Mübariz Cəfərli. Zəncir (Roman)

Mübariz Cəfərli. Zəncir (Roman)

... S. Xanımın xatirəsinə...

Qırılan zənciri xəyali halqalarla da  birləşdirmək olar.
M.C.

NASKA

  Yuxudan oyanıb yerimin içində qurcalandım, gözüm qaranlığa alışanda gördüm ki, Naska kreslonun yanında uzanıb, tərpənib eləmir. Birdən-birə yazığım gəldi ona, yaman qocalmışdı, dişləri də tökülmüşdü, lap dəqiqi, tək-təkcənə yuxarıdan bircə dişi qalmışdı ağzında...
- Naska, – çağırdım yavaşca, – quru yerdə uzanma, bura gəl...
  Bilmədim səsimdəki həlimlikdən doğan yüngül titrəyiş hardan hakim kəsilmişdi varlığıma, yay gecəsində ona soyuq-zad dəyən deyildi. Nə qışın oğlan çağındakı şaxtanı vecinə alırdı, nə yayın istisindən təntiyirdi, üzü-üzlər görmüşdü Naskanın. Yəqin elə buna görə çağırdığım qımıldanmadı, əvəzində mən ərinmədən yatağımdan qalxıb döşəmədə uzanana doğru addımladım. Amma yaxınlaşanda baxdım ki, parketin üstündə, kreslonun yanında ins-cins yoxdu. Deyəsən, məni qara basmışdı, gözümə də huri-mələk, cin-şeytan yox, Naska görsənmişdi. Allah bilir Naska indi hansı ağacın budaqları arasında özünə təbii beşik düzəldib uyuyurdu, ya hansı divarın üstündəcə gecə  işım-işım işıldayan gözlərini bərəldib oğrun-oğrun, nigaran-nigaran qaranlıqda ətrafı seyr eləyirdi, yay gecəsində ev-eşik dar gəlirdi ona, içəridə qərar tuta bilmirdi. Qayıdıb çarpayıda oturdum, əsnəyib təzədən yerimə uzansam da, hava işıqlananacan gözlərimə yuxu getmədi, yerimin içində sağa-sola çevrilə-çevrilə səhəri dirigözlü açdım. 
 Ertəsi qonşumuz Xanım xala dedi  ki, sənin pişiyin həyətdə dayanan yük maşınının altında ölüb... Yəqin ki, mənə xoş gəlməkdən ötrü  ağlamsınıb  boğuq səslə əlavə elədi: "Yazıq heyvan... Hamımız öyrəşmişdik ona... Hayıf...”
- Maşın vurub onu? – bikef-bikef soruşdum.
- Yox, – arvad izah elədi, – elə pişik özü dayanan maşının altında uzanıb ölüb... Qocalmışdı da... – burasını, nədənsə, üzrxahlıqla, çəkinə-çəkinə dedi, elə bil qorxurdu ki, qəfil mən də onun dərin qırışlı sifətinə baxaraq dilimi dinc saxlamayıb: "Elə sən özün də qocalmısan,”  deyə bilərəm...
- Bəs, ölüsü necə oldu?
- Heç necə, səliqə ilə qoydum ayaqqabı qutusunun içinə, uşaqlar aparıb basdırdı məktəbin həyətindəki bağda... 
 Bilmirəm, arvad düz deyirdi, ya mənim zəif damarımdan tutub yerini şirin salmaq istəyirdi, ancaq həmin gün məktəbin həyətini ha axtardım, ha ələk-vələk elədim,  Naskanın basdırıldığı yeri tapmadım. 
 Evə qayıdıb eyvanda həyətə baxa-baxa siqaret çəkəndə nədənsə, birdən-birə yadıma xalam oğlu Vüqar düşdü...

VÜQAR

Uşaqlığımız bir yerdə keçmişdi deyə bilmərəm, amma yay tətilini birlikdə keçirərdik. Kənddə, babamgildə, anamın atasıgildə, namaz qılan, oruc tutan, "Quran” oxuyan, axşamlar cürbəcür dini rəvaətlər, əfsanələr danışaraq hamımızı sehirləyən, xəyalən bizi ucsuz-bucaqsız kainatda gəzdirərək keçmişdən gələcəyə, gələcəkdən keçmişə aparan babamın yanında... Uşaqlıqdan Vüqar küçədəki itləri yığardı başına, mən pişikləri sığallayardım, həmişə it yaxşıdı, ya pişik? – sorğusuyla öz aramızda çılğın-çılğın mübahisəyə girişsək də gedib dalana dirənərdik axırda. Mən özümdən çıxaraq hirslənib babamı köməyə çağırardım:
- Baba həmişə deyir ki, itlər murdardı... Elədi, baba? – bir anda sakitləşib kişinin qırışmış  üzünə fağır-fağır baxaraq istəyərdim ki, o, mənim tərəfimi saxlasın.
Babam isə məni yarı yolda qoyub yaxasını kənara çəkərdi:
- Mən elə söz deməmişəm. Allah yaradanın murdarı olmaz...
Vüqar babamın sözlərindən ürəklənib məni üstələyərdi:
- Amma itlər sədaqətlidi... Çox sədaqətlidi... Elədi, baba? – sorusub kişinin ağzına marıtlayardı.
Babam mənim xətrimə dəyəcəyindən ehtiyatlansa da, bu dəfə əlacsız-əlacsız ağızucu mızıldanaraq təsdiqləyib:
- Orası elədi... Düz sözə nə deyəsən... – suçluymuş kimi günahkarcasına, çarəsiz-çarəsiz  mənim üzümə baxardı.
  O vaxt mən Vüqara – elə babama da – tutarlı cavab vermədiyimə, daha doğrusu, verə bilmədiyimə görə – çünki tapmadığını, olmayanı vermək mümkün deyil –  cırnayırdım için-için, indisə, illər ötəndən sonra cavabı həyat özü öyrətmışdi mənə... Düzdü, itlər sədaqətlidi, lakin insanlar itin sədaqətinə layiqdilərmi? Hayıf ki, gec idi, gəldiyim nəticəni o rəhmətliklərə deyə bilmədim... Həm də bəzən ifrat sədaqət get-gedə qula, köləyə çevirir sədaqət yiyəsini, məncə pişiklərin idarəolunmazlığı itlərin sədaqətindən qat-qat irəlidi...

CAVİD

 Hava qaralmışdı qapım döyüləndə. Cavid idi gələn, əlində də selofan zənbil... İçəri girib əlindəkini yerə qoydu. Çəkmələrini güc-bəla ilə çıxarda-çıxarda  –  corablarının da dabanları çırıq idi –  mızıldadı.
- Dedim bekarçılıqdı,  gəlib bir sənə dəyim... Araq da gətirmişəm ki, yüz-yüz vurarıq iki qardaş... – özünütərifə keçdi. -  Belə qonaqdan kim inciyər? – zənbili götürüb yeyin addımlarla  birbaş mətbəxə cumdu.
 Gələnin dabanları cırıq qara çorablarına baxa-baxa mən də onun ardınca düşdüm.
- Arağım var evdə, – dedim, – amma yeməyim yoxdu... Qulluqçu üç gündü gəlmir. Xəstədi...
- Eybi yoxdu, mən ehtiyatlı adamam, kolbasa-sasiska da gətitmişəm, – əşyayi dəlil kimi əlindəki zənbili nümayişkəranə silkələdi. – Bə nədi, bu? Bu gecə iki qardaş möhkəm vuracuğ e... – dediklərini sübut eləməkdən ötrü  çənəsinin altına, lap dəqiqi, boğazına bir çırtma vurdu.
 Məsələ aydındı, arvadı Cavidi evdən qovanda keçmiş tələbə yoldaşım əliaçıq olurdu, yüngülvari bazarlıq eləyib gəlirdi bizə. Hərdən mən evdə olmayanda mobil telefonuma zəng eləyirdi ki, qapınızın ağzındayam, tez evə gəl. Arabir zəng eləməyə də halı, həvəsi olmurdu, mən evə gələndə görürdüm bikef-bikef binanın qabağındakı rəngi getmiş dəmir skamyada oturub ulduzlara baxır, alıb gətirdikləri də dizinin üstündə... O dəm mənə elə gəlirdi ki, yer üzündə Caviddən bədbəxt adam yoxdu. Ancaq həmin "bədbəxt” səhər tezdən əkilirdi evinə. Çox vaxt xəbərim də olmurdu gedişindən, qapını da açıq qoyurdu... Beləcə, canavarın gözü, ürəyi, qəlbi meşədə, Cavidinki isə öz evində idi. İstəyirsən qabağına qızıl qablarda min bir nemət düz, xeyri yoxdu, ertəsi yenə həmən-həmən olacaqdı. Ətrafına qırx incəbelli pəri düzülsəydi belə, yenə onu yolundan döndərmək müşkülə çevriləcəkdi. Başa düşə bilmirdim; bir adam ki, arvadından ötrü əldən-ayaqdan gedir, bəs, hərdənbir kişiləşib –  bir gecəlik də olsa – küsüb evdən çıxmağına  nə ad verəsən? Nə yardan doyur, nə əldən qoyur... Yox, burda da məsələ qarışırdı: biz görmüşük arvad küsüb atasığılə  gedər, Cavidgildəsə əksinəydi, belə çıxır ki, dar məqamda mən Cavidə atalıq eləyirdim...
- Hələ Naskanın da payını gətirmişəm, –  mətbəxdə zənbili masanın üstünə qoydu. – Bu axşam Naska da kef  eləyəcək...
- Day Naskaya yemək lazım deyil...
- Niyə? – yerində donub qaldı bir anlıq.
- Naska ölüb...
- A... Yazıq...  Nə vaxt? 
- Bu gecə...
- Neynək, başın sağ olsun... – zarafat eləmək istəsə də, üzümə baxıb ciddiləşdi. – Onda boğazımızı yaşlayıb Naskanın ruhunu şad eləyərik... Sən keç otur otaqda, televizora-zada bax... – Cavid ev sahibi kimi ərklə dedi. – Burda mənim əl-ayağıma dolaşma...
Mənə də çar-naçar qonaq roluna girib ona qulaq asmaq qalırdı, ayağımın ucunda ürkək-ürkək qonaq otağına keçən kimi mobil telefonum zəng çaldı.
- Sizdədi? – o başdan salam-kəlamsız qadın səsi gəldi.
- Hə.
- Bu gecə heç, səhər onu göndər evə...
- Yaxşı... Onsuz da sabah işim var, Vəfagilə gedəcəm...
- Vəfa kimdi?
- Xalamın qızı...
-  Mənim sənə zəng vurmağımı ona demə, qoy ayağı yer almasın...
- Ayıb söhbətdi ki...
  Sağollaşmadan düyməni basdığından qulağıma ritmik siqnallar gəldi... Əslində mən, bir növ, yerimi şirin salırdım, zəng eləyənin xəbəri yox idi ki, Cavidi dilə tutmağa ehtiyac yoxdu, yəqun həmişəki kimi sabah mən yuxudan oyanmamış o, aradan çıxacaqdı... Hərdən o, səssiz-səmirsiz – həmişə beləydi, hay-küylə gəlib sakitcə gedərdi – mürəxxəs olandan sonra yuxudan oyananda mənə elə gəlirdi ki, evdə tək olmuşam, yalnız qalxıb masanın üstündəkı boş butulkanı və boşqabları – həqiqətən də boş qabları – görəndə Cavidin gəlişi yadıma düşürdi.
...Bir azdan isə ürəyimdə Cavidi təriflədim, fikirləşdim ki, elə onun gəlişi yerinə düşüb, bəlkə də ömründə birinci dəfədi ki, vaxtında gəlib mənim yanıma, yoxsa qanqaraçılıqdan yaxa qurtara bilməyəcəkdim, Naskanın ölümünə heyfsilənsəm də, əlidolu gələn qonaq dil boğaza qoymayıb başımı qatırdı.
- Vallah, sənə "dyadya” deməyinə baxma, mənim oğlum səni mənnən çox istəyir, özüm ölüm... İn...
Cavidin sözünü kəsdim:
- İstəmək öz yerində, siz o uşağa öz dilimizi öyrədin, böyüyəndə çətin olar ona. Keçən dəfə mən bir-iki kəlmə dedim telefonda, yazıq uşaq səssiz-səmirsiz qulaq asdı, yəqin heç nə başa düşmədi, axırda zara gəlib qayıtdı ki, ya abacanski ne znayu... Özü də, sözə bax e, abacanski...
Cavid qəhqəhə çəkdi:
-  Necə, necə?.. Abacanski... – təkrarladı. – Ərköyündü də... – ciddiləşdi. – Axı sən özün bilirsən ki, neçə il gözlədik onun yolun, neçə il uşağımız olmadı... Anası o uşağa hamilə qalanacan neçə dəfə kilsəyə də getdi...
- Day kilsəyə niyə? – təəccübləndim.
-  Nə fərqi var, sinaqoq, kilsə, məscid, hamısı Allahın evidi də...
- Bütün kainat Allahındı, onun ayrıca evə ehtiyacı yoxdu... – bu kəlmələri mən demədim, çünki mənim səsim birdən-birə həddən ziyadə qalınlaşıb xırıldaya bilməzdi, sanki divarlar, döşəmə,  tavan dilə gəldi, bu vaxtacan eşitmədiyim yorğun səslə mənim dilimdən səslənənlərə o qədər mat qaldım ki, yerimdə qurcalanıb heyrətlə ətrafa boylandım, yaxşı ki, Cavid bunun fərqinə varmadı, dodaqaltı nəsə mızıldaya-mızıldaya qədəhlərə araq süzdü. Nədənsə, dediklərimdən çox qəfil səsimin bir anlığa dəyişməsinin müsahibimə qəribə gələcəyindən əndişələnirdim... 
 Cavidsə öz aləmindəydi, qədəhi qaldırırıb gözlərini üzümə dikdi:
- Vuraq?.. –  mən qədəhimi götürməyə macal tapmamış əlindəkini yavaşca masanın üstündəkinə toxundurdu.
Mən:
- Yox,  – deyib əlimi geri çəkdim, qədəhi götürmədim. – Bu gündən mən içməyəcəm. Qurtardı...
- Niyə? – Cavidin gözləri bərəldi. – Naskaya yas saxlayırsan?
- Xırdalamaq istəmirəm, onsuz da başa düşməyəcəksən... – qədəhimi süfrənin ortasına qoydum, daha doğrusu, sürüşdürdüm, ağzınacan doldurub dodaq yeri  belə saxlamadığından  qədəhdəki  daşaraq süfrəyə də dağıldı.
- Tək içəcəm mən? – sir-sifətini turşudub diqqətlə gözlərimə baxdı, yəqin qırımımdan anladı ki, bu xına o xınadan deyil, üz vurmağın mənası yoxdu. – Neynək, özün bil, – gözlədiyimdən tez təslim oldu. – Sağ ol, sənin sağlığına... – deyib qədəhi dodaqlarına apardı.
 Dilxor olduğumdandı, ya nədəndi, baş açmırdım, gözümün  qabağına saysız-hesabsız rəngbərəng işıqlar gəlirdi, o rənglərin çoxunu birinci dəfə gördüyümdən adını da bilmirdim. Qara-ağ şüaların arasında sayrışanların bir-birinə qarışan çaları ahəngdar, sakit uğultu yaratmışdı qulaqlarımda, sanki o işıqlar nə isə anlatmaq üçündü, nəyi isə başa salmaq istəyirdi mənə... Gözümün önündəki rəngbərəng şüalarla, qulaqlarımdakı uğultu ilə bahəm, beynimdən təkrar-təkrar bir fikir keçirdi, daha doğrusu, sanki bu sözləri kimsə ağzını açmadan, səsini çıxarmadan birbaşa ürəyimə, baş-beynimə pıçıldayırdı. "Tələsmə, bundan sonra sənin vaxtın hüdudsuzdu...”  
                                                                    1
  ...Anam xəstə olanda qardaşım qəfil bizə gəldi. Arvad lap agırlaşmışdı. Yatagından dura bilmirdi. Həkim də başının üstündəydi. Həkimlə gələn gombul sestra gah iynə vururdu heysiz-hərəkətsiz uzanan anama, gah da təzyiqini ölçüb çanfəşanlıq, canıyananlıq eləyirdi. Təcili yardım həkimi ilə bizə gəldiyi birinci kərə deyildi, bilirdi ki, evimizə gələn "ağxalatlıları” layiqincə yola salırıq. Beləcə, bu dəfə də həkimlə gombul sestranı yola saldım, gedənlər  qapını təzəcə örtmüşdülər ki, qardaşım hirsli-hirsli üstümə çımxırdı:
- Az, nə key kimi quruyub qalmısan, ressepti götür, cum aptekə!.. Görmürsən arvad ölür?..  Tez elə!..

O dəm qardaşımın dediklərini xəstənin eşidə biləcəyi ağlıma gəlmədi, əksinə onun özünü itirib bəlkə gə əlacsızlıqdan üstümə qışqırmağı xoşuma gəldi, lap ləzzət elədi mənə, mən  başdanxarab elə bilirdim arvadağız qardaşım gönüqalının yekəsidi, anamın yatağa düşməyi onun vecinə deyil, bəlkə də sevinir anamızın xəstələnməyinə... Görünür, birinin üstünə beşini qoyub qaşınmayan yerdən qan çıxarmaq içi mən qarışıq bütün qadınların, qızların, baldızların canında var. Demə, indiyəcən mən onu tanımamışam, demə, qardaşımın nəyi varsa dilindəymiş, demə, hay-küyü elə gözə kül üfürmək üçünmüş, demə, ürəyi yuxaymış...

 ...Ürəyi yuxa qardaşımı evdə qoyub bayıra  necə çıxdığımı bilmədim, kövrəlsəm də ağlaya bilmirdim, gözlərim dolsa da yaş axmırdı, intəhası, ətrafı düz-əməlli sezməyimə mane olurdu – deyəcən, bəxtimdən narın yağış da yağırdı, hönkürsəydim də qorxusu yoxdu – çaşdığımdan məhəlləmizdəki apteki qoyub xeylağ uzağa getmişdim, orda da özümə gəlmişdim ki, pərvərdigara, ressepti götürməmişəm, pul da qalıb evdə... Fikirləşdim ki, əlim-ətəyimdən uzun evə qayıdanda qardaşım itə dönəcək. Ancaq demə, qardaşımın azarı, dərman-filan, aptek-zad deyilmiş, mən evdən çıxan kimi otaqları ələk-vələk eləyib bağımızın sənədləyini götürübmüş... Mən bunu anamın qırxı çıxmamış qardaşımın bağımızı satdığını eşidəndə bildim. Anamın qırxından sonra mən təzədən ərə getdim, çünki tək yaşamaq çətin deyildi, sadəcə mümkünsüzdü... Di gəl, qardaşım yenə məndən əl çəkmədi, hər gün zəng eləyib ərimə deyirdi ki, boşa arvadını, sən bilirsən kimə evlənmişən, sənin arvadın yol kənarında dayanıb müştəri axtaran fahişədi... Qardaşımın istəyi ata evimişi də satmaq idi, özü mənə demişdi ki, mən səni küçələrdə qoyacam, baxarsan... Qardaşımın bir acgöz arvadı vardı ki, iki dünyanı bir udquma yesə yenə gözü doymazdı... Nə isə, günümüz göy əskiyə dönmüşdü, ərim üstünü vurmasa da, mən yoldaşımın üzünə baxa bilmirdim, düzü, heç ərimi qınamaq da olmazdı, doğmaca qardaşı öz bacısı haqqında "yağlı” sözlər deyirsə, ər köpəyoğlu nə fikrə düşsə, haqlıdı. Anamın ölümü bir yana, qardaşımın çıxardığı həngamələrdən bilmirdim canımı hara qoyum, kimdən kömək umum, kimin qapısına gedib dərdimə əlac istəyim? Qalmışdım yol ayrıcında səksəkəli, anlamırdım qardaşım sabah nələr gətirəcək başıma... Beləcə, bir gecə yatdım, yuxuda atamla anamı gördüm. Mənə dedilər ki, bilirik, xəbərdarıq, bizə əyandı ki, qardaşın çox haqsızlıqlar eləyir, səni çox incidir, çox oyunlar açır sənin başına, amma darıxma, səbirli-təmkinli ol, onu gətirəcəyik yanımıza, özü də lap tez... 

 Mən həmin yuxunu görəndən iki ay sonra qardaşım, buz baltası kimi sapsağlam adam,  o əl meymunu arvadının dediyinə görə, evində çay içə-içə kompyüterdə oyun oynadığı yerdə qəfil huşunu itirib, oturduğu stuldan aşaraq rəhmətə gedib. Heç bilinmədi yerə dəyməmişdən ürəyi dayanıb, ya yıxılanda başı zərblə divara-döşəməyə dəydiyindən dünyasını dəyişib...
 Bircə mən bilirdim ki, suçlu axtarıb bu ölümü qəzavü-qədərin, qismətin, taleyin boynuna yıxmaq əbəsdi, qardaşımı aparan aparıb...

VƏFA

  Xalamgilin binasını rahat tapdım, amma hansı mənzildə yaşadıqlarını unutmuşdum. Maşını binanın qabağında saxlayıb düşdüm, ətrafa göz gəzdirdim, günün istisi adamları təntitmişdi, ya nəydisə, gözümə ins-cins dəymədi, yox, lənət şeytana, azca irəlidəki həmişəyaşıl ağagın kölgəliyində qaraltı sezilirdi, hə, skamyada başı tül örpəkli qadın əyləşib mürgüləyirdi, böyründəki iri qabda da qalaqlanmış tum... Salam verəndə arvad diksinib qeyri-ixtiyari əlini qabın içindəki plastik stəkana apardı:
- Neçə stəkan?
- Tum istəmirəm mən... – binanı göstərdim əlimlə, mənə elə gəldi ki, açıq-aşkar işarə eləməsəm başı yalnız tuma işləyəni anlatmaqda zülüm çəkəcəm. – Deyirəm, bu binada yaşayansınız?
 Qadın iri stəkandakı tumu dairəvi ləyənə boşaldıb altdan-yuxarı şübhəli-şübhəli üzümə baxdı, qaramtıl, toppuş sifəti kölgələndi, bəlkə də məni kiməsə oxşatmışdı, amma yadına sala bilmirdi:
- Hə, necə bəyəm?
- Çoxdan?
- Bu bina tikilənnən...  – arvadın qızıl dişləri çoxdan parıltısını itirmişdi. – Sən bizim binanı sökmək istəyənlərin nümayəndəsisən?
- Nə nümayəndə... – gülümsündüm. – Mən Kamran müəllimin mənzilini axtarıram. O da çoxdan burda yaşayır...
- Kamran məllim bizim blokda olur, qonşumuzdu... Amma... – qadın çəkinə-çəkinə udqundu. –  Amma Kamran məllim rəhmətə gedib axı, sən hansı Kamran məllimi deyirsən?  – tumsatanın qaşları çatıldı.
- Düz tapmısan, mən elə rəhmətə gedən Kamran müəllimi axtarıram...
- Nə? – müsahibim təəccüblə  yerində qurcalandı.
Tumsatan lapdan gözləri bərəldib bir anlıq qorxu, vahimə qarışıq heyrətlə altdan-yuxarı üzümə baxdığından izahat  verməli oldum:
- Mənzili ki, yerindədi, arvad-uşağı ki, qalır...
Müsahibim özünə gəlib yerli-yataqlı danışmağa çalışdı:
- Oğlu da ölüb Kamran məllimin... Oğlu özündən qabaq rəhmətə getdi. Elə oğlunun dərdi bükdü Kamran məllimin  belini, yoxsa sapsağlam kişiydi...
- Bilirəm... – çənəsinin altına salmağa, hərçənd mən köhnə skamyada əyləşənin çənəsinin altına düşmək üçün gərək uzanaydım, adam axtaranın sözünü elə bəri başdan kəsdim, çünki onun dediklərindən ağlım bir şey kəsmədi, mən biləni xalam oğlu Vüqar atasından, yəni Kamran müəllimdən qabaq ölmüşdü, nə isə, indi bunun elə bir fərqi yoxdu.
Adını çək, qulağını bur, burda deyiblər, xalam qızınınsa adını çəkməmişdən tumsatanın gözü onu aldı, əlini binanın tininə sarı uzatdı:
- Odey, Kamran məllimin qızı gəlir. Vəfa...
  Əlində iri həsir zənbil gələni mən o saat tanıdım, illər incə-mincə Vəfanın sir-sifəti, üz-gözü ilə bahəm bütün bədəninə sehirli sığal çəkmişdi, o sirli-sehirli təmasın təsirindən xalamın qızı elə əlindəki dolu zənbil kimi ətə-cana dolmuşdu. Zənbilin ağırlığından sağ çiyni əyiləninsə deyəsən ətrafa baxacaq halı yox idi, ya da az qala gözünü açandan seyr elədiyi məhəllə onun üçün tamam adiləşmişdi. Tumsatan xırıltılı səslə əli zənbillini çağırmasaydı yəqin xalam qızı elə  yerə baxa-baxa sakitcə bloka girəcəkdi.
- Vəfa!.. Vəfa!.. – ayaq saxlayıb dayanmaq istəyənin gözü məni alan kimi yerində mıxlandı, əlindəki zənbili də qoydu yerə. – Az, bu kişi sizə gəlib...
 Mən irəli yeridim, tumsatan ərinmədən yerindən qalxıb yekə dalını burcuda-burcuda mənim yanımdan ötdü, cangüdən kimi dayandı xalam qızının böyründə, maraqla bir ona baxdı, bir mənə, baxışlarındakı marağa narahatlıq, nigarançılıq da qarışmışdı, sanki xalam qızını məndən qorumaq üçün tarım dayanmışdı, marığa yatmışdı, bir az o yan-bu yan eləyib Vəfanın xətrinə dəysəydim üstümə atılıb ciyərimi çıxarmağa hazır idi.
Mənsə nəinki Vəfanın, bacardıqca çalışırdım ki, heç kəsin könlünə dəyməyim. Əvəzindəsə xalam qızı durduğum yerdə məni əməlli-başlı pərt elədi.
- Səndən nə əcəb? – salam-kəlamsız xəbər aldı.
- Sənə... – çaşdığımdan dilim topuq vurdu. – Sizə... gəlmişəm...
Xalamqızı lap ağ elədi:
- Niyə? – az qala deyəcəkdi ki, nə itin azıb buralarda... 
- Xalama dəyməyə... – yaxşı ki, bu dəfə özümü itirmədim, yoxsa ağzımıza marıtlayan tumsatanın yanında ölüb yerə girəcəkdim.
Vəfa zənbili yerdən götürdü:
- Gözlə, bunu evə qoyub düşürəm...
Əlimi zənbilə uzatdım:
- Qoy mən aparım, ağır olar sənə...
Xalamqızı üzə durdu, əlindəkini bərk-bərk tutub narazı-narazı qaşqabağını salladı, baxışlarından narahatlıq yağırdı, guya, mən vaxtsız-vədəsiz gələn qonaq idim, bilmirdi məni necə başından eləsin:
- Yox, sən burda gözlə, mən tez gələcəm... – deyib aram addımlarla girdi bloka, əlindəkini güc-bəla ilə apara-apara...
 Mən də bayaqdan ağzına su alıb nədənsə, tənəli-tənəli üzümə baxan tumsatandan – bəlkə də tənə-filan yox idi arada, dilxorçuluqdan mənə elə gəlirdi – yaxa qurtarmaq üçün gedib oturdum maşında. Beləcə, hərə öz yerinə qayıtdı; mən maşına, tumsatan skamyaya, Vəfa da  evlərinə... Bəlkə də başqası mənim yerimə olsaydı maşını sürüb gedərdi, mən isə getmədim. Eşşəyə minmək bir ayıb, düşmək iki... Birinci, elə yəqin ki, sonuncu dəfə gördüyüm arvaddan – tumsatandan –  utanmağımın özü də eşşəylə maşının müqayisəsi kimi uyarsızdı.
  Birdən-birə anladım ki, Naska ölməsəydi indi mən bura gəlməzdim, düzdü, zahirən o itki ilə bu gəlişin əlaqəsi yoxdu, lakin on illik "dostumun” ölümü son hədd kimi illərlə bütün beynimə-ürəyimə-qəlbimə yığılanları üzə çıxarıb pərən-pərən eləmişdi; di durmaq vaxtı deyil, yolu əlinə al, get beynini dumanlandırıb, fikrini alt-üst eləyib yuxunu qarışdıranları axtarmağa... 
Naskanın sakit-səssiz ölümü son nöqtə, son yarpaq olmuşdu, daha geriyə yol yox idi, stəkandakı su daşıb dağılmışdı, istər-istəməz irəli getməliydim. 
 Hələlıksə, tumsatan kölgəlikdə yerini rahatlasa da, sağ əlini günlük kimi alnına tutub maşına, maşının içində oturana – mənə  –  baxırdı. Deyəsən, mən özüm vasvası olmuşdum, hər şeydən xoflanırdım, yazıq arvad mənə baxmırmış, blokdan çıxıb maşına tərəf gələni – xalam qızını – seyr eləyirmiş. Gələn isə  paltarını dəyişmişdi, saçlarını da tarım yığmışdı, yəni  beş-on  dəqiqənin içində özünə yüngülcə əl gəzdirmişdi.
O, yanımda əyləşəndə tünd ətir qoxusu məni vurduğundanmı, bayaqdan içimə dolan, yox, içimdən daşan hirs-hikkədənmi  dilimi dinc saxlamadım, bəzək-düzəkssiz qəfil hücuma keçib yanımdakını karıxdırmağa çalışdım,  istəyirdim o, utansın, mat-məəttəl qalıb deməyə, cavab verməyə söz tapmasın:
- Niyə imkan vermədin yuxarı qalxım? Deyəsən, sevgilini gizlədirsən evdə... İstəmirsən görək sənin ürəyini fəth eləyəni ki, kavalerinə gözümüz-zadımız dəyər...
 Maşının qapısını örtüb ah çəkdi:
-   Eh... Mən nə hayda, sən nə hayda... Kefdən dəm vurursan...  Nə var ki, yuxarıda? Vüqarın arvadı, uşaqları, mənim qızım uşağıynan, hamısı bizdədi... İstəmədim bizim evi elə görəsən... Aləm qarışıb bir-birinə, ev deyil ki, bazardı, bazar...
   Qırsaqqızlığıma haqq qazandırıb ağ bayrağı qaldırdım:
- Dedim gəlmişkən bir xalamı da görərdim...
- Xalan evdə yoxdu ki...
- Bəs hardadı?
Vəfa yad adam barəsində danışırmış kimi etinasız cavab verdi:
- Əri ilə oğlu öləndən sonra səhərdə qala bilmədi, çoxdan gedib rayona. Bacısıgilə... Day xalan  əvvəlki kimi ding-ding dingildəyən arvad deyil, əriyib gedib, bir dəridi, bir sümük, səhər-axşam gözləri yol çəkir yazığın, hələ də inanmır itirdiklərinin yoxluğuna, adamayovuşmaz olub xalan, başı səs-küy götürmür, öz aləmindədi, elə bil ağzını açmağa da taqəti qalmayıb, dindirməsən danışmaz... – maşın yerindən tərpənəndə Vəfa uzun-uzadı xalamın indiki halını təsvir eləyən söhbətini dəyişdi. – Hara gedirik, hara qaçırdırsan məni?
- Buralarda yaxşı bir kafe olmalıdı. Bağın içində...
- Deyəsən, bizim məhəlləni pis tanımırsan...
- Elədi, əvvəllər tez-tez gəlirdim sizin tərəflərə... Burda bir tanışım olurdu. Mən onun əsl adını sonralar öyrəndim, tanışlığımızdan çox sonra... Çünki bütün tanış-bilişlərindən əsl adını gizlədirdi ciddi-cəhdlə... – içimi çəkdim yüngülcə. – Sən çətin tanıyasan, bəlkə evdəkilər, qızın tanıdı,  çünki sənnən çox uşaqdı, "Cenifer” deyirdilər adına. Cenifer Lopesə bənzədiyinə görə... Deyəsən, bir dəfə ona dedim ki, mənim xalamqızı Vəfa buralada olur... Tanıya bilmədi səni...
Sözümü ağzımda qoydu:
- Aaa... Nöş tanımıram...  Yalan deyib sənə... O da məni yaxşı tanıyır, prosta bicliyə vurub özünü sənin yanında... Bizim evin dalında  "Cenifer” gözəllik salonu da  açmışdı. Ay xatakar, day denən girmədiyin dərmə-deşik qalmayıb da... Martovski kotsan da sən... – qəhqəhə çəkdi. – Belə baxanda, səndə də günah yoxdu, mən arvadlığımnan tamah salırdım o qıza, körəyin qızı yaman oxşayırdı Cenifer Lopesə... Hələ yerişi, duruşu, hərəkətləri ilə də kopyalayırdı onu. Yaxşı, bəs, hara yox oldu sənin o Ceniferin? Birdən-birə yoxa çıxdı e... Bir də gözümnüzü açdıq ki, onun gözəllik salonunu da eləyiblər  market...
- Deyəsən, xariciyə ərə getdi, köçdü ya Fransaya, ya da Hollandiyaya... Dəqiq bilmirəm... – gözlərimi bozumtul asfalta  dikib çiyinlərimi çəkdim.
- Oyy, nə yaxşı, sağ əli bizim başımıza... – xalamqızı əməlli-başlı həsədlə,  gözləri yol çəkə-çəkə dedi.
- Mən heç nə arzulayıb eləmirəm daha. Məncə, bizim ancaq bir yerə köçmək şansımız var...
- Hara? – içini çəkib maraqla xəbər aldı.
- O dünyaya...
Vəfanın:
- Uy, iraq olsun... – deməsi ilə maşını bağın qabağında saxlamağım bir oldu, maşından düşə-düşə qəfil öz-özünə danışırmış kimi dodaqaltı mızıldandı. – Qəribə gündü bu gün, gün çıxsa da, elə bil hər yan gümüşü rəngə çalır.  Günün qızılı telləri də bomboz bozarıb... Hiss eləyirsən?
Maşının qapısını örtüb kəsəsinə çavab verdim:
- Yox.
...Akasiya ağacının kölgəsindəki masanın arxasında əyləşmişdik, ofisiant yemək süfrəsini yığışdırıb kofe, dondurma gətirməyə gedəndə mən ağzımı salfetka ilə silə-silə:
- Axır vaxtlar tez-tez Vüqar yadıma düşür, – dedim. – Nədən öldü o?
 Vəfa yəqin ki, içdiyi çaxırdan qızaran yanaqlarını sığallayanda – özü təkid elədi ki, sən içmirsən içmə, mən vurmaq istəyirəm, indi keflənməsə yaxşıdı – elə bildim  göz yaşlarını gizlətmək istəyir, amma xalam qızı səsindən nəinki ağlayana, heç kövrələnə, qəhərlənənə də bənzəmirdi.
- Əvvəllər tez-tez başında ağrılar olurdu, bizim həkimlər diaqnoz qoydu ki, qaymaritdi... Sonra birdən-birə üzü şişib tanınmaz hala düşdü... Demə, o zəhrimardan imiş... Xərçəng... Yazığın iki körpə qızı qaldı... Hayıf ki, arzusuna da çata bilmədi...
- Hansı arzusuna?
- Həmişə deyirdi ki, general olacam. Əcəl imkan vermədi... Yazıq qardaşım... Cavan yaşında getdi... Heç nədən... Gözüdolusu yaşaya bilmədi...
- Hə... – mızıldayıb özümə haqq qazandırdım. – Mən Vüqarın ölümünü gec eşitdim... – olub keçənləri Vəfanın yadına saldım. – Anam tez öldü, atam evləndi, – rəsmiyyətə keçdim,  – məlum səbəblərdən  sizə də gediş-gəlişimiz seyrəldi... – əslində gediş-gəlişimiz tamam kəsilmişdi, "seyrəldini” nəzakət xatirinə dedim...
- Allah rəhmət eləsin, atan da ölüb, deyirlər...
- Hə, elədi... Çoxdan...  çoxdan  ölüb... –  qəfil dilim dolaşdığından sövq-təbii gülümsündüm.  – Hələ analığım da rəhmətə gedib...
Vəfa təəccübləndi:
- Aaa... o niyə? Deyirdilər cavandı axı... 
- Maşın vurdu onu... Yük maşını... Sümükləri xıncım-xıncım oldu, bədənində salamat yer qalmadı... – heç bilmədim niyə analığımın ölümünü ətraflı, az qala xırdalıqları ilə danışıram xalamın qızına...
- Oy!.. Yazıq... Əcəl qocaya-cavana baxmır... – nazik qaşları çatıldı və lapdan söhbəti dəyişdi. – Necə görünürəm mən, çox qocalmışam? – yəqin ki, bayaqdan fikri öz xarici görünüşündə qalmışdı, ona görə danışığı mənə robot kimi gəlirdi, öz  aləmində yaşlanmağına izahat verdi.  – Kökəlmişəm də, arıqlaya bilmirəm... – guya, arıqlasaydı ən azı, iyirmi il əvvəlki kimi olacaqdı.
- Kim deyir onu, sən çox cavan görünürsən, lap uşağa oxşayırsan...
- Uşağa bax... – ağzımı əydi. – Kim deyəcək, sən!.. – bilmədim qəsdən özünü incik göstərdi, ya doğrudan-doğruya nədənsə incimişdi.
- Mən? –  bu dəfə mən heyrətləndim, daha doğrusu, çaşdım. – Mən hacan elə söz dedim?
- Bayaq dedin ki, Cenifer məndən uşaqdı...
- Orası...  elədi...  Yaş öz yerində... – malalamağa uyarlı kəlmələr axtardım. – Amma səndə də özünəməxsus gözəllik var...
- Gopa basma... – saymazyana əlini yellədi. – Abırsızam mən... Mənə dəyən kimə dəysəydi o dünyalıq olmuşdu. Bilmirəm rəhmətlik qardaşımın yetimçələrinin dərdini çəkim, öz nəvəmin qeydinə qalım, ya bədbəxt anama baxım... Aləm bir-birinə qarışıb, hərdən baş götürüb uzaqlara, çöli-biyabana qaçmaq istəyirəm. Elə bir yerə ki, heç kəs məni tapa bilməsin... – azca ara verdi. – Yaxşı ki, sən gəldin, başım bir az qarışdı... İnan, hərdən adamın belə görüşlərə çox ehtiyacı olur...
Söhbətin yönünü dəyişmək istəsəm də deyəsən işləri lap korladım:
- Nəçidi ki, kürəkənin?
- Heç nəçi, avaranın biridi, heç vaxtı-vaxtında alimenti də verə bilmir...
- Niyə boşandı ki, sənin qızın?
- Mənə çəkib də, qabağından yeyən deyil... O vaxt mən də ərimdən tez ayrılmışdım. Heç üçcə il yaşamadıq...
Kəpənək qalstuklu ofisiant sinidəki mer-meyvəni, kofeni, dondurnanı masaya düzüb dodaqaltı: "nuş olsun,” – deyərək mürəxxəs oldu.
- Bir yerdə işləyib eləyirsən sən? – yerimdə qurcalanıb əlimi çay qaşığına uzatdım.
- Hə... Universitetdə laborantam... Həm də "Psixoloji Yardım Mərkəzi”ndə psixoloqam... Belədi də, gülməli günə düşmüşəm, mənim öz günümə ağlayan lazımdı, mən ona-buna məsləhət verirəm... Çörəkli yerdi, ölkədə psixlərin sayı artdıqca bizim işimiz yaxşı gedir... Nə isə, Əlinin papağn Vəlinin, Vəlininkini Əlinin başına qoyuram ki, evdəkilər korluq çəkməsin... Sən nə işlə məşgulsan?
- İndi heç nə ilə... İşlədiyim bank bağlandı, hələ ki, atamdan qalanlarla birtəhər başımı dolandırıram...
- Axı, sən qabaqlar şeir-zad yazırdın...
- Eh...  O çox qabaqlar olub... Həm də ki, indi şairi-filanı saya salan var bəyəm? Diribaş şairlər toylarda tamadalıq eləyir, ölüvayları açından günorta durur...
Sözümün sonunu-canını vecinə almayıb gülümsündü:
- Yadındadı,  sən mənə də şeir yazmışdın?
- Yadımdadı, – təsdiqlədim, – sənə şeir yazmışdım dəftər vərəqində, sənin özünə də and içdirmişdim ki, heç kəsə deməyəsən...  Yaman sirr saxlayan idin, heç bircə gün keçmədi üstündən,  sair dili ilə desəm, sirrimi dünyaya yayıb, məni  el içində rüsvayi-cahan  elədin gülə-gülə ki, bəs, ay qızlar, bu uşaq mənə şeir yazıb... Yaxşı ki, mən sənin xalan oğlu idim, özgəsi olsaydım sirri bir dəqiqə də saxlamazdın... Utandığımdan bilmirdim qaçıb  harda gizlənim... Aramızda cəmi beş yaş fərq olsa da sən mənə bapbalaca uşaq kimi baxırdın... –bir anlıq key-key süfrəyə baxdım. – Qalır səndə o seiri yazdığım vərəq?
- Yox, – başını buladı, – indiyə vərəq qalar?.. – məzələndi. – Sevirdin də sən o vaxt məni, hə? –  bic-bic göz vurdu mənə. – İkilikdə olanda qıpqırmızı qızarırdın, yadındadı?..
- Ooo!.. Dəli-divanə idim lap... – mən də borclu qalmadım. – Mən yazıq səndən ötrü Məcnun kimi çöllərə düşdüm. Bəlkə elə sənə görə arvad almaq məsələsində bəxtim gətirmir...
-  Kiri-kiri, bəxti gətirməyənə bax... Dalınca sürünmədiyin bir yubkalı qalmayıb... 
- Onu sənə kim deyib?
- Mələy... Babagillə üzbəüz yaşıyırdılar axı... O vaxtlar mənim padruqam idi. Sonralar da zəngləşirdik hərdən... Ozü də sənnən üç yaş böyük... Heç abır-həyan yoxmuş sənin...
- Nişanlısı atmışdı Mələyi... – özümə haqq qazandırdım. – Mən bir-iki il ona kömək elədim. Qoymadım, daha doğrusu, qıymadım tək qalsın... Pis şey ağlına gətirmə, pis nə var axı burda? Dar ayaqda sənin rəfiqənə kömək eləmişəmsə, sən buna görə mənə "çox sağ ol,” deməlisən.
- Sus, dillənmə barı... Köməkçi... Olmaz sənin kimi köməkçidən... Gör kimə nömrə gəlir... – Vəfa məni yamsıladı. – Nə yaman ürəyi yumşaqsan... Babnik... Arvadlara kömək eləmək üçün əldən-ayaqdan gedirsən... Heç olmasa Mələyə yaxın durmayaydın... Axı sən bilirdin ki, Mələy mənim rəfiqəm olub... Geç-tez zibilinizin üstü açılacaq...
- Elə Vüqarın ölümünü də mənə Mələk xəbər verdi... – qəfil dilimdən çıxanları dəbbələyib, rəndələyib səhvimi düzəltməyə çalışdım. – Amma rəhmətliyin ili də çıxmışdı Mələk mənə xəbər eləyəndə...
Vəfa bunun fərqinə varmadı, deyəsən, qanqaraldıcı söhbətlərdən  bezikmişdi, deyib gülmək fikrindəydi:
- Çoxdandı səs-səmiri gəlmir, görəsən Mələy hara yoxa çıxıb?
- Türkə ərə getdi də... Bilmirdin?
- Yox... Hardadı indi?
- Bursada...
- Adamların işi düz gətirəndə səsləri çıxmır. Deyirəm axı, niyə xəbər-ətər yoxdu Mələydən... – yüngülcə köksünü ötürdü. – Neynək, təki xoşbəxt olsun... Yaxşı qız idi Mələy... – elə dedi ki, guya, haqqında danışdığı dünyasını dəyişmişdi, necə deyərlər, ərə yox, gora getmişdi. – Nolar, Bursa da pis yer deyil... – söhbəti qəfil, tutalqasız dəyişib soruşdu. – Sənin Şotlandiyaya yolun düşüb?
Çaşdım:
- Yox, necə  ki?
-  Elə yaxşı ki, düşməyib... Ora  gedib çıxsaydın, kişilərə də cumardın... – qəhqəhə çəkdi.
- Sən yubka məsələsinə görə belə deyirsənsə, onda gərək mən buralarda arvad üzünə həsrət qalaydım, çünki day zənənlərin hamısı şalvar geyinir...
-    Baban sağ olsaydı ağacla döyərdi səni...
- Hə, babamın çomağına tuş gəlmək Əzrayılı dirigözlü görməkdi... Babanın gözü qızdısa, gərək qaçıb bir yerdə gizlənəydin canını qurtarmaqdan ötrü... Metrə yarım boyu vardı kişinin, çomağı özündən böyükdü, di gəl, gözü qızanda hirsindən-hikkəsindən yer-göy titrəyərdi...
- Əsas boy-buxun deyil ki, ürəydi, ürəy... – Vəfa əlini sinəsinə vurdu.
- Yadındadı, babanın bacısı Nisbətin oğlu Ramazan?.. – ürək söhbətini qulaqardına vurub xəbər aldım.
- Yox... Heç Nisbət dediyin arvadı da xatırlamıram mən... Görməmişəm bəlkə də... Mən babagildə qalanda sənin kimi  hər yerə burnumu soxmurdum axı... Məhəllədəki qızlarla oturub dururdum,  padruqalarımla sənin mənə yazdığın şeiri oxuyub gülüşürdük...
 Müsahibim son  sözlərini havaya deyibmiş kimi davam elədim:
- Hə, həmin o Ramazan dayısıgilə, yəni babamgilə gələndə babam nənəmə tapşırardı ki, elə elə o biqeyrət mənim gözümə görsənməsin... Nədi, nədi, Ramazan arvadını boşayıb başqa arvad almışdı... İndi gündə beşi evlənir,  altısı boşanır, heç kəsin də veçinə deyil, əyyam dəyişib... Baxma ki, qoca vaxtında baban özü də ikinci kərə evlənmişdi...
- Arvadı öləndən sonra evlənmək qəbahət deyil... Burda pis nə var ki?.. – Vəfa babasının, lap dəqiqi, babamızın tərəfini saxlayıb az qala üstümə çımxırdı.
- Nə isə, sözüm onun evlənməyində deyil, həmin o Ramazana yazmışdım mən ilk seirimi:

