Rey Bredberi. Bitməyən yağış (hekayə)

Rey Bredberi. Bitməyən yağış (hekayə)

Yağış hələ də davam edirdi – amansız, bitməyən, zəhlətökən,  cansıxıcı yağış. Gah çiskin, gah çəpəki yağan narın  yağış, gah da gözləri kor edən, çəkmələrin içinə dolub şappıldayan leysan. Elə yağış ki, bu yağışda həm bütün başqa yağışlar, həm də yağışların  xatirələri itib-batırdı. Milyonlarla yağış damlaları birləşib selə dönür, pöhrəlikləri didib-tökürdü, ağacları yıxıb böyrü üstə qoyur, torpaqda dərin oyuqlar açır, kolluqları yuyub aparırdı. Yağış adamların əllərini büzüşdürüb lap meymun pəncəsinə döndərmişdi, şüşə qırıntıları kimi sərt damlalar göydən yerə dayanmadan səpələyir, yağır, yağır, yağırdı.

- Hələ çox qalıb, leytenant?

- Bilmirəm, bir mil də qala bilər, on mil də, yüz mil də.

- Siz dəqiq bilmirsiniz?

- Mən dəqiq necə bilə bilərəm?

- Bu yağış mənim heç xoşuma gəlmədi. Günəşli Günbəzə nə qədər yol qaldığını bilsəydik, heç olmasa bir az yüngülləşərdik.

- Hələ bir saatlıq yol qalıb, uzağı iki saat.

- Siz doğrudan belə düşünürsünüz, leytenant?

- Əlbəttə.

- Bəlkə də bizə ürək-dirək vermək üçün yalan deyirsiniz.

- Hə, sizə ürək-dirək vermək üçün yalan deyirəm. Bəsdir çərənlədik!

İkisi yanaşı oturmuşdular. İslanmış, yorğun, ayaq altına yapışıb qalan palçıq kimi əzgin olan daha iki nəfər isə, onların arxasında oturmuşdu.

Leytenant başını qaldırdı; nə vaxtsa qarayanız olan üzünün dərisi indi yağışdan avazımışdı, elə bil ki, gözləri də solub dişləri və saçları kimi ağappaq olmuşdu. O, tamamilə bəyazlaşmışdı, üzərini örtmüş yaşılımtıl kif ərpini nəzərə almasaq, mundiri də ağarmışdı. Leytenant yanaqlarından suyun necə şırnaqla axdığını hiss edirdi.

- Çox da zilə çıxmayın, - arxada oturmuş iki nəfərdən biri dilləndi. - Venerada həmişə yağış yağır. Həmişə. Mən düz on il burda yaşamışam, hələ nəinki  bir dəqiqəliyinə, hətta bircə saniyəliyinə belə yağışın kəsdiyini görməmişəm.

- Suyun altında yaşamaq kimi bir şeydir, - leytenant qalxaraq, silahını düzəltdi.

- Neynəmək olar, gedək. Biz Günəşli Günbəzi tapacağıq.

- Ya da tapmayacağıq, - arxadakı həyasızlıqla əlavə etdi.

- Hardasa bir saat var.

- Siz məni aldadırsınız, leytenant.

- Heç də yox. Mən özümü aldadıram. Bəzi hallarda aldatmaq lazım gəlir. Mənim gücümün də bir sərhəddi var.

Onlar ot basmış cığırla hərəkət etməyə başladılar. Elə hey kompaslarına baxırdılar. Ətrafda yolu təyin edən heç bir işarə yoxdu, istiqaməti yalnız kompasla bilmək mümkün idi. Bomboz səma və yağış. Ot basmış cığır və hardasa uzaqda, içərisində iki nəfərin cəsədinin olduğu raket. Onlar heç nə danışmadan bir-birinin ardınca gedirdilər. Çay göründü - enli, dayaz, qonur çay. O, Böyük Dənizə tökülürdü. Yağışın damlaları çaya çırpılaraq, suyun üzündə minlərlə krater əmələ gətirirdilər.

- Yaxınlaşın, Simmons.

Leytenant başını yellədi və Simmons çiyninə taxdığı çox da böyük olmayan bağlamanı yerə qoyub açdı. Kimyəvi reaksiya o bağlamanı qayığa çevirdi. Leytenantın göstərişlərinə əməl edərək, onlar nisbətən yoğun pöhrələri kəsdilər və cəld avar düzəltdilər, sonra isə, yağışın altında tələsə-tələsə avar çəkərək axını keçdilər. Leytenant üzündə, boynunda, əllərində soyuq sızqovlar hiss edirdi. Soyuq böyrəklərinə sirayət etməyə başlayırdı. Yağış qulaqlarına, gözlərinə, hətta baldırlarına vururdu.

- Mən bu gecəni heç yatmamışam, - o dedi.

- Kim yatıb ki? Kim? Haçan yatıb? Biz məgər yata bilmişik? Düz otuz gecə, bu da o deməkdir ki,  otuz gün! Yağış başına döyəclədiyi halda necə yatmaq olar axı? Mən bircə şlyapa üçün hər şeyimi verərdim. Nə cür olur-olsun, bircə başıma yağış yağmayaydı. Məndə başağrısı var, başımın dərisi sanki tamamilə irinləyib, elə göynəyir ki.

