Səlim Babullaoğlu:

Səlim Babullaoğlu: "Ciddi poeziyanın musiqiyə ehtiyacı yoxdu" - FOTOLAR


Tanınmış şair, tərcüməçi və esseist Səlim Babullaoğlunun  ANN.Az-a müsahibəsi.

Səlim Babullaoğlu şair, tərcüməçi və esseist olmaqla bərabər, bir çox maraqlı ədəbi layihələrin müəllifidir. "Dünya ədəbiyyatı" jurnalı, "525 kitab" seriyası, Azərbaycan yazarlarının Rusiya, Polşa, Türkiyə, Gürcüstan və sair xarici ölkələrdə nəşri kimi işləri misal gətirmək olar. Bu yaxınlarda "525 kitab" seriyasından sonuncu kitab işıq üzü gördü. Deyəsən, seriya hələ ki, bu kitabla sona çatır. Söhbətə də elə bu məqamdan başladıq.



- Bu yaxınlarda tamamlanan "525 kitab” seriyasından çıxan kitablara cəmiyyətin reaksiyası sizi qane etdimi?
- Cəmiyyət deyəndə ədəbi ictimaiyyəti, hamımızın yaxşı tanıdığı aktiv oxucuların seriya kitablarına reaksiyasını nəzərdə tutursunuzsa, prinsipcə hə, qane edir. İki il ərzində nəşr edilən 22 kitab və bütövlükdə layihə, kitabların təqdimat və müzakirələri olduqa qaynar, yüksək səviyyədə keçirildi, təşkil olundu. Hesab edirəm ki layihə baş tutdu, "525 kitab” seriyası mədəni, kreativ brend kimi şüurlarda özünə yer elədi. Sadəcə bunu davam eləmək lazımdı ki, bu da artıq Mədəniyyət və Turizm Nazirliyindən asılı məsələdir. Yox, bu günlərdə tamamlanan deyəndə, axırıncı nəşri, Boris Pasternakın Xalq Yazıçısı Anarın və əsasən mənim tərcümələrimdən ibarət "Misranın sahibi hislər olanda" kitabını nəzərdə tutursunuzsa, yenə hə. Bəli, iki tənqidi yazı oldu, birincinin ümumiyyətlə mətləbə dəxli yoxdu, savadsız, tələskən yazıydı, Mahir Qarayevin də yazısına cavab yazmışam, mənə ünvanlanmış iradlarını əsla qəbul eləmirəm, onun yazısını da tələskən hesab edirəm.

- Bu seriyadan çıxan kitabların içində sizin özünüzün ən çox bəyəndiyiniz kitab hansı oldu?
- Bunlar, Söhrab Sipehrinin Məsihağa Məhəmmədinin tərcüməsindəki "Suyun ayaq səsi” şeirlər toplusuyla, adıçəkilən "Misranın sahibi hislər olanda" kitablarıdır. Amma bu seriyadan dünya ədəbiyyatına aid olan digər kitablar da var- İosif Brodskinin, Orxan Pamukun, Mişel Uelbekin, Şota İataşvilinin kitabları və mən onları da dəyərləndirirəm.

- Yaxınlarda fəaliyyətə başlayan "Mədəniyyət” telekanalına hər hansı bir layihə təqdim etdinizmi?
- Hələ ki, elə bir təklif, arzu və düşüncə olmayıb, olarsa baxarıq.

