Rənglər və səslər dünyası

Rənglər və səslər dünyası

Aslan Quliyev

İllər öncəsi tanış olmuşuq. Yardımlıda yaşayan gözəl şair, gözəl insan, ən əsası da bu balaca torpaqdan getməyə dəfələrlə imkanı, fürsəti olsa da, bu imkandan istifadə eləməyib bu torpağa, dağlara bağlanan, bu torpaqda yaşayıb yaradan Sakit İlkinin yaradıcılıq gecəsində. Tozlu, tutqun salondu, tavanı elə alçaqdı, ayağa qalxanda başının tavana dəyəcəyini düşünürdün. Mən də çıxış elədim, Nəvai məclisi kamerasının yaddaşına köçürdürdü. Rəssam olduğunu öyrəndim, amma əsərləri ilə tanış deyildim.

Sonralar virtual aləmdə əsərləri ilə də tanış oldum, dostlarımdan haqqında çoxlu xoş sözlər eşitdim və Nəvai ilə öz emalatxanasında görüşməyi qərara aldım. Zəngləşdik, heç fikirləşmədən görüşməyə razılıq verdi. Səsində bir istilik, nəsə bir xəfif kədər var idi. Bu isti, kədərli səs də mənə deyirdi ki, mütləq gəl və ürəyin kimi də istəyirsə gətir.

Səsin istiliyi mənə çatırdı, amma kədəri yox.

Zəka Vilayətoğlu, Səlim Babullaoğlu və mən yığışıb getdik.

Mən bu balaca, fırçalar, tablolar, etüdlər, yarımçıq rəsm əsərləri arasında bir ara özümü itirmişdim. Sirli, sehrli rənglər dünyasına düşmüşdüm, divarlardan, divarın diblərindən, döşəmədən mənə çoxlu sayda canlı insanlarda olduğundan daha ifadəli, enerjili gözlər baxırdı. Çöllərin rəngi daha təbii, düşündürücü idi, hətta mən rəssamın bacarıqlı əliylə Göyəzən dağının ətəklərinə səpələnmiş lalələrin, çöl çiçəklərinin qoxusunu da duyurdum.

Rəssamlar özlərini çəkir, yazıçılar özlərini yazır. Azından hisslərini, duyğularını, düşündüklərini çəkir, yazırlar. Hər kəs öz əsərlərinin arxa planında özüdür.

Nəvainin əsərlərində də eləydi. Təkcə səsi yox, özü də isti, nəcib olan bu rəssam qardaşımızın qəlb genişliyi, düşüncə, fikir genişliyi rəsmlərinə də hopmuşdu. Kiçik bir rəsmi belə ölçülərindən hədsiz böyük görünürdü. Mən heyrətlənirdim, rəssam bunca genişliyi bu kiçik kətan parçasına necə sığışdıra bilib? Bir qədər sonra başa düşdüm, tam əksinə, o sadəcə olaraq rəsminin bütün detallarına, bu rəsmdəki elementlərin bütün ölçülərinə genişlik verə bilmişdi. Bu isə hər rəssama müyəssər olmur.

Nəvai sovet rəssamlıq məktəbinin yetirməsidir. Bu məktəb bütün dünyada özünü təsdiq elətdirib, böyük ənənələri və dünyanın hər yerində davamçıları var. Əsasən klassik üslub və formada çəkir, üstünlüyü realist üsluba verir. Yəni ağılın və məntiqin qəbul elədiklərini çəkir, qəbul eləmədiklərini yox. Amma onun bütün yaradıcılığını hansısa çərçivəyə, xüsusən də realizmə sığışdırmaq doğru olmazdı. Əslində isə Nəvai modern rəssamlığın bütün elementlərindən, üsullarından, çalarlarından istifadə eləyir. Mənə qalarsa, onun yaradıcılığını ən dəqiq xarakterizə eləyən tanıyanlarının və oxucularının həmişə adını ehtiramla çəkdiyi gözəl şairimiz Akif Səməd olub: «Rəssam var ki, adam, at, it şəkli çəkə bilmir. Nəsə çəkir adını da nəsə izm qoyur. Amma Nəvai adam, it və at şəkli çəkə bilir."

