Kişi tualetlərində xadimə işləyən qadın qədər iyrənirəm həyatdan - Ələsgər Əhməddən yeni şeirlər
Poeziya
- 18.05.2021
- 0 Şərh
- 17289 Baxış
Da-Də
Sakitsən.
Təklikdən yox, çoxluqdan narahatsan -
Düşündükcə,
bir də qayıtmaq istəmədiyin mövzuları xatırladır ağlının işgəncəsi
Əlinin uzandığı yerə çatsan,
bəlkə ayaqlarını da tapacaqsan - süründükcə
Bilsən ki,
daşdakı bitki qədər təbiətə sabitsən
Daha çox sevindirər,
masa örtüyünün kənarı ilə oynayan pişiyin əyləncəsi
Yaşlı qadın,
dərman qutusundan oxuya bilmədiyi sözün,
dördüncü hərfində
Sağalar, sağalmaya da bilər
Məncə sağalsın, eləcə səncə də.
Toyuğun tülküdən qaçmağı,
yaşayacağam deyərcəsinə mübarizəlidir.
Uçsa, pəncədə olmaya da bilər.
- Bəs, insanın uçmağı?
- Bax, bu mübahisəlidir.
Xəstəxanadan peşmançılıqla çıxan ata,
oğlunu sağaldacaq dərmanların,
yoxluq sözündəki ölüm vurğusunu,
nəslinin tükənmə qorxusunu gözətçi edir,
kimsəsiz xəstəxanada.
Oğurluq etmək üçün ən uyğun gecə
Heç kim yoxdu
Bir aptekin yerləşdiyi küçə,
bir də kilidli qapısı - açmaq üçün qırmalıdır sadəcə
Bəzən insanların da gözlərini açmaq üçün,
ürəklərini qırmaq lazımdır
Yadlaşdıqda öz səsinə
içindəki yarlıqların, işığını söndürdüyün otağın küncündəki varlıqların həvəsinə
Şərlənmiş dodaqaltıyla,
əzbərlənmiş pıçıltıyla kimisə adsız çağırmaq lazımdır.
Guya bilmir.
Tələsir.
Əlləri əsir, gözləri çəpdi
Dizinin üstündə oğlunun dərmanlarının resepti
Adlarını oxuya bilmir.
Qaranlıq dörd tərəfdən işıqlanır,
elə burdaca, dişlərinin arasından çıxan hava boşluğu palçıqlanır.
Ayaqlarını,
əyləşdiyi stula qaldırıb, qucaqlayır.
Ayaqqabısının iplərini qırıb,
əllərini bağlayır.
Ağlayır, dünyanın tən ortasında
Qəribə tərzdə susur,
çox da görülməyənlərdəndi
Bu susqunluq 100 ildən birdi
Necə ki, tutuquşu danışmağa imkan tapmaz, timsah yumurtasında.
Gördüklərimə inansam,
şeytanın göstərdiyi işarət tablosu, ondan öncə qayıtdığım yola bənzəyir.
Üst-üstə cəsədləri ardınca çəkən;
"Qollarımı boş verin, iplərim qırıldı" - demir
Torpağı yağışdan daha çox isladan,
Mərmirləri nəfəslərdə pasladan,
bu qədər xırıltı qan var ikən
Hələ də
"Mən çətir açmışdım" iddiasındadır qansızlar
Özlərindən yararlana bilmir,
canlılar və cansızlar
İynə aləmi bəzəyir
Arı da iynəsindən çıxan baldan, özü yemir
İndi şeytanın da bilmədiyi cığırlar
məncə, insanları ayıltdığım yola bənzəyir
Gedərkən düzdüyüm çörək qırıntılarını
Qayıtdıqca,
aclıqlarını unutduqca yığırlar.
Görürlər ki,
dabanlarına daş atanlar, hədəf taxtalarında dəlik-dəlik
Yatanlar,
döşəmə ilə çarpayının dişə-diş qıcırtılarını,
kəsir birdəfəlik.
Yaradanlar sadalanmır,
yarananlar qidalanmır limfalarda
A - "i" ilə birləşib,
aləmi ailəm etdikcə, hərfi mənasını itirib, düşmənimə çevrilir getdikcə
Və hərflər,
bir cərgə dayanıb, müharibə başladır,
"sülh" oxunuşunu yavaşladır əlifbalarda
Qapı sanıb,
qırırlar - kilidliyəm
Əlavə edirəm, hamısına işgəncə edilmişkən
Hərflərə bənzədilmişkən
Hədəfini oxda hədər əzizləyən,
Ağrı yox da,
qayğı gözləyən, "ı" hərfi qədər sonluğa ümidliyəm
Parçaları falçılar,
uşaqları uçuran xalçaçaları qayçılar kəsərkən
Qulaqları pampıqlanıb,
gözləri yumulmalıdır gənc təcrübəçilərin
Danışdıra bilməzsən
Əsirlikdə əsərkən,
xəstələnməkdən qorxub, istilənmək üçün sevilməzsən
Çünki susmaqları -
içlərini isindirir, sadiq hərbiçilərin.
