Sevinc Nuruqızı. Uşaq hekayələri

Sevinc Nuruqızı. Uşaq hekayələri

Al-qırmızı zanbaqlar

Biri vardı, biri yox. Bir qız vardı. Qızın anası xəstə idi. O günlərlə çalışır, əldə etdiyi pul ancaq anasının dərmanlarına çatırdı. Amma elə bir gün gəldi ki, qızın dərman almağa pulu olmadı. Qız şox kədərləndi. Ağlamağa başladı. Və elə bu vaxt qəribə bir hadisə baş verdi...

Bəli, olduqca qəribə bir hadisə... Qızın yanaqlarından süzülən göz yaşları torpağa düşür və qırmızı zanbaqlara çevrilirdilər. Zanbaqlar  işıq saçırdı. Bütün həyət zanbaqla dolmuşdu. Birini dərirdin, yerində beşi bitirdi.

Qız əvvəlcə gözlərinə inanmadı. Kirpiklərinə qonan yaşların arasından al-qırmızı zanbaqlara baxdı-baxdı... Və qəfildən ağlına bir fikir gəldi. Gülümsədi. Qaçıb eyvandan həsir səbətini götürdü. Zanbaqlardan dərib səbətə yığdı. Bazara qaçdı:

- Zanbaq satıram... Zanbaq... Al-qırmızı zanbaqlar...,- deyib alıcı səslədi.

Hamı qızın başına yığışdı:

- Ay qız, mənə üç dənə zanbaq ver...

- Mən beş dənə istəyirəm.

- Mənə də yol verin, indi zanbaqlar qutaracaq... 

Zanbaqlar isə qutarmaq bilmirdi. Səbət al-qırmızı zanbaqlarla dolub boşalırdı... Bir səs isə ona elə hey pıçıldayırdı:”Bunlar sənə anana olan nəvazişinin əvəzinə verilib”.

Balaca və viçdanlı avtobus

Biri vardı, biri yox. Bir balaca və viçdanlı avtobus var idi. Avtobus vaxtın qiymətini yaxşı bilirdi. Vaxtında yuxudan oyanır, boşalmış çənini yanacaqla doldurub, yola çıxırdı. Məktəbə tələsən uşaqlar deyirdilər:

- Baxın... Balaca və vicdanlı avtobus yenə vaxtında çatdı. 

Bir dəfə bərk qar yağmışdı. Uşaqlar dayanacaqda dayanıb balaca və vicdanlı avtobusu gözləyirdilər. Amma avtobus gəlmək bilmirdi. Vaxt keçmişdi. Uşaqlar dərsə gecikmişdilər...
Yol keçən bir kişi dedi:

- Uşaqlar, soyuqdan dondu. Avtobus yəqin vaxtı unudub. Yatıb yuxuya qalıb. 

Uşaqlar dedilər:

- Xeyir. Balaca və vicdanlı avtobus vaxtı unutmur. Yəqin xəstələnib.

Avtobus isə xəstələnməmişdi. Yatıb yuxuya da qalmamışdı. O yıxılıb qarın üstündə qalan qoca nənəni xəstəxanaya çatdırmışdı...  

Bir nimçə çəmən

Çil toyuğu cəzalandırmışdılar. Düz üç gün idi ki, nənə onu hindən bayıra buraxmırdı. Yazıq çil toyuq, o tərəfə hoppanır, bu tərəfə hoppanır, qaqqıldayırdı. " Bu necə işdir axı. Harada görünüb ki, çəməndəki otları yediyinə görə səni hin dustağı eləyələr”.

- Açın qapını, mən bayıra çıxmaq istəyirəm. Ey, eşidirsiniz?! Açın, mənim günahım yoxdur...

Doğrudan da, əgər məsələyə toyuq-cücənin gözü ilə baxsaq, çil toyuq günahsız idi. Hətta hinin böyüyü, elə bu çil toyuğun atası xoruz da belə düşünürdü. Nənə isə başqa cür. Axı o, insan idi... Və toyuqlar kimi düşünə bilməzdi. Iş ki, bu yerə gəldi toyuğun günahını deyim siz də bilin. Bilirəm, uşaqlar toyuğun tərəfini saxlayacaqlar. Böyüklər isə nənənin.

Novruz bayramına lap az qalmışdı. Nənə islatdığı bir ovuc buğdanın cücərdiyini görüb, onları nimçəyə sərmişdi. Tez-tez sulayıb yamyaşıl etmişdi. Sonra o, səmənini günəşi görsün deyə çıxardıb eyvana qoymuş və elə buradaca unutmuşdu. Səmənini ilk görən isə  yazıq bu çil toyuq olmuşdu:

- Ay aman, çəmənə bax. Yamyaşıldır.

Toyuq eyvana hoppanmış, nimçədəki çəmənə heyranlıqla baxmış və belə düşünmüşdü:

- Bəs niyə nimçədədir? Hm... Maraqlıdır. Yəqin nənə keçən ilki çəməndən mənə bir nimçə pay saxlayıb.

Belə fikirləşib çil toyuq səmənini ləzzətlə dənləmişdi.