Məmməd Kazımın 80 illik yubiley tədbiri keçirilib

Məmməd Kazımın 80 illik yubiley tədbiri keçirilib

Azərbaycanın tanınmış şairi, ziyalısı Məmməd Kazımın 80 illik yubiley tədbiri keçirilib. Tədbiri ədəbiyyat tənqidçisi Əsəd Cahangir idarə edib. Şair Çingiz Əloğlu yubilyara Azərbaycan Yazıçılar Birliyinin təbriklərini çatdırıb.

Daha sonra tanınmış ədəbiyyat tənqidçiləri Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Milli Məclisin deputatları Hadı Rəcəbli, Hüseynbala Mirələmov və bir çox elm, ədəbiyyat, siyasət adamları yubilyara öz təbriklərini, xoş arzularını çatdırıblar. Tədbir boyu tanınmış incəsənət xadimlərinin – Xalq artistləri Niyaməddin Musayevin, Aftandil İsrafilovun, müğənni Zəka Vilayətoğlunun ifaları, çıxışları qonaqlar tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, Məmməd Kazım 80 il öncə, 1934-cü ildə Masallı rayonunun Güllütəpə kəndində anadan olub. Uzun illər müəllim, kitabxana müdiri, məktəb direktoru vəzifələrində çalışıb. "Qala” adlı bədii-publisistik qəzetin təsisçisi olub. O, çoxsaylı poemaların, müxtəlif mövzulu şeirlərin müəllifi kimi yadda qalıb.