Kəramət Böyükçöl:  «Qələm adamının «əhliləşdirilməsini» qəbul edə bilmirəm»

Kəramət Böyükçöl: «Qələm adamının «əhliləşdirilməsini» qəbul edə bilmirəm»

“Qəşəm Nəcəfzadə həmişə ədəbiyyatda uzaq məsafələrdən qol vuran şair olub”

Bir müddət öncə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qismət gənc ədəbiyyat adamları haqqında məruzə etdi. Gəncliyin böyük əksəriyyəti bu məruzəni birmənalı qarşılamadı. İlk üsyan bayrağı qaldıran isə gənc yazar Kəramət Böyükçöl oldu. Şair Qəşəm Nəcəfzadənin ailəsində dünyaya göz açan Kəramət Böyükçöllə ədəbiyyat, atasının və özünün yaradıcılığı haqqında söhbətləşdik.

- Kəramət, gənc yazarlar arasında istedadına görə fərqlənənlərdənsən. Bu gün ədəbiyyatla məşğul olmaq sənin yaşda olan gəncə nə qazandırır?
- Mən ədəbiyyatı həyat idealıma çevirməmişəm. Yəni əlimi-qolumu çırmayıb, özümü meydana atmamışam ki, hünəriniz var çıxın qabağıma. Ədəbiyyatçı ailəsində böyümüşəm. Ömür boyu kitab-dəftərin içində olmuşam. Sonra başladım şeir yazmağa. Dedilər maraqlı şeirlərdir. İlk yazdığım şeirlərdən biri belə idi:

Bir dəfə televizora baxanda
üstünə “Şuşa” yazılmış
və yıxılmış dirəyi görüb
balaca qardaşım mənə dedi:
- Qaqa, o dirəyi qaldırmağa nə var?!

Sonra roman yazdım, dedilər, çox yaxşı əsərdir. İndi yolun başlanğıcındayam. Bilmirəm, bu ədəbiyyat mənə nə qazandıracaq. Əgər kitab oxunan bir ölkədə yaşasaydıq, deyərdim ki, hər il 1 roman yazım, 10 min nüxsə ilə satılsın. Mən də halal pulumla keyfim istəyən kimi yaşayım. Əgər belə olsa, vallah biz yazıçıların heç bir problemi də olmaz. Hər kəs başını salıb aşağı yaradıcılığı ilə məşğul olar.

- Şair Qəşəm Nəcəfzadənin oğlu olmaq sənə hansı üstünlükləri verir? Yaradıcı mühitdə irəliləmək üçün bu addan istifadə edirsənmi?
- Yadıma bir əhvalat düşür. Bir dəfə məni televiziyaların birinə çəkilişə dəvət etmişdilər. Geyinib-kecinib getdim. Orada adımı, soyadımı və atamın adını yazdılar. Bir neçə dəqiqədən sonra mənə dedilər ki, sən hansı Qəşəmin oğlusan? Dedim, Nəcəfzadənin. Bir az fikrə gedəndən sonra bir bəhanə tapıb məni geri qaytardılar. Bu, Qəşəm Nəcəfzadənin oğlu olmağımın ilk “üstünlüyü” idi. Evə qayıdanda atama dedim ki, özüm çəkilişə etirazımı bildirdim. Onda bu məsələləri bir o qədər dərindən dərk etmirdim. Elə bilirdim atamın bu günə qədər bütün işi-gücü mənə düşmən qazanmaq olub. Halbuki, atam həyatı boyu müəllimliklə dolanıb və bütün gənc qələm sahiblərinə köməyini əsirgəməyib. Bəzən elə olur ki, atamın təcrübəsindən çıxış edirəm. Yalnız o zaman hiss eləyirəm ki, atam bu yolu mənim üçün də keçib.

- İki yaradıcı adamın bir arada olması, bir damın altında yaşaması çətin deyil ki? Qəşəm bəylə yaradıcı aspektdə mübahisələriniz, dartışmalarınız olurmu? Ümumiyyətlə, bir gənc kimi, etiraz etməyi bacaran qələm adamı kimi, Qəşəm Nəcəfzadəni tənqid etməyi düşünmüsənmi?
- Qəşəm Nəcəfzadə hər şeydən öncə mənə ata kimi əzizdir. Bir dəfə xəstələnmişdim. Atam ağladı. O, ağladı deyə, mən sağaldım. Bizi ədəbiyyatdan öncə, ata-oğul hissləri birləşdirir. Əlbəttə, tez-tez evdə ədəbi söhbətlər edirik. Bu mübahisələr o qədər çox olur ki, hətta anam bizə əsəbləşir. Ədəbiyyat bizi ev-eşikdən, məişət qayğılarından qismən uzaqlaşdırıb. Atam həmişə öz təcrübəsindən çıxış edir. Mən isə daha çox emosionallığımla yadda qalıram. Bütün məqamlarda biz hər birimiz müstəqil adamlarıq, hətta kompyuterimizi də bu yaxınlarda ayırmışıq. Atamla bəzən fikirlərimiz üst-üstə düşür, bəzənsə düşmür. Heç vaxt atam məni danlamayıb ki, niyə filan şeyi belə elədin. Heç nəyi mənə qadağa qoymayıb. Ömür boyu mənə dediyi söz təkcə bu olub ki, dözümlü, səbirli və təmkinli ol. Bunlar mənə bəs eləyib. Qəşəm Nəcəfzadə ədəbi mühitdə ən çox tənqid olunan şairdir. Ümumilikdə isə atam həmişə ədəbiyyatda uzaq məsafələrdən qol vuran şair olub. Heç vaxt oyundan kənar vəziyyətdə qalmayıb.

