Nicat Həşimzadə - Qadağan olunmuş kitab

Nicat Həşimzadə - Qadağan olunmuş kitab


Bu gün Azərbaycanda bir kitabın satışına və yayımına qadağa qoyuldu. 13 nəfər - maddi qazancımız olmasa da əlləşdik, vuruşduq, manat - manat pul toplayıb bu işi gördük. Amma "gözəl” insanlar bizə imkan vermədilər. Ədəbiyyatda senzuraya yox deyənlər, bizə qoşulun. Biz senzura qurbanı olduq. Lakin mübarizəmizi davam etdirəcəyik. Çünki Yumruq Ədəbi Birliyində təsadüfi insan yoxdur. Biz maddi imkanları yüksək olan gənclər deyilik. Dövlətdən heç bir maddi ya mənəvi qayğı görmürük, buna ümid də etmirik. Layihə rəhbəri İlkin Tomar çox zəhmət çəkdi. Uğursuz insandır, xoşbəxt günləri az olub. Bəlkə də mənimlə razılaşmayacaq. Səmimi fikirlərimi yazıram. İsmayıl Rizvanoğlu kitabın ərsəyə gəlməsində böyük hünər sahibidir. Son iki həftədə bəlkə 100 km piyada yol qət edib. Kasıbçılığın üzü qara olsun. Taksi tutmaq olmur. Şəhərin bəzi yerlərinəsə digər ictimai nəqliyyatlar işləmir. Ümumiyyətlə bu birlikdə olan gənclərin heç biri uğurlu tale yaşamayıb. Yoxsulluq hamımızı sıxıb. Arzularımız həmişə ürəyimizdə qalıb.

Manat-manat pul toplayıb kitab çap etdirdik, onun da satışına və yayımına qadağa qoyuldu. Bizə heç olmasa bircə dənə də kitab verilmədi. Öz kitabımızı özümüz oxuya bilmədik. Bu zamana qədər 2800 kitab oxumuşam. Oxumaq istədiyim, lakın almağa pulumun olmadığı kitablar olub. Lakin bu zamana qədər heç bir kitaba belə həsrətlə baxmamışam. Çünki bu bizim kitabımız idi. Sanki dünyaya övlad bəxş edirsən, amma onu görmə fürsətin olmur. Ən gənc üzvlərimiz Paşa Hikmətlə, Elvin Nihandır. Zəif cəhətləri var. Çalışırlar, oxuyurlar, məsuliyyətlərini dərk edirlər. Bu, sevindirici haldır. Ən çox onların üzülməyinə üzülürəm. Bu yaşda senzura qurbanı olmaq ağıq məsələdir. Ən emosional üzvümüz Seymur Sudur. Qəlbitəmiz, saf şair olsa da ego duyğusunun çoxluğundan əziyyət çəkir. Ziya Balıyev gözəl araşdırma yazılar müəllifidir. Yusif Hansen ən qocaman üzvümüz olsa da hələ də həyatda özünə yer və qadın tapa bilmir. Qadınsızlıq sindromundan əziyyət çəkir və kök qadınları xoşlayır. Nə deyə bilərik ki? Materiya xoşbəxt etsin. Haqqında yazmadığım üzvlər məndən inciməsin. Çox yazmaq olmur. Klaviaturanın mürəkkəbi quruya bilər. Bütün bunlar bir tərəfə qalsın. Tanınmış yazarlardan 2 -3 nəfərdən başqa heç kəs bizə dəstək olmadı. Demək ki, onlar da ego duyğularına hakim ola bilmirlər.

Üzərimizə böyük güclərin gəlməsinə baxmayaraq biz bir daha Yumruq olduğumuzu sübut etdik. Bizi gözləyin. Hər şeyin daha gözəl olması üçün bir az daha mübarizə aparmağa dəyər .

Nicat Həşimzadə