Əli Şirin Şükürlü. Dördlük (Povest)

Əli Şirin Şükürlü. Dördlük (Povest)

 
   Özünə gələndə artıq sahildə idi. Əvvəlcə nə baş verdiyini anlamadı. Yaddaşı bərpa olunduqca gəmidə baş verən qəzanı xatırlamağa başladı. Suda xeyli üzdüyünü də xatırlayırdı. Sonrası yadında deyildi. Həyatının yaddaşına yazılmayan həmən parçasında nə baş vermişdi, necə olmuşdu sağ qalmışdı, onu sahilə ötürən dalğalar olmuşdu, yoxsa başqa bir möcüzə sayəsində bura sağ-salamat yetişmişdi anlaya bilmirdi. Təkcə onu bilirdi ki, bir müddət üzdükdən sonra yorulub haldan düşmüş və sanki real aləmlə əlaqəsi kəsilmişdi. Bundan sonra isə hər şey qaranlığa qərq olmuş və o, zülmətin dərinliyində parlayan hansısa işığa doğru uçduğunu (üzdüyünü yox) ani olaraq hiss etmişdi. Vəssalam. Düşüncəsi reallıqla əlaqəni itirdikdən sonrakı zaman-məkan müstəvisində sağ qalması üçün onun dadına nə çatmışdı məlum deyildi. Hər halda ona məlum deyidi, çünki bu hadisənin şahidi olan bir kəs tanıyırıqsa, bu da yalnız onun özüdür.           
   
   Indi isə sahildə uzanıb ətrafı seyr edirdi. Heç nə, heç kəs gözə dəymirdi. Zorla qalxıb oturdu və yenidən ətrafı diqqətlə nəzərdən keçirdi. Dəniz və qumlu sahildən başqa ətrafda heç nə mövcud deyildi. Yox. Bir də dayandığı nöqtədən hayana baxsan ətrafa yayılmış hüdudsuz boşluq var idi – bəyaz boşluq. Boşluqdakı imkana isə bələd idi. Ağ səhifəyə bənzəyər boşluq, nə istəsən yazmaq mümkündü o səhifəyə. Bircə yazılan ağ rəngdə olmasın. Rəng rəngə qarışar yoxsa, oxunmaz. Elə talelər də boşluq adlı ağ lövhədə fərqli - qara, qırmızı, boz və sair rənglərdə yazılır ki, oxunsun. Başdan ayağa imkandı boşluq, özü də hüdudsuzundan. 

   O boşluqda isə bu da tənhalıq – taleyinə yazılan. Yox, buna tənhalıq da demək olmazdı. Tənhalıq çoxluğun doğurduğu hissdir. İnsan tənhalığı çoxluğun arasında yaşaya bilər. Cəmiyyətdən təcrid olunmuş məkanda nə tənhalıq. Bu, yalnız təklik ola bilər. Narahatlıq qarışıq sevinc hissi keçirdi ani olsa da. Qalxıb gəzməyə başladı. 
   Hiss edirdi ki, hərəkət etdiyi yol tədricən əyilib, qövsvari şəkil alır. Yaşadığı məmləkətdə isə bütün yolları düzxətli hesab edirdi. Sanki bütün gediş-gəlişlər düz xətt boyunca baş verirdi o məmləkətdə. Nədənsə yolların əyilməsini hiss etmək mümkün deyildi oralarda. Belə düşünməsinə səbəb bəlkə də son illər həyatında baş verən dəyişməzlik, monotonluq idi. Burada isə hərəkət etdiyi yol çevrə şəklini alırdı yavaş-yavaş. 

   Bir müddət sonra dalğaların (hər halda daha çox bu versiya üzərində dayanırdı) onu sahilə təhvil verdiyi yerdə dayanmışdı. Adaya düşdüyünü anladı. Üzündə təbəssüm yarandı. Ada məcaraları ilə bağlı çoxlu kitab oxumuş, filmlərə baxmışdı. Düşündü bəlkə tam özünə gəlməyib, hələ də zülmətdəki bir parça işığa düşdüyü o anın içindədi, lakin real həyatda olduğunu zənn edir, özünə gələndə gördüklərinin qeyri-real olduğunu anlayacaq. Amma hələ ki imkandan istifadə edib bu vəziyyəti doyunca seyr etmək istəyi hiss edirdi özündə.
                                                      
                                                        ***   
 Vaxt ötürdü. Amma vəziyyət dəyişmirdi axı deyəsən. Elə həmən ada, həmən tənhalıq. Daha doğrusu, təklik. Çaşqınlıq içində bir az da gözlədi. Az əvvəl sevinmişdisə də, indi bir narahatlıq bürüməyə başlamışdı varlığını. Düşüncəsi gözlənilməz dəyişikliyin gətirdiyi çaşqınlıqdan azad olduqca narahatlığı artırdı. Uzun müddət sakitlik axtarsa da, amma indi bu adada tək-tənha necə yaşayacağı və buradan necə qurtulacağı barədə fikirlər onu rahatsız etməyə başladı. Hər şeyi yalnız təsadüf həll edə bilər. İndi onun taleyi ancaq təsadüfdən asılıdır. Baxmayaraq, heç vaxt təsadüfə inanmayıb, baş verən bütün hadisələri qanunauyğun hesab edib. 
   
   Çalışdığı elmi sahə təsadüfi hadisələrin və proseslərin öyrənilməsi ilə bağlı olsa da, təsadüfiliyi insan idrakının imkanları ilə, daha dəqiq, imkanlarının məhdudluğu ilə əlaqələndirir, onu bilməzliyin nəticəsi hesab edirdi. Təsadüf anlayışı hadisələr arasında əlaqəni bilmədikdə ortaya çıxır. Hər bir təsadüf zərurilikdə baş verir. Buna görə də hazırda onun taleyini xalis təsadüf  yox, zərurətin doğurduğu təsadüf həll edə bilərdi.
   Təsəlli olaraq söykənməyə çalışıdığı bu fikirlərin əksəriyyəti, əslində ona məxsus yeni fikirlər deyildi. Təsadüfiliyə çoxlu fəlsəfi, elmi münasibətlər var ki, o da bunların bir qismi ilə tanış idi. Yoxsa öyrəndiyi təsadüfi proseslərin modelini yaratmağa nail ola bilməzdi.
   Ona görə də gözləməyə məcbur idi. Gözləmək üçünsə yaşamaq lazımdır. Bəlkə hansısa zərurət elə hansısa təsadüfi qabağına qatıb qovur ona sarı. 
   
                                                        ***
   Nəhayət! Təklik başa çatırdı deyəsən. Fikirdən ayılarkən qarşısında qəribə nəhəng bir varlığın dayandığını gördü. Əvvəlcə diksinib, azca geri çəkildi. Qorxudan bir anlıq duruxub yerində tərpənməz dayansa da, sonra ona elə gəldi ki, bu qəribə varlıqdan ona xətər toxunmaz. Toxunsaydı gərək artıq toxunaydı. Çünki o, xeyli fikrə dalmışdı və yəqin elə bu müddət ərzində qəribə varlıq da onu müşahidə edirmiş. Bir də bu qəribə varlığın ona xətər yetirmək niyyəti olduğu təqdirdə belə əlindən heç nə gəlməzdi və bu nəhənglik qarşısında aciz idi.  
   
   
   Çox qəribə görkəmi var idi varlığın. Sanki müxtəlif varlıqlar bir vücudda cəm olmuşdu. Amma əsasən dörd varlığı xatırladırdı: quş, balıq, ağac, heyvan. Varlığa baxarkən müxtəlif quşları, balıqları, heyvanları, cürbəcür ağacları xatırlamaq olurdu. Ağaca da bənzəyirdi, gül koluna da. Dik də dayana bilirdi, əyilib, heyvan kimi dördayaq da olurdu. Uça da bilirdi hətta. Z. onu heyrət və təlaş içində müşahidə etdiyi vaxt arada havaya qalxıb, tez də endi. Yəqin bununla da özünü Z.-ya təqdim edirdi. 
   Z. özünü ələ alıb ona yaxınlaşmaq qərarına gəldi. Nəhəng varlığa sarı bir neçə addım atıb gülümsədi. Varlıq onun bu hərəkətinə cavab olaraq qəribə tərzdə təzim etdi. Bu vaxt o, daha çox gül koluna bənzəyirdi. Bu cür münasibətdən ürəklənən Z. özlüyündə ona ad da verdi: Dördlük.
   
