Rəşid Bərgüşadlı. Hacı Novruzəli (HEKAYƏ)

Rəşid Bərgüşadlı. Hacı Novruzəli (HEKAYƏ)

Mirzə Cəlilin uca ruhuna ehtiramla

Üç ildi pul yığırdı, amma vaxt yetişəndə başına nəsə əndirəbadi haqqeysablar gəlirdi, yoldan qalırdı. Bu dəfə isə gediş haqqını qaldırıb 7500 manat eləmişdilər və pulunun 1900-ü çatışmırdı. Daşa keçən bəxtini qarğıyırdı, uşaq kimi küsmüşdü vəfasız taleyindən, əli işdən tamam soyumuşdu. Borca girmək də başqa bir günah. Novruzəli qalmışdı odla su arasında. İntəhası, niyyət eləmişdi, bu yoldan dönə bilmirdi. Ürəyi də qulağına pıçıldayırdı ki, "Bu ili də qaçırsan, gələn ilki ziyarəti görməyəcəksən”. 

Kişinin şam kimi əridiyini görən böyük oğlu Cəlil rəhmə gəldi, qalan məbləği gətirib dədəsinin ovcuna basanda and-aman elədi, pulun halallığını verdi ki, alın təriylə qazandığı puldur. Kişinin sevincdən çiçəyi çırtladı! 

Özünü həkimə yoxlatdı, uzun səfərə çıxmağa hələ ki ürəyi tab gətirə bilərmiş. Yol biletini əlinə alandan sonra Novruzəli dizləri əsə-əsə günləri saymağa başladı. Həccin yol-yolağasını bilən padarlı Məhişin evini məscidə döndərmişdi. Hər gün altı kilometr yolu Padara gedib-gəlirdi. Məhiş ərinmirdi, şövqlə ona həccin vacibatları, ziyarətin savabından tutmuş məşəqqətlərinədək hər şeyi bittə-bittə anladırdı, – Novruzəli, bu yolda olmazın sıxıntılar da var. Bunun şeytan daşlamağı var, Ərafata dırmanmağı var, ac-susuz ordan-bura, burdan-ora çöllərdə yürüməyi var. Buna görə də istəyirsənsə ki, Allah işini asanlaşdırsın, o zaman yola çıxana qədər zikri birə beş artır. Hər gün Quran oxu, namazlardan ayrılma. Onda görəcəksən işlərin necə yağ kimi gedəcək. Allah-təala sənə bütün qapılarını açacaq, yolundakı bütün çətinliklər ram olacaq... 

Deyəsən bütün Novruzəlilər anadangəlmə saf olurmuş... Bicliyin nə olduğunu bilməz, ömründə rayondan qırağa çıxmamışdı. Heç Allahın Bakısını da görməmişdi. Məhişin öyüd-nəsihətlərini dinlədikcə həyəcandan dizləri titrəyir, Quran oxumaqla, namaz qılmaqla, zikrlə gecəsini-gündüzə calayırdı. Bir dərisi, bir sümüyü qalmışdı, yuxusuzluqdan gözləri çuxura düşmüşdü. Arvadı qorxurdu ki, belə getsə əri həcc üzü görmədən nakam köçəcək bu işıqlı dünyadan. 

