anbara qalaqladığı qutuların birinin üstündə oturub, içini döyür. Pencəyini də, üst köynəyini də soyunub, bir qırağa qoyub, əynindəki qolsuz köynək cırıq-cırıq, didik-didik olub, su içindədir. Siqaretinə axırıncı qullabı vurub atır. Bu köynəyini soyunub sıxır, qatlayıb bir çiyninə atır, bir cərgə qalmış qutuları sıxır, qatlayıb bir maşının gerisinə sürçüdür, çiyninə götürüb içəri daşıyır. Güloğlan da ora gəlir. Üzü çapıqla çapıqsız onu görüb özlərini yığışdırırlar, ona yaxınlaşırlar. Çapıqlı soruşur: 
– Hava necədir? Güloğlan başını dilxorçuluqla tərpədir: – Getmir Çapıqsız ona ürək-dirək verir: – Sabah turistəlr gəlir, özü də bir qatar, bazarı sil-süpür eləyəcəklər. Güloğlan üzünü göyə tutur: – Ya qismət... 
– Buna neçə verək? 
– Bir onluq bəsidir. 
– Az deyilmi? 
– Hərifdir. Ac-gicin birinə oxşayır. Allahına şükür eləyəcək. İltifat büdrəyir, yıxılır, axırıncı qutu başına düşür. O, əlləri ilə qutunu altdan qaldırıb yana salır. Qalxır. Ovcunu başına çəkir. Qan görür. Sonra bir qalın qan sızması qulağının yanı aşağı axmağa başlayır. Onu yaxından soyuq su krantına sarı çəkirlər. Krantı açırlar. 
*** 
İltifat dəmiryol vağzalının gözləmə zalındadır. Skamyanın birinin baş tərəfində oturub. Uşaqlı-böyüklü o qədər adam var ki, çoxu əyləşməyə yer tapmadığına görə gəzişir. Zalın o küncündəki bufetin qabağı qaynaşmalıdır. Hərə bir yemək, bir içmək alıb gətirir. O qədər stəkanmı çatdırmaq olar?! Pivə, limonad, «Badamlı» şüşələrini başlarına çəkirlər. Peraşki bükülən kağızlar ora-bura səpələnib. Zibil qabları dolub, qabların yanlarına kolbasa qırıqları, quru balıq baş-quyruqları dağılıb. Bə`zisi də siqaretin kötüyünü gətirib ora atmağa tənbəllik eləyir, barmağının çıtması ilə havada süzdürür. İltifat qapqara yanıb, doğanağa dönüb, tez-tez öskürür. Öskürməsi dayanandan sonra nəfəsi çətin alır. Gözü yeyənlərin əllərində, ağızlarındadır. O da qalxıb bufetə sarı gedir, özünü basabasa salır. Bir az kolbasa çörək, bir limonad alır. Qayıdır. Yerinin tutulduğunu görüb aynanın qabağına gedir, orda yeyir, içir. Gəzinir. Eşiyə çıxır, papiros çəkir, bir də qayıdır. Onluqdan qalan iki üçlüyü, bir təkliyi çıxarıb baxır. Təkliklə üçlüyün birini qatlayıb cibinə qoyur. O biri üçlüyü ovcunda sıxıb yenə də bufetə yönəlir. Yenə kolbasa alır, çörək alır, limonad alır. Şərhçinin səsi eşidilir: 
– Vətəndaş sərnişinlər, Tbilisidən Bakıya gedən otuz yeddi nömrəli minik qatarı birinci yola qəbul olunur. Gözləmə zalındakıların çoxu eşiyə daranır, çamadan-zənbilləri, bağlamaları daşıhadaşı düşür, elə də tələsirlər ki, elə bil gecikən vaqonlarda yer olmayacaq. Elektrovozun işığı «qoşa simləri» lap yaxından gümüşə döndərəndə yükçülər əl arabalarını «xəbərdar, xəbərdar!» – deyə-deyə qabaqlarına qatıb dığıthadığıtla irəli diyirləyirlər. İltifat da vaqonlardan tökülüşənlərə baxa-baxa gedir. Əli çəlikli qoca bir kişinin yükçülərə əl elədiyini görür. Lakin yükçülərin hamısı özünü görməməzliyə qoyur, çünki pencəyinin döşündə beş-altı orden-medalı var, özünün də bircə çamadanı, həm də kişinin görkəmi onu «çürükçüyə», «haqkəsənə» oxşadır. İltifat: 
– Əmi, – deyir, – çamadanını hara aparım?
– Taksi dayanacağına. İltifat çamadanı götürüb əriş-arğac adamların qarışıqlığına cummaq istəyəndə kişi çəliyini uzadıb çamadanı tıqqıldadır: 
– Yanımca, elə yox, yanımca!.. Taksi dayanacağına köhnə, sürtülmüş portmanatının içindən iki barmağının arasında bir əlli qəpik çıxarıb verir. Pulun soyuq parıltısı İltifatın tərcikmiş alnına özü boyda qırov işıltısı yapır. 