                                                        ***
   
   Z. nə baş verdiyini anlayırdı artıq. O, indi yalnız təbiətlə baş-başa idi. Yaşadığı şəhər həyatı, gərginlik, qələbəlik son vaxtlar onu yormuş, içində təbiətə qeyri-ixtiyari güclü meyl yaratmışdı. Düşünürdü ki, cavanlıqda cəmiyyət adamı daha çox   cəlb etsə də, yaş keçdikcə təbiətə maraq artır. 
   Bu da arzusunda olduğu təbiət. Özü də cəm olaraq bir varlıqda təzahür edib qarşısında. Dördluklə tanışlığa qədər bu tənha adada narahatlıq keçirsə də, indi tam sakit idi. Əslində bu rahatlığı ona bəxş edən Dördluk idi. Onun sayəsində heç nədən əziyyət çəkmirdi. Demək olar, heç nədən. Aclıqdan söhbət gedə bilməzdi. Meyvəsi də var idi, südü də. Hələ uçmaq ümidi də. Özü də "nəhəngin”dən. Bu ümidi də ona bəxş edən Dördlük idi.
  
   O qədər isnişmişdilər bir-birinə, Z.-nın əhval-ruhiyyəsindən asılı olaraq Dördlük də dəyişirdi. Dəyişiklik onun görkəmində baş verirdi. Daha doğrusu, dəyişikliyi ilk növbədə zahirdən sezmək olurdu. Amma Z.-ya məlum idi ki, heç bir dəyişmə səbəbsiz baş verə bilməz. Dördlüyün zahirində baş verən dəyişiklik onun daxili, görünməyən aləmi ilə bağlıdır. Deməli, onun döyünən həssas ürəyi, düşünə bilən beyni var. Z. sevinəndə Dördlük daha çox gül koluna bənzəyirdi rəngbərəng çiçəkləri ilə. Məyus olanda ağacı xatırladırdı yarpaqları solmuş, qol-budağı sallanmış. Z. əsəbi, gərgin olanda yırtıcı heyvan çəklini alırdı Dördlük. Qarşısında nə varsa parçalamağa hazır idi, elə bil. Qumlu sahildən yorulduğu məqamlarda iri balığa çevrilib dənizdə səyahət sevincini bəxş edirdi Z.-ya. Darıxanda isə nəhəng quşa bənzəyirdi; sanki "hər zaman məkanını dəyişə bilərsən sayəmdə” ismarıc ünvanlayırdı insan dostuna. Dördlükdə baş verən forma dəyişmələri ilə bağlı mənzərələri tez-tez müşahidə edə bilirdi Z. Bu dəyişmələrə səbəb hadisələrin bir qismi ilə biz də tanış ola bilərik, amma bir qədər səbrli olmaq gərəkdi. Bir balaca səbrli olmaq gərəkdir ki, gəlib o məqama yetişə bilək    

  Beləcə, günləri yola salırdı Z. təbiətlə qol-boyun. Yaşadığı bu sakit, təbiətin bəxş etdiyi səmimiyyət dolu həyat onu qane edirdi. Anlaşılmaz bir rahatlıq və fərəh içində yaşayırdı Z. hələ ki. Dördlüklə ünsiyyət arabir keçmişə aparırdı onu xəyalən. Məkandan fərqli olaraq zamanı yalnız xəyalən səyahət edə bilirdi. Keçmiş hadisələr düşüncəsində real təsvirlərlə zəngin idi. Gələcək isə gəlməkdə idi və keçmişə çevrilməyənə qədər düşüncəsi orada mövcud olan heç bir hadisəni dəqiq təsvir etmək iqtidarında deyildi. Yalnız müəyyən məqamlarda gələcək hadisələr barədə fərziyyələrlə dolub daşa bilirdi.

                                                           
                                                          ***
   
   Bir günsə baş verən bir qədər romantik-sentimental hadisə yenə də onu xəyalən  keçmişə - öz məmləkətinə qaytardı. Z.-nı  birdən səbəbi özünə də məlum olmayan insana xas bədbinlik bürümüşdü. Dördlüyə qısılıb fikrə dalmışdı. Birdən yanağında ilıq nəsə hiss elədi, - göz yaşına bənzər. Damcı yanağı boyu sürüşüb dodağına çatınca onun, doğurdan da göz yaşı kimi şor olduğunu fərq etdi. Başını qaldırarkən Dördlüyün yarpaqlarından süzülən damcıları gördü. 
   
   Bu hadisə ona görüşdüyü qızla ilk sevgi səhnəsini xatırlatdı. Ehtiraslar sönəndən sonra arxası üstə uzanıb fikrə dalmışdı. Qızsa bərk-bərk ona qısılmışdı. Fikirləşirdi hər şey tükəndi. Bu qədər istəyin nəticəsi elə budur?!. Bir neçə dəqiqəlik sevgi səhnəsi. Bu cür sevgi, bu dərəcədə istək, ehtiras bir də yaranmaz, - hazırki vəziyyətini hər şeydən doyan adamın vəziyyəti ilə müqayisə edirdi. Elə buna görə də bəri başdan qızı həmişəlik tərk edib getsə yaxşı olar; sevgisiz, ehtirassız münasibətin nə mənası?! 
   
   Amma hələ ağlına da gəlmirdi ki, bütün istəklərin qaynaqlandığı tələb adlı mənbə var. O tələb də daim istək adlı duyğu "istehsal edir”. Nə qədər tələb mövcuddur, o qədər də istək olacaq. Tələb insanı fəaliyyətə gətirən istəkdən öndədi, ilkindi. Hətta ağıldan belə əvvəldə bərqərar olub. Qalır tələbdən doğan istəkləri ağılla idarə etmək. Həm də təkcə insanın deyil, bütün kainatın mahiyyəti tələb – ağıl – istək birgəliyindən ibarətdir. 
   
   Dodağında hiss etdiyi göz yaşı tamı onu qarışıq fikirlərdən ayırıb qızın yanına qaytardı. Qızı bir də əzizləyib sevə bilməyəcəyi qorxusunu yaşayan gənc Z. çox keçməmiş yenidən qızı ağuşuna aldı. Sevginin ilk yaxın təmasını dadan qızın titrək səslə " sən məni həmişə sevəcəksən?” – müraciətinə az əvvəl fərqli düşünməsinə baxmayaraq, "həmişə” – deyə cavab verdi. "Mən də. Həyatımı başqa cür – sənsiz təsəvvür edə bilmirəm” - qız sevdiyi adamın cavabındakı qətiyyətdən mütəəssir dedi.
   
   Amma "həmişə” də yaranmışlar üçün məhdud  zaman kəsiyidi daimilik mənasını versə də. Tezliklə evlənməyə qərar vermişdilər. Lakin bir gün qızın qəfil yoxa çıxması vəziyyəti tamam dəyişdi. Nə qədər axtarsalar da qızı tapa bilmədilər. Elə bil, qız bir anın içində qeybə çəkilmişdi. Bütün doğmalar kimi o da uzun müddət ümidlə gözlədi. Necə olmasından asılı olmayaraq, qız barəsində hər bir xəbər təsəlli ola bilərdi doğma adamlara. Hətta xəbərlərdən ən ağırı belə. Elə o cür də oldu. Xəbər aldılar nəhayət – xəbərin ən ağırını. Adi bir qəza qızı varlıqdan yoxluğa çevirmişdi bir anın içində. Bu hadisəni xatırlayanda sonsuz əzab çəkdiyindən hadisə ilə bağlı təfərrüatları düşüncəsindən qovmağa, müəyyən vasitələrlə sıxışdırıb kənarlaşdırmağa çalışırdı. Amma heç bir hadisənin təsvirini düşüncədə yox etmək mümkün deyil, o, qeyri-ixtiyari düşüncənin hansısa qaranlıq bir hissəsində həmişəlik məskan salır.        
  
   Neçə il keçməsinə baxmayaraq, o dəhşətli anları hər xatırlayanda özünə yer tapa bilmirdi. Hər yerdə izini axtarırdı sevdiyi qızın, yaşadığı sevginin; yəni bu qədər fanidir hər şey, belə asanlıqla heçliyə çevrilə bilər yaranan, yaşanan nə varsa. İnsan, insanın yaşadığı və bəxş elədiyi sevgi belə asanlıqla necə yox ola bilər axı bir anın içində! Varlıqla yoxluq yəni bu qədər yaxından müşayiət edər bir-birini, anla ölçülən, az qala zamansız bir məsafə mövcuddur onların arasında?!    
   Belə anlarda yalnız xatirələr yetirdi dadına. Yalnız xatirələr.
   
   İnsan yalnız xatirə imiş – indi fərqli, cəmiyyətdən məhrum bu adada belə düşünürdü. Görünür, doğurdan da insanın mahiyyəti düşüncədir. Düşüncədən məhrum olmaq yoxolmadır. Dünya elə insanın içindədir, ondan kənarda heç nə mövcud deyil. Dünya elə insanın düşünə bildiyi qədərdir. Sevdiyi qız da indi onun düşündüyü qədər mövcuddur onunçun harada olmasından asılı olmayaraq. Bəlkə heç məkanı da yoxdu onun artıq. Bədəni soyundusa məkan da itdi, hərəkət də, zaman da. Bədənə hörülmüşük deyə bir məkanı zaman-zaman başqasına dəyişə bilirik. 
   
