Mehman Qaraxanoğlu. Qan oğruları (Ədəbi sezintilər)

Mehman Qaraxanoğlu. Qan oğruları (Ədəbi sezintilər)

Son "sezintilər”imdə yazmışdım: "Dil varlığın evidir”. Alman filosofu Martin Heydeqqer (1889-1976) belə deyir.

Bəs niyə özünü öz evində kirayənişin kimi aparırsan?!”

Hörmətli professorumuz Niyazi Mehdi lütf göstərib mətni paylaşdı və qeyd etdi: "Heydeqqerə əla əlavədir. Hərçənd nə anlamda "dil varlığın evidir" - bunu açsan yaxşı olar. O anlamda ki, bizim dünymızın sınırları dilimizin sınırlarıdır?”

Sorunu təxminən bu cür cavablandırdım: 

"Hörmətli Niyazi müəllim! "Dünymızın sınırları dilimizin sınırlarıdır". Dürüst və həm də çox "qəddar" bir tezisdir. Düşünürəm ki, sınırları pozmağa cəhdlər də lazımdır. Başqa cür desək, öz dilimizin - evimizin cazibəsindən "çıxıb" (mütləq anlamda mümkünsüzdür!) onun səthinə enməyi də bacarmalıyıq. Yenə "başqa" cür desək, evimizi tərk etməyi bacarmalıyıq. Bizdə bunun üçün Qazan xan örnəyi vardır. O kişi ildə bir (bəlkə də 2-3 dəfə!) öz evini yağmalatdırırdı. Yağmalayanlar özgə deyildi, özümüzünkülər idi. Biz də ən azından, Türk dil ailəsinin ən qədim sakinlərinə dil evimizi "yağmalatdırmalıyıq". Bundan qorxmamalıyıq. Qazancımız - onların qoyub getdikləri "izlər" olacaq. Buna alışandan sonra yağmalanmanın əhatə dairəsini daha da genişləndirməli olacağıq... Evimizə "xaricilər"i də dəvət edə bilərik. Bütün hallarda dilimiz qazanacaq! Dilin (evin! ) daxilində köklü dəyişimlər olmasa o da darıxdırıcı olacaq. Yazıda adları çəkdiyim sənətkarlar – Nəsimi, İsa Muğanna və Kamal Abdulla da kosmik anlamda bunu hiss ediblər. Xanəmir Telmanoğlunun da, sizin də bu yöndə çabalarınızı görürük. Birincisi, təbii ki, poetik istiqamətdi, amma həqiqət budu ki, o adam duran yerdə "quş dili"ndə danışmağa ehtiyac duymayıb! Siz isə elmi-bədii-konseptual yolla gedirsiniz. Məhz bu yolu götürməliyik! Niyə "bədii" dedim? Çünki "dil evi" monoton və darıxdırıcı olanda alim yazıçıya dönüşür, dünyada buna parlaq örnəklər vardır. Sizin də son romanınız bu məqamı təsdiqlədi. Geniş dil fəzasına canatımlar roman təfəkküründən gələn ciddi siqnalları simvolizə edir...”.

Sonra Ustadın öz əlavəsi gəldi: "80-ci illərdə mən bir məqaləmdə göstərmişdim ki, dilin dünyamıza qoyduğu sınırları musiqi, ədəbiyyat kimi o biri işarələr sistemi genişləndirir”. 
Dəqiq qənaətlərdir!

***

Bugünə, bugünün ədəbiyyatına uduzan çox sayda yazarlar guya gələcəyi, gələcək nəsilləri hədəfləyib kitab çap etdirdikləri haqda cəfəng şeylər uydururlar. Guya gələcək durub onların yolunu gözləyir. Guya gələcək nəsillər onların boz, primitiv, mənasız düşüncələri olmadan yaşaya bilməz. Onlar hər şeyi öz ampulasında görürlər -  gələcək də onların təsəvvüründə nimdaş keçmiş, durğun "indi”dir. Sizə iki "ev tapşırığı” verirəm, cənablar: 1. Hələ bir gələcəyin var olub olmadığını dəqiq ayırd edin. 2. "Gələcəy”in "indi”də olduğundan xəbəriniz varmı?!

