Lamiyyə Məmmədova. Peşmanlıq (Hekayə)

Lamiyyə Məmmədova. Peşmanlıq (Hekayə)

"Kitab evi"nin qarşısına çatanda saat 11:00 idi. Artıq yağış məni islatmışdı. Saçlarım islanıb üzümə yapışmışdı. Xardal rəngli paltomun çiyinləri islandığı üçün rəngi daha da tünd olmuşdu. Çantamı eşələyib telefonumu çıxardım. Ona "Mən mağazanın qarşısındayam” yazdım. Göndər düyməsini basıb başımı qaldırıb mağazanın içinə baxanda onun bir kitabı maraqla vərəqlədiyini gördüm. İçəri girib, yaxınlaşdım ona. Nə mesajın gəlməsini, nə də mənim ona yaxınlaşmağımı hiss etməmişdi. Qarşısında dayanıb gülümsədim. Başını qaldırıb, eynəyi burnunun üstünə çəkdi. 3 saniyə diqqətlə üzümə baxdı və gülümsədi. 
-Nə yaxşı tez gəldin.
-Tez? Sən mənə mesaj yazan vaxtdan düz 1 saat keçib. Bilirsən də hazırlaşmağım vaxt alır
-Bilirəm,bilirəm...
-Hə, nə edəcəyik, planın nədir?
-Gəl əvvəlcə burda bir çay içək. 
-Yəqin ki, bütün istirahət günümüzü kif qoxan kitab evində keçirməyəcəyik?!
- Heç olmasa bir saat oturaq.
Mən narazı halda başımı yelləyərək razılaşdım. Könülsüz razılaşdığımı görüb dedi:
-Guya başqa hara gedəcəyik ki, hava yağışlıdır.
- Kinoya ya da... ya da nə bilim, karaokeyə
-Boş və mənasız.. vaxt itkisi...
-Niyə belə deyirsən axı? Mənim nə düşündüyüm, nə istədiyim sənə maraqlı deyil? Hər dəfə belə olur. Kitabların arasında həftəsonu. Bir saatını da mənim üçün ayırasan bəlkə? Bu görüşmək sayılmır. Sən öz işinlə məşğul olursan, mən də səni izləyirəm. Çox darıxdırıcıdır. Belə sevgili olmaq olur? Bir ətrafına bax, gör hamı necə gözəl münasibət qurur. Hə, mən səni sevirəm. Bu ayrı məsələ. Təkcə bununla yaşamaq olmur. Bir-birimizin istəklərinə anlayışla yanaşmalıyıq axı.
Çox əsəbləşmişdim. Səsimin get-gedə yüksəldiyini hiss edirdim. O, isə bircə kəlmə də demədi. Əlindəki qələmini və açıq olan qeydlər kitabçasını bağlayıb çantasına qoydu. Paltosunu geyindi, ardınca da eynəyi çıxarıb paltosunun qoltuğuna qoydu və çantasını götürdü. Mən təəccüblə onu izləyirdim. O, üzümə baxdı. 
-Amma... amma mən...nə isə, - deyib kitab evindən çıxdı. Mən heç nə anlamırdım. 
Ondan sonra mən də oranı tərk elədim. Öncə asta addımlarla bir xeyli yeridim. Daha sonra üşüdüyümü hiss etdiyimdən addımlarımı tez-tez ataraq evə tələsdim. Evə girib əynimi dəyişdim. Üzgün olduğum bütün vaxtlardakı kimi yenə də isti şokolad hazırlayıb, film seçib baxmağa başladım. Adyala bürünüb bu həftəsonumu da belə tamamladım. 

Həmin gündən sonra onu bir də görmədim. Nə özü məni axtardı, nə də mən onu. Ona əsəbləşirdim. Heç nə demədən çıxıb getdi və bircə mesaj belə yazmadı. Sonralar bir neçə dəfə yenə "Kitab evi"nə getdim, amma onu görmədim. Yəqin daha ora gəlmirdi. Bizim masamızda başqa bir cütlük otururdu. Elə xoşbəxt görünürdülər ki...
                             

*                       *                        *

Biz onunla fərqli idik. O kitabları və sakitliyi sevirdi, mən isə əyləncəni. Qəzetlərdən birində redaktor işləyirdi. Vaxtının çoxunu mütaliəyə sərf edir, məqalələr yazırdı. Mən həmin il universiteti bitirəcəkdim. Kitab oxumağa hövsələm çatmırdı. Dərsdən sonra rəfiqələrimlə birlikdə əylənmək üçün mütləq bir şey axtarıb tapırdıq. Amma onu tanıyandan sonra mən bir çox maraqlarımdan uzaqlaşmışdım. Darıxdırıcı biri olmuşdum. Birlikdə çox az vaxt keçirirdik. 

