Məmməd Araz yaradıcılığında Qərbin təsviri

Məmməd Araz yaradıcılığında Qərbin təsviri

NƏRGİZ İSMAYILOVA

AMEA Naxçıvan Bölməsi

MƏMMƏD ARAZ YARADICILIĞINDA QƏRBİN TƏSVİRİ

Naxçıvan tarixinə nəzər salsaq görərik ki, bu torpaq neçə-neçə dahi şəxsiyyətlər yetirmişdir. Öz şeirləri ilə ədəbi mühitdə  tanınan bədii söz ustadlarından biri də Məmməd Araz olmuşdur.

O, 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil almış, ilk "Yanan, işıqlarım” şeiri 1952-ci ildə çap edilmişdir. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz doğma kəndindəki orta məktəbdə müəllimlik etməyə  başlamış, sonra Bakıya köçmüşdür. Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyən görkəmli şair, 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Bundan sonra o, "Ulduz” jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət” qəzetində,  Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor müavini kimi vəzifələrdə işləmişdir.

1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olan Məmməd Araz, uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etmişdir. Şair xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olan (1992) şairin adına  "Məmməd Araz” mükafatı təsis olunmuşdur (1993-cü ildən).

O,  2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Uğurlu əmək fəaliyyəti ilə yanaşı, uğurlu yaradıcılıq yolu keçən Məmməd Araz  XX əsr Azərbaycan ədəbiyyatında silinməz izlər qoymuşdur. 
Məmməd Araz lirik şairdir. Onun yaratdığı poetik nümunələrdə olan doğmalıq və harmoniya insanı valeh edir. Şeirlərində incə hisslərlə birlikdə məğrur bir ruh da təsvir olunub. Bu Məmməd Arazın vətəninə, elinə olan məhəbbəti ilə bağlıdır.
Məmməd Araz şeirlərində xalq sevgisi, vətən sevgisi ön plandadır. Vətənini, millətini sevən bu geniş qəlbli şairin yaradıcılığını təhlil etmək çox çətin məsələdir. Məmməd Araz qələmlə deyil, ürəyi ilə yazmışdır. Onun , "Azərbaycan deyiləndə ayağa dur ki,
 Ana yurdun ürəyinə toxuna bilər...”
 şeiri buna misal ola bilər. 
Onun şeirləri çox düşündürücüdür. İllər keçəcək amma Məmməd Araz yaradıcılığı öz təravətini heç bir zaman itirməyəcək. Məmməd Arazın poeziyası sanki bir səhnədir və o müxtəlif obrazların dili ilə danışır,  düşünür, ağlayır və bəzən də gülümsəyir....
O, humanist bir şairdir. Onun yaradıcılığı  sadə xalq nümayəndəsi  ilə birlikdə elitar təbəqəyə də xitab edəcək gücdədir . Onun "Nənəmin kitabı”, "Ata ocağı”, "Neftçilər”, "Çoban çörəyi, çoban ürəyi”, "Fəhlə süfrəsi”, "Fəlsəfə müəllim”i , "Bir qələm əhlinə məktub”,  "Rəisin yaltaq qonşusu” kimi şeirləri bu qəbildəndir. 
O, yaradıcılığında xalqın dərdlərini, sevincini əks etdirməklə yanaşı, millətinin övladlarını tərbiyələndirəcək, onlara gələcək həyatlarında istiqamət verəcək əhəmiyyətli fikirlərlə çıxış edib. Məmməd Arazın "Qocanın vəsiyyəti” şeirində deyilir: 

O, qədəm qoymuşdur  yüz on beş yaşa,
Baxırsan, elə bil bir qoca dağdır.
Az qalıb ömrünü o, vursun başa,
Həyatdan əbədi ayrılacaqdır.
Yığılmış yanına neçə övladı,
Qoca öz nəslinə baxır son anda.
Doğrudu, hər ömrün ömürdü adı.
İnsan tək yaşadı osa cahanda.
O, salam verərək beş qərinəyə
Halal zəhmətinin yedi barını.
Yaltaqlıq etməyə, yalan deməyə
Tərbiyə etmədi övladlarını. (1.  s, 137)

Məmməd Araz yaradıcılığında Qərbə münasibət, Qərbin təsviri məsələləri də yer alır. Vətəninə olan sonsuz sevgisi ilə yanaşı, bəşəri sevginin də hiss edildiyi bu yaradıcılıqda bizə Qərblə bağlı bir çox məsələ haqqında fikir söyləmək imkanı yaranır. 

