Rasət Pirisoyu. Xıdır Ağsu («Yubiley»  romanından parça)

Rasət Pirisoyu. Xıdır Ağsu («Yubiley» romanından parça)

Selektor xırıldadı. Katibə əlüstü cavab veridi:

-Eşidirəm, Teymur müəllim… 
-Xıdırı  göndər yanıma … 
Bir  beş  dəqiqə  keçməmiş   Xıdır Ağsu qapını açıb nəzakətlə içəri boylandı:
-Teymur müəllim,   məni çağırmısınız?...
Baş redaktor əli ilə Xıdır Ağsunu  içəri  çağırdı: 
-Gəl, gəl, Xıdır.

Xıdır  Ağsu kabinetə daxil oldu. 
-Demək   belə - baş redaktor oturmaq üçün  Xıdır Ağsuya   yer göstərdi,   amma Xıdır Ağsu ehtiram əlaməti olaraq oturmadı
- Gedirsən Dağkərana.   Səni icra hakimiyyətində qarşılayacaqlar.   Orda bir yazıçı var,   onun adı nə oldu? - baş redaktor stolun   üstündəki   bir yığın kağız - kuğuzun içərisində  yazıçının   adını yazdığı   vərəqi   axtarmağa başladı, amma tapa bilmədi. Əlini yellədi:
-Əşşi,   nə fəriqi var,  adı nədir?  Dağkəranda  adını   öyrənərsən. 
Xıdır Ağsu hər ehtimala qarşı yazıçının adı ilə bağlı Teymur Göyçəliyə balaca bir ipucu vermək qərarına gəldi. 
-Mətbuatda  vaxtaşırı  ədəbiyyat davası salan bir yazıçı var, bəlkə onu deyirsiniz? 
-Onun adı nə oldu?
-Cavanşir Aslanoğlu... 
Xıdır Ağsunun cavabı  Teymur Göyçəlini məmnun etdi.
-Ay sağ ol. Hə, Cavanşir Aslanoğlu. Bax gedib o yazıçını tapırsan...
-Oldu, Teymur müəlləim…

Xıdır Ağsunun   «Vətən»   qəzetində işə   düzəlməsindən   heç iki ay keçməmişdi.   Amma buna baxmayaraq,  artıq üçüncü dəfəydi ki,  qəzetin   baş  redaktoru   şəxsən onu öz   kabinetinə çağırır, məxsusi tapşırıq verirdi. Necə deyərlər, onu baş redaktora   məxsus   «kuxna»ya   buraxırdı.

-Həəə,  deməli belə…   Gedib onu tapırsan. Müsahibə alırsan.   Özü maraqlı bir şey desə, deyib,   deməsə, burda bir şey fikirləşib yazarıq.   Yubileyi  keçiriləcək,   tədbirdə iştirak edirsən,   şəkillər çəkirsən, çalış şəkillər koloritli olsun. Mən   koloritli   deyəndə   nəyi nəzərdə tutduğumu bilirsən də…
-Bilirəm.
-Özünü elə apar ki, yazıçı ilə aranda problem yaranmasın. Deyirlər bir az şərə - şür   yazıçıdır. Dağkəran icra hakimiyyətində sənə hər cür kömək   göstərəcəklər.
-Anladım. Nə vaxt yola düşməliyəm? 
-Elə sabah.   İcra hakimiyyətində   sənin əlaqə saxlayacağın adamın adı   Dadaşbaladır… -    Nə səbəbəsə,   Teymur   Göyçəli  öz - özünə   mızıldandı: - Ada bax e, Dadaşbala…-  Sonra yenə   üzünü Xıdır Ağsuya tutdu:
-Sualın yoxdur ki? 
-Yox, Teymur müəllim
-Di,   Allah amanında… 


*   *   *

Köhnə   tanışlarından biri Teymur Göyçəliyə telefon açıb,  Dağkəranda   maraqlı bir yazıçının   yaşadığını,   bu gözəl insanın   yubiley   yaşına   çatdığını,   bunun  ən azı dostlar tərəfindən qeyd olunmasının  və işıqlandırılmasının  vacibliyini   xahiş edəndə,   Teymur Göyçəlinin yadına düşən ilk adam Xıdır Ağsu oldu.   
Teymur   Göyçəli hər dəfə Xıdır Ağsu haqqında düşünəndə canında bir - birinə   zidd   qəribə   hissələr baş qaldırıdı, bir tərəfdən arxayın olurdu ki,   tapşırıq yerinə   yetiriləcək,   o biri  tərəfdən də anlaşılmaz   bir əndişə  onu sıxırdı.  

Axı bu adam   nəyiynən   bir - iki həftənin içində onun saqqızını oğurladı.   Qohumuydu? Yox!  Yerlisiydi? Yox!   Hansısa tanışının qohumuydu?   O da, yox!   Heç   Teymur Göyçəli   Xıdır Ağsunu   düz-əməlli   tanımırdı   da.   

Teymur Göyçəlinin Xıdır Ağsunu işə götürməsinin   qəribə tarixçəsi vardı. 

Günlərin bir günü   katibəsi   içəri girib qəzetin baş redaktoruna   demişdi ki,   Teymur müəllim,   bir nəfər gəlib, Sizi  görmək istəyir. Teymur Göyçəli soruşmuşdu ki, məni neyləyir, de, getsin müavinin yanına?   Katibə demişdi ki, deyir, Teymur müəllimin ad gününü təbrik etməyə gəlmişəm.   Əlində də  böyük bir gül dəstəsi var.
Sonra katibə bir az naz - qəmzəylə:
 -Doğurdan a, Teymur müəllim,  bu gün Sizin ad gününüzdür?    Nə əcəb, nə əcəb…   Təbirk eləyirəm.
Birdən - birə Teymur Göyçəli xatırlamışdı ki, doğrudan da,   bu gün onun   ad günüdür. Amma bu ad günü   içi Teymur Göyçəli qarışıq   heç kəsin yadına düşməmişdi. Amma görünür, belə deyilmiş.   Onun da ad gününü xatırlayan varmış. 

Teymur Göyçəlini maraq götürdü.
Qəzetə baş redaktor  təyin olunandan bəri Teymur Göyçəli   tanımdağı   adamlardan heç kəsi qəbul etmirdi. Hamını müavinin yanına göndərirdi.   Amma bu dəfə,   təbii ki,   gələn adamı   müavinin yanına göndərmək olmazdı:
-Yaxşı, cağır görüm kimdir?

Cavan bir oğlan qapını açıb otağa girdi. Əlində tutduğu böyük gül   dəstəsini  düz Teymur Göyçəlinin qənşərindəki stolunun üstünə qoydu   və   baş redaktoru   təbrik etdi və   sonra ona maraqla baxan   Teymur Göyçəlini   intizardan   qurtardı.  
- Teymur müəllim,   mən bilirəm,   Sizin qəbulunuza düşmək müşkül məsələdir.   Amma nə yaxşı ki,  Sizin ad gününüz var. O mənə   Sizin qəbulunuza  düşmək  imkanı yaratdı.   Allah   ad  günlərinizi  Sizə   çox görməsin.
 Teymur Göyçəli -  Sağ ol! - deyib sual dolu nəzərlərinə  bir  balaca  təbəssüm   əlavə etdi:
-Eşidirəm.

Cavan oğlan baş redaktorun təbəssümündəki   mehribanlığı  göydə tutdu: 
 -Sizdən bir xahişim var.
Oğlan özünü əhlikef yerinə qoysa da, hərəkətləri kifayət qədər səliqəliydi, olçülü - biçiliydi,  qətiyyən narahatlıq yaratmırdı, əksinə adamda özünə  maraq oyadırdı.
-O nə xahişdi elə?
-Mən Sizin qəzetdə işləmək işləyirəm. 
-Təhsilin?
-Ali təhsilliyəm, həm də tarixçiyəm.
-Bu vaxta qədər harda işləmisən?
-«Özgür» qəzetində!

Teymur  Göyçəli  «Özgür»   qəzetinin alını eşidən kimi  üz-gözünü turşutdu.
-Ay yay-yay-yay… -  amma bunu elə dedi ki, elə bil  dayı hansısa   xoşagəlməyən hərəkətinə  görə  bacısı oğlunu  məzəmmət  eləyirdi. 
Xıdır Ağsu gülümsündü: 
-Teymur müəllim,   mən Sizdən «Özgür»   qəzetinin baş redaktoru   Fəttah Alpəri   işə götürmək xahişinə gəlməmişəm e... 
Cavab Teymur Göyçəlini güldürdü.

 Teymur Göyçəli bircə  anın içində qərar qəbul etdi.  Özü də  Xıdır Ağsunu heyrətə salan bir qərar. 
-Yaxşı,  get  tarix və mədəniyyət  şöbəsinə… Sənin yazılarına  özüm nəzarət edəcəyəm. 
 Bundan sonra Teymur Göyçəli   müavini   vasitəsi ilə Xıdır Ağsuya bir neçə yazı  yazmaq tapşırığı vermişdi.   Xıdır Ağsu   tülkü   fəhmi ilə o dəqiqə hiss etmişdi ki, tapşırıq  Teymur Göyçəlidən gəlir.   Xıdır Ağsu   yazıları hazırlayıb təqdim etmişdi,   müavin də öz növbəsində   materalları Teymur Göyçəliyə   göstərmişdi.   Teymur Göyçəli yazıları oxuyandan sonra   mat - məəttəl qalmışdı; ona elə gəlmişdi ki, yazıları o özü yazıb,   amma bir balaca üslub fərqiylə … 

Az keçməmiş Xıdır Ağsunun yazıları yuxarıları  da maraqlandırmağa  başladı.   

Bu hətta   baş redaktoru bir az qorxutmuşdu da. Əslində qorxmağa da dəyərdi;   axı bu dünyada başqalarının da ad günü varıydı və Xıdır Ağsu onun adı gününü təbrik etdiyi kimi, bir başqasının  da   ad gününü  təbrik edə bilərdi. 

Teymur Göyçəli əvvəl hər etimala qarşı Xıdır Ağsunu əzmək fikrinə düşmüşdü.   Amma buna cəhd göstərən kimi Xıdır Ağsu özünə   elə bir  yazıq  görkəmi  vermişdi ki, Teymur Göyçəli   üçün onu əzməyin heç bir mənası qalmamışdı.   Baş redaktor təcrübəsindən   bilirdi ki,   əslində   ən qorxulu adamlar  da   belələrindən olur.   Amma baş redaktor həm də   bilirdi ki, belələrindən   indiki   şəraitdə həm də yaxşı komanda  düzəltmək mümkündür. 

Ona görə də baş redaktor əvvəliki qərarından əl çəkib, Xıdır Ağsunu öz kadrı kimi yetişdirmk qərarına gəlmişdi. 
 