Diqqətimi qapının küncündən balaca çərçivədə asılmış, yaşıl otların arasıyla qaçan keçi rəsmi çəkib. Burda rənglər adamı özünə maqnit kimi cəzb eləyirdi, bu tablonunu üzərində mənə doğma olan, xatirələrimdən, yuxularımdan boy verən uşaqlıq illərinin ab-havası dolaşırdı, təkcə yaşıl çəmənliyi və çəmənlikdə qaçan keçini yox, uzaq illərin arxasında düşüb qalan, qoyun-keçilərini geniş, sükut içində boğulan kənd çöllərində otaran balaca kənd çobanlarını da görürdüm. Çox təsirləndim.

Nəvai konkret olaraq bir mövzuda, bir süjetdə işləmir, portret, ya da təbiət rəsmləri çəkmir, onun fırçası bütün mövzularda işləyir. Portret rəsmlərində də, təbiət mənzərələrində də.

Modern rus rəssamlarından Viktor Breqadanın müsahibəsini «Yazı» yurnalı üçün tərcümə eləyirdim. Müsahibəsində Breqada deyir: «Mənim «çox ölçülü» rəsm əsəri yaratmaq xoşuma gəlir, belə əsərdə tamaşaçı şəkildəki qatlara bir-birinin arxasınca nüfuz eləyir, hər dəfə də ilk baxışdan görə bilmədiyi yeni-yeni çalarlar və nüanslar aşkar eləyir. Bunun kimi «çox ölçülü», şəklin ikili görünüşü – yəni şəklin üst qatında bir görünüş, onun altından ikinci və daha sonra üçüncü görünüşün açılması - tamamilə sürrealizm ənənələrinə uyğundur. Mən hesab eləyirəm ki, əyər heç hara tələsməsən, milyon görünüşlü rəsm əsəri yaratmaq olar».

Ondan soruşuram, bəs sən neçə ölçülü rəsm əsəri çəkirsən? Deyir, mən inanmıram rəssam rəsmini çəkəndə qarşısına neçə ölçülüsə rəsm əsəri çəkməyi məqsəd qoya. Biz əsərlərimizi bütün ölçüləriylə çəkirik. Ordakı ölçüləri görmək isə tamaşaçıların, rəsmlərə baxanların işidir. Onların səviyyəsindən asılıdır. Eləsi var heç əsərin özünü əməlli-başlı görə, duya bilmir, eləsi var, sanki rəsmi səninlə bərabər çəkib, bütün ölçüləriylə, çalarlarıyla birlikdə görür. Türkiyədəki sərgilərində dəfələrlə belə tamaşaçılarla rastlaşdığını deyir.

Zəkanın ən çox Nəvainin başı üzərindən asdığı kənd qadınının portretindən xoşu gəlmişdi. Bu tabloda cizgilər qabarıq, daxili enerji daha güclü idi. Tablodakı işıqlı, nurulu çöhrəsi olan, sadə, ciddi, ciddi olduğu qədər də mehriban kənd qadını nufuzlu baxışları ilə qəlbimin dərinliklərinə qədər sirayət eləyirdi. Adama elə gəlirdi indicə nəsə soruşacaq, nəyisə qaydasınca eləmədiyin üçün məzəmmətləyəcək.

«Nənəmdir, - diqqətlə baxdığımızı görüb danışır, - rəssam olduğum üçün ona borcluyam. Evdə hamı oxumağımı, məktəbi qurtarıb digər qohum-əqrəbam kimi instituta qəbul olmağımı istəyirdi. Təkcə nənəm məni qoruyur, rəsm çəkməyimə kimsənin mane olmasına imkan vermirdi. Qoymurdu çəkdiyim rəsmlərə kimsə toxunsun».