                                                           ***
   
   Bir müddət əvvəl qələbəliklə dolu şəhəri indi səssizliyə qərq olmuş, yalnız Dördlukdən ibarət bu ada-məkan əvəz edirdi.
    
   Z. ilə dostlaşdıqdan sonra Dördlük də fəallaşmışdı elə bil. Sanki o da bu insan dostuna qədər təklikdən əzab çəkirmiş. İndi məmnunluq hissi yaşayırdı daxilən. Z. bunu dərindən duya bilmirdi. Çünki Dördlüyün dəyişməsini öz əhval-ruhiyyəsi fonunda seyr edə bilirdi. Onun daxili yaşantılarının üzdə olmayan tərəflərini dərindən anlamaq iqtidarında deyildi. Baxmayaraq, elmi işləri hadisələrin fizikası ilə yanaşı onun fəlsəfəsini də anlamağı tələb edirdi. Hətta nəinki fizikasını, hətta metafizikasını da. Amma, görünür, insan idrakının məhdudluğu kainatda çox şeyi anlamağa imkan vermirdi. Lakin bir şeyə əmin idi Z. Bütün kainat yüzə-yüz insana hesablanıb. Heç nə elə-belə yaranmayıb. İnsana adi görünən yaranmışlar belə kainatda harmoniyaya xidmət edir. Onlardan hansınınsa yerində olmaması bir zaman-məkan boşluğu yaradıb, kainatın nizamını poza bilər. Elə çoxlu varlığın bir vücüdda cəmlənib, insanın hazırkı vəziyyətdə  dadına yetməsi buna sübutdur. Sanki onun hazırda yaşamasının səbəbi də Dördlüyün mövcudluğudur. 

                                                         ***

   Təkcə torpaq deyil, su da cəlb edir adamı. Elə səma kimi. Səmaya olduğu tək dənizə də baş vurmaq keçir insanın könlündən. Özü də dərinliklərinə. Dərinlik, əlçatmazlıq daim çəkər adamı özünə sarı. Bəzən təhlükəli olsa da çıxa bilmir adam zülmətdə uyuyan əlçatmazlığın, sirr dolu dərinliyin cazibəsindən. 
   İdrakının aşa bilmədiyi sərhəddi pozmaq keçirdi könlündən Z.-nın. Bir anlıq adadan aralanıb, dənizin sonsuzluğuna qovuşmaq istəyirdi. Həm də adadan müvəqqəti ayrılmaq ora qayıtmağa yeni istək yaradacaqdı onda. Çünki olduğu yerlərə qayıtmağı sevirdi o. Təzədən adanı sevmək üçün getmək lazım idi buralardan. Az müddətə olsa da belə. Getməyin də görünməyən, sirli məqamları var. Haradansa, kimdənsə gedirsən və sonra darıxıb qayıdırsan. Yeni istək fərqli qüvvə ilə dartır adamı geriyə.
 
   Dördlük iri balığa çevrilib üzürdü dənizin dərinliklərinə. Dostu da belində. Yeni bir sevinc idi dənizə balıq çevikliyi ilə baş vurmaq. Sərbəst, azad, qorxusuz. Bir yandan da dənizin şəffaflığı. Sanki ruhu təzələnirdi bu çeviklik və şəffaflıqdan. 
   Nə qədər davam etdi bu fərəh fərqinə varmadı Z. Elə bil bir ömür yaşamışdı dənizin qoynunda. Sadəcə, bu dəfə rastlaşdığı ən bənzərsiz mənzərə balığın gözləri idi. O qədər məna vardı bu gözlərdə, insan gözlərində hələm-hələm o mənaya rast gəlməzsən. 
                                                    
   İlk dəfə balıq tutmağa gedərkən məktəbdə oxuyurdu. Deyəsən, bu, onun elə sonuncu balıq ovu oldu. Sonra balıq ovuna getməsini xatırlamırdı keçən otuz il ərzində.
   Onu balıq tutmağa aparan sinif yoldaşları bu işdə səriştəli idilər. Balıq ovu üçün hazırlanmış xüsusi tora onun yaşadığı bölgədə "moluş” deyirdilər. Bəlkə başqa bölgələrdə də elə moluş deyirlər, onu dəqiq bilmirdi. Əsas məsələ bunda deyildi. Əsas məsələ ilk dəfə sudan diri çıxan balığı görməsi idi. Moluşa tuş gələn balıqları moluş qarışıq sevincək sudan çıxarıb, kanalın qırağındakı torpaya atırdılar. Balıqlar bir qədər atılıb-düşərək ölümlə mübarizə apardıqdan sonra təslim olub sakitləşir, doğma məkandan əbədi ayrılırdılar. 
   Beləcə, o gün xeyli sevinc bəxş etdi dostlara balıq ovu. Hər sevinc də balıq ölümü sayəsində baş verirdi. Hər ölüm yeni sevinc bəxş edirdi onlara. Balığın iriləri onun payına düşdü o gün. Necə olsa bu işdə o, "təzə” idi, dostlar da təzə balıqçının zəhmətini layiqincə qiymətləndirdilər. 
   
   Amma o gün hamıdan çox sevinən Z.-nın nənəsi oldu. Necə olsa yeganə oğul nəvəsi ilk dəfə qazanc gətirirdi evə. "Bu balıqları barmağımda bişirəcəyəm ocaqda” – bir neçə dəfə sevinə-sevinə uca səslə təkrarladı nənəsi. Elə bil, istəyirdi hamı onu eşitsin, hamı eşidib onun sevincinə şərik olsun həm də.
   O gündən isə Z.-ya xatirə qalan balıq gözləri oldu; diri balıqların ölü gözləri. Demə, diri balıqların da gözləri ifadəsiz, donuq olurmuş, elə ölü balıqlar da olduğu kimi. Bəlkə də onların gözləri yalnız suda – doğma məkanlarında məna kəsb edir, oranı tərk edən an mənasını itirir, elə ilk ölən də gözləri olur balıqların. 

   İndi isə tamam fərqli mənzərə ilə rastlaşmışdı. Dostu Dördlüyün dipdiri balıq gözləri onu təəccübləndirmişdi.                                         

                                                                           
                                                            ***
   İnsan kimi Dördlük də bəzən nəvazişə susayırdı. Axı onun da varlığında canlıya məxsus müəyyən hisslər dolaşırdı. O nəvazişi də yalnız Z.-dan ala bilərdi. Z. isə elə düşünürdü bu varlıq yalnız ona xidmət etmək üçün yaranıb. Onun varlığı bir arxayınlıq yaratmışdı Z.-da. Çox vaxt biganə yanaşırdı dostuna. Biganəlik - insanın xislətində özünə əməllibaşlı yer eləmiş bu xüsusiyyət, hətta müəyyən məqamlarda insanın karına da gələ bilir. Özünü cəmiyyətdə vacib bir şəxs kimi göstərməyə yardımçı olur. Amma həmişə də özünü doğrultmur. Bəlkə də cəmiyyəti bu cür "oyunbazlıq”larla müəyyən məqamlarda aldatmaq olar, təbiəti isə aldatmaq mümkün deyil. Aldatmağa çalışıdın – bəzən üzdə bilinməsə də - bir çat əmələ gələcək arada və o çat getdikcə uçuruma cevriləcək.
   
   Həmişə ehtiyac hiss edərkən – darıxarkən, sevinərkən, məyus olarkən Dördlüyə sığınan Z. bu dəfə fərqli mənzərə ilə rastlaşdı. Dördlük özü ona yaxınlaşmaq, ona qısılmaq istəyirdi, sanki ünsiyyətə ehtiyacı vardı onun. Lakin Dördlüyü öz istəkləri prizmasında görən Z. bunun fərqinə varmadı o qədər də. Elə bu zaman bu vaxta kimi rastlaşmadığı bir mənzərənin şahidi oldu və bu mənzərədən üşəndi. İlk dəfə idi Dördlüyün yırtıcıya çevrildiyinin şahidi olurdu. Özü də gözlərindən qəzəb yağan yırtıcıya. Bir qədər duruxsa da tələsik çıxış yolu barədə düşünməyə başladı. Hələ ümid var idi. Çünki dostunun gözlərində hələ ki təkcə ani qəzəb doğulmuşdu, kin özünə yer eləməmişdi. Qəzəbi isə soyutmaq mümkündü həmişə. Tez alışıb, tez də sönən alova bənzəyər. Kin isə uzunmüddətli qəzəbdir. Yandırıb kül etməsə inadından əl çəkməz.