...Amma Allah o günü nəsib elədi. Yolçuluq günü Məhiş çamadanların ağzını son dəfə kilidləyib mindi Bakı avtobusuna və gəldi çıxdı güllü-çiçəkli paytaxta. Ağzı ayrıq qalmışdı çılçıraqlı Bakının binalarına, körpülərinə, yollarına, maşınlarına, səs-küyünə, adamlarına. Hava limanına çatanda elə bildi ki, artıq Məkkədədir, ürəyi quş kimi atlandı. Sevincək oldu, başını itirdi qəhərdən. Saflığı ucbatından başqalarına baxanda geridə qalırdı həmişə, bu dəfə də üçüncü çamadanını avtobusdan götürüb geri qayıdanda dostlarından ayrı düşdü. Pəh!.. Büsbütün şüşədən olan binanın qapısını tapammasa nə təhər olar Novruzəliın əhvalı? Hinin qapısını itirən səy toyuq kimi! Dili Allah çağırırdı, ürəyi lalıyırdı hirsindən. Təpəsindən tüstü çıxırdı, qalmışdı başıhəşirinə qapının qulpunu axtara-axtara. Biqafil iki şüşə aralanıb içəridəki qaynaşan adamları ona göstərəndə Novruzəlinin ürəyi atlandı. Canından keçən cərəyan onu yerindəcə qupquru qurutdu! Elə bildi altından çaylar axan cənnətin qapısı açıldı üzünə, huri-qılmanlar da şad-xürrəm iş başındadırlar. Pıçıldadı ürəyində, – Xudaya, sənə canım fəda, işarədən anladım səni! Sənə inanmayan cəhənnəm odu görsün! – çamadanı qapıb özünü təpdi içəri. "Üzümə cənnət qapısı açan rəhminə qurban, sənin nə möcüzələrin varmış!..” – arxasınca qapı da bağlandı. Baqajlarını cəm eləyib oturdu üstündə, gözlərini qapı olası yerə xeyli zillədi. – Demək, Məhişin dedikləri kəramət başladı... Qapı da öz-özünə açılarmı heç?! – unutmuşdu haradan gəlib haraya getdiyini. Şirkət nümayəndəsi qoltuğunda qeyd dəftərçəsi ona yaxınlaşanda sağ əlini sığalladı, sol əlini altına dürtdü. Gözüylə bu mələksima oğlanın əlindəki "əməl dəftərini” yeyirdi. "Mələk” ondan soruşdu:

– Novruzəli Abdullayev sizsiniz?

– Bəli...

– Bəs niyə biletinizi təqdim etmirsiniz, qeydiyyatdan keçmirsiniz?

– Keçmişəm. Bax, biletim də əlimdədir – döş cibindən biletini çıxarıb ona uzatdı. Oğlan işini bildi. Çamadanlardan ikisini götürüb Novruzəlini qeydiyyata aldırdı, baqajı təhvil verdi və qabağa düşdü. Novruzəlinin ayaqları yerisə də fikri-zikri qalmışdı elevatorun üstündə qara dəliyə tərəf gedən çamadanların yanında.  "Çalmadan qapı açılarmı adamın üzünə? Açılandırsa, indiyədək niyə açılmırdı? Yox, bu Allahdan bir işarətdir! Gecə-gündüz yatmayıb yalvarmağımın, ibadətimin əvəzini verir qurbanı olduğum”... – bir də oğlan növbəti addımı atanda ayıldı ki, sən demə bayaqdan yerimirmiş, özüyeriyən pilləkənin üstündə yuxarı mərtəbəyə qalxırmış. Ayağını eskalatordan qırağa qoymaq istəyəndə oğlan onun qolundan yapışmasaydı kəllə-mayallaq girəcəkdi çarxın daraq dişlərinin arasına. Amma yenə də oğlandan qopub heyrətlə ona sarı gələn yola baxırdı, – Ey Xudavənd, keç bu aciz bəndənin günahlarından. Məni geri qaytar, qoy zavallı insanlara car çəkim sənin qüdrətini!.. Sən ki, biçarə qulunu bu cür şərəfləndirirsən, sənə gecə-gündüz ibadət etmək belə azdır. Bundan sonra yemədən-içmədən səni zikr edəcəyəm!..
Oğlan onu dartıb minik körpüsünə gətirənədək bığaltı qımışırdı. – Sən zikrin, ibadətin mükafatını gördünmü? Yeriyən yol görmüşdünmü indiyədək? – oğlanın üzündəki məhrəm nura şirnikmişdi Novruzəli kişi. 

– Gördüm, ağsaqqal, gördüm. Allah sizi sevdiyi bəndələri sırasına qoşmaqda yanılmamış. Ziyarətiniz qəbul olunar, inşallah.

– Qəbul olunmaq necə olur bəs? Üzünə yoxdan bir qapı açan, Ona gedən yola mindirib səni Özünə sarı aparan qüdrətin sahibi dil açıb danışası deyil ki! Qurbanı olduğum deyəsən məni çoxdan gözləyirmiş... – düşündü ki, yəqin zikri bir az artıq edibmiş, – "Yoxsa, qula bu qədər ehtiram göstərməzlər”...

