Qabriela Melinesku (Rumıniya). Şeirlər

Qabriela Melinesku (Rumıniya). Şeirlər

(1942)


Sehirbazlıq sənəti 

Adamları xoşbəxt edən
qədim sənətlər içində
sehrbazlığı seçirəm – 
ötüb-keçən hadisələr arasında izsiz qalan bu sənəti.
Həyat bizə öyrədir ki, 
Hermesin qızıl almasını götürüb
gənclərin qarşısına qoyaq,
tale də boynumuza qoyur ki, istedadlı olaq.
Hər yerdə kabalistlərin astral işığı yanır,
kraliça Midasın barmaqları görünür və 
Paraçelsus qızılgülünün ətri 
qədimlərdən gələrək
həyatın gözəgörünməz bağını 
qızıl ya da qanla doldurmaq üçün
bizə güc verir.
Qəbul etmək vermək qədər vacibdir,
güllərin gözəlliyini pozmadan
arının yaxud kəpənəyin bal çəkməsi eynidir.
Hər səhər Mariyanın səsini eşidirəm,
sehirbazlıq sənətini evə gətirən Mariyanın,
Musanın bacısı Mariya deyir:
"Tələsmə, sadəcə sənə qədər gəlməlisən,
günün qurğuşununu 
qızıla çevirmək üçün
görünməz bədənə toxun”. 

Çiçəkyeyən 

Altı dənə qladiolayla gəlmisən
ölənləri salamlamaq üçün.
Gözlərimin altında 
onların gizli həyatının rəngləri yaşayır.
Yeməkdə yalnız
boşqabın gözəlliyinə ehtiyacımız var. 

Səhər zəfəran,
nahara bənövşə və dəniz balıqqulaqları,
axşama on altı qladiola tozu.

Yemək doğulmamış sevgidir.
Masanın üstündə sənin güllərinin arasında
Allahın vücudu uzanıb
hamıya əbədiyyət bəxş edir.

Günəbaxan 

Qədim ölkəmdə 
çöllərin üfüqündə 
həmişə işıq saçan günəbaxanlar görünür,
alatoranın qırmızı şüaları altında 
başlarını yana əyib, ləçəklərini sadəcə Günəş üçün açaraq.

Atamın balkonda əkdiyi günəbaxan
özünü havaya atmamışdan daha əvvəl 
burada atamın tüklü üzünə
çiçək toxumu tökmüşdü. 

Və heç vaxt qurumayan 
ən gözəl günəbaxan 
ölümü əbədiləşdirərək, 
Vinsetin tablolarındakı 
yağ gülünü nəmləndirməyə getdi.

Təşəkkürlər, Günəş, sevimli gülə görə.
İşığı özünə çəkib, krematoriyaya tərəf tələsir.
Sən, intiharçılar gülü,
heç kim sənin böyüməyinə 
və həyatın alaqaranlıq bağında
işıq saçmağına mane ola bilmir.

Ad günü 

Ev boşdur,
qonşular Günəşin arxasınca köçüb gediblər.
Qəfildən
o qədər də yaxşı görmürəm.
Amma mən hər şeyi dəqiq xatırlayıram.
Dünyanın ta o biri ucunda
işıqlanmış gecə və
itirilmiş dostlar
eyni qədəhdən  
içməyə başlayıblar
payızın gələcək qanını.

Narsist 

Kaş ki, görə biləm.
Amma siz qulaqlarımı sıxaraq 
barmaqla məni göstərdiniz:
Bu sənsən, sən, sən!

Özümü heç vaxt əzab içində 
mənə toxuna bilməyən
qorxunc sularda görməyəcəm,
məni izləyib qarşımı kəsən 
çayın sığınacağına qoyun:
Bu sənsən, sən, sən!
Götürün üzərimdən əlləri, caynaqları və kəndirləri!
Qışqırmayın:
bu sənsən!
Məni həyatdan silməyin 
ən dərin, 
qədim nifrətinizlə. 