*   *   *

Xıdır Ağsu   yaşadığı   cəmiyyətin   bivec adamlar yığnağı olduğu qənaətinə nə vaxt gəlmişdi,   heç özü də bilmirdi. Eləcə   günlərin   bir günü gözünü açıb görmüşdü ki,   cılız,  mənasız,   gici-gici   adamların  əhatəsindədir  və   o, ətrafındakı adamlardan   bezib  və  deyəsən,  elə o özü də ətrafındakı adamları   çoxdan   boğaza yığıb.   Xıdır Ağsu içərisində gündən -  günə  güclənən bu hissdən yaxa qurtarmaq  üçün  oxuduğu  kitablarda,  ünsiyyətdə olduğu  adamlarda,  baxdığı  filmlərdə, üz tutduğu  tarixi şəxsiyyətlərdə,  hətta gəzdiyi küçələrdə, simpatiya bəslədəiyi qızlarda, qadınlarda  təsəlli   axtarsa da və hətta  arada  bu  təsəllini    tapsa da,  bu hiss ondan əl çəkmədi.   Əksinə üz tutduğu bütün ünvanlar  onun  diqqətini  hər gün yaşadağı  həyatın  iyrəncliklərinə yönəltdi.  Xıdır Ağsu ən nəhayət  bu hisslə barışmalı oldu.  Nə qədər qəribə olsa da, bu hiss  Xıdır Ağsunu həm adamlardan  uzaqlaşdırırdı, həm də onu adamalara  yaxınlaşdırırdı.  Əvvəllər Xıdır Ağsu  ağına - bozuna baxmadan hamıyla dil tapırdı, başqalarının   ürəyindəkilərini  dinlədyi  kimi,  öz   ürəyini də  başqalarına  açırdı və  ağlına da gətimirdi ki,  bu,  nə vaxtsa onun  əleyhinə çevirilə və  içərisində xoşagəlməz hisslər  oyada  bilər.   Xıdır Ağsu adamlara  nifrət etmirdi, yox.  Nifrət etsəydi nə varıydı ki... Nifrət  ən azı ələ gələn hissdir.  Nifrəti idarə etmək olur.   Və sən nifrət  etdiyin adama,  adamlara, hadisələrə, proseslərə, ideologiyalara,  qorxaqlara, nadanlara, yaltaqlara ... niyə nifrət etdiyini bilirsən.  Çətini  nifrət  etdiyin  ünvanı tanımaqdır. Ünvanı  tanıyandan sonra  o ünvandan  üz döndərmək  adamı bu  zəhlətökən nifrət  hissindən asanliqla uzaqlaşdırırdı. 

Amma bu hissi, yəni iyrənmək hissini,  ələ gətirmək müşkül məsələydi.  İyrəndiyin  ünvandan   üz döndərmək iyrənmək hissinin vecinə deyildi.   Bu hiss ya vardı, ya yoxdu.  Bu hiss Xıdır Ağsunu ən gözlənilməz  anlarında yaxalayırdı.   Bir də görürdün kiminsə,  hansısa cümləsi,  yaxud  hərəkəti, lap elə  gülüşü, yerişi, duruşu  Xıdır Ağsunu   iyrənmək hissinin   girdabına salırdı,  Xıdır Ağsunun  lənətə gəlmiş  ağlı   müşahidə  etdiyi  iyrəncliyi  ən kiçik detallarına  qədər  açıb Xıdır Ağsunun  ovcuna  qoyurdu.   Bu,  Xıdır Ağsunun  əhvalını  əməlli - başlı pozurdu,   yaddaşı  özündən  asılı olmayaraq  ən  adi xatırlamadan  belə hədsiz  mənfi  informasiya və emosiya  alırdı,  ağlı  əlüstü bu informasiyanı  işlməyə başlayırdı və ən pisi də oydu  ki,  ağlının  bu qəribə oyunu  onda  birbaşa  ürək  bulanmaları yaradırdı və Xıdır Ağsu  doğrudan – döğruya  qaytarmaq istəyirdi. 

Xıdır Ağsu  adamlardan  niyə iyrəndiyini,  niyə  incik düşdüyünü,   nə səbəbə bezdiyini  heç  özü də başa   düşmürdü.  Hətta ən adi insani hisslərlə yaşayanlar da   -    təhsil almaq,  hansısa peşəyə yiyələnmək,    ev-eşik qurmaq,  oğul- uşaq sahibi olmaq,  pul qazanmaq,  vəzifə tutmaq,   ad alıb elm aləmində  baş  dolandırmaq,  siyasətə  qoşulmaq,  qeyri - hökumət təşkilatı yaratamq,  sayt açmaq...  istəyən adamlar da  -  bəzən  onda  ikrah hissləri  oyadırdı.   Elə bil adamlara   ucdantutma   şeytan yağı sürtmüşdülər.    Öz cılızlığını,   maymaqlığını,   ən azı yaşadıqları   cəmiyyətin  onları bu hala saldığını  (əslində Xıdır Ağsı  heç onu da dəqiq bilmirdi ki,  adamlar cəmiyyəti   bu  hala salıb, yoxsa cəmiyyət adamları.  Ümumiyyətlə, Xıdır Ağsu «bu hala salıb»  deyəndə nəyi nəzərdə tutduğunu da bilmirdi)  başa düşən adamlara   Xıdır Ağsunun ürəyində insafa bənzəyən nəsə bir hiss  qalmışdı,   amma   öz   gic -giciliyini  anlamayan və yaxud anlamaq istəməyən, gecə - gündüz hamıya ağıl verən  adamları Xıdır Ağsunun   görməyə gözü yox idi.   O,  belə adamlara  sadəcə   dözməyi   bacarmırdı.   Xıdır Ağsuya fırıldaq gələn,  yaxud ələ salan,   hətta   təhqir edən, onu adam yerinə qoymayan  adamlar da   Xıdır Ağsunun  ürəyini   bu gic-gicilçər   qədər bulandırmırdı.   Xüsusən öz   hərəkətlərini   maymaq   mübarizələriylə  -  müxalifətdə olmaq,  şeir, hekayə, xüsusən də esse  yazmaq,  elmi ad qazanmaqla  ört - basdır etmək istəyən,   özünü qəhrəman,  dahi,  vicdan  əzabkeşi,  qəhrəman,  siyasi  məhbus,  əvəzi olmayan məmur  kimi  aparan,   az - çox abırlı adamları   çirkab içərisində boğmağa həmişə hazır olan  bu  adamlar  - bu «jurnalistika»   fahişələri, bu «azad söz»  dəyyusları - Xıdır Ağsunu   həftə səkki  mən doqquz  depressiyaya salırdı..   

Belə adamlarla  məzələnmək Xıdır Ağsuya dəhşətli dərəcədə ləzzət verirdi. 

Xıdır Ağsu   öz jurnalist   fəaliyyətinə «Özgür» qəzetində başlamışdı.   Və tezliklə başa düşmüşüdü ki, «Özgür» qəzetində   uğur qazanmaq üçün dərin - dərin dəryalara baş vurmağa  ehtiyac yoxdur.   Bunun üçün sadəcə   məmləkəti başına götürümüş dedi-qoduya,  şər- şəbədəyə  cani-dildən  qoşulmaq və  bu dedi - qodunu,  şər- şəbədəni  ən azı  «ağıllı, vicdanlı, ən əsası  tənqidi  sözə»  çevirmək kifayətdir. 

Məmləkət  isə xirtdəyə qədər  dedi -- qodunun içində vurnuxurdu; az qala hamı bir - birinə hərbə - zorba gəlirdi.  Sosial  şəbəklər  bir - birindən qəribə hadisələrlə dolub daşırdı.  Söyüş, təhqir, böhtan  getdikcə adi hal alırdı.  Hamı yazırdı,  hamı münasibət  bildirirdi,  hamı ittiham edirdi, hamı barmaq silkələyirdi.    Deyilənlərin  heç biri  biliyə  əsaslanmırdı.  Bilik deyilən şey,  ümumiyyətlə  məmləkətdən üz döndərmişdi.  Məmləkət anlaşılmaz,  nəhəng  gic --gicilər  xoru xatırladırdı. Və bu xor iki yerə bölünümüşdü;  iqtidar  və müxalifət xoruna.   Hər iki tərəfin özünəmxsus  fırıldaqları, yalanları,   qəhrəmanları  vardı.   Bu xorun nə demək istədiyini  heç kəs axıra qədər başa düşmürdü.  Və bu nəhəng   xoru   şəxsiyyəti,  düşüncə tərzi,  məqsədi xeyli  şübhəli  görünən  adamlar idarə edirdi.   Bu azmaş kimi,  televiziyalar,   qəzetlər,  saytlar,  sosial  şəbəkələr, yutub   bu xoru   əttökən  şəkildə bir ucdan  məmləkət əhlinə  təqdim edirdi,  heç kəs  bu gün ağzından  tökdüyü zibil  üçün sabah xəcalət  hissi keçirmirdi. Bir sözlə, iyrənclik   ölkədə  meydan  sulayırdı. Özü də bu dedi - qoduların  əksəriyyəti siyasi dedi - qodulardı.
«Özgür»   müxalifət qəzetiydi. 

Xıdır Ağsu özü də,  necə deyərlər,  müxalifətçi  ailəsində  doğulmuşdu. Atası Qarabağ döyüşçüsü olmuşdu. Yaralanmışdı.  Bir tərəfini   iflic  vurmuşdu.  Yaxşı eşitmirdi, yaxşı görmürdü. Arada,  imkan düşəndə,  beş - on gün  müalicə alırdı,  bu beş  - on günlük  dava - dərman yazıq kişini bir balaca qaldırıb ayaq üstə qoyurdu,  sonra  müalicədən aylarla uzaq düşürdü.  Vaxtaşırı müalicə olunmaq üçün  pul lazımdı, pul isə yoxdu. Amma buna baxmayaraq,  sürünə - sürünə də olsa, yaşayırdı,  başına gələnlərdən qətiyyən  peşman deyildi, tez -tez körpə Xıdırı, balaca Xıdırı, yeniyetmə Xıdırı  özündən nümunə götürməyə  çağırırdı.  Dilində də son  beş - on   ildə  qəribə bir  cümlə, bəlkə də misra peyda olmuşdu: «Göy üzü, biz dünyadan gedər olduq,  türk xalqı Sənə əmanət». Bu nə cümləydi, bu nə misraydı belə,  atasının dilinə düşmüşdü; Xıdır Ağsu   ha fikirləşirdi  bir şey anlaya bilmirdi. Amma «biz dünyadan gedər olduq»  misrasını  hardasa,  hansısa   əsərdə oxuduğu yadına düşürdü, amma hansı əsərdə,  xatrılaya bilmirdi. Hərdən də fikirləşdirdi ki, atası  «axı  niyə  türk xalqını   «Allaha» yox,  məhz  göy üzünə  tapşırırıdı?  Doğrudur, son  iyirmi, otuz ildə «göy üzü» ifadəsi yazı - pozuda  o qədər işlənmişdi ki,    bir xeyli  qələm əhli «allah»  sözündən bilmərrə imtina edib,  «allah»  sözünü əvvəl  «tanrı», sonra da  «göy üzü» sözüylə  əvəzləmişdi.

