Maya Ancelo. Şeirlər

Maya Ancelo. Şeirlər

Maya Ancelo (1928-2014) – Afroamerikalı yazıçı, multikultural Amerika və feminist ədəbiyyatın ən görkəmli simalarından biri. Ədəbiyyat aləmində ilk dəfə 1969-cu ildə dərc olunan "Mən bilirəm qəfəsdəki quşlar niyə oxuyur” adlı avtobioqrafik romanı ilə şöhrət qazanıb.

Tənha

Uzanıb bütün gecəni
Fikirləşəndə
Necə tapa bilərəm ruhuma
Suyun susamadığı
Çörəyin daşa dönmədiyi bir evi
Nəhayət, yanlış olmadığını düşündüyüm 
Bir qənaətə gəldim ki,
Heç kəs
Amma, heç kəs
Bu dünyada tək başına bacara bilməz.

Tənha, tək-tənha
Heç kəs, amma, heç kəs
Tək-tənha bacara bilməz.

Bəzi milyonerlər var
Xərcləyə bilmədikləri pullarıyla
Arvadları ortalıqda kabus kimi gəzir,
Blüz mahnıları oxuyur uşaqları.
Bahalı həkimləri var
Daşdan ürəklərini sağaltmaq üçün.
Amma, heç kəs
Yox, heç kəs
Burada təkbaşına bacara bilməz.

Tənha, tək-tənha,
Heç kəs, amma, heç kəs
Tək-tənha bacara bilməz.

İndi diqqətlə dinləsən məni
Danışaram sənə bildiklərimi.
Toplanır  fırtına buludları,
Əsməyə başlayır küləklər,
Əzab çəkir insanlıq
Və eşidirəm iniltiləri.
Çünki heç kəs,
Və heç kəs
Burada tək başına bacara bilməz.

Tənha, tək-tənha
Heç kəs, amma heç kəs,
Tək- tənha bacara bilməz.


Qeyri-adi qadın (şeir)

Gözəl qadınlar bilmək istərlər nədədir sirrim
Sevimli deyiləm, doğulmamışam model ölçüsündə
Amma danışmağa başlayanda,
Yalan dediyimi düşünürlər.
Deyirəm ki,
Qollarımın arasındadır.
Ombalarımın genişliyində,
Atdığım addımlarda,
Qıvrılan dodaqlarımdadır.
Qadınam mən,
Görülməmiş,
Qeyri-adi qadın.

Otağa daxil olaram,
İstədiyiniz kimi soyuqqanlı bir şəkildə.
Bir kişiyə yaxınlaşaram
Ayağa qalxar bütün kişilər
Ya da qabağımda diz çökərlər.
Sonra arı sürüsü kimi 
Ətrafımda dolaşarlar.
Deyirəm ki,
Gözlərmin atəşində,
Dişlərmin parıltısında,
Yırğalanan belimdə
Ayaqlarımın coşqusundadır.
Qadınam mən ,
Görülməmiş,
Qeyri-adi qadın.

Kişilər də bilmək istərlər,
Mənim sirrimi.
Çox çalışarlar,
Amma toxuna bilməzlər
Daxilimdəki müəmmaya.
Göstərməyə çalışanda isə
Görə bilmədiklərini deyərlər.
Deyirəm ki,
Kürəyimin əyriliyində
Gülüşümün günəşində
Titrəyən sinəmdə
Qamətimin incəliyindədir.
Qadınam mən 
Görülməmiş 
Qeyri-adi qadın.

İndi anlayırsan,
Niyə əyilmir başım.
Qışqırmaram, atılıb düşmərəm,
Ucadan, yüksək səslə danışmaram.
Yanından keçdiyimi görmək
Qürurunu oxşamalıdır.
Deyirəm ki,
Dabanımın taqqıltısında
Saçımın buruğunda,
Əllərimin içindədir.
Çünki, mən qadınam
Görülməmiş,
Qeyri-adi qadın.

 
Mələyin toxunuşu

Cəsarətin nə olduğunu bilməyən,
Xoşbəxtlikdən didərgin düşən bizlər,
Yaşayırdıq sarılıb tənhalıq topunun mərmisinə.
Lakin sevgi öz müqəddəs məbədini tərk etdi,
Yanımıza gəldi,
Bizi xilas edib həyata qaytardı.

Sevgi gəldiyi qatarla 
Bizə itirdiyimiz xoşbəxtliyi,
Köhnə xatirələrin şirinliyini,
Hətta ötən günlərin ağrı-acısını da gətirdi. 
Əgər güclü olsaq,
Qəlbimizi zəncirləyən qorxulardan da 
Azad edər bizi sevgi.

Tərk edib qorxularımızı 
Cəsarəti tapdıq 
Sevgi işığının hərarətində.
Və qəflətən anladıq
Sevgi bütün bunlara dəyərmiş.
Çünki bizə azadlıq verən 
Təkcə odur. 


Tərcümə: Sonası Vəliyeva

QEYD: 
Vəliyeva Sonası 1997-ci il 22 iyun tarıxində Bakı şəhərində doğulub. 2014-2018-ci illərdə Azərbaycan Dillər Universitinin Filologiya (ingili dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alıb. Hal-hazırda təhsilini magistr dərəcəsi üzrə Xəzər universitetində linqvistika bölməsində (ingilis dili üzrə) davam etdirir.