- Ədəbiyyatdakı cəbhələşmələri yəqin ki, müşahidə eləmisən. Hətta cəbhələrin içində cəbhələr yaranıb. Bir ara sən daima yoldaşlıq etdiyin, bir arada olduğun yazarları hədəfə götürdün və onlara qarşı sərt iradlar səsləndirdin...
- Cəlil, əvvəla, mən gənc yazaram. Gərək mənə AYB-AYO ilə bağlı suallar verməyəsən. Yaxşı olar ki, bu cəhbələşməylə bağlı sualları verəsən Əsəd Cahangirə, Rasim Qaracaya, ən uzağı ömür boyu bu işlə məşğul olan Aqşin Yeniseyə. Mən ədəbiyyatda heç bir cəbhələşmə tanımıram. Ümumiyyətlə, mənim üçün düşmən anlayışı yoxdur, ancaq dost var. Həm də bu cəbhələşmə sözü çox sərt səslənir. Sanki, AYO “Üçlər İttifaqı”dır, AYB “ANTANTA”, bunların arasında gedən mübarizə isə I Dünya Müharibəsidir. Hər 2 tərəfdə istedadlı yazarlar var. Bunları qiymətləndirmək lazımdır. Ömür boyu AYB-ni tənqid eləyən qocaman bir AYO-çu bu yaxınlarda mənə böyük qürur hissi ilə dedi ki, bir dəfə Anar mənə küçədə salam verib. Sonra da ardınca əlavə eləyir ki, bax haa, Anar küçədə hər adama salam vermir. Onun bu sözləri hansı fəxrlə, hansı qürur hissi ilə dediyini mən gördüm. Sanki bu adamın 40 ildir ki, külüng vurduğu ədəbiyyatında ən böyük uğuru Anarın küçədə buna salam verməsi olub. Ürəyim şan-şan oldu. O ki qaldı yoldaşlıq elədiyim yazarları tənqid eləməyimə, hə, buna öz təcrübəmdən çıxış edib, cavab verə bilərəm. Bildiyimiz kimi, Yazıçılar Birliyində qurultay öncəsi bütün ədəbi sahələr üzrə məruzələr nəzərdə tutulub. İlk məruzəni gənc qələm sahiblərinin yaradıcılığından Qismət etdi. Bu məruzənin tam, bitkin olmaması və gənc yazarlarımızın yaradıcılığını yetərincə əhatə etməməsi məni çox təəssüfləndirmişdi. Elə yazıçılardan ilk və son olaraq məruzəyə qarşı etirazımı da mən bildirdim. Məlum məruzəyə narazılığımı ifadə edən tənqidi bir yazı da yazdım. Təəssüflər olsun ki, tənqid etdiyim məruzəçi qalıb bir kənarda, mənə cavabı ayrı-ayrı adamlar verir. Xatırladım ki, həmin yazımın adı “Himayədə yaşamağa vərdiş” idi. Bax, bu əxlaqı qəbul eləyə bilmirəm. Su gərək quyunun dibindən çıxa, yuxarıdan tökməklə deyil. Yazıçı özü yeriməyi öyrənməlidir ki, tənqid olunanda da köməyə adam çağırmasın.

- Kəramət, “Gənc ədib”lərin bəzi üzvləri haqqında danışanda kəskin fikirlər səsləndirirsən. Ümumiyyətlə, bu narazılığının kökündə nə dayanır?
- Narazılığım sadəcə məlum məruzə ilə bağlı idi. Mən qələm adamının «əhliləşdirilməsini» qəbul edə bilmirəm. Hər halda, bunu da böyük faciəyə çevimək lazım deyil. Bunlar o qədər xırda söhbətlərdir ki, istəmirəm bu haqda da danışıb, enerji sərf eləyəm. Nə qədər şablon səslənsə də, əsas meyar yaradıcılıqdır və yaxşı mətndir.