*** 
Gözləmə zalında təkəm-seyrək adam qalıb. Bunların bə`zisi skamyaya uzanıb, yatır. Bə`zisi oturduğu yerdə mürgüləyir. İltifat də skamyanın bir tərəfində əyləşib, dirsəkliyə söykənib, başı sinəsinə düşüb. Milis işçiləri zaldakıları bir-bir gözdən keçirirlər, görkəmlərindən, çamadan-zənbillərindən bilirlər ki, ya getməyə bilet tapmayanlardır, ya da onların qatarının vaxtına hələ çox var, lakin İltifat yersiz-yurdsuzdur, bura gecələməyə gəlib. Onu oyadırlar: 
– Hara gedirsən? – Yevlağa. – Bəs qatardan niyə qalmısan? 
– Çatmadım, gecikdim. Birinin gözü onun qulağının üstündəki qan ləkəsini alır: – Kimlə savaşmısan? – Heç kimlə. – Bəs bu nədir, özbaşına çıxıb?! Dur bəri gəl görüm. – Yoldaşına üz tutur: – Bəlkə o çamadanı bu qaçırırmış. O kişi mehmanxanadadır. Onu çağıraq atdelə. Bu, odursa, 
– tanıyacaq. İltifatı dəmiryol milis şöbəsinə aparırlar. Burada növbətçi kapitan – qolunda qırmızı dolağı. Dolağa iri ağ hərflərlə «Dejurnıy» yazılıb. Sağ əlinin altında iki telefon – biri ağ, digəri qara. Otaqda bir soldat gəzişir. Özünü ağayana tutmağından bilinir ki, kapitanın qohumudur. Kapitan ondan xəbər alır: 
– Dayoğlu, əvvəldən axıra Leninqradda slucit elədin? Soldat özünü hərbi zabit qarşısındakı kimi qurudur – dabanlarını cütləyib farağat vəziyyətində dayanır: – Bəli! – Partiyaya keçmisən? – Bəli! Kapitan sevinclə səslənir: 
– Ə`la. Bu hər şeyi həll edir. Səni bizim sistemə qəbul edəcəklər, amma bura ora deyil. – Mə`nalı-mə`nalı gülümsünür. Bu məqamda milisionerlər İltifatı gətirib içəri salırlar. Onların biri raport vermək istəyəndə kapitan əlinin hərəkəti ilə ona «sən hələlik saxla!» deyib soldata üz tutur: – İliş görüm buna necə ilişirsən. Soldat İltifata baxır: – Axı, bu neynəyib ki, ilişəm. Kapitan milisionerin birinə tapşırıq verir: 
– Əzizağa, sən iliş buna, bizim bu dayoğlu da görsün ilişmək necə olur. Əzizağa eyib axtarmağa çalışanlar kimi İltifatın dövrəsində dolanıb qarşısında dayanır: – Smatri! – Təəssüflə başını bulayır: – Yeşşo kak stayiş!.. Ə, basyak, kamandir doljen tibe dalajit şto li? Kapitan xoşhallıqla gülür. Qələmdandan qara qələmi çəkib stolun küncündə dik saxlayır:
– Fərz edək ki, bu, telefon dirəyidir. Buna da ilişə bilərsənmi? Əzizağa qətiyyətlə səslənir: – Naçalnik, zaprosto! – Başla görüm! Əzizağa ciddiləşir, qələmə o yandan, bu yandan göz yetirir, şax dayanıb heyrətlə deyir: – Kak qlubako zakapali!.. – Əyilib qulağını qələmə tutur, dinşəyib dikəlir: – Yeşşo qudit!.. Soldatla İltifatdan savayı hamısı gülüşürlər. Soldat İltifata zəndlə baxır, elə bil onu hardasa görüb, xatırlamağa çalışır. Nəhayət dinir: 
– Sən İltifat deyilsən? İltifat başını tərpədir. Fikirləşir ki, görəsən bu, öz kəndlilərindən kimdir, kimin oğludur, fəhmini niyə belə tez itirib, bunu niyə tanıya bilməyib? Soldat da elə bil onun nə düşündüyünü anlayır, özünü nişan verir: 
– O qəsəbədənəm... Davud İsayeviçlə bizim evimizdə bir həftə işlədiniz. Onda mən doqquzda oxuyurdum. İltifat başını yırğalayır, ötən xoş günləri acı bir təəssüflə xatırlayır. Soldat onu başdan-ayağa süzüb istəyir desin ki, niyə bu haldasan, nolub, lakin fikrini dəyişir: 
– Buralarda neynirsən? 
– Xəstəxanadan çıxmışam. Getməyə bilet tapmadım. 
