Tehran Əlişanoğlu. Mənim tanıdığım Azad
ƏDƏBİYYAT, Köşə
- 18.03.2014
- 0 Şərh
- 1463 Baxış
Tehran Əlişanoğlu
Mənim tanıdığım Azad
Azad Qaradərəlinin 60 yaşına
Günlərin bir günü Tofiq Qəhrəmanov ən nəhayət məni onlarla tanış etdi. Orası yadımda deyil: həmin gün mənmi Tofiq müəllimin Yuxarı Dağlıq küçəsindəki ölçüdə dar, amma vəzndə çox geniş mənzilinə təsadüfən gəlib çıxmışdım; ya onlar mənim daima olduğum-oluşduğum bu auraya baş çəkmişdilər...
Azad (Qaradərəli) idi, Rahid (Ulusel) idi, Fərzux (...) idi, Şamil (Vəliyev) idi, Şöhrət (Qaraoğlu) idi, Əhməd (Oğuz) idi..., gərək ki, Avdı (Qoşqar) idi... Bunlardan hankısı həmin gün Tofiqin pişvazına buyurmuşdu – indi o da yadımda deyil; heç bəlkə barəsində danışdığım Azad da o gün orada yox idi... Yadımda olanı odur ki: bu adlar o zaman mənimçün Tofiq Qəhrəmanovun "APİ-dəki Ədəbiyyat dərnəyi”ndən çıxmışlar idi və yazılarından da əvvəl mənim gənc yaddaşıma elə bu obrazda girmişdilər...
Bir az qısqanclığım da vardı onlara qarşı, o yaşların müəllim sevgisi ilə. Axı Tofiq Qəhrəmanov əvvəl-əvvəl mənim müəllimim idi; hələ orta məktəb illərində (14-15 yaş-arası) gedib-gedib hənirinə Razin (hazırkı Bakıxanov) Mədəniyyət sarayındakı dərnəkdə çatdığım, içimdəki Ədəbiyyat yanğısını məhz o alovlandırmış, ilk çırpıları bu tonqala məhz o atmışdı... Sonra Tofiq müəllim məni orda, dayandığım mənzilədə buraxıb, APİ-yə gedib-çıxmışdı; və mən tələbəlik illərində qayıdıb yolu təzədən tapanda: artıq onlar var idi – APİ-nin "gənc qələmləri” (Dərnək "Gənc müəllim” qəzeti ətrafında fəaliyyət göstərirdi)...
Necə ki, Tofiq Qəhrəmanov danışırdı, sonradan yazılarında da onları (təxminən) elə gördüm-tanıdım. Rahid (Ulusel) – fəlsəfəsində fərdi-subyektiv, hardasa predmetlərə qarşı eqoist; Fərzux (...) – əksinə, sırf subyektiv olduğu qədər də dalğın, predmetlərdə itib-batmış; Şöhrət (Qaraoğlu) – şeirində fikirli-mağmın, detallarda-təfərrüatda sığınıb-qalmış; Avdı (Qoşqar) – əksinə, çılğın-başıpozuq, ətrafa alov-saçmalar-filan; Əhməd (Oğuz) – düşüncəvi-mühakiməvi, ağrılı-sarğılı... Şamil (Vəliyev) – qələmində möhkəm-iddialı, hər zaman özündən-əmin, razı... Azad (Qaradərəli) isə – eləcə nasir kimi; o zaman "detallarla söz demək ustalığı” çox önəmli, bir növ dəbdə idi, eləcə də Azad, Tofiqin dediyindən, yadımda ümumən və "detallarda” qalmışdı... Amma onu da hiss etmişdim ki, Tofiq Qəhrəmanovun ən çox israr etdiyi, ürək qızdırdığı da Azaddı (hərçənd T.Qəhrəmanov üçün "ən çox” sözü nə dərəcədə düz olar – demək çətindir; o bağlandığı işə bütünlüklə verilənlərdən idi!); bəlkə də bir köynək ona yaxın (nasir) olduğu üçün...