- Məni bu Çinə sanki şeytanın özü tolazlayıb, - o biri dedi.

- Veneranı  Çin adlandıran adamı ilk dəfədir görürəm.

- Əlbəttə. Qədim işgəncəni xatırlayın. Sizi divara mismarlayırlar. Hər yarım saatdan bir əmgəyinizə bircə su damlası düşür. Beləliklə də siz, sadəcə gözləməkdən ağlınızı itirirsiniz. Burada da eyni  vəziyyətdir, fərq bircə ondadır ki, burada miqyas böyükdür. Biz sudan ötrü yaranmamışıq. Yata bilmirik, nəfəs ala bilmirik, fikirləşəndə ki, daim suyun içindəsən, həmişə islaq halda gəzməlisən, insan başını itirə bilər. Heç olmasa qəzaya hazır olsaydıq, özümüzlə ehtiyat yağışlıq və şlem götürərdik. Ən pisi odur ki, düz təpənin ortasına yağış dayanmadan  döyəcləyir. Çox ağırdır, elə bil ki, qırmadır. Yox, mən çox davam gətirə bilməyəcəyəm.

- Eh, görəsən hardadır bu Günəşli Günbəz! Onu yaratmaq  kimin ideyasıdırsa, öz işini yaxşı bilir.

Çayı keçdikləri müddət ərzində onlar hardasa uzaqda, pöhrəliklərin arasında gizlənən,  yağışın altında par-par parıldayaraq onların yolunu gözləyən Günəşli Günbəzi düşünürdülər. Bu, günəşin özü kimi parlaq, sapsarı  işıq saçan dairəvi tikili idi.

Hündürlüyü on beş fut, eni  isə yüz fut olan, hüzurlu, isti, ən əsası da, quru bir yerdi. Burada   həmişə isti yemək, çay tapmaq olardı. Günəşli Gümbəzin tavanında, düz mərkəzdə aydın məsələdir ki, günəş var. Elə də böyük olmayan, hərarət saçan sapsarı kürəcik düz günbəzin altındadır və onu istənilən adam - istər masa arxasında əyləşib kitab oxuyan, istər siqaret çəkən, istərsə də bir fincan üzü qaymaqlı isti şokolad içə-içə dincələn hər kəs görə bilər. İndi o mülayim, daim yanan qızılı günəş onları gözləyirdi. Və Günəşli Günbəzdə keçirəcəkləri zaman ərzində Veneranın heç kəsməyən yağışını unuda biləcəkdilər.

Leytenant arxaya çevrildi, dişlərini qıcayaraq avar çəkən yoldaşlarına baxdı. Onlar da leytenantın özü kimi ağ göbələyi xatırladırdılar. Venera bu  bir neçə ay ərzində hər şeyi tamamən rəngsizləşdirmişdi. Hətta meşənin özü belə nəhəng bir dəhşət mənzərəsini xatırladırdı. Axı günəşsiz, əbədi bir toranlıqda, heç zaman kəsməyən yağışın altında yaşıl qalmaq mümkün idimi?

Ağappaq pöhrəliklər, bəyaz pendiri xatırladan yarpaqlar, nəhəng anqutun ayaqlarına bənzəyən gövdələr. Burada torpağın özü belə bəyaz kamamber pendirini xatırladırdı.

Yeri gəlmişkən, əgər ayağının altında yalnız bataqlıq, gölməçə, qarşında isə, göl, nohur, çay və nəhayət, dənizdən savayı heç nə yoxdursa, torpağı görmək kifayət qədər çətindir.

- Əla!

Onlar suyu şappıldada-şappıldada sahilə çıxdılar. Qayığın havasını buraxıb onu qutusuna qoydular.Sonra yağışın altında dayanaraq, siqaret çəkməyə cəhd etdilər. Təxminən  beş dəqiqə əsə-əsə  alışqanla savaşdıqdan sonra nəhayət, yandırdıqları siqaretlərini ovucları arasında gizlədərək bir neçə qullab ala bildilər. Lakin dəqiqələr ərzində tütün nəm çəkərək zay oldu, çünki ağır damlalar dodaqları arasında sıxdıqları siqareti tamamilə islatmışdı.

Onlar yollarına davam etdilər.

- Bir dəqiqə dayanın, - leytenant dedi. - Deyəsən, mən nə isə gördüm.

- Günəşli Günbəzi?

- Əmin deyiləm. Yağış imkan verir ki?

Simmons irəli qaçdı.

- Günəşli Günbəz!

- Simmons, geriyə!

- Günəşli Günbəz!

O, yağışın altında gözdən itdi. Qalanlar da onun arxasınca götürüldülər.

Yoldaşları Simmonsu talada haqladılar, onu və "tapıntısı”nı gördükləri zaman isə heyrətdən yerlərindəcə donub qaldılar.

Raket. Raket, onu tərk etdikləri yerdəcə qalmışdı. Belə çıxırdı ki, onlar fırlanaraq yenə də eyni yerə gəlib çıxıblar və uzun-uzadı yola da elə burdan başlayıblarmış. Raketin qalıqları arasında iki cəsəd vardı, cəsədlərin ağızlarını yaşılımtıl kif basmışdı. Bunlar kosmonavtlardı, gözlərindəki kif hətta çiçəkləmişdi də, lakin durmadan yağan yağış çiçəklərin ləçəklərini çürüdərək məhv etmişdi.