– Taparıq. Bir bilet almağa nə var!.. Bayaqdan bəri onlara fikir verən milis işçilərinin diqqəti indi yalnız İltifatdadır, axı, o, xəstəxanadan çıxana qətiyyən oxşamır. 
*** 
İltifat seyrək işıqlar yanan, bunların çoxu da xiyabanlarda cərgələnmiş papaq ağaclardan keçməyən alaqaranlıqlardakı skamyaların birindədir. O yandan milisionerlərin həyəcanlı maşın şütüyüb qıjıltı ilə keçir. Çox uzaqdan parovoz fısıltısı gəlir. Ayaqqabılarının taq-tuqundan bir oğlanla bir qızın qoşa yüyürdükləri, hərdən yavaşıyıb iti addımlarla yeridikləri duyulur. Bu da hiss olunur ki, oğlan paçalıdır. Çəpiş misallı qız onunla ayaqlaşa bilmir, oğlan yeriyəndə də onun yanınca yortur. Sonra sükut hər şeyi dənizdə son dəfə üzə çıxıb çırpınan adam kimi təntənə ilə udur. İltifat ovcundakı biletə baxır. Hara getsin? Hara qayıtsın? Skamyaya uzanır. Gözünün qabağına dükançının, dükançıların, toy məclisindəkilərin, toyun ara adamlarının, İltifatı camaata layiq görməyən, dilənçi yerinə qoyan o oğlanın – Kamranın nifrətli sifətləri gəlir. Onun bir də içməyəcəyinə, əlindən qəlp iş çıxarmayacağına inanmayan iş icraçısı gəlir. Öz anbarlarının yolları, dağları, bağları içində görünür. sanki hər şey ondan qaçmağa, gizlənməyə çalışır, elə bil daşın, torpağın da üzü dönüb, dönükləşib, ona namərdliklə arxa çevirirlər. İki milis nəfəri onun qarşısında dayanır. Ucaboylusu soruşur: 
– Burda niyə yatırsan? İltifat dikəlib oturur. Gödəkboylusu xəbər alır: 
– Gəlməsən? İltifatın başı enib qalxır. Ucaboylusu deyir: 
– Şəhərə nəyə gəlmisən? İltifat mələrtili bir səslə dinir: 
– İşə girməyə: Gödəkboylu hıqqıldayır: 
– Orda iş tapılmadı ki, bura yüyürmüsən? İşləyənə iş hər yerdə var. Prapiskasız səni burda işə götürməzlər. Belələri elə bilir şəhərdə yel əsib qoz tökülüb, o də ətəyini doldurub qayıdacaq. Dur, dur! Get vağzala, qatardan qalma. İltifat yavaş-yavaş uzaqlaşır, xiyabanın darlaşıb darısqallaşan tərəfində ağacların qol-qola gəlib yaratdığı zülmətə girir. 
*** 
Səhərdir. Binaların başını təzəcə çırtan günəş qızardıb. Şərqə uzanan küçələrdəki, səkilərdəki miniklər, qat-qarışıq insan seli bu nurda çimir. İltifat divarlara vurulmuş elanları oxuyur. Gözlərinə işıq gəlir, diri-diri yeriyir, sanki bircə an geciksə üzünə gülən bəxti, taleyi onu gözləməyib gedəcək. Üztutanlardan işə dəvət edən təşkilatların uzaq-yaxınlığını soruşur. Taksiyə minir. Tikinti trestinin qabağında düşür. Üçlüyün arasındakı təkliyi şoferə uzadır. Şofer çımxırandan sonra üçlüyü verir. Şofer ona bir manat qaytarır. İkinci mərtəbəyə qalxır. Üstü lövhəli qapılara baxa-baxa dəhlizin o başına çatır. Rəisin qapısını açır. Ara otaqdakı telli-toqqalı katibə ona məhəl qoymadan süzdüyü pürrəng çayı rəisə aparanda İltifat onun arxasınca girir. Katibə dönüb bu mənada gözlərini ağardır, sir-sifətini turşudur ki, «naxallığa bax ha!.. İcazəsiz-filansız soxulur, qoymur kişi bir nəfəsini dərsin...» Boynu dönməyən, buxağı yüyrək rəisin göz qapaqlarının enimindən başa düşür ki, kişi deyir: «Daha gəlib, eybi yoxdur, görək nə sözü var.» Katibə çıxır. Rəis İltifata «buyur, eşidirəm» deyən nəzərlə baxır. İltifat: 
– E`lan vermisiniz, – deyir, – işə girməyə gəlmişəm. Rəis çaydan bir qurtum almaq istəyir, ancaq qaynar çayı dodağına toxundurub qaytarır, stəkanı nəlbəkiyə qoyur, çayın boğazına gedən buğu onu tıncıxdırdığına görə iki-üç dəfə öskürür. Həm başını bulayır, həm də bir əlini yelləyir, yəni iş yoxdur, yerlərin hamısı tutulub. 
