ZAVALLI, yaxud mən Əsəd Cahangiri niyə itirdim?!

ZAVALLI, yaxud mən Əsəd Cahangiri niyə itirdim?!

KAMAL ABDULLA


Bir Allah şahiddir ki, mən bütün bu söz-söhbəti unutmaq istəyirdim. İstedadına az qala inanmağa başladığım bir gənc oğlan mənim, ola bilər, sərt xəbərdarlığımdan qeyzlənib mənə dərs vermək istəyir, öz üzərimdə işləməyimi məsləhət görür, olsun. Bir başqası zəhərini, hikkəsini tökməyə yer axtartır, buna da dözərik, zatən nə deyirlər, desinlər, bilən bilir ki, dözə-dözə gəlmişik. Amma və lakin. Yalanın, hədyanın da bir dərəcəsi olur. Elə adamlar var ki, sənin ona nə isə bir söz deməyinə də elə bir ehtiyac qoymur, özü-özünü ifşa edir. Yaxşı deyiblər, Zevs adamın axırına çıxmaq istəyəndə əvvəlcə onun ağlını əlindən alır. Əsəd Cahangir hadisəsi bu qədim misalın ən bariz nümunəsidir.


Bunu hələ xəstə təxəyyüldə canlandırmaq lazımdır axı. "Kaspi" qəzetinə verdiyi müsahibədə deyir: "… Onun (yəni, Kamal Abdullanın) öz romanında Şah İsmayıl Xətayi ilə bağlı üstüörtülü şəkildə yazdıqlarına aydınlıq gətirdiyimə görə Kamal Abdulla məndən (Yəni, Əsəd Cahangirdən) bərk narazı qaldı. Dərc olunanadan bir neçə gün sonra kitabın satılmış və bağışlanmış nüsxələrinin adamlardan geri toplanması, onun romanı ilə bağlı fikirlərin kitabdan çıxarılması və kitabın yenidən nəşr edilməsi ilə bağlı istəyini bildirdi."


Ədəbi mərdlik nümayiş etdirib bu mənfur təklifi rədd edən Əsəd Cahangir daha sonra yazır ki, bundan sonra mən dərhal kitabın müzakirəsini keçirib dünyada yalnız özünəməxsus olan "hikkə" ilə kitabı "darmadağın" etmişəm. Yenə tənqidçidən sitat : "K. Abdulla üstüörtülü və üstüaçıq təhqirlərə qədər gedib çıxdı. Dinmədim. Ona görə yox ki, K. Abdulla Azərbaycan Yazıçılar Birliyinin mükafat komissiyasının sədri idi və mən kitabımı müsabiqəyə təqdim etmişdim ("Aha, xoruzun quyruğu yavaş-yavaş görünməyə başlayır" – K.A.), ona görə ki, rektoru tələbələr arasında pərt etmək istəmirdim."Sitatın sonu. Təşəkkür etməkdən başqa əlimizdən nə gələr ki…


Əsəd Cahangirin yadına salmaq istəyirəm. O müzakirədə çox adam iştirak edirdi və o adamların yaddaşı yerindədi. Mənim "üstüörtülü", "üstüaçıq" təhqirlərimi, yəqin ki, yeri gəlsə xatirlərində canlandırarlar. Əlbəttə ki, mən kəskin danışdım, əlbəttə ki, mən öz mətnimin müdafiəsinə qalxmalı idim, onu yalan və böhtandan qorumalı idim və mən bunu etdim. Hər bir yazıçı bunu eləməlidi. "Təhqir" isə belə bir replikadan ibarət olub: "Kitabda yazdığın Şah İsmayılla bağlı iyrənc şərhin üçün bircə misal, yaxud bircə eyham göstərə bilərsənmi?" Deyəsən, heç "iyrənc" sözü də dilimdən çıxmamışdı, onu indi yazıram. Bir halda ki, deyirlər təhqir etmişəm, heç olmasa hənirtisi gəlsin…Təbii ki, mənim replikam cavabsız qaldı, çünki indi məlum olur ki, tənqidçi məni özü dediyi kimi "pərt" eləmək istəməyib.

 

Sonra da mən guya bu kitabları kitab dükanlarından yığışdırıb yandırtmışam. Daha bu ağ oldu. Bunu bir demir, iki demir. Xəstə təxəyyül deyil də, nədir?! Mənə etiraz edərlər ki, nolar, hər şeyi demək olar. Ürəyi istəyib deyib. Amma, qardaşım, əzizi-mən, sübut lazımdır. Yəqin ki, bu gülünc böhtan üçün ondan sübut istəyəcəklər.