- Bu, necə ola bilər axı?!

- Gürünür, yaxınlıqdan elektrik qasırğası keçib. O da bizim kompasları sıradan çıxardıb. Bütün məsələ də elə bundadır.

- Doğrudur.

- Bəs indi nə edək?

- Yola davam etməliyik.

- Lənət olsun, deməli, biz yerimizdə saymışıq!..

- Yaxşı, Simmons, özünü ələ al.

- Özünü ələ al, özünü ələ al! Bu yağış məni lap dəli edəcək!

- Əgər qənaət etsək, ərzağımız iki günə çatar.

Yağış onların üzlərində, yaş paltarlarında rəqs edirdi, burunlarınn, qulaqlarının ucundan, barmaqlarından, dizlərindən su şırhaşır axırdı. Sanki cəngəlliklərin atılmış, hər yerindən su axıdan  qədim daş hovuzları idilər.

Birdən uzaqdan dəhşətli bağırtı eşidildi. Bunun ardınca da yağmurun  pərdəsi altından bir bədheybət çıxdı. Bədheybətin mavi elektrik məftillərindən ibarət minlərlə ayağı vardı. O, yeyin-yeyin və geriyə dönmədən yaxınlaşırdı. Hər addım atanda adama elə gəlirdi ki, indicə qolaylanaraq bir zərbə ilişdirəcək. Onu mavi məftil-ayaqlarının dəydiyi hər yerdə ağaclar kökündən qoparaq yanıb külə dönürdülər. Nəm havanı güclü ozon axını doldurmuşdu, tüstü hər tərəfə yayılırdı. Bədheybətin eni yarım mil, hündürlüyü isə bir mil olardı, torpağı elə ayaqlayırdı ki, elə bil, kor azmandı. Bəzən bir anlığa tamamilə ayaqsız olurdu, sonrakı an isə, qarnından minlərlə qamçı çıxaraq ətrafdakı pöhrəlikləri amansızlıqla qırmanclayırdı.

- Elektrik qasırğasıdır, - dörd nəfərdən biri dilləndi. - Kompasları sıradan çıxardan da elə budur. İndə isə bizim üstümüzə gəlir.

- Uzan! - Leytenant əmr etdi.

- Qaçın! - Simmons da bağırdı.

- Səfehləməyin. Uzanın. O, yalnız  ən uca nöqtələri vurur. Raketdən əlli fut məsafədə yerə uzanın. Görərsiniz, bütün enerjisini ona sərf edəcək, bizdən yan keçəcək.  Tez olun!

Onlar yerə sərildilər.

- Gəlir? - elə həmin dəqiqə də sual səsləndi.

- Gəlir.

- Yaxınlaşıb?

- İki yüz yard məsafə qalıb.

- Bəs indi?

- Budur, o!

Bədheybət onların başının üstünü aldı. On mavi ildırım-oxu raketə tuşlayaraq atdı. Raket zərbə dəyən qonq aləti kimi titrədi, boğuq metal səsi çıxardı. Bədheybət yenə raketi nişan alıb bu dəfə on beş ox atdı. Oxlar möcüzəli pantomim hərəkətlərini xatırladırdı; ağacları və nəm torpağı sığallayaraq rəqs edirdilər.

- A-a! - kosmonavtlardan biri sıçrayıb ayağa qalxdı.

- Yerə yat, səfeh! - leytenant qışqırdı.

- A-a!

Daha onlarla ildırım raketi tamamilə məhv etdi. Leytenant qolu üzərinə qoyduğu başını o tərəfə çevirərkən minlərlə gözqamaşdırıcı mavi qığılcım gördü. Ağaclar parça-parça olaraq havaya uçdular, bədheybət isə, bir topa qara bulud kimi onların başının üstünü almışdı və yerə yüzlərlə elektrik oxu atırdı. Ayağa qalxan kosmonavt indi sanki nəhəng sütunlu zal uzunu qaçırdı.O,  səndələyir, sütunların arasında vurnuxurdu, lakin qəfildən o sütunlar darmadağın oldular və elə səs eşidildi ki, sanki milçək qızğın məftilin üstünə qonmuşdu. Belə məftil-tələləri leytenant uşaqlıqda fermadakı evlərində görmüşdü. Çox keçmədi ki, üç yoldaş külə dönmüş adam qoxusunu hiss etdilər.

Leytenant üzünü gizlətdi.

- Başınızı qaldırmayın! - o, göstəriş verdi. Buna baxmayaraq,  indicə özünün ayağa qalxıb qaçacağından qorxurdu.  Meşəni daha onlarla ildırımla işıqlandıran qasırğa artıq irəliyə doğru hərəkət etməyə başlamışdı. Ətrafda yenə yağış, yalnız yağış vardı. Yağış tezliklə yanıq qoxusunu apardı və üç yoldaş oturaraq təlaşdan az qala yerindən oynayan ürəklərinin bir az sakitləşməsini gözlədilər.