– Mən... yaxşı malyaram. İltifatın əyin-başına, yör-yöndəminə baxan rəisi gülmək tutur, lakin özünü yığışdırır: 
– Gecikmisən. İltifatın baxışlarında ağlar bir yalvarış rəisi insafa, köməyə çağırır. Deyir, bilmirəm, məni əyyaşa oxşadırsınız, ona görə də başınızdan eləyirsiniz. Bax, o göylər haqqı, bir daha içməyəcəm. Ömrümü bundan belə yüz il uzatsa da, məndən ötrü can dərmanı olsa da dilimə vurmayacam. Təki siz məni işə götürün, görərsiniz əlimin qabiliyyətini. Rəis çox iri hərflərlə yazılmış mətni uzaqdan da asan oxuyurmuş kimi İltifatın bayatılı, and-amanlı gözlərinin içinə baxıb yenə də başını bulayır. İltifat ağır-ağır geri dönür, asta-asta qapıya sarı yeriyir, rəisin onu çağıracağı ümidi ilə hətta bir-iki dəfə duruxur da. Əlini qapıya uzadanda yenə də həmin gümanla dala baxır. Rəisin başını bu dəfə bulamağı İltifatı dalğalı dənizə düşmüş bir parça çürük taxta qırığı kimi eşiyə atır. Küçədə xeyli dayanır, elanda oxuduğu ikinci ünvanın da səmtini, piyada gedib tez çatmağın mümkün olub-olmadığını münasib, ayar bir adamdan xəbər almaq istəyir. Çaxnaşıq, dolaşıq insan qaynaşığı-oynaşığı içində beləsini gözü almır, ona elə gəlir ki, kimdən soruşsa, onu yarıdan cavab eşidə bilməyəcək. Nəhayət, qoca, özü kimi əyin-başı köhnə-köşküllünün qabağını kəsir. O da tələsmədən, dönə-dönə başa sala-sala istiqamət verir. İltifat elə tələsir ki, elə bil yağı daşır. Səkidə ondan iti yeriyən yoxdur. Elə sürətlə gedir ki, hətta qabaqdan gələnlərin bə`zisi yana çəkilib ona yol verir, bə`zisi də «bu küçələrdə yatana» toxunub geyiminin murdarlanacağından qorxur. İltifat ha gedir, yol qurtarmır. Get-gəli seyrəkləşən şəhər ucqarına çıxır. Buradakı binaların çoxu yarı-yarımçıqdır, iş də sərin gedir, tək-tək binada məskunlaşanlar var. Həyətlər hamarlanmayıb, səliqə-səhman yaradılmayıb, yüklü maşınlar çala-çökəklərdə zar-zar zarıldayır. İki binanın arasındakı meydançada beş-altı vaqon-ev var. Bə`zisi təkərlər üzərindədir, bə`zisi sürtməli. Sürtməlinin birinin boyu uzunu «5 N-li tə`mir tikinti idarəsi» yazılıb. Qapısı açıqdır. İçəri girənlər, içəridən çıxanlar görünür. Girəcəkdəki otaqçada makinaçı şaqqaşaq işləyir, nəyinsə üzünü sür`ətlə köçürür. Yolu oradan olan daldakı otaqda duraboyun, arıq, ulğumu dirsək yekəlikdə, kəlikbaş rəis əyləşib, qaşlarını da örtən iri şüşəli eynək taxıb. Sağ-solunda əyləşən iki nəfərə qələmini müxtəlif layihə xətlərində, layihə xətlərində, layihə düyünlərində gəzdirə-gəzdirə nəyisə izah edir. İltifat onun başının ayazımağını gözləyir. Lakin rəis onu görüb qələmini bir nöqtədə saxlayır. İltifatı ikrah hissi ilə süzür. İltifat tez dillənir: 
– E`lana görə gəlmişəm. Malyaram. Rəisin tünd-turş baxışı İltifatın başından girib ayağından çıxır. Onun ağzı büzülür. Dodaqlarının sol qulağına sarı qaçımı, əyri durumu xeyli çəkir, bu müddət ərzində həmin tərəfdəki gözü də qapanır. İltifat onun da dilindən «boş yerimiz yoxdur» cavabını eşitmək istəməyib özünü tanıtmağa çalışır: 
– Yaxşı malyaram!.. Yaxşı rəngsazam!.. Yaxşı... Rəisin eynəyini gözündən alıb ona «gözlərim aydın!» söyləyən bir ələsalımlıqla baxması, uzun çənəsinin o çiyni tərəfdən bu çiyninə doğru kərənti kimi çəkməsi İltifatın sözünü yarımçıq kəsir. Bəbəklərini «yaxşı sənətkar iş axtarmaz, onu əl-əl axtarırlar, qandınmı?» mənada dəbərtməsi, bu söhbətə yağlı bir dodaq marçıltısı ilə son nöqtə qoyması İltifatın yönünü qapıya sarı çevirir. Qapı isə ondan hey uzaqlaşır. İltifata elə gəlir ki, bu otaqdan, bu vaqon-evdən çıxmaq üçün axşamacan yol gedəcəkdir. 

