Özümüzə qayıdışın “metrajı”

Özümüzə qayıdışın “metrajı”

Niyazi Mehdi

Azərbaycan türkcəsində gözəl bir dedi var, "özünə sığışdırmaq” - "özünə sığışdırmamaq”. Bu cütlükdə çox vaxt "özünə sığışdırmaq” arsız çevikliyi, prinsipsizliyi, intizamsızlığı və daha pis-pis başqa nələrisə bildirir. Çox az hallarda "özünə sığışdırdı” dedisi, diskursu, deyimi insanın bacarığını göstərir. Koroğlu "igidlik ondursa, doqquzu qaçmaqdır” söyləyəndə aradan çıxmağı igidə "sığışdırmaqla” onu leqallaşdırırdı (Məhəmməd Əli də rinqdə qaçmaq estetikasında və etikasında rəqibini yeyirdi). İndi siyasi məhbuslar qarşısında əfv etmək üçün prezidentdən xahiş məsələsi çıxanda "özünə sığışdırmaq”- "özünə sığışdırmamaq” sorusu dramatikləşərək qarşıya çıxır. Bu məsələdə istənilsə yəhudilərdən maraqlı bir əhvalat da yada düşər. İohan Ben-Zakkay mühasirəyə salınmış Yerusəlimdən çıxaraq Roma düşərgəsinə, Vespasianın yanına gəlib təslim olanda Ravvin olsa da, xainliyi özünə sığışdırmışdı. Çünki "bu da bizə təslim oldu” deyibən Roma propoqandası, artıq yəhudi döyüşçüləri  arasına utanc, pərtlik salmaqla onları demoralizə edə bilərdi. Ancaq o biri yandan, Ben Zakkay, bir versiyaya görə, sərkərdə Vespasiana öncəgörümlə "imperator olacaqsan” söylədiyinə görə, o biri versiyaya görə isə xəyanətinin əvəzi olaraq şərt qoyur ki, ona yəhudi akademiyası açmağa icazə verilsin. Beləcə, icazəni alır və akademiyanı açır. Bax, bu akademiyadan yəhudi diasporalarındakı bilik mərkəzləri, dağılmışlıqda yəhudi birliyini saxlayan məktəblər yarandığı, balaladığı üçün də Ben Zakkay yəhudi diasporalarının banisi sayılır. Xəyanətlə başlayan iş İsrailin neçə min ildən sonra qaytarılması ilə sonuclanır.

Xəyanəti özünə sığışdırmaqla bağlı bu yəhudi olayı çox xəyanətlərə özünü doğrultmaq üçün arqumentlər verə bilər, ancaq belə xəyanəti etməyi özünə sığışdıran bilməlidir, o, üstünə fırlanıb qurtuluş ola biləcək ssenarinin öhdəliyini də götürə bilərmi və bunun üçün ən azı Ben Zakkay kimi böyük dirəniş və bacarıq göstərib "məktəb”-filan yarada biləcəkmi?

İndi Azərbaycan səhnəsində Ben Zakkaydan xəbərləri olmasa da, o sayaq gələcək qələbələr, qurtuluşlar, yaxşılar üçün özünə çox şeyləri sığışdıran adamlar var, ancaq onların xəyanətdən sonrakı həyatı Ben Zakkay örnəyinə cavab verirmi?!

Bir fərddən keçək, bir millətin "özünə qayıdışı”na. Bu, özünü daraldaraq, lap russoistlər təkin bütün yeni dünyanın cakuzisini, ətçəkən maşınlarını, istixanada yetişən pomidor-xiyarını atıb bütün bunları bilməyən milli "özə” qayıtmaqmı deməkdir? Axı, dəhrə ilə döyəclənən əti çəkilən ətdən üstün sayanlar bu məsələdə təxminən elə etmək istəyirlər. Russoizm elm və texnikanı, yəni zaman gedişində toplanmış ixtiraları, yenilikləri korladıcı sayır və ona görə də arınmaq, korlanmaqdan qurtulmaq, güc qazanmaq üçün idillik keçmişə səsləyir. Bizim Ağaoğlu, Rəsulzadə, Hüseynzadə kimi intellektuallarımızsa belə darısqallaşdırılmış "özə” qayıtmağı yazıq vəziyyətə düşmək sayırdılar. O biri yandan isə bilirdilər ki, bu "özü” ortadan götürübən "başqasına” yollanmaq elə başqalaşmaq olacaq ki, axırda bu da başqasının "suyunun suyu” kimi yazıqlıq verəcək. Ona görə də o kişilər bunu aydınlaşdırılmış, duruldulmuş diskursla deməsələr də, "özünə qayıdışı” "genişliyə qayıdış” formulasına çevirmişdilər.

"Yuğ” Teatrında Vaqif İbrahimoğlu Mirzə Fətəlnin "Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyesini lal kinematoqrafın titr oxusu texnikasından, primitivizm (lubok) şəkillərinin kompozisiya və plastikasından keçirərək verəndə pyesi genişliyə çıxarır. Eləcə də Aydın Talıbzadənin "İslam mədəniyyətində teatr və teatrallıq” kitabı mövləvilərin fır-fıra rəqsində fələklərin, göy qübbələrinin hərlənməsini bizə oxutduranda, Ramazan ayını böyük eyləmsizlik (etməzlik) kimi açanda və beləcə, yəhudilərin Şabbatı, Daoistlərin "u-vey” ilə səs-səsə buraxanda özümüzdə göy qübbəsi kimi genişliyə çıxırıq. Azərbaycan tarixində Vaqif Mustafazadə, Vaqif Mustafayev, Vaqif İbrahimoğlu, Vaqif Gərayzadə və başqa xeyli vaqiflər bu genişlənmək işini yapmışlar. Hətta özümüzü öldürmək üçün kötəyi-kötək dalınca vura-vura üst-başını "qana batırmış” Mirzə Cəlil, Sabir də əslində, "darısqal özümüzün” "geniş özümüzə” yerini verməsi üçün belə edirdilər. Ancaq işə bax ki, XX-XXI yüzillərdə bu qədər genişləndirmə işi görülüb, yenə də azdır ki, azdır.

Teleqraf.com