Ümumiyyətlə, bu Şah İsmayılla bağlı məqam barədə Əsəd Cahangirin xəstə təxəyyülü dincəlmək bilmir ki, bilmir. Bir neçə dəfə məni bu mənim "yeddi günbəz altında gizlətdiyim" sirli məsələnin üstünü açacağı ilə saytlarda hədələyib də. GÖZLƏYİRƏM! Və hətta bəlkə onu qabaqlayıb onun özünə fikirlərini açıq şəkildə bildirməsi üçün imkan da yaradacağam. Bu artıq təkcə mənlə bağlı söhbət deyil, bu artıq Şah İsmayıla "dil" uzatmaqdır. Əsəd Cahangir, deyəsən, məni məcbur edəcək ki, nəhayət, onu məhkəməyə verim. Qoy özü, yaxud Yazarlar Birliyinə yığıb beynini zəhərlədiyi müridləri sübut eləsinlər ki, harda, hansı səhifədə, açıq, yaxud gizli şəkildə, ən dərində gizlənmiş eyhamla olsa belə mən Şah İsmayılı aşağılamışam?! Ömründə bunu sübut edə bilməz, çünki belə bir şey yoxdur. Elementar anormallıq deyilmi?! Elədir. Sübut edə bilməyəndə isə məhkəmə qarşısında da, ictimaiyyət qarşısında öz xəstə böhtanlarına görə cavab versin. Verməlidir! Verəcək!


Mən Əsəd Cahangirin yadına bəzi şeylər salmaq istəyirəm. Doğrudur, o özünü sanki nədənsə dalağı sancmış kimi sığortalamağa cəhd edib deyir ki, insan dəyişməlidir, dəyişməsə o, ölüdür, və s. və i.a. Amma daha bu qədər də dəyişmək olarmı, olmazmı, qoy hökmü oxucu versin.

"Kaspi" qəzetinə bu yaxınlarda verdiyi müsahibədən sitat: "Dünya ədəbiyyatı kontekstində yanaşanda o (yəni, Kamal Abdulla), ikinci, ruslar demiş, "vtoriçnı" yazıçıdır. Bir əsərindən Borxesin, o birindən Ekonun səsi gəlir. Ümumən, "Gizli Dədə Qorqud"un müəllifi kimi o mənim alimimdir, amma tutaq ki, "Yarımçıq əlyazma"nın müəllifi kimi o mənim yazıçım deyil. Onun yaradıcılığı mənim üçün o qədər də maraqlı deyil ki, ondan yazı yazım. Darıxdırıcıdır." Sitatın sonu.


Çox gözəl. Nə demək olar ki? Hamının xoşuna gəlməyi arzu edən adam sadəlövh adamdır. Amma mənim yadıma axı başqa Əsəd Cahangir düşür. Və mən heyrətlənirəm. O, başqa Əsəd Cahangir 2012-ci ilin 20 noyabrında "Zaman Azərbaycan" saytına verdiyi müsahibədə nə az, nə çox belə yazırdı. Sonra o müsahibə qəzetlərdə də çap olunmuşdu.


 

Əsəd Cahangirə verilən sual:

--Müasir şair və yazarlar arasından kimləri çox təqdir edirsiniz?

Əsəd Cahangirin cavabı:

"Azərbaycan bədii nəsr potensialının ən ciddi perspektivini Kamal Abdullanın yaradıcılığında görürəm. Kamalizm Azərbaycan nəsrinin əyalət çərçivələrini dağıdıb dünya meridianlarına çıxmaq gücünü nümayiş etdirir. Onun "Yarımçıq əlyazma"sı nəsrimizdə nəzəri təfəkkür işığında yazılan ilk postmodernist romandır. "Sehirbazlar dərəsi" öz mistik aurası etibarilə hələ ki ilk və son milli romanımızdır. "Unutmağa kimsə yox…" isə istər bədii təsir gücü, istərsə də kamil dil texnikası baxımından nə Eko, nə də Pamukun romanlarından geri qalır."


Allah-Allah, mən belə tənqidçini harda, nə zaman və niyə, niyə itirdim?


Həmən intervyünün növbəti sualı isə bu idi: "-- Amma Kamal Abdullaya qədər İsa Muğanna, Sabir Əhmədli, Əkrəm Əylisli, Anar, Elçin, Yusif Səmədoğlu və digər ciddi imzalar olub."


