“YUĞ”da konfet yemək

“YUĞ”da konfet yemək

Sevinc Çılğın 

 
"YUĞ”un bir ocaq olduğunu, məbəd kimi qəbul olunduğunu desəm, YUĞsevərlər anlar məni. Yox, mən yanılmıram. YUĞ, sevimli məkanımızda vida oyunlarıyla da dünən bizə bir ata evi istiliyi, rahatlığı hiss etdirdi. Dünən "Kafkaya salamlar” deyirdilər, amma mən bunu "YUĞdan hoqqabazlara salamlar” kimi yaşadım. Hoqqabazın YUĞ oyununda YUĞun "Sən böyük qardaş deyilsən” deyib böyük qardaş sevgisizliyinə acizanə bir etirazı vardı. Biz yenə gülürdük, amma havada aşkla yanaşı ayrılıq qoxusu da vardı.
 
Evimizi sökürlər, sizə zarafat gəlməsin. Tikə bilmədikləri bir evi daha sökürlər. Yəni anlayacağınız, daha bir hoqqa çıxarırlar. Və bu hoqqanın ancaq hoqqa olmadığının fərqində də deyillər. Ocağı həmişə su ilə söndürməzlər, adamlar, bəzən üzərinə torpaq da tökürlər. Bir parça torpaqda yeni bir ocaq qurun, sonra sökün o köhnə, yox, qədim ocağı.
 
Biz dünən YUĞda konfet yedik. Şirin yeyək, şirin danışaq, şirin düşünək dedik. Yəni biz də özümüzü dik tutmaq üçün hoqqa çıxartdıq. 
 
Amma sizə deyim ki, mənim içim çox rahat. Çünki YUĞ bir məkana sığacaq qədər dar deyil. YUĞ düşüncəsi dar olanlara dar gəlir, sadəcə. YUĞ bir düşüncə üslubudur, həyat tərzidir, YUĞ bir fərqdir və əslində siz də YUĞun fərqindəsiz. Bəlkə elə ona görə də...
 
Biz hələ də ümid edirik, cənablar, ümid edirik...

//kulis.az