*** 

Gün yağlanıb. Havada səhərki kölgə, quzey sərinliyi yoxdur. Ağacların yarpaqları da adamlar kimi lalıxıb. Məktəbdən qayıdan, dərsə gedən uşaqlar yaxalarını gen açıblar. Hətta bəzilərinin qalstukları əllərindədir. Miniklərin tüstüsü, geri poralanan yanmış havası səkilərdə gedənləri darıxdırır. İltifat bu sıxlıqdan, bu hay-küylü qarmaqarışıqlıqdan, hamısı zahirən bir-birinə oxşar bu bəxtiyarlar selin-axınından çıxır, uca binaların arasındakı kiçik bağa keçir. Buradakı yelləncəklərdəki, hərləncəklərdəki körpə sevinclərini, uşaq fərəhlərini, öz ala atını, öz mavi maşınını çapan, hərdən öz analarına, nənələrinə öz siçan dişlərini göstərib aldığı ləzzətin sanki bu sonsuz yerli-göylü dünyada təkdir, gözünə görünənlərin, qulaqlarına çatanların da hamısı hafizədə, yaddaşda ilişib qalmış yorucu, iyrənc yuxu tör-töküntüləridir. Bağın bir adam boyu hündürlüyündən keçən səkini bu yandan ayıran, başları hamar kəsilmiş kollarının, onlara da bəri tərəfdən arxa durmuş sıx həmişəcavanların dibindəki yekə zibil qutularına yaxın skamyada iki çürük-çarıq kişi oturub. Biri qaradır, digəri sarı. Qaranın saqqalı kom-kom ağarıb. Başındakı şlyapası əzik-əzikdir. Boz köynəyinin boyunluğunu, kir kəsib. Onun üstündən geyindiyi pencəyinin də öz rəngi bilinmir. Şalvarı da ülgüc qayışı kimi işıldayır. Bir tayı qara, o biri tayı çəhrayı ayaqqabılarının burunları sökülüb, altı qopub. Sarı isə səliqəlidir. Qılçasını qılçasının üstündən aşırmaq istəyir, lakin köhnə olsa da təmiz, ütülü boz şalvarının qarışacağından ehtiyatlanır. Kürəyini skamyanın söykənəcəyindən tez aralayır, bir əlini söykənəcəyə çəkir, köhnə, qara, amma təmiz pencəyini batırmaq istəmir. Qar kimi ağ köynəyi var. Başının seyrək sarı tüklərini yana darayıb. Xətbalarının düz kəsilmədiyindən bilinir ki, üzünü özü «qazıtlayıb». Göy gözlərinin altı-üstü şişkindir. Barmaqları arasında sıxıb saxladığı sönmüş siqaretini ordan keçənlərin birinin oduna yandırır. Qalxanda da, qayıdanda da, ən çox da əyilib siqaretini yandıranda bərk uçunur, elə bil şaxtaya düşüb. İltifatı görəndə dostuna baxıb gülümsünür: 
– İşimiz düzəldi, – deyir, – davay suda. Öz cibindəki qəpikləri çıxarıb ovcunu qara kişiyə sarı açır: 
– Qoy bura görək nə qədər çatmır. Qara kişi öz qəpiklərini onun ovcuna atır, ikisi də qızıl xırdalayırmış kimi baş-başa verirlər. İkisi də birdən dinir: 
– Otuz yeddi qəpik!.. Sarı kişi onların qabağından düz ötmək istəyən İltifatı çağırır. 
– Bura gəl! İltifat onlara yaxınlaşır. Qara kişi soruşur: 
– Sən hansı cəmiyyətin üzvüsən? İltifat onlara çaşqınlıqla baxır. Sarı kişi öz qara dostuna gülümsünə-gülümsünə deyir: 
– İcazə versən, bunu bizim məktəbə qəbul edərdik. Qara kişi «özün bil» deyən mənada çiyinlərini çəkir. Sarı kişi qəpik-quruş sıxdığı ovcunu İltifata sarı açıb deyir: 
– Otuz yeddi qəpik çatmır birinə. Üstünü düzəlt görək. İltifat təkliyini onun ovcuna atır. Sarı kişi heyrətlə səslənir: – Sən yaxşı qazanmısan. İkisinə çalışmaq lazımdır. İltifatın qolundan çəkib öz yerində oturdur. Qara kişiyə göz basıb qəpikləri cibinə qoyur: Hələ birini alaq, ikincisinə baxarıq... Mağazaya gedir. Bir şüşə «Ağdam» alıb gətirir. Tıxacını açır, İltifata verir: 
– Qabaqca sən başla, qonaqsan. İltifat susuzluqdan yanan adam kimi şüşəni başına çəkir. Onların ikisi də İltifatın boğazına, ulğumunun enib-qalxmasına baxır, sayırlar, üçüncünü keçəndə ikisi də əlini uzadır, elə bil canları şüşədədir, İltifat sonrakı qurtumların hərəsində onların birinin canını udacaq. 
