Şumer əfsanələri. Dumuzi və Enkimdu

Şumer əfsanələri. Dumuzi və Enkimdu

(Dumuziylə İnannanın evlənməsinin ikinci versiyası)

 

 

Göyüzünün hökmdarı, ay tanrısı Nannanın qızı gözəl İnanna göyüzündəki qəsrdə yaşayırdı. O yerüzünə enəndə, hər toxunuşundan torpaq yaşıllaşır, müxtəlif çiçəklər bitirdi. Gözəllikdə ona tay yox idi. Çoban Dumuzi və əkinçi Enkimdu eyni vaxtda ona vuruldu. Hər ikisi onunla evlənmək istədiyini bildirdi, amma İnanna cavabı yubandırdı. İnannanın qardaşı günəş tanrısı Utu, ona Dumuzini seçməsini məsləhət gördü.

 

Bacı, qoy çoban sənin ərin olsun!

Bakirə İnanna, nə üçün onu istəmirsən?

Onun qaymağı, südü dadlıdır,

Çobanın əli dəyən hər şey yaxşıdır.

İnanna, qoy Dumuzi sənin ərin olsun!

Ey bərq vuran daş-qaşla bəzənmiş gözəl, nə üçün istəmirsən?

Onun südü dadlıdır, bir yerdə içəcəksiniz.

Ey gözəllər gözəli, nə üçün razı deyilsən?

 

Amma deyəsən İnanna əkinçi Enkimduya vurulub.

 

Qoy çoban mənə ər olmasın!

Təzə yundan toxuduğu ədyalla üstümü örtməsin!

Onunla bir yatağa uzanmaq – bundan danışmağa dəyməz!

Mən bakirəyəm, əkinçi evlənsin mənimlə!

Bol ot göyərdən əkinçi!

Bol taxıl əkən əkinçi!

 

Utu çobanı tərifləyir, çobanlığın əkinçilikdən üstün olduğunu iddia edir. Amma inadkar tanrıça fikrindən dönmür. Deyir ki, torpağı yamyaşıl ot örtüyünə bürüyən və müxtəlif bitkilər yetişdirən Enkimdu onun daha çox xoşuna gəlir.

Bu vaxt Dumuzi özü İnannanın yanına gəlir və qızğınlıqla danışır, çobanlığı tərifləyir, hər cəhətdən rəqibindən üstün olduğunu deyir. Onun sözləri tanrıçaya təsir edir və lazım olan nəticəni alır, tanrıça İnanna Dumuzinin təklifinə razılıq vermək üçün anası Ninqalın evinə dəvət edir.

Xoşbəxt Dumuzi çay sahilində gəzəndə gözlənilmədən Enkimdu ilə rastlaşır. Dumuzi həyəcanlanır və özünü itirir. Elə vəziyyətdədir ki, rəqibini döyməyə də hazırdır. Amma mehriban əkinçi deyir ki, əgər İnanna çobanı seçibsə, bu onun haqqıdır və sizə qarışmaq fikrim yoxdur. Enkimdu Dumuziyə dostluğunu təklif edir, Dumuzi sevincək razılaşır.

Səhəri gün Ninqal qızıyla çoban Dumuzinin evlənməyinə razılıq verir.

 

 

Tərcümə: Həmid P.