- “Çöl” romanını yazdın və bu romanın kifayət qədər maraqla qarşılandı. Haqqında yazılan yazılar, qələm adamlarının, tənqidçilərin münasibəti səni qane edirmi?
- Hazırda romanımın Azadlıq Radiosunun saytında müzakirəsi aparılır. Yəqin ki, müzakirə başa çatdıqdan sonra əsərimə verilən rəylər barədə fikirlərimi bildirəcəyəm. Yaxşı olar ki, bu barədə çox da geniş danışmayım. Romanım haqqında mətbuatda ilk dəfə Rafiq Tağı, daha sonra xalq yazıçısı Əkrəm Əylisli, şair Vaqif Baytlı Odər yüksək fikirdə olduqlarını bildiriblər. Bu insanlar mənim ədəbi zövqünə etibar etdiyim qələm sahibləridir. Heç vaxt yalan, boğazdan yuxarı danışmadıqlarını bilirəm. Şübhəsiz ki, onların yüksək fikirdə olmaları məni sevindirməyə bilməzdi. Tənqidçi Cavanşir Yusifli isə “Çöl” romanını son zamanlar ard-arda nəşr olunan nəsr əsərləri içərisində ən uğurlusu hesab edir. Cavanşir müəllimin yazısından sonra özümə bir sual verdim. Bir universitet tələbəsinin son dövrün ən uğurlu romanını yazması təəccüblü deyilmi? Sonra gülümsəyib özümə dedim: Vallah, deyəsən, mən yazıçıyam.

- Şəxsi yaradıcılığınla bağlı planlarını bizimlə bölüşə bilərsənmi? Şeirdən nəsrə keçdin, maraqlı bir roman yazdın. Yenidən şeir səni cəlb edirmi? Yoxsa ilahi energetika pozulub, daha şeir yazmayacaqsan?
- Mənə elə gəlir ki, zaman ötdükcə şeir nəsrə çevrilir. Bizə tanış olan nəsrə yox, yeni bir nəsrə. Bəzən məni qınayırlar ki, romanımda şeiriyyat nəsri üstələyir. Əslində isə bu nəsr poeziyanın yeni bir şəklidir. Məncə, bunu ədəbiyyatda ilk dəfə mən elədim. Yəni şeirlə nəsr yazdım. Mənim şeirim nəsrimin, nəsrim isə şeirimin içindədir. İndi də şeir yazıram. Ola bilsin ki, şeirlərim nəsrimin yanında zəif görünə bilər. Hələ ki, şeir kitabı çıxarmaq haqqında fikirləşmirəm.

- Sizin ədəbi nəsil ədəbiyyatımıza nə vəd edir?
- Bütövlükdə müstəqillik dövrü ədəbiyyatı biz ədəbi nəslin həm yaşıyla, həm də yaradıcılığıyla başlayır. Bir vaxtlar Anar, Elçin, Əkrəm Əylisli, Sabir Əhmədli və başqa yazıçılarımız 60-cı illərdə ədəbiyyatımızın istiqamətini sosializm realizmi metodundan ayırdılar. Ədəbiyyatı daha çox insan elminə, insan beyninə, dünyaya və dünyadakı ədəbi prosesə yaxınlaşdırdılar. İlk dəfə idi ki, ədəbiyyatımız qismən də olsa, dünya praktikası ilə tanış olurdu. 60-cı illərdən sonra Azərbaycan ədəbiyyatında məhz bu kimi bütöv bir ədəbi nəsil formalaşmayıb. Fikrimcə, biz ədəbi nəsil ənənəsi baxımından “60-cılar”ın davamı kimi də görünə bilərik. Əgər zamanı qabaqlamaq mümkün olsaydı, bu daha dəqiq görünərdi. Bu çox sevindiricidir. Lakin təəssüflər olsun ki, sovet əxlaq kodeksi ədəbi həyatımızda hələ də qalmaqdadır. Başqa cür desək, biz bütöv bir ədəbi nəsil kimi meydana gəlsək də, hələ qalıqlarla yaşayırıq. Nə qədər çalışsaq da, bu qalıqlardan uzaqlaşa bilmirik. Qalıqlarla yaşayan təfəkkür sistemi ədəbi həyatımızda “qan tökməkdə” davam edir. Fikrimcə, ədəbiyyatımızdakı əsəbimizin, kifin, nəmişliyin təmizlənəcəyi halda, bu ədəbi nəsildən nəsə gözləmək olar. Əks halda, bütöv bir ədəbi nəslin ürəyi bu nəmişlikdən “parok” olacaq. Əlbəttə ki, ümid qalır zamana, görək zaman nə deyəcək bizim haqqımızda. Elə xoşum gəlir ki, bu sözdən: Hardasan ey zaman, tez gəl!

Müəllif: Söhbətləşdi: Cəlil CAVANŞİR
“Mərkəz” qəzeti