– Nu!.. Nu!.. 
– Bu olmadı!.. İltifat onların çağırışına məhəl qoymayıb, ovurdunu doldurub beşinci qurtumu ötürməyə hazırlaşanda qara kişi şüşəni onun əlindən alır, sarı kişiyə verir, ona acıqlanır: 
– Şərikli malı beləsinə etibar eləmək olmaz! Payını saxlamaq lazımdır. Panyatno? Sarı kişi başının hərəkəti ilə onun dediyini təsdiq edir. İçirlər. Şüşəni zibil qutusuna atıb otururlar. Dünya İltifatın gözündə yay ilğımına düşür. Bu ilğımlar get-gedə böyüyür, dərya qabarmalarına dönür, gözə görünən nə varsa, hamısı bu dalğalarda axır, çırpınır. 
*** 
Vağzal meydançasına daxil olan avtobusların qabaqları, yanları, ən çox da arxa hissələri palçıq, bulanıq-lilli çamur sıçrantıları ilə batıb. Gölməçələri xırda yağış damcıları indi də deşləkləyir. Söyüdlərin məxmər budaqlarını külək düşmən amansızlığı ilə yırğalayır, yerə yapışmış islaq kağız qırıqlarını qaldırıb ora-bura uçurur. Avtobuslardan tökülüşənlər ağır zənbillərini, çamadanlarını zorla çəkə-çəkə özlərini tez-tez dolub yola düşən taksi cərgəsinə yetirirlər. Minik gözləyənlər isə gözləmə zalındadır. Gözləmə zalının da bu qoşa qapısından girib o biri qoşa qapısından çıxanlar o qədər çox olur ki, çölün özünü içəri təpən küləyi, sazağı bura hər dəfə bənd-bərəsi dağılmış sel kimi çağlayıb dolur, o qapı ilə bu qapının arasında alət oynadır, ona görə də bu aralıqda dayanan, bu araya yaxın skamyalarda oturan yoxdur, hamı kənara çəkilib, qıraq-bucaqlarda sıxlaşıb. Kassaların qabağında isə basabasdır, qırğın-qiyamətdir. Kim bilet alıb çıxırsa boyun-boğazının tərini pufuldaya-pufuldaya silir. Bəzi sərnişinlər çamadan-zənbillərinin üstündə azıx süfrəsi açıblar, bəziləri peraşki, buterbrod gəmirtləyir, bəziləri də günəbaxan tumu çırtlayır. Divar boyu düzülmüş skamyaların lap o başdakından, özü də o qıraqda Mulxusa ilə Gülnaz oturublar. Qundaq Gülnazın dizlərinin üstündədir. Bir qolunu qundağın başının altından salıb, o biri əli ilə hərdən yorğanın qulağını qaldırıb uşağın üzünə baxır, körpənin kirpiklərinin səyirdiyini görəndə onu yırğalayır. Onların yanında oturan bir çürük qarı Mulxusadan soruşur: – Deyəsən, balniskədən gəlirsiz, eləmi? 
– Hə. 
– Nədən yatırdı? 
– Qanı korranmışdı. 
– Göbəyindən? 
– Hə, göbəyindən. Çürük qarı əllərini dizlərinə şappıldadır: 
– Görüm sırsıraların canı yansın! Bizim kiçik gəlininkinin də göbəyini pis kəsmişdilər, natəmiz əsgiynən bağlamışdılar. Qızdırma apardı uşağı. Gətirdik bura, dedilər qanını xarab eləyiblər. Üstə tez düşməsək, uşaq gedəcəydi əldən. Allah buradakılara «neynim, necə eləyim?» dedirtməsin heç və`də, körpəni bizə təzədən verdilər. 
– Çürük qarı gülümsünür, ayaqlarının arasında saxladığı dolu zənbili göstərir. 