Sonra isə, bəlkə həyata qaytara bilmək ümidilə meyitə  yaxınlaşdılar. Artıq nə isə etməyin  əhəmiyyətsiz olması fikrilə heç cür barışa bilmirdilər. Bu, ölümü qəbul etmək istəməyən insanın təbii reaksiyası idi. Onlar ölümə toxunmamış ona əmin ola bilmirdilər, əmin olduqdan sonra isə, bircə sual qalırdı - onu basdırsınlarmı,yoxsa sürətlə böyüyən pöhrəliklərin ixtiyarınamı buraxsınlar...

Cəsəd dəri üzlüyü yanmış əyri-üyrü polad məftili xatırladırdı. Sanki mum gəlinciyi sobaya atmış,  üzərində nazik mum təbəqəsi qalana kimi yandıqdan sonra alovun içindən çıxartmışdılar. Qaralmayan yalnız dişlərdi, onlar da qapqara biləyə taxılmış bəyaz bilərzik kimi bərq vururdular.

- Görəsən, o niyə qəfildən sıçradı?

Onlar bunu demək olar  ki, üçü də birağızdan dedilər. Cəsədi onların gözləri qarşısındaca sıx bitki örtüyü bürüyürdü. Sarmaçıq, cürbəcür alaq otları, hətta arasında mərhum üçün çiçəklər də vardı.

Qasırğa mavi dayaqlar üzərində yeriyərək uzaqlarda gözdən itdi.

Onlar iri və xırda çayları, bataqlıqları, sonra yenə çayları, sonra yenə bataqlıqları keçdilər. Gözləri önündə  yeni çaylar doğulur, köhnələri yatağını dəyişirdi, civə rəngli çaylardı bunlar, gümüşü rəngli, süd rəngli çaylardı.

Onlar dənizə çıxdılar.

Böyük Dəniz. Venerada cəmisi bircə materik vardı. O, üç min mil uzununa və min mil eninə doğru genişlənirdi, hər tərəfdən Böyük Dənizlə əhatə olunmuşdu. Bu dəniz həm də yağmurlu planetin bütün qalan hissəsini tuturdu. Böyük Dənizin suları ölü sahilləri tənbəl-tənbəl yalayırdı.

- Biz o tərəfə getməliyik, - leytenant boynunu cənub istiqamətində uzatdı. - Əminəm ki, orda iki Günəşli Günbəz var.

- Hazır işə başlamışkən, niyə bu günbəzlərdən yüzünü tikməyiblər,  görən?

- Adada cəmi yüz iyirmi günbəzin olduğu doğrudur?

- Keçən ayın sonuna olan məlumata görə yüz iyirmi altı idi. Bir il əvvəl Yerdəki konqressdə daha iyirmi-otuz ədəd belə günbəzin tikilməsi barədə təklif irəli sürülmüşdü, lakin, məncə siz də anlayırsınız ki, belə işlərə ayrılmış vəsaitlə bağlı necə problemlər ortaya çıxır. Ondansa bir neçə adamın yağış altında çürüyüb getməsi sərfəlidir.

Onlar cənuba doğru addımlamağa davam etdilər.

Leytenant, Simmons və üçüncü kosmonavt Pikar gah narın yağan, gah da şırhaşırla tökən yağışın altında irəliləyirdilər. Leysan durmadan yağır, ətrafdakı hər şeyi qırmanclayır, qurunu da, dənizi də, yol gedənləri də döyəcləyirdi.

Onu ilk Simmons gördü.

- Budur!

- Nədir orada?

- Günəşli Günbəz!

Leytenant gözlərini aramsız qırparaq kirpiklərindəki yağış damlalarını silkələdi, əlini gözləri üzərinə qoyaraq yağışa mane olmağa çalışdı.

Uzaqda - meşənin kənarında, dənizin yanında nə isə saralırdı.

- Hə, bu odur, Günəşli Günbəz! - hamı gülümsədi.

- Deməli, siz haqlı idiniz, leytenant!

- Uğur!

- Görünüşü belə insana  güc verir. İrəli! Görək, birinci kim çatacaq? Axırıncı çatan it oğlu itdir!

Simmons çəmənlik boyu qaçmağa başladı, qalanlar isə, mexaniki olaraq onu təqib edirdilər. Onlar yorulub əldən düşmüş,  qaçmaqdan lap təngnəfəs olmuşdular, lakin heç birinin sürəti azaltmaq fikri yox idi.

- Bax, mən elə indicə doyunca qəhvə içəcəyəm, - Simmons gülə-gülə dedi. - Kişmişli kökə isə, lap qiyamətdir. Sonra isə yatacağam, qoy günəş lap bişirsin məni, razıyam. Günəşli Gümbəzin icad edənə də orden vermək lazımdır.

Onlar daha sürətlə qaçmağa başladılar, sarı rəng isə, getdikcə daha çox parıldayırdı.

- Allah bilir, bu sığınacağa çatana  qədər neçə adam ağlını itirib burda. Aydın məsələdir, - Simmons coşmuşdu, hər hecada nəfəsini dərərək danışırdı.

- Yağış, yağış, elə hey yağış. Bir neçə il qabaq dostumu gördüm... Burda... Öz dostumu... Meşədə gördüm... Yağışın altında... Eləcə avaralanır... Elə hey deyinir: "Heç bilmirəm, bu yağışın əlindən hara qaçım! Heç bilmirəm, bu yağışın əlindən hara qaçım! Heç bilmirəm, bu yağışın əlindən hara qaçım! Bilmirəm!” Zavallı, görünür, ağlını itiribmiş.