Xıdır Ağsunun atası – Xızır Ağsu  1997 - ci  ilin 17-si iyunda  ayaq  üstündəcə  keçindi.  Birdən - birə ürəyini  tutub  kürəyini  həyətlərindəki  nəhəng  qoz ağacının gövdəsinə  söykədi,  ağacın kələ-kötür kövdəsi boyu üzü aşağı sürüşdü,  ayaqlarını irəli uzadıb  ağacın dibində torpaq üstünə çıxıb bərkimiş,  az qala oturacaq şəkilinə düşümüş  kökləri  üstündə oturdu   və  öldü.  Atası öldüyü gün  Xıdır Ağsu   evlərinin   eyvanda   durub  atasının  son hərəkətlərini  izləyirdi,  ona elə gəlirdi ki, atası yenə də son illərdə  dilinə düşən  «göy üzü, biz dünyadan gedər olduq,  türk xalqı   Sənə əmanət» sözlərini pıçıldayır,  amma bu pıçıltı  əvvəlki pıçıltılarından  nəyləsə fərqlənirdı.  Amma nəylə?  Xıdır Ağsu ha fikirləşidirdi , bunu da  bir yerə çıxara bilmirdi,   hər şeyi görürdü, amma nə baş verdiyini  anlamırdı,  amma həm də  biliridi ki,  nə isə,  atası yaxşı deyil, ona görə də  eyvandan düşüb atasına doğru yüyürdü,  özünü atasına yetirdi. Atasının ağzı bir balaca açılmışdı,  rəngi avazımışdı,  gözləri harasa, uzaqlara - göy üzünə - dikilmişdi: 

Atasının  bu baxışları Xıdır Ağsuya yaxşı tanışdı. Atası həmişə  uzaqlara belə baxanda mütləq  ya bir misra, ya bir beyt, ya da bir  bənd   şeir  deyirdi:

Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim…

Xıdır Ağsu uzun müddət atasının qarşısında dayanıb  nə baş verdiyini anlamağa çalışdı. Handan - hana hiss etdi ki, deyəsən atasının huşu  başında deyil, hətta, allah eləməmiş,  bəlkə də  ölüb.  Anasına heç nə demədi. Anası  yuduğu  paltarları  evlərinin  arxasından  axan  arxda suya çəkirdi.  Xıdır Ağsu atası ilə nə baş verdiyini  tam başa düşmək üçün əmisigilə yüyürdü.
Yaxşı ki, əmisi  evdəydi.

Əmisi Xıdır Ağsunun  sözlərini axıracan dinləmədi. Elə bil Xıdır Ağsunun nə deyəcəyini əvvəlcədən bilirdi,  ayaqqabılarını da  ayğına almadan  özünü qardaşının həyətinə saldı.
Xızırı qucaqladı və zarıdı:
-Ay Xızır...
Xızırdan  səs çıxmadı.
Əmisi bir də çağırdı:
-Ay Xızır... - və hönkürdü...
Xıdır  Ağsu hər şey başa düşdü...

Adamlar Xızır müəllimin  ölümündən  necə, nə vaxt, hardan  xəbər tutdular,  Xıdır  bilmədi.  Bir də onu gördü ki, həyətləri  adamlarla  doludur. Adamlar  Xızır  Ağsunu  ağacın oturacaq şəklinə  düşmüş  köklərindən   ehmalca  ayırıb yerə uzatdılar  və  gözlərini qapadılar.  Sonra hardansa  tapıb gətirdikləri brezentlə   Xızır Ağsunu uzatdıqları  yeri  əhatəyə aldılar.  Həyətdə ocaq qalayıb,  su qızdırdılar,  isti suyu vedrə -- vedrə  brezentin içərisinə daşımağa başladılar. 

Arada Xıdır Ağsu  girəvəyə salıb brezent  çəpərin  içərisinə boylandı.  Brezent çəpərin   içərisinə  bir neçə  mişar  daşı döşənmişdi,  o daşların üzərinə böyür - böyürə  üç qalın və enli  taxta  qoyulmuşdu  və atasını o  taxtaların üstünə uzatmışdılar,  atası çılpaqıydı,  içəridə  bir neçə adam olmasına baxmayaraq  əmisi gözlərini silə - silə su tökürdü,  qoca bir  kişi də  atasını yuyurdu.

Bir azdan həyətə mafa da gətirdilər. Mafanı brezent  çəpərin içərisinə saldılar. Sonra Xızır müəllimi  ağ kəfənə büküb  mafaya uzatdılar, kəfənin üstünü hardasa tapıb gətirdikləri palazla örtdülər və mafanı  brezent çəpərin  içindən çıxarıb,  həyətdə  üzü qibləyə qoydular.  

Sonra kəndin mollası mafanın böyründə dayanib  uca səslə  «Quran» oxumağa  başladı. 

Sonra cavan uşaqlar  həyətdə çadır qurmağa başladılar. 
Axşama az qalırdı.
Molla  adamları tələsdirməyə başladı
Adamlar Xızır Ağsu uzanan mafanı qaldırıb çiyinlərinə aldılar.
Xıdır Ağsu da onlara qoşuldu.
Adamlar kənd qəbirstanlığına  üz tutdular.
Yolda  heç nə olmamış kimi adamlar  söhbət edirdilər. Hətta  gülənlər də vardı.  Birdən  kəndlərində hamının səy deyib çağırdığı səy Ağabəy  Xıdıra  eşitdirmək üçünmü,  ya  yandığındanmı,  ya da elə - belə, bəlkə də  söz  xatirinə  hamının eşidə biləcəyi bir səslə  dedi: 
-Xızır  müəllimi  Elçibəy öldürdü.  Bu gün iyunun 17-dir. Elçibəyin Kələkiyə qaçdığı gündür. Elçibəy Kələkiyə qaçandan sonra rayonlar bir -birinin ardınca  getdi.  Xızır  müəllim də  təkcə müəllim deyildi,  həm də  döyüşçüydü,  ürəyi  dözmədi...

Adamlar səs sahibinə cavab vermədilər. Heç səs gələn tərəfə dönüb baxan da olmadı. Birdən - birə  tabutun arxasınca  gedənlərin arasında qəribə bir sakitlik yarandı.   Xıdıra elə gəldi ki,  adamlar bir - birinin üzünə baxmağa utanır.  Adamlar arasında birdən - birə belə bir sakitliyin niyə yarandığını Xıdır Ağsu nəinki o gün,   heç illər sonra da düz-əməlli anlaya bilmədi. Amma Xıdır Ağsu atasını yaxışı tanıdığı üçün  səy Ağabəyin sözünə  inandı. 

Xızır müəllimi  torpağa tapşıranda artıq  gün batmışdı.
Xıdır Ağsu atasıyla beləcə həmişəlik ayrıldı.
Atasının  sir - sifəti  uzun müddət gözləri qarşısından çəkilib getmədi.

Gecələr  yuxusunda gördü. Gündüzlər hənirtisini  həyət - bacada, böyür-başında,   arxasında hiss etdi. Bəzən ona elə gəldi ki, geri çevrililib baxsa,  atasını görəcək. Hətta  atasını görmək üçün dönüb arxasına  baxdı  da.  Amma o, atasını  heç  yerdə tapa bilmədi.   Eləcə atasını  ev-eşikdə, həyətlərindəki ağacların arsında, yolda-izdə  axtara - axtara  unutmağa başladı. Doğrudur,  arada ürəyi  sızım - sızım sızıldadı.  Atasını görmək üçün burnunun  ucu göynədi.  Sonra bu sızılıtıların  arasındakı  fasilələr  uzandı. Amma o sızıltılar heç bir vaxt azalmadı. İndinin  özündə də atası yadına düşəndə,  Xıdır Ağsunun ürəyi  o gün olduğu kimi göyüm-göyüm göynəyirdi. 

Anası da Xızır müəllimin  ölümünü  sakit qarşıladı.
Yas məclisləri də səssiz - səmirsiz keçdi.
Bir neçə gündən  sonra, hamı ,   hətta anası  da Xızırı unutdu.  Xıdır Ağsu  anasından incimədi. Xıdır Ağsu  atasının  anasına çox zülm elədiyini yaxşı  bilirdi.  Xızır müəllim  ər deyildi,  millət dəlisiydi. Adamlar  sovet hökumətinin  dağılmasından  istifadə edib,  həyət - bacalarının hasarını bir daş da qaldırdanda Xıdır Ağsu gül kimi evini - eşiyini qoyub,  əlinə ov tüfəngi aldı, Qarabağda ermənilərlə döyüşməyə getdi.  İlyarımdan sonra  ordan əlil  qayıtdı.  Xızır müəllimi iflic vurandan sonra evin kişi işi də anasının boynuna düşdü. 
Birdən- birə hamı Xızırı müəllimi unutdu.

Bircə Xıdır Ağsu Qarabağ döyüşçüsü,  kəndlərinin dil-ədəbiyyat müəllimi,  şair, paralic  Xızır müəllimi  unuda bilmədi. 

Atasının ölümündən  beş  il sonra Xıdır Ağsunun  Bakı həyatı başladı. O, Bakı Dövlət Univerisitetinin  tarix fakültəsinə daxil oldu. 
Xıdır Ağsu elə birinci kursdaca  anladı ki,  anasının həyət -bacadan  toplayıb  bazara çıxardığı  meyvələrin puluyla  Bakıda baş saxlaya bilməyəcək.  Nəinki  baş saxlaya bilməyəcək, hətta çox ola bilsin,  təhsilini də  yarımıçıq qoyacaq. 

Amma Xıdır Ağsu oxumaq istəyirdi.   Çox istəyirdi oxusun.  Bu  istəyi  ona atası aşılmaşıdı.  Bu hiss bir növ atasından ona yadigarıydı.   Bu oxumaq həvəsi bəlkə də,  həm də,  buna görə Xıdır Ağsuya çox əziziydi.  

Xıdır Ağsu  təhsilini yarımçıq qoymamaq,  anasını  min bir əziyyətlə qazanıb  ona göndərdiyi pul - paradan  azad etmək,  necə deyərlər, Bakı kimi mürəkkəb bir şəhərdə   ayaqları üstündə möhkəm  durmaq üçün yollar aramağa başladı.

Boş vaxtlarında sərnişin avtobuslarında dəftər, qələm, pasport üzlüyü,  nəm salfetka,  oyuncaq... satdı.  Ayrı -  ayrı redaksiyadardan götürdüyü qəzetləri həm küçə  satışına çıxardı, həm də özü oxudu.  Dərsdən sonra  28 may metrosunun nəhəng yeraltı satış mərkəzində satıcılara kömək etdi, elə birinci kursda  institutu atıb  ayaqqabı alveri ilə məşğul olun tələbə dostu  Qabilin  yanında satıcı kimi işə düzəldi. Nəticədə başa düşdü ki, bütün bu məşğuliyyətlər ona nəinki  qazanc gətirmir, əksinə  ziyan vurur; ən azı ayda bir ayaqqabı dağıdır, bütün günü  ayaq üstündə olduğundan  aclıq hissindən yaxa qurtara  bilmir,  elə hey yemək və su içmək  istəyir, hədsiz yorulur,  dərslərini  yetirmir, əl-ayağının sızılıtısından  gecələr  yuxuya  getməsi, yorğunluqdan  səhərlər yuxudan oyanması  problemə dönür, tez-tez xəstələnir... 

