Nihat Piriyev. Ölümdən gələn səs (HEKAYƏ)

Nihat Piriyev. Ölümdən gələn səs (HEKAYƏ)

Mən ölmüşəm...

...anamın naləsi qulaq batırır. Dizini döyməkdən, dizləri qapqaradı. Lap mənim bu qara bəxtim kimi. Ağlayıb, üz-gözunü didişdirməkdən sifəti də tanınmaz hala düşüb. O qədər insafsızcasına daddırdım ki ona bu ölümümü çətin məni bağışlaya. 

Elə hey danlayıb, günahlandırır özünü. Ölümüm üçün əsla səbəb olmayan çox şeyi özü üçün səbəb seçib. Həm təsəlli tapır, həm də danlaq. Onun yanında bu qədər utanacağımı bilsəydim, bəlkə də ölməzdim. Çox insafsızdır bu ölüm... çox...

Elə mən də...

Atam sakitcə divanın bir küncünə qısılıb oturub. Üzünə, çiyinlərinə bir göz qırpımında hər şeyini alt-üst edən bir ağırlıq çöküb. Gah əllərini qoynunda birləşdirir, gah yanına salır, gah da dizinə döyəcləyir. İçini soyutmağa bir duruş tapa bilmir sanki. Arabir dərindən çəkdiyi ah isə ölü vücudumu belə az qalır ki, oyatsın, ayaqlarına düşüb üzr istətsin...

Yazıq heç anamı sakitləşdirməyə cəhd də eləmir. Bəlkə də mümkünsüz olduğunu bilir. 

Əlini alnında gəzişdirə-gəzişdirə başını yelləməsi, yəqin onun da ölümümə özündən uydurduğu hansısa səbəblərdən doğan reaksiyadır.

Bacımın ağlamaqdan yorulub tükənən bir halı var. Başını qara bir şalla sıxıb divarın küncündə çənəsini dizinə dayamış şəkildə oturub. Bircə dizlərini əsdirir. Qalan bütün vücudu boyunca "səssiz"dir.

Qardaşım hələ gəlib çıxmayıb. Yəqin ona xəbər eləməyə cürətləri çatmır hələ...

Sevdiyim. Yatağının ortasında eləcə qıvrılıb qalıb. Hələlik nələrin baş verdiyini tam dərk eləmir. 

Onu da yarı yolda buraxdığım üçün Tanrı qarşısında üzr istəyəcəm. Əgər ona kimi məni unutmasa...

Dostlarım. Mənim dostum yoxdur. Yaxınlarım var biraz. Onlardan da hələ ki, ölümümdən xəbər tutanı yoxdur.

***

Torpağın qoxusunu hiss edirəm. Bu qaranlıq, dar, soyuq yer isə, deyəsən, "son mənzil" olmalıdır. Yəqin, ölümün dəhşəti elə bura qədərmiş...

Doğma bir səs qulaqlarımı döyəcləyir. Səs o qədər tanışdır ki... amma xatırlaya bilmirəm. Ya da xatırlamaqdan qorxuram. 

Bu, Azandır. Mənim Azanım. Ölümümüm carçısı.

***

Kimsə torpağımı didişdirir, toxunuşunu hiss edirəm. İçin-için ağlamasını, torpağı qoxumasını, öpməsini. O qədər doğma səslənir ki bu iniltilər, bu toxunuş... Bu odur - sevdiyim. Görəsən, evdən necə çıxıb gəlib bu saatda? Bəs qəbirsanlığın vahiməli havasından qorxmur? Yox, niyə qorxsun ki? Hələ də mənə güvənir, hələ də yanında olduğuma inanır axı... 

ax, sevdiyim, ax...

Bu qədər ölüm vahiməsi içində hələ də onunla olduğumu düşünəcək qədər böyük sevgiyə sahib, sevdiyim...

Bacarırsansa,  bağışla məni...