- Nəfəsini qoru!

Onlar qaçmağa davam etdilər.

Qaça-qaça gülürdülər, gülə-gülə də gəlib Günəşli Günbəzin qarşısına çıxdılar. Simmons irəli atılaraq qapıları taybatay açdı.

- Ehey! - o qışqırdı. - Kökələri və qəhvələri gətirin görək!

Cavab verən olmadı. Onlar içəriyə daxil oldular.

Günəşli Günbəz qaranlıqdı, içəridə kimsə yox idi. Nə mavi qübbənin altında alovlanan süni sarı günəş vardı, nə də ki, süfrə. Bura lap zirzəmi kimi soyuqdu, günbəzdəki minlərlə dəlikdən isə, içəri durmadan yağış suyu düşürdü. Su xalçalara və yumşaq kreslolara tökülür, stulların şüşə söykənəcəklərinə çırpılırdı. Nəhəng mamır topalarını xatırladan sıx alaq otları divarlardan sallanmış, kitab şkafını, divanı bürümüşdü. İri damlalar isanların sifətini də döyəcləyirdi.

Pikar səssizcə güldü.

- Bəsdir, Pikar.

- İlahi, siz bir işə baxın. Nə günəş var, nə də ki, yemək! Bu onların işidir, Venesklərin işidir!

Simmons alnındakı damcıları silə-silə başını yellədi, su onun ağ saçları və qaşları uzunu süzülürdü.

- Zaman-zaman Venesklər Böyük dənizdən çıxıb günəşli Günbəzə basqın təşkil edirlər. Onalr bilirlər ki, Günəşli Günbəzi yerlə-yeksan etsələr, bizi də məhv edə bilərlər.

- Məgər mühafizəçilərimiz silahlı deyil?

- Silahlıdırlar, əlbəttə, - Simmons döşəmənin nisbətən quru hissəsinə tərəf addımlayaraq dedi. Ancaq son hücümdan beş il ötür, mühafizəçilərin sayıqlığı azalıb, Venesklər də onları rahatlıqla ələ keçiriblər.

- Bəs onda cəsədlar hanı?

- Venesklər onları özlərilə dənizə aparıblar. Deyirlər, onların əsirləri suda boğmaq üçün özünəməxsus üsulları var. Proses ləng gedir, bütün prosedur səkkiz saata yaxın vaxt aparır. Sadəcə, inanılmazdır.

- Mərc gələrəm ki, bircə qram da yemək qalmayıb, - Pikar qımışdı.

Leytenant narazılıqla ona baxdı, sonra isə əli ilə Simmonsa çoxmənalı bir işarə etdi. Simmons başını yırğalayaraq Divarın yanındakı tikiliyə daxil oldu. Mətbəx orada idi. Turşumuş kömbələr hər yerə səpələnmişdi. Əti isə zərif yaşılımtıl kif basmışdı. Tavandakı çoxsaylı dəliklərdən içəriyə yağış düşürdü.

- Gözəl! - leytenant bu dəliklərə baxdı.

- Çətin ki, biz bu dəlikləri tutub burada bir səhman yarada bilək.

- Ərzaqsız?! - Simmons üz-gözünü turşutdu.

- Həm də günəş generatorunu parça-parça ediblər. Ən yaxşısı, növbəti Günəşli Günbəzə qədər getməkdir. Burdan oraya nə qadər yol var?

- Elə də uzaq deyil.

- Xatırlayıram, məhz burdakı iki günbəzi bir-birinə çox yaxın məsafədə inşa etmişdilər.

- Burada bir az gözləyə bilsək, xilasedici dəstə gələ bilər.

- Bəlkə də, onlar artıq buradan keçiblər. Təmir briqadası altı ay sonra göndəriləcək, konqressdən vəsaiti də elə o zaman göndərəcəklər. Gözləməyə dəyməz.

- Yaxşı, öz yeməyimizin qalanını yeyib yola düzələk.

- Bircə bu yağış artıq kəsəydi, başıma döyəcləməyəydi, - Pikar qeyd etdi. - Heç olmasa, bir neçə dəqiqəliyinə, heç olmasa, rahatlığın nə olduğunu xatırlaya biləydim. - O, hər iki əlilə başını sıxdı. - Xatırlayıram, məktəb vaxtı arxa partada vecsizin biri oturardı. Hər beş dəqiqədən bir məni çimdikləyirdi. Bu, hər gün beləcə davam edirdi. Mənim əllərim gömgöy olurdu, dərim şişirdi. Düşünürdüm ki, məni məhz bu çimdiklər dəli edəcək. Axırda məni bezdirib özümdən çıxarmağı bacardı. Mən həqiqətən ağrıdan dəli oldum, dəmir xətkeşi götürdüm və bu yaramazı az qala ölənə qədər döydüm. Az qala başını kəsəcəkdim, gözlərini çıxardacaqdım. Elə hey qışqırırdım: "Niyə o məni dəli edir?!”  İlahi! - o, əsən əllərilə başını bir az da bərk sıxdı, gözlərini yumdu. - Bəs indi mən nə edə bilərəm? Kimi vurum, kimə bağırım ki, rədd olsun, məni rahat buraxsın?! Yağış, lənətə gəlmiş yağış, nəfəs çəkməyə də imkan vermir, elə bircə onu görürük, bircə eşidirik ki, yağışdır, yağış, yağış!

