Mehman Qaraxanoğlu Əlahəzrət sabun ... (Esse)

Mehman Qaraxanoğlu Əlahəzrət sabun ... (Esse)

Pandemiya günlərində ədəbi sezintilər

Özünü tapa bilməməyinin ucbatından çıxış yolunu metafora küpündə gizlənməkdə tapan yazarlarımız da vardır. Ağıllarına gəlmir ki, yeganə çıxış yolu  məhz həmin küpü sındırıb dışa çıxmaqdadır...

***

Adda-budda yaratdığı gerçək atəşfəşanlığa baxmayaraq, ədəbiyyat incəsənətin əksər növlərindən geridə qalır. Səbəblər çoxdur! Ən əsası, "Əvvəl söz olub!” ilahi vəhyini hərfi anlamda qəbul edib, onu eqoistcəsinə vəhşi istəklərimizə uyğunlaşdırmaq cəhdlərimizlə bağlıdır. Niyə hərfi anlamda?! Çünki o "söz”ün də  ən azından, mənalı səslərdən hörülüb qurulduğunu "unutmuşuq”. Əgər biz haray-həşir salmadan, əvvəl səsin mövcudluğunu qəbul etsəydik, dünyanı daha geniş, daha harmonik və gözəl qavramış olardıq. Çünki səs özündə sözü, musiqini, rəngi, rəqsi və sairəni daha doluluqla ehtiva edə bilir...

*** 

Gur yağış başımın üstündə tutduğum çətiri qaranəfəs döyərək sanki içəri keçməyə icazə verməyimi istəyir. Mən utanıb eləmədən, həyasızcasına səsimi çıxarmıram...

***  

Bizim bu gen dünyada bircə haqqımız qalmışdı: Könüllü inzivaya – guşənişinliyə, təkliyə, tənhalığa çəkilmə haqqımız. Onu da əlimizdən aldılar. İndi dur, qışqır, de ki, mənəm Yer üzünün əmiri, mənəm azad insan!!!

***  

Pandemiya günlərində Əlahəzrət söz mənim üçün Əlahəzrət sabun qədər şərafətli deyildir...

*** 

" – İndi neynək? – Tövbə etmək lazımdır. – Axı, mən dünən tövbə etmişdim”.
"Kabiriya gecələri” filmindən

"Tövbə” sözünü eşidən kimi ağlıma ilk Dostoyevskinin "Karamazov qardaşları” romanı gəlir. Romanı "Coşqun qəlb”in tövbə odası” da adlandırrmaq olar. Əsərdə, demək olar ki, bütün personajlar günahla tövbə arasındakı o "kiçik” ərazidə xaotik bir şəkildə "uçuşur”, kimin hara gedib, haradan çıxdığı bilinmir, tövbə və günah rəfləri sanki səhv-dəyişik düşüb; günah tövbə üstünə, tövbə də günah üstünə yığılır, qalaqlanır... 

Əgər Nitşe Allahı bicə dəfə öldürürsə, Dostoyevski tək bu romanında Allahı yüz dəfə öldürür. Əslində, Allahın əsl qatili də məlum olur: Bu, qadındır – Qruşenkalar... Qəribə orasındadır ki, Allaha "nəfəs üfürüb” onu yenidən dirildən  yenə də qadın olur: Həmin "Qruşenka”lar...

***   
  
Pianinosuz bircə saat qala bilməyən musiqiçi ərli lal qadın əsl sevgisini tapandan sonra öz əlləri ilə həmin pianinonu okeanın ən dərin sularında dəfn etməyə hazırdır. Və belə də edir. Sevgi varsa, heç musiqiyə də ehtiyac yoxdur! "Pianino” filmində bu amansız həqiqət düz tamaşaçının gözlərinin içinə deyilir... 

Amma bizi daha çox filmdə söz və cümlələrdən maksimum az istifadə, qənaət heyrətləndirir. Özüm özümə deyirəm: Niyə biz ədəbiyyatda, xüsusən, nəsr əsərlərində sözə bu qədər "aludəçilik” göstərir, israfçılığa yol veririk?! Əsas səbəb kimi incəsənətin digər növlərindən ədəbiyyatın xeyli aralı düşməsi, uzaqlaşmasını qeyd edə bilərik. 