Günlərin bir günü,  o,  elə - belə söhbət xatirinə,   dərdini Qabilə danışdı.  Ağrıdığını, yorulduğunu,  dərslərdən geri qaldığını dedi. Qabil Xıdır Ağsunun dediklərini qəribə bir təbəssümlə dinlədi və soruşdu:
-İndi neyləmək istəyirsən?
-Heç özüm də bilmirəm, neyləyim...
Qabil peysərini qaşıdı.
-Bilirsən, Xıdır, mənə naparnik lazımdır.
-Nə lazımdır?
-Naparnik...
-Naparnik nədir?
-Necə yəni, naparnik nədir? Naparnik naparnikdir də...
Gülməli bir vəziyyət yarandı. Xıdır Ağsu soruşdu ki, «naparnik» Azərbaycan sözüdür. Qabil dedi, hə... Xıdır Ağsu israr etdi; bəs onda  mən bu «naparnik»in  nə olduğunu niyə bilmirəm?
Qabil dilxor oldu:
-Əşi,  mən nə bilim sən niyə bilmirəsən?
-Bəlkə ingilis dilindədir?
Qabil səsini qaldırdı: 
-Yox, Azərbaycan dilindədir...
Kimsə  arakəsməsinin o üzündən qışqırdı:
-Ey,  gicbəsərlər,  «naparnik»  rus  sözüdür...  «Ortaq» deməkdir...

Arakəsmənin o üzündən gələn səs  onların hər ikisini  pərt etdi. Amma neyləmək olardı? Yeraltı satış mərkəzi elə qurulmuşdu ki,  hətta dükanlarda   pıçıltıyla danışmağın da xeyri yoxdu,  hər şey,  alış - veriş mübahisələri,  kimin qiymətdə güzəştə getdiyi, kimin güzəştə getmədiyi, gün ərzində hansı dükançının nə qədər alver etdiyi,  bir sözlə, bütün söhbətlər  arakəsmələrin o biri  üzündəki dükanlarda açıq - aydın  eşidilirdi. 

Pərtlik davam edirdi.
Bu pərtliyin  bir cavabı olmalıydı.
Qonşu dükanlardakı pıçıltılar da kəsilmişdi.
Birdən həm Qabil, həm də Xıdır eyni vaxtda qışqırdılar:
-Donqulu!  Donqulunun biri donqulu! 

Söz Qabillə Xıdır Ağsunun ağzından  çıxan kimi qonşu dükanda kimsə   əlini əlinə vurub, qəhqəhə çəkdi.  Səs sahibi də,  Qabilin dükanına bitişik hər üç dükanın   satıcıları da  əlini əlinə vurub qəhqəhə çəkən satıçının səsinə səs verib  gülməyə başladılar.   Hətta hansı dükandasa bu qəhqəhələrə bir qadın səsi də qoşuldu?
-Kişi başınızı yerə soxum...
Gülməkdən başqa əlaç qalmadı. 
Qalib  də, Xıdır da qəhqəhə çəkənlərə qoşulub bir xeyli güldü.
Qəhqəhə dalğası ötüb keçəndən sonra Qabil daha həvəslə söhbətə qoşuldu:
-Hə, ortaq... Mənə ortaq lazımdır. Bir balaca da pulum var. Doğrudur çox deyil...  Amma  bu dükanı işlətmyə çatar. At bu institutu,  gəl qoşul  mənə,  alverə girişək, gedib Türkiyədən, Çindən, Rusiyadan  mal gətirərik...

Xıdır Ağsu Qabilin təklifindən  qorxdu. 
Birdən - birə Xıdır Ağsuya  elə gəldi ki, o, doğrudan da institutu  atıb Qabilə qoşula bilər. Ona görə əlüsütü Qabilə etiraz etdi.
-Sağ ol, Qabil. Yox! Mən oxumaq istəyirəm.
Qabil  Xıdır Ağsunun oxumaq həvəsini açıq düşmənçiliklə qarışladı, hətta arada Xıdır Ağsunu doladı da:
-Oxuyub  neyləyəcəksən,  ay yetim.  Alim olacaqsan?  Kimə lazımdır sənin alimliyin?  Bax,  dur  keçək bizə «gicbəsər»  deyən satıcının   dükanına,  təhsilini  soruşaq.  Məlum olacaq ki, ali təhsillidir.  Bəlkə də elmələr namizədidir. Ya bəlkə də  professordur...
- Məni bağışla, Qalib.
Xıdır Ağsu birdən -birə hiss etdi ki, darıxır, hətta deyəsən bir az da boğulmağa  başlayıb. 
Qabil isə davam edirdi:
-Nolar... Oxumaq istəyirsən, oxu. Mənim babama  Lenin,  sənin babana  Stalin,  mənim atama  Heydər Əliyev, sənin atana  Əbülfəz  Elçibəy   oxumağı   məsləhət görüblər.  Hətta allahın  özü də Məhəmməd peyğəmbərə   Quranı nazil edəndə  «oxu» deyib... Elə «Quran»  sözünün  mənası da   «oxu!»  deməkdir... Oxumaq istəyirsən oxu da...

Xıdır Ağsu  Qabilin  onun  oxumaq istəyini niyə  aşkar düşmənçiliklə qarişladığını  başa düşürdü.  Başa düşürdü ki,  Qabilin təhsildən əl çəkməsinin səbəbəi  puldur.  Qabil kurslarında hamıdan  savadlıydı.  Hətta müəllimləri də bunu etiraf edirdi. Amma buna baxmayaraq  Qabil  istitutu atdı.  Çox güman ki, o,  təkcə institutu atmayıb,  ola bilsin, o,  ümumiyyətlə, elimdən, təhsildən, savaddan, hətta  ola bilsin ağıldan  da  üz döndərib. Axı bir haldakı yaşadığın dünyada hər şeyi pul həll  edirsə, puldan savayı o dünyada  nəyəsə üz tutmaq ağılsızlıq əlaməti deyildimi?

Xıdır Ağsu hiss etdi ki, getməlidir. Daha Qabillə bir yerdə olmağın heç bir əhəmiyyəti yoxdu. Qabil yolxucu xəstəlik kimi bir şeyidir. O, nə qədər ki, Qabilə yoluxmyaıb  bu dükandan uzaqlaşmalıdır.

Xıdır Ağsu ayağa qalxıb,  Qabilə əl uzatdı,   minnətdarlıq etdi, hətta hər gün aldığı  gündəlik haqqını  da  Qabildən  götürmədən dükandan çıxdı. 

Qabil Xıdır Ağsunun arxasınca baxa -  baxa qaldı.

Üç gündən sonra Qabil gəlib Xıdır Ağsunu institutda tapdı. 
Qabil Xıdır Ağsuyla  soyuq görüşdü. Heç gülümsəmədi də...  Soruşdu:
-Deyirlər, sən Qarabağ döyüşçüsünün oğlusan?
Xıdır Ağsu da Qabilə soyuq cavab verdi. 
-Bəli,  mən... Qarabağ...  qazisinin...  oğluyam!

- Onda sən daha niyə iş axtarırsan?  Odu ha, Qurtuluş  partiyası,  partiyanın  «Özgür» adlı qəzeti var,  univeristetin beş addımlığında yerləşir.  Get,  Qurtuluş  prartiyasına   üzv  ol.  Ondan sonra,  səninlə pul  arasında  bircə addımlıq  yol qalacaq. Atan haqqında  qurtuluşçulara   danış.   Sonra  «Özgür»  qəzetində işə düzəl!   İndi «Özgür»   qəzetində  olan pul,  heç Heydər Əliyevin hökumətində də yoxdur. 

Qabil bunu deyib Xıdır Ağsuya əl uzatdı, geri döndü və çıxıb getdi. Bu dəfə Xıdır Ağsu  institutu atıb   28 May metrosunun nəhəng yeraltı  keçidində ayaqqabı satmaqla məşğul olan  Qabilin arxasınca baxa - baxa qaldı.

***

Bir neçə gündən sonra  Xıdır Ağsu üzv olmaq üçün  Qurtuluş partiyasına   ərizə verdi. Ondan tərcümeyi - hal  istədilər.  O da açdı sandığı,  tökdü pambığı.  Bir həfətədən sonra Qurtuluş  Partiyasının  sədri onu  qəbuluna  çağırdı.  Bir xeyli sorğu - suala tutdu.  Dolanışığı ilə maraqlandı.  Qurtuluş  partiyasının  tarixinə dair suallar verdi.  Atasını yaxından tanıdığını dedi.  Xıdır Ağsunun iş axtardığını biləndən sonra   «Özgür» qəzetinin baş redaktoru Fəttah Alpəri yanına çağırdı və Xıdır Ağsunu redaktora təqdim etdi,  redaksiyada işə  götürməyi  məsləhət bildi.   Bu görüşdən bir həftə sonra Xıdır Ağsunu Qurtuluş  Partiyasına üzv qəbul etdilər,  onu  «Özgür»  qəzetində   korrektor vəzifəsinə işə  götürdülər.  Ayın başında Xıdır Ağsu  «Özgür»   qəzetindən  yaxşı  maaş  aldı. 

Arada qəzetə kiçik məqalələr də yazmağa başladı. Doğrudur, bu məqalələrdə  daha çox  türkçülükdən bəhs edirdi,  Osmanlı xənadanlığındakı   (nədənsə  Xıdır Ağsu  Osmanlı xanadanlığını  nəinki imperiya, heç sultanlıq da  adlandırmaq istəmirdi, eləcə «xənadanlıq»  deyib yazırdı)  ayrı -  ayrı  tarixi məqamlar  haqqında qəzetin oxucularına məlumat verirdi,  türkçü almlərin  - Ziya Göyalpın, Əhməd bəy Ağayevin, Əli bəy Hüseynzadənin  fikirlərini izah edirdi.  

***

Xıdır Ağsu «»Özgür» qəzetində işləsə də qəzetin baş redaktoru Fəttah Alpərlə düz üç aydan  sonra  görüşdü.  Özü də bu görüşün  təşəbbüskarı  şəxsən qəzetin  baş redaktoru  özü oldu. Xıdır Ağsuda lap  uşaqlıqdan  qəribə bir xasiyyət vardı;  bütün gözlənilməz görüşlər onda nigarançılıq  hissi oyadırdı.  O dəqiqə ən azı bir həftə içərisində gördüyü işləri xatırlamağa çalışır, harda olduğu,  kimin yanında nə deydiyi,  kimin ona yaxşı,  kimin pis münasibət bəslədiyi haqqında düşünürdü.  Fikirləşirdi ki, görəsən  bu həftə içərisində  ona xəcalət gətirəcək hər hansı bir hərəkətə yol verməyib ki? 

Bu nigarançılığı  o,  anasından əxz etmişdi.