- Düz dörd saata kimi biz növbəti Günəşli Günbəzdə olacağıq.

- Günəşli Günbəzdə? Görəsən, o da bu gündədir? Bəlkə, onların hamısını darmadağın ediblər, bəs onda necə olsun? Bəlkə, hamısı bunun kimi dəlik-deşikdir, hamısına da su düşür? Hə?!

- Neynək, bəxtimizi sınamalı olacağıq.

- Mən artıq bəxtimi sınamaqdan təngə gəldim. Bircə şey istəyirəm, başımın üstündə bir dam və bir az, lap azacıq sakitlik. Tək qalmaq istəyirəm.

- Bir az tez-tez getsək, səkkiz saatlıq yoldur.

- Narahat olmayın, geri qalmaram, - Pikar baxışlarını gizlədərək gülümsədi.

- Gəlin, yeməyimizi yeyək, - bayaqdan onları diqqətlə izləyən Simmons təklif etdi.

Onlar yenə sahil boyu cənuba tərəf getməyə üz qoydular. Beşinci saatda artıq yolu dönmək lazım gəldi, çünki, çay yolu kəsmişdi, həm də bu çay elə geniş və bol sulu idi ki, qayıqla onu üzüb keçmək heç cür mümkün deyildi. Onlar çayın kənarı  boyu on kilometr gedəndən sonra gördülər ki, bu çay torpağın bətnindən çıxır; sanki, ölümcül yaradan qan axırdı. Çayı keçərək, onlar bitib-tükənməyən yağışın altında yenə dənizə girməli oldular.

- Mən yatmalıyam, - Pikar yerə çökərək dedi. - Dörd həftədir ki, yatmıram. Heç bir dəqiqəliyinə də olsun, gözümü yummamışam. Mən elə buradaca yatacağam.

Göyün üzü qaralmışdı. Gecə düşürdü, Veneranın gecələri elə vahiməli bir qaranlığa qərq olurdu ki, belə zülmətdə hərəkət etmək təhlükəli idi. Elə Simmons və leytenant da ayaqlarını güclə sürüyürdülər. Leytenant dedi:

- Yaxşı, bir yoxlayaq görək. Bəlkə, bu dəfə alındı. Hərçənd belə hava yatmaq üçün heç də əlverişli deyil.

Onlar uzandılar, əllərini başlarının altına qoydular ki, su ağızlarına və gözlərinə  dolmasın. Leytenant tir-tir əsirdi. O, yata bilmirdi. Üzərində nəyinsə süründüyünü hiss etdi. Sanki onu nə isə bir canlı, hərəkət edən bir örtüyə bürüyürdülər. Damcılar süzülərək başqa damcılarla birləşir, axın əmələ gətirirdilər, su paltarından içəri sızır, dərisini qıdıqlayırdı. Paltarın üstünə düşən körpə bitkilər elə o dəqiqə kök atırdılar. Budur, sarmaşıq artıq bütün bədəninə möhkəmcə sarılıb. Onun gözləri önündəcə  xırdaca çiçəklər qönçələnir, sonra açılır, elə o dəqiqə də ləçəklərini tökürdülər. Yağış isə, durmadan başına döyürdü. Kabus bir işıqda - bitkilər qaranlıqda fosforik bir işıq saçırdılar - o, öz yoldaşlarının siluetini görürdü, sanki onlar qopub yerə düşərək  otların, çiçəklərin məxməri örtüyünə bürünmüş ağac kötükləri idilər. Yağış onların boynunu, boğazını qırmanclayırdı. O, palçığın içində çevrilərək, qarnı üstə uzandı. İndi də yağış kürəyini və ayaqlarını qamçılayırdı. O, ayağa qalxıb, üzərindən şırnaqla axan suyu dəli kimi silkələdi. Sanki, minlərlə əl ona toxunurdu, lakin artıq bu toxunuşlara dözmək iqtidarında deyildi. Səndələdi və nəyisə tapdaladığını hiss tdi. Əlbəttə, Simmons. O, yağışın altında titrəyir, əsnəyir və öskürürdü. Elə o dəqiqə Pikar sıçrayaraq ayağa qalxdı və qışqıraraq  onların ətrafında fırlanmağa başladı.

- Dayanın, Pikar!

- Kəsin səsinizi, kəsin! Bəsdir! – Pikar bağırdı. Sonra tüfəngini qapdı və qaranlığa ard-arda altı atəş açdı.

Açılan hər atəş Havadakı yağmur damlalarını işıqlandırırdı; milyard- milyard, milyard-milyard göz yaşı, milyard-milyard mirvari dənələri, yaxud piştaxtaların bəyaz məxməri fonunda  işıldayan xırdaca brilyantlar... İşıq söndü. Sanki rəsmlərini çəkmək mümkün olsun deyə, bir anlıq havadan asılı qalmış təsiri bağışlayan damlacıqlar soyuğun və əzabların mücəssəməsi olaraq bir dəstə həşərat təki insanların üzərinə hücum çəkməyə davam etdilər.

- Bəsdir, bəsdir!