Əlqərəz, təyyarəyə başqa vaxtı minəsi olsaydı kəsilməyə gələn dəli dana kimi vurnuxub çatını qırardı, dünya-aləm birləşsə də minəmməzdi bu şeytan əməlinə. Amma indi təyyarənin pilləkənlərini kəramətli bir Allah dostu kimi elə şəstlə qalxırdı ki, deyərdin, bu adam həccə yox, göyə meraca uçur. Huri kimi şux stüardessalar yerini göstərdi, kreslosunda rahatlandı. Təyyarənin atmosferinə girib ətrafdakıları başladı vergili adam təki mehribanca süzməyə. Nə təyyarə havalananda qorxdu, nə yerə enəndə huyduxlandı. Yolboyu bir Allaha dua elədi, beş də hacı Məhişə. Mədinə hava limanında abdəst almaq üçün ayaqyoluna girdi, əlini su krantına uzadanda dübarə "pəh!” – ilıq su şırhaşır Novruzəlinin ovcuna tökülməzmi!? Tökülmək nədi, təzyiq az qalırdı ovcunu deşsin! Heç vecinə də olmadı bu dəfəki möcüzə. Sadəcə gülümsəyərək, razılıq əlaməti kimi ədayla başını yellədi. Pıçıldadı, – Bəs necə?! Qurbanı olduğum mənim krantıma da vintil qoyası deyildi ki... Kəramətinə şükür, İlahi! – artıq əmindir ki, bir azdan Xudavəndi-aləmin özü onu qarşılayacaq. 

Kəramət havalı başıyla otelə yerləşəndə otaq yoldaşlarının salamına "və aleykum salam və rəhmətullahu və bərəkətuhu”nu deyən anda nurlanmışdı artıq. Qafilə qərara gəldi ki, axşam namazını altı yüz əlli min adamın yerləşdiyi Məscidül-Nəbidə  qılsınlar. Məscidə gedən tuneldə hər yanından ötdükcə öz-özünə yanıb yoluna işıq salan lampaların spiralından öpməyə hazır idi, – "Ay tövbə, deyəsən namazın-zikrin həddini çox aşmışam” – əmin idi ki, bu işıqlar onu salamlayır, sevincdən alışıb yanır. İlk müəzzin Bilal ibn Rubah əl-Həbəşinin soyundan olan zəncilər hər yanından ötdükcə özünü cəmi ağların hamısından beş köynək Allaha daha yaxın görürdü. Yeriyəndə ədası, danışanda intonasiyası qəribə olmuşdu. 

Namaza durdu, əzəmətli məscidin qübbəsindəki naxışların möhtəşəmliyinə elə hayıl oldu ki, bir də ikinci rükuda ayıldı, səcdəyə əyildi. Allahın nəfəsini qulağının dibində duyurdu. Əllərini sinəsində cütləyib "Allahu əkbər!” demişdi ki, başının üstündə bir çaxnaşma duydu. Qübbəyə baxdı. Ayələr bir-birinə qarışdı, dili topuq vurdu. Qınamayın Novruzəlini, çünki bu dəfəki "pəh!” döndü oldu "Aha, gəlir!”. Təzəcə qırxılmış başında tüklərinin dibini soyuq tər basdı. Nə görsə yaxşıdır?! Gözünü ovub bir də baxdı. Bayaqkı naxışlı qübbələr yerində yoxdu!  – Aman Allah!.. – hə, o gözəl naxışların yerində heç nə qalmamışdı. Göydəki ulduzlar başının üstündə sayrışıb ona göz vururdu. Yanındakı namaz yoldaşını dümsüklədi, – Bax, ora bax, tavan yarıldı, qübbə qeyb oldu! Göy üzünü sən də görürsən? Allah gəlir, eşidirsən? O gəlir!.. – amma ondan başqa hər kəs müqəddəs torpaqlarda namazın sehrinə təslim etmişdi özlərini, qılları da tərpənmirdi, milçək uçsaydı vızıltısı eşidilərdi. "Yox, bu iş tamamdır! Məndən başqa hər kəsin gözləri möhürlənib, yalnız mənə görünmək istəyir qurbanı olduğum” – yaxasına-başına düzən verdi ki, səmadan indi enəcək mələyin əlindən tutmağa ləyağı olsun. Camaat namazı bitənədək Novruzəlinin huşu göylərdə, gözü ulduzlarda qaldı. "Yəqin təklikdə görüşmək istəyir”... – əl-ayağa dolaşanda məsciddən çıxdı ki, Kəbəni salamlamağa getsin. Yolboyu hacı Məhişin dediyi möhtəşəm binaları, yolları darayırdı gözləri. Qara daşı uzaqdan görər-görməz fərəh doldu içinə. Sinəsini qabardıb nə desə yaxşıdır?.. Yox, hardan biləsiniz! Nə "pəh” dedi, nə də "aha”!.. 