– Ona şey-şüy almağa gəlmişdim. Bir şeytan bala olub ki, Allah saxlamış!.. Onlar danışarkən skamyaların arasında bir səfil dolaşır. Hər adamın qabağında bir dəfə dayanır. Şalvarının dizləri süzülüb. Balaqları palçıqlıdır. yalın ayaqları zığ-zımrıqlıdır. Dabanları çatlayıb, əynində nə alt köynəyi var, nə də üst köynəyi, təkcə sökük-tökük pencək, onu da elə bil zir-zibillikdə bir dəfə sürütmə çəkmisən, hər mundarlıqdan, hər çirkab tullantılarından bir bulaşıq götürüb, başının kirli tükləri yarım qarış uzanmış saqqalına qarışıb, islaqdır, suludur. Almacığının da, qulağının da birini yağış xeyli döydüyündən bir az ağarıb, gözlərinin altını almış təlx torbalar zəhər tuluğuna oxşayır. Ovcunda bir üç, bir beş qəpiklik olan əli uçunur, titrəmə bu pulları oynadır, hərdən yerə salır. O əyilib onları götürəndən sonra dikələndə baxırsan ki, qançır sağılmış gözlərinə qan yığılıb. Hamı ona nifrətlə baxır, ona dikilən gözlərin heç birində rəhm, mərhəmət yoxdur. Onun kölgəsini, qaraltısını, üzlü, həyasız dirəniş-duruşunu öz qabağından kəsmək istəyib ovcuna qəpik-quruş atanların da əyilən ağız-burunlarından bilinir ki, onu söyürlər, yamanlayırlar. O gəlib Mulxusanın yanına çatanda bu yolun burada qurtardığını, dönüb o biri cərgələrin arasına keçmək lazım gəldiyini bilmir, uzanıqlı əli anası ilə arvadının qabağında əsə-əsə dayanır. İltifatın yarımyumulu gözləri birdən böyüyür. O qanlı-qançır bəbəklər get-gedə irilir, irəli çıxır, sanki arxadan önə basırlar, o təzyiqlə onları öz yuvasından qoparacaqlar. Mulxusa ilə Gülnazın da gözlərinə bir haray çağırır, bir fəryad kişnəyir. Gülnazın o biri əli də qundağın başının altından üzünə qalxır, hər iki əlinin barmaqları üzünə sancılır. Mulxusanın gözlərindən yaş ələnəndə İltifat elə uçunur ki, ovcundakı qəpiklər yerə səpələnir, onların hərəsi bir yana diyirlənir. Onun da bəbəkləri qanlı-qanlı sulanır, sanki yaranın qərtməyi qoparılır. Körpə qəfildən qışqıranda özünü arxadan çatdıran milis nəfəri İltifata əllərini də vurmadan bir ayağının ucu ilə onu yana itələyir ki, özünə yer-yol açıb qabağa keçsin, onu döşləyib gözləmə zalından çıxartsın. İltifat yıxılır. Anası özünü oğlunun üstünə atır. Gülnazın gözlərinin yaşı qundağın üstünə səpələnir. Hamı heyrətdən donur. 

*** 

Qaranlıq bir gecədir. Uyğulu bir payız zülməti qabaqdan gələn qış soyuqluğunu duyub üşüyürmüş kimi evlərdə, həyətlərdə daldalanıb qızınmaq istəyir. Lakin kəndin bir-birindən aralı, buranın işığı ora düşməz lampaları onların hər həyət-bacada qurduğu bəyaz taladan bəri buraxmır. Çay can üstə olan dilsiz körpə kimi inildəyir. İltifatgilin həyətindəki şah tut çılpaqlaşıb, budaqların bə`zisində qalan qara xallı sarı, çil yarpaqlar da həyata, dünyaya son dəfə vida deyib bir-bir qopur, havada süzüb yerə düşür. Mulxusa yatmayıb. Yorğanı sinəsinə çəkib. Çölün aynadan içəri keçən işığı onun yanındakı divara ekran pərdəsi kimi düşüb. Mulxusanın qulağı səs alıb, o səsi dinşəyir. Qonşu otaqda Gülnaz şifoneri açıb, boş asılqanlara baxır. Saçları dağılıb. Gecə köynəyindədir. Üşürgələnir. Geri qanrılır. Qoşa yastıqlı çarpayının qabağıdakı stulların birinin söykənəcəyi boşdur. Onun qabağında şap-şupların bir tayı ağzı üstə düşüb. Gülnaz o biri stolun söykənəcəyindəki donunu başına çəkir. Beşiyə yanaşır. Körpənin yatışına baxır. Eyvana çıxır. İşıq talasını dövrələyən qaranlıqlarına göz gəzdirir. Hardasa bir qapının döyüldüyünü eşidir. Büzüşür. Qonşu otağın qapısını ehtiyatla açıb aralayır, içəri girir. Qayınanasının oyaq olduğunu görüb otağın ortasında ayaq saxlayır. 
– Ana... 
– deyir, dillənməyinə peşman kimi bir əlini də ağzına gətirib susur. Mulxusa dikəlir, baxır. Soruşur: 
– Bayırlığından bircə donun qalmışdı, indi də onu apardı? Gülnaz dinmir, geri dönmür. Qapının ağzında dayanır, sanki Mulxusanın nə deyəcəyini gözləyir. Qayınanasının isə səsi çıxmır, lakin gəlininə dikilən baxışları bir ürəyin dilə gəlməz, sözə-söhbətə sığmaz fəryadını danışır: Səni də bədbəxt elədik, qızım!.. Mən niyə tez ölmədim ki, gözlərim hər şeyi görməyəydi. Bu nə qarğışdır tutub bizi?! Biz kimə nə yamanlıq eləmişik ki, Allah bizə bu zülmü göstərdi?! Uşaq ağlayanda Gülnaz qapıdan çıxır. 