Türkiyədə əsərlərinin sərgisi keçiriləndə bir türk qadını ana portretinin qabağında dayanıb uzun müddət seyr etdikdən sonra onu yanına çağırıb soruşur, xocam, sən mənim annemi gördünmü, Nəvai görmədiyini deyəndə, qadın heyrətlənir: «Nasıl olur yaa, bu resimdeki tıpkı benim annem yaa, arkadaş».

«Qızılquş və mən» romanımın qəhrəmanı illər öncəsi çöllərdə balaca çobanların oxuduqları, göy üzünə, yer üzünə yayılan, axar sulara, əsən küləklərə, uçan buludlara qoşulub dünyanı dolaşan mahnıları eşidə bilirdi. Mənə elə gəlir Nəvai təkcə mənzərələri, canlı və ya cansız konkret obyektləri deyil, eşitdiklərini də kətan üzərinə köçürür. Səsin, işığın da rəsmini çəkir və bu rəsmlərə nə vaxtsa diqqətlə baxanlar onun çəkdiyi səsləri də eşidə biləcəklər.

Məşhur bir rəssamı çağırır, ona deyirlər, su üzərində rəsm çək. Özünə arxayın olan, güvənən rəssam çox çalışır, amma su üzərində rəsm çəkə bilmir. Pərt olur. Ona deyirlər: «Nahaq yerə üzülürsən. Bu o demək deyil, sənin rəsm çəkmək qabiliyyətin yoxdur, o deməkdir ki, suyun rəsm götürmək qabiliyyəti yoxdur».

Normal şüur səsin rəsmini çəkməyi qəbul eləmir. Altşüurda isə mümkündür. Bunun üçün səsi təkcə eşitməli yox, görməlisən. Çünki bütün hallarda rəssam yalnız gördüklərini, təsəvvüründə, təxəyyülündə canlandırdıqlarını çəkir. Görə bilirsə, çəkir. Görə bilmirsə, çəkə də bilmir.

Nəvai səsi görür. Görür və çəkir.

Dünyanın müasir rəssamları haqda, Levitan, Şişkin haqda söhbət eləyirik. Levitan təbiət rəsmləri çəkib. Onun yalnız bir rəsmində, «Xiyabanda» rəsmində xəiyabandakı xəzəllərin arasıyla addımlayan qadın rəsmi var. Onu da ora Çexovun rəssam qardaşı çəkib. Levitan günəş işığını kətan üzərinə gətirməyə çalışır, gətirə bilmir və buna görə əzab çəkirdi. Ömrünün sonuna kimi də bu hiss ona əzab verib və həmişə də bu sarıdan bəxti gətirən fransız rəssamlarına həsəd aparıb.

Nəvaidən onda belə bir hissin, hansısa detalı, mənzərəni, günəş işığını kətan uzərinə gətirməkdə bir çətinliyi olub-olmadığını soruşuram. Gülümsəyir, məlum olur, bu hisslər ona da tanışdır, amma onun üçün təkcə günəş işığını yox, ümumiyyətlə, ən ağrılı, çətin yaradıcılıq prosesi işığı kətan üzərinə gətirməkdir.

Belə deyir, amma onun rəsmlərini gözdən keçirəndə hər halda Nəvainin bu işin öhdəsindən məharətlə gəldiyini görürəm. Tablolarda işıq boldur, rəngarəngdir, yerindən, anından asılı olaraq rəsmlər güclü və ya zəif işıqlandırılıb.

Xatırlatdım, qələmlə də, fırçayla da mənzərələr, tablolar çəkilir. Fərqli nüanslarda, şəraitlərdə, amma hər halda çəkilir. Əvvəlcə qələmlə çəkilən mənzərələrdən iki nümunə göstərmək istəyirəm.

