Şəlalə Əbil. Həsir şlyapa (HEKAYƏ)

Şəlalə Əbil. Həsir şlyapa (HEKAYƏ)

Üstündən uzun illər keçəcəkdi, amma mən həmişə həmin gün başıma gələnləri həyatımın ilk cəsarətli etirazı kimi xatırlayacaqdım.

Hər şey, günün ən qızmar vaxtı olan günorta saatlarında, qəsəbədə yerləşən poçtdan telefonçu Ananın bizə zəng edib, əsgərlikdə olan əziz-xələf qardaşımdan ( altı bacının bircəciyi ) məktub gəldiyini xəbər eləməsi ilə başlamışdı. Xəbərə hami sevinmişdi, ən çoxsa anam. 

Bir neçə kəndi birləşdirən və bizim evdən dörd-beş kilomertr uzaqlıqda yerləşmiş bu qəsəbənin adına Köhnəbazar deyilərdi.

 Bizə gələn məktubları çox vaxtı gedib özümüz gətirərdik poçtdan. Bu poçt dediyimiz də kiçik, yerlə tən, qabağında balaca bağçası olan köhnə bir bina idi. Həm paçtalyon, həm də telefonçu işləyən Ananı bir söz ilə təsvir elə desələr ”uzun” sözü yetərdi,çünki onda hər şey uzundu, boyu, üzü, paltarı, əlləri, barmaqları hətta  başına bağladığı yaylığın boğazının altında düyünlədiyi ucları belə. Hecaları uzadaraq laqeyd, yorğun, asta səslə danışardı və telefonlara cavab verdiyi zaman ”a-lo” əvəsinə ”a-laaaa” deməsini bütün həyatım boyu başqa birisindən heç vaxt eşitmədim.

Günortanın belə istisində bayırda az adam görünərdi. Görüləcək işlər ya nahara  qədər ya da, axşam gün əyiləndən sonraya, bu da olmayanda ertəsi günə saxlanılardı. Günün ən qızmar saatlarını isə evdə olardıq. Otaqlarımızdan biri həmişə qismən sərin olduğu üçün ora doluşardıq. Hərə bir balış götürüb özünü yeganə sərin olan yerə, döşəməyə sərərdi. Çox vaxtı ya kitab oxuyar, ya yatar, ya da damino, kart kimi oyunlar oynayardıq. 

 Paçtalyon Ana yaxşı bilirdi ki, bu mətkub ailəmiz üçün çox dəyərlidi və onu da yaxşı bilirdi ki, məktub bu gün yox, məsələn, sabah götürülərdisə, muştuluq pulunun ona çatma şansı daha az olardı.

Evdə gedib məktubu poçtan gətirməyin müzakirəsi gedirdi. Kim gedəcəkdi? Atam bir neçe günlük başqa rayona iş ezamiyyətinə göndərilmişdi. Ən böyük bacım nişanlı idi. Ondan kiçiyi Bakıda xalamin yanında yaşayırdı. Xalam onu özünün işlədiyi fabrikdə işə düzəltmişdi. Daha sonrakı iki bacım artıq yetkin qızlar sayıldıqları üçün  qəsəbəyə getmələri uyğun sayılmamışdı. Məndən kiçik bacımca hələ gedib qəsəbədən məktub gətirəcək qədər böyüməmişdi. Bu işə mən daha uyğun görünmüşdüm. On biri doldursam da arıq, cılız olduğum üçün yaşımı hiç göstərmirdim.

Anamın getməyimi həm istəyir,həm də istəmirmiş kimi halları vardı. Rusiyanın uzaq şimal şəhərlərinin birində əsgerlik xidmətini edən, altı bacının tek qardaşı olan oğlunun məktubunu oxumaq sevincini yaşamaq, nigarançılıqdan qurtarmaq üçün getməyimi istəsə də, göydən yerə od ələndiyi bir vaxtda məni belə uzun bir yola  göndərməyə  də ürəyi gəlməmişdi.
Sonda getməyimə qərar verilmişdi.Anamın sevinməyini istəmirmiş kimi, tək qardaşımı sevmirmiş  kimi səhv anlaşılmaq məni qorxutduğu üçün, ürəyimcə olmayan bu qərara qarşı gedə bilməmişdim.

Tək bayırlıq donumu başıma atıb yola düzəlmişdim.

Her doqqaz, her qapı mənə görə, sanki bir şeyi təmsil edirdi, məsələn, Sabirin darvazası, qabağındakı iki qovaq ağacını, Səmayənin qapısı ,arxasından daima eşidilən qorxunc, aramsız hürən it səsini, Nurəddinin doqqazı isə kənddə ´´vurağan´´ kimi tanınan camışını. Bu camış yamanlığına görə ad çıxarmışdı. Əgər yaxınlıqdadırsa, mütləq cumurdu adamın üstünə, yox əgər əli çatmayan yerdədirsə, ya da tənbəl vaxtına düşübsə, ən azından başını aşağı əyib sağa sola çevirərək buynuzlarını yellədirdi, yəni ´´bu dəfəlik səni bağışlayıram, amma biləsən ki, buralardayam´´.  Ondan canını qurtarmağın iki yolu vardı: Birincisi, qaçıb uzaqlaşacaqdın, ikincisi, yerdən daşdan, kəsəkdən bir şey götürüb üstünə gedəcəkdin, hansı ki, bunu etməyə heç vaxt cəsarətim olmamışdı. O camışı görən kimi dabanıma tüpürüb qaçardım.