Onda sən də,
keçmişin korluğundan istəyəcəksən rəngarəng GƏLƏCƏK.
həmin anda,
evində olduğunu unutduğun telefona zəng gələcək
Kəs dəstəyi,
ya da qır. Tirannozavr bəsləmə, qaç törəmə adətindən.
Acizlərin çiyinlərinə ev yüklə,
Zalimləri istefaya sürüklə,
"Təbiəti sev" adlı ifaya,
səs dəstəyi istəmə, musiqi alətindən
Axı, dünya -
gözümüzü bağladıqda,
buludları bıçaqladıqda özü-özünü yamayan hava şarıdır
Uşaqlaqsaq,
Xarici dildə həyatı anlamayan,
pəncərəni açan
dərsdən qaçan məktəblilərin,
sevgilərinin birinci qarıdır
Özün də qaçmaq istəyirsən,
Bir az havamız dəyişsin, bəhanəsiylə bağlamırsan.
Nökər şahanəsiylə sayaqlamırsan
Yuxunda avtomobil qəzaları
Taptalanmaq qorxunda -
fil cəzaları
Oxşarlıq düşündürücü olsa da,
Piyada keçidindən keçərkən, zebranı ayaqlamırsan
Yəni,
dirəklər olmasaydı bayraqların qəddini,
küləklər əyərdi.
Bilirsən?
Dostum - Heç vaxt evlənmərəm deyərdi
İllərin yuxusuzluğunu özlüyündə bezdirib,
Gözlərinin dərinliyində gəzdirib, - mürgüləyərdi
Sonra bir xanımla dostlaşdı
O,
hamımızın qaranlığını kağız üstü rəng festivalına çevirən rəssam
Ən sevimli boyaları,
ilk dəfə, bizim bədbinin köynəyinə bulaşdı
Rəssam da,
evlilik tablosu çəkilməz deyərdi
İndi mən, onların toyunda sərxoş ikən etdiklərimi xatırlamağa çalışıram.
Arabir dostumdan soruşuram.
Gülümsəyir:
Demək istəyir ki, mən evlənməyəcəyimi yox,
sevməyəcəyimi düşünürmüşəm
Bu gün səhər də,
üzümü gülüşlü, özümü aynada nikbin görünüşlü görmüşəm.
Bütün məsələ sevməkdir.
Sən də sev.
Birinci özünü, sonra başqasını
Qətlə yetirilənlərin yasını tutmaq gərəksizdir
Qatillərin yalvarışında
Çoxluqlar ürəksizdir - Təksən, dərd gözlə.
Səksəndörd gözlə baxışırsan,
onun axtarışında
Mesaj yazar.
Sanki bir türkçünü,
tabutunda dərmanlanan cəsədə aşiq edər komsomol
Burnunu köynəyinin qoluna silən yeniyetmə,
oxu - hisslərini oynat
- Deyəsən qripləmisən
- hə,,, hə,,, hə,,, həyat...
- sağlam ol.
bundan sonrakı həyatınDa bir Də belə etmə
- Yaxşı.
- Gecən xeyirə.
- Xeyre qarşı
Güzgünün danışmaq bacarığı.
Bir nəfərdən yol soruşdum,
lal idi.
Deyəsən, soruşduğum yerdən gəlirdi
Üzündəki danışmaq istəyi,
bildiyindən ehtimal idi həm də
Sadəcə,
yaddaşına yansıdmağa çalışırdı ayaqları altdan
Keçmişi,
heç vaxt getməyəcəyimiz şəhərdən gəlirdi
Gördü ki, mən də
Kişi tualetlərində,
xadimə işləyən qadın qədər iyrənirəm həyatdan
Gözlərinin içinə baxıb,
etdiklərimin oxşarını gördükcə
Həyəcanlanıb, beynimdə
Hurri İlahisini səsləndirməyə başladım türkcə
Görəsən yanında,
hansısa kitabdan səhvən oxunub?
Ya indi baxdığı kimi,
hər şeyi qaranlıq görərkən bətndə
Anasına mı, tətbiq olunub?