Ayaz Arabaçıdan:

Qapımı gündə yüz yol açır-bağlayır külək,

İçəriyə qoymuram, çöldə ağlayır külək.

Fikrət Şahbazlıdan:

Arxamca su atma, ana,

Su dərdlərimi göyərdir.

Gözəl mənzərələrdir, birincidə içəri buraxılmadığından çöldə ağlayan küləyin şəkli çəkilib. İkincidə anaların arxamızca atdığı suyun göyərtdiyi dərdlərin.


Qarşımda isə Nəvainin fırça ilə çəkdiyi onlarla mənzərələr var. Qələmlə çəkilənləri ilk baxışda görmək olmur, təssəvvüründə canlandırıb görürsən, fırçayla çəkilənləri isə ilk baxışda görürsən, amma bütün qatlarını, çalarlarını görmək üçün o mənzərəni təsəvvüründə canlandırıb, təxəyyülündən keçirməli olursan. Fərq budur. Əslində isə nəylə çəkmək yox, necə çəkmək şərtdir. Nəvai də bunu başa düşür və çəkir.

Bir də bu rəsmlərdə mənim sezdiyim ən güclü, ilk baxışdan nəzərə çarpan cəhətlər sevgidir, məhəbbətdir. Onun bütün rəsmlərindən sevgi yağır, enerji yağır, rəsmləri onun fırçayla onlara verdiyi sevgi enerjisini yaddaşlarına həkk eləyir, əbədilik yadlarında saxlayırlar.


Nəvai Mətinin əsərləri, yaradıcılıq işləri öz doğma vətənində demək olar təbliğ olunmur, bütün istedadlı adamlara xas olan tale ondan da yan keçmir. Soyuq, etinasız münasibətlə üz-üzədir. Azərbaycan kimi sənətə dəyər, lazım olduğu qiymət verilməyən ölkələrdə rəssamın fırçası, yazıçının qələmi ilə dolanması mümkünsüzdür. Nəvai bir ara dolanışıq xətrinə rəssamlığa son qoyub, bizneslə məşğul olub. Amma hansı ölkədə olursa olsun, qayıdanda mütləq boyalar, fırçalar alırmış. Görünür qəlbinin dərinliyindəki hansısa hiss ona rəssamlığı bir dəfəlik atmağın mümkün olmadığını və onun yenidən rəssamlığa başlayacağını diqtə eləyirmiş.


Belə də olur. Həyat bir qədər qaydasına, axarına düşəndən sonra Nəvai yenidən öz doğma sənətinə qayıdır. Həm də birdəfəlik qayıdır. Daha böyük həvəslə, istəklə, arzuyla. Şöhrəti ölkənin sərhədlərini aşır, qardaş Türkiyədə sərgiləri təşkil olunur, əsərləri nümayiş olunur. İzmir şəhərində «Şərqdən Qərbə, Qərbdən şərqə» mövzusunda keçirilən sərgidə iştirak eləyir və Beynəlxalq Sənətçilər Birliyinə üzv seçilir. Ankaranın Antigone Sənət evində «Rənglərim rəngimdir» adlı fərdi sərgisi açılır. Sərgi məşhur türk rəssamı Savaş Smitin dəvəti ilə baş tutur. Sərgidə rəssamın Beynəlxalq Aktivist Sənətçilər birliyinin təşkil etdiyi festivalı çərçivəsində çəkilmiş əsərləri nümayiş olunur. Onu Türkiyəli rəssamlar dəvət eləyirlər, sərgisinin keçirilməsinə yardımçı olurlar. Türkiyədə bu sərgilər maraqla qarşılanır, çoxlu tamaşaçı toplayır. Bununla bağlı türk televiziyalarında canlı yayımlarda saatlarla çıxış eləyir, bütün türk mediası bu haqda yazır. Öz ölkəsində isə belə sərgilərdə iştirakına problemlər yaradılır, televiziyaları susur, mətbuatı da xəsisliklə bir iki-cümlə verməklə kifayətlənir. Niyə? Onun rəssamlığı nəyə görə kimlərisə narahat eləməlidir. Özü gözəl deyir. «Bu sənət məndən ötrü könül işidir. Mənim rəssamlığım heç kəsi narahat etməsin». Narahat olmayın, bu ondan ötrü sadəcə könül işidir.