                                                  ***
   Nə vaxtsa sevimli heyvanın gözündə sezdiyi kinin ağır nəticəsini yaşamışdı. Bəlkə də heç on yaşı olmazdı Z.-nın. O zaman kəndə yaşayırdılar. Bir iti var idi və bu it o qədər öyrəşmişdi ona, demək olar, hər yerdə yanında idi. Qohum evinə gedsəydi oturub həyətdə onu gözləyərdi. Dostları ilə oynadığı yerlərdə isə daima yaxınlıqda dolaşardı. Bir sözlə, hər yerdə onunla idi. Bircə məktəbə olmazdı! Bunu it də anlayırdı elə bil. Məktəbdən qayıdar-qayıtmaz isə dərhal qarşısında peyda olub, qabaq ayaqlarını qaldırararaq onunla oynamaq istəyərdi. Belə bir dostluğa rəğmən o vaxt da gözlənilməz bir mənzərə ilə rastlaşmışdı. 
   Günlərin birində yemək yeyən iti bir neçə dəfə hirsləndirməyin acısını yaşamalı oldu. İtin gözlərindəki qəzəbi əvəz edən kin ona baha başa gəldi. Sevimli iti gözləmədiyi halda nifrətlə üstünə atılıb onu ayağının şirin ətindən qapdı. Böyük bacısı özünü yetirməsəydi bu nifrətin axırı necə olacaqdı onu bir Allah bilir. Çünki it elə qəzəblənmişdi bir anın içində sevimli dostdan ən qəddar düşmənə çevrilmişdi. İti kötəkləyib qovan bacısı yarasını təmizləyib sarıdıqdan sonra onu tənbeh etməyə başladı:
-Axı sən iti niyə qəzəbləndirirsən heç nədən. Bilmirsən yeyərkən itə toxunmaq olmaz. Axı o adam deyil, heyvandı. O, nə anlayır sən onunla zarafat edirsən. Bu, heç zarafata da oxşamırdı. Sən, elə bil, qəsdən onu qəzəbləndirirdin. Bu da nəticəsi.             
-Mən onunla ancaq oynamaq istəyirdim, başqa məqsədim yox idi, - hələ də qorxudan özünə gələ bilməyən Z. günahkarcasına dedi.
-Heyvanla oynamağa münasib vaxt seçməmisən, bunu anlayırsan? – Bacısı narahatlıqla onu danlamaqda davam edirdi. – Yaxşı deyiblər it quduranda yiyəsini qapar – bunu isə az qala pıçıltıyla söylədi. 
-Anlayıram. Bir də eləmərəm, - Z. söylədi.
-Amma artıq gecdi, iti incitmisən, səni bağışlayacaq ya yox bilmək olmaz. Bundan sonra onunla ehtiyatlı ol.
Daha ehtiyatlı olmağa lüzüm yox idi. O gündən it heç yerdə gözə dəymədi. Bacılar nə qədər soraqlasa da onu tapa bilmədilər. Amma Z. ömrü boyu itlərdən ehtiyatlanmağa başladı. Doğrusu, qorxmağa başladı. Elə bil, rastına çıxan itlər də bunu hiss edirdi. Bu hadisə hər yadına düşəndə fikirləşirdi: "Heyvandı da, nə olsun isinişmişdi mənə, yəqin kim olmasından asılı olmayaraq, payına şərik olacağından ehtiyatlanırmış. İnsan – şüurlu məxluqdu, amma çox zaman payına düşəni asanlıqla əldən vermək istəmir. Bəzən payına düşməyəndən belə imtina edə bilmir. Qalmışdı şüursuz məxluq ola. Elə ona görə də məni qapmaqla itirmək təhlükəsini aradan qaldırmağa çalışıb”. 

                                               *** 
   Həyat isə hər an itirməkdi də elə - insan çox zaman bunun fərqinə varmasa da. Yaşanan hər an nəyin və nələrinsə keçmişin qaranlıq uçurumuna yuvarlanmasıdı sadəcə. Heç vaxt qayıda bilmədiyi, yaşadıqlarının bir göz qırpımında çevrildiyi keçmişə. 
   Bir anın içində az qala Dördlüyün sevgisini itirmək təhlükəsi ilə üzləşən Z. indi onunla əvvəlki münasibəti pərpa etmək üçün yollar axtarırdı. Anlayırdı ki, Dördlük  Z.-nın də onu sevdiyinə inanmalıdı. Bəlkə də bu məqamda yalnız sevgi onu xilas edə bilər. Amma Dördlük daha qəzəbli olmasa da, məyusluğunu gizlədə bilmirdi. Bu vəziyyətdə yarpaqları solmuş ağaca çevrilmişdi. Z. isə onun tamamilə quruyacağından qorxurdu. Qorxudu Dördlük ağac şəklində quruyub yox olar. Bu yoxolma onun vücudunda cəmlənmiş digər varlıqların da mövcudluğuna son qoyar. Bununla da bütün ümidlər məhv olub gedər. Yaşamaq, uçmaq, dəyişmək və s. – bütün ümidlər. Əslində bu, elə Z.-nın də məhv olması demək idi. Çünki onu bu kimsəsizlikdə yaşadan yeganə səbəb – Dördlük idi. Bu adada varolma bir-birinin içində idi sanki. Bir-birinə daxil çoxluqlar şəklində. Dördlük adlı çoxluğa digər varlıqların hər biri altçoxluq kimi daxil olmuşdu. Bir altçoxluğun məhvi ilə bütün çoxluq məhvə məhkum idi. Z. da bu  çoxluğun altçoxluqlarından biri idi, amma o biriləri kimi çoxluğu yaşadan yox, yalnız onun sayəsində yaşayan.
   Belə olduğu təqdirdə az qala bir yerə cəm olmuş təbiətə niyə belə biganəlik göstərib, onu özündən incik salır. Özü də təbiət nə təbiət. Düşünə bilən, sevə bilən, həm də nifrət edə bilən təbiət. Onun isə sevgisini qorumağın çox sadə yolu var: adi nəvaziş. Bunu da ondan əsirgəsən əvvəl-axır üz döndərə bilər adamdan. Hazırda Z. belə bir ərəfədə idi; məyus, peşiman. Ağaca çevrilmiş Dördlük, deyəsən, bu məyusluğa dözə bilmədi. İlk təşəbbüs yenə də ondan gəldi. Budaqlarını nəvazişlə Z.-ya toxundurub, onu köksünə sıxdı. Bu münasibətdən sevinən Z.-nı görüncə isə rəngbərəng çiçəkləri adamın üzünə gülümsəyən nəhəng gül koluna çevrildi Dördlük. "Bağışladın məni? Yenə də əsl böyüklük siz təbiətdə gizlənib” – Z. gül kolunun gövdəsinə sığınıb, onu sığallamağa başladı.   

                                               ***
   Ağaclar da küsür adamdan. Təkcə adada karına gələn bu canlı ağac deyil, adi ağaclar da. Onların məyusluğunu ata və anasından sonra kimsəsiz qalmış bağdakı ağaclarda müşahidə etmişdi. İlbəil məhsulu azalan ağacların kədərini bağa hər gedişində aydın sezə bilirdi Z. " Sahibsiz bağın ağacları meyvə gətirməz” – düşünürdü o. Vaxtı ilə sevinə-sevinə ziyarət etdiyi bağı saxlamaq indi bir əzaba çevrilmişdi onunçun. Hər dəfə fəhlə tapıb, o sahəni təmizlətdirirdisə də az sonra yenə eyni şəkil alırdı. Bağ baxımsızlıqdan cəngəlliyi xatırladırdı. Qərara gəldi ki, evin yerləşdiyi həyətyanı sahəni saxlayıb, bağı satsın. Bu sahəni saxlamaq daha asan idi. Çünki orada ağaclar seyrək əkilmişdi. Bir də oranı satmaq heç ağlına da gəlməzdi. Oranı satmaq elə doğulduğu, böyüdüyü, sevdiyi evi, həm də xatirələri satmaq deməkdi. Bu ev isə valideynlərinin yadigarı idi. Hər kəndə gedərkən öz evinə düşür və bu zaman ona elə gəlir ki, valideynləri hələ də bu evdədir. İllər keçməsinə baxmayaraq hər yerdə onları görür, onların nəfəsini hiss edirdi sanki.
       - Bağı satıram, bacı – bir gün söhbət ərəfəsində bacısının fikrini öyrənmək istədi. Bilirdi ki, o biri bacıların da rəyi bu bacının fikri ilə eyni olacaq.
       - Bilirəm baxımsız olduğuna görə saxlamaq çətindi. Siz şəhərdə, bağ kənddə, yol da uzaq – bacısı onun sözünə qüvvət verdi.
        - Məsələ də elə bundadı. Təmizləyib gedirəm, çox keçməmiş qayıdıb görürürəm yenə "saç-saqqal” basıb onu. Bir torpağı ki qoruya bilmirsən saxlamağa dəyməz.