Ramazan, qəbir qazan,
Arvadına məktub yazan...

- Yox, mənə yazdığın şeir ondan yaxşı idi...  Bir də Ramazan öz arvadına niyə məktub yazmalı idi ki?
- Bilmirəm... İlk qələm təcrübəsi idi də... Sənə seir yazanda püxtələşmişdim... – məzələndim. – Əməlli-başlı sair idim...
 Süfrədən əl götürüb oturduğu stulda yerini rahatladı, ayağını-ayağının üstünə aşırıb  bic-bic gözlərini üzümə dikdi:
- Hə... Mənim dərdimdən şair olacaqdın... – yüngülcə nəfəsini dərdi. – Bura bax, Ramazan, şeir-filan öz yerində, indi əsl mətləbin üstünə gəl, düzünü de görüm, birdən-birə gün hardan çıxıb, mənim yazıq anam, başı bəlalar çəkmiş xalan hayandan düşüb sənin yadına?..
Araya sükut çökdü.
  Mən bayaqdan ətrafa düz-əməlli fikir vermirdim, bağın kənarındakı yolda şütüyən maşınların səsini də, şəhərin ümumi ahəngi hesab eləyərək eşitməməyə çalışırdım, amma indi qəfil elə bil iri, həmişəyaşıl ağacların ən sıx yarpaqlı yerində yuva quraraq gizlənən və gözə görünməzə çevrilən quşların da səsi kəsildi, ya da bizim oturduğunuz bağın üstünə, yan-yörəsinə səs, səda, ün keçirməyən halə çəkdilər sanki. Sükut nə qədər çəkdi, müsahibim kirpiklərini də qırpmadan diqqətlə mənə nə qədər baxdı, mən nə qədər çarəsiz-çarəsiz alnımı ovuşdurdum bilmirəm, nəhayət, ağır-ağır, çəkinə-çəkinə dilləndim:
- Deməyinə deyəcəm e, ancaq bilmirəm, sən məni anlayacaqsan, ya yox?..
Özünü yığışdırıb tamam diqqət kəsildi:
- Sən bir sına, çalışaram başa düşüm...
- Birincisi, mən son vaxtlar qəribə yuxular görürəm, o yuxulara da həyatımda baş verənlərdən, verəcəklərdən, keçmişimdən, gələcəyimdən daha çox inanıram... – boğazımı arıtldım. – Əslində kələfin ucunu itirmişəm e, bilmirəm hardan, nədən başlayım... Çünki ilk baxışdan ağlasığmaz fikirlər girir başıma...
- Açıq de, görüm səni narahat eləyən nədi? – diqqətlə üzümə baxdı. – Yox, rəng-ruhun pis deyil. İstədiyin vaxt gələrsən mənim qəbuluma, sənə pulsuz kömək eləyərəm, – gülümsündü.
- Məzələnsən day heç nə danışmayacam, – dedim incik-incik. – Keçi can hayındadı, qəssab piy axtarır...
Maraq ona güc gəlsə də, zarafatından  qalmadı:
- Yaxşı-yaxşı, mən susdum... Ancaq, sən canın, bir də özünə kazyol demə...
Amma mən xalam qızının susmasına imkan verməyib xəbər aldım:
- Sənin yadındadı da xalan... mənim anam?.. – boğazımı arıtladım. – Öz anamı deyirəm...
- Həlbət ki, yadımdadı... O qədər məni oynadıb ki... Allah rəhmət eləsin... Xalamın gözündəki işıq indiyəcən xatirimdədi... O iri gözlərdəki par-par yanan işığın həmişəlik sönüb getdiyinə adamın inanmağı gəlmir... – yeddimərtəbəli sözlərlə kiçicik nitqini başa vurdu.
-  Bəs, babam... yəni babamız?.. – dilim dolaşa-dolaşa soruşdum, müsahibimi bir azdan deyəcəklərimə hazırlamaq lazım idi.
- Dəlisən... Mən sənnən böyüyəmsə, adi məntiqlə babamı sənnən daha yaxşı xatırlamlıyam da, elə deyil? Kəsəsinə gəl, birdəfəlik sözünün canını de, çox "mus-mus” eləmə...
Onun dediklərini qulaqardına vurdum,  ucundan tutub ucuzluğa getsəydim mətləbdən yayınardım, nə istədiyimi mənimlə üzbəsurət əyləşənə anlada biməzdim. Çünki əslində nə baş verdiyini heç özüm də başa düşə bilmirdim.
- Hər şeyə  öyrəşdiyimiz adi məntiqlə yanaşsaq uzağa gedə bilmərik, məsələ bunda deyil... Bax, o babamızın bir əmisi arvadı vardı. Çox ağır seyid idi həmin arvad. Amma guya, sonsuz idi seyid arvad, uşağı olmurdu...
 Yenə sözümü kəsdi, lakin bu dəfə dediklərimi axıracan dinləməməyi mənə kömək elədi, mən fikrimi cəmləyə bildim.
- Yaxşı, bəs, guya niyə? Əslində övladı vardı ki?.. – dirsəyini masaya dayayıb ovcunu çənəsinin  altına qoydu.
- Hə...  övladı vardı...  elə... indi də var... diqqətlə qulaq as, məni başdan xarab hesab eləmə... – boğazımı arıtladım. – O qadının övladı... e... oğlu... mənəm... – deməyimlə Vəfanın təəccüb içində:
- Nəə?!. – qışqırmağı bir oldu, yaxşı ki, ətrafımızdakı masalar boşdu, hər halda, bizə fikir verən yox idi, ancaq ya yerində silkələndiyindən, ya da oturduğu stulun ayağı çökəyə düşdüyündən yıxılacacaqdı az qala, son anda cəld tərpəndi, masanın qırağından yapışıb birtəhər özünü saxlaya bildi, masanın üstündəki boş fincanlar nəlbəkidə titrəyib çingildəsə də, boşqablar qoyulduğu yerdə silkələnsə də, Vəfanın mobil telefonu iri qədəhə dəyib toxunduğunu ləngərlətsə də  ümumən  yaxşı qurtardıq. – Sağdı ki, o arvad?.. – səsini birdən-birə elə yavaşıtdı ki, güclə eşitdim, amma pıcıltı ilə xəbər aldığı elə bil qulaqlarımda bir neçə dəfə əks-səda verdi.
- Nə danışırsan, indiyə arvad qalar?.. Çoxdan ölüb... Eşitdiyimə görə müharibə vaxtı... – nədənsə, mən də  onun səsinə uyarlı  astacadan dedim.
Qəfil qışqırdığı kimi tez də köpü yatmışdı, görünür zarafat-zarafat əsl psixoloqdu:
- Hansı müharibə?..
- Hansı olacaq, nemeslərlə müharibə zamanı da...
Gözlərini döyüb kirpiklərini tez-tez qırpa-qırpa matdım-matdım üzümə baxdı:
- Bu necə ola bilər, axı sən o müharibədən çox-çox sonra dünyaya gəlmisən?.. Sən döğulanda o arvad çoxdan ölmüşdü... – sanki nə edəcəyini bilmədən qeyri-ixtiyari süfrədəki üzümdən bir gilə atdı ağzına.
- Bilirdim belə deyəcəksən... Noolsun?.. Səni gördüyüm kimi əminəm dediklərimə... Qırılan zənciri xəyali halqalarla da birəşdirmək olar...
- Anlamadım... Nə zəncir?.. – qeyri-ixtiyari əlini boynuna, sinəndəki qızıl boyunbağıya apardı, yan-yörəyə göz gəzdirdi.
- Yəni, mənim məqsədim o arvadla mənə qədərki qırılan zaman zəncirini bərpa eləməkdi, birləşdirməkdi... Buna görə də əvvəlcə xalamı görməliyəm... Sən o arvad haqqında nəsə eşitmisən?
- Yox, heç nə eşitməmişəm...
-  Səni çaş-baş salmamaq üçün anam demirəm ona, amma mənim əsl anam odu... Bilirəm, ağlına batmır...
- Batmaz də... Ağzın, dilin  deyəni qulağın eşidir sənin?
- Hələlik ümidim xalamadı... Sonrasına Allah kərimdi...
Əlini yellədi laqeydliklə:
- İnanmıram xalan sənə kömək eləsin...  Xalanın öz   işi Allaha qalıb, onun öz adı yadından çıxıb... – özü öz dediklərinə düzəliş verdi. – Belə görürəm, elə  hamımızın işi o kişiyə qalıb... – barmağını göyə tuşladı.
- Kömək elədi-eləmədi, mən sabah hökmən rayona gedəcəm... İstəsən mənə yoldaş ola bilərsən... – burasını ürəksiz dedim, çünki elə səfərlər var ki,  adam öra hökmən tək çıxmalıdı, tək getməlidi... – birlikdə gedərik... – həm də bilirdim ki, nə o, mənimlə gedə bilər, nə də mən onunla, bizim yol-yoldaşı olmağımız mümkün deyil.
Bəlkə də səsimin ahəngindən, titrəyişindən təklifi candərdi, nəzakət xatirinə, "xala xətrin qalmasın” elədiyimi başa düşdü.
-  Yaxşı olardı... Mamamı da görərdim... Hayıf ki, gedə bilmərəm... Evdəkilərin əlindən şəhərdən çıxa bilmirəm mən...  Mənsiz bir udqum su da içə bilmirlər. Nökərçılik alnıma yazılıb mənim... – mobil telefonu zəng çalmasaydı hələ çox gileylənəcəkdi. – Bax görürsən, hələ tapşırmışam ki, bir-iki saat mənnən işiniz olmasın... – deyinə-deyinə telefonu götürdü. – Yenə görəsən nə buyuracaqlar hazıryeyənlər... – telefondakı nömrəyə baxıb gülümsündü. – Yox a, babal yuyuram, padruqamdı... – telefonu qulağına apardı. – Alo... Salam... Yox, evdə deyiləm... Bağdakı kafedəyəm... Hansı bağ olasaq, səninlə axşamlar gəzdiyimiz bağ, evimizin yanındakı... Xalam öğluyla, belə oğlandı... – deyəndə mən qımışdım, çünki onun baş barmağını qaldırmağını şübhəsiz ki, zəng vuran rəfiqəsi görə bilməzdi. – Dayan görüm... – telefonu qulağından çəkib üzünü mənə tutdu. – Padruqamdı e, bura gəlmək istəyir, gəlsin?.. – aciz-aciz elə soruşdu ki, güya, mən gönüqalınlıq eləyib kəsəsinə: "yox, gəlib eləməsin!” – deyərək müsahibimin üstünə çımxıra da bilərdim. 
Vecsiz-vecsiz əlimi yellədim:
-  Özün bil...  Mənə nə var... Gəlir gəlsin də...
O, təzədən telefonu qulağına apardı:
- Az, gəl... Yox, hələ burdayıq... Gözləyirik, gözləyirik... – mobil telefonu masanın üstünə qoydu. – Gəlir... –   boynuma minnət qoya-qoya dedi, guya, rəfiqəsi məni görməyə gəlirdi və mən onun rəfiqəsini görmək üçün əldən-ayaqdan gedirdim. – Amma o... – qısaca ara verdi, –  podruqamı deyirəm, qəfil burda gicləsə, sən fikir verib dərinə getmə, elə bil heç nə olmayıb... Yola verərsən getsin...
Bəri başdan özümü yığışdırdım:
- Anlamadım... Necə yəni, gicləsə?.. – əlimdəki boş fincanı ağzı üstə nəlbəkiyə qoydum çaşdığımdan. – Neyləyə bilər ki?
Vəfa səbrlə izahat verdi, elə bil mənimlə rəfiqəsini görüşdürəcəyinə görə üzrxahlıq eləyirdi:
- Yaxşı qızdı, intəhası, qardaşı öləndən, üstəlik özü də üşüncü ərindən böşanandan sonra, – barmağını gicgahına apardı,– ağlı  üstündə olmur arabir,  hərdən başı qaçır... Başlayır hətərən-pətərən danışmağa... Necə deyim sənə... – uyarlı sözlər axtardı. – Ölçü hissini itirir... Dağı arana qatır, aranı dağa... Mən öyrəncəliyəm, qatmaqarışıq bir söz desə, sən də fikir vermə... Dünyadı da, heç kim bilmir sabah başına nə gələcək, heç kəs yekəxanalıqla döşünə döyüb öyünməsin... Əslində rəfiqəm bilirsən necə ağıllı qız idi, yaradan mıxı mismara çevirdi, hər şey oldu kəlləmayallaq...
-  Məhəbbətə bax... Ərinin ayrılığına dözə bilməyib havalanır adam... – zarafata saldım. – Divanə olub düşür çöllərə...
- Yox-yox... Day o dərəcədə havalı-zad deyil, hərdən-birdən çaşır... Özü də ərinin məsələyə sən deyən dəxli yoxdu. Qardaşı öləndən sonra birtəhər oldu padruqam... Özünü qardaşının ölümündə günahkar sayır, deyir ki, mən böyük günah işlətdim, dünya malına uyub doğma qardaşıma qarğış elədim, o da... – Vəfa nədənsə, sözünü yarımıq kəsdiyindən mən:  
- O da nə? – soruşmalı oldum.
- O da qarğışımın qurbanı olub öldü... – sakitcə cavab verdi. – Bilmirəm, işimlə əlaqədardı, ya nədəndi, axır zamanlar elə  başdan xarablar, ağlı çaşanlar, havalılar çıxır mənim qabağma... Eh... – dərindən ah çəkdi. – Nələr arzulayırdım, gör nə günlərə qaldım, neynək, buna da şükür, necə deyiblər onu: " Çətini ölənəcəndi...”
 Onun sözlərindən mən də öz payımı götürdüm, baxışlarımı yayındırıb gözlərimi günahkar-günahkar süfrəyə dikərək sakit-sakit dedim:
- Yox, deyəsən, əsl zırıltı öləndən sonra başlayır...

2

Qardaşının oğlu dünyaya gələndə hacı Ayaz sevindiyindən yerə-göyə sığmırdı. Qurbanlar kəsildi, nəzirlər paylandı, neçə gün şadyanalığın ardı-arası kəsilmədi. Qardaşların imarəti yan-yana olduğundan bilinmirdi hay-haray hansı evdə daha çoxdu, daha gurdu. Ara sakitləşəndən sonra hacı Ayaz öz arvadının da könlünü almağı unutmadı, çünki, nədənsə, hacı Ayaza elə gəlirdi ki, arvadının sonsuz şadlığının içində gizli və öləzik bir nisgil, ən azı, kövrək bir dalğınlıq var. Yay axşamında,  işığı səyriyən dövrələmə şamdanların düz ortasında ay kimi tək-tənha dayanan  onluq lampaya –  işığından başqa heç nə ilə  aya qətiyyən bənzəməsə belə –  baxa-baxa  uzun-uzadı fikrə gedib deyəcəklərini daş-tərəziyə qoydu və elə sözə başlamamışdan özünü yığışdırıb səsini yavaşıtdı, sanki kəlmələrini kiminsə eşidəcəyindən ehtiyatlanırdı, hərçənd çəkinməyə dəyməzdi, nəinki otaqda, evdə də arvadından savayı heç kəs yox idi; aşbaz, qulluqçular, nökərlər bir günlük izn almışdılar, qardaşının oğlu dünyaya gələndən onsuz da rəhmli olan hacı Ayazın ürəyi lap yuxaya dönmüşdü, neçə gündü ki, özünü təkliyə verib bağ-bağatda, yarpaqları sıx ağacların arasında uşaq kimi ağlayırdı da, amma bu hönkürmək deyildi, ağlayanda göz yaşları damcıldayar, hacı Ayazınsa kirpikləri bir-birinə sıxılanda sir-sifətini, bığını-saqqalını  sel-su bürüyürdü, axdıqca axırdı, özünə gəlib toxtayandan sonra gedib Kürün qırağında əl-üzünü yuyurdu, səbəbini düz-əməlli anlamadığı göz yaşlarını gizlətsə də, gözlərinin qıpqırmızı qızarmağı onu "ələ verirdi”, başqaları ürək eləyib heç nə soruşmasa da, arvadı deyəsən, nə isə başa düşmüşdü – hərdən ağlaynana elə gəlirdi ki, arvadı çox şeyləri anlayır, çox-çox şeyləri duyur və işdi-şayəd o, anlayıb duyduqlarını öz halalca əri ilə bölüşsəydi hər şey tamam başqa çür olardı, onda ağlına gəlməyən hacının başına gələrdi və bəlkə də görəcəklərinə hazır olmadığından zövcəsi onu qorumaqdan ötrü duyuq düşdüklərindən aralı saxlayırdı ərini –  arvadı hacı Ayazın "qocalıram yəqin, gözlərim ağrıyır”, kəlmələrinin başına ip atmasa da,  əslində ağrının ərinin gözlərində yox, qat-qat dərində olduğunu duyurdu, indi də o duyğu qadını əndişələndirdiyindən baxışlarını önündə bardaş quranın üzünə zilləmişdi, hacı Ayaz da yol cəkən gözlərini yumub açdı, açıb yumdu, arvadının üzünə, bir dünyalıq işığı bəbəklərinə sığışdıran qara gözlərinə baxaraq  kədərlə, qəm-qüssə və yorğunluqla dərindən ah çəkib zorla  gülümsündü:
- Cəddinə qurban olum, ay arvad, şükür ki, Allah dualarımızı eşitdi, qardaşımın oğlu oldu, yurdumuz başsız qalmadı... Sizin ocağın kəramətinin bir daha şahidi oldum mən... Sən o ziyarətgahda mənə necə demişdinsə, eləcə də baş verdi hər şey...  Sanasan ki, gələcəyə gedib olacaqları öz gözlərinlə görmüşdün... Gününə söz ola bilməz... Dediyin vədədə qardaşımın arvadı dünyaya buz baltası kimi bir oğul gətirdi... Öz adını da dünyaya təzəcə gələn oğluna verdi qardaşım... Əmma... – hacı Ayazın səsi qırıldı. – Ürəyinə pis fikir gətirmə, sən mənim gözümün işığısan, özün bilirsən ki, dünya-aləm yığışa vermərəm, dəyişmərəm səni... İki dünya bir ola sənin yerini verə bilməz... Ona görə sənin üstünə günü gətirmədim, ölərəm, gətirmərəm də... – deyəsən, hacı Ayazın fikirləri qarışıq olduğundan dağı arana, aranı dağa qatırdı, "günü” söhbətindən də tutalqasız dönüb təzədən qardaşı oğlundan danışdı. – And olsun Allaha ki, elə bilirəm qardaşımın oğlu elə mənim öz balamdı...  Buna iynənin ucu qədər şəkk-şübhən olmasın. Qədəm basdığım o müqəddəs torpaq haqqı əminəm ki, sən də o körpəyə öz döğma balan kimi baxacaqsan, ona analıq eləyəcəksən, öz doğma anasından da bir köynək yaxın olacaqsan o uşağa...  – hacı Ayaz sözü-söhbəti uzada-uzada əslində uyarlı kəlmələr axtarırdı. – Əmma... Əmma yəqin bunda da bir hikmət var ki, xüdavəndi-aləm bizim özümüzə  övlad qismət eləmədi... Qız...
Arvadı hacı Ayazın sözünü kəsdi:
- Olacaq övladımız!.. İnşallah, hökmən olacaq!.. – deyəsən, arvadı doğrudan-doğruya gələcəyi apaydın görürdü. – Buna zərrəcə şəkk-şübhən olmasın... Şübhədənsə ümid yaxşıdı, şübhə bəndəni küfrə sürükləyər... Səni gördüyüm kimi əminəm övladımızın olacağına... Bizim də oğlumuz olacaq bunu bil...
Arvadının səsindəki qətiyyətdən hacı Ayazın bütün bədəni titrədi, bardaş qurub oturmasaydı yəqin ki, yerə yıxılardı, gözlərini taxçanın üstündəki şamdanlardan, lampadan çəkib iniltiyəbənzər bir səs çıxardı:
- Nə... nə vaxt olacaq?.. – əlini çoxdan üzdüyü xəzinəni gözlənilmədən ayağının altında tapan səyyah kimi uçuna-uçuna, kəkələyə-kəkələyə soruşdu, səsi içindən boğazına axanacan, ordan da bayıra çıxanacan sanki min kərə ölüb dirildi.
- Sonra... Çox sonra... Məqamı yetişəndə... – arvadı yenə qətiyyətlə dilləndi. –Eşidirsən, hökmən olacaq!.. – təkrarladı. – And olsun, yeri-göyü yaradana!.. – arvadının dediyi sözlərdən hacı Ayaz düz-əməlli sevinə bilmədi, arvadının səsindən oturduğu yerdəcə bütün bədəni silkələnib xəfifcə tir-tir titrəmişdi, əti ürpəşmişdi, tükləri biz-biz olmuşdu, çünki arvadı heç vədə belə ürəklə, arın-arxayın, hökmlü-qətiyyətli and içməmişdi.
 Arvadının asta, yavaş, lakin şaqraq, hökmlü səsinin daş-qaya dələn gücündəndi, ya nə sirri-xudadı, bilinmədi;  sanki  yarpaqlar belə ürpəməyən yay axşamında açıq qapı-pəncərədənmi, haradansa içəri burulğanvarı ani bir yel gəldi – lakin gələn sirli-sehirli yeldən həmin o qapı-pəncərələrdəki pərdələr xəbərsiz qaldı –  qəfil şamdanlarlardakı şamlar söndü, çırağın alovu isə titrəyib balacalaşaraq yenidən iriləşdi və əvvəlkindən də gur yanmağa başladı, elə bil ortadakı sönənlərin yükünü də öz üzərinə götürdü...
 ...Hacı Ayaz bir də heç vaxt bu söhbətə qayltmadı və "sonra”nı gözləyə-gözləyə dünyasını dəyişdi...
Tanrının onun qardaşı oğlundan, buz baltası kimi bir uşaqdan boy-buxun əsirgəməsindən də yəqin ki, hacı Ayazın xəbəri olmadı... 

ƏLİBABA

  "Əgər Vəfanın rəfiqəsi dünyadan köçmüş ata-anası ilə, yaxınları ilə əlaqə yarada bilibsə, bunu mən niyə bacarmayım? Vəfa ilə söz güləşdirməyin mənası yoxdu, iki ayağını dirəyəcək bir başmağa... Axı ölənlər özü rəfiqəmlə əlaqə yaradıb... Səndə isə əksinədi...  Yox, təxminən eyni şeydi, burdan ora xəbər aparmaq mümkündüsə, ordan bura da nə isə çatdırmaq olar, çünki əslində ora-bura yoxdu, xalaqızı, Allah hər yerdədisə, o sərhədi adamlar çəkib xalaqızı, adamların qələmindən çıxanlarsa həmişə xətalıdı, xalaqızı, mən buna öz adım kimi əminəm, intəhası, səni anlada bilmirəm, xalaqızı, başa salmaq üçün yuxularımı danışmalıyam sənə, bunu da heç vaxt eləmərəm, çünki o yuxular yalnız mənə aid deyil... Əslində o yuxuları kiməsə danışsam ola bilsin ki, heç nə dəyişməz, ancaq danışacaqlarım bir ömür yaşayıb başqa förmaya keçənlərin mənə olan etibarını heçə endirər. Həm də yəqin ki, ən əsrarəngiz hadisələr nəinki yazılmayan, hətta nəql olunmayan, bəlkə heç zaman yaşanılmayandı...