Bu həyəcanlı düşüncələr Xıdır Ağsunu  Fəttah  Alpərin  qəbul otağında da tərk etmədi.  Fəttah  Alpər də onu çox gözlətmədi, dərhal  qəbul etdi.  Məqalələri haqqında xoş söz dedi.   Azərbaycanın  azadlığı  uğurunda  apardıqları mübarizədə  hansı  əziyyətlərə dözdüklərindən,  amma sınmadıqlarından  danışdı,  Əbülfəz Elçibəyin Azərbaycanı  vətəndaş müharibəsindən xilas etmək üçün  hətta ölkənin  ən ali  vəzifəsindən  - pezidentlikdən -  belə imtina etdiyinə  diqqət çəkdi və  birdən - birə buyurdu ki,  bizdə, yəni Azərbaycanda,  əhalinin doxsan doqquz faizi  milli müstəqillik  uğurunda mübarizəyə nə vaxtsa Azərbaycanın  prezidenti olmaq arzusu ilə qoşulub,  amma   Əbülfəz Elçibəy bu arzunun boş bir şey olduğunu,  əsas məsələnin  prezidentlik deyil,  müstəqillik,  dövlətçilik və türkçülük olduğunu  məhz belə adamlara başa salmaq üçün Kələkiyə hicrət edib.  Bununla da Böyük Bəy  hamını başa salıb ki, Azərbaycanda əsas məsələ  hakimiyyət uğurunda  mübarizə deyil,  əsas məsələ türk dünyasının bütövlüyü uğurunda mübarizədir, bizim  hamımız,  içi prezident Əbülfəz Elçibəy olmaqla, sən, mən, o  nəhəng türk dünaysının, Turan dövlətinin əsgərləriyik.  Ona görə də Böyük Bəy  böyük Azərbaycan, böyük Türk dünaysı, böyük Turan uğurunda mübarizənin  böyük  planını  hazırlamaq üçün, hakimiyyətə  köhnə  KQB  generalı, həm də hakimiyyyət ustası   Heydər Əliyevi Bakıya çağırdı, Kələkiyə çəkilib ölkəni Kələkidən idarə etmək qərarına gəldi. Amma Heydər Əliyev  bu böyüklüyü qarşısında   nəinki Böyük Bəyə minnətdar olmadı,  hətta qamaralayıb Böyuk Bəyin prezident vəzifəsini də onun əlindən aldı.
Heydər Əliyev bizim üçün təhlükə yaratmır.
 
Heydər Əliyev bizim ovcumuzdadır
Fəttah Alpər birdən yeindən qalxdı. Əllərini irəli uzadıb Xıdır Ağsuya doğru yeriməyə başladı:
- Böyük Bəy böyük  Kələki hicrətiylə  Məkkədən Mədinəyə hicrət edən  böyük Peyğəmbərimizin mübarək yolunu bir milli lider olaraq təkrar edib.   Kələki  hicrəti  inanılmaz  dərəcədə böyük tarixi hadisədir və  Kələki hicərti   böyüməkdə olan gənc nəslin qarşısında böyük tarixi vəzifələr qoyur.  
Səy Ağabəyin  atasının dəfnində dediyi sözlər Xıdır Ağsunun yaddaşıda yanıb  söndü. 
Xıdır Ağsu az qala şokdaydı. O, birdən - birə nəhəng  informasiyanın   içinə düşmüşdü.  Fəttah Alpər inanılmaz bir coşqu içindəydi:
-Böyük Bəyin Bakıya qaydışı möhtəşəm olcaq!

Fəttah Alpər təqribən  bir yarım saat  Böyük Bəyin türk dünyası tarixində tutduğu yerdən   ürək dolusu danışıdı və sözünün sonunda  gözləmədiyi halda Xıdır Ağsuya  qəzetin  işində daha korrektor kimi deyil,  jurnalist kimi fəaliyyət göstərəcəyi barədə əmr imzaladığını dedi.

Xıdır Ağsu bu xəbərdən  bərk həyəcanlandı,  dili -  dodağı əsdi, bircə anın içərisində anası gəlib gözlərinin qarşısında durdu, deməli o, bundan sonra anasına da kömək edə biləcəkdi,  kirənişin qaldığı  zirzəminin nəmişliyindən  canını   qurtaracaqdı,  ən əsası isə ingilis dili kurslarna gedəcəkdi və bütün bunlara görə  o,  Fəttah Alpərə necə minnətdarlıq  edəcəyini  uzun müddət kəsdirə bilmədi. 
Fəttah Alpər də onu daha çox gözlətmədi.  Oturduğu kreslodan qalxıb, onun qarşısına gəldi, əlini sıxıb  bir  də təbrik etdi, qoluna girib Xıdır Ağsunu  qapıya qədər yola saldı.
Xıdır Ağsu Fəttah Alpərin otağından çıxdı. 

Baş redaktorun  qapısı ağzında onu  gənc bir xanım qarışladı və Xıdır Ağsu xanımı görən kimi  tanıdı; o,  «Özgür» qəzetinin  ən bərk gedən xanım jurnalislərindən biriydi.
Xanım aralarında xeyli məsafə olmasına baxmayaraq  hər iki  əlini irəli uzadıb  gülümsəyə -gülüməsyə  Xıdır Ağsuya  tərəf  addımlayırdı.  Xıdır Ağsu dayandı.  Xanım  ona  yetişib sağ əlini bir balaca yuxarı - Xıdır Ağsunun çənəsi bərabərinə  qaldırdı, Xıdır Ağsu başa düşdü ki,  bu balaca, qəşəng,  toppuş  əli öpmək lazımdır.  Xıdır Ağsu  çənəsi bərabərində olan əli  üsulluca , ehtiyatla tutdu və  xanım əfəndinin  arzusunu yerinə yetirdi. 

-Təbrik edirəm, bəy.  Sizi böyük  türk dünyasının ən böyük qəzetlərindən birində türk jurnalisti kimi  fəaliyyətə  başlamağınız  münasibəti ilə bir türk xanımı kimi  ürəkdən  təbrik edirəm.
Təbrik  möhtəşəm, gurultulu və həm də baş redaktorun qərarı kimi gözlənilməzdi;  axı Xıdır Ağsu bu təklifi elə indicə  Fəttah Alpərdən almışdı.  Amma buna baxmayaraq  xanımın bu təyinatdan  atrıq xəbəri vardı.

Xıdır Ağsu xanıma minnətdarlığını bildirdi.

Xanım  Xıdır Ağsunun hər iki əlini ovuclarına aldı, qabaq - qənşər dayanıb bir xeyli  baxışlarını  Xıdır Ağsunun sir- sifətində  gəzdirdi,  bu gözlənilməz təmas Xıdır Ağsunun iliyinə işlədi və Xıdır Ağsunu bir balaca  həya təri basdı. 

Xanımın  gözəlliyinə söz ola bilməzdi.

Və bundan  savayı  ilk dəfəydi ki,  Xıdır Ağsunun  əllərini qadın əlləri  öz ovucları arasına  alırdı,  bu da Xıdır Ağsunu əməlli - başlı utandırırdı,  axı adi məntiqə görə xanım yox, o, xanımın əllərini ovcularına  almalıydı.  Elə buna görə də   Xıdır Ağsu  əllərini xanımın  ovuclarından çıxarıb,  xanımın əllərini  öz ovuclarına aldı,  bir daha dodaqlarına yaxınlaşdırdı və hər iki əlindən təkrar öpdü.

Xanım təkcə irəli uzatdığı əlləriylə,  ilahi təbəssümüylə, nəvaziş  dolu ədasıyla deyil,  həm də sualıyla  Xıdır Ağsunu çətin vəziyyətə saldı: 
-Bəy, Sizin lideriniz kimdir?
-Nə? -- Xıdır Ağsu xanımın nə soruşmaq istədiyni özünə aydınlaşdırmağa  çalşdı. 
-Soruşuram, Sizin lideriniz kimdir?

Xanımın nə soruşduğunu  Xıdır Ağsu özünə bir müddət aydınlaşdıra bilmədi.   Döyükə - döyükə  xanımın üzünə baxdı. Handan -  hana anladı ki,  xanım ondan Azərbaycanda olan çoxsaylı  siyasi  liderlərdən hansını lider kimi qəbul etdiyini bilmək istəyir. Çox güman  ki,  sual elə - belə verilməmişdi, bəlkə də    bu  sorğu - sual ola bilsin ki,    Xıdır Ağsunun  Fəttah Alpərlə elədiyi  söhbətin  davamıydı.    Xıdır Ağsunun yaddaşı  elə bil   birdən - birə işıqlandı, ağlı  bu vaxta qədər ona məlum olmayan informasiya  burulğanına düşdü:   axı Əbülfəz Elçibəy  Kələkiyə hicrət edəndən sonra,  siyasi müxaliflər arasında  kimin ətrafında birləşmək fikri tez - tez səslənirdi.

Xanım  yəqin ki,  sualını elə bu məqsədlə verirdi. Söhbət heç  şübhəsiz  Əbülfəz Elçibəydən gedirdi.
Xanımın bu sualından sonra Xıdır Ağsunun yadına yenə  səy Ağabəy düşdü,  atasının torpağa tapşırıldığı  günün  axşamçağı, səy Ağabəyin dediyi  o məşum ifadə  Xıdır Ağsunun  ürəyinin  başını çırmaqladı:
-Xızır  müəllimi  Elçibəy öldürdü.  
Xıdır Ağsu yaman yerdə axşamlamışdı.
Xıdır Ağsu nə qədər cavan  olsa da, hiss edirdi ki, Əbülfəz Elçibəy Kələkiyə çəkiləndən sonra   elçibəyçilər də çəkilib öz yerlərində oturub.  Heydər Əliyev onları  dəfələrlə əməkdaşlağa  çağırsa da,  elçibəycilərin demək   olar ki,  əksəriyyəti  uzun müddət bu çağırışdan  imtina etdi,  fəaliyyətlərini dondurub,  müxafliətə keçdilər.  Bu  o  vaxta qədər davam etdi ki,  hamı Azərbaycanda  elçibəyçilik  dönəminin  başa çatıdığına  tam  əmin oldu və bundan sonra Heydər Əliyevin yanında  yer almaq üçün  elçibəyçilər arasında  münasibətlər  bir-birinin   başını  yarıb  ətəklərinə qan tökmək həddinə qədər yüksəldi.  Azərbaycan Xalq Cəbhəsi  hərəkat kimi fəaliyyətinə  son qoydu,  partiyalaşmaq yolu tutdu.  Ölkədə  Milli Azadlıq hərəkatı başa çatandan sonra daha  heç kəs heç kəsin qarşısında məsuliyyət daşımadı. 
Hərə öz kefinin ağası oldu..
Birdən - birə ölkdə liderlərin sayı   yağışdan sonrakı göbələklər kimi atrıb çoxalmağa başladı. 
-Necə yəni lideriniz kimdir?
-Lideiniz də…  Siz liderin nə olduğun bilmirsiniz?
 -Bilirəm…
-Elə mən də onu soruşuram da...  Sizin  lidleriniz kimdir?
Bu xanım ondan nə istəyirdi?  Doğrudanmı, Xıdır Ağsunun kimisə  lider kimi qəbul etməsinin kimin üçünsə əhəmiyyəti vardı?
Bu işdən Fəttah Alpərin xəbəri vardı, yoxsa yox? 
Bu ümumiyyətlə, marağıydı, yoxsa sorğu - sual? 
Ən maraqlısı da buydu ki, xanım onun başının üstünü   Fəttah  Alpərin otağından  çıxan kimi kəsdirmişdi.   Bu təsadüfüydi?   Yoxsa, bu  iki hadisənin  arasında  nəsə  bir əlaqə vardı? 
Bu nə işdi, Xıdır Ağsunun başına gəlirdi?
Xıdır Ağsu  heç bir vaxt siyasətlə  məşğul olmamışdı. Və elə buna görə də  günlərin bir günü siyasətin  gözəl bir xanım şəkilində peyda olub  onu   «Özgür» qəzetinin baş redaktorunun qapısı  qarşısında sıxma -boğmaya salacağını da  ağlına  gətirməmişdi. 
Xanımdan  yaxa qurtamq lazımıydı.
Amma necə?