Məmməd Arazın "Bir Almanla tanış oldum” şeirinə nəzər salsaq, görərik ki, şair almanın dili ilə müharibəni lənətləyir, savaşların dünya sivilizasiyasına, insanların mənəvi inkişafına vurduğu zərbələrdən bəhs edir. O, bu şeirində Leninqradda tanış olduğu almanyalının timsalında insanlığın faciəsini göstərir:

Çox analar ağlatmışdım yəqin ki, mən də,
Yüz ocaqda od sönmüşdü hər qumbaramdan.
Öz xarabam sordu məndən geri dönəndə:
"Hanı evin, uşaqların ay evlər yıxan?!” (1. s, 304)

Məmməd Arazın xüsusilə Fransa haqqında yazdıqları çox maraqlıdır.  O, Paris, Marsel və Lion haqqındakı xatirələrini qələmə almışdır. Burada Parisdən bəhs edən şair: "Mühacirlərdən biri cibindən dəsmala bükülü torpaq çıxardı Azərbaycan torpağı! Onunla gözünün yaşını sildi” ifadəsində Vətənin ucalığı və əvəzedilməzliyi önə çəkir. Bu balaca qeyddə qəriblikdə yaşayanların həsrətinin dərəcəsi göz yaşları timsalında insan və Vətən vəhdətini təcəssüm etdirir. 

Məmməd Araz Qərbdən danışarkən o ölkələr haqqında çoxlu məlumatlar verməklə yanaşı, tarixi və ictimai hadisələri də diqqət çəkir, onların məğzini oxucuya açır.

O, bu ölkələrin inkişafından bəhs etsə də, bəzi məqamlarda təzadları da oxcuya çatdırır: 

Paris nə qədər yaradıb, nə qədər atıb.
Paris nə qədər doğub, nə qədər boğub.
Dahilik də azaddır, küçəyə atılmaq da.
Nə qədər  amansızdır,
qəddardır bu qərb dünyası, bu qərb dünyası... (4, s. 122)

Onun "Eyfel qülləsində” şeiri də bədii cəhətdən çox maraqlıdır. Eyfel qülləsindən Parisin və dünyanın təsvirini verən sənətkarın bu şeirini oxuduqda sanki Parisin canlı mənzərəsi gözlərimiz önündə açılır. Bu mənzərənin işıqları, ehtişamı gözlərimizi qamaşdırır. Gözəlliklərlə birlikdə, görünməyən gerçəkliklərin də əks olunduğu bu şeirdə insan sevinclə birlikdə kədərlənir də...

Eyfel qülləsindən Parisə baxdım,
Elə bil gözümdə "düzəldi” dünya.
Eyfel qülləsindən Parisə baxdım,
Eyfel qülləsində gözəldi dünya...

Şair burada dərdlərini  unutduğunu söyləsə də, bildiyimiz kimi unudulmuş dərd xatırlana və dilə gətirilə bilməz, şair isə bunu özündə gizlədə bilmir. 

Məmməd Araz Parisdə belə  "dərdini unutmur”, öz xalqını düşünür:
Eyfel qülləsindən dünyaya baxdım,
Analar körpəli göründü bu gün.
Eyfel qülləsindən Senaya baxdım,
Arazlar körpülü göründü bu gün. (2, s. 129)

Şairin Qərbi təsvir edən digər bir şeiri də "Viktor Hüqo qitəsi”dir. Bu şeirində də şair yenə Parisin gözəlliyindən danışır. Orda olan yolları və qarışıq şəhər ab-havasını təsvir edir. Parisin timsalında ölümlərə səbəbiyyət verən maddi, mənəvi vasitələri ironik dillə tənqid edir.
Məmməd Arazın diqqət çəkən şeirlərindən biri də "Salyeri” şeiridir. Bildiyimiz kimi, Salyeri dünyanın ən tanınmış musiqiçilərindəndir. Motsartla eyni zamanda yaşayan bu dahi sənətkar Motsartın öldürülməsində günahkar kimi görülmüş, bəzi tədqiqatçılar tərəfindən qəbul olunan bu iddia bəziləri tərəfindənsə "əsassız” adlandırılmışdır.
Məmməd Araz da "Salyeri” şeirində yazdığı misralarla bu iddianı dəstəkləyir.