 ...Zəhrimar, key kimi olmuşam, belə getsə yatacam sükan arxasında”...
  Maşını yolun qırağındakı ağacın kölgəsində saxladı. Balaca bir tikili vardı aralıda, qapısı da açıq... Cayxana idi yəqin ki... Yüngül, ağ masa və kresloları düzmüşdülər salxım söyüdün ətrafına, külək kresloları aşırmışdı, yalnız bir stol səliqəli idi, ətrafındakı oturacaqlar da yıxılmamışdı, elə bil o tərəfə  yel dəymirdi, ya masa arxasında oturan buxara papaqlının zəhmindən ora çatanda özünü yığışdırırdı külək ki, qabağında armudu stəkan qara, uzun təzbehini çevirə-çevirə dayanmadam dodaqaltı zikr eləyən pürrəngi çayını ləzzətlə içib canındakı yorğunluğu çıxartsın, yoldan ötən maşınlara baxıb keçmişi, gələcəyi yadına salaraq başını qatsın...
 Amma buxara papaqlının görkəmi aldadıcı imiş, o, maşından düşüb qapını örtəndə təsbehli başını qaldırıb gələnə baxaraq mehriban-mehriban gülümsündü və min ilin tanışı kimi dilləndi:
- Gəl-gəl, ürəyimə dammışdı ki, kimsə gələcək, ona görə çayçıya dedim iki stəkan gətirsin... – çayniki götürüb boş stəkana çay süzdü və gələnə yer göstərdi. – Otur...
O, salam-kəlamsız buxara papaqlı ilə üzbəsurət əyləşsə də, narahat-narahat ətrafa boylandı:
- Qoy çayçıya deyim, təzə çay gətirsin də... Hardadı bura baxan, camaata qulluq eləyən? – səsi boğazında ilişdi, çünki onlardan başqa kimsə yoxdu "camaat” adına.
Buxara papaqlı etiraz elədi:
- Onu çağırma, namaz qılır içəridə... Elə bu çayniki də indicə gətirib... – dediklərinə sübut kimi öz armudu stəkanını göstərdi. – Özümə də bu dəqiqə süzmüşəm... Heç içməmişəm hələ...
- Nöş əziyyət çəkirsən, ay kişi... – ağızucu mızıldanmaqdan başqa çarəsi qalmadı. – Yəqin sən məndən bir-iki bayram böyüksən, əslində mən sənə qulluq eləməliyəm...
- Nə əziyyət, çaydı da... – buxara papaqlı rəngi qarışmış gözlərini qıydı. – Mən də oğlumun yanınnan gəlirdim, dedim kəndə girməmiş burda bir az dincimi alım...
- Hardadı ki, oğlun?
- Əskərlikdədi...  Gedmişdim dəyməyə... Şükür, yaxşıdı, sağ-salamatdı...
- Kəndiniz yaxındı deyəsən?
- Yolun o tərəfindəki qəbiristanlığı görürsən? – əlini irəli uzadanda təsbeh stəkana dəyib cingildəsə də, yaxşı ki, aşmadı cingildəyən.
 O, buxara papaqlı deyən səmtə nəzər saldı, əslində diqqətlə baxmağa ehtiyac yoxdu, bu yoldan çox keçmişdi, yolun kənarındakı böyük məzarlığı da görməmək mümkün deyildi.
- Görürəm...
- Bax, ora bizim kəndin qəbiristanlığıdı... İçəridə, ağaclıqda da bizim kənddi... "...” kəndi... Eşidərsən yəqin... – təəssüfqarışıq dalğınlıqla köksünü ötürdü. – Hayıf  ki, indi seyrəlib o ağaclar... – özü öz sözlərinə qüvvət verdi. – Çox seyrəlib...
 Buxara papaqlı yaşadığı kəndin adını çəkəndə bir anlığa onun başı hərləndi, önündəkini də dumanlı gördü, sanki lap uzaqlardan kimsə qulağına nə isə pıçıldadı, amma səs o qədər zəif idi ki, sözləri ayırd eləyə bilmədi, sanki deyilənlər, pıçıldananlar anlamaq, başa düşmək üçün yox, beyninə yığılıb məqamı çatanda istifadə eləyə bilməyindən ötrü idi, eşitmədiyi kəlmələr haçansa hökmən lazımı olacaqdı, dadına çatacaqdı, onu hansısa bəladan hifz eləyəcəkdi, qurtaracaqdı...
- Nə eşitməkbazlıqdı, ay kişi, sizin kənddə mənim atamın bir dostu vardı. Əlibala... Onun da atası mənim babamın dostu imiş... Beləcə, o dostluq ta qədimlərəcən gedib çıxırmış... Amma atamdan sonra zəncir qırıldı... Yadımdadı o Əlibala kişi... Hündür, kök adam idi, həmişə də şirmayi təsbehini şaqqıldadardı. Mən balaca olanda ona bir şeir də qoşmuşdum özlüyümdə: Əlibala şax-şax, bir torba... – ayıq tərpənib şeirin sonunu dilinin ucundan qaytardı. – Nə isə...  Bir gün Əlibala kişi bizə gəldi, yaman arıqlamışdı, sınıxmışdı dedi ki, halallaşmağa gəlmişəm, mədəmi aperasiya eləyiblər, vaxtıma az qalıb... Sonra atamdan eşitdim ki, Əlibala kişi rəhmətə gedib... – bir az da nəzakət xatirinə, kədərləndiyini büruzə verməkdən ötrü nümayişkəranə ah çəkdi, hər halda, söhbət buxara papaqlının həmkəndlisindən gedirdi. – Allah rəhmət eləsin...
Buxara papaqlı gülümsündü:
- Bilirəm...
- Nəyi bilirsən? – təəccüblə xəbər aldı.
- Sənin dediklərini...
- Hardan?
- Sənin atan mənim toyumda da olub...  Əlibalanın oğluyam mən...
- Əlibalanın oğlu? Doğrudan?..  Təsadüfə bax!.. – Sübhəli-şübhəli dedi. – Adamın inanmağı gəlmir...
- Əstəğfürüllah, bu yaşımda nəsil-nəcabətimi, dədəmi-nənəmi danacam?  Vallah, Əlibalanın oğluyam!..
- Əlibala kişinin oğlu... – tərəddüdlə pıçıldayıb müsahibimə baxdı. – Adın nədi sənin?
- Əlibaba...
- Dağ dağa rast gəlməz, burda deyiblər... İndi ki, tanış çıxdıq qoy deyim, bu istidə o papaqın içində başını niyə bişirirsən?
- Öyrəncəliyəm... – Əlibaba sövq-təbii əlini başına apardı. – Papaq başımda olmayanda elə bilirəm başım yoxdu...
- Kəndin mollasısan sən?
- Hə...
- Onda işin yaxşıdı ki...
- Hardan... Hərə öz başın gücnən girləyir... Yenə kəndimizə qəsəbə statusu verilsəydi köçümüzü birtəhər sudan çıxarardıq...
- Mollaya nə fərqi var, kənd, qəsəbə...
- Qəsəbə olsaydıq bizim yerlərə də qaz çəkərdilər... Məxluq qışda soyuqdan donur, həmişəyaşıl ağacları odun kimi kəsib yandırırlar, ağaclıqlar da ki, ildən-ilə seyrəlir... Belə getsə, bizim yamyaşıl kəndimiz bomboz çollüyə, qupquru səhralığa dönəcək...
-  Yay vaxtı qışın dərdini çəkmə, a kisi... Bəzən arzuna çatandan sonra başa düşürsən ki, illərlə həsrətində olduğun nəinki sənə lazım deyilmiş, hətta xeyirdən çox ziyanı varmış, belə ki, hələ bilmək olmaz həsrətində olduğunuz o qaz sizin kəndə xeyirli olacaq, ya yox... –  Əlibabanın üzündəki narazılığı görüb sözünü dəbbələdi. – Hələ sizin kəndinizə qaz çəkməyiblər?
- Yox... – gözləri yol çəkdi Əlibabanın. –  Orasını düz buyurdun ki, xeyirlisini Allah bilir...
- Bəs, televizorda deyirlər ki, ölkənin ən ucqar yerlərinə də qaz çəkilib...
Əlibaba qımışdı:
- Özün savadlı adama oxşayırsan, televizorda göstərilənlər, qəzetdə yazılanlar hamısı hap-gopdu...  – söhbəti qəfil çöndərdi. – Sənin yolun hayanadı?
- Anamı axtarmağa gedirəm...
- Hə... Yaxşı eləyirsən...
- Bir az bədgümanam, bəlkə heç tapa bilmədim...
Əlibabanın qaşları çatıldı:
- Əsas tapıb tapmamaq deyil, axtarışın özü gözəldi... Yoxsa, hamımızın yolu eynidi. Beşikdən qəbrə...
O, borclu qalmadı:
- Əksinə lap gözəl olardı. Qəbirdən beşiyə...
- Bəlkə elə sən deyən kimidi? Nə bilmək olar... – Əlibaba etinasızlıqla və əlacsız-əlacsız  dedi. – Şərtləri, qaydaları biz qoymamışıq...
- Sən din-iman əhlisən, bəlkə hardasa nəsə oxumusan, ya məslislərdə kimdənsə eşitmisən, axır zamanlar mən qəribə, belə... ağlasığmaz yuxular görürəm, nədəndi bu sən bilən?..
- Nə yuxular?..
- Danışa bilmərəm... – səbəbini axtarsa da, ağlına tutarlı heç nə  gəlmədi, müsahibi incisə də, ən yaxşısı, sözü düzü-düzünə, bəzək-düzəksiz  deməkdi. – Sirrdi... Çox məhrəm yuxulardı e, xətrinə dəyməsin... Elə sirlər var ki, heç kəsə açmaq olmur...
- Bəndənin bildiyi sirr sayılmaz ki... – Əlibaba armudu stəkandakı çaydan bir qurtum aldı. – Yenə özün bilən yaxşıdı, ürəyinə pis şey gəlirsə, sirrini heç kəsə açma... Özü də,  eşitməmiş olmazsan, deyirlər, yuxunu danışmazlar...  Amma hülqumsuz bəndə yasağı pozmağa meyllidi binadan...
- Kstati, bu gecə gördüyümü danışa bilərəm yəqin... Çünki birbaşa özümə aiddi... Bu gecə yuxuda gördüm ki, yağış yağır, amma qəribə yağışdı, göydən yerə yox, yerdən göyə, torpaqdan yuxarı yağır, su yerdən səmaya qalxır... Görəsən nə mənası var bu yuxunun, yozumu nədi gördüyümün? – sualedici nəzərlərlə Əlibabaya baxdı.
O, bayaqdan əlində saxladığı yarımçıq  stəkanı nəlbəkiyə qoydu:
- Nə deyim...  Mən rəmmal deyiləm. Yuxular da qeyb aləminə aiddi, yuxunu düzgün yozmaq üçün oralara baş vurmaq gərəkdi... Bir də ki, gördüyün hər yuxunun başına ip atıb, özünü yormaq xəlbirlə su daşımaqdı. Onsuz da çıxış yolunu tapmayacaqsan... – sohbəti dəyişdi. – Yaxşısı budu, dur gedək bizə, qonağım ol... Necə dedin onu, zəncir qırıldı... Gedək bizə, qırılan zənciri birlikdə birləşdirək...
- Yox, sağ ol, day bir-birimizi tanıdıq da... Qalsın gələn dəfəyə... Mən gördüyümü görmüşəm, nə olur olsun, öz yolumla getməliyəm...
- Onda yolundan qalma... Söhbət quzunu qurda verər... – Əlibaba qaşqabağını sallayıb ayağa qalxdı. – Mən də gedim, işim-gücüm var...
O,  nəzakət xatirinə yerindən dursa da tərpənmədi:
- Sənə yaxşı yol, mən də beş-on dəqiqə dincimi alıb gedəcəm... – elə bil ürəyinə nə isə damdı. – Ehtiyatlı ol yolu keçəndə... Belə enli, ikitərəfli yolu ya gərək cavanlar kimi yüyürək keçəsən, ya da səbrini basıb məqamını gözləyəsən... – yekəxana-yekəxana kişiyə məsləhət verdi, guya, özü bu yolu gündə neçə kərə o tərəf-bu tərəfə addamışdı.
- Narahat olma... – Əlibaba candərdi, çar-naçar gülümsündü. – Hələ qocalmamışam mən... Birinci dəfə deyil ki, o baş-bu başa keçdiyim...
  Əyləşib Əlibabanın ardınca baxdı. Yox, maşallah, qıvraq idi, papağındanmı, çal saqqalındanmı, oturanda yaşlı görünürdü, hərəkətləri, yerişi, duruşu, addımları isə çevik idi. Əlibaba yolun ortasına çatanda hardansa yekə bir yük maşını peyda oldu, maşın buxara papaqlının üstündən əyləci belə basmadan, sürəti azaltmadan güllə kimi keçib getdi...
 Deyəsən, hövllənib ayağa duranda oturduğu  kreslonu da aşırdı, masanı da... Maşının altında qalanın papağı başından düşməmişdi, çünki  Əlibabanın nə ölüsü gözə dəyirdi, nə dirisi... 
 ...Yolun qırağında mat-məəttəl dayanmışdı, yolda şütüyən maşınlar bəs deyincədi. Şimaldan cənuba, cənubdan şimala... Heç kəsin, heç bir sürücünün tükü də tərpənməmişdi. Sanki indicə onun gördüyü hadisə ümumiyyətlə, baş verməmişdi, Əlibabanı heç kəs maşınla vurmamışdı, o yazıq həqiqətən izsiz-tozsuz yoxa çıxmışdı. Elə bil belə bir adam binayi-qədimdən yoxmuş... 
 İlahi, doğrudan-doğruyamı bayaqdan hər şey onun gözümə görünüb? Yolun qırağında lal-mat dayanmaqdan bezikib kor-peşman geri dönəndə heyrətdən tamam quruyub qaldı; nə qapısı açıq balaca tikili vardı, nə söyüdün altındakı stol-stul... Tikilinin yanındakı iri samovar da yoxa çıxmışdı. Gözlərini yumub açdı, açıb yumdu. Ağac da yerində idi, maşını da... Başqa heç nə... Ağacın kölgəliyində çömbəlməkdən bir şey çıxmazdı, nə qədər fikirləşirsən fikirləş  yüz qəpiyin bir manat eləyəcək. "Bir qərara gəlmək  lazımdı, durğunluqdan kar aşmaz, yoxsa, ağıllı düşünüb daşınınca dəli vurub çayı keçir. Amma əsl həqiqəti kim bilir, kim bilir  əslində dəli kimdi, insanı insan mühakimə eləyirsə, deməli, bütün hallarda məhkəmənin, hökmün qüsursuz olduğuna zəmanət verilə bilməz. Məhkəməni, hökmü qoyaq bir qırağa, ona hələ çox qalıb. Ən yaxşısı, yola davam eləməkdi...

BALAMƏMMƏD

  Yavaş sürürdüm maşını, çünki qəflətən günəş girmişdi buludların arasına, günün qızılı şüaları qaramtıl buludları bozumtullaşdırmışdı, göyün üzü bomboz bozarıb gümüşü rəngə çalırdı, indiyəcən neçə kərə gedib gəldiyim yol mənə tamam yad, cansıxıcı görünürdü, ürəyim sıxılırdı, sıxılmırdı yox, özəyi naməlum bədlik, qorxu, çəkingənlik dolmuşdu qəlbimə, ürəyimə dammışdı ki, qabaqda başıma bədbəxt hadisə gələcək, o hadisə məni dərin bir quyunun dibinə salacaq, məhşərəcən o quyunun dibində çabalayıb yuxarı qalxmağa çalışsam da, əlim heç yana çatmayacaq. Özü də tək-tənha olmayacam o quyuda, tanıdıqlarım mənə dayaq verəcək, mənə dayaq verənlərin çiyninə çıxıb yuxarı dırmaşacam,  başımı quyudan çıxararaq qollarımı yerə dayaq verib qurtulmağa çalışdığım dəmdə altımdakılar, bir-birinin çiyninə çıxıb mənə kömək eləmək istəyənlər aşıb, yıxılıb pərən-pərən düşəcək, mən də aşağı yumbalanacam və beləcə qiyamətəcən dinclik bilməyəcəm...
 Qabaqda, irəlidəsə kimsə maşına əl eləyirdi. Başında da panama... Yaxınlaşanda gördüm boynunda da qalstuk var, intəhası, qalstuku maykanın üstündən bağlayıb, köynək-zad geyinməyib,  ağ maykanın üstündən yaxası açıq, rəngi getmiş köhnə, nazik yay pencəyini keçirmişdi əyninə, vəssalam...  
 Mən əlbəttə ki, maşınıma əl eləyən başı panamalı, boynu qalstuklunu tanıyırdım, amma gözlərimə inana bilmirdim, sakit, rahat olmağa çalışsam da, bədənimdən dalğavari, isti bir gizilti keçdi. Çarə yox idi, dayanmalıydım. Maşını əl eləyənin qənşərində əylədim. Əyilib iri burnunu maşının şüşəsinə dayayan panamalınin nə dediyini anlamadım. Yadıma düşdü ki, maşında kondisioner işlədiyindən pəncərəni bağlamışam. Yəqin istər-istəməz çaşmışam yolda əl yelləyəni görəndə, yoxsa, o, burnunu şüşəyə dayayanda anlamalıydım ki, pəncərə bağlıdı. Düyməni basdım, sağımdakı şüşə  yavaş- yavaş aşağı meylləndi.
 Əl yelləyən başını içəri soxmaq istəyirdi, panaması mane oldi, gülümsünüb yellədiyi əlini başına apardı,  ovcu ilə panamasını başına bərk sıxıb ərklə xəbər aldı:
- Əclaf, tanımadın məni? Yəni, mən çox dəyişmişəm...
- Niyə tanımadım, Petpo dayı... – "dayı” desəm də, əslində panamalı mənim atamın bibisi oğlu idi.
- Bəs, nöşün maşınnan düşüb mənnən adam kimi görüşmürsən?
"Adam kimi” kəlmələrini eşidəndə ağlım başıma gəldi, böğazımı arıtlayıb səsimin yoğun yerinə salmaq istədim:
- Düşərəm e, düşməyinə... Amma sən... öl... öl... ölmüsən axı... – kəkələyə-kəkələiə də olsa, sözün düzünü deyə bildim.
Narahatlığa səbəb yoxdu, xətrinə dəymədi dediklərim, əlini yelləyib güldü, qabaqdan yuxarı  dişləri tökülmüşdü, ha fikirləşdim onu dişləri mırıq xatırlaya, yadıma sala bilmədim.
- Ölmüsən... ölmüsən... – məni yamsılayıb təkrarladı. – Noolsun? Öləndə nə olar? Ölmək qəbahətdi ki?.. Hamı öləcək də... Görmürsən burda qarpız satıram? Qonağın gələndə gərək qaçıb gizlənəsən? Utanıb eləmirsən?.. Düş görək... Bəsdi forslu-forslu maşında oturdun, nöşün ki, buralarda yekəxanalıq keçmir...
 Bilmədim "qonaq” deyəndə kimi, nəyi nəzərdə tutur, kim-kimə qonaq gəlib, sıxıla-sıxıla maşından düşdüm, pərtliyimi büruzə verməmək üçün söhbəti dəyişdim:
- Axı, sən üzümçülüklə məşğul idin, bu qarpızlar hardandı?
- Mənim malım deyil ki... Yiyəsi harasa gedirdi, bir-iki saatlıq tapşırıb mənə... Bəri gəl görək... – qaprızlar qalaqlanmış talvarın altına gedib üstünə yırnıq palaz sərilən dəmir çarpayıda oturdu, iri kötüyin üstündə də mənə yer göstərdi. – Yanını bas yerə, dərdləşək, çoxdandı görmürəm səni...  Çay istəyirsənsə, samovara od salım? – üzümə baxanda gördüm gözlərinin rəngi dəyişib, bozumtullaşıb, sanki ətrafa hakim kəsilən boz-gümüşü rəng onun göy gözlərinə də hopmuşdu, bədəkləri isə lap balacalaşmışdı, uynənin ucu boyda idi, mənə elə gəldi ki, bir azdan onun bəbəkləri  tamam yox olacaq, üstəlik  bozumtullaşan gözləri də get-gedə ağappaq ağaracaq...
Kötüyün üstündə oturub başımı əllərimin arasına aldım:
- Yox, istəmirəm, çayı yolda içmişəm.
Nə səbəbə, nəyə görə ona "Petro” deyirdilər, bilmirəm, amma Petronun balaca dayısının arvadının təzə gəlin gələn vaxtlarda üzə durub kişinin ayamasına, ləğəbinə acıqlanması  zərb-məsələ çevrilib dillərə düşmüşdü.
- Yekə ziyalısan,  o boyda müəllimsən, özü də sovet müəllimisən, məktəbdə böyük qardaşımızın dilini öyrədirsən uşaqlara... Bəs, bu Petro nə addı sənə qoyublar, hə? Uşaq-böyük, hamı səni Petro çağırır, belə də hörmətsizlik olar sovet ziyalısına, sovet müəlliminə? – təzə gəlin həqiqətən əməlli-başlı qeyzlənmişdi,  önündəkini qoz qabığına salaraq bərk-bərk sıxmışdı.
- Bilmirəm... – "qoz qabığına salınan”  müqavimət göstərməyib yazıq-yazıq boynunu bükmüşdü.
- Əsl adın nədi ki, sənin, hə? – təzə gəlin əl çəkməmişdi. – Ata-anan qoyan adı hər yerdə ucadan de, qoy  el-oba eşitsin...
Petro təzə gəlindən utanıb gözlərini yerə dikərək yavaşca cavab vermişdi:
- Balamməd...
Təzə gəlin onun səsini yaxşı eşitmədiyindən əlini qulağına aparıb:
- Nə? – soruşmuşdu.
- Balamməd... – Petro bu dəfə bir az uçadan təkrarlamışdı.
Təzə gəlin qəfil qəhqəhə çəkmişdi və özünə gələndən sonra çaşqın-çaşqın yerində donub qalan Balaməmmədə baxıb gülə-gülə:
- Balamməddənsə, elə Petro yaxşıdı... – demişdi gülməkdən yaşaran gözlərini  ovcu ilə silə-silə... – Bu nə addı veriblər sənə, ay Allah güldürsün səni...
Elə bildim yadıma düşəni sövq-təbii hadisənin qəhrəmanına danışmışam, çünki Balaməmmədin yorğun gözlərində güçlə seziləcək işartı yanıb tez də söndü, qeyri-ixtiyari o vaxtkı təzə gəlindən xəbər vermək istədim atamın bibisi oğluna:
- Sənnən sonra o gəlin də rəhmətə getdi... Sənin kiçik dayının arvadını deyirəm... – dedim. – Çox qohumlar rəhmətə getdi sənnən sonra...
Balaməmməd başını tərpətdi:
- Bilirəm... Onun rəhmətə getməyini də bilirəm...
- Petro dayı, ora yaxşıdı, ya bura? – soruşdum lapdan.
Deyəsən sualımı anlamadı:
- Necə yəni, ora-bura?
- Deyirəm, o dünya yaxşıdı, bu dünya?
Yenə söylədiklərim çatmadı ona, çiyinlərini çəkdi:
- Ora-bura, o dünya, bu dünya yoxdu... Hər yan öz sahibinindi...
Əl çəkmədim:
- Torpağın altı yaxşıdı, ya üstü?
Əvvəlcə tutulub  zəndlə üzümə baxdı:
- Özünnən xəbərin yoxdu sənin... – mızıldayıb zarafata saldı. – Varlılar üşün üstü, kasıblar üçün altı... – dedi. – Sən məni çox çək-çevirə salma, nöşün ki, mən elə qəliz məsələlərdən xəbərsizəm... – yüngülcə nəfəsini dərdi. – Bircə şeyi bilirəm ki, sən adi adam deyilsən, nöşün ki, sənin iki anan var...
- Sən mənim analığımı deyirsən? Onu da yük maşını vurub öldürdü... Yazıq əzabla öldü... Deyirlər, başı kəsiləndə qəflətən əldən çıxan toyuq kimi al qan içində çabalayıb canını tapşıranacan...
Əlini yellədi laqeydliklə, sanki kiminsə ölümündən yox, yatıb dincəlməyindən danışırdım, yəqin ölüm onun üçün adiləşmişdi, ölünü ölümlə təəccübləndirmək mənasızmış:
- Əşi, mənim sənin analığınla nə işim...  mən sənin əsl ananı deyirəm... O ananı ki, sən doğulandan  çox-çox qabaq ölüb...
Bədənim gizildədi, tüküm ürpəşdi:
- Deməli, sən də bu barədə nəsə bilirsən? Qurban olum, Petro dayı mənə o qadından danış...
- O qadın bildi ki, mən bura gəlib sənnən görüşməliyəm, dedi sənə çatdırım ki, heç nədən qorxmayasan...
- Sonra?
- Nə sonra?
- Elə bircə bunu dedi?
- Hə...
- Bir az təəccüblüdü burası... Mən nədən qorxa bilərəm axı?
- Bilmirəm...
- Sən allah, Petro dayı, bütün bildiklərini yadına sal... Təsvir elə onun sir-sifətini, üz-gözünü, qədd-qamətini...  Mənim üçün çox vacibdi o qadının, anamın görüntüsü... Axı, mən o qadının üzünü görməmişəm ki, heç olmasa xəyalımda canlandırım, gözümün qabağına gətirim... Fotosuna, rəsminə, şəklinə də heç yerdə  rast gəlməmişəm... – nəfəsimi dərmədən yalvardım.
- Heç mən də görməmişəm... – deyəndə  dalağım sancdı, o dəm həvəsdən düşdüm.
- Nəyi görməmisən?
- O qadının, sənin ananın üzünü?
- Bəs o, indicə  mənə dediyin sözləri sənə necə çatdırıb? – soruşub Petronun, e, Balaməmmədin  ağzına marıtladım, guya,  diqqətlə baxanda  daha yaxşı eşidəcəkdim, lap yaxşı anlayacaqdım dediklərini.
- Bircə səsini-ününü eşitmişəm... Mən onu görə bilmərəm, o, hara, mən hara... Bircə onu eşitmişəm  ki, sənin ananın gözlərində bir dünyalıq işıq var, bəlkə elə ona görə mənim kimilərinin gözünə görünmür... Nöşün ki, mənim kimilər  tamam kor ola bilər... Axı, mənim gözlərim çox zəifləyib, yaxını güclə görürəm, uzağı da ki, alababat, birtəhər, dumanlı...  – nədənsə təəssüflənirmiş kimi əllərini dizlərinə vuranda fikir verdim ki, boz, köhnə, şalvarının dizləri ağarıb, sanki əllərini peşman-peşman dizlərinə vuran kimi zərbə dəyən yerlər ağarmışdı, ya da önümdəki dizlərini o qədər şapalaqlamışdı ki, day şalvarının dizləri cındıra dönmüşdü...
- Bəs səsi necə idi? – saman çöpündən yapışmaq istədim.
- Səsi? – fikrə getdi azacıq. – Mən nə bilim... Çox uzaqdan gəlirdi axı səsi də... – özünə haqq qazandırmağa çalışdı.
- Deməli, gözlərindəki işıqdan başqa heç bir əlamətini deyə bilmirsən? Onun görkəmindən  heç nəyi yadına salıb mənə... neçə deyim... – uyarlı sözlər axtardım. – Mənə yol göstərməyin də mümkün deyil? 
- Mən nəkarəyəm ki, görmədiyimi yadıma sala bilim? Mənnən yol göstərən olar? Mənnən sonra qardaşlarım, bacılarım öldü göz qırpımında... Bircə kiçik qardaşım sağ idi, o da dəli oldu, başına hava gəldi, özünü asdı. Hələ də öyrənə bilməmişəm nə imiş bizim nəslin günahı, suçu... – sözlərinə azca ara verib təkrarladı dilxor-dilxor. – Mən nəkarəyəm...
Onun kefini açmaq istədim:
- Heç  bu qarpızların da alıcısı yoxdu... Heç kəs gəlmir qarpız almağa...
- Gəlir gəlsin, gəlmir gəlməsin... – panamasını gözünün üstünə basıb bikef-bikef başını buladı. – Alıcı-malıcı hərləmirəm mən... – zorla gülümsündü acı-acı. – Nöşün ki, mal mənim deyil, – duruxdu birdən-birə, nə isə yadına düşdü elə bil. – Bəri bax, sən bir az otur burda, malın yiyəsini gözlə, nöşün ki, mən getməliyəm, vaxtdı... – deyib məndən cavab gözləmədən gözdən itdi.
  Necə qalxdı, necə getdi, necə yox oldu, xəbər tutmadım, qarşımdakının hərəkəti haqqında "xəbər tutmadım,” qənaətinə gəlmək də düzgün alınmır, sadəcə, anlamadım, karıxdım bir anlıq, gözlərimi yumub açınca – bəlkə də özümü aldadıram, heç kirpiklərimi qırpmağa da macal tapmadım – gördüm önümdə heç kəs yoxdu, yel kimi uçub  gedib bayaqdan dil-dil ötən, tək-tənha oturmuşam kötüyün üstündə, Petro dayımın, e... atamın bibisi oğlu Balaməmmədin, həmişə səliqəli geyinib kecinən, bir az əvvəl gördüyümdəsə çındırından cin ürkən kənd müəlliminin, bağ-bağatda geçə-gündüz tər tökməkdən usanmayan üzümçünün, saç-saqqalı ağarsa da – əslində saç məsələsini açıb-ağartmağa dəyməzdi, başı cavanlıqdan dazlaşmışdı – uşaq kimi utancaq olan salxım xiridarının izi-tozu da qalmamışdı. Hər şey dəyişmişdi, hər şey kəlləmayallaq olmuşdu, üzümçüyə qarpız satmağı tapşırmışdılarsa, deməli, çörəyi çörəkçiyə verən yoxdu, indisə, yiyəsi gələnəcən qarpızlar mənə əmanətdisə, yəqin çərxi-fələk tərsinə fırlanırdı, mənim nəinki qarpızdan, üzümdən, heç alış-verişdən, başım çıxmırdı, mən bankda işləmişdim, mənimki meyvə-tərəvəz, göy-göyərti yox, pul alıb satmaq, pul-para alış-verişi idi.

Hərçənd, heç onu da düz-əməlli bacarmadığımdan işlədiyim bank bonkrot elan olunmuşdu. Mən orda sayılıb seçilən işçi olmasam belə, humanistlik göstərib özümü də suçlu hesab eləyirdim keçmiş işimdəki uğursuzluqda. Hər nə isə, "çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu,” – deyiblər. Günəş gizlənmişdi lopa-topa, bozumtul buludların arxasında, belə havada kimdi qarpız alan? Hər halda, baxaq görək mənə necə mal tapşırılıb, sahibi gələnəcən bir-iki qarpız satsam işinə yarayaram qarpızın yiyəsinin, qoy heç olmasa evinə tikə çörək apara bilsin. Necə deyiblər onu, siçan sidiyinin dənizə xeyri var... İntəhası, alıcı-malıcı öz yerində, qiymətini bilmədiyimi necə, neçəyə satacaqdım? Neyləməli, duraq ayağa, görək başımıza nələr gəlir...

 Durmağına durdum, lakin qiymət, alış-veriş barədə düşünmək halında olmadım ayağa qalxan kimi... Çünki satacağım yox olmuşdu, üst-üstə yığılmış qarpızlar yoxdu, qarpız deyildi üst-üstə qalaqlanan, rəngarəng, gürbəcür başdaşıları idi. Müxtəlif, üstü yazılı qəbir daşları... Bəzi daşların üzərindəki yazını oxuya bilmirdim, çünki ərəb əlifbası ilə yazılmışdı, xaçşəkilli başdaşılar da az deyildi, prizmavari daşlar da... Amma mənə tanış adamların, qohumlarımızın məzar daşları da var idi necə gəldi səliqəsiz yığılan, bəziləri başıaşağı tolazlanan, digərləri üzü üstə qalan daşların arasında. Atamın başdaşı vardı burda, deyimi zərb məsələ çevrilmiş təzə gəlinin məzar daşı vardı, Petronun e... Balaməmmədinki vardı... Atamın atasınınkı vardı, balacaboy babamınkı vardı... Əlibalanın da başdaşı burdaydı, Vüqarınkı da...  Elə adamların başdaşı vardı ki, onların ölümünə inanmırdım, dünən-srağagün görmüşdüm qəbir daşına adları yazılanları... Pərvərdigara, görəsən, bu qədər başdaşını, qəbir, məzar daşını kim, kimlər, nə səbəbə yığmışlardı bir yerə? Özü də candərdi, necə gəldi tolazlamışdılar bu işi onlara tapşıranın qarasınca söylənə-söylənə, ya da elə məzar daşlarını bir yerə tullayıb təpəcik yaratdıqca özləri-özlərini lənətləyə-lənətləyə. Deyəsən yuxarıdan atmışdılar daşları, çünki qarpızların üstündəki, kəndirlə ətrafda basdırılan şalbanların ortasına tarım çəkilən boz bez parça da, talvarın hündür salbanları da yoxa çıxmışdı, başdaşı təpəciyi bozumtul səmanın altında idi.  Burası vardı ki, tullanılan, tolazlanan, atılan daşlarda istər istəməz çatlar əmələ gələrdi, lap sınardı, paralanardı daşlar. Qalaqlananlarsa tərtəmizdi, par-par parıldayırdı, işım-işım işıldayırdı, elə bil indicə düzəldilmişdi, indicə nəm əski ilə silinib təmizlənmişdi, üstünə ərəb əlifbası ilə yazılmış qədim, köhnə daşlar da təptəzə görünürdü. Deməli, daşlar səliqəsiz, lakin çox ehtiyatla yığılmışdı bir yerə, səbrlə, təmkinlə və böyük zəhmətlə yaranmışdı başdaşı təpəciyi. Axı qəbirlərin hamısı eyni məzarlıqda deyildi. Biri şərqdə idi, digəri qərbdə, biri dağda idi, o biri aranda, yəqin başqa olkələrdə olanı da vardı. Bax, bu idi, işin burası idi heyrətli, təəccüblü, maraqlı... Ancaq dərindən fikirləşəndə hər şeyi başa düşmək, anlamaq mümkündü, yəqin ki, heyrətin, təəccübün, marağın da həddi-hüdudu, sərhədi gözəgörünməz halələrlə cızılıb, nə qədər özündən deyirsən de, ha özünü yer üzünün əşrəfi say, insan ağlı müəyyən məqamacan, o cızılan halənin son həddinəcən gedə bilər, vəssalam... Ona görə də bütün gördüklərimə ürəyimdə  - yəni   hər şey, bütün ağlasığmaz işlər baş verə bilər, mənim, insanın baş verənləri qanıb qanmayacağı, anlayıb anlamayacağı, qavrayıb qavramayacağı, ağlına sığışdırıb sığışdıra bilməyəcəyi tamam başqa məsələdi, ona görə ən azı, gördüklərimə mümkün qədər sakit yanaşmaq gərəkdi – beynimdə haqq qazandırıb mat qalmaya bilərdim, amma qəfil elə bir şey gördum ki, boğazım qurudu, nəfəsim kəsildi,  havam çatmırmış kimi ağzımı açıb yumdum, sövq-təbii, qeyri-ixtiyari,  bədənimə, əllərimə, ayaqlarıma baxdım, qəlbimə vahiməli, bir anda bütün içalatımı ağzıma gətirən qorxu dolduğundan qaçıb maşında güzgüyə baxmaq ağlıma gəlmədi, həm də deyəsən istəsəydim belə yerimdən tərpənə bilməzdim, heyim-hərəkətim kəsilmişdi, qalmamışdı, yıxılmamışdımsa, ayaq üstə dura bilirdimsə, bu özü ən böyük qəhrəmanlıq idi, intəhası, bu qəhrəmanlığı da şişirtməyə dəyməzdi, deyəsən, mən vahiməli heyrətdən donub durduğum yerə yapışmışdım, təəccübdən yerə yapışıb başı azca hərlənən hələ də qəfil gözünə sataşana inanmırdı; o, öz qəbrini, daha doğrusu, öz başdaşını görmüşdü. Amma məntiqlə qorxudan ürəyi ağzına gələnin ağzına gələn bərk-bərk döyünməli idi, az qala çırpınıb sinəsindən çıxmalı idi, di gəl, ürəyi rahatdı, əlini sol döşünün üstünə qoymağa da dəyməzdi, sanki əlini qoyduğu yerin altında heç nə yoxdu... 