Əsəd Cahangir bu sualı da belə cavablandırıb:

" -- Olub və heç kəs onların xidmətini inkar etmir. Həyatın inkişaf dialektikası isə daimi yeniləşmə tələb edir ("Bu həmən insan daim dəyişməlidir" tanış tezisinin ekiz qardaşı olmasın?!" – K.A.). Sabir Əhmədli, Anar, Elçin, İbrahimbəyov qardaşları nəsr düşüncəmizi kənd çərçivəsindən çıxardılar, gəlişmə məkan kateqoriyası ilə müəyyənləşdi. Düşüncə yönündən də bu nəinki Əbülhəsən, Əli Vəliyev, Mehdi Hüseyn, hətta İlyas Əfəndiyev və Ənvər Məmmədxanlının da nəsri olmayıb tamamilə yeni bir şey idi. Yusif Səmədoğlu bu işi daha mürəkkəb zaman, İsa Muğanna isə ondan da mürəkkəb metafizik qatda həyata keçirdi. Məncə, Kamal Abdullanın nəsrində bütün bu plastlar sintez olunur."

Vallah, adamın matı-qutu quruyur. Nə deyəsən?! Əsəd Cahangirbu cürəmi dəyişib?! Bu cürəmi o, ölü qalmaqdan qaçmaqdadır?! İlanın qabıq dəyişmə məsələsi olmasın… Həqiqətən, mən bu tənqidçimi, görəsən, niyə itirdim?! Yazıçılar beləsini göydə axtarırlar, bu özü yerdə əlimə düşüb ki…


Nə isə. Oxucunu çox yormaq istəmirəm. Nəticəni hər kəs özü çıxarır. Bir kiçik parça da Əsəd Cahangirin mənimlə "çat" söhbətindən. Onu da qeyd etmək istəyirəm ki, Əsəd Cahangir tərəfindən bəndeyi- həqirinizə edilmiş bu cür "izhari-məhəbbət"lər kifayət qədərdir, kifayət qədər şahidlər də var və yeri gəldikcə həm öz, həm də Əsəd Cahangirin hafizəsini təzələyəcəyəm.


 

13 yanvar, 2013-cü il.


Əsəd Cahangir. … Hekayənizi oxudum. Çox gözəldir. Təbrik edirəm desəm, gülməli çıxar. Çünki sizin üçün bunun böyük önəmi olmayacaq.

Kamal Abdulla.Hər halda təşəkkürlər.

Əsəd Cahangir. Mistikanı verməkdə sizin misliniz yoxdur. Ovqatı, auranı gözəl yaradırsınız. Amma hekayədən ideya hasil olmur. Deyəsən, sizin heç belə məqsədiniz də yoxdur.

Kamal Abdulla. Sən onu görə bilməmisənsə, mən nə deyə bilərəm?! Yenə razılaşmaqdan başqa çarəm yoxdur. Amma, məncə sən dediyin və mənim xoşuma gəlməyən bu "andıra qalmış" ideya o hekayədə var. Amma sənə deməyəcəyəm. "Son fənd" sindromu!

Əsəd Cahangir.Bir də oxuyaram. … Sizcə, bu günkü tədbirdən sonra (Həmən məni "pərt eləmək istəmədiyi" kitab müzakirəsini deyir.-- K.A.) mən Yaradıcılıq fakültəsində işimə davam etməliyəm?

Kamal Abdulla.Məncə edə bilərsən. Bunu üçün mən bir maneə görmürəm.

Əsəd Cahangir.Bəs tələbələrin münasibəti?..

Kamal Abdulla.Münasibətdə nə oldu ki? Bir-birini tənqid edib sonra düşmən olmaq Nuh əyyamında qaldı. Mənim bununla bağlı problemim yoxdur. Sadəcə adam bilməlidi ki, bu dünyada hər şeyin bir cavabı var.

Əsəd Cahangir.Kamal müəllim, siz mənim Ustadımsınız. O yazıda da sizə qarşı zərrə qədər də olsun düşmən münasibəti yoxdur. Mən sizə roman həsr edəcəm. Çünki bu romanın ideyasını sizin monoqrafiyanızdan götürmüşəm. Və bu sizin haqqınız olacaq. Onda araqarışdıranlar oturacaqlar öz yerində… Mən hələ xatırlamıram ki, sizin haqqınızda böyük alim, gözəl insan və orijinal yazıçıdır, ustadımdır sözündən başqa nəsə danışam.Çünki sizin haqqınızda doğrudan belə fikirləşirəm. Mən sizi o qədər çox sevirəm ki, hətta indi də (kitabının müzakirəsində mənim kəskin çıxışımdan sonra -- K.A.) incimirəm. Sadəcə, heyrətlənirəm.