- Bir neçə il öncə çap olunmuş "İlyas Göçmənin şəkil dəftəri” şeirlər kitabınız ədəbi mühitdə səs-küyə səbəb oldu. Bu kitabın ideyasının ortaya çıxma səbəbləri oxucularımız üçün çox maraqlı olardı. Ümumiyyətlə, dünya ədəbiyyatında belə bir təcrübə varmı?
- Dünya ədəbiyyatında konkret bir fotonun və ya rəsm əsərinin doğurduğu şeirlər var. Rilkedə var bu, Cəmal Sürəyyada var... Bir sözlə, var. Amma şəkillərdən silsilə halında şeirlər yazılması hadisəsi yoxdu, nə bizdə, nə dünyada. Qaldı ideyanın doğmasına. İlyas Göçmən Türkiyənin "Salı” art-qrupuna aid tanınmış fotoqrafıdır, "Telos” nəşriyyatının sifarişi ilə mənim İstanbulda nəşr olunan kitabımın üz qabığının dizaynını vermişdi. Sonra da öz albomunu "Sizinlə heç vaxt rastlaşmasam da, harda görsəm tanıyaram” avtoqrafı ilə öz fotoalbomunu mənə göndərmək istəmişdi. Amma iş elə gətirdi ki, o adam Bakıya gələnəcən mən İstanbula, kitabın təqdimatına getdim, İlyas bəyi o gün görməsəm də, albomunu mənə getdiyim gün verdilər. Vərəqlədim, baxdım, baxdım... sonra da götürüb bir fotoya elə o dəqiqə şeir yazdım. Sonra İstanbulu gəzməyə çıxdım. Amma albom fikrimdən çıxmadı. Qayıdanda isə kitabımın tərcüməçisi Yasəmin xanıma dedim ki, mən bu albomdakı hər bir fotoya şeir yazacam. Baxdım ki, 40 şəkil var, bu da maraqlı, rəmzi rəqəmdi. İl yarımdan bir az çox vaxt ərzində 40 şəklə 40 şeir yazdım. Bir sözlə, ilk addım qeyri-şüuri, intuitiv atılsa da, sonrakı proses konseptual səciyyə daşıdı.

- Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı öncəsi məruzələrin dinlənilməsi prosesi artıq başlayıb. Bu məruzələrə münasibətiniz? Məruzələri kimlər etməlidir? Necə etməlidirlər?
- Məruzələr bölünüb deyə, sual mənə artıq görünür. Ümumiyyətlə isə əlbəttə peşəkarlar, işi bilən adamlar. Necəliyinin isə dəqiq resepti yoxdu, bu təxminən şeir necə olmalıdır sualına oxşayar. Belə sualların cavabı çoxdur. Əlbəttə məruzələr obyektiv, savadlı, elmi səciyyə daşımalıdır... və bunula yanaşı başqa məziyyətləri də öz yerində.

- AYB qurultayından nə kimi gözləntiləriniz var?
- Düşünürəm ki, islahata ehtiyac var. Yaşayarıq, görərik.

- Sizinlə müsahibəyə gəldiyimi eşidən bir dostum - konservatoriya tələbəsi xahiş elədi ki, Səlim bəy bir az da estrada mahnılarımızın mətnləri barədə danışsın.
-Yaxşı ki, dostunuz bəstəkardı, gəlin ondan xahiş edək ki, olduğu mühitdə bəstəkarlara normal, ciddi poeziyanı təbliğ işində sizə də, şairlərə də, elə özlərinə də kömək eləsin. Onda hər şey qaydasına düşəcək. Ümumiyyətlə isə ciddi poeziyanın musiqiyə ehtiyacı yoxdu, onun musiqisi öz içində, öz üstündədi, insanın bədəni və ruhu kimi. Başqa məsələdi ki, oxunan mahıların sözləri poeziyadımı, əksər hallarda bu belə deyil. Nə etmək lazımdı, əlbəttə ki, peşəkarlarla işləmək lazımdı.

- Çağdaş tərcüməçilərin ümumi səviyyəsi sizi qane edirmi?
- Belə sualların da ümumi cavabları yoxdur. Yalnız bunu deyə bilərəm ki, bizdə nəinki dünya ədəbiyyatı nümunələrini ana dilimizə, həm də milli ədəbiyyatımızı dünya dillərinə çevirmək gücü olan yaxşı tərcüməçilərimiz var. Sadəcə onlarla mütəmadi işləmək, onları düzgün yönləndirmək, peşəkarlığı artırmaq üçün onları müvəqqəti xarici ezamiyyətlərə göndərmək lazımdı. Bir proqram kimi həyata keçirilməlidi belə işlər. Bu isə böyük maliyyə deməkdi. Böyük deyəndə, əslində bu elə də böyük rəqəmlər deyil.

- Bəlkə  bir az da ədəbi tənqid barədə danışaq?
- Mən onları sevmirəm... və inanmıram. Amma düşünürəm ki, sağlam ədəbi araşdırma, analiz aparmaq olar. Mən daha çox şair və yazıçıların yazdığı "ədəbi tənqidə” inanıram.

- Ədəbi gəncliyə sözünüz...
-Belə, ümumi heç bir sözüm yoxdu. Sağ olsunlar. Onların hər şeyi var, xüsusən gənclikləri. Amma onların mənə sözü olur... Və yenə olsa, mən də əvvəlki qaydada, fərdi şəkildə onlara fikrimi deyə bilərəm.

Söhbətləşdi:
Mövlud İsmayıl