Zərrəcə şəkk-şübhə ola bilməzdi. Doğum tarixi, hətta... ölüm tarixi, ad, soyad, üstəgəl yekə bir şəkil... Bu ağ köynəkli, qara pencəkli, qalstuklu şəkli nə vaxt, harda, niyə çəkdirdiyini xatırlaya bilmədi. Çox kədərli idi baxışları, sanki məxsusi başdaşına həkk olunmaq üçün çəkilmişdi və şəkli çəkdirən bundan xəbərdar, ağah idi. "Ilahi, görəsən indi hansı aydı, neçənci ildi? – xatırlamaq istəsə də yadına düşmədi. – Ay dadi-bidad, elə bilirdim mənim heç vaxt başdaşım olmayacaq, çünki mən heç vaxt ölməyəcəm”. 

Doğrudan-doğruyamı onun tanıdığı bütün doğmaları, qohumları, yaxınları ətrafına daş şəklində yığışmışdı? Adəm-Həvva zamanından üzü bəri... Yoxsa, qədimdən-qədim başdaşılarının onun tanıdıqları adamların məzar daşı ilə bir yerdə qalaqlanmağına ayrı heç bir bağlılıq tapmaq olmazdı. Bəlkə hər şey daha dərində idi, daha qəliz idi? Axı onun öz qəbir daşı da qalaqlananların arasındaydı, deməli, o, baxdıqlarından fərqlənməməliydi, fərqlənmirdi, seçilmirdi, o özü də daş adamdı, yeriyən, hərəkət eləyən daş adam... Bəlkə qalaqlanan daşların sahibləri də  yeriyirdi, danışırdı, uçurdu, intəhası, onun gözünə görünmürdü? Burda bir anlaşılmazlıq var, məzar daşı bura yığılanların arasında olan Petro e... Balaməmməd, Əlibalanın oğlu Əlibaba onun gözünə görünmüşdü axı, nəinki gözümə görünmüşdü, hələ onunla əməlli-başlı söhbət eləyib çay da içmişdi gözünə görünən. Bunun izahı insan ağlına, adamların binayi-qədimdən öyrəşdiyi məntiqə sığmır, deməli, burada adi məntiq haləsi qapanır, halədən o tərəfdə baş verənləri anlamaqdan ötrü kənar qüvvələrin – halədən o yandakı qüvvələrin – köməyi olmalıdı, o güclərin köməyi üçünsə yəqin ki, qüvvəni, yaxud qüvvələri udarə eləyənin, qüvvə sahibinin izni, icazəsi... Yoxsa, sonsuzacan hərlən-fırlan heç bir xeyri olmayacaq, gözünün qabağındakıları da, burnunun ucundakıları da görməyəcəksən, baxacaqsan, amma görməyəcəksən, həqiqət ovcunun içində olsa da tutub saxlaya bilməyəcəksən, çünki xəbərin olmayacaq ovcundakından. Necə ki, o, az-çox özünə gəlib – qorxu-urküsü birdən-birə azalmışdı nədənsə  –   ətrafa göz gəzdirdikcə hiss eləyirdi ki, bir az qabaq gördükləyi aldadıcı imiş; dəmir çarpayı yoxa çıxmışdı, oturduğu kötük də yox idi, gözlərini bərəldib axtarmağa dəyməzdi, demə, bayaq üst-üstə qoyulan başdaşıların üstündə oturubmuş... Yan-yörədə heç nə qalmamışdı, bir başdaşıları idi, bir də o...
 Aralıdan başdaşı təpəcəyinə bir xeyli baxandan, qəflətən içini bomboş boşaldan səbəbi naməlum laqeydliklə nəzər salandan sonra yavaş-yavaş, ağır addımlarla, ayaqlarını güclə sürüyə-sürüyə irəli yeriyib təpəciyin qənşərində dayandı, qollarını geniş açaraq təpəciyin üstünə yıxıldı, yayxandı, sanki bütün başdaşıları, bütöv təpəciyi qucaqlamaq, bağrına basmaq istəyirdi. Birdən-birə vücuduna hərarət gəldi, elə bil günəş anicə buludların arasından çıxıb yenidən gizləndi, lakin ani günəşin istiliyi üzərinə yox, birbaşa içinə axmışdı, içini isidirdi. Üzünü daşlara sürtdü, qəribədi ki, daşlar sanki yupyumşaq yumşalıb pərqu kimi olmuşdu, onun sir-sifətini cızmırdı, əksinə elə bil başını sağa-sola çevirə-çevirə üzünü sürtdüyü daşlar onun burnunu, alnını, yanaqlarını, qaş-gözünü ehmalca, nəvazişlə sığallayırdı, təkcə sığallamırdı, yox, elə bil təpəcikdəkilər də onu qucaqlamaq istəyirdi, üzünü daşlara sürtənin gözünün qabagına ağappaq topa buludlar gəlirdi, o buludlar qaynaşırdı göy üzündə sürətlə hərəkət eləyirdi, gözünün önündəkilər tezcənə, anidən-ani dəyişdiyindən o, buludların üstündə oturanların, dayananların, əl-qolunu ölçənlərin, başını yelləyənlərin üzünü aydın görüb kimliyini ayırd eləyə bilmirdi, kölgəvarı görünürdü  buludlardakılar, di gəl, həmin kölgələrin adam əksi olduğunu da qətiləşdirmək, dəqiq demək çətindi, çünki bəzi kölgələr qat-qat böyük, əzəmətli idi,  bir mahal, kənd-kəsək  yekəliyində... Üzlərini görə bilməsə də bir şeyə qəti əmindi, onun axtardığı hardasa buludların arasında idi. Ancaq ora, o yerlərə necə gedib çıxa bilərdi, necə qalxa bilərdi? Bəlkə elə uzaqdan-uzağa, dumanlar, buludlar içində axtardığının əksinin zərrəsini duymaq bəsiydi, bundan uzağa – bəlkə də yaxına – getmək mümkün deyildi, qadağandı? Deyəsən, bir anlıq günəş çıxdığı kimi indi də narın yağış yağırdı, intəhası, yağan onun kürəyini, başını deyil, yalnız daşlara sürtdüyü sifətini, çənəsini, kirpiklərini isladırdı. Kirpiklərini bir-birinə sıxdıqca yağan daha da şiddətlənirdi. Yağışın nə qədər yağdığını, qollarını geniş açaraq təpəciyi havaxtacan qucaqlamağa çalışdığını anlamadı, elə bildi dəqiqələr-saatlar yox, günlər, həftələr ötüşüb, çünki bir anın içində, göz qırpımında bütün kainatı dolaşa bilməzdi, gəzməyə qüdrəti çatmazdı. Yəqin elə yerlər var ki, oraları yalnız yağışda səyahət eləmək mümkündü. İlahi, buludlar ağappaq ağarıbsa, bəmbəyaz bəyazlaşıbsa bu narın yağış hardan, necə və niyə yağırdı? Deyəsən kimsə yuxarıdan, buludların arasından ona əl eləyirdi, yöndəmsiz işarələrlə ona nələrisə başa salmağa çalışırdı, yol göstərmək istəyirdi, lakin hər şey elə tez dəyişirdi ki, elə sürətlə dabanbasma ötüşürdü ki, gördüklərini uc-uca qoyub nəticə çıxarmaq mümkün deyildı. Bəlkə güllə kimi bir-birini əvəz eləyən kölgələr ona işarə tək görünüb nəsə anlamaq istəyəni çaşdırırdı, düz yoldan sapındırırdı, ona görə ki, məqamı gəlməmişdi, baxan anlamağa hazır deyildi, gördüklərinə uyğun cəldliklə düşünməyə kəraməti çatmırdı hələ... Amma görəsən, başa düşməyəcəyi, baxanın gördüklərindən heç nə açmayacağını bilə-bilə vaqeəyə bənzər qarışıq kölgələr niyə, nə səbəbə göstərilirdi ona?..

Sanki kimsə qəfil çiyninə toxundu, elə-belə, ehmalca toxunmadı, əməlli-başlı əlini onun sağ çiyninə qoydu, hələ desən, əl qoyduğu yeri yüngülcə sıxdı da... Çiyninə baxdı, əl-zad yox idi, qanrılıb geri boylandı, ins-cins gözünə dəymədi, dikəlib qalxdı, övcu ilə sifətinin, üz-gözünün yaşını sildi, şalvarını çırpmaq, köynəyini səliqə salmaq istəsə də, baxdı ki, üst-başı tərtəmizdi. Geri dönüb əyildi, bayaq kötük bilib oturduğu yerdə üstbəüst yığılan üç məzar daşını sahiblərindən, yiyələrindən üzr istəyir, üzrxahlıq eləyirmiş kimi ehmalca sığalladı. Birinci daş deyəsən, üzü torpağa qoyulmuşdu, ortadakı daş da iki daşın arasında pərçimlənmişdi. Üstəki daşın yazısısa ərəb əlifbasında idi. Altdakıların yazısını  oxumaqdan ötrü üstdəkiləri tərpədib daş yiyələrini narahat eləmək lazım idi ki – hərcənd onsuz da daşların hərəsi bir məzarlıqdan cıxarılıb gətirilmişdi, yaxud hər necəsə çıxıb gəlmişdi – buna da saysız-hesabsız daşların yanında dayanıb neyləyəcəyini kəsdirə bilməyənin ürəyi gəlmədi. Yəqin gücü də çatmazdı buna, ən azı, üst-başını bulayardı. Yox, bu yuxu deyildi, yuxunu, röyanı, vaqeəni yatanda görərlər, o isə təkrar-təkrar gözlərini açırdı yumurdu, kirpiklərini bir-birinə sıxırdı, aralayanda yenə eyni mənzərəni görürdü. Amma hardansa qulağına öləzik qağayı səsi gəlirdi, qagayılar səs-səsə verirdisə, deməli, dəniz də  uzaqda deyildi. Kimin, nəyin səsinin gəlməsinin elə bir əhəmiyyəti yoxdu, lakin birdən: "İndi qarpızların yiyəsi gəlib malını məndən istəsə, yaxamdan yapışsa neyləyəcəm, hə? Əmanətə xəyanət ən böyük günahdı. Tülkü tülkülüyünü sübut eləyincə dərisini boğazından çıxardarlar. Necə sübut eləyəcəm ki, mənim suçum yoxdu, sənin qarpızların başdaşına çevrilib? Hansı dəli inanar buna? Ən sərfəlisi üzüsulu aradan çıxmaqdı, qarpız sahibinin cavabı qaldı əsl haqq-hesab gününə...” – qəfil ağlına gələn fikirdən diksinib səksəkə içində yolun qırağında dayanan maşına sarı yüyürdü,  ancaq addımlarını asta, yavaş atırdı, ayaqlarını ehmalca basırdı yerə, sanki səs-küy salıb məzar daşı yiyələrini oyatmaqdan ehtiyatlanırdı, həm də fəhmən elə bilirdi ki, ayaqlarını yerə bərk bassa, özündən xəbərsiz havaya qalxar... Ən əsasısa, məzar daşlarının yiyələri oyansa daşlar öz-özünə hərəkətə gəlib dik durar, hər tərəfdən sıxıb onu xurd-xəşil eləyər, heç tikəsi də ələ gəlməz, tapılmaz, ona elə gəldi ki, uzaqlardan qulağına gələn qağayı səsi adi ün deyil, xəbərdarlıqdı, qağayıların öləzik səsi onu nədən duyuq salmaq istəyirdi, nə demək istəyirdi? Buludların arasında gözü aldığı qarmaqarışıq, ziqzaqlı işarələr kimi pıçıltıyabənzər səsin də verdiyi xəbəri anlaya bilmədi, yəqin xəbəri göndərən heç onun başa düşməyini istəmirdi də, daha doğrusu, onun anlayıb anlamayacağı xəbəri göndərəndən ötrü önəmli deyildi, yoxsa min bir yol, elə o qədər də üsul vardı yaddaşının labirintində karıxıb, ilişib qalanı dolanbacdan çıxarmağa, daha nə ziqzaqlı şəkillərə ehtiyac olardı, nə güclə eşidiləcək ünə...

Maşına oturanda ona elə gəldi ki, bütün içini-içalatını başdaşıların yanında qoyub, çünki quş lələyi kimi yüpyüngül idi. Bəlkə də yüpyüngül, qov kimi olduğundan əlləri əsirdi. Buna əsmək də demək düzgün deyildi, tir-tir titrəyiyirdi. Yaxşı ki, maşının açarını yerindən çıxarmamışdı, yoxsa, əlləri titrəyə-titrəyə açarı çıxardığı yerə salmaq zülüm olacaqdı, özgə vaxt çox adi görünən işə görə ağlasığmaz əziyyət çəkəcəkdi, bəlkə heç gücü də çatmayacaqdı buna, sanki açarı qaldırmağa da heyi qalmamışdı. Amma titrəyənləri ram eləyib birtəhər açarı fırlatmaq da asan deyildi. Təkcə əlləri yox,  ayaqları da sözünə baxmırdı; o, əl-ayağına, bədəninə deyil, sadalananlar ona hökm verirdi, bədəni  maşının üstünü dağıdıb üzü yuxarı, göyə uçmaq istəyirdi, ayaqları oturduğu yerdəcə sağa-sola yuvarlanırdı. Əlacsızlıqdanmı, ya nədənsə, ağzını, gözlərini təkrar-təkrar açıb yumdu, yumub açdı, sanki ağır bir işin öhdəsindən gəlmək üçün güc toplayırdı. Nəhayət, barmaqlarını bir-birinin arasına  keçirib ovuclarını bərk-bərk sıxaraq əllərini yavaş-yavaş  maşının açarına yaxınlaşdıranda baxdı ki, açara yaxınlaşdırdığı ağappaq, bəmbəyazdı, elə bəmbəyazdı ki, əlinin sümükləri, damarları aydınca görsənir, heyrətdənmi, qorxudanmı damarlarından axan qan donub...
... Axmır...
                                                         3
 ...Gəlin əlində sini "Böyük ana”nın otağına girəndə, nədənsə, qapının ağzındakı köhnə sandığın yanında – sandıq elə bil qəsdən yolun ortasına qoyulmuşdu ki, nabələd adam otağa girəndə, yaxud içəridən çıxanda sandığa dəyib, ilişib yıxılsın –   ayaq saxlayıb bardaş quraraq üzbəüz əyləşənlərə nəzər saldı. Ancaq ona fikir verən yox idi, sinidəki çayları süfrəyə düzüb geri qayıdanacan sövq-təbii – bəlkə də qəsdən – addımlarını yavaşıdaraq ləngidiyindən qulağı "Böyük ana”nın onun ərinə dediyi kəlmələri aldı:
- Şura hökuməti pul-qızılmı qoydu bizdə?.. Əmin sağalmaz xəstəlikdən cavan vaxtında getdi, dədən də ki, tutatut dövründə qorxudan öldu, amma yenə min şükür ki, ocağımız boş qalmadı... Səbirli ol, Allah bilən məsləhətdi... Binadan belə yaradıb yaradan, gec-tez, əvvəl-axır qoluzorlunu səbirliyə möhtac eləyir... Fələyin ipi uzundu... – Qarı susanda gəlin çar-naçar ayağını sürüyə-sürüyə könülsüz-könülsüz dəhlizə çıxıb qapını ehmalca örtdü.

  Amma otaqdan çıxanda  yaranan öləzik maraq elə həmin gecə söndü, çünki əri gəlinlə də üzbəsurət bardaş quraraq hər şeyi yerli-yataqlı təkrar elədi təklikdə hal-əhval tutub iki körpə qızını soruşandan sonra... Heç uşaqlarını düz-əməlli qucağına da almamışdı gələndən. Macalı olmamışdı buna. İndi də balacalar mışıl-mışıl yatırdılar qonşu otaqda, ər-arvad yan  otağın  qapısını  açıq qoymuşdular ki, uşaqlar qəfil oyanıb ağlamağa başlasa eşitsinlər...

- Belə-belə işlər, arvad, müharibə böyük dəhşətdi, məxluq qırır bir-birini... Hələ də öyrəşə bilməmişəm qan-qadaya... Qan gölündə üzməyə öyrəşməkmi olar? – sözünə ara verdi. – ...Elə cəbhəyə gedəndən işim nəhs gətirdi, kamandirin gözü məni alan kimi cin atına mindi... Elə bil özümün özünə, dədəmin də murdar  dədəsinə borcu vardı... Guya, mən özxoşuma-özbaşıma gəlmişdim müharibəyə, adam öldürməkdən, qan tökməkdən ötrü əldən-ayaqdan gedirdim...  Mərdimazarı axtarmaqla  deyil ki...
- Kamandir kimdi ki, sənə qurban? – arvadı  maraqla onun sözünü kəsdi.
- Başbilən... – əri ağızucu cavab verib davam elədi. – Cin atına mindi o kamandir köpəyoğlu, ağzı köğüklənə-köpüklənə bağırdı  ki, bəs, bu karliki kim göndərib cəbhəyə?..
- Karlik nə deməkdi ki, sənə qurban? – gəlin yenə dilini dinc saxlamadı. – Yəni, qulağı eşitməyən, ya kartof daşıyan?
- Yəni... – nəql eləyən udqundu. – Yəni liliput... balacaboy... – deyəndə arvadı gözlərini döyüb üstünü vurmadı, guya, söhbət tamam başqa adamdan gedirdi, bəlkə də əri arvadının gözünə Herakldan, amma çətin ki, arvadın Herakldan xəbəri olaydı, da yekə görünürdü və kişi bu əzəmətə, bu qədd-qamətə öz hirsi, hikkəsi, qətiyyəti, amiranəliyi ilə yetişmişdi. – ...Dedi bunu döyüşə göndərmək olmaz, göndərin arxaya qoy akop... – bu dəfə arvadının qımıldanıb nə isə soruşmasına macal vermədi, – yer qazanlara kömək eləsin, pal-paltar yuyan arvadlar üçün sudan-zaddan daşısın...
- Orda arvadlar da var?  – kişi yenə arvadının sualına əngəl ola bilmədi.
-  Bə nədi? Arvadsız müharibə olar? Arxada arvadlar da var... Nə isə... Məni göndərdilər yer qazmağa... Orda da yaşlı bir kişiyə isinişdim... Yaxşı adam idi, son tikəmizi bölürdük... Bir dəfə yer qazanda belimdən tər axa-axa beli yerə qoyub nəfəsimi dərdim, çömbələndə gördüm qoca başımın üstündədi ki, birdən mənə nəsə lazım olar... Altdan-yuxarı ona baxıb yorğun-arğın qayıtdım ki, bilmirəm boş yerə niyə öldürürük özümüzü, onsuz da bugün-sabah Hitler gəlib çıxacaq... Qoca əvvəlcə nə deyəcəyini bilməyib key-key gözlərini döydü, ürkək-ürkək ətrafa baxdı, sonra ürəkdən, uzun-uzadı qəhqəhə çəkdi.

Axşamsa  iki avtomatlı əsgər  qabağına qatdı məni, brbaş aparıb saldı başbilənin otağına. Məni otağa itələyib qapını örtdülər. İçəridə ikimiz idik, mənnən başbilən... Nə başını ağrıdım, başbilən məni görən kimi masanın arxasından qalxdı, gəlib durdu qənşərimdə. Yalan olmasın başım onun qasığına güclə çatırdı, sövq-təbii başladım əsim-əsim əsməyə, tir-tir titrəməyə... Bir xeyli yuxardan-aşağı mənə baxıb lapdan hirslə:
- İt oğlu! Deyirsən bugün-sabah Hitler gəlib hamımızı qıracaq? –  bağırması ilə qulağımın dibinin yanmağı bir oldu, top kimi yumbalanıb dəydim qapıya, qapı zərblə açıldı, bayırdakı əskərkərdən biri məni havada tutub atdı içəri, qapını da arxamca bağladı. Bu elə suiçim saatda baş verdi ki, deyəsən, başbilən mənim bayıra uçmağımdan, təzədən  icəri vızıldadılmağımdan xəbər tutmadı, çünki hələ də söyüb söylənməyində idi. – Boyuna bax, çərənləməyinə bax bu satqının...
 Amma düz-əməli baş açmadım qulağıma şillə dəydi, ya sifətimə yumruq... Ağız-burnumun qanı bir-birinə qarışmışdı... Bir-iki gündən sonra, tək-tənha yarıqaranlıq otaqda qalanda, quru çörəyi suya batırıb zorla dişləyəndə  bildim ki, qabaq dişlərim yoxdu, yəqin gedib qarnıma...
Gəlin əlini dizinə vurub boğuq-boğuq inildədi:
- Ay əli qurusun o kamandir köpəyoğlunun... Mən külbaş sənin dişlərini mırıq görəndə elə bildim o anası mələr qalmış Hitlerlə tutaşmısan, əlbəyaxa olmusan o şeytannan... Sən qabağından yeyən deyilsən axı... El-aləm bilir bunu...
Əri:
- Ay qız, istəyirsən başıma gələnləri sənə yerli-yataqlı danışım sözümü ağzımda qoyub fikrimi dağıtma, – deyəndə arvadı səsini xırp kəsdi və kişi davam elədi. – Müharibə çox mənəm-mənəm deyən oğlanları quzuya döndərib, adam qabağından da yeyir, dalından da... Nə isə, iki gün ötdü, qəfil qapı zərblə açılanda bildim ki, gələn mənə su, çörək gətirən deyil, hikkəli adamdı... Yanılmamışdım, komandir idi qapını təpiklə açan. İçəri girən kimi böğazımdan yapışıb yuxarı qaldırdı, ayaqlarım yerdən üzüldü. "Ağlın başına gəldi, it oğlu?!” – dedi boğuq, qəzəbli səslə, mən də boğula-boğula birtəhər başımı tərpədib: "Hə, gəldi,” – deyəndən sonra böğazımı buraxdı, ayaq üstə durmağa taqətim olmadığından səntirləyib yıxıldım, yaxşı ki, başım otağın az qala yapısını tutan yorğan-döşəksiz, dəmirləri paslanan çarpayının tininə dəymədi. Elə çarpayıdan yapışıb ayağa durdum, yanıma gələn qəfil sakitləşib ehtinasızlıqla əlini yellədi. "Xeyri yoxdu, gecdi... – dedi. – Tribunala verəcəm səni...” –  əri bərayi-ehtiyat arvadının heç nə soruşmaması üçün  özü tezbazar izahat verdi. – Tribunal, yəni güllələtdirmək istəyirdi məni başbilən. Birdən-birə elə bil qeybdən mənə güc gəldi, özümü yığıb yığmalayıb: "Məni tribunala verib nə qazanacaqsınız, - dedim, - buraxın məni evə, qayıdanda özünüz ağırlığında qızıl gətirim sizə...” Deyəsən, hap-gopun dozasını çox eləmişdim, axı o pəzəvəng ağırlığında qızıla mənim necə gücüm çatardı? Şükür ki, önümdəki  bunun fərqinə varmadı. Əlqərəz, day ucundan tutub ucuzluğa getməyəcəm,  uzunçuluq eləyib baş ağrıtmağın mənası da yoxdu, çox söz-söhbət oldu aramızda, çox şillə-təpik yedim, əslində məni niyə evə buraxdılar, nə səbəbə buraxdılar açıb ağartmaq istəmirəm, dərin məsələlər sənlik deyil, çünki özümə də yuxu kimi gəlir hələ, elə bil hansı gözəgörünməz qüvvəsə mənə kömək eləyirdi, aramla yolumdakı düyünləri açırdı, nəhayətdə, axır ki, min bir zülümlə, əzab əziyyətlə gəlib evimizə yetişdim, ən azı, "böyük ana”mı gördüm, səni gördüm, qızlarımı gördüm,  sonrasına Allah kərimdi... Minə dözən, min birə də tab gətirərsə, qayıtmağıma kömək eləyən sonrasını da düzüb qoşar. Yenə şükür olsun yeri-göyü yaradana, siz pis dəymədiniz gözümə, sən də yaxşısan, elə balacalar da qıvraqdı. Amma "Böyük ana”mdan ağlım bir şey kəsmədi. ...Mənə lapdan dedi ki, elə ürəyimdən keçirdi ki, sən gələsən evimizə, gecə də mən öləm, səhər sən məni dəfn eləyəsən... Mən olmayanda ağrıyıb xəstələnirdi ki, arvad... e... "Böyük ana?” – kişi sualedici nəzərlərlə önündəkinə baxdı, soruşduğusa gec cavab verdi, deyəsən, hələ də ərinin sözünü kəsməyə ürək eləmirdi.

-  Yox... Maşalla, göz dəyməsin, sən gedəndən heç başı da ağrımayıb arvadın... Həyətə də az-az çıxır ki, deyəm soyuq-zad dəyər, bütün günü öz otağındadı...

Kişi bir xeyli fikrə gedib dinmədi, sonra səsini yavaşıdıb aram-aram, ehtiyatla öləzik sükutun buzunu əritdi:
- Bir də dedi ki, müharibə qurtarannan sonra mənim oğlum olacaq... Yaxşı baxarsan o uşağa, qoymazsan tələf olsun...
Arvad  ərinin sözlərindən baş açmasa da, solğun yanaqları allandı, baxışlarını yayındırsa da, marağını boğa bilmədi:
- Kimin oğlu olacaq, bizim?.. – səsi titrədi.
Kişi pıçıltıya keçib əlini yellədi:
- Əşi yox e, mən belə başa düşdüm ki, söhbət "Böyük ana”nın öz oğlundan gedir, əstəğfürüllah, deyəsən, "Böyük ana”nın oğlu olacaq e, "Böyük ana”nın... – kişi ozü də dediklərinə inanmırdı, sövq-təbii şəkk-şübhə ilə ətrafına göz gəzdirdi. – Ya mən düz qanmamışam eşitdiklərimi?
- Nə? Buy, başıma xeyir... – gözləri kəlləsinə çıxan gəlin yerində quruyub qaldı, handan-hana heyrətlə sağ əlini ağzına apardı. – Gəldiyin yollara ca-ca-canım qurban... – dili-dodağı əsə-əsə, güc-bəla ilə axır ki, sözünü tamamladı. – Heç... heç...  heç... bilirsən nə danışırsan? Nə eşidirəm, xudaya!.. 
Kişi sir-sifətini turşudub arvadına göz ağartdı:
- Yavaş danış... Müharibənin üzü qara olsun, həmişə özünü-sözünü bilən dağ kimi arvadın da ağlı yerindən oynayıb deyəsən... – qəhərləndi birdən-birə. – Yazıq anam...
Gəlin pıçıltıya keçdi:
- Keçən dəfə, müsəlmanın keçən dəfəsi də, üç-dörd ay bunnan əvvəl görürəm ki, arvad bizim sarışını alıb qucağına, saçlarını sığallayır qızın ki, ay mənim gözəl balam, mənim oğlumu sən gətirəcəksən dünyaya... Düzü, qulaqlarıma inanmadım, arvadın əl boyda uşağa elə deməyi mənə birtəhər gəldi, amma dinmədim, mən yazıq nəkarəyəm ki, cınqırımı çıxardıb cəddinə qurban olduğumun sözünün üstünə söz deyəm, nəsə soruşub eləməyə cəsarətim çata?.. Sakitcə çayı arvadın qabağına qoyub otağınnan çıxdım... Düz eləməmişəm, sənə qurban? – deyib ərinə baxdı, ondan cavab cıxmadığını görüb davam elədi. –  İndi,  sən eşitdiyini dedin,  mənim də yadıma həmən gün gördüyüm düşdü... Deyəsən arvad... – gəlin udqundu. – Qocalıb...
...Ertəsi "Böyük ana”  yatağından qalxmadı...
...Ölmüşdü...