– Ya Məhəmməd, qalx ayağa, gör kim gəlib hüzuruna!.. – Qüreyş qəbiləsinin yeddi arxadönənlərinin "Salam olsun sənə, ey sevimli Novruzəli! Xoş gəlib, səfa gətirmisən!” sədası qulaqlarında cingildədi. Daşı nişanlamış, ayaqlarının altını görmürdü. Hacı Məhişdən vəhy gəldi ona, – Novruzəli, bu daş əvvəllər ağ olub. O qədər günahkar insanlar toxunub ki ona, bax gördüyün kimi qaralıb bu günə düşüb. Öp o daşı! Öp ki, ağarsın, əvvəlki halına dönsün!”. Kəramət sahibi Novruzəli ağzını sildi, sonra da ətli dodaqlarını büzə-büzə, camaatı yara-yara Həcərül-əsvədə sarı götürüldü. Elə daşa çathaçatda saqqallı bir həbəş qamçısını onun kürəyinə endirdi, – Haram! – önə keçib hirslə əlini onun sinəsinə dayadı. Müqəddəs daşı qoruyanlardan idi, zəhmi adamın bağrını yarırdı. Novruzəli şirin dilini işə saldı, – Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşım! Fala baxdıran, xoruz döyüşdürən, it boğuşduran, pirdə yatanların arasından o boyda yolu  Həcərül-əsvədi öpməyə gəlmişəm... Saqqallı bu dəfə onu lap gerçəkdən, həm də murdar bir şey kimi geri itələdi, – Yallah, haram, yallah!..

– Səyvənd oğlu, səyvənd! Həzrət Abbas haqqı, sənə bir şapalaq ilişdirərəm, Qara Daşda on altıncı çat əmələ gələr. Bundan sonra Allahın qəzəbi dünyanı başına yıxar! O yana dur görüm! – adamı kənara itələyib özünü inamla irəli təpdi, daşın bir küncünə dodaqlarını yapışdırdı, –  Çox yaxşı bilərəm ki, sən zərəri və mənfəəti olmayan bir daş parçasısan. Əgər Rəsulullahın səni öpdüyünü deməsəydilər, əsla səni öpməzdim... – çönüb ikrahla saqqallı oğlanı qamçıladı. Baxdı ki, görsün, daş ağardımı. Ağarmamışdı. Hikkəylə təzədən öpdü. Yenə ağarmadı. Bəduğurluğu həbəşin ayağına, nöhsət sir-sifətinə yazdı, – Bir şey qaraldısa təkrar ağarmaz... – acmışdı, yuxusu gəlirdi, əlini yelləyib otelə yollandı...

İlk gündəncə Allahın onunla oynadığı gizlənpaçdan qəlbi qırıldı Novruzəlinin. Küsdü və qapandı otelə. Yoldaşları məcbur etməsəydi kondisionerli otaqdan heç çıxmazdı. Həccin vacibatlarına məcburən, ayaqlarını sürüyə-sürüyə gedirdi. Boş vaxt yaranan kimi yenə qaçırdı otağına. Hələ də ümid edirdi ki, Xudavəndi-aləm onu oteldə gözləyir ki, deyəcəklərini təklikdə desin. Müqəddəs Kəbənin başına toplanmış on minlərlə insanın cəzbi-halı ona təsir etmirdi. Hacı Məhişin, "Həcc islam ümmətini qəflət yuxusundan oyatmaq üçün böyük ziyarətdir” sözü yadına düşəndə əti ürpənirdi. Yol yoldaşları onu yola gətirməyə çox çalışsalar da, ağlına heç nə girmirdi. – Sənin qəlbin möhürlənib, zavallı insan! – axırda qarnının dərdiylə baş-başa buraxıb əl çəkdilər ondan. Bircə istəyi, arzusu vardı – evə tez dönmək, başsız qalan mal-heyvanının qeydinə qalmaq, doğulub-böyüdüyü həmin dağın-daşın havasına qovuşmaq.