Desəm ki, Azad Vəliyevin (Qaradərəlinin) ilk hekayələr kitabı – "Dumduru su” (1987) əlahiddə yadımda qalıb? – yox; eləcə: "kənd nəsri” sırasından yeri olan bir təəssürat kimi... Amma göy, dəftərçə üzlü "Ulartı” kitabını (1999) xatırlayıram; qəfil, tanıdığım bir Səsin nagahan günün həqiqətlərinə müdaxiləsi kimi, başqa cür yox... Tofiqdən sonra (2000-ci ilin mart günlərindən birində həyatına son qoydu), arabir barəsində dərdləşdiyimiz, hər növ çətinliklərə izafi "qaçqınlıq taleyi”ni yaşayan Azadın gün-güzəran qayğıları içrə itib-batdığını zənn edirdim; məgər bir yazıçını harda-necə-hansı məqamda itirib-aramağın fərqindəyikmi heç?!. Arada-bərədə getdiyimiz yerlərdə rastlaşırdıqsa da, söhbətimiz köhnə-tanıq səslərdən o yana keçmirdi...
Ta ki, bir ekspert kimi MKM müsabiqəsində "Qar ağlığı” kitabını (2008) görüb-vərəqləyənəcən. Azad bir yazısında, özünü gənc ədəbi qüvvələrə tanıtmaq niyyətilə deyir ki, Rafiq Tağı gənclərə məhz onu oxumağı tövsiyyə edirmiş. Belədirmi, belə deyil, bilmirəm; ədəbiyyat – yazıdır, şifahi söhbətlərlə olmur. Və "Qar ağlığı” kitabındakı hekayələr, həqiqətən də, 80-cilərdən daha birini – Azad Qaradərəlini "ol zamanlar”dan xəbərsiz yeni ədəbi mühitə təqdim etməyə, tanıtmağa əsas verirdi. 2-ci MKM müsabiqəsində (2010-2011) səsimin hələ gur gələn çağlarıydı və Azad Qaradərəlinin 20-liyə düşməsi bəlkə də birbaşa mənim xidmətim oldu; 6 ekspertdən gərək ki, heç birinin hələ "tanımadığı” bu imza üzərində, nədən hər cür cəfəng-fantastik süjetlərə qənşər israr etdiyimi bilən də olmadı. "Qar ağlığı”, əlbəttə, 10-luğa iddia edə bilməzdi, ən azı ona görə ki: kitabdakı hekayələrin çoxusunun yazılma tarixi daha əvvəlki onillərə düşürdü (bu isə son on ili bayraq edən MKM şərtlərinə uyğun deyildi); hərçənd bu məqama da bəlkə bir mən diqqət eləmişdim...
Amma MKM-3-də (2012-2013) Azad Qaradərəlinin "Kuma Manıç çökəkliyi” romanı az qala yekdilliklə 10-luğa keçdi və hətta adı mükafata layiq əsas namizədlər sırasında hallandı da. 3-cü MKM-də mənim səsim "zəif” idi; gəl ki, Azadın öz Səsi gur idi artıq, hərtərəfli eşidilirdi: "Burda yer fırlanmırdı” (2011) toplusu onu "parlaq bir hekayəçi” (Rəhim Əliyev) kimi tanıtmış, sonradan kitab digər bir müsabiqədə - AYB-nin Novruz müsabiqəsində də "görünmüşdü”; bir hekayəsi "Ədəbi azadlığ”ın mükafatçıları sırasına düşmüş, dostları ilə birgə təsis etdiyi "Yazı” dərgisi ayaq tutub-yeriyirdi... Bu ki: gec-tez yazı (-mətn, -Ədəbiyyat) öz sözünü deyir...