Birdən - birə Xıdır Ağsunun yadına 28 May  metrosunun keçidindəki  nəhəng  yeraltı ticarət mərkəzi  düşdü.  28 May yeraltı ticarət mərkəzində  alış -  verişlə  məşğul olanların çox qəribə bir xasiyyəti vardı.  Bu xasiyyət istisnasız olaraq yeraltı keçidin bütün satıcılarında  özünü göstərirdi. 
Ördək balası doğulan kimi heç bir təcrübə keçmədən özünü necə suya vururdusa, yeraltı ticarət mərkəzinə  satıcı olmaq  arzusu  ilə ayaq basanların hamısı da  elə ilk dəqiqələrdən bu xasiyyəti mənimsəyirdi.

Keçiddə bir yekəpər serijant vardı; polis serijantı...  O, yeraltı keçidin yuxarı başında görünən kimi,  hansısa sirri - xudanın kəraməti sayəsində   bütün  satıcılar bundan xəbər tuturdu və hamının üzündə səksəkəli bir təbəssüm peyda olurdu.
Serijant  dükanların qarşısında görünən  kimi satıcılar bu təbəssümə  qəribə bir cülmə əlavə edib serijanıtı salamlayırdı: 
-Biz  əziz  serijantımızın qadasını alarıq. 

Özü də bütün satıclar,  fərqi  yoxdur,  o, bakılıdır, yoxsa şəkili, talışdır, ləzgidir, yoxsa türk,  ermənistanlıdır,  yoxsa   gürcüstanlı,   nə sirrdisə,  hamı serijanta  bu sözləri qarabağlı  ləhcəsiylə deyirdi, serijant da heç nə eşitmirmiş kimi başını dik tutub yekə qarınını qabağa verib  əzəmətlə dükanların qabağından keçib gedirdi. Bu ritual o vaxta qədər davam edirdi ki, serijant yeraltı  keçidi tərk edirdi. Bundan sonra satıcıların hamısının  rəngi üstünə gəlirdi, kefi durulurdu  və  satıcılar serijantın qarşısında göstərdikləri  mütiliyə görə bir - birini dolamağa başlayırdılar,   bir - birini  lağa qoyurdular və bu zarafatlardan heç kəs inctimirdi. Əksinə hamı bu zarafatları  ləzzətlə, cani - dildən  edirdilər və elə bil  serijantın qarşısında qorxduqlarına görə hər bir adam bu zarafatla   özü - özündən  intiqam  alırdı. 

Əslində  Xıdır Ağsu  o serijantın kiməsə ilişdiyinin  də  şahidi olmamışdı.  Kimlərsə deyirdilər ki, hər ay  dükanlardan ən azı  otuz şirvan  yığıb  serijanta verirlər,  görünür,   serijant da dükanların qarşısından keçəndə  canında məhz o otuz şirvanın  əzəmətini hiss edirdi.  
Serijant bəzən o otuz şirvanı  yığan  adama  hansısa dükançının  pulunu götürməyib  qaytarsaydı,  o dükançı ən azı üç gündən sonra malını yeraltı  ticarət  mərkəzinə  gəlmiş hansısa yeni  satıcıya təhvil verib əbədi yeraltı  keçidlə vidalaşırdı. 

Xıdır Ağsu birdən - birə hiss etdi ki, burda bu xanımdan yaxa qurtarmağın ən yaxşı yolu elə o yeraltı keçiddəki təcrübədən isifadə etməkdir, ən yaxşısı  özünü  gic - gicilliyə qoyub   xanımı başdan elməkdir. 

- Xanım əfəndi, - Xıdır Ağsu ömründə ilk dəfəydi  ki, «xanım» xitabına bir «əfəndi»  sözü də əlavə edirdi -   mən bilirəm Siz mənə dərin  sual verirsiniz? Amma mən indi  Sizin bu sualınıza cavab vermək iqtidarında deyiləm. Mən  özümü  Sizin sualınıza cavab vermək qədərində  hazırlıqlı hesab etmirəm. Mən şərqdə, xüsusən də türk dünyasında mürşid  seçməyin  nə demək olduğunu çox gözəl başa düşürəm.  Biz də şərq xalqıyıq.  Biz də türkük.  Bizdə də lider seçmək elə belə məsələ deyil.  Bizdə də  mürid öz mürşidi uğurunda    ölümə  getməyi bacarmalıdır. Mən hələ özümü liderim uğurunda  ölümə gedən adam kimi hiss etmirəm.  Mən hələ bu zirvəyə yüksəlməmişəm.
Xıdır Ağsu bu sözləri o qədər ürəkdən  dedi ki, hətta özü də öz dediklərinə  heyran oldu.  Səs tembri  ona hansısa  türk aktyorunun  səs temberini  xatırlatdı. Amma hansı türk aktyorunun?  Xıdır Ağsu bunun fərqinə varmadı. Əslində bunu xatırlamağa imkanı  da olmadı. Birdən xanım  qucaqlayıb başını Xıdır Ağsunun sinəsinə qoydu və Türkiyə türkcəsində bircə kəlmə söz dedi:
-Kardeşim! 
Xanımın səsi də ona hansısa Türkiyə aktirisasının səsini xatırlatdı.
Xıdır Ağsu xanımı bağrına basdı:
-Kız  kardeşim! 
Məsələ həllini tapdı. 

Deyəsən, Xıdır Ağsu «Özgür» qəzetində jurnalist kimi failiyyətə başladığı ilk günün sınağından  pis  çıxmadı. 
İndi sadəcə aradan çıxmaq lazımdı.
Allah insanı xilas etmək istəyəndə, təkcə onun yadına  məzəli əhvalatlar salmır.  Həm  də insan üçün  konkret  olaraq xilas sitiusiyası yaradır.  Bu dəfə də belə oldu.
Birdən Fəttah Alpərin  qapısı açıldı və Fəttah Alpər  qapısı ağzında qucaqlaşan  bu  iki nəfəri bir xeyli şübhəli-şübhəli süzəndən sonra burnun altında  mızıldandı:
-İşləmək lazımdır!

Aradan çıxmaq üçün daha  Xıdır Ağsunun ağılını işə salmağına ehtiyac qalmadı.  Amma özündə Azərbaycandakı  siyasi həyatın bir çox  əlçatmaz, ünyetməz  sirlərini  gizləyən o  qəribə sual ilişib həmişəlik  Xıdır Ağsunun  fikrində  qaldı. 
«Liderin  kimdir?»
Xıdır Ağsu xanımdan yaxasını  qurtrasa da, bu «lideriniz kimdir?»  sualandan yaxasını qurtara bilmədi.

 Qurtuluş partiyasının orqanı olmasına baxmayaraq  «Özgür»  qəzetinin  bütün  əməkdaşları elçibəyçilərdi. Jurnalistərin  hamısı  Elçibəy vurğunuydu.  Bu adamlar,  demək olar ki,   bir nəfər kimi inanırdılar ki,  tezliklə dünyada nəhəng bir türk hərəkatı başlayacaq, türklər yenə də öz tarixi vətənlərinə - Turana - qayıdacaqlar.   «Özgür»  qəzetində bəlkə də  Elçibəydən incik olan, bircə adam varıydısa,  o da  Xıdır Ağsuydu.  Əslində Xıdır Ağsunun  Elçibəydən  inciməyə  elə bir  haqqı da yoxdu,  bir də ki Elçibəy hara, Xıdır Ağsu hara.  Elçibəy  nəhəng bir hərəkaiın başçısıydı, Xıdır Ağsu dünənki   uşaq. Xıdır Ağsunun  rəhmətik atası da  elçibəyçiydi.   Əslində bu  incikliyin   ciddi bir əsası -  filanı da yoxdu.  Bu incikliyi  Xıdır Ağsunun ürəyinə  atasının dəfnində səy Ağabəy salmışdı.  Və bu   inciklik   zaman-zaman, heç bir əsas olmadan,   az qala  atasının ölümü qədər  Xıdır Ağsunu incitmişdi.  

Bir dəfə necə oldusa,  illər uzunu ürəyində gəzdirdiyi bu inciklik haqqında  o, «Özgür» qəzetini baş redaktor müavini Murtuz Qabiloğluna  danışdı və hətta arada bu mövzuda yazı yazmaq istdədiyini də bildirdi. Əslində isə  Xıdır Ağsu o yazının böyük bir hissəsini yazmışdı, 93-cü ilin yayında  baş verənlərlə bağlı hətta bir neçə adamdan müsahibə də götürmüşdü.  Bu əhvalatı  Murtuz Qabiloğluna   danışmaqla  Xıdır Ağsu  bilmək isətyiridi , o,  belə bir yazını  redaksiyaya   təqdim etsə,   onu nə gözləyir.

Murtuz  Qabiloğlu  tülkünün biriydi. O,  qırımından hiss etdi ki, Xıdır Ağsu  artıq bu  yazını yazıb,  «Özgür» qəzetində olmasa da, başqa bir qəzetdə çap etdirə bilər. Ona görə də Xıdır Ağsunun təklifi  qarşısında nə «hə» dedi,  nə də «yox».  Gözünün qulağı ilə gah Xıdır Ağsuya, gah otağın  divarlarına, gah da pəncərədən görünən dənizə  baxdı, yastı - yastı onu dinlədi, Allahdan Xıdır Ağsunun atasına cənnət diləyib,  birdən - birə  söhbəti elə  dəyişdi ki,  Xıdır Ağsu hətta uzun müddət  nə baş verdiyini anlaya bilmədi. Murtuz  Qabiloğlu Xıdır Ağsudan  ayın neçəsi olduğunu soruşdu, Xıdır Ağsu cavab verdi,  sonra Murtuz Qabiloğlu  həftənin neçənci həftə,  ayın hansı ay olduğunu bilmək istədi, daha sonra bu ayın Türkiyə türkcəsində necə səsləndiyi ilə maraqlandı, Xıdır Ağsu Murtuz Qabiloğlunun  bütün  suallarına cavab verdi.  Murtuz Qabiloğlu  bu öyrəndikləri ilə kifayətələnmədi, bu günün Türk Cumhuriyyəti  tarixində hansı  tarixi  günlə   əlamətdar olduğunu  da  bilmək istədi,  xatrılamağa  çalışdı,    gözünü Xıdır Ağsunun gözlərinə dikib  ondan  sualına   cavab gözlədi,   Xıdır Ağsu Murtuz Qabiloğlunun sual  dolu baxışları altında bir xeyli döyükə-döyükə yaddaşını ələk - vələk elədi,  amma Murtuz Qabiloğlunun axırıncı  sualına cavab tapa bilmədi. Hətta Murtuz  Qabiloğlu ilə elədiyi  söhbət də yadından  çıxdı, səy Ağabəy də,  atasını son mənzilə yola salan yeniyetməlik  ağrıları  da...  Murtuz Qabiloğlu  sonuncu dəfə  Xıdır Ağsuya qəribə bir  sınayıcı  nəzər salıb otaqdan  çıxdı.  Aradan heç yarım saat keçməmiş  baş redaktorun katibəsi  Xıdır Ağsunu  Fəttah Alpərin  otağına çağırdı. 