   Dediyi kimi də elədi. Satdı bağı məyus ağaclarla birgə: "Qoy kimsə səmərəli istifadə eləsin. Bəlkə bu ağaclar da sevinə”. Satdığı qonşuya elə bu cür də dedi: ”Yaxşı baxsan, səliqəli saxlaya bilsən mən də sevinərəm”.

                                                      
                                                        ***
   Beləcə, Dördlük məyusluğunu ağaca, sevincini rəngbərəng çiçəkli gül koluna, qəzəbini yırtıcı heyvana, nisgili balığa, dəyişmək ehtirasını quşa çevrilməklə ifadə edirdi. Həm də bu mənzərələr çox vaxt Z.-nın əhvalına uyğun olurdu. Amma Dördlük özü də hisslərdən məhrum deyildi. Axı o, canlı idi. Bəlkə elə canlı oduğundan Z. onunla darıxmırdı. Canlı təbiətlə dostluq onu bir çox cəhətdən xoşbəxt edirdi. O, elə yaşadığı məkanda da təbiətə həmişə canlı kimi baxmışdı. Amma indi bu xüsusiyyəti real görmək şansı qazanmışdı.
   
   Birdən özündə uçmaq həvəsi hiss etdi. Yüksəkliyə qalxıb adanı, dənizi seyr etmək istədi. Başlıcası isə uçmaq, elə hey uçmaq, səmaya qarışmaq keçdi könlündən.         
  Xəyaldan ayrılmağa macal tapmamış özündə bir yüngüllük hiss etməyə başladı. Onda gördü ki, artıq yeri tərk edir, tədricən üzü yuxarı qalxır. Dostu nəhəng quşa çevrilib, aparır onu səmaya. Necə də sevinirdı. İçi fərəhlə dolmuşdu. Uçuşun bəxş etdiyi fərəhlə. Getdikcə ada, dəniz kiçilirdi. Bir qədər sonra onları nöqtə şəklində seyr edirdi: "Doğurdan da yüksəklik çox şeyi adamın nəzərində kiçildir, adiləşdirir. O boyda ümman gör necə heçliyə çevrilir tədricən. Görünür, yaranan hər şey getdikcə heçliyə yaxınlaşır bu şəkildə. Heçliksə heç də yoxluq deyil yəqin ki. Nədirsə, hər şeydir, sonsuzdur, hər şey olan sonsuzu da görmək və dərk etmək insan idrakının gücündə deyil. Hər şeyi görmək mümkün deyil axı, forması olsa da belə. Elə Allah da bütün kainatı heçdən yaradıb. Hər şeylə dolu olduğu üçün heç nə olan heçdən”.
  
   Görən, nə üçün uçuş onu bu qədər sevindirirdi. Uçuşda nə sirr var görəsən. Bəlkə onun əsas sirri elə yerdən aralanmaqdı. Yerdəki hər an ölüm qoxuyur axı. Baxın, səmada ölənlər də üzü aşağı hərəkət edir – yerə doğru. Ölən quş, saralan yarpaq, yetişən meyvə. Ölüm yer hadisəsidi – ondandı yerin cazibə qüvvəsi də üzü aşağı çəkir məhvə məhkum olanları. O mənada yalnız fiziki hadisədi ölüm. Ölçüləri olanlara məxsusdu o. En, uzunluq, hündürlüyün, həm də zamanın yoxa çıxmasıdı. Öləndən ayrılan və ölçüsü olmayan isə üzü yuxarı hərəkətdədi – səmaya, sonsuzluğa, hüdudsuzluğa, zamansızlığa. Elə ona görə də yaranan nə varsa uçmaq ehtirasından məhrum deyil. Uçmaq, sonsuzluğa qovuşmaq əbədilik qazanmaqdır.
   Bunları düşünə-düşünə uçmağın sonsuz sevincini yaşayırdı. Amma hər uçuşun sonu var. Bunu da yaxşı bilirdi Z. Onu da yaxşı bilirdi ki, nə qədər məharətlə uçmağı bacarsa da belə Dördlük də tez-gec adaya qayıtmağa məhkumdu. Böyük yerin  kiçik adasına, öz məkan-zaman müstəvisinə. 

                                                        
                                                      ***
   80-ci illərin sonu idi – aspirantura dövrü. Uçuş sona çatdıqdan az sonra hava limanından birbaşa təcrübə keçəcək elmi-tədqiqat institutunun yataqxanasına yollandı Z. Hələ uçuşun təsirindən ayrılmamışdı. İki saatdan bir az artıq davam edən uçuşun nə vaxt başa çatdığını hiss etmədi. Elə bil, zaman donmuşdu, hərəkət də hiss olunmurdu səmada. 
   İndi isə torpağın üstü ilə hərəkət edirdi. Yataqxanaya çatanda saat 5-i göstərirdi. Taksidən düşüb yataqxanaya daxil oldu. Üçüncü mərtəbədə 13 nömrəli otaqda yerbəyer olub, bir qədər dincəldi. Sonra küçəyə çıxıb, yaxınlıqdakı kafeyə üz aldı. Yol boyu 13 ədədinin doğurduğu təəssürat düşüncəsini qucaqlamış, rəqəmlərin mistikası barədə fikirləşirdi. O, daha çox 3 rəqəmini xoşlayırdı. Görünür, bu rəqəmlə bağlı bir çox hadisələrin ona uğur gətirdiyini təcrübədən keçirmişdi. Hətta 3 rəqəmi ilə bağlı günlər, hadisələr onda qeyri-ixtiyari bir arxayınlıq yaradırdı. 1 rəqəmi qədər qüdrətli olmasa da böyük mahiyyət kəsb etdiyini anlayırdı. 1 – vahid tamdır, hissələrə malik olmadığından başlanğıc olaraq yaradandır. Hissələrə malik omadığından məhvə məhkum deyil, əbədidir. Onda hərəkətə yer yoxdur. 2 - iki nöqtə artıq xətdir, uzunluqdur, hərəkətdir. Nəhayət, 3 – üç nöqtə; en, uzunluq və hündürlük - bütün yaranmışları məkanlı edir. Kainatda nə varsa üç ölçülü formaya salıb qavramağa çalışır insan idrakı. 4 – məkan (üç olçü) üstəgəl zaman; varlığın mövcudolma müddəti. Həm də dörd ünsür – torpaq, su, od, hava – həyat mənbəyi.  Düşünürdü rəqəmlər insan ağlının məhsulu olsa da, amma kainat kəmiyyət qanunauyğunluqlarından məhrum deyil. Yaradan heç nəyi elə-belə yaratmayıb, yaradılan nə varsa kainatdakı nizama xidmət edir. Ədədi münasibətlərin də arxasında bir məna, bir mahiyyət gizlənir. Kainat insan üçün yaradılıbsa, deməli, bu qanunauyğunluqların da digərləri kimi insan taleyi ilə əlaqəsi var. Hər bir qanunauyğunluq səbəb-nəticə zənciri üzərində qurulub. İnsana isə bütün səbəblər məlum deyil. Nəticə ilə üz-üzə qaldığı bir çox məqamlarda belə bu sonucun hansı mənbədən qaynaqlandığı ona sirr olaraq qalır.
   Onu da hamı kimi qarşıda səbəbi ona məlum olan və məlum olmayan bir çox hadisələr gözləyirdi. Görək nə kimi hadisələr baş verəcək həyatında payına 13 nömrəli otaq düşən bu şəhərdə.    
   