- Pikar!

Lakin Pikar, sanki lal olmuşdu. O, daha fırlanmırdı, eləcə heykəl kimi durmuşdu. Leytenant gecə fənərilə onun sulu üzünə işıq saldı. Pikar ağzını geniş açaraq, yuxarıya baxırdı, yağış onun dilinə və göz bəbəklərinə damcılayır, burun dəliklərində köpük verib qabarırdı.

- Pikar!

O, nə cavab verir, nə də ki, bir hərəkət edirdi. Su qabarcıqları onun ağ saçlarında partlayır, boynu və biləkləri boyu isə, şəffaf almazlar kimi su damcıları axırdı.

- Pikar, biz artıq gedirik. Hə, yola davam! Getdik!

Onun qulaqlarından iri damlalar sanki fışqırırdı.

- Eşidirsən, Pikar?

O, deyəsən, həqiqətən daşa dönmüşdü.

- Onu rahat buraxın, - Simmons dedi.

- Biz onsuz gedə bilmərik.

- İndi neynəyək, onu qucağımızda daşıyası deyilik ki. O, artıq insan deyil. Sonra bilirsiniz nə olacaq? O, boğulana qədər elə beləcə dayanacaq.

- Nə?

- Məgər bu haqda heç eşitməmisiniz? Onda eşitməyin əsl vaxtıdır. O, başını göyə dikib beləcə dayanacaq ki, su ağzına, burnuna dolsun. Suyu içinə çəkəcək.

- Ola bilməz!..

- General Mentin də axırı belə olmuşdu. Onu qayanın üstündə başını dik tutub yağışla nəfəs alaraq oturmuş halda tapmışdıq, ciyərləri su ilə dolu idi.

Leytenant kirpik çalmayan gözlərə yenə işıq saldı. Pikarın burun pərələri səssizcə fışıldayırdı.

- Pikar! - leytenant onun dəhşətdən dəli olmuş üzünə bir sillə çəkdi.

- O, indi heç nə hiss etmir, - Simmons davam etdi. - Belə yağışın altında kim olsa, əl-ayağını hiss etməkdən məhrum olar.

Leytenant dəhşət içində öz əlinə baxdı, o keyimişdi.

- Axı biz onu burada tərk edib necə gedə bilərik?

- Bircə yol qalır, - Simmons atəş açdı. Pikar üzüqoylu bataqlıqlaşmış torpağa yıxıldı.

- Sakit olun, leytenant. - Simmons dedi. Tapançada sizin üçün də güllə tapılar. Sakit. Bir düşünün. O, onsuz da boğulana kimi beləcə dayanacaqdı. Mən sadəcə onun əzablarını yüngülləşdirdim.

- Siz onu öldürdünüz.

- Elədir, lakin əks halda, o, ikimizi də məhv edəcəkdi. Üzünü ki gördünüz:onun ağlı çaşmışdı.

Leytenant susaraq başını yellədi.

- Düzdür.

Onlar leysan altında yollarına davam etdilər.

Qaranlıq idi, fənərin işığı yağışın divarı boyunca yalnız bir neçə futluq məsafəni aydınlandıra bilirdi. Yarım saat sonra onlar təngnəfəs oldular.  Oturmaq, əzablı aclıq hissi ilə mübarizə apararaq səhəri gözləmək lazım idi. Budur, hava artıq işıqlanırdı; bomboz bir səhər, bitib-tükənməyən yağış. Onlar davam edirdilər.

- Deyəsən, zamanın hesabını itirmişik, - Simmons dilləndi.

- Yox, bir saat sonra ordayıq.

- Ucadan danışın, sizi eşitmirəm. - Simmons dayandı, gülümsədi. – Qulaqlarım, - o, öz qulaqlarına toxundu, - qulaqlarım eşitmir. Bu zəhrimara qalmış yağışın ucbatından sümükləriməcən keyimişəm.

- Heç bir şey eşitmirsiz? - leytenant soruşdu.

- Necə? - Simmons çaşqın halda ona baxdı.

- Heç nə. Gedək.

- Yaxşı olar ki, mən elə burada gözləyim. Siz isə gedin.

- Heç vaxt.

- Nə dediyinizi eşitmirəm. Gedin. Yorulmuşam. Məncə, günəşli Günbəz bu tərəfdə deyil. Lap bu tərəfdə olsa belə, yəqin ki, onun qübbəsi də dəlik-deşikdir, bayaq gördüyümüz günbəzdəki kimi. Yaxşısı budur, mən elə burada oturum.

- Qalxın, özü də bu dəqiqə!

- Hələlik, leytenant.

- Təslim olmamalısınız, daha lap az qalıb.

- Tapançanı görürsünüz? O isə  deyir ki, mən burda qalacağam. Canım boğazıma yığılıb. Hələlik ağlım üstümdədir, amma bu gedişlə  tezliklə dəli olacağam. Bunu isə istəmirəm. Siz lazımi qədər uzaqlaşan kimi mən intihar edəcəyəm.

- Simmons!

- Siz mənim soyadımı söylədiniz, dodaqlarınızın tərpənişindən bildim.

- Simmons...