***

Bizi Yerə, göyə, Kosmosa və bütün Zamanlara daşıya bilən simvolik bir qatar vardır: Onun adı kitabdır! Qoşa rels də, maşinist də, yaxın mənzillər, "uzaq” sonsuzluqlar da,  fit də, sükut da onun özüdür! Günün hansı saatında, hansı havada və hansı stansiyada düşəcəyimizdən asılı omayaraq o, daima bizi müşaiyət edir. O, dəqiq cədvəl üzrə işləmir. Əslində, zaman onun üçün mövcud deyildir. Biletin oldu, olmadı, onu bir təbəssümlə də saxlamaq olar. Haydı, əzizlərim... 

*** 

Mən niyə yazıram?! Heç bu sualı özünə vermisənmi? Bilirəm, gənclik illərində bu, bir şöhrət, tanınmaq istəyi, başlıcası, çəkici bir həvəs idi. Özü də bizdə kütləvi həvəs! Hamı yazır, mən niyə yazmayım? – təfəkkürü! Həm də avtoritar epoxada yazarın hər bir misra və cümləsinə "qucaq-qucaq” pul verilirdi. Doğrudur, sən bu dövrü yaşamamısan. Amma bunun arxetip kimi sənə ötürülmədiyini sübut edə bilərsənmi? Bəs indi?! Niyə zamanında demədin: Həvəsdi, bəsdi! İndi də geri dönməmək üçün bəhanələr uydurursan. Guya yazmaqdan başqa əlindən heç nə gəlmir! Guya sənə İlahidən vəhy gəlir! Vəhyi şeytani vəsvəsə ilə səhv saldığından xəbərin varmı? Guya ədəbiyyatdan başqa səndə hər şey ikrah doğurur! Ən çox da Frans Kafkanın bu fikirlərini hara gəldi "dağıdırsan”. Amma sən bu fikirləri kontekstdən çıxarıb söylədiyinə görə özün də ikrah doğurursan! Kafkanın yaşadıqlarının sıfır tam mində birini yaşamısanmı?! Absurduluqda uçmusanmı? Tənhalıqdan qanadların çıxıbmı? Eqolu, ambisiyalı atana yüz səhifəlik, "sevgilin”ə isə minlərlə  məktub yazmısanmı? Çevrilmisənmi? Qırx yaşında "ölmüsənmi?!” Qaranlıqda gözlərini tavana zilləyib özünə təkrarən sual ver: Həqiqətənmi ədəbiyyatdan başqa səndə hər şey ikrah doğurur?! Bəs komfort həyat, qırmızı şərab, gözəl qadınlar?! Biz səndən cavab istəmirik...  

***

Hələ də plagiatlığı səs, hərf, söz, söz birləşməsi, cümlə, mətn oğurluğu səviyyəsində qavrayanlar vardır. Bəs ideya oğurluğu? Bir anlıq düşünün: Dahi Lütfi Zadənin ideyalarını kimsə oğurlayıb çıxır öz adına! (Düşünəndə ki, bu ideyalar nə az, nə çox düz iyirmi il qalıb "gözləyib”, adam dəhşətə gəlir! Görəsən, bizdə olsaydı, necə olardı?) Onda nə baş verəcəkdi? Lütfi Zadə bir fərd kimi yox olacaqdı! İdeya varoluşdur, demək! İdeyalar hər bir mətni hərəkətə gətirən qandır – müəllifin qanı! Bir-birinizin qanını oğurlamayın! Qan qruplarının bir-birinə uyğunluğunu öyrənmədən sən bunu necə edirsən?! Düşünmürsən ki, uyğun olmayan qanı özünə köçürməklə ölüm riskini artırırsan?!