   İlk gün belə başladı. Uçuşdan sonra bir müddət yerdəki hər şey ona qəribə görünürdü. Amma sonrakı günlər həyat normal axarı ilə getməyə başladı. Hətta rəngarəngliyi ilə uzun müddət Z.-in xatirəsində iz də buraxdı iki ay ərzində bu qərib şəhərdə baş verən hadisələr. Otaq yoldaşları Rza və Tolya adlı gənc alimlər idi. Rzanı tələbəlik illərindən tanıyırdı. Universitetdə eyni fakultədədə oxumuşdular. Fərqli kurslarda. Elə o vaxtdan isti münasibət var idi aralarında. Tolya isə başqa şəhərdən gəlmişdi. Hər gün dissertasiya işi ilə bağlı elmi rəhbərləri ilə bir neçə saatlıq müzakirədən və aldıqları tapşırıqlardan sonra boş vaxtlarını birlikdə keçirirdilər. Ya şəhəri gəzir, ya da yataqxanada digər gənc tədqiqatçılarla məclislər təşkil edirdilər. Müxtəlif xalqın nümayəndələri burada çox yaxşı dil tapa bilirdi. Bir-biri ilə dostlaşanlar da vardı. Dostluqların bəzisi sevgiyə çevrilmişdi artıq. Bütün bunlar öz yerində. Ən əsası, elmi diskusiyyalarla yanaşı istənilən digər movzularda söhbətlər polemikadan o tərəfə keçməzdi. Bütün fikir ayrılıqlarına hörmətlə yanaşılardı.
   Bir gün axşama yaxın Rzanın səsinə dəhlizə çıxdı. Rza möhkəm əsəbiləşmişdi. Alma adlı qazax qıza iradını bildirirdi. Alma da çox sərbəst bir qız idi. O qədər yaraşıqlı olmasa da, hərəkətləri ilə diqqət çəkə bilirdi. Bəzən o qədər içirdi ki, az qala kim gəldi, harda gəldi sevişməyə hazır idi. İndi isə söhbət o dərəcədə əndəzadan çıxmışdı, hətta mübahisəyə çevrilmişdi. Az qala Rza qıza əl qaldıracaqdı bu vaxr Z. araya girib, Rzanı zorla da olsa otağa sala bildi. 
-Görmürsən özünü necə aparır, - Rza ona müraciət etdi. – Müsəlmandı, çəkir, içir, hərəkətini bilmir. Adam xəcalət çəkir. Necə olsa eyni xalqı təmsil edirik.
-Ay Rza, sən də qəribə oğlansan, - Z. onunla razılaşmadı. – Axı sənin əxlaq normalarınla onun normaları uyğun gəlməyə bilər. O, öz həyatını yaşayır. Sənsə deyirsən o, sənin düşündüyün kimi yaşamalıdır. Çünki o müsəlmandı, səninlə eyni soykökə malikdi, nə bilim və sairə. Axı anlamıram başqasının həyat tərzinə necə müdaxilə etmək olar.
-Deyirsən heç nəyə əhəmiyyət verməyək, o da necə istəyir elə davransın. Nədi, nədi onun öz həyatı var, müstəqil adamdı. Bəs başqaları nə fikirləşər bizim barədə.
-Sənin əxlaq barədə düşündüklərin burada başqaları üçün heç bir əhəmiyyət kəsb etmir vallah. Əksinə, bilsələr söhbət nədən gedir, bizim barədə yanlış fikrə düşə bilərlər.
-Bu da bizim alimin danışdıqları, – Rza ona qəti iradını bildirdi. Hətta bir qədər incidiyi də hiss olunurdu.
Başa düşməsə də söhbətin nəsə yaxşı məcra almadığını anlayan Tolya söhbətə qarışıb, onları sakitləşdirməyə çalışdı ki, mübahisə çox uzanmasın. 

Tolya. Həlim, sadəlöhv Tolya. Xasiyyəti kimi geyimi də də o qədər sadə, dəbdən kənar idi, adama elə gəlirdi o, iyirmi il əvvəldə yaşayır hələ də. Sadəliyindən tez-tez gülüşə səbəb olurdu. Arabir onunla məzələnənlər də tapılırdı. Əsasən də ozünü baməzə göstərməyə çalışanlar. Çox vaxt da bu cəhdlər uğursuz alınırdı. Çünki əksəriyyət Tolyanın xətirini istəyir, ona hörmətlə yanaşırdı. Qızlarınsa diqqətini bir kişi kimi heç cəlb etmirdi. Elə onlar da Tolyanı bir o qədər maraqlandırmırdı. Öz həyat yoldaşını hələ də sevir neçə il bir yerdə yaşasalar da. Deyirdi ondan doymayıb, deyəsən, heç doymayacaq da. Bu barədə elə iştahla danışırdı, elə bil, hansısa ləziz yeməkdən danışır. Amma arvadı ondan doymuşdu deyəsən. Özü də çoxdan. Başqası ilə görüşürdü bir neçə ildi. Buna baxmayaraq, Tolya onu bağışlayırdı. Sevirdi, ona görə. Bunu təkcə Z.-ya sirr gəlmişdi. Çünki ona daha çox ürək qızdırırdı.                 
   Rza ilə bu söhbətdən bir neçə gün əvvəl isə Tolyanın ağladığının şahidi olmuşdu Z. Necə də ürəkdən ağlayırdı. Elə bil, illərin qəm yükünü boşaldırdı. Anası telefonda arvadının başqasına qoşulub getdiyini söyləmişdi Tolyaya. Gedəndə anaya deyib ki, qoy, Tolya məni bağışlasın. Z. bir söz tapa bilmədiyindən əlini Tolyanın çiyninə qoydu.
-Mən onu necə də sevirdim, - o, Z.-nın üzünə baxdı. – Hər şıltaqlığına dözürdüm, xəyanətinə də, o isə məni atdı.
-Hə, Tolya, nə etmək olar, ürəyə hökm etmək mümkün deyil, - Z. təsəlliyə şablon ifadələrlə başladı. – Sənin səhvin də , görünür, elə hədsiz sevməyində olub. O qədər sevgi bağışlamısan qadına, o da istədiyi kimi istismar eləyib sevgini. 
-Əvvəl hər şey yaxşı idi, o da məni sevirdi, - səmimi münasibətdən azca toxtayan Tolya dedi. – Sonra isə soyumağa başladı məndən. Bunu hiss etsəm də dözürdüm, onu itirmək istəmirdim.
-Özünü ələ almalısan, dost, sən bu mübarizədə uduzmusan, - Z. təsəlliyə davam etdi, - sevgi adlı mübarizədə. – Amma məğlubiyyətinlə barışmalısan. Özünü yeni mübarizəyə hazırla. Hər qələbədə məğlubiyyət olduğu kimi hər məğlubiyyətdə də qələbə yox deyil. Sevgini qazanmaqçın təkcə sevmək azdır. Fikirləş, qardaş, yaxşı fikirləş və unutma səni də sevənlər tapılacaq.
-İnanırsan, bu vəziyyətdə də ona nifrət eləyə bilmirəm, - Tolya dedi.
-Yox, nifrət eləməyi də bacarmalısan bəzən, – Z. yenidən danışmağa başladı. –İnan mənə, insanlar qorxduğu adamı belə sevə bilərlər. Onu güclü hesab etdiyindən. Səni isə sevgin zəif eləyib, elə buna görə də uduzmusan. İndi isə bir az güclü olmağa çalış. Səni qarşıda yeni sevgilər, yeni mübarizələr gözləyir, qardaş.
Son sözləri Z. elə gümrahlıqla söylədi, onun bu gümrahlığı Tolyaya da təsirsiz ötüşmədi. Hətta Z.-nın üzünə baxıb gülümsədi də.

   O gün Tolya qol-budağı qırılmış ağaca bənzəyirdi məyusluğu ilə. Bu gün isə Rzanın gözlərindəki qəzəb onu təəccübləndirmişdi. Mədəni, ziyalı alim dostunun birdən dəyişib, az qala qadına əl qaldıracaq dərəcədə dəyişməsi Z.-nın diqqətindən yayınmamışdı.
   
   Təxminən iki ay sonra tərk etdi bu şəhəri. Təyyarə səmaya qalxdıqca kiçilib yox oldu ikiaylıq xatirələrlə dolu şəhər. İki ay əvvəl təyyarə enişə hazırlaşarkən böyüyən məkan indi kiçilib nöqtəyə çevrilirdi. Görünür, doğurdan da çox böyük qüdrətə malikdi ucalıq. Yüksəkliyə qalxdıqca böyük görünənlər kiçilir və bəzən o qədər kiçilir ki, nöqtəyə çevrilib gözdən itir. Kiçik görünənlərin isə əzəmətli olduğunu dərk edirsən ucalıqda.  
    Bir də o şəhərə qayıtmaq nəsib olmadı Z.-ya, baxmayaraq, olduğu məkanlara qayıtmağı sevirdi. Bir foto yadigar qalmışdı o şəhərdən. Fotoda zaman görünməsə də məkan donmuş halıyla nəzəri cəlb edirdi; 13 nömrəli otağın bir parçası. Axırıncı rəqəmi üç olan 13 nömrəli otaq. Görəsən, başqa otaqda yaşasaydı hadisələr eynən bu şəkildə baş verərdi, yoxsa fərqli olardı – elə o şəhəri tərk etdiyi vaxt təyyarədə ağlından keçirmişdi. Buna dəqiq əmin olmaq üçünsə gərək eyni vaxtda ayrı-ayrı məkanlarda yaşamağı bacarasan – düşünüb, qeyri-ixtiyari gülümsəmişdi. Təbəssümü təyyarədə onunla yanaşı oturan Rzanın gözündən qaçmamışdı. "Təəssüratlardan təbəssümlə ayrılırsan, əziz dost” – əlini Z.-nın çiyninə qoyub, gülə-gülə demişdi.     
   
   O fotoda Tolya da var idi, Alma da, Rza da. Tolya başını dik tutub, məğrur dayanıb. Özünü nə qədər dik tutsa da, boyu bir az da qısa görünür. Rza bir qədər əsəbidir. Alma gülümsəyir. 
   O zaman hələ gənc olsa da, insan mənzərələri ilə bağlı bu kimi çox hadisələrin şahidi olmuşdu Z. Əslində içində olduğu cəmiyyət başdan-başa insan mənzərələridi, sadəcə, onları daim dərindən müşahidə etmək nəsib olmur adama.  