*** 

Çovğunlu bir gündür. Külək qırma qarları üfürüb yerdən qaldırır, tozanağı ora-bura çırpır. Məktəbdən qayıdan uşaqlar çox və`də küləyə, toznağa arxalarını çevirib dal-dalı yeriyirlər. Bə`zən yıxılırlar, qalxırlar, yüyürüb özlərini həyətlərinə salırlar. Buz bağlamış çay suatlarındakı gözlərə vedrələrini basıb su götürən gəlin-qızların ətəkləri küləklə, tozanaqla hey süpürləşir, suya çıxarılan arıq inəklər, danalar ağızlarını çaya çatdırar-çatdırmaz geri götürürlər, titrəşə-titrəşə tövlələrə qaçışırlar. İltifatgilin tövlələrinin qapısı açıqdır, içi boşdur. Hinlərində də heç nə yoxdur. Həyətdəki kötüyə sancılmış baltanın sapı buz bağlayıb. Kötüyün buz donunun-köynəyinin qalınlığı da göstərir ki, orda odun yarılmayıb, xırdalanmayıb. Kötükdən az aralıda bir gölməçəlik yer neftlidir, orda nə qar var, nə də don, hətta neftli əsgi parçası da bu qışdan xəbərsizdir. Gəlin otağından səs gəlir, Mulxusanın səsidir. Deyinir: 
– Sən haçan adam olacaqsan? İçəridə Gülnazdır, İltifatdır. Mulxusanın da çarpayısı bura keçirilib, aynanın qabağı tərəfdən qoyulub. Mulxusa şala bürünüb, öz çarpayısında oturub. Neft kirəqazı evin qapı tərəfindən yanır. Üstü boşdur. Uşaq beşikdədir, hər yanına bir yastıq qoyulub. Heyrətlə nənəsinə baxır, atasına baxır. Əllərinin ikisini də beşiyin yanına atıb, bərk-bərk yapışıb, sanki təzəcə tapdığı dayaq nöqtəsini buraxsa, həyatda, dünyada bir daha heç nə görməyəcək . Mulxusa oğluna hiddətlə deyir: 
– Mən sənə hardan alım gündə beş manatı, aparıb verəsən o zəhrimara, tökəsən qarnına?! Gəlinin paltarları da qalmadı. Ə, sən kişisən? Kişi də arvadının geyimini satıb kef eləyərmi?! Bir həftəydi itmişdin, yenə bir şey oğurlamağa gəldin? Onsuz da nəyimiz qalıb ki! Kaş gəlməyəydin özün, qara xəbərin gələydi, a arsız, namussuz, qeyrətsiz bala!.. İndi kimdən alım?! Məni hamıya borclu eləmisən axı... İltifat çarpayının dalına vurulmuş balaca xəlçəni qoparanda uşaq qışqırır, göyərə-göyərə ağlayıb qollarını anasına sarı uzadır. Gülnaz onu beşikdən götürüb köksünə sıxır. Mulxusa qalxıb xəlçəni oğlunun əlindən almaq istəyir, lakin İltifat onu dirsəyi ilə itələyib yıxır.. Gülnaz xəlçəni dartıb onun əlindən alır. İltifatın ağzı ac canavar ağzı kimi açılır: 
– Cehizindi?.. Mənim qazancımnan almayıb dədən bunu? Sən mənim üzümə ağ olursan? Sən də məni kişi saymırsan? Bir yumruğunu Gülnazın başına endirmək istəyir. Lakin fikirləşir ki, bu onun ürək yanğısını söndürməyəcək, qeyzini-qəzəbini soyutmayacaq. Uşağı gəlinin qucağından qapıb öz başı bərabərinə qaldırır, zərblə yerə çırpır. Gəlin uşağı sinəsinə basır, sirkələyir, bütün canını, qanını, bütün varlığını ona vermək istəyir, özü ölmək, qalan ömrünü, gününü öz körpəsinə bağışlayıb dünyadan köçmək istəyir. Lakin körpənin gözləri dirənir, donur. Ondan ana fəryadı qopur, ana qışqırtısı göylərə dirək olur. Mulxusa üzünü cırır, öz nakam tifilini götürüb atası evinə qaçan gəlinin arxasınca saçlarını yola-yola yüyürür. Çovğun ulayır, tufan haray çəkir, çovğunun hər qar tozanaqlı qoparağı, çalıxmağı, tufanın hər fəryadı, ana naləsi ilə dolur, kənd yollarında axır, evlərin həyətlərində çırpınır, dünyaya car çəkir.