RİZVAN

  ...Lap iynənin ucu boyda bir ilişki, zərrəcə işıq... Bu arada öz-özümə o qədər "iynə-iynə” fikirləşdim ki, lap gerçəklədim; narahat oturmuşdum sükan arxasında, elə bil yumşaq yerimə tikan batmışdı. Onsuz da maşını yavaş sürürdüm, azca dikəlib, yerimdə qurcalanaraq sol əlimi yanıma çəkdim, yox, salamatlıq idi, altımda heç nə qalmamışdı, intəhası, elə dikələn dəmdə qeyri-ixtiyari ətrafa nəzər saldım, baxdım ki, dörd yol ayrıcına çatmışam, bu asfalt yol böyük, ucsuz-bucaqsız məzarlığı yarıya, iki yerə bölürdü, qəbiristanlığın ortasından keçirdi. Bu qəburustanlıqda – dəqiq bilmirəm, ya sağdaydı, ya solda – mənim babamın, anamın atasının qəbri vardı, onun arvadının, yəni nənəmin qəbri vardı, ana tərəfdən tanıdığım, tanımadığım çox rəhmətə gedənin qəbri vardı... Deyilənə görə bu qəbiristanlığın yaşı qədimlərə gedib çıxırdı. Hər halda, burdan saymazyana keçmək ən azı hörmətsizlikdi. Ancaq bilmirdim sağa gedim, yoxsa sola... Özümü çətinə salmayıb maşını yolun qırağında, elə sağ tərəfdəki iri darvazanın qabağında saxladım. Sol tərəfin də eynən sağdakı kimi iri dəmir darvazasının bir tayı açıqdı, amma bir yerə ki, asanlıqla getmək mümkündü, daha sağ qulağını sol əlinlə tutmağa, yolu keçib sola meyllənməyə nə hacət? Bəlkə bu özü də bir əlamətdi ki, hələlik müşküllüyə can atmayım? Qəbir selinin arasında hansısa yaxınımın məzarına rast gəlmək ağlıma sığmasa da, içəri girib uşaqlığımı xatırlaya-xatırlaya cürbəcür  məzarlara baxmaq istədim. Onsuz da heç yana tələsmirdim, demək olar ki, mənzil başına çatmışdım. Maşından düşüb qəbiristanlığın darvazasına çatanda diksindim qəfil: "Əssəlamün-əleyküm”... – kəlməsindən. Necə olub ki, mən darvazanın qabağındalı üstü nazik döşəkçəli uzunsov kətildə əyləşərək kölgələnən başı ağ fəsli, ağ saqqallı, yumrusifət qocanı görməmişəm? Yəqin uzaqdan qocanı darvazanın rəngi getmiş sütununa bənzətmişəm.
- Və əleyküməssalam... – ayaq saxlayıb qocanın salamını aldım.
- Otur... Bir hovur dincini al... – qoca önündəki kətildə yer göstərdi mənə. – Bayaqdan səni gözləyirəm.
- Məni? – təəccübləndim.
Qoca sözünü dəbbələdi:
- Hə. Tək-tənha darıxıram burda, deyirəm bir adam gələydi, darvazanın kölgəsində mənnən oturub kəlmə kəsəydi. Görürsən oturacağın yer da hazırdı. Əyləş... – davam elədi. – Yoldan keçəni dindirib hal-əhval tutmaq savabdı, bəlkə nəyəsə ehtiyacı var, yəni, sən dincəl, nəfəsini dər, qoy mən yox yerdən savab yiyəsi olum, bil ki, mənə qazandırdığından sənin özünə də pay düşəcək...
  Ehmalca kətildə, qoca ilə üz-üzə əyləşdim, mən məzarlığa baxırdım, qoca yola... Yox, düz demədim,  çünki elə yolun o biri üzü də qəbiristanlıq idi. 
Mən yol gələndə gün batmağa doğru gedirdi, havadan qaramat yağırdı, qapqara buludlar qızılıya çalan sapsarı günəş şüalarını ağuşuna alıb görünməz eləmişdi, elə bilirdim axşam düşür, tezliklə hər yanı zil, zülmət qaranlıq bürüyəcək, yolda da məni yağış, leysan haqlayacaq, lakin gəlib məzarlığa çatanacan get-gedə topa buludlar çəkildi, öz-özünə dağıldı, sanki yuxusu ərşə çəkilmiş günəş –  əslində belə demək düzgün deyil, çünki yuxusu ərşə çəkilənin elə özü də yuxusu çəkilib gedən yerdəydi –   "yatmağa getmək” fikrindən daşınıb kəmali-ədəblə geri qayıdaraq yenidən öz taxtında oturdu, təzədən başladı göydən od ələməyə. Yaxşı ki, bir tayı açıq iri darvazanın kölgəsi bizi günəşdən qoruyurdu, qoymurdu gün başınızı deşsin. Amma, deyəsən, isti önümdəkinin vecinə deyildi; ağ uzunqol köynəyin üstündən nazik, oturduğu yerdə dizinə çatan qolsuz çuxa da geyinmişdi,  köynəyin üstündən geyindiyinin qabağını düymələməsə də, yəqin beli-kürəyi tərin-suyun içindəydi. 
- Xeyir ola buralarda, a bala? – yox, tərdən-istidən karıxana oxşamırdı, arın-arxayın  oturub rahatca əllərini qoymuşdu dizlərinin üstünə, guya, bu dəqiqə dünya dağılsa da  ona əsər eləməyəcəkdi.
- Qohumlarıma dəyməyə gedirəm... – uzaqdan başlamaq istəsəm də, nədənsə, birbaşa mətləb üstünə gəldim. – Deyəsən, mənim əsl anam da bu qəbiristanlıqda basdırılıb. Ancaq bilmirəm yolun o üzündəkindədi, ya bəridə... Fərqi yoxdu, onsuz da tapa bilməyəcəm, bu boyda məzarlıqda özbaşına qəbir tapmaq olar?.. – qocanı heyrətləndirmək istədim. – Özü də çoxdan burda dəfn olunub anam, mən dünyaya gələndən neçə il qabaq... 
Yüngülcə başını tərpətdi:
- Bilirəm...
- Nəyi?
- Sənin ananın burda basdırılmağını...
 Bədənim əsdi, deyəsən, girmək istədiyim qıfıllı qapının açarı bu qocanın əlindəydi.
- Hardan bilirsən?
 Dünyanın altından-üstündən agah bir təbəssümlə bic-bic gülümsündü:
- Balamməd deyib...
- Balamməd kimdi?
- Sənin Petro dayın...
- İnanmadım... Axı Petro özü hardan bilə bilər bunu?
- Özün bil... İnanmırsan inanma... – etinasızlıqla əlini yellədi. 
 Gəmidə oturub gəmiçi ilə yabalaşmağa başlamaq qaşınmayan yerdən qan çıxarmaqdı, ilk dəfə gördüyüm adamın mənə borcu-filanı yoxdu, əvvəlcə müsahibimlə düz-əməlli tanış olub dil tapmaq lazımdı.
- Adın nədi sənin, ağsaqqal?
- Rizvan...
- Nəçisən, işinin-gücünün adı nədi? – deyəsən işləri korladım,  qəbiristanlığın qabağında boş-bekar oturub çənəsinin altına salmağa adam axtaran qoca bu yaşda  nəçi ola bilərdi?
- Səhərdən axşamacan, axşamdan da səhərəcən bu darvazanın qabağında oturub gəlib gedənə yol göstərirəm...
- Deməli, sən buralara bələdsən, bəlkə mənim anamın qəbrini  tapa bilərik? 
-  Qəbri tapmaq vacibdimi?  Bəlkə bu səni azdırmaq üçün qoyulan tələdi? – nəfəsini dərdi. – Özü də day bilərik niyə?.. – az aşın duzu deyilmiş, yaxasını çəkdi kənara. – O sənin işindi... Qismətində varsa, axtardığını mənsiz də tapacaqsan, yox əgər yazılmayıbsa, mənim köməyimin də zərrəcə xeyri dəyməyəcək...
- Onda, niyə boş-bekar burda otururam? Gedirəm əzizlərimin qəbrini axtarmağa, –   öz aləmimdə qocaya acıq verdim. – Bəlkə bəxtim gətirdi kiminsə, nəyinsə izinə düşdüm... – ürəyim yumşaldı, səsimi yavaşıtdım,  durub getməyimə haqq qazandırmaq fikrindəydim. – Elə deyil, baba? Avara-av... – gec də olsa sözümü dilimin ucundan qaytardım. – Ee... Boş-boş oturmaqdan nə fayda, gəzən ayağa daş dəyər, deyiblər... 
- Gedirsən get... – qocanın tükü də tərpənmədi. – Nə deyirəm, amma əvvəlcə bir bu darvazadan keç...
- Nə darvaza... – qocasnın sözünə ip atmayıb mızıldana-mızıldana qəbiristanlığın darvazasının qabağına gələrək içəri boylandığım dəm boğazım qurudu, nəfəsim kəsildi, gözümün qabağına qaranlıq çökdü –  yox, lənət şeytana qaranlıq çökmədi, əksinə sarımtıl-qızılı günəş şüaları düşdü gözümə, bir anlığa ərafı elə qızılı rəngdə gördüm, ağappaq kəfənlərin üstünə düşən qızılı rəngdə, ancaq sanki baxdığım, gördüyüm mənzərə ilə aramda gözəgörünməz, qəribə güzgü vardı, həmin güzgü baxdığımı yalnız olduğu kimi əks elətdirmirdi, həm də narın toz, bir də gur parıltı, işartı kimi göstərirdi darvazadan içərini –  mən özüm də çökərdim, dizi üstə yıxılardım, iməkləyərdim, intəhası, hansı kənar qüvvəsə təpər verdi mənə, ayaq üstə qala bilməyim bir yana, sakitcə gəlib yerimdə əyləşdim, ağzımı açandasa gördüm hələ tamam özümə gəlməmişəm, kəkələyirəm, məni yerimdə oturmağa vadar eləyən qüvvə əl-ayağıma təpər  vermişdi, dil-dodağımsa təpimişdi. – Mən... mən... gö... gö... görənləri sən də görmüsən?
- Nəyi? – yüngülcə içini çəkməyindən anladım ki, hər şeyi bilir, lakin yenə də gördüklərimi yerli-yataqlı danışmağa çalışdım.
- Hər şey kəlləmayallaqdı, alt-üstdü... Başdaşılar yerin altındadı, qəbirlər yuxarıda... Özü də hamısı səliqəlidi, ağappaqdı, elə bil indicə kəfənləniblər... Amma yəqin həm məsafə uzaqdı, həm  gözümə gün düşdü, günəşin şüaları kəfənlərin bəyaz rənginə qarışdı, düzünü desəm, deyəsən, özümü itirdiymdən yaxşı görə bilmədim,  – gözlərimi ovuşdura-ovuşdura özümə gəlirdim, hər halda, daha dilim topuq vurmurdu. – Bu məzarlıqdakı qəbirləri kim baş-ayaq çevirib?
- Mən sənə cavab verərəm, ancaq sən deyəsən, bura niyə gəldiyini, nə axtardığını unutdun... Hər gördüyünə baş qoşsan mətləbdən yayınarsan... – qoca sualımı cavabsız qoydu.
- Elədi... – mütiliklə təsdiqlədim. – Yəqin sən mənim başıma gələnlərdən, nə axtardığımdan agahsan, sənə hər şeyi yerli-yataqlı danışmağa ehtiyac yoxdu... Hərçənd  heç mən özüm də düz-əməlli qanmıram ki, əslində nə axtarıram, nəyi axtarıram, bunu başa düşmək, üstəlik sənə də anlatmaq üçün yuxularımı nəql eləməliyəm  ki, bu da mümkün deyil...
- Niyə mümkün deyil, gizlindi?
- Çünki gördüyüm yuxuların çoxunu unutmuşam, yadımdan çıxıb... Bircə bunu xatırlayıram ki, mən dünyaya gələndən əvvəl rəhmətə getmiş anamın əksini görmək istəyirəm, axı o yazığın şəkli-zadı da qalmayıb... Ağızdan-ağıza kimlərdənsə nəm-nişanını eşitsəm birtəhər beynimdə-şüurumda onun surətini yarada bilərəm, beləliklə də, yavaş-yavaş qırılan zənciri birləşdirməyə çalışaram... Hələ ki, heç bir tutacaq yer tapmamışam, hər hansı bir ilişki, dayaq nöqtəsi bir yana, ətrafımda baş verənlər də idarə olunmadan elə fırlanır ki, bir-biri ilə əlaqələndirə bilmirəm, kələfin ucunu itirmişəm...
- Bəlkə sən özün özünü dolaşdırırsan? Əslində nə, nəyi harda, axtardığını bilmirsən... Surət, qəbir dediyin  bu qədər önəmlidimi?
- Bilmirəm... Mənə elə gəlir ki, anamın surətini xəyalımda canlandıra bilsəm ardınca başqa düyünlər də öz-özünə açılacaq, beləcə... beləcə... bütün ağlasığmaz olaylara cavab tapacam...
- Hansı olaylara?
-  Axı belə çıxır ki, mənim anam mən dünyaya gələndən necə il qabaq ölüb, bu ağlasığmazlığı başqasına yox, lap özüm-özümə necə anladım, necə qandırım, necə başa salım? Hardadı çıxış yolu? Nə vaxtacan yuxularımın dalınca gedəcəm? O yuxular məni hara aparıb çıxaracaq? Surət əsas deyilsə,  qəbri tapmaq vacib deyilsə, bəs, əsl, ən önəmli olan nədi, hardan, nədən başlayım, hə?!
- Sakitlikdən...
- Nə?..
- Səssizliyi dinlə...
- Bu yeddimərtəbəli sözlərlə fatıya tuman olmur e, konkret sual verdim sənə... Nə sakitlik... De ki, soruşduğunun cavabı mənlik deyil, bilmirəm... Gəl ba...
- Çox-çox əzəmətli birisi də elə sənin kimi hövsələsiz idi... – müsahibim qımışa-qımışa sözümü kəsdi. – Allah mələklərə ona görə Adəmə təzim eləyin dedi ki, onu özünəbənzər yaratmışdı, həm də mələklərdən fərqli Adəmə ağıl, idrak, seçim haqqı vermişdi... İçlərindən ən qüdrətlisi, mən baş əymərəm, deyib təkəbbürlə coşdu...
-  Amma sonra  yaradan öz sözlərinə düzəliş eləyib: "mənim bənzərim yoxdu,” – dedi. –  Həm də məgər mələklərin ağlı yox idi?
- Hə?.. – Rizvan mənim dediklərimdən yox, deyəsən, nələrdənsə xəbərdar olduğumdan təəccüblənib sir-sifətini turşutdu. – Yox, demək olar ki, əksər mələklər buyruq quluydu, icraçılardı, yalnız əmr olunanı yerinə yetirirdilər... Buna görə əksər mələklər günahsızdı...    
- Sən bununla nə demək istəyirsən, bunun mənə nə dəxli?
- Yəni, Allah verən ağlını işlət, yuxularının dalınca get, qabağına çıxan işarələrə diqqət yetir, heç kəsdən kömək gözləmə...
- Səndən də?
- Hə, elə məndən də...  Yoxsa, hələ yol ayrıcında çox çaşıb qalacaqsan...
- Bəs neyləyim?
Qoca sol əlini yavaşca dizinə vurdu:
- Bilmirəm, qərarı sən özün verməlisən...
Məzarlığın darvazasına işarə elədim:
- İçəri girim?
- Özün bil, dedim axı, sən öz yolunu özün seçməlisən... Day heç nə sənə hazır göndərilməyəcək...
  Qocaya əl verib görüşmək istədim, baxdım ki, kişinin qolları yoxa çıxıb, get-gedə gözümün qabağındaca bəyazlaşaraq yavaş-yavaş "əriyirdi”, qeyri-ixtiyari, sövq-təbii qışqırmaq, çığırmaq istədim, ağzımı yumub açdım, açıb yumdum səsim çıxmadı. Anlamırdım ki, səsim çıxsa nə deyəcəm, nə demək istəyirəm, gücüm yalnız qoca oturan səmtdəki boşluğa – qocanın əyləşdiyi üstü nazik döşəkçəli kətil də yoxa çıxmışdı – baxmağa çatırdı, boşluqdan o tərəfdəki məzarlığın divarını da görmürdüm, sezə bilmirdim... 
 Birdən-birə canıma qorxu doldu; bəlkə önümdəkindən sonra – artıq qarşımda deyildi – "silinmək” növbəsi mənimdi? Görəsən hardan başlayacaqdılar məni "silməyə”, hardan yox olacaqdım? Aşağıdan, ya yuxarıdan, başımdan, yoxsa ayaqlarımdan? Bəlkə elə Rizvan kimi əllərimdən? Qeyri-ixtiyari çəkinə-çəkinə əllərimə baxdım. Yerindəydi...  Üstəlik qollarım da çiyinlərimdən sallanırdı... Bu dəfə qalxıb tələsik maşına doğru getmədim, əməlli-başlı qaçdım, hövllə götürüldüm, qəfil duranda altımdakı kətil aşdı,   döşəkçə də düşdü yerə... 

4

  Taygöz Əşrəfin boz eşşəyini  sol arxa təkəri ləngərləyən taxta arabaya qoşdular, "Böyük ana”nı da elə həyətdəcə yuyub, kəfənləyib  cənazəsini arabaya qoydular. Cəbhədən qayıdan balacaboy çox qanlar, çox yaralılar, çox çan üstə olanlar, çox ölülər görmüşdü, elə bilirdi ki, çoxları kimi elə onun özü üçün də ölüm adiləşib. Amma "Böyük ana”nın itkisi yaman yer eləmişdi ona, boğazındakı qəhər hülqumunda düyünlənmişdi,  nə aşağı yuvarlanırdı, nə göz yaşı kimi çıxırdı. Axşam "Böyük ana”nın dediklərinə fikir verib dərinə getməmişdi, indisə həmin söhbəti, əslində söhbətdən daha çox vəsiyyətə bənzəyən kəlmələri beynində-şüurunda yerli-yataqlı canlandıraraq hər bir sözü yenidən kəlməbəkəlmə eşitmək istəsə də,  yadına qırıq-qırıq hissələr, sözlər, səslər, kəlmələr düşürdü:
"Sən hələ çox yaşayacaqsan, sənin ömrün qabaqdadı”.
"Qorxma, səni bura göndərən özbaşına, özxoşuna göndərməyib, sən qayıdanacan, sən qayıdanacan hər şey yoluna düşəcək”.
"Məni bütün qohum-əqrəbadan kənarda basdırarsan, gözdən-könüldən uzaqda”...
...Məzarlıqda, bəndələrin məhşərəcən uyuduğu məkanda gözdən-könüldən uzaq yer... Axı nə deməkdi bu? "Niyə?” – niyəsini indi öz-özündən soruşurdu, dünən danışandan xəbər almaq ağlına gəlməmişdi, çünki əslində "Böyük ana”nın öləcəyi haqqında dediklərini nə ciddiyə almışdı, nə də ağlına sığışdırmışdı. Nədənsə, həmişə ona elə gəlmişdi ki, "Böyük ana” hələ çox uzun yaşayacaq. Amma bu heç... Ölüm haqdı, bəndənin   ölümünə heyfsilənmək, heyrətlənmək başdanmayıflıqdı, kafirlikdi... Özü də düzü-dünyanı qan-qada, ölüm-itim bürüyəndə... Bəs, qohum-əqrabadan kənarda basdırılmaq istəyi nədəndi, nəydi, hardan qaynaqlanırdı, mənbəyi hardaydı? Kimdən küsmüşdü, kimdən incimişdi "Böyük ana”, kim onun xətrinə dəymişdi, kim onu incitməyə ürək eləyərdi, kimin buna cürəti çatardı? Ya başqa mətləblər gizlənirdi bu vəsiyyətin içində, arxasında?
Üzünü camaata tutub: "Mənnən heç kəs gəlməsin qəbiristanlığa, elə Əşrəf dayı ilə gedəcəm, – qabaqdangəlmişlik elədi. – Qəbirqazanlarla molla Əhməd məni orda gözləyəcək...” – dedi, amma onsuz da arvadların dəfnə getməyi yasaqdı, qalan beş-altı qoca-ahıl, müharibədən  yarımcan qayıdan axsaq, şil də pay-piyada məzarlığa gedib çıxa bilməzdi.
 Onun əndişəsi həm də dedi-qoduçulardan idi əslində, anlamayan, qanmayan ağzıgöyçəklər qaşınmayan yerdən qan çıxarıb aləmə car çəkərdilər ki, balam, qohum-qardaşı bir yana, bu arvad nədən öz doğmaca ərinin yanında dəfn olunmaq istəməyib, ya bu işi rəhmətə gedənin iradəsindən kənar görürlər? İndi gəl, hər sözgəzdirənin yanında bir molla tut, olanı-olmazı el-aləmə anlatmaqdan ötrü qollarını çırmala. Onsuz da zəhmətin hədər gedəcək, istəyinə çatmayacaqsan, çünki istəyirsən yüz kərə təkrarla, xeyri yoxdu, adamlar həqiqətə deyil, eşitmək istədiklərinə inanacaqlar...  Burası danılmazdı ki, əgər həqiqət deyilən bir şey vardısa, balacaboyun özü də həmin həqiqətdən xəbərsizdi, özünün düz-əməlli –  əslində heç – başa düşmədiyini başqalarına necə qandıra bilərdi?
  Molla Əhməd də heç, molla arif adamdı, hər şeyin yerini hamıdan yaxşı biləndi, bəlkə elə buna görə eşşəyin yüyənini yavaşca darta-darta – əslində yüyəni əlində boş saxlamışdı, dartıb eləmirdi, ləngərli arabaya qoşulmuş heyvan özü aramla, itaətlə onun ardınca gəlirdi, arabanın üstündə "Boyük ana”nın yuyulub kəfənlənmiş meyiti içinə qədim xalça döşənmiş mafədəydi, mafənin üstü  qara kələğayı ilə tarım örtülmüşdü, "Böyük ana” pəncərəsiz, qaranlıq "otağ”ında son mənzilinə yol almışdı, arxada da taygöz Əşrəf ayaqlarını sürüyürdü –  min bir fikir-xəyal içində əzizini basdırmağa gedənin atasının qorxudan öldüyü tutatut dövründə də, nədənsə, mollaya dəyib toxunan olmamışdı. Balacaboya oxuyub yazmağı, "Quran”ı öyrətmişdi molla Əhməd. Balacaboya elə gəlirdi ki, bəndələrdən gizli saxladığı sirrini, gizlinini ürəklə, çəkinmədəm molla Əhmədə aça bilər, hərçənd hələ ki, belə bir açıq-saçıqlığa, etirafa ehtiyac olmamışdı, əksinə haçansa molla özü ona hamıdan gizli mətləblərini danışmışdı, doğrudu, bəzi gizlinlərin açılmasına, aşkarlanmasına baiskar, səbəbkar da elə keçmiş şagirdin özü olmuşdu, müridin sorğu-sualından sonra molla inzivada başına gələni elə təklikdə də nəql eləmişdi ona. "Əhməd əmi, sən bir il xəlvətə çəkildin, onu bəlkə də başa düşdüm, üstündən bir həftə keçdi, qırx gün də bir ilin üstünə gəldi... Bax, o qırx günü anlat mənə, axı özün deyirdin ki, mən sənin ən gözüaçıq, ən sevimli şagirdin olmuşam, ustad-şagird yox, ata-bala olmuşuq biz, əgər həqiqətən belədisə, adam öz balasından sirr saxlamaz”, – günlərin birində keçmiş şagirdi imkan tapıb, ustadı hamının gözündən yayındırıb divara dirəmişdi, burası vardı ki, əslində nə ustadın keçmişi olur, nə də şagirdin, ustad həmişə ustaddı, şagird də ömürlük öyrənən,  gözü, fikri daima müəlliminin ağzında olan... Yəni, əsl ustalıq, ustadlıq anadangəlmədi, oxumaqla, öyrənməklə nə molla Pənah olmaq mümkündü, nə də molla Əhməd... Cünki öyrənməkdən ötrü oxuduqlarını da  hansısa ikiayaqlı bəndələr qələmə alıb, bəndələrin yazdığı, ərsəyə gətirdiyi, yaratdığısa qüsurdan xali ola bilməz,  belə çıxır ki, əsl ustadlığın yolu təkcə kitablardan keçmir...
"Yaman bicsən, – molla Əhməd qımışıb müqavimətsiz təslim olmuşdu. – Fəqət, hiylə işlətməyinə gərək yoxdu, sakitcə, düzü-düzünə soruşsaydın da hər şeyi sənə danışacaqdım, sənə özüm kimi inanıram, ay cırtdan, – bu dəfə molla həlim təbəssümlə onun üzünə baxaraq məzələnmişdi, – forslanma, sənə ondan ötrü inanıram ki, elə bir sirr-mirr yoxdu arada, deməli... – molla sözlərinə azca ara vermişdi, ya söyləcəklərini qiymətə mindirirdi, ya da şagirdinin səbrini yoxlayırdı. Sözünün ardını dəyişib kəsə yola üz tutmuşdu. – Qısası, mən çiynimə qoyulan yükü qaldıra bilmədim.  Yalvar-yaxar aldığımı, qazandığımı elə yalvar-yaxar da geri qaytardım”.
"Xırdala, Əhməd əmi, bir şey qanmadım”.
"Mən hələ mətləbi açmamışam ki, sən nəsə qanasan... Məsələ belədi, mən bir il xəlvətə çəkildim,  bəlkə də heç bir bəndənin yüksəlmədiyi bir kəramət sahibi olmağı dilədim Allahdan. Yəqin bu mənim ən böyük səhvim idi”, – molla köksünü ötürdü, sanki zarafata salsa da, sirrini şagirdinə deməyə tərəddüd eləyirdi, önündəkinə inanıb inanmadığına görə yox,  bilmirdi müridi onun dediklərini anlamağa hazırdı, ya eşitdiklərindən çaş-baş qalıb gic-gicələk olacaq...
"Allah sənin diləyini yerinə yetirmədi?” – şagirdsə onun uzun-uzadı susmağına imkan vermədi.
"Yetirdi, amma mən o kəramətlə yer üzündə yaşaya bilməyəcəyimi bir həftəyə başa düşüb təzədən inzivaya çəkildim, qırx gün gecə-gündüz tanrıya yalvardım ki, alsın mənə verdiyini...”.
"Sənə nə verilmişdi ki, molla əmi?”
"Mən adamların içindəki xisləti görürdüm”.
 "Necə yəni, Əhməd əmi, nə təhər olur o?”
"Yəni, adamların xisləti üzünə çıxırdı, adamları canavar sifətində, ayı, dəvə, at, eşşək, lap böcək, milcək, qarışqa, daş, ağac sifətində görürdüm...”
"Milcəyin, qarışqanın, daşın, ağacın da sifəti olur?” – mollanın dediyindən çox cücülərin, daşın-ağacın haqqında eşitdiyinə heyrətlənmişdi balacaboy.
"Yer üzündə hamının, hər şeyin sifəti olur, ay cırtdanbala, əsil sifəti görüb görməməksə, başqa məsələdi...”
"Allah sənə bəxş elədiyini sənnən aldı?”
"Hə, aldı, cünki mən o yükü çəkə bilmədim... Nəyə gülürsən, ay cüvəllağı, yoxsa inanmırsan dediklərimə?”
"Yox, əstəğfürüllah, inanıram, molla əmi, amma...”.
"Əmması nədədi?”
"Deyirəm, görəsən, o kəramətini itirməsəydin, indi məni hansı sifətdə, hansı heyvan cildində görərdin, hə?”
"Yəqin ki, tülkü sifətində, əmma görüb-eşidib-öyrəşdiyimiz tülkü yox, qeyri-adi, qəzəbli tülkü sifətində, qaplanabənzər tülkü sifətində...  Yaxşı, qaşqabağını sallama, zarafat eləyirəm...”
 Hardan yadına düşdü molla Əhmədin nəql elədiyi xislətin sifətdə, üzdə, çöhrədə görünmə məsələsi? Özünə də aydın deyildi, burası vardı ki, binadan beynə, ürəyə hökm vermək olmur: filan əhvalatları, filankəsləri düşünmə!.. Düşünməməyə, fikirləşməməyə çalışsan, bütün güc-qüvvəni toplayıb ha cəhd göstərsən yenə özünlə bacarmayacaqsan, meymun qəsdən yadına düşəcək... Deyəsən, elə indi onu məzarlıqda gözləyən molla Əhməd özü də az aşın duzu deyildi, əsl meymun oynadan idi.
 Heyif  ki, o vaxt əsl sual balacaboyun yadından çıxmışdı; molla qeyri-adi kəramət sahibi olanda özünü hansı cilddə görmüşdü? Yəqin hazırcavab mollanın bu dolaşıq sorğuya da cavabı hazırdı: Mənim yolumu qəsdən daşlığa salma, ay cırtdan, bilirsən axı, adam özünü, öz sifətini görə bilmir. Bu yerdə balacaboyun "sarsıdıcı zərbəsi” mollanı səntirlətməli idi; bəs güzgüyə baxanda?..
  Kölgəsinə göz yetirə-yetirə ahəstəcə addımlayan balacaboya elə gəlirdi ki, molla Əhməd təkcə sonluqda deyil, həmin söhbətin əvvəlindən axırınacan onunla məzələnib, ümumiyyətlə, mollanın ona öyrətdiklərinin, danışdıqlarının içində həmişə yekə bir zarafat, məzəli bir oyun vardı, o qədər yekə ki, həmin zatafatı, məsxərəni, lağlağını çıxsan yerində, yerdə heç nə qalmazdı. Həqiqətən mollanın haçan ciddi danışdığını, nə vaxt zarafata saldığını ayırd eləmək müşküldü. Doğru deyiblər ki, elə dünyanın  işi də oyundu, məsxərədi, belə olmasaydı taygöz Əşrəf aranı xəlvət görüb tülkü bəylik eləyərək arabanın qırağında, mafənin yanında oturaraq bikef-bikef  ayaqlarını sallamazdı, lakin burda zarafatlıq bir şey də yoxdu, yazıq yorulmuşdu yəqin.   Qəbiristanlığa yol az deyildi, bayaqdan dalda ayaqlarını sürüyənin elə bir can-cəsədi də yox idi, taqətdən düşüb arabada oturmağı da qəbahət sayılmamalıydı, elə  qəfil çönüb arxaya baxanın da ürəyindən taygöz Əşrəfin yanında oturmaq keçdi, di gəl, ən azı, arabanı, mafəni aparana, arabaya bağlanana yol göstərmək gərəkdi.  Həm də araba amanabənddi, ikisinin Əşrəflə onun – üstəlik "Böyük ana”nın – ağırlığına tab gətirməyə bilərdi. Bir də ki, balacaboy canını dişinə sıxıb yorğunluğun, əzginliyin öhdəsindən gələrək bu dünyada "Böyük ana”ya son borcunu layiqincə verməli idi. Üzü bəridə isə "Böyük ana”nın təxminən min arşınlıq yolu, haqq-hesabı qalmışdı...

