Mehman Qaraxanoğlu. Heç dilin səthinə endinmi?! (Ədəbi sezintilər)

Mehman Qaraxanoğlu. Heç dilin səthinə endinmi?! (Ədəbi sezintilər)

Mirzə Cəlilin bütün yarıdıcılığı canını fəda etdiyi, sevdiyi millətinin bir şəfa qaynağı və ya "diaqnostik mərkəzi"dir. O dahinin hər bir xırda diskursunun içi və qabığı Vətənə, Dilə, Millətə sevgidən "partlayır”...

***

Mətni "oxuyub” anlayan tənqidçi (təhlilçi) onu hamının başa düşdüyü bir dildə çatdırmalıdır. Başqa cür olsa, öz anlamsızlığını gizlətmək üçün yüz oyundan çıxmalı olacaq. Və çıxır da! Bunların içərisində ən rahat yol Şeyx Nəsrullahlıq eləməkdir. Şeyx Nəsrullahlıq ilk növbədə bir dil hadisəsi - "qrammatik hadisə”dir. Yəni, şeyxi "oxumuşlar”ın yanında "elm dəryası”na oluşduran ərəb dilindən Azərbaycan dilinə çox "mükəmməl” eniş etməsidir. Əcnəbi dil paraşütü açılaraq doğma dil ərazisini büsbütün zəbt edir. Bizim "oxumuşlar” da qalır o paraşütün altında. Bəs nə etməli?! "Leksikoqraf " Şeyx Əhməd köməyə gəlir... 

Ədəbiyyatımızda yetərincə Şeyx Nəsrullahlıq edənlər vardır. Onlar bədəni çoxdan soyumuş ölü mətnləri əcaib-qəraib terminlərlə yüklənmiş bəlağətli bir dillə "dirildib” əfkari-ümumiyə çatdırırlar.  Özləri də bilirlər ki, Şeyx Əhmədsiz keçinmək olmaz. Çox zaman onlara Şeyx Əhmədlik edən haqqında yazdığı yazarlar olur.  Belə götürəndə, Şeyx Əhməd Şeyx Nəsrullahdan daha təhlükəli tipdir. 

Xatırlayın: Caduları ilə məşhur olan Məstəli şahın da yanında Qulaməli adında bir qulbeçəsi həmişə müntəzirdir. Onsuz Məstəli şah də bir heçdir...

***

Bir cümlə qurmaq bir hücrə qurmaq qədər çətindir. Təəssüf ki, yazarların çoxu hücrə üçün gərək olan "tikinti materialları”nı – söz, söz birləşməsi, cümlə, vergül, nöqtə, qabıqcıq, sual və nida işarələrini... hara gəldi tolazlayırlar. Və təbii ki, hücrə yenə qurulur, amma... Elə ən qəliz məsələ də bu "amma"dan sonra gələnlərdir...

***

Sizin xəbəriniz varmı ki, böyük Mirzə Fətəli Müsyö Jordan obrazı ilə dilimizin sərhədlərini Parisəcən cəkib uzatdı?!

***

Biz öz dilimizin cazibəsindən çıxıb başqa dil planetlərinə daxil olmalıyıq. Lap o planetlərin adı olsun "Surruqat Ana”lar! Amma bu baş verməlidir! Çünki bunsuz mümkün düyildir – Yerdənkənar qrammatikalara gedib çıxmasaq, monotonluqdan əziyyət çəkməli olacağıq. 

İlk möhtəşəm cəhd Nəsimidən gəldi: "Sən bu Nəsiminin dilini anla, sözün bil, Kim, var bu dildən özgə bir lisanımız”. Və ya: "Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, bir quş dilidir, bunu Süleyman bilir ancaq”. İnandınmı?! 

İkinci addımı İsa Muğanna atdı. O, ədəbi fəaliyyətə "İnqilab və Mədəniyyət” jurnalında çap olunan "Ana dili oxuyan yerdə” yazısı ilə başlayıb! 1949-cu ildə, 21 yaşında! İlk dəfə böyük ədəbiyyata ana dili haqqında yazı ilə gəlmək! Bu, nədir, təsadüfdürmü?! Yox! Bəlkə, mistik bir təsadüfdür? Yenə də yox! Bəs nədir? Çox-çox arxada olan irreallığın, sadəcə, əvvəldə fokuslanması! Sonrakı bütün çabalar "Saz”, "Teleqram”, "İdeal” və "Yanar ürək”dən keçib, dolanıb, fırlanıb İsa Muğannanı yenə əvvələ - 21 yaşının hüzuruna gətirəcək. Onun özünü dinləyək: "Mənim babalarım OdƏr dilinə, o mədəniyyətə bələd olublar. Bu gün OdƏr dili, OdƏr xalqı barədə həqiqətlər dünyaya düzgün çatdırlılmadığına görə bugünkü bəlalar baş verir. Mən planetlərdən Ün eşitməyə başlamışdım…”. Sözün bitdiyi yerdir!

Və üçüncü cəhd (Həm də bu, üçüncü deyil, ikinci ilə üçüncünün aralıq məsafəsində olan bir cəhddir!) Kamal Abdulladan gəldi. "Radikal” dil sevdalıları onu top atəşinə tutub Azərbaycan dilini bilməməkdə suçladılar. Böyük dil mütəxəssisinə, semiotikə qarşı bu cür primitiv bir ittiham irəli sürmək, ən azından, epoxal bir ironiya idi. Kamal Abdullanın cavabı da özünü çox gözlətmədi: "Mən Azərbaycan dilində deyil, Azərbaycan dilinin potensialında yazıram!”. Zənnimizcə, bu cavab da tarixin yaddaşında hələ uzun müddət qalacaq...   

***

"Dil varlığın evidir”. Lüdviq Vitgenşteyn belə deyir.

Bəs niyə özünü öz evində kirayənişin kimi aparırsan?!

Sən heç olmasa bircə dəfə Dilin səthinə (Ayın, yox!) enmisənmi? Oradan gözəllər gözəli evinə baxmısanmı?! Sən yuxarılara qalxdıqca evin də səninlə qalxacaq. Çünki bu ev sənin, sən də bu evin içindəsən! Gördünmü Nəsimi haralara qalxdı?! Nəsimini asmaqmı, kəsməkmi, doğramaqmı olar?!

***    

Sənin adın yağışdı. Mənim adım adamdı. Biz dünyaya eyni vaxtda gəlmədik. Lap eyni vaxtda gəlsəydik, nə dəyişilərdi?! Bəzən eşidirik: Mən filankəslə eyni dövrdə (zamanda!) yaşadığıma görə özümü xoşbəxt hesab edirəm. Xoşbəxt olmaq üçün başqa bir bəhanə tapa bilmədinmi? Sən "eyni zaman” ifadəsini hansı dil karxanasından tapıb çıxartdın?!  
          
***

Bizim bir sevgilimiz və bir əğyarımız vardır: Onun adı "söz”dür! Cümlədəki iki "bir” səni aldatmasın, "bir” elə həmişə "bir”dir – təkdir! Yaşam boyu sözlə təkbətək duracaqsan! Özünü asıb kəssən, lap bitirsən də heç zaman bu sözləri dilinə gətirə bilməyəcəksən: Söz, Allah ya sənə verəcək, ya da mənə! Çünki Allah hər şeyi sözə verib...