 Elə yolun ilk başlanğıcında havanın həddindən artıq isti olduğunu hiss etmişdim, güvənəcəyim tək şey bütün yol boyu uzanan o qədər də enli olmayan arx idi. Suya  baxanda bir az toxdayırdım. Amma arxın hər yanından su götürmək olmurdu, bəzi yerlərində tikanlı kol-kos imkan vermirdi, bəzilərində isə arxın yatağı çox dərin olduğu üçün adamın əli suya çatmırdı. 
   Yolda adam adına bir ins-cins görünmürdü, kölgə adına da Sabirin evinin qabağındakı o iki qovaqdan başqa. Yanaqlarım istidən pörtdənmiş, başım qaynar qazana dönmüşdü. Özümü yaxşı hiss eləmədiyimi, nəyin bahasına olursa olsun, su içmək və üz gözümə, başıma su səpmək gərəkdiyini anlamışdım. Arxın çok da dərin olmadığına bələdçiliyim vardı, qız uşaqları olduğumuz üçün qadağa qoyulsa da, doqqazımızın başından axıb gedən arxa çırmalanıb girdiyimiz və əvəzində layiqli tənbehimizi aldığımız vaxtlar olmuşdu. Amma bunu arxın hər tərəfi üçün demək olmazdı. Kənd camaatı doqqazlarının başından keçən arxı, əyilib su götürə bilmək üçün yararlı eləmişdilər. Görünür  bundan  tək adamlar deyil, mal qara da yararlanmağı xoşlayırmış. Rahatlıqla əlimin suya çatacağı bütün yerlər tərslikdən istiyə dözə bilməyib özlərini arxa vurub sərinlədən camışlarla dolu idi və bu qara rəngli iri buynuzlu heyvanların məni çox elə xoşlamadıqlarını, suya yaxınlaşmağım isə mən hiss etdiyim qədərı heç də ürəklərindən olmayacağını düşünmüşdüm. Cəsarətlənib suya yaxınlaşanda Nurəddinin camışını tanıyıb tez geri çəkilmişdim, camış da bu istidə sudan çıxıb məni qovğalamaqdan vaz keçmiş, suda da olsa yenə buynuzlarını yellədərək sanki ´´səni bu istiyə bağışlayıram´demək istəmışdi.

Buralardan əlimi üzüb, kolları çubuqla kış-kış deyə deyə tərpədib ( güya orada yatan ilanları qovurmuşam) suya çatmağın əlverişli olmayan, amma camışların qəzəbli baxışlarından uzaq bir  yerindən, ovcumun içində əzik üzük və tərdən islanmış pulu kolların birinin dibinə qoyub suya əyilmişdim. Daha doğrusu, ona çatmağa çalışanda sürüşüb arxa düşmüşdüm. Suyun axarı, yöndəmsiz bir şəkildə yıxılmağım, üzməyi bilməməyim, qorxu və həyəcan, dərinliyi sinəmə qədər olan suda ayaq üstə dayanmağıma imkan verməmiş, qarnıma, yanğımı yatıracağından daha artıq su getmişdi. (Uzun illərdən sonra kəndə getdiyimdə,maşını saxlatmış və həmin yerə baxmaq istəmişdim. Arxmı balacalaşmış, mənmi böyümüşdüm, bilmirəm, amma ora mənə üstündən hoppanıb keçə biləcəyim qədər kiçik görünmüşdü). Bütün gücümlə arxın kənarlarından suya əyilmiş kol-kosdan yapışıb yuxarı dartınmışdım. 

Çarpışmam uzun sürməmiş, az sonra arxın başında dayanıb yaraların verdiyi ağrıları, qorxu və utanc hislərini üstələyən, gözümdən yaş çıxarmayacaq qədər güclü bir qəzəblə əllərimə batmış tikanları çıxarmağa, bədənimə yapışmış paltarmın ətəklərini bürmələyib suyunu sıxmağa, üst başımı səhmana salmağa çalışmış və sonra da kolun dibinə qoyduğum pulu götürüb yola düzəlmişdım. Qəsəbəyə yetişəndə əyin-başım artıq qurumuşdu. Ayağımdakı sandallarsa nəm olduğu üçün yolun tozunu üstünə yığmışdı. 

Poçtun kiçik taxta artırmasından içəri girmişdim.

İçəridə otaq uzunu taxtadan enli və hündür arakəsmə vardı və bu arakəsmədən o tayda oturmuş işçilərin başları ancaq görünərdi. Ora həmişə sirli və maraqlı gəlmişdi mənə, görəsən orada nə var, necə görünür. 

 Ana məni görmüş, elə səddin balaca taxta qapısını açıb əlində məktub yanıma gəlmiş, bir an gözləmiş, sonra da məktubu mənə uzatmışdı. 

Poçtdan çıxan kimi qəsəbədən keçən enli asfalt yolun o tayında sıra ilə düzülmüş dükanların ən birincisinə, Hamletin dükanına (O vaxtlar dükanları onların yiyələrinin adları ilə tanıyardıq) girmişdim. Əl dəstmalını boğazına bağlamış (O vaxtı kişilər, başlarından axan tərin bədənlərinə axmaması üçün belə edərdilər ) Hamlet, istidən kələyi kəsilmiş halda sərinləşdiricinin qabağında bir stula yayxanmışdı.

 Barmağımı rəflərin birində qoyulmuş həsir şlyapaya uzatmış, ovcumun içində az qala canını tapşırmış pulu piştaxtanın üstünə qoymuşdum. Hamlet bir pula, bir də istidən portmüş üzümə baxıb bir şey deməmişdi. Men də şlyapanı götürüb dükandan çıxmış və başıma qoyub yola düzəlmişdim.