Niyə muğam, caz, rəsm, simfoniya, balet, rəqs, miniatür və s. üzərindən yazılan əsərlərimiz yoxdur? Dünya ədəbiyyatında belə ədəbi praktikalara tez-tez rast gəlinir. Amerika yazıçısı Den Braunun "Da Vinçi şifrəsi” romanının tez bir zamanda bestsellerə ("yaxşı satılan” əsərə) çevrilməsinin bir səbəbini də burada axtarmaq lazımdır. Müəllif oxucuların diqqətini dünyanın ən müəmmalı və sirli rəsmlərindən birinə - Leonardo da Vinçinin "Vitrivius adamı” eskizinə yönəldərək, mistik və detektiv bir əsər yaratmış və bunun fonunda alternativ bir din tarixini təqdim etmişdir. 

Orxan Pamuk da bu yöndə misilsiz örnəkdir. Onun "ən rəngli və qorxulu romanım” adlandırdığı "Mənim adım qırmızı” romanı miniatür və naqqaşlıq sənəti üzərində heyrətamiz variasiyaları və qeyi-adi xırdalıqları ilə oxucunu ovsunlayır. Müəllifin şah əsərinin adı da "rəngli”dir: "Qara kitab”. Hələ onun "Başqa rənglər” kitabını demirik. Göründüyü kimi, bu yazıçı təkcə sözlərlə işləmir,  paralel olaraq  rəng və səslərlə də məharətlə "yanqlyorluq” edə bilir. 

Mətnin bu yerində XX yüzilin ən "rəngli” şairi Səməd Mənsurun (1879-1927) "Rəngidür” şeiri haradansa uçub gəldi. Mən onun qarşısını kəsə bilmədim:

Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngidür,
Məscidü meyxanə rəng, eyşü ibadət rəngidür,
Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngidür,
Rəngdir hər dürlü matəm, hər məsərrət rəngidür,
Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidür.

Tarix bizim üçün xeyli sayda paradokslar -  mədəni, kobud, qəddar boşluqlar, qorxunc dəliklər, sirli mağaralar qoyub gedib. (Amma getməyib!) Yazıçı qorxu-ürkü bilmədən oralarda gəzişib, öz variantını təqdim etməyi bacarmalıdır. Bizdə belə bir addımı ilk dəfə Kamal Abdulla atdı. (Bizi düzgün başa düşün, o, tarixi roman yazmadı, öz romanının tarixini yazdı) O, "Dədə Qorqud”un az qala tabulaşan, müqəddəsləşən on iki boyuna – on iki ölkəsinə gizli səyahətlər edib bütün semantik boşluqları işarələdi. "Bütün” dedik, amma tarixin qəfil qum qasırğaları altında qalmış məchul boşluqları da vardı, onları da yaddaşında işarələdi. İnvariantlar kimi. Və "Yarımçıq əlyazma” yarandı. 

"Dədə Qorqud” eposu, obrazlı desək, müəllif üçün "fironlar vadisi”dir, o, istənilən vaxt yenidən ora qayıdıb yeni "qazıntı”lar apara bilər. Kamal Abdulla sübut etdi ki, mifləşmiş tarix üzərinə bu cür də getmək olarmış... 

Yazıçılarımız da maddi və mənəvi sərvətlərimizin üzərinə bizim Kamal Abdulla, amerikalı  Den Braun və türkiyəli Orxan Pamuk kimi gedə bilərlər...

***    

Nədənsə, ədəbiyyatda "kino dili” deyərkən canımıza qorxu düşür; elə bil bu dil bizə qalın kitablar yazmağa mane olacaq, bizi romançı kimi tanımayacaqlar. 
Məlum olduğu kimi, kino dili görüntü ilə müşaiyət olunur. Ədəbiyyat isə bu texniki imkandan məhrumdur. Lakin bu, ədəbiyyatın kino dilinə yaxınlaşmasına mane ola bilməz. Əgər söz obraza və ya  obrazın bir əzasına çevrilə bilmirsə, onu ora-bura dağıtmağın mənası yoxdu. Hər bir sözün qulağına mətndəki funksiyası və adı deyilməlidir. Ola bilsin ki, başqa bir mətndə həmin söz və ifadə başqa ad və funksiya altında çıxış etsin. 

Ədəbiyyatda görüntü sözün mahiyyətində, nüvəsindədir. Ard-arda şəkillənən sözlər çox zaman mahiyyətə gedib çata bilmir. Gərilmiş vücudumuzla qədim üçayaqlı fotoaparatın deşiyinə baxıb, oradan – o qara dəlikdən mahiyyətin  necə "pırr edib” uçmasına inanmalıyıq...