Həftə sonları görüşüb bir saatdan çox kitab evində otururduq. O, müxtəlif kitablara baxır, bir neçə kitabdan özünə lazım olan qeydləri dəftərçəsinə yazırdı. Arada çayından da qurtum-qurtum içirdi. Mən onunla çox sıxılırdım. Demək olar ki, heç nə danışmırdıq. Mən ona sual verirdim, o, isə qısa cavablarla məni razı saldığını düşünürdü. Susaraq izləyirdim onu. Belə  görüşlərdən birində "Kitab evi"ndən çıxanda mənə evinə getməyi təklif eləmişdi. Onda bir anlıq düşünmüşdüm ki, evinə gedib nə edəcəyəm? O yenə kitab oxuyacaq, nələrsə yazacaq, cızma-qara edəcək, mən də sıxıntıdan bu otaqdan o otağa, o birindən bu, birisinə gəzəcəyəm.

-Yox mən gəlməyim. Sən get. Qeydlər götürdün yəqin ki yazıların olacaq.

-Sən mənə mane olmursan.

Yadımdadır ki, heç nə demədim ona. Amma deyiləcək çox şey var idi. Ondan ayrılıb evə tərəf üz tutdum. Metroya düşmədim. Gəzmək istədim. Hava sakit idi. Gün yağışlı olsa da, amma mən çıxanda yağış artıq dayanmışdı, yalnız xırda damcılar hərdən yanaqlarıma toxunurdu.  Külək yox idi. Bakını küləksiz təsəvvür etmək çətindi. Hərdən belə də olur. Başımı qaldırdım buludlara baxdım. Qayğısız buludlar. Topa-topa boz buludlar göyün üzündə sürünürdü. Düşündüm. Məsələn, bir bulud olsaydım. Qayğısız gəzərdim göy üzündə. Əsəbləşəndə ya da kədərli olanda ağlayardım. Göz yaşlarım torpağa məlhəm olardı. Ən azı bilərdim ki, göz yaşım faydalıdır. Ən yaxın rəfiqəm isə Günəş olardı. Onunla üz-üzə dayanıb söhbət edərdim. Ağlamaq istədim. Niyə ağlayıram ki? Məgər özüm seçmədimmi bu yolu? Hamı bu adamın mənə uyğun olmadığını dedi, mən isə dinləmədim. Çünki ona aşiq olmuşdum. Çünki sevirdim onu. Onun da mənə sevgisi var idi, mmma mənim qədər yox...

   
                             *                       *                        *

-Bu gün çox mühim iclasımız var. Ona görə tez getməliyəm şirkətə.Bəlkə axşam da gec qayıtdım.

-Əzizim, Saranı bağçadan mən götürəcəm.Sən narahat olma. 

-Yaxşı, - deyib yanağımdan öpdü. Pillələri tələsərək endi. 

Hava gözəl idi. Çıxıb bir az gəzməyi qərara aldım. Qayıdanda da Saranı götürüb gələrəm, deyə düşündüm. Amma hələ tez idi. Eynəyimi taxıb, kitab rəfimə yaxınlaşdım, yarımçıq qalmış "Anna Karenina” nı əlimə götürüb, yelləncək stulumda oturdum. Bir də baxdım ki, kitab bitib. Saat da 3:00  olub. Saat 5:00 də Saranı bağçadan götürməliydim. Tələsik hazırlaşıb evdən çıxdım. Yolüstü isti qəhvə alıb içdim. Saranı bağçadan götürüb qayıdanda o, qarşıma çıxdı. Düz 5 il sonra. Əvvəlki kimi idi: gözündə eynək, çiynində kompüter çantası, əlində bir neçə kitab. Bütün həyatım gözümün önündən keçdi. Onlu günlərim. İndiki mən onun yaratdığı qadın idim. Bunu elə həmin an hiss etdim. Sara əlimi dartaraq:

-Ana gedək, - deməsəydi bəlkə də yerimdən tərpənməzdim. O, yenə susaraq yanımdan ötüb keçərkən birdən ayaq saxlayıb:

-Sənə çox bənzəyir, - dedi. İllər sonra səsini eşitmək içimdə yaranan boşluğu doldurdu. O, getdi. Mən də kor-peşiman dalınca baxdım.