Nicat Həşimzadə – Yoxsullar məhəlləsi (hekayə)

Nicat Həşimzadə – Yoxsullar məhəlləsi (hekayə)

Bu isti yay gecəsində onu nə üçün xatırladığımı anlamıram. Uzun illərdir ki, yadıma düşmürdü. Lakin çinar ağacının əsməyən yarpaqları mənə onun sözlərini xatırladır :

- Nicat, ağaclara bax, yarpaqları tərpənmir, deməli bir insanın ömrü sona çatır. Yarpaqların sükutu kiminsə öldüyünü söyləyir.

Məhəlləmizdə ona hər kəs yetim deyərdi. Uşaq idim, bu sözün mənasını bilmirdim. Bir dəfə mən də ona yetim dedim.

- Nicat, sən axı bu sözü deməməliydin. Sən ki, o adamlara bənzəmirsən.

O adamlar zəngin idi. Məhəlləmiz iki hissəyə bölünür. Daha dəqiq desəm iki binanın arasında yerləşir. O adamların yaşadığı bina əzəmətli idi. Baxan kimi bilinirdi ki, yoxsul insan bu binadan ev ala bilməz. Biz isə yarımçıq binada yaşayırdıq. Müharibə başladığına görə binanın tikintisi yarımçıq qalmışdı. Hələ də tamamlanmayıb. Bu binada biz yoxsullar yaşayardıq. Məhəlləni iki hissəyə bölmüşdülər. Zənginlər bizi öz hissələrində oynamağa qoymazdılar. Futbol meydançamız da onların hissəsinə daxil idi.

Dostum Natiq bir dəfə cəsarət edərək onların məhəlləsinə getdi. Futbol meydançasına daxil olaraq oynamaq istədiyini dedi. Onu qovdular:

- Yetim, rədd ol öz xarabana, bizim məhəllədə nə işin var ?

Natiq başını aşağı dikərək ağladı və öz hissəmizə qayıtdı. Mən 8 yaşımdan kitablara bağlanmışdım. Günə bir kitab oxuyurdum. Dostoyevskini oxuyurdum, amma heç nə anlamırdım. Natiqsə deyirdi ki, səbirli ol, həyat özü insana hər şeyi öyrədir. İndi Natiqi xatırlayanda düşünürəm ki, onun xarakterində azacıq da olsa Kamyunun absurdizmi ilə Sartrın ekzistensializmi birləşmiş və nəticədə dostum qatil olmuşdu.

Növbəti gün Natiq zəngin uşaqlara yaxınlaşdı :

- Yetim sizin nəslinizdir, şərəfsizlər.

Donuza oxşayan gonbul uşağı bıçaqladı. Amma əclaf ölmədi. Biz yoxsul uşaqlar öz aramızda ona Donuzbaş deyirdik.

Sonra Natiqi çətin tərbiyə olunan uşaqlar evinə apardılar. Biz də başqa şəhərə köçdük. Ondan heç vaxt xəbərim olmadı. Sözün düzü heç maraqlanmadım da. Maddi qayğılar həyatımı, bütün arzularımı işğal etdi. Məğlubiyyət zənginləri yoxsulluğa, yoxsulları isə həbsxanaya yollayır. Bunu mənə kitablar yox, həyat öyrətdi.

Pəncərə qarşısında əyləşmişəm. Həyətdəki çinar ağacına baxıram. Yarpaqları tərpənmir. Bəlkə Natiq elə indi ölür ?

 

Nicat Həşimzadə