BÖYÜKXANIM

 Böyüyüb rayon mərkəzinə bitişmiş qəsəbədə beşmərtəbəli binalar yan-yana idi. Rayon, kənd yerində çoxmərtəbəli binalar görəndə məni qaşınma tuturdu, qəsəbəninki, kəndinki bağ-bağatlı həyət evləridi, mən balaca olanda bu evlərin yanında yekə bir zavod vardı ki,  rayonun, yalan olmasın, yarısı həmin zavodda işləyirdi, bu evləri də zavodun işçiləri üçün tikmişdilər,  zavod çoxdan bağlanıb tar-mar olmuşdu, daşı-daş üstə qalmamışdı, doğrudan-doğruya lələ koçmüşdü yurdusa hələ ki, yerindəydi; evlər, binalar öz sakinlərinə xidmətdəydi, bu binalardakı mənzillərin birində mənim balaca xalam olurdu, onun ərinə də burda mənzil vermişdilər, cəmi bircə dəfə olmuşdum balaca xalamgildə, heç mənzilin mərtəbəsini də xatırlamırdım, lakin həmin mənzili tapmaq  şəhərdəkindən, böyük xalamgilin mənzilini tapmaqdan – hərçənd o mənzili uzaqdan-uzağa təxminən tapsam da, tapdığıma ayaq basa bilməmişdim –   asan olmalıydı, birincisi, ərazi kiçikdi, yeddi-səkkiz beşmərtəbəli bina idi, ikincisi, çoxdandı görməsəm də –    yəqin ki, görsəydim də tanımazdım – nəinki xalamın, onun ərinin, oğlanlarının da adı yadımdadı... 
 Day yerə-göyə etibarım qalmasa da bu gün neçənci dəfəydi ki, hava qaralırdı. Lapdan ağlıma gəldi ki, işdi-şayəd kiçik xalamgilin mənzilini tapmasam, yaxud eşitsəm ki, balaca xalamgil burdan köçüb, onda neyləyəcəm? Belə olsa rayon mərkəzinə gedəydim gərək, orda dayım yaşayırdı. Rəhmətlik babamın evində... Amma ora getməyə həvəsim yoxdu, – bu "həvəs” sözünün içində çox mətləblər gizlənmişdi ki, onları açıb ağartmaq istəmirəm, – mən böyük xalamı görməliydim, Vəfa da dedi  ki, anası kiçik xalamgildədi. Ancaq hər nə baş verir versin, nə olur olsun, mən özxoşuna, özbaşıma heç yerə getməyəcəkdim, hara lazımdısa, yol özü məni aparacaqdı. Əgər yol aparacaqdısa, deməli, mənim bələdçiyə-filana ehtiyacım yoxdu, kiçik xalamın da evini özüm tapa bilərdim...
 Sınayaq... Əvvəlcə binaları sayaq... Yeddi beşmərtəbəli bina idi, qarmaqarışıq, səliqəsiz tikilmişdi binalar, biri düz, biri köndələn, biri üzü qibləyə... Yeddi binadan hansında idi xalamgilin mənzili? Hap-gop öz yerində, əlbəttə ki, mən boyumdan yuxarı tulanmaq fikrinə düşmüşdüm, tərs kimi bayırda bir kişi xeylağı – lap qadın olsun –  gözə dəymirdi. Biz görmüşük yay axşamlarında hay-haray küçələri bürüyər, ağız deyəni qulaq eşitməz, bəs, bu ölüm sükutu nəydi? Böyüklər cəhənnəm, bəs, bu məhəllənin yeniyetmələri, uşaqları, balacaları hardadı? Yay tətilidi, məktəb vaxtı da deyil ki, fikirləşəsən, uşaqlar  öz xudmani mənzilinə, xarabasına çəkilib dərslərini hazırlayırlar. Yeri gəlmişkən, böyükləri xatırladım, kiçik xalamın adı gəldi dilimin ucuna, qeyri-ixtiyari yaxınlaşdığım üzü qibləyə olan binanın qabağında yuxarıdan  sallanan naqilə deyəsən, necə gəldi pərçimlənən  elektrik lampasının öləziyən işığına sığınıb – yarıqaranlıq olduğundan o naqilin hara bərkidildiyini ayırd eləyə bilmədim, mənə elə gəldi ki, közərən lampanın naqili birbaşa göyün yeddinci qatından üzüaşağı gəlir, bir ucu lap yuxarı qata bağlanıb, bəlkə elə ona görə bəri ucdakı lampanın naqilə necə birləşdiyinin əhəmiyyəti yoxdu, lampa naqilə qara-göy yapıştırıcı lentlə pərcimlənməyib əslində, binayi-qədimdən bitişikdi –  orta blokun önündə ayaq saxlayaraq bərkdən bağırdım:
- Böyükxanım xala!.. – mən xalamı səsləmirdim, haraylamırdım, səsimi başıma atıb qışqırırdım, bağırdıqca, səsim əks-səda verdikcə vahimələnirdim, birdən-birə hardansa canıma yayılan qorxudan qurtulmaqdan ötrü səsimə güc verirdim. – Böyükxanım xala!!!
Qaranlıq blokdan orta boylu, arıq bir qadın çıxıb lampanın altında mənimlə üz-üzə dayandı:
- Nə var, nolub, kimdi qıy-qışqırıq salıb məni çağıran?
Baxdım ki, qənşərimdəki yaşıl xalatlı sifəti qırışmış, bənizi solğun qadın mənim xalamdı.
- Mənəm e, ay xala... – adımı demək istədim, dilim dolaşdı, topuq çaldı... öz adım yadımdan çıxdı. Xalamı o saat tanımağıma isə mat-məəttəl qaldım.
Önümdəki bir anlığa məni diqqətlə süzüb boynuma atıldı:
- Ay mənim bədbəxt balam! Bədbəxt bacımın bədbəxt balası!.. Sən də yazıq oldun, mənim balam... Bəxtiqara bacımın goru od tutub yanır yəqin... – boğula-boğula deyən dəmdə sinəm nəmləndi, xalamın, kiçik xalamın, Böyükxanım xalamın göz yaşları sel kimi axırdı.
 Ola bilər sözgəlişi deyirdi, yoxsa "yazıq” sözünü heç özümə yaraşdırmadım, ata-anası ölənlər yazıqdısa, deməli, cəmi məxluqat fağırlığa məhkumdu, di gəl, ellə gələn qada-bəla toy-bayramdısa, bunu ayrı-ayrı fərdlərə şamil eləmək ən azı insafsızlıqdı. Anamın, rəhmətlik anamın – niyə  atamın yox, məhz anamın – qəbri nə səbəbə od tutub yanmalıdı, anlamadım. Nə isə, zənən xeylağına baş qoşub yeddimərtəbəli kəlamlarının başına ip atmaq xərifləməkdi. Yaxşısı budu əlimdən bərk-bərk yapışıb – guya, onu qoyub qaçacaqdım – geri qayıdanın, pillələri ehmal-ehmal, səssiz addımlarla çıxanın könlünə dəyməyim.
- Darıxdım evdə, qonşuya gedirdim, – gülümsünərək izahat verdi başını arxaya çevirib pilləkəni qalxa-qalxa, – gördüm blokun qabağında yekə bir kişi qışqırıb məni çağırır... Ağlıma gəlmədi ki, sənsən, qorxutdun məni, ay saqqalın ağarsın sənin... – xalam geçikmişdi, üzüm təraş olunmasaydı saqqalımda ağ tüklər  bəs deyincəydi.
- Neçənci mərtəbədədi mənziliniz? – soruşdum.
- Nə tez yadından çıxıb?.. – elə heyrətləndi ki, guya, günüm bunlarda keçmişdi. – Lap yuxarıda... Beşdə...
Açarı qıfıla salanda dalağım sancdı:
- Evdə heç kəs yoxdu?
Qapını geniş açıb məni irəli buraxdı:
- Yoxdu... Keç... Xoş gəlmisən... – əl atıb düyməni basaraq işığı yandırdı. – Həmişə sən gələsən... Sənə qurban olum... – pıçıltıya keçdi nədənsə.
Mən əyilib çəkmələrimi çıxartdım, qapının ağzındakı üstü qotazlı başmaqları geyindim. Dikələndə bir də qucaqladı məni, amma bu dəfə ağlamadı...
 ...Çay süfrəsi arxasında söhbətə uzaqdan başladım, xalamı bəri başdan ürkütmək düzgün olmazdı. Yazıq çox dil-ağız elədi ki, xörək gətirim, hazır dolmam var, yarpaq dolması, istəmədim, qəribədi ki, bu gün dilimə yemək dəyməsə də, aç deyildim, ümumiyyətlə, aclıq nə olduğunu bilmirdim demək azdı, əstəğfürülah, yemək adı gələndə qeyri-ixtiyari çimkinirdim.
- Rabil kişi hardadı? – ərini soruşdum nəzakət xatirinə.
- Şəhər yolunun qırağında qarpız satır... Bəlkə də yol gələndə fikir versəydin görərdin... Amma görsəydin də çətin tanıyardın. Çox dəyişib... Gecə-gündüz bilmir o yetim də.... Bir parça çörəyin girincidi. Neçə gündü ki, evə gəlmirdi, bu gün bir-iki saatlığa gəldi, tez-tələsik çimdi, əynini dəyişdi, bir qismət çörək yeyib qaçdı işinin başına... – ah çəkdi yüngülcə. – Neynəsin, malı yiyəsiz qoya bilməz axı... Istəyirsən mobil telefonuna zəng vurum gəlsin? – burasını ürkək-ürkək, ürəksiz dedi, sanki mənim razılaşacağımdan çəkinirdi.
- Yox, ehtiyac yoxdu... Qoy işinən-gücünnən ayrılmasın... Bəs, uşaqlar hardadı, oğlanlarını deyirəm...
- Eh... Onlar uşaqdı bəyəm, evləniblər, ev-eşik olublar... Biz ildə, əyyamda bir kərə yadlarına düşsək şükürlüdü... Onları da qınamalı deyil, bu zəmanədə ailə dolandırmaq xəlbirlə su gətirməkdən çətindi... Neynək...
- Bəs... bəs, xalam hanı? O gün Vəfanı gördüm, dedi ki, anası sizdədi...
- Bizdəydi, getdi dayıngilə...
- Niyə, aranız dəyib nədi?
- Nə danışırsan, Allah eləməsin... Kim qıyar o dilsiz-ağızsız bacıma? Nər kimi cavan balasın itirib e, o... Day bu dünya ilə alış-verişi qalmayıb, dindirməsən danışmaz... Qurban olum ona... İntəhası, dayından sonra dayının arvadı gəldi bizə ki, bəs, tək-tənha qalmışam, üşənirəm, qoy bacın beş-altı gün bizdə qalsın... Fağırlaşmağına baxma, yenə kölgədi, hənirdi, həyandı...
- Dayımdan sonra? – boğazımı arıtladım. – Da... dayım da...  ölüb?
-  Sən də kəkələyirsən həyəcan keçirəndə... Arvadlı-kişili bizimkilərdə nəsilikcə adətdi, xəstəlikdi bu... – sanki elə məni həyəcanlandırmaqdan ötrü sualıma gec cavab verdi. – Yox, iraq olsun, qulaqlara qurğuşun... –  söhbət Böyükxanım xalamın özündən gedirmiş kimi tez-tələsik əllərini qulaqlarına aparıb kədərlə gülümsündü. – Tutublar sənin dayını... 
Hər halda, yəqin ki, türmədə olmaq ölməkdən yaxşıymış, yoxsa xalamın sifətindəki "qara buludu” sarımtıla bənzər nur üstələməzdi.
- Tutublar?.. Niyə?.. Fağırın biri idi axı o... Yadındadı, babam həmişə acıqlanardı dayıma ki, ay mənnən olub mənə oxşamayan, evdə xoruzsan, bayırda fərə...
- Guya, o zəhrimardan satırmış, qaradan...
- Qara nədi?
- Mən nə bilim... Nəşədi, tiryəkdi, nə zəhrimardı...
- Ooo!.. Sağ ol, dayday... – sövq-təbii dedim. – Hardan ağlına gəlib belə şeylər, dayım hara, tiryək  satmaq hara?..
- Sənin dayının bir tamahkar arvadı var ki, iki dünyanı qoyasan qabağına yenə gözü doymaz... İndi də qulyabanı kimi tək qalıb, gecə-gündüz başına döyür... Amma nə faydası...
- Axı,  mən biləni, onların bir oğlu da vardı...
- Hə... Mənim xalamın nəvəsini oğulluğa götürmüşdülər... Elə uşaq götürərlər? Yekə kişi idi o gədə dayıngil onu götürəndə... Əsl ata-anasını da tanıyırdı... Uşağın necə kərə gecələr zülüm-zülüm ağlamağını özüm eşitmişəm ki, bəs, əsl papamı istiyirəm, əsl mamamı istiyirəm...
- Bəs, necə oldu o yekə kişi?
- Necə olacaq, böyüdü, getdi Rusyətə. Çörək dalınca... Deyəsən, orda da bir matışkeynən evlənib...
- İndi o yaşda dayım türmədə yatır?
- Hə... Məhkəməsi olmuyub hələ... Vəkil öyrədir ki, denən mən narkotk alverçisi deyiləm, özüm istifadə eləyirəm, onda cəzan yüngülləşər... Ancaq paqonlular da çörəyi qulağına yemir ki... Yenə təvəkkül Allaha, görək nə olur... Mən bilirdim axırı pis olacaq... Dayına da açıq demişdim...
- Yəni, sən bilirdin ki, dayım narkotik alveri eləyir?
- Yox, ətövbə!.. – xalam oturduğu yerdəcə səntirlədi. – Mən onu demirəm... Dayın gərək babanın evini dağıtmayaydı...
- Anlamadım, nə baş verib?
- Heç nə, dayın babanın evini sökdü ki, yerində onnan da yekəsini tikəcək... Mən ona dedim bizim ata evinə əl vurmaq olmaz, qulaq asmadı mənə... Hələ də başladığı evi tikib qurtarmıyıb... Allah qapısını açsın, o evin sökülməyi ilə getdi hamımızın ruzu-bərəkəti... Adama deyərlər, bir ərsiz, bir arvad, bir də özgənin belinnən gələn yetimçə, neynirsiz toyxana boyda yekə evi, hə? – xalam gözlərini üzümə dikib məndən cavab gözləsə də, dinmədim, araya  sükut çökdü, mən baxışlarımı yayındıranda özü söhbəti dəyişdi. – Sənin işlərin nə təhərdi?
- Babat...
- Saçların ağarıb...
- Qocalıram... – gülümsündüm.
- Yox, – razılaşmadı, – sənin qocalmağına hələ bir igidin ömrüycə qalıb... – dedi və yaxşı ki, ucundan tutub ucuzluğa getmədi.
- Ay xala... – sözümü yarıda kəsəndə hay verib diqqət kəsildi.
- Nədi, başına dönüm?
- Axı babamın bir əmisi arvadı da vardı, seyid arvad...
- O, hardan yadına düşdü?
- Elə-belə... Lapdan xatırladım... 
- Mən o arvadı görməmişəm. Mən doğulanda ölmüşdü o arvad... Amma deyirlər, mənim adımı o arvadın şərəfinə qoyublar... Görmürsən o arvadın adına oxşardı mənim adım ...
- Bəs, o arvadın əsl adını niyə verməyiblər sənə?
- Nə bilim...  – çiyinlərini çəkdi. – Yəqin qorxublar...
- Nədən qorxublar?
- Bilmirəm, sözgəlişi dedim... 
- O arvad haqqında başqa nə bilirsən?
- Heç nə... Mən doğulanda o, neçə il qabaq ölmüşdü... – təkrarladı.
- Qəbri hardadı?
- Nə bilim... Yəqin rayon qəbiristanlığında olar...
- Tapa bilərsən?
- Ay rəhmətliyin nəvəsi, bu saat mən heç öz dədəmin qəbrini axtarıb tapa bilmərəm... – əlini əlimin üstünə qoydu. – Dayın  babanı nənənin yanında basdırmağa qoymadı axı... Kişi ikinci kərə evləndiyinə görə... Bir evin içində yaşasalar da, baban ikinci kərə evlənənnən sonra ölənəcən danışdırmadı babanı dayın... Hikkəsinnən baban öləndə də hardasa lap kənarda, gözdən-könüldən uzaqda, məzarlığın qırağında dəfn elətdirdi kişini... Bir yannan baxanda babanı da qınamaq olmazdı, elə qoca vaxtında lazımdı kişiyə arvad, arvadın elədiyini gəlin, qız eləyə bilməz, heç vədə eləyə bilməz... –  özü öz sözünə qüvvət verdi. – Əslində dayın düz iş görmədi, elə baban basdırılan günün ertəsi kişinin evləndiyi arvadı qovdu evdən ki, rədd ol, bir də gözüm səni görməsin, o yazıq da dinməz-söyləməz, sakitcə yığışıb getdi öz qızıgilə ki, neynək, siz sağ, mən salamat... Pis arvad deyildi rəhmətlik... – əlini əlimdən çəkərək çənəsinin altına dirədi. – Bura bax, sənin ölülərlə nə alış-verişin? Bu saat dirilər canını qoymağa yer tapmır...
Xalamın sualını qulaqardına vurub davam elədim:
- Şəkli-zadı var görəsən babamın əmisi arvadının?  Bəlkə hardasa fotosu-filanı qalıb?
- Ağlım kəsmir... Hər halda, şəkli qalsaydı mən görərdim...
- Bəs, kimdənsə onun haqqında nələrsə eşitmisən?
- Belə... – anicə fikrə getdi. – Dumanlı... İndi yadıma sala bilmirəm. Nədənsə, bizim evdə o arvaddan az danışıblar...
- Niyə? Babam keçmişdən danışmağı xoşlayardı axı...
Çiyinlərini çəkdi:
- Mən nə bilim... – duruxdu qəfilcə. – Sənə nə olub? Məni nə sorğu-suala tutmusan? – yenə diqqətlə sifətimə baxdı. Bu dəfə şübhəli-şübhəli... – Rəng-ruhun da ağappaqdı e... Naxoşlamamısan ki?
- Əşi, xəstə-zad deyiləm mən, elə-belə soruşdum... – zarafata saldım. – Olmaz ki, ildə, əyyamda bir kərə  öz xalamnan dərdləşim? 
- Olar, olar... – gülümsündü. – Orasını düz deyirsən... Amma sorğu-sualların birtəhərdi e, a bala... – səsini yavaşıtdı.
Müsahibimi çətinə saldım:
- Elə bildim həqiqətən öz evimdi, ağlıma gələni danışa bilərəm, nə istəsəm xəbər ala bilərəm...
Yazıq  dik atıldı:
- Həlbət ki, öz evindi, mən o mənada demədim...
- Bilirəm, xala, bilirəm... –  onun sözünü kəsib mızıldadım. – Dur gedək, mən bir böyük xalamı da görüm...
- İndi ora getmək olmaz, səhər gedərik...
- Niyə? Gec deyil axı...
- Yox, elə demə, sənin üçün gec deyil, bala, zənən xeylağlarıdı, qorxub eləyərlər, yox yerdən bir işə də düşərik, onsuz da başımız cəncəldədi... – səsini yavaşıtdı. –  Sənin böyük xalannan səksəkəliyəm, nigaranam onsuz da, ürəyimnən daş asılıb elə bil... Gecə gözü gedib, darvazanı-filanı danqıldadıb o yazığı lap ürkütməyək... Özü də babangildə qalmağa yer də yoxdu, dayın evin cəmi bircə otağın tikib qurtarıb, qalanlar yarımçıqdı... Ev-eşiyinin bütün dürriyi necə ildi ağzı bağlı qonum qonşuda, tanış bilişdədi, hələ bizdə də xeyli qazan-quzanı var. Həm də ki... – ağlamsındı qəfil. – Bu gecə bizdə qalmasan qarabəxt bacımın ruhu mənnən inciyər... – sağ əlini yüngülcə sinəsinə vurdu. – Bacıma görə neçə ildi yaralıdı ürəyim... O, ölüb canını qurtardı, ancaq mənim sinəmə dağ çəkilib, dağ... – qəfil zilə çıxdığı kimi gözlənilmədən bəmə düşdü. – Tez getdi o bədbəxt... Onnan sonra ürəkdən gelə də bilmirəm, inan mənim balam, öz anam qədər istəyirdim sənin ananı...  – hərləyib-fırlayıb qeybətindən də qalmadı. – Amma anannan sonra atan tez-tələsik evlənib cavan arvad almaqda düz iş görmədi...
- Nolar, sabah olsun... – son kəlmələrini qulaqardına, eşitməməzliyə vurub onunla razılaşmaqdan başqa çarəm qalmadı, yerimdən qalxıb pəncərədən aşağı boylandım. – Sizin həyətdə maşına dəyib toxunan olmaz ki? – pərdənin arasından yarıqaranlığa baxa-baxa soruşdum.
- Yox... Narahat olma... Şükür, oğurluq-moğurluq yoxdu hələ bizim yerlərdə... Amma  olacaq, o da olacaq, az qalıb... Ac qılınca çapar...

5

 "Böyük ana” basdırılan gün bütün gecəni bir yağış yağdı ki, tut ucundan göyə çıx...  Yeri-göyü  sel-su bürüdüyündən hərənin başı özünə, öz dirriyinə qarışdı, küçə-bacadan əl-ayaq elə səhər açılandan kəsildi...
 Kişilərdən gözə dəyən yox idi hələ ki... Başıpapaqlı qalmışdı bəyəm? Qonşu arvadların bir-ikisi "Böyük ana”nın otağına yığışıb xıssınlaşırdı. Yaxşı ki, ağlaşıb eləmirdilər, ağı deyən də yox idi. Bəlkə  elə belə məsləhət idi. Nə "Böyük ana”nın xoşuna gələrdi ağlayıb sızlamaq, nə də artırmada taxta məhəccərə söykənib dalğın-dalğın həyətə baxan balacaboy əsgərin. Yağış kəssə də ağacların budaqlarından, yarpaqlarından yerə, yerdəki gölməçələrə su damcıldamaqda idi. Günəşsə arabir ağımtıl buludların arasından görünüb təzədən gizlənirdi. Sərçələr ürkək-ürkək yaş budaqlara qonurdu. ""Böyük ana” da belə getdi... Heç kəsə əzab-əziyyət vermədi, səssiz-səmirsiz yuxudaca canını tapşırdı”.
Arvadı artırmaya çıxdı.
- Burda nöşün durmusan, qurbanın olum?
O, çönüb arvadına baxdı:
- Mənim sapoqlarım hanı?
Arvadı çaşdı:
- Sapoq nədi ki, başına dönüm?
- Ayağıma geyindiklərim... Botularım...
- Yumuşam...
- Nə?.. Sabaha sapoqlarımı quruda biləcəksən? Mən vaxtında geri qayıtmaqdan ötrü sabah mütləq yola düşməliyəm axı...
Arvadın çöhrəsi kölgələndi:
- Bəs deyirdin ki, beş-on günlüyə buraxıblar səni?
- Ay qız,  o uzaqlıqda yolu mələklərin çiynində göz qırpımındamı qayıdacam? Yoxsa, elə bilirsən, gözümü yumub açınca çatacam mənzil başına?  Bura-ora deyil e, dünyanın o başıdı... Bircə gün geciksəm fərari kimi güllələyərlər məni... – "güllələyərlər” kəlməsini deyəndə qəfil balacaboyun kürəyindən dalğavari bir istilik keçdi. "İlahi, görəsən qayıdanda məni nələr gözləyir?”
Arvadının da rəngi avazıdı, qorxa-qorxa  əlini üzünə apardı:
- Uy, irağ olsun... Nigaran olma, peçi qalayaram, qoyaram sənin botularını peçin yanına, gözünü açıb yumunca quruyar...
- İndi mənə bir şey tap, ver ayağıma geyinim. Gedirəm...
- Hara?
- Qəbiristanlığa... Arvadnan  vidalaşmağa...
- Tək?
- Hə... Elə tək getsəm yaxşıdı. Gəlib eləyən olsa, hələlik birtəhər özün yola ver... Tez qayıdacam, darıxma...
Qadın çəkinə-çəkinə dedi:
- Üşənmirsənsə, elə rəhmətliyin qaloşunu geyin... Yer-göy sudu, yəqin yol-riz də zığın-palçığın içindədi...
 Üşənməyinə üşənmədi, amma böyük ananın qaloşunu ayağına keçirəndə bir balaca utanantəhər oldu; rəhmətliyin par-par parıldayan, tərtəmiz qaloşu balacaboyun ayağına lax idi, yekə idi. Arvadı içəridən qaloşun uclarına yumşaq əski tıxamalı oldu. Balacaboy da evdən çıxıb o səkidən bu səkiyə, o cığırdan bu cığıra gah yeriyə-yeriyə, gah hoppana-hoppana yenə yol aldı üzü məzarlığa...

 ..."Deyirlər  varlı bir tacir qonşu ölkənin bazarında malların qiymətinə göz qoya-qoya, özlüyündə nəyin ucuz, nəyin baha olduğunu götür qoy eləyə-eləyə qullar satılan yerə gəlib çıxır. Qullara baxa-baxa, nədənsə, tacir fikrə gedir, gözləri yol çəkir. Bu dəm iri dəmir qəfəsdəki qullardan biri onu səsləyir. "Ay ağa, məni al, qoy burdakı zülmdən, zillətdən canım qurtarsın, ömrüm boyu sənə sədaqətlə qulluq eləyərəm, amma məni ala bilməsən də, darıxıb eləmə, ağa, belə də qalmaz”. Tacir bir yerə baxır, bir göyə baxır, bir qula baxır, ürəyinə nə damırsa, sövdələşib qulu alır, əvvəlcə qulu  hamama aparır, əyin-baş alır çır-cındır içində olan qula, yaxşıca yedirib içirdir neçə gün. Qul ətə-cana gəlir, tacir baxır ki, aldığı gözəgəlimli cavan bir oğlandı, savadı-biliyi də bəd deyil, hesab kitabdan başı çıxır. Tacirin oğlana ürəyi yanır, bir kisə pul verib qula deyir: "Götür bu pulu, Allah rizası üçün sənə azadlıq verirəm, çıx get vətəninə, elimə-obana, qohum-əqrəbanın yanına”. Qul pulu almır: "Mən azad olmaq istəmirəm, ağa, məni özünlə apar, çünki bu dünyada  mənim heç kəsim yoxdu, həm də sənə olan borcumu ödəmək istəyirəm ki, o dünyaya kiməsə borclu köçmək suçundan qurtulum”. Tacir fikirləşir ki, əgər  qul pulu götürmədisə, üstəlik azadlıq istəmədisə, yəqin burda bir hikmət var, qismətdi bu, mən bu cavanı taleyin ümidinə buraxa bilmərəm, özümlə aparmalıyam. Beləcə, tacir qulu öz evinə aparır. İnsafən cavan da işgüzar olur, dadına çatır tacirin. Ağasının ticarəti, alveri yaxşı getməyəndə ona təskinlik də verir: "Ağa, darıxma, belə də qalmaz”. Həqiqətən bu kəlmələr ağanı ovundururdu. Tacir bir yerə baxırdı, bir göyə baxırdı, yüngülcə köks ötürüb: "Allaha təvəkkül,” – deyirdi. Aylar dolanır, illər ötüşür, tacir mehrini oğlana salır, onu öz balası kimi istəyir, gözünün ağı-qarası yeganə qızını da oğlana verir. Şad-xürrəm ömür sürürlər, amma sən saydığını say, fələyinsə haqq-hesabı başqadı. Qəfil iş bəd gətirmir yox, bədlik yumşaq sözdü, fəlakət döyür tacirin qapısını; uşaq dünyaya gətirərkən qızı da, dünyaya gəlmək istəyən də tələf olur. Bir müddət keçir, kürəkəni yanlayır taciri ki, ağa, heç qəm yemə, belə də qalmaz. Mən sənnən çox razıyam, Allah da sənnən razı olsun, amma arvadım öldü, körpəm öldü, belə görünür ki, sizin yerlər mənə düşmədi, incimə, haqqını halal elə, izn ver, mən çıxım gedim. Tacir etiraz eləmir: "Gedirsən get, oğul, sözüm yoxdu, amma varımdan-dövlətimdən nə qədər kefindi götür ki, qərib yerə düşəndə quru yurdda qalıb korluq çəkməyəsən, heç kəsə möhtac olmayasan”. Kürəkən razılaşmır: "Yox, ağa, mən bura necə gəlmişəm elə də gedəcəm, ancaq sən darıxıb eləmə, belə də qalmaz”. Beləcə, kürəkən qaynatası ilə halallaşıb düşür yolun ağına. O ölkədə üç gün, bu şəhərdə beş gün, bir gün tox, üç gün ac, başı çox işlər çəkir kürəkənin, nəhayət, günlərin bir günü gəlib çıxır tanımadığı bir vilayətə. Görür bazar meydanı adamla doludu, soruşur ki, burda nə baş verib, deyirlər, bizim ölkənin şahı ölüb, vərəsəsi də yoxdu, indi şahlıq quşunu uçuracaqlar, quş kimin başına qonsa o da padşahımız olacaq. Şahlıq quşusa gəlib qonur tacirin kürəkəninin başına. Camaat hay-küy salır ki, bəs, bu adam qəribdi, biz bu adamı tanımırıq, şahlıq tacını bu qəribə necə etibar eləyək? Əlacsız qalıb quşu təkrarən uçururlar, quş yenə həmin yerə qonur. Ağsaqqallar məsləhətləşib qərara gəlirlər ki, nə olacağa çarə var, nə yazıya pozu, göylərin məsləhətidi ki, bu adam bizim padşahımız olsun. Toy-bayram içində, şadyanalıqla tacirin kürəkənini taxta çıxarırlar. Kürəkən də haqqı nahaqqa vermədən ədalətlə şahlıq eləməyə başlayır. Beləcə, yenə ay ötür, il dolanır, günlərin birində dostları tacirə xəbər gətirir ki, ay evi tikilmiş, bəs, filan vilayətə alış-verişə getmişdik, mallarımızdan həmin vilayətin padşahına hədiyyə aparanda gördük ki, vilayətin şahı sənin kürəkənindi. İnsafən o da bizi tanıdı, bizə hörmət, ehtiram göstərdi, səni də xəbər aldı bizdən, sənə xoş gün-güzaran dilədi. 
Tacir özlüyündə deyir ki, mən  qızımı, arvadımı itirib tamam tək qalmışam, bundan sonra nə xoş-gün güzəran? Burda nəsə var, gərək özüm gedib kürəkənimi görəm.

 Qərəz, tacir həmin vilayətə yola düşür. Sarayın keşikçilərinə deyir, şahınıza xəbər verin ki, ağası gəlib. Keşikçilər qəzəblənir ki, bu kişi nə danışır, padşahın da ağası olar, şahın ağası yeri-göyü yaradan gözəgörünməzdi ki, qiyamət günü nəinki təbəələrə, həmin vilayətdə yaşayan heyvanlara, hətta ağaclara,  bitkilərə olunan ədalətsizliyin, haqsızlıgın, günahı, yükü, ağırlığı da o hökmdarın boynundadı, hər şeyə görə ən əvvəl  o hökmdar sorğu-suala çəkiləcək, o hökmdar cavab verəcək...

  Ədalətli şahın deyimlərini yadına salan eşikağası gələni cəzalandırmaqdan vaz keçib onu birbaş hökmdarın hüzuruna aparır, padşah gələni böyük hörmət-izzətlə qarşılayıb yanlnda yer göstərir. Yeyib-içib süfrədən əl götürəndən sonra tacir deyir ki, oğul, səni şad-xürrəm görüb sevinirəm ki, bu boyda məmləkətin başçısısan. Kürəkən qayıdır ki, bu dünyada, hər şey su kimi axıcıdı, ona görə nə ürəkdən sevinməyə, nə də qəm yeməyə dəyməz, ağa, darıxma, belə də qalmaz... Bu dəfə ağa çaş-baş qalsa da, üstünü vurmur, özlüyündəsə deyir ki, ay naşükür kürəkən, bu boyda məmləkətin başçısısan, day dediyin belə də qalmaz nədi? Nə isə, tacir beş-on gün qonaq qalıb qayıdır evinə. Günlərin birində tacirin dostları kürəkəninin ölüm xəbərini verirlər ona. Demə, yemək vaxtı boğazında sümük qalıb kürəkənin, təbiblər əl-ayağa düşüb özlərini yetirincə padşah dünyasını dəyişib. Tacir yasa batır, deyir, heç olmasa gedib kürəkənimin qəbrini ziyarət eləyim, son borcumu verim rəhmətliyə,  o, mənə təkcə kürəkən olmadı, əsl oğulluq elədi, sədaqətlə qulluq elədi mənə. Tacir yır-yığış eləyib gəlir keçmiş kürəkəninin qəbrinə baş çəkməyə, görür ki, rəhmətliyin qəbrinin üstündə yazılıb: "Ağa, darıxma, belə də qalmaz”. Ağa bu dəfə cin atına minir ki, ay binəva, day sənə olan olub, ölmüsən, mən də bütün əzizlərimi itirmişəm, bunnan belə lap dünya tarmar olsun, sənə-mənə nə dəxli? Acıya-acıya, deyinə-deyinə qayıdır evinə tacir. İllər ötüşür, tacir tamam qocalır, fikirləşir ki, bu dünyaya etibar yoxdu, bu gün-sabah Əzrayıl qılıncını siyirəcək, nə qədər bədənimdə təpər, əl-ayağımda, dizlərimdə taqət var, qoy gedib son dəfə kürəkənimlə vidalaşım, o nakam yazığın qəbrinin başında dua oxuyum ki, ruhu şad olsun. Amma bu dəfə qəbir üstünə gedəndə tacir görür ki, qəbir-filan nə gəzir, hər yanı, bütün məzarlığı sel-su basıb, qəbirlər də əbədilik qalıb suyun altında...
" İlahi, görəsən, din-iman əhli saydığımız molla Əhməd əslində kimdi ki, hər dəfə məzarlığa yolum düşəndə onun haçansa söylədiklərini, danışdıqlarını xatırlayıram? Görəsən, molla Əhməd kəramətini itirməsəydi özü-özünü hansı heyvanın sifətində, hansı cilddə görərdi?”

 Ustadı öncəgörən deyildisə, niyə balacaboy əsgərin getdiyi məzarlıq mollanın illər qabaq söylədiyi əhvalatdakı qəbiristana bənzəyirdi? Fərq yalnız bundaydı ki, balacaboy əsgərin kənardan baxdığı məzarlıqdakı başdaşılardan bir-iki lap yekələrinin, azacıq dikdirdə olanların ucları bapbalaca adalara bənzəyirdi suyun üzündə, sərçələr o "adalara” qonub dincəlirdi.  Təkcə Noğul xanım türbəsinin gümbəzi aralıdan yarısı suya batmış yumurtaya oxşayırdı...

 ...Məzarlıq yoldan aşağıda, çökəkdə idi, bütün yağış suyu qəbiristanlığın ərazisinə axdığından  ölülərin " evini” su basmışdı.
  "İlahi, görəsən, su çəkiləndən sonra molla Əhmədlə taygöz Əşrəf  başdaşı əvəzinə hələlik üstünə taxta parçası sancılmış böyük ananın qəbrini, qəbir yerini tapa biləcəkdilərmi? – dalağı sancdı balacaboyun. –  Gərək bu gün onlara bir də tapşırım ki, arvada layiqli, gözəgəlimli bir başdaşı düzəltdirsinlər”.
Balacaboy əsgər baxdı ki, qaloşu palçığın içindədi, ayaqları da topuğacan yaşdı, ayağında sapoq da olsaydı məzarlığa girə bilməyəcəkdi, ona görə də hündürdə, zığlı-palçıqlı yolun qırağında dayanıb bir xeyli qəbiristanlığa baxdı, baxdı və nəhayət, üz qoydu geriyə...

ƏSMƏT

- Sola sürüm? – qıyğacı yanımda əyləşən kiçik xalama baxdım.
- Həlbət ki, sola... Ədə, ay saqqalı ağarmış, öz babanın evini tanımırsan?
- Mən neyniyim e, buralar elə dəyişib ki...
-  Hə, dəyişib dəyişməyinə... Hara gedirsən, burda saxla...
 Maşını iri, rəngsiz dəmir darvazanın qabağında əylədim, babamgilin ensiz, alçaq, taxta həyət qapısı da dəyişmişdi. Kiçik xalam maşından düşdü. Mən maşından çıxıb ona çatınca dəmir darvazanın bala, balaca qapısını açıb içəri elə tez girdi ki, açıq qapını tutmağa macal tapmadım, qapı  önümdəcə zərblə  darvazanın dəmir çərçivəsinə dəyib tükürpədici səs çıxartdı, qulaqlarım da bir xeyli uğuldadı həmin səsin əks-sədasından... Kiçik xalama ümid olmağa dəyməzmiş, yaxşı ki, barmağım-zadım qalmadı qapının arasında. Hərdənbir harasa gecikməyin də xeyri dəyə bilərmiş, hər halda, xeyri dəyməsə də, ziyandan qoruya bilərmiş adamı... 

 Içəri girən kimi gözlərimə inanmadım, kirpiklərimi bir-birinə sıxıb gözlərimi yenidən açanda da gördüklərim dəyişmədi, keçmişdən qalma heç nə görmədim. Bu həyətin tən ortasında iri Xartut ağacı vardı, onun yanında fındıq kolu, üzüm tənəyi, bir sözlə, həyət başdan-başa yaşıllıq, bağ-bağat idi, ev də həmin yaşıllığın içində itib batırdı. İndisə quru nar çubuğu da qalmamışdı həyətdə, bütün ağaclar kəsilmişdi, əvəzində az qala elə həyət boyda ikimərtəbəli nəhəng ev tikilmişdi kəsilən ağacların, kolların yerində. Amma kiçik xalam düz deyirdi, bu evdə hələ bir igidin ömrüycə iş vardı. Qapısız-pəncərəsiz evdən həyat əlaməti gəlmirdi, eləcə daşlar üst-üstə pərcimlənmişdi, vəssalam, divarları da hələ bayırdan hörülməmişdi evin. Bircə üzü həyətə baxan sarı pərdəli otaqdan işıq, hənir gəlirdi, elə deyəsən təkcə o otağın qapı-pəncərəsi vardı, yəqin buna görə məndən qabaqda dayanan kiçik xalam üzünü qapısı aralı otağa tutub ucadan səsləndi:
- Ay qızlar, çıxın bayıra, görün kimi gətirmişəm!.. – əslində burasını dəqiq demirdi, o, məni yox, mən onu gətirmişdim maşınla, "qızlar” bayıra çıxana qədər onları haraylayan özü izahat verməli oldu ağlamsına-ağlamsına. – Rəhmətlik bacımın yeganə yadigarını... Allah yerini behişt eləsin bədbəxt, qaragün  bacımın...

 Nədənsə, narahat-nigaran yan-yörəmə baxdım, lapdan haçansa molla Əhmədə verdiyim sual düşdü yadıma: "Molla əmi, görəsən, bu dünyada özünü bədbəxt sayan adam o dünyada xoşbəxt ola bilər?” 

Heyf  ki, mollanın cavabını xatırlamadım,  çünki "qız”lardan biri, dayım arvadı içəridən çıxıb mənə fikir vermədən baldızını qucaqladı:
- O yetim, beli qırılmış dayısını görməyə gəlib! Dayısını!.. – mənə "o” deməsindən də bir şey qanmadım, ən azınnan, "o” yox, "bu” deməliydi.
 Elə bil yanlarında deyildim, mən yaddan çıxdım, gəlinlə baldız qucaqlaşıb ağlaşmağa, hönkürməyə başladılar. Ancaq hər nəydisə, dayım arvadı Əsmətin guya, yana-yana mənə: "yetim” –  deməsi də xoşuma gəlmədi. Anladım ki, tez aradan çıxmalıyam,  bu həyətdə çox duruş gətirə bilməyəcəm.
Nəhayət, Əsmət mənə əl uzadıb yanağımdan öpəndə saymazyana soruşdum:
- Beli qırılmış dayım dedin, nolub ki, dayıma?
Əsmət Böyükxanıma baxıb təəccüblə xəbər aldı:
- Deməmisən? – qaşlarını oynadıb gözlərini mənalı-mənalı süzdürdü.
Böyükxanım yüngülcə başını tərpətdi, yəni ki, demişəm, xəbəri var...
Buna baxmayaraq Əsmət yerli-yataqlı izahat vermək üçün soruşdu:
- Bilmirsən ki, sənin yaşlı-başlı, ağsaqqal dayını tutublar?
- Niyə? – ilk dəfə eşidirəmmiş kimi heyrətlə xəbər aldım.
Əsmət çaşsa da ayağını geri qoymadı, pıçıltıya keçib dedi:
- Şərə düşüb...  Deyirlər, guya, narkotik satırmış...
Əl çəkmədim:
- Guya nədi, satırmış, ya yox?
Bu dəfə dayım arvadı özündən çıxıb səsini qaldırdı:
- Bəs, neyləyəydi dayın yazıq, hə?! Zavod yox, fabrik yox, harda işləyəydi, necə dolanaydıq, nəylə dolanaydıq?.. Bir ovuc adam bütün məmləkətin malını talayanda yazıq kasıb neyləsin, hə?! Bu ölkədə dolanıb baş girləmək üçün babat vəzifəyə dırmaşmalısan ki, o da bizim bəxtimizdə yoxdu... Ya gərək yekə bir adamın qohumu olub süfrənin qırağınnan yeyəsən, ya da  acından gəbərəsən... Mən qırx ilin müəllimiyəm, nə verirlər mənə, hə?! Neçə ildi dayın əlacsızlıqdan bu işlə çörək qazananda niyə göz yumurdu silisçilər? İndi ayılıblar, indi bilirlər? Yox, yox, min kərə yox!.. Dərinə gedəndə xoruzun quyruğu görünür... – Əsmət danışdıqca qızışırdı, kiçik xalam onun çiynini ehmalca sığallaya-sığallaya mənə göz ağardırdı ki, müsahibimə baş qoşub dərinə getməyim, amma gec idi, oxu atmışdım. – Sevinirdik saqqalımız çıxır, vay olandaymış... – mat-məəttəl qaldım Əsmət belə deyəndə, mən balaca olanda bu kəlmələri Petronun atası Ağəli kişidən eşitmişdim, ancaq deyəsən, Ağəli kişi "olanda”nın əvəzinə "yolanda” deyərdi, yəni, "sevinirdik saqqalımız çıxır, vay yolandaymış”, dayım arvadının bığ-saqqaldan, məsəl çəkməyi mənə həm qəribə, həm də bir az məzəli gəldi. – Bu gün-güzərandımı məxluq yaşayır?.. Bax, sən o boyda yolda maşın sürüb dayını görməyə gəlmisən. Hanı, hardadı, bədbəxt dayın, hə?..