- Başa düşün, bu, sadəcə zaman məsələsidir. Vay indi öldüm, vay bir neçə saat sonra, nə təfavütü var? Bir təsəvvür edin , siz artıq Günəşli Günbəzə çatmısınız, - əgər oraya ümumiyyətlə çata bilsəniz - və qarşınızda dəlik-deşik olmuş bir günbəz görürsünüz. Lap qiyamət olar.

Leytenant bir az gözlədi, sonra palçığı şappıldada-şappıldada ordan aralandı. Bir az gedib geri çevrildi, Simmonsu səslədi. Lakin o, əlində tapança ilə leytenantın gözdən itməyini  gözləyirdi. Narazılıq əlaməti olaraq başını yırğaladı, əli ilə "gedin” işarəsi verdi.

Leytenant açılan atəş səsini eşitmədi.

Yolu gedə-gedə o, rastına çıxan böyük yarpaqları qopararaq özünə şlyapa düzəltməyə çalışırdı. Hətta bir cəhd də etdi, lakin yağış elə o dəqiqə yarpaqları yuyub apardı. Yarpaqlar çürüyüb amorf kütləyə dönməmiş onları qoparmaq lazım idi.

- Daha beş dəqiqə, - o, özünə dedi. - Daha beşcə dəqiqə və mən dənizə girəcəyəm. Girəcəyəm və yoluma davam edəcəyəm. Biz bu həyata alışmamışıq. Yer sakinlərinin heç biri buna öyrəşə bilməz. Ah, əsəblərim, əsəblərim lap tarıma çəkilib...

O, yarpaq və nəmişlik dənizini yararaq keçdi və çox da böyük olmayan təpəciyin üstünə çıxdı. Qarşıda - soyuğun, nəmişliyin və dumanın əmələ gətirdiyi nazik tülün arxasında sarımtıl işıltı sezilirdi.

Günəşli Günbəz...

Uzaqda, ağacların arxasında dairəvi sarı tikili. O, dayandı və səndirləyərək tikiliyə baxdı.

Sonra leytenant  qaçmağa başladı və elə o an da addımlarını yavaşıtdı. O, qorxurdu. Köməyə heç kəsi çağırmadı. Birdən bu elə bayaqkı günbəz oldu, o günəşdən məhrum ölü günbəz, bəs onda necə ?

O, sürüşüb yıxıldı. "Uzan, - o, düşündü. - Nə fərqi var ki, onsuz da yenə yanlış ünvana gəlmisən. Uzan və doyunca iç, iç.”

Lakin leytenant özünü toplayıb yerdən qalxdı, saysız-hesabsız çayları keçərək irəli addımladı. Sarı rəng artıq lap parıldayırdı, o yenə qaçdı. Ayaqları ilə şüşə qırıntılarını və güzgüləri əzərək qaçırdı, ovuclarına isə, iri brilyantlar dolur, ətrafa səpələnirdi. O, sarı qapının qarşısında dayandı. Qapının üstündə "Günəşli Günbəz” yazılmışdı. O, keyimiş əlilə qapıya toxundu, dəstəyi çevirərək qapını açdı və ağır-ağır içəriyə doğru addımladı.

Kandarda o, ətrafı seyr edərək bir müddət donub qaldı. Arxasındakı qapını yağış döyəcləyirdi, qarşısındakı alçaq masanın üzərində gümüşü rəngdə qazança və üzü qatı qaymaqla örtülü dolu bir fincan isti şokolad vardı. Yandakı məcməyiyə isə içərisi iri cücə əti parçaları, təzə pomidor və yaşıl soğanla doldurunlmuş böyük buterbrodlar qoyulmuşdu. Düz burnunun tuşundakı asılqandan böyük xovlu dəsmal asılmış, ayaqlarının yanına isə yaş paltarları yığmaq üçün yeşik qoyulmuşdu. Sağ tərəfdəki kabində qaynar şüalar altında bir göz qırpımındaca qurumaq mümkündü. Kreslonun üstündə təsadüfi yolçular üçün təmiz dəyişək qoyulmuşdu. İrəlidə isə, mis qəhvədanlarda qaynar qəhvə, patefon, sakit musiqi, qırmızı və qəhvəyi cildli kitablar... Kitab şkafının yanına alçaq və yumşaq divan qoyulmuşdu, burada, binanın ən vacib elementi olan parlaq şüaların altında rahatlıqla uzanmaq olardı.

O, əllərilə gözlərini örtdü. Adamların ona yaxınlaşdıını hiss edə bilmişdi,  lakin heç nə demədi. Bir az gözləyib gözlərini açdı və yenə baxmaşa başladı. Su onun paltarlarından axaraq, ayaqları altında gölməçə əmələ gətirmişdi. O, saçlarının, üzünün, əl və ayaqlarının quruduğunu hiss edirdi.

Günəşə baxdı. Böyük, sarı, parlaq günəş günbəzin düz ortasından asılmışdı, işiq saçırdı. Bütün binada mütləq səssizlik hökm sürürdü. Qapı bağlı idi, lakin  hissiyyatı yenicə bərpa olmuş dərisi yağışı hələ də hiss edirdi.

Mavi qübbə altındakı qızılı, mülayim, möhtəşəm günəş hərarət saçırdı. O, üzərindəki paltarları bir-bir soyunub kənara ataraq irələyi doğru addımladı.

 

 

Tərcümə: Dinar Həmidova