 Həmişə olduğu kimi,  bu dəfə də Xıdır Ağsunu nigarançılıq hissi bürüdü.  Ağlında bir neçə dəqiqənin  içində son vaxtlar gördüyü işlərin, elədiyi hərəkətlərin,  danışıdığı   sözlərin  haqq -hesabını apardı,  ona xəcalət, töhmət, qınaq gətirə biləcək heç bir hadisə yadına  düşmədi. 

 Bu dəfə  Fəttah Alpər Xıdır Ağsunu əvvəl olduğu kimi   dərhal qəbul  etmədi. Təqribən bir saatdan sonra  katibə   işarə etdi ki,  Xıdır Ağsu içəri girə bilər.  Bəli,  katibə  məhz işarə etdi.  Xıdır Ağsu fəhmlə hiss etdi ki,  bu işarədə nəsə, bir istehza  var. 

 Xıdır Ağsu baş redaktorun qapısını taqqıldadıb,  içərini dinşədi. İçəridən cavab gəlmədi. Xıdır Ağsu dönüb yazıq - yazıq katibəyə baxdı.  Fəttah  Alpərin katibəsi bu dəfə açıq - aşkar istehzalı  bir ləzzətlə gülümsündü. Xıdır Ağsuya ürək - dirək verdi:
 -Keç, keç içəri, bəy…  Bəy səni  gözləyir.
 Xıdır Ağsu qapını açıb içəri boylandı.

 Fəttah Alpər  otaqdakı böyük pəncərənin qabağında dayanıb dənizə baxırdı. Xıdır Ağsu Fəttah Alpərlə birinci görüşündə  gözünün  qulağı ilə  baş redaktorun otağından Xəzər dənizinə gözəl mənzərə açılıdığını  müşahidə etmişdi. Amma mənzərənin  belə  möhtəşəm və belə qəddar  olduğunu  o vaxt hiss etməmişdi.

 Qəddar niyə?

 Xıdır Ağsu bir anlıq ağlına gələn bu assosiasiyadan diksindi. Amma indi  hansısa assosiasiya  haqqında düşünmək vaxtı deyildi. 
 Fəttah Alpər Xıdır Ağsunun otağa girdiyini  heç vecinə də almadı. Xıdır Ağsu qapının ağzında daynıb Fəttah Alpərin nə vaxt geri dönüb ona baxacağının gözləməyə başladı.
 Amma Fəttah Alpər geri dönmədi. Sol əlini çiyni üzərinə qaldırıb çırtma  ilə Xıdır Ağsunu yanına çağırdı. Bu işarə Xıdır Ağsunun ürəynicə  olmasa da,  o qeyri - iradi irəli yeridi və gəlib  Fəttah Alpərin böyründə daynandı.
- Azərbaycan Respublikasının prezidenti kimdir?
Xıdır qeyri - iradi:
- Heydər Əliyev! -- dedi.
Fəttah Alpər barmağını yuxarı qaldırdı:
-Xeyir, Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti deyil,  o,  Azərbaycan dövlətinin başçısıdır.
Xıdır Ağsunun  səsi qəribə şəkildə boğazında qaynadı:
-Bəs dövlət başçısı prezident demək deyil?
Fəttah Alpəri başını yelləyib fınxırdı:
-Xeyir. Prezident başqa şeydir, dövlət başçısı başqa şey...

Xıdır Ağsu az qala özünü gic vəziyyətində hiss etdi.

 Axı bu  pəncərə ilə, pəncərdən  görünən  və allahsizcasına yırğalanan   dənizlə, bu «prezident»  və «dövlət başçısı» sözlərini bir - birindən fərqləndirməklə  Fəttah Alpər ona nə demək istəyirdi?

 Birdən Fəttah Alpər geri dönüb böyük sürətlə yazı stoluna  tələsdi.  Xıdır Ağsu da  Fəttah Alpərin arxasınca  yazı stoluna yaxınlaşdı və yazı stolunun qarşısında  dayandı  və Fəttah Alpərin onu niyə çağırdığını öyrənmək üçün gözləməyə başladı.

 Fəttah Alpər bu dəfə  şeirə keçdi və şair  Ramiz Rövşənin  Əbülfəz Elçibəyə yazıdığı şeirdən misralar  gətirdi.

 - Sənə bir daş atır yerindən duran,
 Səni sevdiklərin daş qalaq eylər,
 Bir əlində daş var, birində quran,
 Daş atan bilirmi nə günah eylər?

 Birdən - birə Xıdır Ağsu Fəttah Alpərin hüzuruna niyə çağırıldığını başa düşdü, o, Murtuz Qabiloğluyla ürək söhbətinin zavalına gəlmişdi.  Baş redaktorun qırımından belə görünürdü ki, Murtuz Qabiloğlu  onu  Fəttah Alpərin yanında yaş yuyub quru sərib. Əgər belə olmasaydı,  Fəttah Alpər otağındakı pəncərəni,  dənizi,  uzun, yaraşıqlı  baş redaktor  masasını, bütün bunlar azmış kimi, birdən - birə bir  şairi  də  öz söhbətinin  iştirakçısına  çevirməzdi.

 Xıdır Ağsu  ehtiyatsız hərəkət etdiyini anladı. Deyəsən o, sözün azad olduğuna həddindən artıq inanmışdı, bir sözlə, azad, müstəqil,  tənqidçi  jurnalistikanın zibilinə düşmüşdü. 
 -Xıdır Xosməmmədov!... --  Xıdır Ağsunun soyadı doğrudan da Xosməmmədovdu, illər keçəndən sonra bu soyadın yenidən adının böyründə peyda olması Xıdır Ağsuya yaxşı heç nə vəd etmirdi:
-Xıdır Xosməmmədov, Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəydir. Heydər Əliyev olsa olsa, Azərbaycan Respublikasının dövlət başçısıdır.   Böyük Bəy, Kələkiyə qaçmayıb, Kələkiyə hicrət edib...
 -Bəyin Kələkiyə qaçdığını kim deyib?
 -Sən demisən!
 -Mən elə şey deməmişəm!

 Xıdır Ağsunun etirazı  öz təsirini göstərdi. Fəttah Alpər susdu. Amma bununla belə əlini yuxarı qaldırıb bir növ Xıdır Ağsunu mübahisə  etməməyə çağırdı, əlini  bir xeyli başının üstündə saxladı və nə barədəsə düşünməyə başladı.

Birdən Fəttah Alpər stolun üstündəki bir yazını Xıdır Ağsuya tərəf itələdi. 
-Bəs bu nədir yazmısan burda? 

Xıdır Ağsu məqalənin  üzərinə əyildi.  Məqalə onun məqadəsi idi.   Məqalədə Heydər Əliyevin adı qarşısındakı  «prezident» sözünün üçtündən xətt çəkilib «dövlət başçısı Heydər Əliyev»  yazılmışdı. Xətt Murtuz Qabiloğlunun xəttiydi. 

-Sən bilirsən,  sənin atan, bizim hamımızın əzizi, Qarabağ qazisi, gözəl şair, yeri gəlmişkən…  - Fəttah  Alpər birdən -- birə, gözləmədiyi  halda Xıdır Ağsuya  təntənə şəkildə  qəribə bir təklif   etdi  - sən niyə atanın şeirlərindən bir padborka hazırlayıb bizim qəzetə vermirsən?  Qələmin  pis deyil,  ürəyin istəyir o padborkaya  sən özün ön söz yaz.  Yox, yaza bilmirsənsə, yaxud yazmaq istəmirsənsə,  hansı şairi  istəiyrsən,  mənə de,  mən o şairə o padborkaya ön söz  yazdırım. 
 Xıdır Ağsu heç özü də anlamadığı bir hissin təsiri altında Fəttah Alpərin sualını cavablandırmamaq qərarına gəldi.
 -Xeyirxah işlərlə məşğul olmaq istəmirsən...
 Xıdır Ağsu yenə də susdu. 
 -Elçibəyin Kələkiyə hicrəti barədə  yazı yazmağı sənə kim sifariş verib?
 -Heç kim.
 -Sən bilirsən,  sənin atan Elçibəy əsgəri olub,  Elçibəy uğurunda vuruşub...

 Bir  vaxtlar  bu sözləri  eynən  ona  atası demişdi. Onda Xıdır  hələ balacaydı.  Xızır müəllim   Əbülfəz Elçibəyin şəkilini ona göstərmişdi: «...o  bizim xilaskarımız  Əbülfəz  Elçibəydir,  sən Elçibəy  əsgərisən...  Sən böyük türk dünyasının,  böyük türk birliyinin,  böyük Azərbaycanın, böyük, birləşmiş  Turanın  əsgərisən...» 

 Atasının ürək yanğısı ilə dediyi  o  sözlər Fəttah Alpərin   dilində çox  sunii səsləndi, o  qədər sunii səsləndi ki, hətta  Xıdır Ağsu içərisində atası ilə bağlı nəyinsə qırıldığını hiss etdi. 
 -Mənim atam... -  - Xıdır Ağsu  fikrini yığıb yığışıdırmaq, qəfilədn içərisini pəncəsinə alan burulğanı həm  sakitləşdirəmk, həm də fikrini ifadə etmək  üçün söz axtarmağa başladı, bir anlıq ona elə gəldi ki, bu axtarış  həddindən  çox  uzundı, ən nəhayət  o,  fikrini toplaya bildi, o sözü tapıb  səbrlə  ona baxan  və  cavab  gözləyən Fəttah Alpərin  az qala üzünə çırpdı:
 -Mənim atam heç kəsin əsəgəri olmayıb. Mənim atam Azərbaycanın  əsgəri olub, Azərbaycan uğrunda vuruşub... 

 «İlan balasıdı!»  

Fəttah Alpərin içərisindəki elçibəyçlik azqala  Xıdır Ağsunun cavabına  üsyan etdi.  Təbii ki, Xıdır Ağsunun Fəttah Alpərin içərisindəki  elçibəyçilik  üsyanından  xəbəri olmadı.  
  «Bu xılx içində olan söhbətin adamı deyil»  Vaxtı ilə Elçibəy deyərdi,  «Söz var xılx içində,  söz var xalx içində»...  Bu «xalx içindəki» söhbətin adamıdır.  Qurtuluş partyiasının  sədri  səhv eləyib.  Xıdır Ağsu onlarınkı deyil... Xıdır Ağsu onlardan daha çox atasınındır. 
 Fəttah Alpər siyasətə keçdi. 
 -Oğlum, elə  Böyük Bəy də Azərbaycanın  əsgəriydi, Azərbaycan uğurunda vuruşurdu.  Böyük Bəy Azərbaycan uğurunda türk dünaysının bilicilərindən biri kimi vuruşurdu. Elə  sənin atan, mən, elə sənin özün də, hamımız  Azərbaycan uğurunda vuruşuruq, amma  biz Böyük Bəy kimi bu vuruşu bütün miqyası ilə görə  bilmirik, biz bu vuruşun  adi əsgərləriyik. 
 Fəttah Alpərin cavabı Xıdır Ağsunu incitdi. 
 Niyə incitdi?! 
 Heç özü də bilmədi. 
 Bayaq atası ilə bağlı  Fəttah Alpərin dediyi  «elçibəy əsgəri»  sözünə   etiraz   edəndə Xıdır  Ağsu isterikcəsinə olsa da  özünü   öz içində  nə qədər sərbəst , azad,  geniş  hiss etmişdisə,  Fəttah Alpərin bu cavabından sonra Xıdır Ağsu özünü bir o qədər cılız,   qapalı və   məhdud  adam  kimi hiss etdi.
 Bəlkə o düz fikirləşmir?!
 Bəlkə o, səy Ağabəyin sözünü ürəyinə çox salıb?! 

