Xavər Şafiyeva -

Xavər Şafiyeva - "Anamın saçları" (hekayə)

 

Yanvar ayı. Sübh çağı. Günəşin şüaları pəncərəmdən içəri boylanaraq yatağımı ağuşuna almağa can atırdı. Sanki qış havası deyildi. Yanvar eləbil maya yerini vermişdi.
Yatağımdan durmağa can atırdım.Tərpənə bilmirdim, əllərim, ayaqlarım günlərdir beynimdə dolaşan canımı bərk-bərk sıxan düşüncələrin təsirindən yatıb qalmışdır elə bil. Bütün gücümü əllərimə yığıb, çarpayıya dayayaraq birazda olsa bədənimi  çarpayıdan ayıra bildim. Nəhayət, ləng-ləng də olsa, ayağa durmağa müvəffəq olmuşdum. Qırx yeddi kiloluq bədənim özümə o qədər ağır gəlirdiki eləbil qat-qat artıq çəkidə nəyisə yükləmişdilər mənə. Əslində yenə həmin arıq, cılız çöp kimi adam idim. Bəli, çöp kimi. Kim nə söyləsə də, özümü çox rahat, yüngül hiss edirdim, ta bu hadisənin təsirinə düşənə qədər. Amma bu dərd mənə o qədər ağır gəlirdi ki, yeriyərkən belə bədənimdə hansısa bir qüsurun olduğuna şübhələnməyə bilməzdim.
Bu yerişlə çətin də olsa, özümü güzgünün qarşısına qədər çatdıra bilmişdim, nəhayət. Saçlarım dağınıq, gözaltılarım şişmiş, bənizim ağaçalan rəng almışdı. Özüm qəribə kimi olurdum. Anamın xəstəliyi məni gündən-günə əldən salırdı. Günlərlə davam edən qorxulu düşüncələr əl çəkmək bilmirdi məndən. Hərdən tək qalanda öz özümə düşünürdüm, görəsən, bu lənətə gəlmiş xəstəlik mənim bədənimdə aşkar olunsaydı, bu qədərmi dərd edərdim özümə? Yox, əlbətdəki. Etməzdim! Çünki anamın canı mənə öz canımdan da qat-qat əziz idi. Kaş elə mənim canımı ağrıdaydı, mənim saçlarım tökülərdi, mənim sol döşümü kəsəydilər həkim əmilər. Hər dəfə güzgüdən saçlarımı görəndə lap dibdən kəsmək istəyirəm onları.
Əvvələr, lap əvvələr filmlərdən, kitablardan "xərçəng" haqqında hansısa məlumat alanda ürəyimi qorxu düşürdü. Qorxu düşürdü ki, nə vaxtsa, mənim də başıma gələ bilər. Əbəs yerə deməyiblər ki, insanın ən qorxduğu şeyi başına gələr, anamın başına gəldi. Bəli. Bu həyasız  xəstəlik mələk anamın canına girdi nəhayət.
Qısa zaman idi anamın sol döş nahiyəsinə ara-sıra sancı kimi ağrılar  gəlib-gedirdi. Zaman keçdikcə daha da şiddətli formada özünü göstərməyə başlayırdı. Həkimlərin ilkin müayinə diaqnostikasından anamın döşündə süd vəzi xərçəngi aşkarlandığını söylədilər mənə. Dünyada milyonlarla anaların canlarını alan, döşlərini kəsdirən, saçlarını aparan xəstəlik .
Siz hələ mənim anamı görsəniz. Onun qapqara uzun saçları var idi. Hər dəfə kəsdirmək fikrinə düşəndə gücnən fikrindən daşındırırdım, çox xoşuma gəlirdi. Həm də ağbəniz nur saçan simaya o qədər yaraşırdı ki...
Daha yoxdur o saçlar. Kəsdirməyə qıymadığım saçları bir neçə günün içində  qopardıb apardı. Təkcə saçlarını deyil sol döşünü də tam dibindən kəsdirib apardı bu lənətə gəlmiş xəstəlik.
Təsəvvür edirəm, körpə olanda balaca barmaqlarımla qapqara saçlarının uclarıyla oynaya-oynaya necə əmirdimsə o döşünü. Anam məni o döşünüdən   əmizdirmişdi, mənə yemək vermişdi. Nə indi onun sol döşü qalıb, nə də ki heyran olduğum qapqara uzun saçları. Əvvəlki kimi uzun, qara saçlarıyla anamı görəcəyim günü səbirsizliklə gözləyirəm.