"Burda yer fırlanmırdı” kitabı, əslində, mənimçün də bir kəşf oldu. Yetkin bir nasirin, hekayəçinin təzədən kəşfi! Bugünlərdə Azad Qaradərəli kitabın ərsəyə gəlməsində "Qanun” nəşriyyatının rolunu məxsusi qeyd elədi; Şahbaz Xudoğlunun bu növ xidmətlərini yazarlar hələ çox anacaqlar (bir naşirin Ədəbiyyat üçün gördüyü iş necə olur ki!)... Kitabdan tənqidçilər də yazdı – Rəhim Əliyev yazdı, Vaqif Yusifli yazdı... Mən də yazacaqdım. Yazdım da, intəhası ayrıca düşündüklərimi, Azadlığın Oxu zalı bir yazı sifariş vermişdi, içinə qatdım-dedim: "Bizim hekayəçilərin realizm təcrübəsindən”...
Biz hekayənin ədəbiyyatımızda yerini gərəyincə bilmirik, ələlxüsus da handa-handa payımıza düşən hekayəçilərin... Necə ki, 1980-1990-cı illərin sovetdən dönmə keçid dönəmini bütün suqqestivliyi ilə bircə elə Rafiq Tağının hekayələrindən ala billik, ondan beləsinəki dövrün realizmini bizə bütün təfərrüatıyla Azad Qaradərəlinin hekayələri verir. Nələr oldu, ax, nələr oldu; milli insanın, cəmiyyətin, varlığın taleyi bəs necə oldu... – bunu hekayə(çi) deməyib də, nələr-kimlər deyəsidir ki...
Azad hekayəni yaxşı bilir və onu qura da bilir; təhkiyə öz yerində, süjetin-hadisənin-əhvalatın arxasında duran qəhrəmanı – İnsanı (!) tanıda bilir. Nədənsə, nəsrdən danışırkən mən dili ayrıca vurğulamağı heç sevmirəm. Çün əgər milli dildə yazır-oxuyuruqsa, ədəbiyyatın gücü elə həm də dilin gücüdür, onu nümayiş etdirir. Bu ki: Azad Qaradərəlinin hekayələrində dilin koloriti, həyatdan-gəlmişliyi, təhkiyə(çi)nin dilə və dillə həyat boyalarını qatmaq məharəti... – hər kəsin fərqində olduğu qabarıq cəhətlərdir. Amma Ədəbiyyat özü də axı bir dildir (semiotik sistem mənasında). Azad, başlıcası, bu Dili bilir və hətta o dərəcədə ki: başqa bir vasitə tapmadıqda eləcə təbii dili, danışığı-ləhcəni götürüb ondan ədəbiyyat çıxara bilir (bu növ tipajlarını yada salın)!
Azad Qaradərəlinin yaradıcılığının mayasında həyat yanğısı, həqiqət yanğısı durur. Bu bizi – hansı künc-bucağına sığınmasından asılı olmayaraq, Ədəbiyyatda olanları birləşdirən bəlkə də yeganə teldir. Yazıçı cəmiyyət həyatında problem(i) görür, gündəmini, publisistikasını təsəvvür edir və bu heyndə-əsnada Ədəbiyyatın görə biləcəyi işi – İnsan məxrəcini dürüstlüklə müəyyənləşdirir. Lap son yazdığı hekayəni götürün: "Körpünün altındakı iş yeri” (http://kulis.az/news/8125)
Öncə bir problem kimi, ağrı kimi cəlb olunur, oxuyursuz hekayəni. Nə var axı burda: gündəlik teleqraf.com xəbərlər, şəxsən mənim hər gün yanından keçdiyim mənzərə, qəzet publisistikasıdır da. Bir az ustalıqla yazılıb, vəssalam. Yoox; sonda, lap sonda bəlli olur ki, elə deyil; hekayəni bizə söyləyən məğzində-mayasında "həqiqəti gizləyən” birisiymiş... Cənablar, Zaman da, zəmanə də bir bəhanədir – uydurmuşuq. Hekayə Aldadanlar yurdunda yaşayan bir Aldadılmışın hekayəsiymiş. O bunu bəlkə axıracan bilmir, amma... Bir dəfə də yazmışam: Azad Qaradərəli hər hekayəsində məğzi lap əvvəldən bilir; təhkiyənin məxrəcini həmin "həqiqət”ə kökləyir, sadəcə qəhrəmanın ixtiyarına verir ki, onunla birgə bəlkə bizi də bu "katarsis”dən keçirə... Rafiq Tağı demişkən: niyə axı, niyə "fitnə göyərir torpağımızdan, daşımızdan”...
