Xulio Kortasar. Yaxşı oğlan (mənsur şeir)

Xulio Kortasar. Yaxşı oğlan (mənsur şeir)

Ayaqqabılarımın bağını açmağı heç vaxt öyrənəsi deyiləm; beləcə, heç vaxt imkan verməyəcəyəm ki, şəhərin küçələri ayaqlarımı dişləsin.

Körpülərin altında sərxoş olub, məni abırdan salası işlərə baş qoşan deyiləm.

Mən ütülü köynəklərin taleyini qəbul edirəm.

Kinoteatra vaxtında gedib çatıram, avtobusda yaşlı qadınlara yer verirəm.

Duyğuların uzun müddət qarışıq qalmağı məni bezdirir. Ondansa, diş pastasını və təmiz dəsmalları seçirəm. Vaxtlı-vaxtında peyvənd etdirməyə gedirəm.

O səfil aşiqə bax! Sənə kiçik bir qızıl balıq tutub gətirmək üçün fəvvarəyə baş vurmağa necə də qorxur! Polislər və dayələr onu qəzəblə süzür...

 

"Alaqaranlıqdan özgə" adlı kitabından. 1984

İspanca əslindən tərcümə: Firudin Həmidli