Doktor Faust  

Səni saxlayıram, vakkum, 
mənim qanımdan 
bir az yekaxana bir bina doğsun!
Sümüyü ayrılmış fleyta qadın,
kamfora xərçəngi altında 
təmiz yara yetişdirirsən.
Səhər-səhər meşə heyvanlarının
şəhvətli səsləri gəlir.
Taleyim onlardan asılıdır,
mən özümü şişmiş burun deşiklərindən 
ağrıyla içə çəkilmiş qoxu kimi 
itirilmiş hiss edirəm.
Onların mübarizəsindən tökülən qanla 
murdarlanıb bədənlərimiz. 
A, e, o, u ilə əlaqəsi olmayan 
sapand səsi kimi məni rahat buraxın.

Nəğmə 

Tənha filosof kişi
sevgilisinə deyir: "Tənha deyilik”.
Hətta çıraqlar sönsə və bədənlər
daş parçaları kimi birləşsə belə.

Tənha çılğın qadın
sevgilisinə deyir: "Tənha deyilik”.
Hətta çıraqlar sönsə və bədənlər
daş parçaları kimi birləşsə belə.

Onlar qəmlidirlər.  
Onlar səhvlərini və dəyişməz qanunu bilirlər:
sadəcə ikisindən biri uda biləcək,
digəri isə döyüş öküzü kimi
təntənəli şəkildə öləcək.   

Yuxumdakı oğlan 

Bilmirəm, əgər o oğlan yuxu görürsə 
biz haradasa bir yuxunun içində görüşəcəyik...
Qatar yağışı çiyinlərinə alıb qaçırdı,
bəndlər suyu açıq unutmuşdu. 
Dağlardan uzağa getmək lazım idi. 
O, axşam çölə çatır.
Peronda yad adamlar kimi öpüşürük
və bütün vağzallarda həyatı gözləyirik. 
Biz görənə qədər bir-birimizi axtardıq...
Başqa biri bu gün məni sevir və mənə yazır...
Amma mən mahnı oxuyaraq qış havasını yaralayıram
Və bütün vağzallarda yaşamaq üçün onu gözləyirəm.

Həvva, yəni həyat 

Sənin adını həm elə, həm də belə, 
yəni hər cür deyə bilərəm.
Hər gün bir brilyant yumurta düzəldirsən,
hər səhər sənin qarnından peyğəmbərlər çıxıb
bizə xəbər verirlər ki, dünya doğulub.
Əgər bir ağacda quş yuvası görürəmsə,
bilirəm ki, sənsən, sən!
Sənin yumurtan o qədər parlaqdır ki,
əlimi onun üzərinə qoymağa ürəyim gəlmir,
əgər qalın əllərimlə onu çox sıxsam
onu bir daha görməyəcəyim fikri məni qorxudur. 
Əldən düşənə qədər yuvanın üzərində rəqs edəcəm,
budaqların lap ucunda yellənirəm, bir bax!

Axşama doğru ağrı içində inildəyirəm
başqaları imperator, tacir və peyğəmbər olaraq 
səni sümüklərinə qədər yeyərkən. 
Ağrı içində inildəyirəm 
sən yenidən doğulana qədər.
Dişisinin ardınca dağa çıxan 
qoç kimi yerimdə donmuşam
və azadlığı necə qazanmağı öyrənirəm. 

İyun baharın sonudur 

Sev ya da sevmə məni, qardaşım,
seçimdir mənim məsləhətim
torpağa əkilməyə hazır buğda toxumusan sən.
Bilirəm, ah, bilirəm, 
dəyərsiz həyatının səninçün qiyməti nədir.
Mən də yüksək Persefonayam*,
bu müqəddəs bədəni açıram
alnımda əyilmiş kraliça buynuzu ilə,
mənim həm həyatım, həm də ölümüm var.
Mən yox etmək istədiklərimi
yanıma çağırıram
uşaqlıqdan qalma yaxşılıq etmək arzulusuyla. 

Qardaşım,
ən yaxşısı tənha qal,
ya da yox,
məhsul vermək üçün
özünü diri-diri torpağa gömən
buğda dənəsi kimi ol. 


Rumıncadan tərcümə: Jalə İsmayıl