                                                  ***

   Dəyişmələr bu adadan da yan keçmirdi. Bu dəyişmələr Dördlükdə daha aydın sezilirdi. O, gülə, çiçəyə də bənzəyirdi, yırtıcı heyvana da. Ağaca da bənzəyirdi, quşa da, balığa da. Dördlük hər dəyişəndə isə Z. bu dəyişmələrə rəğmən bir çox hadisələri xatırlayırdı ki, o hadisələrin bir qismi ilə tanış olduq artıq.  
   İnsanın da təbiətə bənzədiyi Z.-nın nəzərindən qaçmamışdı. Adam var görürsən hansısa quşa bənzəyir, - qartala, sərçəyə, qaza, ördəyə. Adam da var hansısa heyvana. Məsələn, şirə, canavara, tülküyə və s. Adam da var balığa; ya sürüşkəndi, ya da gözləri donuq, ifadəsiz. Adam da var eynən ağaca; həm qocasına, həm də cavanına. Özü də bu bənzəmələr təkcə fizionomiya etibari ilə deyil, xaraktercə də özünü biruzə verir.
   Lakin təbiətin bir yerdə cəm olub həm də insana bənzəməsinin ilk dəfə şahidi olurdu Z. Dördlüyə baxanda əvvəlcə bu hiss olunmurdu. Amma ünsüyyətdə olduqca bu qəribə varlığın duyğularının özünə məxsus formada təzahür etdiyini sezmək olurdu. Zahirən təbiəti xatırladan bu varlıq daxilində həm də insan yaşadırdı sanki. Görünür, kainat özü tam, kamil bir varlıqdır. İnsan, heyvan, balıq, quş, ağac, su, torpaq, səma, od – yaranan nə varsa o varlığın bir əzasıdır. Onlardan hansı biri məhv olarsa Varlıq ya məhv olar, ya da şikəst yaşayar. 
   
   Elmi işləri texnika və iqtisadiyyatın müxtəlif sahələrinin stoxastik modelini öyrənməkdən ibarət idi. Gənclik illərindən beynində bir ideya dolaşırdı. İnsan həyatının stoxastik modelini yaratmaq. Bir halda ki, insan həyatı təsadüfi prosesdi – onun istənilən sonrakı anda vəziyyətini dəqiq təyin etmək mümkün deyil, deməli, stoxastik modelin köməyi ilə müəyyən ehtimalla bəzi anlarda insanın vəziyyəti barədə proqnozlar vermək mümkündü. Bu vasitə ilə də insanı bir çox təhlükələrdən qorumaq olar. Amma işin ağırlığı onda idi ki, məsələnin predmeti hansısa texniki avadanlıq deyil, sosial varlıqdır. Hər dəfə müəyyən nəticələrə nail olduqdan sonra modeldəki qüsurlar onu işdən soyudur, yalnız fəlsəfi ümumiləşmələrlə kifayətlənirdi.
   İndi isə Dördlüyü dərindən müşahidə etmək imkanı qazanan Z. bu işin daha ağır olduğu qənaətinə gəlirdi. Gör insan və təbiət nə dərəcədə bir-birinin içlindədir. Başdan-ayağa təbiətin sintezindən ibarət varlıq həm də insan kimi düşünür, insana xas duyğulara malikdi. O modeli yaratmaq üçün təkcə cəmiyyəti deyi, təbiəti də nəzərə almalısan. O qədər parametrlər toplamalısan ki, az-çox adekvat model ala biləsən. O parametlər də ki sonsuz sayda. Ona görə də istər təbiətin, istər cəmiyyətin modeli əvvəlcədən mükəmməl qurulub. İnsan zəkası isə onun yalnız cüzi bir hissəsini öyrənməyə nail ola bilər.

                                            ***

   Bu vaxta qədərə nə öyrənə bilmişdisə öyrənmişdi Z. İndi isə Dördlüyün vasitəsilə yeni, yəqin heç kimə bəlli olmayan bir çox məlumatlar da əldə etmək imkanı qazanmışdı. Arabir bu məsələ barədə düşünüb, idrakını işə salmağa cəhd edirdi. Qumluğa bəzi qeydlər edib, təsadüfi funksiyaların qrafikini cızırdı. Heç o funksiyalar haqqında düz əməlli fikirləşməyə macal tapmamış ya külək əsib onlara qənim kəsilir, ya da dalğalar özünü sahilə yetirib, onları yuyub aparırdı. 
  
   İnsanın yaratdığı məhvə məhkumdu – bu mənzərələrə baxıb düşünürdü. Çünki onlar tam, kamil deyil. Yoxsa onları belə asanlıqla məhv etmək mümkün olmazdı. İnsansa həyatdan gör necə yapışıb. Daim yaşayacaq kimi yaşayır az qala. Bir şey ki əvvəl-axır məhvə məhkumdu onun üçün dərindən kədərlənməyə dəyməz. Heç sevinməyə də. Yaranan nə varsa anbaan məhvə yaxınlaşır. Həyatsa ölümün yubanmasıdı. Təbiət və cəmiyyət kimi həyatla ölüm də bir-birinin içindədir. 
   Yarananlar hamısı bir-biri üçün yaranıb, - buna çoxdan əmin idi və Dördlüklə tanışlıqdan sonra əminliyi bir az da artmışdı. Təbiət yüzə yüz insana hesablanıb. Elə insan da təbiətə. Bütün yaranmışlar bir-birini tarazlaşdırır, kainatda balans yaradır. Heç nə elə-belə yaranmayıb. Elə-belə də yox olmur. Yox olanlar yenilər üçün məkan və zaman boşaldır əslində. Hər yoxolmanı bir varolma əvəz edir. 
Əgər bu adada həyatım sona çatarsa, görəsən, o vaxt yerimi kim tutacaq və bu,  harada, yerin hansı hissəsində baş verəcək. Bəlkə də heç yerdə yox, kainat adlı fəzanın hansısa nöqtəsində kimsə, nəsə əvəz edəcək məni. Axı insanlar təkcə yerə məxsus deyil. Bir halda ki, yer kainat adlı fəzanın bir altçoxluğudur, deməli, insan da bu altçoxluğun bir elementi olaraq həm də kainata mənsubdur. 
   
   Son vaxtlar bu kimi fikirlər tez-tez başını qatırdı Z.-nın. Ölüm barədə düşüncələr isə, deyəsən, darıxdığından xəbər verirdi. Baxmayaraq, insan hər zaman, hər yerdə darıxır. Bir çatışmazlığı dəf edən kimi başqası peyda olur. Beləcə, sıxıntıdan qurtara bilmir. O, hər an nəyisə narahatlıqla gözləyir, özü də çox vaxt fərqinə varmadan. Həqiqət də elə bundadır. O, sonu, nəticəni gözləyir həmişə. Son da ki məlumdu hamıya. Elə mahiyyət də sondadır əslində.

                                                    ***

   Ada məcarası ilə nəticələnən səyahəti də əvvəlcədən planlaşdırmamışdı Z. Sadəcə darıxdığından gəzmək qərarına gəlmişdi birdən. Özü də bir qədər fərqli səyahət barədə düşünürdü. Son vaxtlar birdən durub harasa üz alması o qədər də gözlənilməz deyildi. Çünki son illər elə hey üz alıb harasa getmək istəyirdi. Daim getmək istəyi onu müxtəlif məkanlara üz tutmağa sövq edirdi. Bəzən yaxına, bəzən uzağa. Bəzən qatarla getmək istəyirdi, bəzən avtobusla, bəzən də şəxsi avtomobili ilə. Hərdən də təyyarə ilə. 
  
   Sonuncu dəfə isə gəmi ilə səyahətə çıxmaq qərarına gəldi. Bu vaxt atası ilə neçə il əvvəl baş vermiş söhbəti xatırladı. O vaxt səyahətə hazırlaşarkən atasının narahatlığı gözündən qaçmamışdı. Ümumiyyətlə, atası təbiəti etibarı ilə narahat adam idi. Yeganə oğluna görə isə daim narahat olardı. Bu narahatlıq bəzən əndazədən çıxar, ata və oğul arasında inciklik yaranmasa da xırda söz-söhbətə səbəb olardı. 
-Nəsə narahat dəyirsən gözümə, ata – Z. bilərəkdən atasına müraciət etmişdi ki, kişi ürəyindən keçənləri söyləyə bilsin.
-Yox, elə də narahat deyiləm, - atası narahatlığını gizlətməyə çalışmışdı, - bir yerə gedərkən elə minikdən istifadə et ayağın torpaqdan üzülməsin. Sadəcə, bunu yaddaş etmək istəyirdim. Yolun açıq olsun, Allah işini avand eləsin.
-Yaxşı, ata, necə deyirsən elə də edərəm, - atasını həmişə olduğu kimi razı salmağa çalışmışdı. 

