Kukla teatrı 92-ci mövsümə start verib
TEATR
- 05.09.2023
- 0 Şərh
- 6854 Baxış
Azərbaycan Dövlət Kukla Teatrı da özünün 92-ci teatr mövsümünə start verib.
Teatrdan Yarpaq.az-a bildirilib ki, bu münasibətlə kollektivin geniş tərkibli toplantısı keçirilib.
Tədbiri sənət ocağının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə açaraq, yeni mövsümün başlanması münasibətilə kollektivi təbrik edib, hər kəsə yeni yaradıcılıq uğurları arzulayıb.
Məhsuldar keçən ötən mövsümdən danışan, yaradıcı heyətin uğurlarını sadalayan teatr rəhbəri bu mövsümdə də maraqlı layihə və yeni yaradıcı ideyaların realizə olunacağını, cari repertuar tamaşalarının hazırlanması ilə yanaşı, yeni mövsüm üçün nəzərdə tutulan təşəbbüslərin anonsunu da verib.
Teatrların məzuniyyəti müddətində də kuklaçıların səyyar tamaşalar, mədəni-sosial layihələrdə, böyük maraqla iştirak etdiklərini də xatırladıb.
O, avqust ayında işğaldan azad olunmuş Laçında keçirilən "Laçın Şəhər Günü” tədbirləri çərçivəsində teatrın və teatrın nəzdindəki "Oyuq” teatr-studiyasının tamaşa-konsertlə çıxış etdiyini qeyd edib.
Görüşdə, həmçinin Ulu Öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar ilin sonunadək görüləcək işlərə nəzər salınıb, yeni mövsümün başlanma tarixi elan olunub.
Direktor bildirib ki, teatr özünün yeni mövsümünə sentyabrın 15-də - "Bilik günü”ndə start verəcək. Həmin gün balacalar teatrın yepyeni səhnə nümunəsini – "Melisa” adlı (rejissor S.Haqverdiyeva) maraqlı tamaşanı izləyəcəklər.
İlin sonunadək daha iki tamaşanın hazırlanacağını da deyən R.Əhmədzadə kollektivə beynəlxalq festivallara dəvətlər ilə bağlı ünvanlanan çoxsaylı məktublar barəsində də məlumat verib.
Tamaşaların hazırlanması, teatrın saxlanması üçün mövcud bazar qiymətləri nəzərə alınaraq bilet qiymətinin 5 manat müəyyən edildiyini və artıq sentyabr ayından etibarən bilet satışının İticket vasitəsilə olunduğunu da diqqətə çatdırıb.