***

Anam... Bu gün də gəlmişdi. Hələ də qurumayıb göz yaşları, hələ də özünü danlamaqdan yorulmayıb, hələ də bezməyib ölmüş oğlunu əzizləməkdən. Üzündə qalmış dırnaq izlərinin hər bir şəkli məni özümdən o qədər utandırır, o qədər iyrəndirir ki...
Onun günəş qədər işıqlı siması bircə telefon zəngi ilə sönüb qaraldı. Bir daha işıqlanmayacaq kimi. Mən qaraltdım onu. Mən! Boy-buxununa qurban olduğu mən!

***

Uzaqdan yorğun, sönük addımlar yaxınlaşır. Atamdır. Tək-tənha gəlib yanıma. Darıxıb oğlu üçün. Darıxıb bütün mübahisələrimiz üçün. Darıxıb məni danlamaq üçün. 

Mən elə bilirdim ki, öləndən sonra hər şey bitir, ata! 

Mən elə bilirdim ki, ölüm qurtuluş deməkdir!

Mən elə bilirdim ki...

...mən elə bilirdim ki, heç vaxt sənin göz yaşlarını görməyəcəm. Gördüm, ata, gördüm. O gün gördüm. Cansız bədənimə toxunanda, köynəyimin yaxasını ən vəhşi ehtirasla parça - parça  edib üzünə sıxanda. Mən, əslində, onda öldüm... onda öldüm, ata... onda öldüm! Sən axı "kişilər ağlamaz" deyirdin.  Amma kişi kimi böyütdüyün oğlun ağlatdı səni...

*** 

Bu gün onun nişanıdır. Yenə tək, yenə qorxusuz, yenə əvvəlki kimi sevgili addımlarıyla gəlmişdi. Elə gözəl, elə həsrətlə baxırdı ki... O baxışlardan oxudum ki, nə bu 40 gün, nə gələcək 40 ay, nə də olası 40 il məni ona unutdurmayacaq. Daha arxayınam, olduğumdan daha arxayın! Buna görə sənə minnətdaram, sevgilim!

***

Səhəri Tanrının sığalı ilə açıram. Bəyazlara bürünmüşəm. Amma bu qar dənəcikləri əvvəlki qədər sevindirmir məni. Uşaqlığımın hər qış gecəsini  yatmazdan əvvəl qar yağması üçün dua etməklə keçirərdim. Səhəri qar yağmayanda ona qarşı içimdə uşaq kini yaranırdı, yağanda isə təşəkkür etməyi həmişə unudurdum. İndi ediləsi bir duam yoxdur, amma Tanrı qarını əskik etmir məndən. Soyuğunu da...

***

Qardaşımın hıçqırtılarını eşidirəm. Əli ilə üstümdəki qar örtüyünü təmizləyir. 

 Onun da bütün sevinci mənimlə torpağa basdırıldı. 


Özümü hər kəsdən nəyisə qoparmış kimi hiss edirəm. Anamın gülüşünü almışam, atamın dik qamətini, bacımın fəxrini, qardaşımın isə... Yox, onun itkisini, deyəsən, mən belə dərk edə bilmirəm. Qardaşını itirib o, qardaşını! 

İlahi, sən axı necə bağışladın məni!? Necə...?

***

Düz deyirlərmiş, torpaq insanı udur. Və unutdurur. Daha eşitdiyim səslərdən başqa heç nə ilə özümü hiss edə bilmirəm. Anam gəlib-getməkdən, elə bil qəbirsanlıqdan ürəyinə kimi bir cığır çəkib. O cığır hər dəqiqə, hər saniyə onu yanımda hiss elətdirir. Qoymur tək qalım, qoymur ölüm qorxusu məni bürüsün, qorxutsun...

***

Yavaş-yavaş dünya ilə əlaqəm kəsilir. Səsləri aydın eşidə bilmirəm, hər yer dumana bürünmüş kimidir.  Ətrafımı da  yavaş - yavaş ot cücərtiləri örtür. Torpağa qarışmış kimi hiss edirəm özümü. Gəlib-gedən də yoxdur. 

Unuduluram, deyəsən, unuduluram... 

Hamı kimi! Ölüb gedən hamı kimi!