Atası "ayağın torpaqdan üzülməsin” deyəndə qatarı, avtobusu nəzərdə tuturdu. Əksəriyyət kimi o da belə hesab edirdi ki, uçan, üzən minik vasitələri ilə müqayisədə bu minik vasitələrində qəza baş verdiyi halda sağ qalma ehtimalı daha böyükdür, çünki adamın ayağı torpağa daha yaxın olur. Oxumuş, bilikli adam olsa da qəza ilə bağlı bəzi ehtimallara biganə qala bilmir, az qala qırx yaşı haqlamış oğluna dönə-dönə ehtiyatlı olmağı tapşırırdı. Z. atasını yaxşı anlayırdı. Axı o, özü də artıq ata idi. Övlad hansı yaşda olur olsun valideyn üçün uşaqdı. Son sözləri də səbrli olmağı bacaran anası tez-tez təkrarlayardı. Z. bu mövzuda bir hadisə oxumuşdu nə vaxtsa mətbuatda və xeyli marağına səbəb olmuşdu. Hadisənin məzmunu təxminən belə idi: hansısa ölkədə jurnalist küçədə oturub ağlayan səksən yaşlı bir qocaya rast gəlir. Nə baş verdiyi ilə maraqlanarkən məlum olur ki, babasının sözündən çıxdığı üçün atası onu evdən qovub.
  
   Gəmi ilə səyahətə hazırlaşan Z. hər dəfə olduğu kimi yenə də bütün bunları xatırlamalı oldu. Həm də, bir növ, atasının sözündən çıxmışdı. Ayağı torpaqdan üzüləcəkdi. Onu ümman gözləyirdi. Çox sevdiyi dənizin qoynunda olacaq neçə gün. Bu boyda sevgiyə rəğmən dəniz xəyanət etməz mənə - düşünürdü. 
   Həmən gün gecə isə qəribə bir yuxu gördü. Yuxuda uçduğu təyyarə qəfil partlayır və o, səmada üzü yuxarı hərəkət edərək bir ulduzun üstünə düşür. Ulduz uzaqdan işıqlı görünsə də, Z. ona çatarkən zülmətə qərq olur. Az sonra zülmət müxtəlif yerlərdən azacıq işıqlanır və zülmətin parçalandığı həmən hissələrdən balacaboy qəribə varlıqlar boylanır. Özü də bu varlıqlar insana bənzəsə də, həm də cürbəcür canlıların və bitkilərin birgəliyindən ibarət idi sanki. Onlardan bir neçəsi yaxınlaşıb ona toxunmaq istəyərkən yuxudan ayılır. 
   
   Adaya düşəndən sonra bir neçə dəfə bu yuxunu xatırlamışdı. Buna da səbəb yuxuda gördükləri ilə adada baş verən bəzi hadisələrin uyğunluğu idi. Hətta adaya düşənə qədər baş verən bəzi epizodlala həmin yuxu arasında müəyyən oxşarlıqlar var idi. Qəzadan sonra yuxuda olduğu kimi, reallıqla əlaqənin kəsilməsi, uçması, özü də işığa doğru, sonra zülmət. Təkcə yuxuda zülmətə qərq olmuş o ulduzdan necə qurtulduğu barədə təsvirləri görmək ona nəsib olmamışdı. Yoxsa adanı tərk etməsi ilə bağlı bəzi təsəvvürlərə malik olardı yəqin ki. Amma buna görə o qədər də narahat olmağa dəyməzdi görünür. Çünki tezliklə bu mənzərənin şahidi olacaqdı, özü də tam gerçək təsvirlərlə.                                                                            


                                                     ***

   Darıxırdı Z. Bunu son günlər hiss etməyə başlamışdı. Dördlük də məsələdən hali idi. Çünki insan dostunun əhvalı dərhal ona sirayət edirdi. Necə deyərlər, olduğu kimi onda inikasını tapırdı. Bu səbəbdən də sanki bir varlığa çevrilmişdilər bu kimsəsiz adada. İndi Dördlüyə bir varlıq da əlavə olunmuşdu – insan. 
   Z.-nın darıxması təkcə məmləkətinə qayıtmaq istəyi ilə bağlı deyildi. Yəni təkcə ona görə narahat deyidi ki, doğma məmləkətdən, doğma, sevdiyi insanlardan uzaq düşüb neçə müddətdi. Sadəcə, onun daxilində bir dəyişmək istəyi baş qaldırmışdı. Nə olursa olsun dəyişsin, monotonluqdan azad olsun.
  
   Uçurdu Z. Dördlüyün sayəsində yenə torpaqdan aralanmışdı. Bir müddət əvvəl dalğaların onu huşsuz halda təhvil verdiyi adadan indi uçuşla uzaqlaşırdı. Amma bu uçuş o biri uçuşlara bənzəmirdi. Nəsə ayrılıqdan, vidadan xəbər verirdi. Çevrilib diqqətlə uzaqlaşdığı, uzaqlaşdıqca nəzərində əriyən, yox olan, amma öz mövcudluğunu saxlayan adaya sonuncu dəfə nəzər saldı. Məyusluq hissi keçirirdi ada gözdən itincə. Axı o, olduğu məkanlara qayıtmağı sevirdi. İndi isə ürəyinə dammışdı ki, bu məkana bir də qayıda bilməyəcək. Çünki bilirdi elə məkanlar var ki, yolları bağlı. Yalnız o məkanlardan getmək mümkündü təkcə, yalnız getmək. O da indi gedirdi o məkanlardan birindən. Özü də sürətlə.                            
   
   Artıq ayağı torpaqda idi – doğma şəhərin lap yaxınlığında. Ayrılığın kədəri tədricən sevinclə əvəz olunurdu. Gör neçə vaxtdı doğma məmləkətdən, sevdiyi insanlardan uzaq düşmüşdü. İndi onu yenə də qarşıda sevinc, kədər, qayğı, gərginlik, qələbəlik gözləyirdi. Bunlara rəğmən o bütün bunlar üçün darıxdığını hiss etdi. Xəyala daldığından ani də olsa dostu Dördlüyü unutmuşdu. Onu sevdiyi bu məkana qaytaran zərif, mükəmməl, güclü varlığı.
   
   Bu nədir! Dördlük nəhəg gövdəsi ilə yerə sərilib. Əvvəlcə Z.-ya elə gəldi dostu yorulduğundan uzanıb, dincəlmək istəyir. Axı o, geri qayıtmalı idı. Çünki onu yenə də əzəmətli uçuş gözləyirdi. Lakin diqqətlə baxdıqda onun tamam halsız olduğunu, zorla nəfəs aldığını gördü. İndi o, bu vəziyyətdə daha çox nəhəng insanı xatırladırdı. Sinəsi elə sürətlə qalxıb-enirdi, elə bil, bu nəhəng vücud nələrdənsə azad olmağa çalışır. Bu qalxıb-enmələri təsvir etsən böyük bir sinisoid əyrisi alınardı – bu mükəmməl varlığın qəlbinin şəkli.
   Hər qalxıb-enmə zamanı Dördlükdən nəsə ayrılırdı. Diqqətlə baxdıqda ayrılanların təsvirini görmək mümkün idi. Hər ayrılan quş, balıq, ağac, gül-çiçək, heyvan şəklində ayrılaraq, tez də formasını itirir və üzü səmaya doğru hərəkər edib görünməz olurdu. Hər ayrılıq zamanı Dördlük daha çox insana bənzəyir və  insan şəklində kiçilirdi. Və, nəhayət, Dördlük o qədər kiçildi, nöqtə şəklində torpaqda əriyib yox oldu.
   
   Z. Dördüyün yoxluğa çevrildiyi yerdə diz çöküb hönkürməyə başladı. Ağladıqca müxtəlif xatirələr oyanırdı yaddaşında. İlk sevgi məcarası, balıq gözləri, sevimli iti, bağdakı küsəyən ağaclar, ağlayan Tolya... - müxtəlif hadisələr mozaika şəklində düşüncəsini zəbt eləyirdi. Yenidən Dördlük. Tez bir zamanda gözləri qarşısında heçliyə və sonsuzluğa qarışan Dördlük.  
  
   Ölüm yer hadisəsidi. Bütün ölənlər üzü aşağı ölür. Quş da, ağac da, ağacın yarpağı da, gül də, çiçək də. Ölənlər üzü aşağı torpağa qarışır, ölməzlər səmaya çəkilb, sonsuzluğa çevrilir. Dördlük də üzü aşağı öldü, üzü yuxarı əbədiyyətə qovuşdu. Bunları düşünə-düşünə Z. Dördlüyün heçliyə və əbədiyyətə qovuşduğu yerdən üzü şəhərə - sevimli məkanına doğru addımlayırdı.  

 ... – 20.11.2014