Qayıtdı. Amma Allah kəssin belə qayıtmağı. Belə qayıtmaqdansa meyidi gəlsəydi daha yaxşıydı. Təyyarə qalxan və düşünbaşı iki dəfə ürəyi getdi qorxudan. Hava limanında qucaqlarında gətirib mindirmişdilər tibbi yardım maşınına. İki gün Bakıda xəstəxanada yatdı. Kəndə çatanda ciyərləri xışıldayırdı. Həkim demişdi ki, nədirsə, yad mikroba yoluxub ciyərləri. Arvadı kəsdirmişdi böyrünü. Ərinin üzünə çökən kədərin arasında bir həci nuru axtarırdı, tapammırdı. 

Hacı Məhiş ziyarətinə gələn günü lap ölüm ayağında idi. – Həci adın mübarək, ay Novruzəli! – əyilib yanaqlarından öpdü, – Allah ziyarətini qəbul eləsin...

– Eləmədi...

– Nə eləmədi, nəyi eləmədi?

– Allah... Ziyarətimi qəbul eləmədi, gəlmədi...

– Zayıllama, həci... – düşündü ki, ziyarətin travması da ola bilər. – Dedilər xəstələnmisən. Dərd eləmə. Ora gedənlərin əksəriyyətinə Ərəbistanın havası düşmür. Hərə bir ölkədən gəlir, özləriylə də min cür mikrob. Əksəriyyəti yoluxur. Amma keçici şeydir. İnşallah, bir-iki günə turp kimi olarsan... Qurban kəsdirdinmi?

– Yox, heç nə kəsdirmədim!

– Niyə?!

– Pula heyfim gəldi. 

– Bəs şeytanı daşladınmı?

– Betondan şeytanmı olur?

– Əstəğfürullah! Canında Allah xofu qalıb sənin...

– Gələn dəfə gedəndə kəsdirərsən, inşallah. Bu dəfə yolun-yolağasını öyrəndin, növbəti dəfə bütün bu çətinliklər olmayacaq... – oğlunu neçə gündür bir dərd götürmüşdü ki, bəlkə də yolpuluna qatdığı bank faizidir atasının ziyarətini gözündən gətirən. 

– Getməyəcəyəm ta! – Novruzəli çönüb alnını əhənglənmiş soyuq divara dayadı.

–  Niyə? – Məhiş sual dolu baxışlarıyla Cəlili süzdü, – "Buna nolub belə?”... Novruzəli dinmədi. Əvəzində Cəlil hacı Məhişin qulağına pıçıldadı ki, atası Allahdan küsüb.

– Adam Allahdan küsərmi? Yoxsa sənin pişvazına çıxmalıydı?! – coşdu. Amma gördü ki, bu həna o hənadan deyil, Novruzəli başqa cür safdır, bir az yumuşaldı, –  Allahın yəqin işi çıxıb... Gələn dəfə təkrar gedərsən, o zaman hər şey gözündə başqa cür olacaq...

– Kafir dediyimizin düzəltdiyinə minib ziyarətə gedirik, adını da şeytan əməli qoyuruq. Yox, nəsə yanlışlıq var dünyanın gərdişində. Allah onlara daha çox verib. Bizim avam qulaqlarımıza çatan dedi-qodudan başqa bir şey deyil...

– Ata, bax hacının yanında söz verirəm, gələn il səni özüm aparacağam həccə!

– Heç yana getməyəcəyəm! Samalyota minməkdən qorxuram...


09 aprel 2019