Ludovico müalicəsi.
Düşünûrdüm, birdən dedi;
Əlindəkini at!
Bədənində siqaret söndürdüyün qadınların,
közlərinin nisbətində
Bir ədəd kibrit atəşidir, Varfolomey gecəsi.
Kirpiklərim, gözlərimi
maşının ön şüşəsinə bənzər təmizləyirdi
Bilməzdim,
min şübhədən yaranan bir sualım,
cavabı da taparmış
İçimdəkinin,
qarşımdakından xəbəri varmış
Və onun içindən, indiki halım,
hələ görə bilmədiyim, sonrakı halımı izləyirdi
Halsızlıq hallanardı,
qaranquşların ildırım qorxusu
Qağayıların təbiətə qarşı, fırtına təlaşı
Ağ ayıların, soyuğa səslənən,
qalibiyyət marşı ilə geri dönərdi
Sən də bilmirsən ki
Qarda yatanların, tonqal yuxusu
Zorlanan uşaqların,
nəfəslərində sönərdi.
Hardasa,
dünənki saatlarda
Bir az düşün
Silah və güllə əvəzinə
Allah və ailə də göndərə bilərsən sursatlarda
Nəyisə gizlədib, harasa qeyd etmə
Xəritəni itirsən,
İşarələr unudular,
buludlar torpaqların, dəyişdirər görünüşün
Tənhalıqdan paslanmasa,
bir qazıntı ümidinə parıldayar xəzinə.
Səhranın kənarından,
dəvələrə hürən itlər
Karvanın vecsizliyindən inciyib, zarıldayar mərkəzinə
Buqələmun göyqurşağına istehza edər
Qartalın caynağında,
zirvəyə qalxan sürünən - uzaqlaşmaz
Uzunboğazlı çəkmələrin addımlarından.
Məsafəni öyrədər,
Adi hıçqırıq səssizliyində,
təhlükəsizliyində partlayar dinamitlər
Əzilənin həyatı deyil,
əzənin mənəviyyatı qorunur tısbağa çanağında
Sevənlər yalquzaqlaşmaz
Sevmək içdən rəngləyir,
nə olsun ki boz qurddu?
Profilaktikalardan toplanılan,
praktikaların irəliyə sürdüyü taktika;
Yalova qətliamından sağ çıxan uşağın,
cümhuriyyət iddiası tək absurddu.
Təəccüblüdür?
Filin dişini qucaqlayıb, şəkil çəkdirərkən
dişlərini göstərən ovçudan da,
gülünc vəziyyətdədir qalaktika.
Bakteriyaları bütünlüklə tanımırsan
üstəlik,
təkcə çölünü göstərir mikroskoplar
Kimisə alçatma
səni gizlədən qaranlığına işıq çəksələr,
Vurduğun zərbələri
üst-üstə qoyub yüksələr
Deyər ki,
məndən aldığın günləri, diz çöküb dilən
Axı tarixin,
ən ağır boğmaq yöntəmidi
Kukulus klanlara edilən,
afrikan blowjoblar.
Nəysə, görməmisən deyim;
Qadın bədənini sevişməkdən ötrü sevərlər
Baba-nənəni qapıdan izləyib,
ancaq bunu görüb nəvələr.
Xoşbəxtlikdən,
illər sonra bu bədən quruluşundan
Musiqi səsi hiss edən bir nəfər
Bir alət yaradıb,
adı gitara.
Şadam ki,
Sərnişinlər sürətdən qorxmayıb
Özləri, təyyarənin surətini geyindirib qatara
Sonda bu alət,
quruluşundan istifadə ilə, edib bütün
janrlara səfər.
Nəysə,
gedirəm.
20 ildən sonra sənəm.
Görək,
həyat bizə bağışlayar mı?
İki qutu siqaret, pendir, çörək
Şərabı da,
mağazadan edəsən qarət
Skamyada sızasan
Bir qız da, ayılmağını gözləyib, saçların hörə
mənzərəni gizlədən pəncərənin,
zaman boşluğuna çəkən şüşələrini qırsan
Görərsən ki,
qarşısında ilk dəfə hərəkət hiss edən,
ağac qədər həyəcanlısan
Nəfəs alırsan,
aldırırsan
Yer kürəsindən faydalı canlısan.
- Hansı planetə görə?
Elə bunu soruşmağından qorxurdum.
Müalicəm bitdi,
Əl-ayağımı aç.
Etdiklərim dəhşətlidi.
Sənə
belə bir keçmiş vermək istəməzdim, amma məcburdum.