Nə yaxşı
ünvanı azıb bu naşı,
Hardasa yaradır bir əl, bir qələm.
Nə yaxşı
Mənimlə qarışıb başı,
Nə yaxşı bilmir ki, Motsart deyiləm. (1, s. 324)

Onun "Tunc atlı” , "Viktor Xara oxuyur”, "Ağ  şəhərli Qaralar” kimi şeirləri çox maraqlıdır. Bu şeirləri təhlil edərkən biz o dövrün səlis və boyasız mənzərəsi  və  o dövr psixologiyası ilə  üz-üzə dayanır və bu tablolarla tanış oluruq. 
"Ağ şəhərli Qaralar” şeirində Parisə iş üçün gələn millətlərin təsviri də  M. Araz qələmində xüsusi rənglərlə öz əksini tapıb. Bu şeirdə insanlığın hələ də ən böyük problemlərindən biri olan "irqi ayrıseçkilik” məsələsi önə çəkilir və vətəndə vətənsizlik acısına toxunulur: 

Nə yaxşı iş tapdı ona yad ölkə,
Bir qitə şəninə deyilmi ayıb? –
Doğma vətənində ona süpürgə,
Ya da süpürməyə yer tapılmayıb?

Məmməd Araz bəşəri şair, böyük ürək sahibi idi. Cəmiyyətin yaralı yeri olan bu cür mətləblərin qeyd olunması ancaq böyük bir ürək tərəfindən yazıla bilərdi: 

Hər yerdə  harınlar kef altındadı,
Dərdlini  yedəkdə dərd sürüyürdü.
Harda qara gördüm yük altındadı,
Harda qara gördüm yer süpürürdü. (2. S, 127)
Məmməd Arazın "Oxu, moldovan qızı”, "Elena” kimi şeirləri  Qərb qadınlarına müraciətlə yazılmaqla onların iç dünyasının ifadəsinə çevrilir: 
Qəlbindən keçənləri
Nəğmələrin danışdı.
Dnestr ürəyimdə
Axıb Kürə qarışdı;
Oxu, moldovan qızı! (2. s, 155)
Məmməd Arazın  tərcümə işlərindəki məzmun və ifadələr özünəməxsusluğu ilə seçilir. Azərbaycan oxucusu xalq şairi Məmməd Arazın  tərcüməsində Lermontovun "Dəniz qulduru”, Mixail Lukoninin "Şair və evlər müdiri”, Maqsud Şeyxzadənin "Onbirlər”, Sergey Vasiliyevin "Anna Denisovna” poemalarını ana dilindən oxumaq imkanı qazanmışdır və Qərb dünyası ilə tanış olmuşdur (3.s, 32).
Məmməd Araz yaradıcılığı haqqında çox fikirlər söylənilib, məqalələr yazılsa da, bu ədəbi irsdə bilinməyən tərəflər hələ də sirli bir qəsrə bənzəyir. Məmməd Arazı tədqiq edənlər ən çox ilk baxışda diqqətə çarpan  xüsusiyyətlərə üstünlük vermişlər. Lakin onun yaradıcılığında hələ də tədqiqata ehtiyac duyulan mətləblər mövcuddur.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR
1.Məmməd Araz. Seçilmiş əsərləri, Azərbaycan dövlət nəşriyyatı, Bakı-1986, 480 s.
2.Məmməd Araz. Seçilmiş əsərləri, II cild, Bakı- "Ozan” -2003,  332 s.
3.Həbibbəyli İsa. Xalq Şairi Məmməd Araz (albom-monoqrafiya), Azərbaycan nəşriyyatı, Bakı-1999, 160 s.
4.Məmməd Araz. "Həyatın və sözün rəngləri”, "Gənclik”, Bakı- 1975, 134 s.