 Özü də ağzında «səy»  deyirsən?!

  Xıdır Ağsunun əhvalındakı  dəyişikliyi Fəttah Alpər   göydə  tutdu. Özü  özünə «əhsən»  deyib, Xıdır Ağsunun hələ tamam pozulmadığı  qənaətinə gəldi, bir də axı özünə Ağsu kimi yekə bir təxəllüs seçən bu Xıdır hələ uşaqdı, hələ onun bilmədiyi çox şey vardı.  Bu fikirlər özündən  asılı olmayaraq Fəttah Alpərin  ürəiyndə mərhəmət hissi  oyatdı.
 Axı Xıdır Ağsu da türk balasıydı. Türk oğlu türkdü.

 -Bəy,  Böyük Bəyin hakimiyyəti  Heydər Əliyevə verməsi səni sıxmasın. Mən bilirəm, Böyük Bəyin bu addamını Azərbaycanda hamı başa düşmür.  Bəy, siyasət elə belə olur da... Siyasəti hamı başa düşsəydi, o, daha  siyasət olmazdı ki... Mən  sənə Böyük Bəyin atdığı addımın xırdalıqdarını izah etməyəcəyəm.   Bu tarixin işidir. Sən hələ çox cavansan.  Çox şeyi  sənə tarix başa salacaq. Hər şeyin bir zamana ehtiyacı var. Bu heç kəsə sirr deyil ki,  Heydər Əliyev idarəetmədə  böyük təcrübəsi olan  adamdır.  SSRİ kimi bir nəhəngin, o, mənfur dövlətin başında dayanan beş kişidən biri olub.  Ölkəni Surət Hüseynov  avatürasiından,  vətəndaş müharibəsindən  yalnız  Heydər Əliyev qurtara bilərdi. Heydər Əliyev həm də  hakimiyyət ustasıydı. Heydər Əliyev hakimiyyət ustası olduğu kimi, biz də müxaliflik ustasıyıq.  Nə qədər hakimiyyət ustası olsa da, Heydər Əliyev bizim müxalifliyimizin  böyük gücündən xəbərsizdir.  Biz müxalifliyimizin  böyük gücüni  SSRİ-ni  dağıdılması prosesində bütün  incəlikləriylə sınaqdan  keçirmişik.  Tezliklə,  Böyük Bəy Bakıya qayıdacaq. Bu qaydış -  Böyük  Bəyin Kələki hicrətindən  Bakıya qayıdışı  -  möhtəşəm olacaq.  Sən heç  narahat olma. Sən darıxma. Gələcək sizindir. Əgər gələcək qazilərimizin balalarınındırsa,  deməli o həm də bizimdir  - Azərbaycana milli  istiqlal gətirən elçbəyçilərindir. Get, o möhtəşəm günə hazırlaş...  Tezliklə hakimiyyət yenə də bizim  olacaq. SSRİ  kimi bir nəhəngi darmadağan edən elçibəyçilər,  ürəkləri istəyən vaxt «hopp»  eləyib  Heydər  Əliyevi udacaqlar... 

 Fəttah Alpər  son sözlərini ayaq  üstündə deyirdi və üz -- gözündən  əzəmət tökülürdü.  Burnu  stolüstü  lampanın işığında xüsusi təmtaraqla  parıldayırdı.   Əslində  Fəttah Alpərin siftəində nə yanaq vardı, nə alın,  nə göz vardı, nə qaş.  Fəttah Alpərin sifətində hətta heç  çənə də yoxuydu. Fəttah Alpərin sifəti ancaq  burundan  ibarətiydi.  
 Möhtəşəm və əzəmətli bir burundan. 

 Xıdır Ağsu  Fəttah Alpərin   burnu  qarşısında özünü nə vaxtsa həyətlərində yoğurub yapdığı, tikə -parçalarından  min bir oyuncaq düzəltdiyi  sıyıq, barmaqlar  arasından aşıb daşan  palçıq kimi hiss edirdi.   Fəttah  Alpər danışdıqca Xıdır Ağsu  o palçıq kimi elə hey bir ucdan yumşalırdı.   İçərisində qəribə bir rahatlıq baş qaldırırdı, o rahatlıq Xıdır Ağsunu  qoynuna alırdı,  əzizləyirdi... Bu rahatlağın ağuşunda  düşünmək də, inanmaq da, hətta heyran olmaq da  asanıydı.  Xıdır Ağsunun ürəyində qəribə bir yüngüllük  baş qaldırırdı.   Axı SSRİ  kimi bir nəhəngi darmadağın edən bir xalq bir SSRİ   generalı ilə  doğurdanmı bacarmayacaqdı? 

 Xıdır Ağsu bir vaxt əllərində hiss etdiyi palçıq rahatlığını bu dəfə ürəyində  hiss edirdi.  Əbülfəz Elçibəyin Kələkiyə gedişinin doğrudan da   hicərt  olduğuna heç bir şübhəsi qalmırdı və  bu hicrətlə bağlı ürəyinə şübhə  toxumu  səpən səy Ağabəyə  sidqi  - ürəkdən nifrət edirdi.  
 Böyük Bəyə inanmamaq günahdı. 
Allah şeytana - səy Ağabəyə - lənət eləsin.
 Fəttah Alpər  gülümsəyirdi. O, qəzetinin gənc əməkdaşını tamamilə «obrabotka»  eləyib  axırına çıxmışdı. İndi onun  qarşısında     «elçibəy əsgəri» sözünə etiraz edib,  müqabilində  atasının «Azərbaycan əsgəri»  olduğunu   deyən adamdan  əsər - əlamət qalmamışdı. 
Xıdır Ağsu darmadağın edilmişdi.
Xıdır Ağsu hələ  o vaxt hiss etmirdi ki, bapbalaca, əlvan   balıq sürüsü   kimi ağlında  ora - bura şütüyən düşüncələrinin  dibində, bəlkə də ürəiynin  ən qaranlıq sualtı  mağarasında   bir ikrah hissi də qərar tutur, aşağıdan yuxarı ona sarı boylanır.
O hiss nə vaxt baş qaldıracaqdı, Xıdır Ağsu bunu da bilmirdi.

O ikrah hissi Xıdır Ağsunun  heyranlıq içərisində üzən ürəyində ümumiyyətlə baş qaldıracaqdımı,  yoxsa  o mağaranın qaranlığı içində itib batacaqdı:  Xıdır Ağsunun bundan  da xəbəri yox idi. 

Xıdır Ağsu iyrənmək hissinə bəlkə də  məhz o  gün, orda Fətta Alpərin o möhtəşəm otağında   yoluxmuşdu. Hiss etmişdi ki, bu çək -  çevirdən sonra Fəttah Alpərə inansa da, o, sövqi- təbii  öz-özünə əvvəlki kimi inanmır.  Elə bil içərisində labirintə düşmüşüdü. Hara üz tütürüdsa,   qarşısına  Fəttah Alpər  çıxırdı. Doğrudur, bu labirintdə arabir  qarşısına səy Ağabəy də  çıxırdı,   nə qədər qəribə olsa da  səy Ağabəy o labrintdə Xıdır Ağsunun qarşısına  həmişə  Murtuz Qabiloğlu ilə  birlikdə çıxırdı. 
Xıdır Ağsu bu labirintdə heç cürə gedib  özünə çıxa bilmirdi.  Fəttah Alpərdən ayrılandan bir neçə gün sonra  yavaş - yavaş həm də hiss etməyə  başladı ki,  qəzetdəki həmkarları  əvvəlki adamlar deyil,  adamlar ondan sürətlə uzaqlaşırdı.  Hiss etməyə başladı ki,   qəzetdəki adamlar   ona əvvəlki kimi ürək qızdırmır,  ona  ehtiyatla yanaşır, bəziləri hətta başından eləməyə çalışır, hətta Fəttah Alpərlə  görüşündən sonra ona  ciddi məqalə  sifarişi  verən də olmamışdı. 

Belə günlərin birində canındakı  qaranlıqdan yaxa qurtarmaq üçün Xıdırı Ağsu  yolunu   Sahil  gəzərliyindən  saldı.  Bir xeyli gəzərliyi  payi - piyada dolaşdı.  Ən nəhayət yoruludu.   Qarşısına çıxan  ilk pivəxanaya girib, bir parç pivə və noxud  sifariş verdi və gözdən uzaq  stolların birini arxasına çəkildi. 

Stolun  üstündə  kiminsə qoyub  getdiyi qəzet vardı.  Qəzet «Vətən» qəzetiydi.  O,  qəzeti vərəqləməyə  başladı. 

Otuz iki səhifəlik qəzetdə nələr  yoxuydu.  

Siyasi yazıları  bir kənara qoysaq,  qəzet mövzu baxımından  çox zənginiydi.   Ən əsası isə Xıdır Ağsu illərdi   məhz «Vətən» qəzetində gedən  mövzuların axtarışındaydı.  XX əsrin əvvələri, birinci  iki on ili , birinci dünya müharibəsi,  Osmanlı xənadanlığının çöküşü, gənc türklər, Türkiyədə onlara  «tum türklər»  deyirdilər, gənc türklərin Osmanlı xənadanlığının  tarixində oynadığı  rol,  türkçülük, çar Rusiyasının   süqutu,  şərqdə ilk demokratik dövlət, Xıdır Ağsunun xüsusi məhəbbətlə  sevdiyi,  ağrıdığı , əzizlədiyi  Xalq Cümhuriyyəti,  Hüseyn Cavid,   SSRİ-nin yaranması,  SSRİ-nin daxilindəki Azərbaycan SSR,  ikinci dünya müharibəsi,   SSRİ-nin  dağılması,  fəlsəfi, sosioloji,  tarixi  məqalələr,  Azərbaycandakı  milli azadlıq hərəkatı… 
Qəzetdə  həm də kin - küdurət az idi.

Qəzet mövzularıyla  ona çox doğma göründü..

Elə bil Xıdır Ağsunun içindəki qaranlığa  işıq düşdü.

Xıdır Ağsu  elə həmin gün Mirzə Fətəli Axundov adına kitabxanaya üzv yazıldı.  Kitabxanada Teymur Göyçəlinin baş redaktorluğu ilə  çıxan  «Vətən» qəzetinin   bütün nömrələriylə  tanış oldu,  qeydlər götürdü,  onu maraqlandıran  mövzularda yazan müəlliflərin  imzaları , tərcümeyi - halları  və yazdıqları   məqalələrlə bağlı kartoteka tərtib etdi. 

Və  bundan sonra o, Teymur Göyçəlinin qəbuluna düşmək üçün yollar  aramağa başladı.