Axı o harda olursa ölkəsini təbliğ eləyir, Azərbaycanını yaxşı mənada tanıdır. Təkcə bununla kifayətlənmir, söz, yazı adamlarının təbliği üçün də böyük işlər görür. Akif Səməd adına mükafat təsis edir və hər il bu mükafatları sahiblərinə təqdim eləyir.

Əlbəttə bu kiçik yazıyla bu böyük rəssamın bütün yaradıcılığını əhatə eləmək mümkün deyil, amma oxucularda bir təsəvvür yaransın deyə sonda bəzi rəsmlərinin fotosunu da verməyi qərara alıram.

Rəsmləri telefonun yaddaşına köçürdürəm.

Sonra emalatxanadan çıxıb həyətdəki balaca çardağın altında otururuq. Nəvai özünə məxsus sadəliklə həyətində kənd ab-havası, doğmalığı yaradıb. Yanımızdakı ləklərlə bənövşələr, gül kolları əkilib, bir qədər aralıda şəlalə əsəblərə dinclik gətirən səslə şırıldayır. Həyətin ortasında manqal tüstülənir, külək tüstünü həyətə yayır, aparıb hardasa evlərin arxasında tökür, yeni tüstüləri aparmaq üçün qayıdıb gəlir.

Səlim Prustun mənim hesabımla yüzü aşan suallarını verir. Bir daha adidən adi suallara cavab verməyin necə çətin olduğunu dərk eləyirəm. Nərd oynayır, yeyib içirik. Maraqlı həmsöhbətdir, ən xoşa gələn cəhəti isə ədəbiyyatımıza kifayət qədər bələd olmasıdır.

Heyf vaxt çox azdır, mənsə çox şeylər soruşmaq istəyirəm. Sonda bir daha görüşməyi qərara alırıq.

Yağlı boya ilə yenicə çəkdiyi Göyəzən dağının önündə yadigar şəkillər çəkdiririk.

Mən yuxarıda onun ən dəqiq qiymətini verən Akif Səməddən nümunə gətirdim. Amma onun əsərlərinə dəqiqə qiymət verənlər çox imiş. Onlardan biri Nəvaini şəxsən tanımayan, amma virtual aləmdə yayılan əsərlərini seyr eləyən türk pərəstişkarıdır: «Allah, Allah... Bu adam çox istedadlı, Allaha yaxın birisi». Necə də dəqiq deyilib!

Bu əsərləri yaradan özü də yaradanına yaxın birisidir…


Onun yaratdığından narahat olanlardan çox-çox yaxındır…

Emalatxanadan çıxanda soruşuram:

- Bəlkə də soruşmaq münasib çıxmır, hər halda maraqlıdı, ən çox sevdiyiniz rəsminiz hansıdı?

- Ən çox? - ayaq saxlayır.

- Hə, - təsdiq eləyirəm.

Qapının küncündəki yaşıl otların arasıyla qaçan keçini göstərir.

Çıxırıq. Qapıya doğru gedirik.


Qayıdıb yaşıl otların arasıyla qaçan keçiyə bir də baxmaq istəyirəm.

Qayıtmıram. Qulaqlarımda uzaq illərin arxasında düşüb qalan kənd uşaqlarının hayı-harayı, balaca çobanların holavarları, mahnıları səslənir.


Diksinirəm.

Bu sadə, balaca, amma isti, işıqlı emalatxanaya hələ çoxlu söz, sənət adamlarının gələcəyinə əminəm.

Onların Nəvainin çəkdiyi səsləri eşidəcəyinə də.