Sövq-təbii lapdan nöqtəni qoydum:

- Düzünə qalsa, mən dayımı yox, böyük xalamı görməyə gəlmişəm... – deyib tez də sözümü dəbbələdim. – Dayım kişi xeylağıdı, hər yerdə baş çıxardar...
 Elə bil qurbağa gölünə daş atdılar, Böyükxanım yerində donub qaldı, Əsmət səsini xırp kəsdi. Əslində mən özüm də peşman oldum dilimdən çıxanlara görə, üzlərindən gördüm ki, dediklərimi malalayıb dayımı tərifləməyimin xeyri olmayıb... Amma bəlkə belə yaxşı idi, yanlış da bir naxışdı, mənim arvad bazarında nə işim vardı, gərək tez-tələsik  böyük xalamı görüb qayıdaydım geriyə...

Sanki ürəyimi oxudular, aralanıb mənə yol verdilər, Əsmət əlini uzadıb sarı pərdəli otağı göstərdi:

- Buyur, get gör, o sən, o xalan... içəridədi xalan... – otağı göstərməyə də bilərdi, başqa otaqlarda lələ köçüb yurdu qaldığı kənardan bəlliydi, imtəhası, dayım arvadı yəqin ki, gərək olmayanı eləməyə öyrəncəliydi. – Onsuz da bircə ayaqyoluna gedəndən-gedənə həyətə çıxır sənin əziz-girami xalan... –  səsindəki kinayə hirs-hikkəni üstələmişdi.

 Əsmətlə Böyükxanımın arasından keçib otağa girdim. Elədi, içəri girməyinə   girdim, amma dəmir çarpayıda oturub ayaqlarını sallayan, saçları qar kimi ağappaq ağarmış, heç nə ifadə eləməyən gözləri, ölgün baxışları candərdi, çar-naçar üzümə dikilən çəlimsiz, arıq qarının mənim böyük xalam olduğuna inanmadım. Ha yaddaşımı eşələdim xeyri, köməyi olmadı, bu qarının keçmişi ilə indisi arasındakı gözlə görünən zəncir qırılmışdı. Qnun qırışmış sifətində, avazımış çöhrəsində, xəstəlik, naxoşluq, zəiflik yağan simasında elə bir tanış cizgi qalmamışdı ki, mənə keçmişi xatırlatsın...

 Bəxtim gətirdi ki, ya hikkələrindən, ya  bizi təkbətək qoymaq istədiklərindən, ya da saymazlıqlarından arxamca gələn olmadı. Bəlkə də içəridə oturmağa yer olmadığından həyətdə durdular. Otağın döşəməsi də yox idi, döşəmə əvəzinə nimdaş, rəngi getmiş palazlar sərmişdilər yerə...

Oturdum üzbəüzdəki dəmir çarpayıda, dinməz-söyləməz böyük xalama baxdım, o da mənə baxırdı, lakin hiss eləyirdim ki, fikri-xəyalı uzaqlardadı. Mən ona yaxınlaşmağa, toxunmağa qorxurdum, guya, önümdəki hələ tam quruyub bərkiməmiş gildən-torpaqdan idi, əl vursaydım ovulub töküləcəkdi, yerə tökülənlər də lap Rizvan kimi öz-özünə yox  olacaqdı, beləcə, böyük xalamın izi-tozu da qalmayacaqdı... 

- Necəsən? – lapdan dilə gəlib halımı xəbər alanda əməlli-başlı sevindim, elə bilirdim danışmağa da taqəti qalmayıb.
- Yaxşıyam... Sən necəsən? – onun səsinin ahənginə uyğun pıçıldadım.
- Babatam... Vüqarı görüb eləyirsən?
- Yox... Görməmişəm hələ... Orda adam tapmaq çətindi... Qarmaqarışıqlıqdı orda... Hərə öz hayındadı... Amma qayıdan kimi yenə axtaracam... Sən arxayın ol, mütləq tapacam onu...
- Tapsan yaxşıdı... Bir-birinizə həyan olarsız...
- Yaxşı, sən nigaran qalma... – mətləb üstünə gəlməyə çalışdım. – Mən təkcə Vüqarı yox, o seyid arvadı da axtarıram... 
- Hansı seyid arvadı?
- Babamın əmisi arvadını... – nədənsə, ətrafa boylana-boylana, çəkingən-çəkingən dedim. – Yadındadı o arvad sənin?
- Yadımdadı, lap indiki kimi xatırlayıram...
- Nələri xatırlayırsan? –titrək səslə soruşdum.
- O cəddinə qurban olduğumun toyunda Vüqarı da yanıma salıb əldən düşənəcən oynamışdım...
- Nə toy, hansı toy?.. –  çaşqın-çaşqın xəbər alıb  kor-peşman da tez-tələsik   susdum.
 Cavab vermədi, gözlərini yumub yanındakı ağ, balaca yastığa dirsəklənərək mürgülədi, sanki nələrisə gözünün qabağına gətirirdi, araya heç vaxt pozulmayacaq ağır bir sükut çökdü və o sükut, o səssizlik həqiqətən də pozulmadı.
 ...Nəhayət, mən böyük xalamı narahat eləməmək üçün ehmalca qalxıb əvvəlcə otaqdan, sonra da Əsmətlə Böyükxanımın yanından keçib həyətdən çıxdım. Dəmir qapını da yavaşca örtdüm ki, səsi çıxmasın. Deyəsən, məndən ötrü gözü atan-zad yox idi; arxamca gəlib məni yola salan olmadı...


 Balacaboy əsgər müharibə qurtarandan iki il sonra qayıtdı evinə. Tanış-biliş, qonum-qonşu axışıb gözaydınlığına gəldi. Amma balacaboyun arvadı hiss eləyirdi ki, ərinin kefi yoxdu, alt dodağı yer, üst dodağı göy süpürür, çırtma vursan qanı damar, görüşməyə gələnlərlə candərdi hal-əhval tutur. Doğmaca qızlarını, əkizlərini  də dizlərinin üstündə narahat-nigaran otuzdurub, oturanların saçlarını qeyri-ixtiyari sığallayır, fikri-xəyalı isə ayrı yerdədi. Yaxşı, davanın, uzaq yolun yorğunluğunu anlamaq mümkündü, bəs, gözlərindəki əzabı, iztirabı, nisgili, üstəgəl hirs-hikkəni hara yozasan? Çoxları əlini üzmüşdü balacaboy əsgərdən ki, gəlib çıxmadısa, yəqin düşmən gülləsinə hədəf olub. Şükür, Allah səni o qan-qadanın içində salamat saxlayıbsa, bu qaşqabaq, narahatlıq nədəndi?

Balacaboyun arvadı barmağını dişlədi, gecə evlərindən əl-ayaq kəsiləndən, balacaboy əsgərin içindəki səssiz fırtına zəifləyəndən, qızlar da yatandan sonra söhbətə uzaqdan başladı:
- Ağrıyırsanmı, sənə qurban?
- Yox... 
- Yorğunsan yəqin...
- Belə... Keçib gedər... Yorgunluq nədi ki,  lap atam yanıb mənim, başımı çiyinlərimin üstündə zornan  gəzdirirəm... – deyəsən, balacaboy  sandığı açıb pambığı tökməyə meylli idi.
- Şükür ki, salamat qayıtmısan... Qızların da çox sevinir, sənə qurban olum... Bunnan sonra nə dərd-sərimiz var ki, bizim...
- Elədi... – balacaboy köksünü ötürdü.
- Nolub, qurbanın olum, nəyin var sənin?
- Bu gün evə gələndə qəbiristanlığa getdim...
- Hə...
- İstəyirdim "Böyük ana”nın qəbrini ziyarət eləyəm...
- Hə... Yaxşı eləmisən...
- Ancaq məzarlığı ələk-vələk eləsəm də arvadın qəbrini tapmadım...
- Nə?
- Hə... Yoxdu arvadın qəbri... – içindəkilər aşıb daşdı, lapdan balacaboyun göz yaşları sel kimi axdı. – O arvad mənə analıq elədi, amma mən ona oğulluq eləyə bilmədim... Sən bu neçə ildə məzarlığa getməmisən?

- Getməmişəm... Düzü, neçə kərə istədim gedəm, imkan eləyə bilmədim... Uşaqları kimin yanında qoyacaqdım? Balacalarla da ora gedib çıxmaq mənim işim deyildi... Yol uzaqdı... Qonum-qonşuya da özüm qəsdən ağız açmadım ki, bir-birimizə qoşulub yoldaşlı gedək. Hərənin bir dərdi var, nöşün camaata əziyyət verim? Sonra özlüyümdə əhd elədim ki, inşallah, sən sağ-salamat gələrsən bir yerdə gedərik. Tək-tənha ora getməyim həm düz alınmazdı, həm də qəfil qorxub eləyərdim, üşənərdim orda... Sonra əkizlərə kim baxacaqdı, ağrın ürəyimə? – balacaboyun arvadı suçlu-suçlu gözlərini süfrəyə dikdi. – Həm də qabaqlara xəyalın getməsin, bu aclığın, yoxsulluğun, səfalətin içində ölülərmi yada düşürdü? Dirilər köçlərini sudan gücnən çıxardırdı, – gəlin özünə haqq qazandırdı. – Ev-eşik dərdi, iki balaca uşağın zır-zırı bütün dünyanı adamın gözündə dar eləyir... Səhər durursan, gözünü yumub açınca görürsən axşam düşdü, bütün işlərin də qalıb yarımçıq... Əlinin papağını Vəlinin, Vəlininkini Əlinin başına qoyursan ki, qəfil çay-çorək istəyən uşaqların başını birtəhər aldadıb ovundurasan... Ailənin, ev-eşiyin yükün çəkmək zənən işidi ki?.. Bu ağır zillətə mən yazıq necə dözmüşəm, necə tab gətirmişəm bir tək o qurbanolduğum bilir... – arvadı şəhadət barmağı ilə tavanı göstərdi. – Yəqin özün də annıyırsan ki, çox çətin olub mənə...  Bəlkə elə deyil, dərdin ürəyimə?..

- Bilirəm... Elə olmağına elədi... – balacaboy razılaşdı, ovcu ilə gözünün yaşını sildi. – Amma mən molla Əhmədnən taygöz Əşrəfə tapşırmışdım axı bizim arvada layiqli bir  başdaşı düzəltdirsinlər... Haqqını da vermişdim... 

- Taygöz Əşrəf  bizim arvad ölənnən üçcə gün sonra başını qoydu yerə... Molla Əhmədin də halı xarabdı deyirlər. Evdən eşiyə çıxmır... Ancaq allahtərəfi, haqqüçünə danışsaq, molla haçan küçədə-bacada məni görürdü səni xəbər alırdı, mənə ürək-dirək verirdi ki, darıxma, oxuduğum "Quran” haqqı ərin hökmən sağ-salamat qayıdacaq. Qorxma, ona heç zad olmaz...Bir də deyirdi ki, guya, hər cümə axşamı "Böyük ana”ya "Yasin” oxuyur. Amma, ay sənə qurban olum, düzü, mən inanmıram onun hər cümə axşamı bizim arvad üçün "Yasin” oxumağına...
- Niyə inanmırsan? – balacaboy diqqət kəsildi.

- Belə... Allaha acıq getməsin, ikimizin arasında deyirəm... – qısaca ara verdi. – Belə... Sürüşkən adama oxşayır e, sənin molla Əhmədin... – arvadı çəkinə-çəkinə olsa da sözünü dedi. – Deyirlər, bir ara təzə hökümətə xoş gəlməkdən ötrü xəlvət-xəlvət qabağına beşguşəli ulduz tikilən urus papağı da qoyurmuş başına...
Balacaboyu gülmək tutdu:

- Sən hər dedi-qoduya inanma. Neynəyir eləsin, molla elmli adamdı, aqil adamdı, işini biləndi. İntəhası, qocalıb da yəqin... – dedi qımışa-qımışa. – Yaxşı, ay arvad, sən ki, belə ağıllı, uzaqgörən, adamtanıyan, tədbirlisən, de görüm, bu məsələni necə həll eləyək? – zarafata salıb arvadına təriflər yağdırdı.
- Hansı məsələni? – arvad ərinin sözlərindən qürrələnib düşüncəli görkəm aldı.
- "Böyük ana”nın qəbirinin yerini, başdaşı məsələsini... – balacaboyun yenə kefi pozuldu. – Hardadı axı, bu qəbir?.. Ya mən özüm yaxşı axtarmamışam, gözümdən qaçıb? – özü özündən də şübhələndi.

- Taygöz Əşrəf ölüb, o, heç... Molla Əhməd ki, sağ-salamatdı... Get evində soruş ki, ay molla əmi, bu daş, bu tərəzi, bizim arvadın qəbri hardadı, başdaşını hara qoymusuz? – arvadının qaşları çatıldı. – Day qanını nöşün qaraldırsan, qurbanın olum, get mollanın özüynən üzbəsurət otur, danış... Ağa durur, ağacan durur...
- Axı deyirsən, mollanın halı xarabdı...
- Orası elədi, qızı deyir ki, molla evdən eşiyə çıxmır... Amma ağlı-başı ki, yerindədi...  Get, öyrən, gör iş nə yerdədi, əgər başdaşı-zad qoydurmayıbsa, qoy verdiyin pulu qaytarsın, kasıbçılıqdı, beş-on gün əlimizdən tutar o pul... Sonra dolanışığımız düzələr, arvada özün başdaşı düzəltdirərsən... – ərinə xüsusi bir biclik də öyrətdi. –  Həm də guya ki, yoluxmağa gedirsən naxoşu... Səbirli ol, salam-əleyk eləyən kimi üstünə cumub hürkütmə mollanı, yavaş-yavaş öyrən, çalış məsələni özü açıb ağartsın...
- Elədi, gərək tez gedəm... – balacaboy başını tərpətdi. – Ölüm-itim dünyasıdı, bu işi ləngitmək olmaz...
- Ancaq tələsmə... – arvadı ağlına güvənib lap dərinə getdi, qoy əri görsün ki, papaq, əstəğfürüllah, kələğayı altında necə zənənlər yatıb. – Sabah gedərsən... Gecənin xeyrindən gündüzün şəri yaxşıdı... Get gir yerinə, yat dincəl... – bunu deyəndə  yanaqları allandı, baxışlarını bardaş quran ərindən yayındırıb  armudu stəkandakı soyumuş çayla dodaqlarını islatdı, utansa da, dediyindən dönmədi. -  Gecdi, canım qurban, dur get yat...

Bayaqdan ovqatı bir andaca qalxıb enən balacaboyun kefi  təzədən duruldu:
- Ay arvad, sən arxayın ol ki, mən hələ ağlımı tamam  itirməmişəm, gecə gözü gedib molla Əhmədin qapısını döyən deyiləm... – səsini yavaşıdıb pıçıltıya keçdi, önündəkinin onu eşidə bilməyəcəyinin fərqinə varmadı. – Amma heç ağlım kəsmir ki, molladan pul ala bilim... Neynək, sınamağın ziyanı yoxdu, yeməkdən ümid yaxşıdı...
 Pul qoparmaqdan ağlı bir şey kəsməsə də, molla ilə görüşə can atırdı balacaboy, qəfil ürəyinə nə isə damdığından səhərin tez açılmağını gözləyirdi. Deyəsən, pul-paradan da qiymətli şeylər gözləyirdi bu görüşdən... Nolar, həm ziyarət, həm ticarət...

NURALI

- Ooo!.. Gör mən kimi görürəm, köhnə dost... 

Küçəyə çıxan kimi qollarını geniş açıb üstümə gələnin sifətinə baxdım. Sarı-suruluğundan, gömgöy gözlərindən, bir də dor ağacı kimi uzun boyundan mən o saat tanıdım qollarını geniş açanı. Nuralı idi, Mələyin kiçik qardaşı... Babamgillə qonşu udilər, üzbəüz evdə yaşayırdılar. O vaxtlar, uşaqlıqda  Vüqar, mən, Nuralı çox ağacların kəlləsinə dırmaşmışdıq... Amma düzünə qalsa, sonralar Mələyin yanında olanda tez-tez Nuralının şəklini görduyumdən mən uşaqlıq dostumu tanımaqda çətinlik çəkmədim, yoxsa dazlaşmış başı, axsamağı məni çaşdıra da bilərdi.
Qucaqlaşdıq, kürəyimi sappıldatdı. Nuralıdan birtəhər  iy gəlirdi,  bilmədim tər iyidi,  kir iyidi, bəlkə də hər kisinin qarışığı...
- Necəsən? – aralanıb diqqətlə sifətimə baxdı. – Hamamdan indicə çıxmısan nədi, rəngin  nöşün ağappaqdı?..  – özü öz dediklərinə inanmadı. – Amma yox, hamamdan çıxan qızarar, pörtər, sən ağappaqsan...
- Belə...  – dəqiq cavab vermədim. – Sən necəsən?
- Sükür deyə bilmərəm... – yenə gözlərini üzümə zillədi.
- Özün bil... – yaxamı çəkdim kənara. – Buralarda nə var, nə yox?..
- Heç nə... Elə hər yerdəki kimi... Atın qabağında ətdi, itin qabağında ot...
- Filosof  kimi danışırsan...
- Düz deyirsən, pis gün adamı alim eləyir... – qımışıb soruşdu. – Dayına görə gəlmisən?
- Hə...
- Yazıq kişinin işi yaşdı...
- Elədi, yaman ilişib... – maşının yanına gələndə dilimi dinc saxlamadım. – Mələydən nə xəbər var, bacın neynəyir?
Əlini yellədi laqeydliklə:
- Mələydi də... Türkiyədədi... Türkə ərə gedib... İndi yekə uşaqları, əri, topdağıtmaz ev-eşiyi var orda...
- Nə yaxşı... Görüb eləsən salam deyərsən...
- Tez-tez zəng eləyir mənə...
- Nolar, zəng vuranda salam söylə...
- Bilirsən də...  – dili dolaşdı. –  V... Vüqar da rəhmətə gedib...
- Bilirsən nədi... Mənim yanımda canını tapşırdı rəhmətlik... – bilmirəm nə səbəbə yalan dedim.
- Hayıf  Vüqardan...
- Hayıf niyə, hamı öləcək...
- Hə... Hamı öləcək... – yəqin söz tapa bilmədiyndən mənim dediklərimi təkrarlayıb  mızıldandı. – Şəhərə gedirsən?
- Hə, necə ki?
- Məni qəbiristanlığın yanında atarsan?
Əlimi onun çiyninə qoyub gülümsündüm:
- Day atmaq niyə, apararam səni qəbiristanlığa...  Xeyirdimi orda?
Daz başını qaşıdı:
- Orda, nə xeyir... – tutuldu. – Cümə axşamıdı, oğlumla arvadımın qəbrinə baş çəkmək istəyirəm...
- Allah rəhmət eləsin... – deyib uyarlı sözlər axtardım. – Nədən rəhmətə getdilər, qəzaya düşüblər? – soruşub dərinə getməzdim, filirləşdim ki, xəbər almasam  saymazyanalıq, gönüqalınlıq sayar...
- Onu narkaman öldürdü?
- Kim? – qorxmuş kimi əlimi çiynindən çəkdim.
- Həkim olmaq istəyirdi bədbəxt, di gəl, universitetə girə bilmədi, qayıtdı evə, qoydum mağazada satıcı işləməyə... – uzaqdan başladı. – Nə isə, bir gün narkamanın biri gəlib ki, çörək ver... Bu da deyib ki, mənim dədəmin dükanı deyil bura, çörəyin pulunu ver, sonra götür... O deyir  ver, bu deyir vermirəm... axırda narkaman çıxardır bıçağı, soxur uşağın düz ürəyinə... Heç xəstəxanaya da çatdıra bilmədik... – ağlamsındı. – İki dənə çorəyə görə balam əldən getdi... Gözümün ağı-qarası bircə oğlum vardı... Arvadım da bala dərdinə dözmədi,  sirkə içdi, – yenə qucaqlaşdıq. – Tamam tək qalmışam mən...  – burnunu  çəkə-çəkə mızıldandı. – Sənin oğul-uşaqdan nəyin var? – ciblərini eşələyə-eşələyə soruşdu, yəqin dəsmal axtarırdı, tapa bilmədi.
-  Deyəsən, bir oğlum var... 
 Üzümə baxdı təəccüblə:
- Bu nə sözdü, ay xətəkar... – gülümsündü zorla. – Day deyəsən nədi?
- Arvadlara etibar var, bəyəm?.. – baxışlarımı yayındırıb söhbəti dəyişdim. – Sizin uşağı vuranı tutdular?
- Hə, indi türmədədi... – başını tərpətdi. – Ancaq bunun mənə nə isti-soyuğu?.. Mənə olan oldu...
- Elə demə, yenə də təsəllidi qatilin cəzalanmağı...
Ah çəkdi:
- Eh... Mənimki təsəllidən keçib... Mələy yalvarır ki, nə var orda, tək-tənha qalmısan, ev-eşiyi sat, köç gəl bura...
- Bəs, niyə  köçmürsən?
- Hara köçüm, arvad-uşağın qəbri burda... Özümün də beş-on gün ömrüm qalıb. Bu yaşımda gedib yeznə qoltuğuna sığınım? 
- Dolanışığın necədi, Mələkgil kömək eləyir?
- Hələ ki, köməyə ehtiyacım yoxdu, müharibədə yaralandığıma görə pensiya alıram axı... Amma mən gərək öləydim orda... Bilsəydim başıma belə müsibət gələcək heç erməni gülləsini gözləməzdim, elə ordaca özümü öldürərdim...
- Yaxşı, bəd-bəd danışma, otur maşına, yolçu yolda gərək... – uzunçuluğuna imkan vermədim.
Nuralı yanımda əyləşdi, mən motoru işə salıb maşını yerindən tərpətdim.

 7 

  Molla Əhmədin evi məscidin yanında idi. Dini mərasimlərdə "Böyük ana” balacaboyun əlindən tutub özü ilə məscidə aparardı. Yol boyu qara çarşablı arvadlar ayaq saxlayıb "Böyük ana” ilə hal-əhval tutardılar. "Necəsən, ay filankəs?” "Yaxşıyam, sən nə təhərsən, balalarun nə təhərdi?” "Sağ ol, canuva dua eliyirlər”. Heç kəsin də ağlına gəlmirdi ki – bəlkə də ağıllarına gələni dillərinə gətirmirdilər – əslində "Böyük ana”nın balası yoxdu axı... Yaxşı, balacaboy əsgəri – onda hələ əsgər deyildi, böyüyəndə balacaboy olacağını da qabaqcadan heç kəs bilə bilməzdi –  "Böyük ana”nın övladı saysalar da, yenə düzgün alınmırdı, balacaboy  olsa-olsa böyük anaya "bala” sayıla bilərdi, bəs, "balalar” hardan çıxdı? Nə isə, balacaboy gözünü açandan, ağlı kəsəndən belə görmüşdü, belə eşitmişdi, heç kəs də bunun fərqinə varmırdı.

 Məsciddə molla Əhməd başında əmmamə minbərə çıxıb mouzələr oxuyardı, dini rəvayətlər danışardı, hərdənbir qorxa-qorxa, çəkinə-çəkinə aşağıdan qımıldanıb sual verən kişilərin sorğusunu cavablandırardı. Molla danışanda heç kəs cınqırını çıxarmazdı, başqa səs-ün eşidilməzdi. Quş uçsaydı, qulaq cingildəyərdi. Zənənlər bardaş quran tərəfdə, qara tül pərdənin arxasında, "Böyük ana”nın dizlərinin üstündə oturan balacaboyunsa çox vaxt  yuxusu gələrdi, arabir elə başını "Böyük ana”nın sinəsinə sıxıb yatardı. Yatmaq mollanın zəhmli səsinə qulaq asa-asa zəhri yarılmaqdan min pay yaxşı idi. Molla qorxulu adam olmasaydı arvadlı-kişili ona qulaq asanlar gözünün yaşını sel kimi axıtmazdı. Təkcə "Böyük ana” heç vaxt ağlamazdı məsciddə, fikirli-fikirli gözlərini məchul bir nöqtəyə dikərdi, daha doğrusu, deyilənlərə qulaq asardı, düz qabağa baxardı, amma elə bil nə deyilənləri eşidərdi, nə də baxdığını görərdi. Əslində çox uzaqda olardı "Böyük ana”... Hərdənbir qucağındakının başına ehmalca sığal çəkəndə yaxınlaşardı yerə, baxdıqlarını görərdi, deyilənləri eşidərdi. Balacaboy hələ də çətinə düşəndə o sirli-sehirli sığalın istiliyini hiss eləyirdi saçlarında, o istilik bütün bədənini bürüyürdü  bir andaca. Mollanın təklikdə ona danışdığı rəvayətlər, bir də "Böyük ana”nın məsciddə onun başına çəkdiyi sığal hələ də balacaboy ilə birgə sakitcə,  dinməz-söyləməz yanaşı addımlayaraq pusquda dayanmış kimi bəzən çətin, bəzən də uyarsız məqamlarda üzə çıxardı, yadına düşərdi...
 Sonralar balacaboy molladan dərs aldıqca başa düşürdü ki, müəllimi bəlkə də doğrudan-doğruya qorxulu adamdı, amma o zəhmin-vahimənin işində yekə bir istehza gizlənib. Yəqin molla da balacaboyun cırtdan kimi tükü-tükdən seçdiyini anladığından onu bütün şağirlərindən fərqləndirirdi. Xətrini çox istəyirdi cırtdanın, araları da açıq idi. 

 "Günlərin birində sənin kimi çoxbilmiş bir şagird gedib Bağdadda elm öyrənir... Qayıdandan sonra öz ustadına kəm baxır ki, bəs, sən kimsən, mən o boyda məktəbdə oxuyub sayılıb seçilən müdriklərdən dərs almışam,  indi məscidimizin baş mollası özüm olacam, sabah minbərə özüm çıxıb özüm moizə oxuyacam camaata. Ustad yalvarır ki, a bala, gəl məni el içində xar eləmə, elm öyrənmisən lap yaxşı, gəl sənə helm də öyrədim. Cavan iki ayağını dirəyir bir başmağa ki, xeyri yoxdu, sabah minbərə özüm çıxacam, razılaşmasan, sənə yerdən bir sual verəcəm, cavabını tapmayıb camaat arasında, el içində rüsvayi-cahan olacaqsan, millət yığışıb özü səni məsciddən qovacaq... Nə isə, ustad çox deyir, şagird az eşidir, daşı ətəyindən tökmür ki tökmür... Axırda çarəsi kəsilən ustad deyir, onda icazə ver sabah sən moizə oxuyandan sonra mən də məscidə gələnlərə bir kəlmə söz deyim... Razılaşırlar... Ertəsi elmli cavan məsciddə  elə moizə oxuyur ki, hamının əli üzündə qalır, bəs, ay dadi-bidad, bu adam ucsuz-bucaqsız dərya imiş, biz indiyə qədər qoca mollanın nağıllarına qulaq asırmışıq, gələnlər elə ordaca qoca mollaya yuxardan aşağı, lağlağı ilə baxanda qoca molla kəmali-ədəblə cavandan izn alıb üzünü məsciddəkilərə tutur: "Bu cavan Allahın lütvüdür ki, bizə bağışlanıb... Həzərat, mən bu gecə yuxuda qurbanolduqlarımı gördüm. Qurban olduqlarım röyada mənə dedi ki, kim bu cavanın əbasından, paltarından, tükündən bir parça əldə eləsə o dünyada cənnətməkan olacağına zərrəcə şəkk-şübhə yoxdu... Camaat bunu eşidib sel kimi cumur minbərə, cavanın üstünə, minbəri aşırıb cavanı salırlar yerə, bir anın içində cavanın əbasını, pal-paltarını cırırlar, saç-saqqalındakı tükləri yolub qanına qəltan eləyirlər cavanı, cavanın bağırtısı aləmə yayılır, amma bağırtıya fikir verən hardaydı...  Nəhayət, tamam didilib parçalanmış cavanı az qala yarımcan, lüt anadangəlmə, al qan içərisində görəndə qoca molla gülür ki, ay binəva, sənə demədimmi oxuduğuna çox güvənmə, əsas elm deyil, helmdi?..” Molla Əhməd bu cür könülaçan, dərsdən sonra adamın yorğunluğunu çıxaran rəvayətləri təklikdə  nəql eləyirdi balacaboya –  bəlkə özlüyündə fikirləşirdi ki, sısqa cüssəsinə görə  o biri şagirdlərdən çətindi balacaboyun işi –  sonra da əlini çəkərdi onun başına: "Hə, cırtdan bala, dünyanın gərdişi belədi,  helmli elmlini hər zaman üstələyir”.

 İndisə "cırtdan” mollanı, öz xəstə, naxoş müəllimini yoluxmağa gedirdi, düzünə qalsa, daha getmirdi. Gəlib durmuşdu mollanın həyət qapısının önündə. Tərs kimi günün günorta çağı qapı arxadan bağlı idi. Bayırdan qışqırıb mollanı çağırmaqdan başqa çarə yoxdu.

- Molla əmi! Ay molla əmi! – səs-səmir gəlmədi, harayına hay verən tapılmadı,  boyu da çatmırdı ki,  kip vurulmuş hündür – "cırtdan”ın qədd-qamətinə görə hündür – taxta hasarın üstündən içəri boylanıb baxsın.
- Molla əmi!.. – bu dəfə səsinin lap zil yerinə saldı. – Molla əmi!!!
Nəhayət, həyətdən hənir də gəldi, ayaq səsləri də... Qapını yaşmaqlı bir qadın açdı, yəqin ya mollanın gəlini idi, ya da qızı...
- Salamün-əleyküm... Molla əmi evdədi?
- Naxoşdu molla...
- Bilirəm, mən də elə onu yoluxmağa gəlmişəm...
- Gəl... – qadın qabağa düşüb balacaboya yol göstərsə də, tikanını batırmaqdan da qalmadı. – Molla naxoşdu, amma qulağı yaxşı eşidir, çığırıb bağırmağa nə hacət? – yavaşca deyindi.
- Mən cəbhədən dünən gəlmişəm... – balacaboy özünə haqq qazandırmaqdan ötrü başqa sözlər tapmaylb mızıldandı.
- Xoş gəlmisən... – öndəki geri dönmədən yeriyə-yeriyə saymazyana cavab verdi. – Həmişə evində-eşiyində... – cığırla evə sarı gedə-gedə qabaqlarına yüyürən iri qazları da qovdu. – Kiş...kiş... Çər dəymişlər adamın üstünə cumullar... – acıqlı-açıqlı deyib pilləkənin yanında ayaq saxladı. – Keç içəri, keç, içəridədi molla...

... Balacaboy çarpayıdakı  ilə hal-əhval tutmağa macal tapmamış xəstə inildədi:
- Lampanın piltəsini qaldır sənin üzünü yaxşı görüm... Qoymuram evdə qapı-pəncərəni açmağa, gün işığına həsrət qalmışam...
Tavandan sallanan lampaya əli çatmayan balacaboy pərt oldu. Tərs kimi ayağının altına qoyub yuxarı dırmaşmağa da heç nə tapmadı.
 Molla dəmir çarpayısında qurcalanıb gözlərini qıydı:
- Sənsən, cırtdan bala? –  əmin olduğunu bəlkə də qəsdən xəbər alıb davam elədi. – Yaman qışqırırdın, səsinnən tanıdım səni... Bu otaqdan oturulası hər şeyi götüzdürmüşəm ki, yanıma gələnlər çox  zəhləmi tökməsin... Amma sən özümüzünküsən, sənə yasaq-filan yoxdu...
- Hə... – balacaboy utana-utana dodaqaltı mızıldandı, irəli yeriyib mollanın damarları çıxmış, qaxaca dönmüş buzbuz əlini ehmalca sıxdı, xəstənin ayaq tərəfində dalına yer eləyib büzüşdü.
Molla zəif səslə:
- Hamı sənnən əlin üzmüzdü, fəqət mən bilirdim ki, sən sağ-salamat qayıdacaqsan, cünki sənin üzündə şeytan tükü var... – deyib soruşdu. – Haçan  gəlmisən?
- Dünən...  – balacaboy cavab verib mollaya baxdı, o, mollanı heç vaxt indiki kimi başı açıq görməmişdi, başında ya ağ fəs olardı, ya buxara papaq, hərdənbir də əmmamə...  İndisə başında gözə güclə görünən ağappaq, napnazik pərqu kimi beş-üç tükü qalan mollanın çil basmış dərisi nazilib çəhrayıya çalan daz kəlləsi yarıqaranlıqda az qala işım-işım işıldayıb bərq vururdu. Saqqalı da qar tək ağappaqdı, arıqlamışdı molla, balacalaşıb yumağa dönmüşdü, gözləri  çuxura düşmüşdü, elə cuxura düşənlər də balacalaşmışdı sanki. – Necəsən, molla əmi?
- Adam özü ayaqyoluna gedəndə yaxşı olur... – molla zarafatından qalmadı. – Yox, ayaqyolu adama sarı gəlirsə, demək, işlər fırıqdı...
- Baş açmadım, ay əmi, ayaqyolu adama tərəf gəlirsə nədi? –  hələ bir şey anlamasa da, balacaboyun dodaqları qaçdı.
- Qravatımın altına baxsan başa düşərsən, – qoca balacaboya göz vurdu. – Ləyən qravatın altındadı... Dur pəncərənin pərdəsin çək, qoy sənin gəlməyin şərəfinə içəri gün  düşsün...
 Balacaboy qalxıb yaşıl pərdəni araladı, içəri işıqlandı, indi heç yuxarıdakı lampanın nuruna ehtiyac yox idi.
- Pəncərəni də açım, molla əmi? Bayırda hava yaxşıdı e...
- Çox açma, bir az aralı saxla, bəsdi... Bu istidə canım qızmır ki qızmır...
- Dərdin nədi ki, molla əmi? –  balacaboy gəlib yerində otura-otura soruşdu.
- Qocalıq... – xəstə ağır-ağır nəfəs aldı.
- Görərsən, hər şey yaxşı olacaq... – balacaboy ürək-dirək verdi.