Kamal Abdulla. Məndən inciməyə əsasın yoxdur. Heyrətlənməyi isə adamın formada olduğunu deyir.

Əsəd Cahangir(yenə bir xeyli məhəbbət izharından sonra…). Neyləsələr də məni çox hörmət elədiyim bir adamın gözündən salmağa qoymayacağam. Siz mənə bir alim kimi də, yazıçı kimi də çox doğmasınız. Elə bilirəm ki, "Gizli Dədə Qorqudu" mən yazmışam. … Allah şahiddir ki, mən sizə görə neçə paxıl, vicdansız adamla üz-üzə gəlmişəm. Onlar sizin bir hekayənizi də yaza bilməzlər.

Kamal Abdulla.Aydındır. Bir dəfə asudə vaxtımızda bu barədə də danışarıq.

Əsəd Cahangir.Məncə, Ustad öz tələbəsinə irad tutmağa tam haqlıdır. Xahiş edirəm ki, mənim sizə münasibətimi həmişə o kontekstdə qiymətləndirəsiniz.Və sizin bütün iradlarınızı qəbul etməyə həmişə hazıram.

Kamal Abdulla.Oldu. Görüşərik.

Əsəd Cahangir.Sağ olun, Müəllim.


 

Hələlik bəsdi, deyirəm. Hələlik, ona görə ki, Əsəd Cahangirin bəlkə də kimlərinsə təhrikiylə girdiyi bu məsələ, yəqin, hələ çox su aparacaq. Məncə, elə bu qədərlik ilk söhbətdən sonra yazının başlığının birinci tərəfi aydınlaşdı. Eh, Əsəd Cahangir, insan özü-özünü belə zavallı duruma salmaz. Sənin indiki "xozeyinlərin" də qoy görsünlər. Sən axı sabah çox rahatcasına onlar üçün də dəyişə bilərsən. Ölü qalmamaq üçün. Amma, məncə, sən onsuz da… qərəz, nə isə. Qoca Zevs haqlıymış.


 

Başlıqdakı "Mən niyə Əsəd Cahangiri itirdim?!" sualına gəlincə isə, həqiqətən, bu suala cavabım yoxdur. Elə bil, ilk tanış olduğumuz gündən ( o günü də, onun mənə etdiyi təklifləri də yaxşı xatırlayıram) və o gündən sonralar da məni hansı gizli qüvvəydisə bu adama sonadək bağlanmağa mane olurdu. Bilmirəm niyə. Amma və lakin. Fikirləşib onu da tapacağam.


 

P.S. Əgər kimsə bu son, belə deyək, ədəbi qalmaqalda Bakı Slavyan Universitetinin məni dəstəkləyən 4, ya 5 tələbə ( bəs daha tələbə nə günə lazımdı?), bir iki müəllimindən başqa daha kiminsə adını çəkə bilərsə, o zaman Əsəd Cahangir hər sözündə haqlıdır. "Bütün Bakı Slavyan Universiteti mənə qarşı xaç yürüşünə çıxıb" deyə dad eləyən Əsəd Cahangir, görəsən, bilirmi ki, Universitet nədən və kimlərdən ibarətdir, bilirmi ki, burda nə qədər alim çalışır, kafedra müdirləri, elmi tədqiqat laboratoriyalarının müdirləri, doktorantlar, müəllimlər, professorlar, dosentlər var?! Onlar hamısı gözəl mütəxəssislərdir, vicdanlı adamlardır. Bəlkə də çoxu heç bu tənqidçini tanımır. Yaradıcılıq fakültəsinin 4-5 işçi və tələbəsindən başqa ( bunlar isə Əsədin hadisəni şişirdən, körüyü üfürən müridlərindən qat-qat sayda azdılar) bu prosesdə heç kim OLMAYIB! Bəs bu nə şivən, nə saçyoldudu?! Bu da qəhrəmanımızın gözünə görünən qallüsinasiya! Diaqnoz tam bəlli.

 

Keçmiş olsun.


 

21.07.2013.