Niyə lap "son”dan misal çəkdim. Çün Azad üçün "əvvəl” yoxdur ki. Qələminin elə vaxtıdır ki, durmadan yazır. Bəlkə gərəyindən də çox yazır. Çağı anlamağa, təfsilən yazıya köçürməyə çalışır. Durub deyəsən: heyfdir qələmin, qardaş; bu axı sənin deyil, qəzetin işidir; otur, köklü mövzularını yaz. Günün tələbi – romanını yaz! ("Günəş tutulan yerdə” yaz!, "Kuma Manıç çökəkliyi” yaz!, "Şəhərcik” yaz!) Deyə bilmirsən. Çün yazı yazmaq, elə-belə, (estet) müşkülat üçün yox, missiya kimi gələndə, Yazıçıya bu sözü deyə bilməzsən. Rəsmi publisistika öz işini görməyəndə, Ədəbiyyat həmişə beləcə özünü yük altına verib. Bunu biz sovet zamanlarından bilirik, indi də elədir. Qəzetlərin "oyun havası”na tutduğu mövzuları Azad Qaradərəli həqiqətə çevirməyə cəhd edir, İnsan həqiqətinə...
Ədəbi həyatda həmişə qeyri-rəsmi bir yer də var: yaşlı-təcrübəli yazar özündən sonra gələnlərə hansısa bir səmt-yol göstərmək qayğılarında bulunar. Rafiq Tağıdan sonra bugün bu yeri hardasa Rasim Qaraca tutmağa çalışır, hardasa Kamal Abdulla (Yaradıcılıq fakültəsini yada salın)... İndi baxıb-görürəm, Azad da buna iddialıdır; gənclərin qeyri-rəsmi hamisi olmağa cəhdlər edir (rəsmi hami rolunu AYB vermədi ki, vermədi!). "Yazı”da gəncləri dərc edir, barələrində tənqid yazır, internet müzakirələrinə aktiv qoşulur, fikir bölüşür, status yazır... Əslində, Azadla mənim içərisindən çıxdığımız sovet dönəmində də bu vardı; rəsmi mövqelərə alternativ hər yerdə bir dərnəkçilik hərəkatı irəli gəlmişdi. Hər ikimizin "ilk müəllim” kimi unutmamağa çalışdığımız Tofiq Qəhrəmanov da həmin missiyanın daşıyıcılarından idi...
Azad Qaradərəli yalnız yazıçı kimi deyil, bir insan kimi də yaşının xoşbəxt çağındadır. Bütün çətinliklərə rəğmən, görünür, ailədə-məişətdə də işlərini yoluna qoyub. Axı Azərbaycan kişisi üçün harda, nə işdə çalışmasından asılı olmayaraq, bu vəzifə də mütləqdir. Ki, o da bəlli: Ədəbiyyatla həyat arasında qalmış neçələrimiz üçün faciəylə nəticələnmiş. Güclü kişidir Azad. Əslində, mən bu müşahidəmi kənardan və bir də mətnlərindən çıxış edib deyirəm. "Sonuncu kibrit çöpü” hekayəsini bir xatırlayın: qəhrəman həyatı boyu öz əli, zəhmətilə qurduğu evi düşmənə saxlamayıb yandırır, yurddan çıxır... Və təzədən bu keşməkeşli dünyada ev qura biləsən! Azad Qaradərəli bunu bacarmış.
Sadəcə: Eşq olsun! – deyirəm. 60 yaşlı yazıçıya və Azərbaycan kişisinə.