Molla qurcalanıb uzandığı yerdəcə dikəldi, kürəyini çarpayının dəmirinə dayadı, qarnının üstünə sürüşən ağ üzlüklü yorğanı sinəsinə çəkdi:
- Yaxşı, ya pis, fərq eləməz, balaca, mən gedirəm...
Balacaboy elə kövrəldi ki, bir anlığa  nə deyəcəyini bilməyib boğazını arıtlayaraq susdu. Sükut balacaboyu özünə gətirdi, gəlişinin əsl səbəbini xatırladı, intəhası, söhbətə hardan, necə başlayacağını kəsdirə bilmədiyindən udqundu, hülqumu qalxıb endi.
 Molla da az aşın duzu deyildi, üzü-üzlər görmüşdü, bir baxışdan anladı ki, ayaq tərəfində büzüşənin – uzanan dikələndən sonra balacaboyun yeri rahatlanmışdı, genişlənmişdi – köksündə bir boxça sorğu-sual var:
- Xeyir ola, ay cırtdan, sözlü adama oxşayırsan?..
Balacaboy bir yanını qaçaraq qoyub nala-mıxa vurmaq istədi:
- Elə bir sözüm yoxdu, molla əmi, birincisi, yastığın yüngül olsun, naxoşladığını eşidən kimi gəldim sənə dəyməyə... Gecə ikən gələcəydim, qıymadım səni narahat eləməyə... Axı biz ata-bala...
- İkincisi?.. – molla onun sözünü kəsdi. – Uzatma, bala, müxtəsər elə... 
- İkincisi... İkincisi... xırda söhbətdi... Anamın qəbrinin yerini öyrənmək istəyirdim ki, ziyarət eləyim... Dünən getdim qəbiristanlığa, amma qəbri tapa bilmədim...
- Tapa da bilməzsən...
-  Niyə? – balacaboy duruxdu.
- Arvad ölənnən sonra neçə gün yağış yağdı, qəbirisranlıq da çokəkdə, mahalın, el-aləmin bütün suyu axdı ora, qəbirlər qaldı suyun altında...
- Onu bilirəm, dediklərin haqdı, öz gözümün şahidiyəm, bütün qəbirlər suyun altında idi, bircə Noğul xanım türbəsinin gümbəzi görünürdü.
- Elədi, bala, o vaxt taygöz də qəfil öldü, üç gün basdıra bilmədik yazığı, dəfn olunanda iydən yaxına getmək olmurdu, kəfəninə qurd da düşmüşdü Əşrəfin... – molla yenə ağır-ağır nəfəs aldı, sinəsi xırıldadı. – Sənin özündə də suç vardı, sənin təkidinlə arvadı aparıb qəbiristanlığın lap ucqar yerində, köhnə, adsız qəbirlərin  arasında dəfn elədik...
- Anam özü belə vəsiyyət eləmişdi...
- Elədi, bilirəm, – molla razılaşdı. – Vəsiyyət dirilərə ziyan vurmursa, ona əməl  eləmək vacibdi... Buna qarşı çıxmağımız düzgün olmazdı... Bu öz yerində... Əşrəfi basdırannan sonra mən də ha axtardım arvadın qəbrini tapmadım, su, yağış təzə qəbrin torpağını sayalayıb yapıxdırmışdı,  ətrafdan sezilmirdi, heç bir nişanə də qalmamışdı arvadın qəbir yerinnən...
- Axı yadımdadı ki, basdıranda yekə bir ağac sancmışdıq anamın qəbrinin üstünə. Beş-üç günlük... Başdaşı əvəzi... Bəlkə sənin də xatirində olar, molla əmi? İndiyəcən gözümün qabağındadı, adi taxta parçası-zad da deyildi, yekə, yoğun, uzunsov, şalbanabənzər, amma qollu-budaqlı ağacdı... – balacaboy bilə-bilə xatırladığını şişirdib müsahibinin yaddaşını yoxlamaq istədi. –   Rəhmətlik Əşrəf gücnən qaldırıb dikəltdi o ağacı, deyəsən qəbirqazanlar da kömək elədi taygözə...
- Onlar sənin gözünə yekə görünür, ay cırtdan... Nə canı-cəsədi vardı ki, taygözün? Çırtma vursaydın canı çıxardı... – molla burnunu çəkdi. – Ağaca-mağaca da çox güvənmə... Ağac... – molla rişxəndlə təkrarladı. – Ay  rəhmətliyin nəvəsi, o selin-suyun gücünə ağac davam gətirər? Neçə ilin qəbirləri, başdaşıları selin-suyun altında pərən-pərən oldu. Elə bil belə məzarlar binayi-qədimdən yoxmuş... Hələ mən sənin ananın qəbrini qazanları da axtardım. İkisi də yağlı əppək olub çıxmışdı göyə, elə bil binadan belə adamlar yoxmuş, kimnən soruşdum tanıyan olmadı, demə, yerli adam deyilmişlər, fəqət kim idilər, ananı basdıranda qəbiristanlıqda nə gəzirdilər, hələ də baş açmıram... – nəfəsini dərdi. –  İş düz gətirməyəndə quymaq da diş sındırar. Sən gedənnən sonra da təzədən neçə gün yağış yağdı, su qalxıb çıxdı boğaza... Biz nəkarəyik, qurban olduğum belə yazıbmış... Yazıya da ki, pozu yoxdu...
Balacaboy,  nədənsə, çəkinə-çəkinə pıçıldayıb:

- Bəs, neyləyəcəyik, molla əmi? – bəri başdan taleyi ilə barışıbmış kimi fağır-fağır soruşdu. – Belə çıxır ki, anamın dəfn olunduğu yeri dəqiq tapmaq müşküldü,  hər yeri  qazıb qəbiristanlığın altını üstünə çevirə bilmərik ki...

- Ay bərəkallah! – deyəsən, şagirdinin sözləri ustada xoş gəldi.
- Day başqa çarə yoxdusa, bəlkə elə qohum əqrəbanın qəbirlərinin arasında bir başdaşı da anama qoydurum, hə? Nə deyirsən, molla əmi,  belə şey eləmək olar, olmaz?..
- Mən nə deyə bilərəm?.. Dinimizdə belə şey yoxdu, mən belə şeyə rast gəlməmişəm... – molla fikrə getdi. – Yaxşısı budu, qoy sənə Noğul xanım türbəsinin əhvalatını danışım, nəticəni özün çıxart, sonra  qərarı da özün ver, necə istəyirsən elə...
- Yox, molla əmi, – balacaboy razılaşmadı, – sənin danışdığın rəvayətlər, nədənsə,  həmişə çətin, dar da yox e, belə... uyarsız məqamlarda yadıma düşür, mənə düzgün yol göstərmək əvəzinə yayındırır,  çaş-baş salır...
 Molla balacaboyun dediklərindən zərrəcə inciməyib davam elədi:
- Əvvəla, bu rəvayət deyil, olmuş əhvalatdı, türbə də gözümüzün qabağında, qəbiristanlığın düz ortasındadı, ikincisi, uzun-uzadı danışmağa halım da yoxdu, qısa eləyəcəm, üçüncüsü, day gedirəm də, belə görükür ki, day mənim üzübəri yolum yoxdu, bu bizim son söhbətimizdi, xətrinə dəymə, molla əminin... – qımışdı. – Onsuz da yəqin o tərəfdə möhkəm qulaqburması verəcəklər mənə...
- Allah eləməsin, molla əmi, sən sağalacaqsan! – balacaboy ürəkdən dedi. – Buyur,  əmi, buyur,  sözünü danış...
- Mən də qulaq günahkarıyam, özümdən yaşlılardan eşitmişəm, belə danışırdılar ki, varlı bir kişinin Noğul adında dindar bir arvadı olur, neçə il bir yerdə ömür sürürlər, fəqət tanrı bunlardan  övlad payını əsirgəyir. Mahalın o başında da bir Noğul arvad yaşayırmış ki, camaat arasında ləğəbi ayağısürüşkən Noğul imiş... Nədən ki, allahsaxlamış dinc oturan arvad deyilmiş... – mollanın dodaqları qaçdı. – Nə başını ağrıdım, ay ötür, il dolanır, Noğulların hər ikisi rəhmətə gedir. Qəbirləri də düşür yan-yana... Dindar Noğulun əri naxoşdayıb mənim kimi ölüm yatağına düşəndə arvadını görür yuxuda. Ayılanda nökərbaşını çağırıb tapşırır ki, yaxşı bir sənətkar tap, nə qədər pul-qızıl istəyir ver, qoy rəhmətlik arvadımın qəbrinin üstündə gözəgəlimli bir türbə tiksin.  Nə isə, işə başlayırlar, iş tamam olanda  nökərbaşı gəlib görür ki, ay dadi-bidad, ustalar, səhv salıb, məqbərə dindar Noğulun yox, ayağısürüşkən Noğulun qəbrinin üstündə ucaldılıb... Yaxşı ki, ağa neçə aydı öz canı ilə əlləşdiyindən ölənəcən bunnan xəbər tutmur, nökərbaşı da üstünü vurmur... İllər, qərinələr ötüşür, ağa ilə dindar Noğulun qəbri də itib gedir, ayağısürüşkən Noğulun məqbərəsinisə məzarlığa gələnlər hələ də ziyarət eləyirlər... Belə, cırtdan bala... Mən dediyimi dedim... İndi qərarı özün çıxart...
- Day mən gedim, molla əmi... – balacaboy çarəsiz-çarəsiz yerində qurcalandı. – Yormayım səni...
-  Tələsmə bir... Xatirimdədi ki, deyəsən, sən mənim yanımda Əşrəfə pul da vermişdin qəbir daşınnan ötrü... – molla gözlərini qıyıb əsl mətləb üstünə gələndə balacaboyun gözləri parıldadı, day danışanı hürküdüb demədi ki, ay molla əmi, indiki kimi yadımdadı, mən pulu taygözə yox, sənə vermişdim...
- Elədi, molla əmi... – utana-utana mızıldadı balacaboy.
- O pulun bir qismi elə taygözün öz dəfninə xərcləndi... Gördüm arvadın basdırıldığı yeri tapa bilmirik, çarəmiz kəsildi, pulun bir qismi də fəqir-füqaraya, əlsiz-ayaqsıza, yetim-yesirə verildi... Müharibə idi, balaca, məxluq yeməyə çörək tapmırdı, belə məqanda evdə pul-para saxlamaq böyük günahdı... Üçüncü, lap kiçicik bir qismi də qalmışdı pulun ki... Ona da rəhmətlik arvada "Yasin” oxudum hər cümə axşamı... – molla son nöqtəni qoydu. – Belə ki, daş-tərəziyə qoysaq, yenə də sən mənə borclu qalarsan, cırtdan bala ki, mən də həmin borcu sənə halal eləyirəm... 
"Halallıq”  söhbətini eşidən balacaboy suyu süzülə-süzülə ayağa qalxdı:
- Sağ ol, molla əmi... Mən pul-paraya görə yox, elə səni yoluxmağa gəlmişdim... Bağışla ki, tələsiyə düşdü, əliboş gəldim... Day mən gedim... – təkrarladı. – Molla əmi, tez sağal, dur ayağa, naxoşduq sənə yaraşmır... 
- Sən də sağ ol, bala, çıxanda zəhmət çək, pəncərəni bağla... – molla yenə deyindi. – Binəva canım,  azarlı  canım, qızmır ki qızmır...

BALABABA

Nuralı qəbiristanlığın yanında xudafizləşib maşından düşəndən sonra qəribə bir şey gəldi başıma; maşın sözümə baxmadı. Yox, xarab olub məni yolda qoymadı, intəhası, sanki mən onu deyil, o məni idarə eləməyə başladı. Yoxsa, ömrümdə az qala təyyarəyə sürəti ilə maşın sürməmişdim, hərdən mənə elə gəlirdi ki, göylə gedirəm, avtomobilin təkərləri asfaltdan aralanıb. Sükan sola-sağa da öz-özünə, qeyri-ixtiyari burulurdu, yolu, hara gedəcəyimizi də maşın özü seçmişdi. Mən sakitcə şəhərə qayıtmaq fikrindəydim, maşınsa qəfil sağa, enli asfaltdan torpaq yola döndü. Sürət də kəlləçarxda. Ayağımı qazdan çəkirəm, sürət azalmır, təəccüblə aşağı baxıram; bu nədi, deyəsən, ayaqlarım yoxdu mənim?.. Lakin qəribədi ki, zərrəcə qorxub eləmirdim, guya, elə beləcə də olmalıymış, anadan ayaqsız doğulmuşammış... Bəs, görəsən, mən indiyəcən maşını necə sürürdüm? "İlahi, mən bu maşını necə saxlayacam, necə əyləyəcəm? – qorxmasam da qəflətən ağlıma gəldi. – Özüm heç, gedib adam-zad vuraram maşınla, kimisə bədbəxt eləyərəm”. Ümid əl əyləcinə qalırdı. Sövq-təbii pəncərədən bayıra baxsam da, ətrafdan ərşi-əlaya ucalan toz dumanından başqa heç nə görə bilmədim. Əl əyləcini çəkmək istəyəndə  maşın lapdan dayandı, özü də çox pis dayandı, yerində bir dövrə də vurdu dayananda... 
 Bir az gözlədim, toz-torpaq çəkiləndən sonra pəncərədən ətrafa baxıb çəkinə-çəkinə qapını açanda hiss elədim ki, oturacaqdan yapışıb təkanla bayıra tullanmağa, qorxmağa lüzum yoxdu, ayaqlarım yerindədi. Yəqin bayaqdan məni qara basırmış. Amma gəldiyim yer haraydı, niyə məhz bura gəlib çıxmışdım? Burasını anlamaqda çətinlik çəkirdim. Maşından düşəndə bir şeyi yəqinləşdirdim; mən heç vaxt buralarda olmamışam. Ancaq yenə də nə isə mənə tanış gəlirdi, nə isə məhrəmdi, yaxındı, haçansa, hardasa görmüşdüm. Hə, başa düşdüm, bu hündür, həmişəyaşıl ağacları dünən görmüşdüm. Uzaqdan, yolun o tərəfindən... Əlibalanın oğlu Əlibaba ilə oturub çay içəndə... Belə çıxır ki, mən həmin kəndə gəlmişəm? Əlibalanın, Əlibabanın kəndinə... Burası var ki, yol boyu həm getdiyim, həm də elə qayıtdığım yerlərdə mən hay-haraya, el-camaata rast gəlmirdim. Hər yer, rayon mərkəzi, qəsəbə, kənd bomboşdu. Ya mən adamları görmürdüm, ya onlar məni... Tək-tük adamlarla rastlaşırdım, danışırdım, söhbətləşirdim, ətrafdasa ins-cins gözümə dəymirdi. Gördüyüm təkdənbir adamlarsa hökmən axtardıqlarımla təkbətək qoyurdu məni. Həmişə bir toyxanalıq adama rast gəldiyim babamgilin məhəlləsində də ölgün səssizlik, sakitlik hökm sürürdü, sanki Nuralıdan başqa hamı kölgə kimi gözlənə-gizlənə, qorxa-qorxa, nəfəsini belə dərmədən gəzirdi, heç kəs başqasının gözünə görünmək istəmirdi...

  Gəldiyim kənddə də "qu” dessəydin qulaq tutulardı, sağa-sola, yan-yörəmə baxa-baxa bir Allah bəndəsinə ürcah olacağımdan əlimi üzüb uzaqlara baxdım sağ əlimi alnımda "günlük” eləyə-eləyə. Ordan, magistral yoldan dalbadal iri yük maşınları kino lenti kimi yavaş-yavaş, astaca keçib gedirdi. 

Uzaqdakı maşınlara başım qarışdı, yaxına baxanda duruxdum.  Önümdə cavan bir kişi dayanıb dinməzcə mənə tamaşa eləyirdi, deyəsən, üzümə kirimişcə baxanın  sağ qolu o birindən  bir-iki qarış gödək idi, yəqin elə buna görə sol çiyni azca aşağı əyilmişdi.

- Salam...
- Əleykim... – önümdəki istiqanlılıqla salamımı alıb irəli yeridi, amma əl verib görüşmədi, üzündən gördüm ki, tərəddüd eləyir. İndi diqqətlə fikir verdim ki, önümdəkinin təkcə sağ qolu gödək deyil, sağ əli də, sağ əlinin barmaqları da bapbalacadı, kövrəkdi, sıxsan sümükləri qırılar. Deyəsən düz-əməlli gün də dəyməmişdi sağ əlinə; bəmbəyaz, ağappaqdı sağ əlinin dərisi...
- Bura Əlibala kişinin kəndidi? – soruşdum. 
Önümdəkinin qaşları çatıldı, maraq və təəccüb bürümüş  saqqallı sifəti əyildi.
- Hansı Əlibala kişinin? 
- Əlibabanın atası...
Qoluqısa boğazını arıtladı:
- Mən Əlibala kişinin nəvəsiyəm, Əlibabanın da oğlu... 
- Ürəyimə dammışdı ki, sizin kəndin də camaatı yoxa çıxacaq... –  bu dəfə qətiyyən heyrətlənmədim. – Məni bircə nəfər qarşılayacaq... Hanı bu kəndin adamları? – bilmirəm, nədənsə, elə dedim ki, guya, bütün kənd yığışıb mənim pişvazıma çıxmalı imiş. – Adın nədi sənin?
- Balababa... – qımışdı. – Kənddə beş-üç adam qalıb,  olar da qaçıb girib evlərinə, eşıyə çıxmıllar...
- Niyə? –  bir şey anlamayıb çiyinlərimi çəkdim.
- Evdən çıxmaq rasxoddu, rasxod... Burda nöş dayanmışıq, gəl gedək evə... – sol əli ilə itələyib rəngi getmiş ensiz taxta həyət qapını açdı. – Atamın, babamın adını çəkmisənsə, day  qapıda durma...
- Gəl deyirsən gəlim... – Balababanın arxasınca həyətə girdim.
 Deyəsən, bu dəfə ürəyimə damanlar düz çıxmamışdı, ən azı, Balababanın evindəkiləri görəcəkdim, atası ilə söhbətləşəcəkdim. Bura özbaşına, özxoşuna gəlməmişdimsə, deməli, bu görüşdə də hansısa bir ip ucu tapa bilərdim, amma həmin ip ucunun əsl anama, mənim yuxularıma aid olduğuna inanmırdım, əsas mənbədən, xalamgil tərəfdən əli ətəyindən uzun qayıtmışdımsa, burdan, yad, uzaq  adamların evindən nəsə tapa bilməyim ağlıma batmırdı.
 Baxımsız, səliqəsiz həyətdən hənir, səs-səmir gəlmədiyindən burda, içəri girdiyimiz balaca, yarıqaranlıq otaqda kiminsə yaşadığına inanmaq olmurdu. Əslində bu  ev deyildi, divarlarının əhəngi getmiş, döşəməsi deşik, alçaq bir daxma idi. 
 Balababa kibrit çəkib otağın ortaslndakı kətilin üstünə qoyulan lampanı yandıranda  soruşdum:
- İşığınız yanmır? – barmağımı yuxarı tuşlayıb tavandan sallanaraq az qala başıma toxunan elektrik lampasını göstərdim. 
Etinasızlıqla əlini yelləyib başını buladı:
- Əşi, o çoxdan sönüb... Borcum var idi işıq idarəsinə, gəlib işığı kəsdilər, elə o kəsilən də, kəsildi...  Elə yaxşı ki, işıq kəsildi. İşıq mənim nəyimə lazımdı? Boş-boşuna niyə pul verim işığa? Artıq xərcdi də... Tilvizirə baxanmıram, xaladennikim yox...  Otur... – divarın yanındakı üstü yırtıq döşəkçədə yer göstərdi.

Mən güc-bəla ilə bardaş qurub oturdum, kürəyimi ehmalca divara söykədim ki, köynəyim əhəngə bulaşmasım. 

Balababa mənimlə üzbəsurət  əyləşdi döşəkçədə, önümüzdə də yanan lampa. Açıq qapıdan  işıq düşürdü pəncərəsiz otağa. Lapdan ağlıma gəldi ki, görəsən Balababa, onun arvad-uşağı harda yatır? 
Ağlıma gələni rəndələyib xəbər aldım:
- Evdəkilər gözə dəymir?
Əllərini dizinin üstünə qoyub:
- Övladımız olmurdu bizim... – bəzək-düzəksiz, sakitcə dedi. – Arvadim da qonşu kənddən bir kişiyə  qoşulub qaçdı.
- Hə... – nə deyəcəyimi bilməyib mızıldadım. – Atan hardadı?
- Atam iki ildi rəhmətə gedib...
- Ola bilməz!.. – təəccübləndim. – Mən onu dünən görmüşəm axı...
Balababa  pırpız saqqalını qaşıdı sağ əlinin xırda barmaqları ilə:
- Yəqin səni də qara basıb... Onu görənlər çox olub. Ölümünnən sonra...
- Maşın vurmuşdu onu?
- Hə... Yük maşını vurmuşdu yolu keçəndə...
- Əskərlikdə qardaşın var sənin?
- Yox... Mənim yerli-dibli qardaşım yoxdu... Bir bacım var, o da şəhərdə ərdədi...
- Tək qalırsan burda?
- Hə...
- Bəs, necə dolanırsan? –  bilmirəm nədəndi, yol boyu kimi görürdümsə, nəzakət xatirinə olsa da bu sualı verirdim. 
- Pensiya alıram... – Balababa sağ əlini irəli uzatdı. – Bu qolum anadangəlmə o birinnən balacadı axı... Əlimə görə məktəb də qurtarmamışam mən, düzdü, sol əlimlə yazmağı öyrənmişəm, o da ki, ilan-qurbağa... – üzümə baxdı diqqətlə. – Sən kimsən, kimlərdənsən, birdən-birə bura necə gəlib çıxmısan, mənim atamı, babamı hardan tanıyırsan?.. –  sualları yağış kimi yağdırdı.
- Bura sən gördüyün maşınla gəlmişəm... – zarafata salmağa çalışsam da demədim ki, məni maşın özü, öz-özünə gətirib. – Sənin atanı, babanı tanımağımsa, uzun söhbətdi, – dedim, yaxşı ki,  o, susub dərinə getmədi.
- Çay içirsən? –  sanki nəsə yadına düşdüyündən yerində qurcalandı... 
- Yox, yox, zəhmət çəkmə... İçmirəm, çox sağ ol... – qəflətən gözüm divardakı mıxdan sallanan uzun, qara təsbehə sataşdı. – Olar o təsbehə baxım?
Qalxıb təsbehi götürərək mənə uzatdı, təzədən önümdəki döşəkçədə əyləşdi.
- Atamın təsbehidi...
- Bilirəm, dünən onun əlində görmüşdüm, – deyib təsbehin iri qara dənələrini çevirdim əlimdəkinə diqqətlə nəzər yetirə-yetirə.
 Birinci dənə, ikinci, üçüncü... və birdən-birə təsbeh öz-özünə qırıldı. Sanki dartıb qırdılar əlimdəkini, əlimin üstündəki əl qırdı təsbehi. Dənələr döşəməyə dağılanda mən əl-ayağa düşüb, əlimi yerə dayaq verərək dikəlib  dağılanları  yığmaq istədim.

 Balababanın səsi bu dəfə gözlənilmədən  amiranə gəldi:
- Sən narahat olma, rahat otur, sonra mən  bütün dənələri yığıb təzədən bağlayaram təsbehi... Səndə günah yoxdu...  İpi çürüyüb təsbehin... Əl vuran kimi qırılır... Heç dənələri yığıb bir yerə bağlamaq lazım deyil bəlkə? Mənim əlim belə... – günahkar-günahkar acı-acı gülümsünüb yenə sağ əlini əşyayi dəlil kimi azca irəli uzatdı. – Day kim çevirəcək o təsbehi? Sınamışam yüz kərə,  solaxay təsbeh çevirib zikr eləyə bilmirəm... Belə baxanda, elə qırılıb dağılmağı yaxşıdı...  Boş-boşuna nə vaxtacan mıxdan sallanmaq olar? – qalxmaqdan vaz keçib yerimdən durmasam da, onun dedikləri inanılası deyildi; təsbehin ipinin sanki məndən, mənim əlimdən, barmaqlarımdan xəbərsiz gözəgörünməz bir güc-qüvvə ilə  dartılıb qırıldığını  əməlli-başlı hiss eləmişdim.

Əlimdə yalnız təsbehin qırıq ipi qalmışdı, bir də başı, yumru, qotazlı-düyünlü tərəfi... Yarıqaranlıq otaqda yerə düşənləri görmək müşkül olsa da, döşəməyə dəyən dənələrin zərf, lakin yeknəsəq taqqıltısı dağılanların hərəsinin bir tərəfə səpələndiyindən xəbər verirdi. Bəlkə döşəmədən sıçrayıb divara çırpılan dənələr də olmuşdu. Lapdan var qüvvə ilə bilyard daşlarının topasına vurulan zərbə kimi... Fərq burasındaydı ki, bilyard taxtasındakı daşların hərəsi bir tərəfə diyirlənsə də, göz qabağında olur. Mənim əlimdə qırılan qara təsbeh dənələrinin hamısını yarıqaranlıq otaqda bir yerə yığmaq, toplayıb kəndirə keçirmək daha qəlizdi, daha çətindi, daha müşküldü. Ola bilsin ki, dənələrin beş-altısı döşəmənin deşiyinə düşmşdü, ordan da aşağı...

 ...Qalxıb dinməz-söyləməz otağı tərk elədim, həyətdəki ot basmış cığırla asta-asta, aram-aram  addımlayaq yorğun-yorğun, süst-süst bayıra çıxdım, ətrafıma, yan-yörəmə baxmadan – onsuz da dövrəmdə yenə kimsə gözə dəyməyəcəkdi, deyəsən, mən indiyəcən gözlə görünənləri deyil, yalnız mənə lazım olanları görürdüm –  maşına sarı getdim. Bilmədim Balababa arxamca gəlir, ya yox...

FİDAN

  Vəfa masanın arxasından qalxıb  göyərtənin dəmir haləsinə yaxınlaşdı, ətrafa boylanıb sahilə baxdı. "Bu nədi, xudaya, qulağım səsə düşüb, kimdi burda məni tanıyan, kimdi məni çağıran? Dünyanın axırına da getsəm xeyri yoxdu, mən ki, siqaret çəkmək istədim hökmən kimsə qəmiş olmalıdı”. Adını bir də eşidəndə tamam diqqət kəsildi. Qırmızı çətirli kafedən on-on beş addım aralıda, kimsə qayanın üstünə dırmaşıb  atılıb düşərək ona əl yelləyirdi, atılıb düşüb əl elədikcə də dizdən yuxarı olan ağ, nazık tumanı az qala belinəcən qalxırdı. Ətrafdakıları da əl yelləyənin səsi, çığırtısı, qıy-qışqırığından çox görməli, gözəgəlimli yerləri cəlb eləyirdi. Çığıran  sahilə yan almış gəminin göyərtəsində səs gələn səmti axtaranın onu tez görməsi üçün sağ ayağındakı ağ, üstüaçıq, yüngül yay çəkməsini çıxardaraq əlinə götürüb yelləməyə başladı.

- Vəfa!..  Vəfa!..
Nəhayət, gəmidəki hay verdi:
- Cenifer?!. – bir anlığa gözlərinə inana bilmədi. – Az, sən orda neynirsən?
Cenifer rahat nəfəs alıb əlindəkini ayağına keçirdi:
- Bəs, sən orda  neynirsən? Sən gəmiyə minənnən kafedə oturub əl eləyirəm, çağırıram səni, axırda gördüm yox e, yaman fikir-xəyal aparıb səni, öz aləmindəsən. Əlacım kəsildi, sənə görə gəmi qayıdanda qayanın üstünə çıxdım... Düş o şoğərib gəmidən, gəl kafeyə, gözləyirəm səni... – göyərtədə dayananın onu yaxşı eşitdiyini anlayıb səsini yavaşıtdı.
- Otur orda, gözlə, indi gəlirəm... – Vəfa da sevincək əlini yelləyib qayanın üstündəki ilə məzələndi. – Az, çox tullanıb düşmə, abrımız getdi, dalın-qabağın qalır çöldə...
Cenifer qəhqəhə çəkdi.
 ...Onlar üz-üzə əyləşmişdilər, biri qəhvə içirdi, digəri bədəvi çayı...
- Səni burda görəndə gözlərimə inanmadım...
- Mən də... Sən hara, bura hara?
- Qızım ərəbə ərə getdi. Ona dəyməyə gəlmişəm... Hərdənbir bura gəlib gəmi ilə Nildə gəzirəm... Siqaret tüstülədib çaya baxıram, rahatlanıram, əsəblərim sakitləşir...
- Eh,  bu çayda da baxmalı bir şey yoxdu, Nil elə bizim Kürə oxşayır...
- Hə, elədi, Nil də Kür kimi çirklidi...
- Amma Nildə timsahlar var deyillər, ona görə bu çayda çimmək qorxuludu... Timsahlar hücum çəkir adama... Ujas...  Elə yaxşı ki, bu çayın suyu bulanıqdı, yoxsa, timsahlara yem olanların sayı çoxalardı...
- Az, timsah səni yeyib qurtarmamış qoy bir xəbər alım... Bəs, sən buralada nə gəzirsən, xeyirdimi?
- Yolüstü dayanmışıq... Ərimin işi vardı burda... Nə isə, kontrakt məsələsi ilə bağlıdı...   Sabah da Bəhreynə yola düşürük... Şükür ki, burda az qaldıq...
- Nolub, az, bura, gül kimi yerdi?
- Gül kimiliyini deyə bilmərəm, amma ağır şəhərdi bura, zəhmli, qaraqabaq şəhərdi. Elə bil hər yanda ruhlar dolaşır. Qədim heykəllər girib gecə yuxuma, qorxudan yata bilməmişəm səhərəcən. Sağ-salamat çıxıb gedək burdan, görək başımıza nə gəlir, gəzmək bir yerdə oturub qalmaqdan  yaxşıdı...
- Kefdəsən ki... Maşallah, tfu, tfu, ful görünürsən... ay...  zad.... Az, əsl adın nədi sənin, a yanmış?
- Cenifer...
- Az, onu bilirəm e, əsl adını soruşuram sənin, anadan olanda dədən-nənən sənin adını nə qoyublar?
- Fira...
- Fira nədi, az?
- Fidan...
- Ərün fransızdı, ya holland?
- Yox, fransız, holland hardan ağlına gəldi? Xalis ingilisdi...
- Nəçidi?
- Düzü,  mən düz-əməlli maraqlanmıram, neft işindədi deyəsən...
- Denən doşab almışam bal çıxıb də...
- Doşab nədi?..  Mən heç nə almamışam e, məni alıblar...
- Düz deyirsən, arvadlığımnan  mənim sənə tamahım düşürsə, gör yazıq kişilər nə çəkir...
- Utandırma məni, sən canın...  Yenə həmişəki kimi dilli-dilavərsən... Səni gördüm, şəhərimiz yadıma düşdü...
- Gedib eləyirsən vətənə?
- Yox. İngilis vətəndaşı olandan sonra gedəcəm. O da ki, uzanır. Ərim deyir ki, doğsan, uşağımız o saat İngiltərə vətəndaşı sayılacaq, sənin də vətəndaş olmağın asanlaşacaq...
- Bəs, nə durmusan, doğ deyir, doğ da...
- Ey, başın hardadı sənin, gec-tez vətəndaş olacam da, hara tələsirəm?.. Bir pasporta görə tez-tələsik uşaq doğub, bu cür kukla bədənimi korlaya bilmərəm ki...
- Hə, orası elədi, fiqurana söz ola bilməz...
- Göz dəyməsin, sən də pis deyilsən...
- Yox... Görmürsən necə şişmişəm? Arııqlaya bilmirəm mən...  On-on beş kilo arıqlasaydım dərdim olmnazdı...
- İdmanla məşqul ol, arıqlayarsan... Olarsan bomba... Bir də ki, xəmir xörəklər yemə, şirniyyata yaxın durma...  Bax,  mən özüm neçə ildi çörək yemirəm. Bəs nə, gözəllik qurban tələb eləyir...
- Yox, mənlik deyil, gödənimi saxlayıb nəfsimə güc gələ bilmirəm mən... Ac qalan kimi başım hərlənir...
- Sən bir sına... Əvvəl-əvvəl həmişə çətin olur. Sonra öyrəşirsən... Arıqlasan kişilər sənin dərdünnən Məcnuna dönüb səhraya düşəllər... Bir də görərsən ki, bu şəhərin ətrafı sənin elçilərinlə doludu...
- Az, Məcnun dedin, yadıma düşdü. Eşitdim, mənim rəhmətlik xalam oğlu ilə də Leyli Məcnun olmusuz?..
- ...
- Day nə qızarıb forsnan qaşqabağını sallıyırsan, az, asıb kəsmədik ki, səni, ikilikdə söhbətdi eləyirik...
- ...Mənə padruqam zəng vurub xəbər verdi. O da təsadüfən televizorda görübmüş... Dəqiq bilən oldu nədən baş verib o partlayış?
- Yox, elə qaranlıq,  üstüörtülü qaldı... Bilinmədi ki, adicə qaz sızmasıdı,  yoxsa intihar...
- Yəni, necə?..
- Yəni, bilinmədi ki, özünü öldürmək üçün qazı qəsdən açıq qoyub, ya bədbəxt hadisənin qurbanı olub...
- Heyf... Yazıq... Dəhşətli ölümdü... Allah rəhmət eləsin...
- Az, qulağını bəri gətir... Sənə bir söz deyəcəm, amma sən allah, öz aramızda qalsın... Çünki kimə desəm inanmaz... Üstəlik adama da birtəhər baxar... Nə isə... O gün... Türkün məsəli, müsəlmanın o günü də... Onda hələ qızım ərə getməmişdi... Hə, o gün yuxuda görmüşdüm rəhmətliyi, eşidirsən...  Görmüşdüm ki, gəlib bizim binanın qabağına anamı axtarır... Hə, o, anamı axtaranda mənnən rastlaşır... Məhəlləmizdəki bağın içində yaxşı bir kafe var e... tanıyırsan da... hə, ora gedib xeyli otururuq orda... Yuxu deməyimnən çaşma a, Həzrət Abbas haqqı, indi səni gördüyüm kimi canlı, diri görmüşəm rəhmətliyi... Oyanannan sonra günortayacan özümə gələ bilmədim... Sənin fransıza, ya hollanda ərə getməyini də o, elə həmin yuxudaca xəbər verdi mənə... Day nələrdən danışmadıq, az... Qohum əqrəbadan elə adamları soruşdu, elə adamlardan danışdı  ki, mən onların adlarını birinci kərəydi eşidirdim, çoxunu tanıya da bilmədim... Az, day nöş ağlıyırsan, yuxudu da... Sil gözünün yaşın, camaat baxır, bizi biabır eləmə burda...
- Əvvəllər mən də tez-tez yuxuda görürdüm onu. Ölüm xəbərini eşidənnən sonra yuxuma girmir...
- Yəqin orda yeri narahatdı... Bir molla tapıb "Yasin” oxutdurmaq lazımdı onun üçün...
- Hərdən özümü günahkar sayıram, elə bilirəm ki, o, mənim ucbatımdan ölüb... Məni çox istəyirdi axı...
- İndi istəməsin, o, elə məni də çox istəyirdi, mənə şeir də yazmışdı rəhmətlik... Hayıf  ki, itirmişəm mənə şeir yazdığı vərəqi...
- Vərəq nədi e, sən vərəq hayındasan, mən başımı itirmişəm...
- Az, çalış heç nəyini itirmə, yoxsa, bütün ömrünü axtarmaqla keçirəcəksən...             

2016 - 2019