Fərid Muradzadə. Didərginlik (Hekayə)
Proza
- 08.12.2020
- 0 Şərh
- 6323 Baxış
Payızın son ayı idi. Bu yerlərə qış tez düşür. Odur ki, payız da burada elə qışa bənzəyir. Günəş aram-aram qüruba enirdi. Solğun günəşin şəfəqləri altında üzü meşəyə doğru bir qafilə hərəkət edirdi. Yüklü heyvanlar tənbəl-tənbəl irəliləyirdilər. Ətrafda ayaq və heyvan səslərindən başqa səs eşidilmirdi. Hər şey sükut içində idi. ,,Qaranlıq dərə" deyilən yerdən keçirdilər. Lal sükunət bu vahiməli yeri bir az da vahimələndirirdi. 13 yaşlı Rafiqin daxildə dişi bağırsağını kəsirdi. Vaxtilə döyüb barmağında fırlatdığı erməni uşaqları bu səhər o biri dığalarla bərabər onlara hücum çəkmiş, əllərindəki silahlara, yanlarındakı yaşca böyük ermənilərə güvənərək ona əl-qol atmışdılar. Doğrudur, Rafiq davakar idi, amma hər zaman haqqın tərəfində duran uşaqdı. Lakin bu gün haqq ,,gözə görünmürdü", bu gün nahaqqın meydanı idi. Bu gün şər qalib kürsüsündə oturmuşdu. Bu gün ədalətin məğlub olduğu gün idi. Bu gün Rafiqgilin timsalında minlərlə azərbaycanlının öz dədə-baba yurdundan zorla qovulduğu gün idi. Bu gün atası İsa kişinin illərlə can qoyub, halal zəhməti ilə ərsəyə gətirdiyi evin dığalar tərəfdən yağmalandığı gün idi və bu gün Rafiqin qəlbində düşmənə qarşı nifrətin, kinin, qəzəbin kök saldığı gün idi. Yorğun simalardan kədər yağırdı. Elə bil hamı bir-birindən küsmüşdü, heç kim danışmaq istəmirdi. Əslində hamının kifayət qədər danışası sözü vardı. Hamının ürəyi dolu idi, lakin heç kimin dili danışmaq istəmirdi. Ayrı-ayrılıqda hər kəs ürəyində özü ilə danışırdı. Bu insanlar öz doğma yurdlarından deportasiya olunan qərbi azərbaycanlılar idi. İllərlə yaşadıqları ərazilərdən zorla qovulmuşdular. Zamanla öz ata- baba torpaqlarında yer verib yerləşdirdikləri məkrli düşmən indi onları zorla bu torpaqlardan çıxarmışdı. Uşaqlar, qadınlar, yaşlılar üzülmüş halda meşəyə doğru irəliləyirdilər. Nəhayət uzun sürən lal sükunəti Qafan rayonunda ətraf bir-neçə kənddə ağsaqqallığı ilə ad çıxarmış Allahverən babanın amiranə səsi pozdu; -A bala, bir az qıvraq olun, hava da çox soyuqdur. Axşam qaranlıq düşənə qədər qarşıdakı Fərcan və Göyyal kəndlərinə özümüzü çatdırmalıyıq. Tez olun! 2 saata yaxın səssiz hərəkət edən bu yorğun, üzgün, ümidsiz insanlarda elə bil bir canlanma əmələ gəldi.
Ay camaat, tez olun. Kəndə tərəf böyük bir dəstə gəlir. Kimin nə silahı varsa götürüb səfərbər olsun. Qadınları, uşaqları və yaşlıları "Cahannı" məhəlləyə yığın. Biz isə bu gələnləri ,,Yolaşanda" qarşılayaq. Qüvvələr qeyri-bərabər olarsa kəndin qız-gəlinini kənddən çıxardın, düşmən əlinə keçməsinlər, -deyə Imamverdi kişi göstəriş verib əlindəki tüfəngi çiyninə keçirərək irəli keçdi. Kəndin əli silah tuta bilənləri onun ardınca gözlərində qəzəb, ürəklərində intiqam hissi ilə irəli atıldılar. Bütün kənd əhli həyəcan içində idi. Dünənə qədər kəndə ticarətə gələn, onlara kirvə deyən ermənilər indi onlara düşmən kəsilmişdilər. Tüfəngi olanlar tüfəngini, qalan kənd cavanları isə yaba, dəhrə, kərənti, xəncər, bıçaq, balta: -bir sözlə kimin nəyi vardısa onu da götürüb təyin olunmuş yerlərdə öz mövqeyini tutmuşdu. Artıq hava qaralmaq üzrə idi. ,,Qalaboynu" tərəfdən üzüaşağı kəndə doğru hərəkət edən toplum güllə mənzilinə yetəndə İmamverdi kişi xəbərdarlıq atəşi açdı. Adamlar yerə yatdılar.
Allahverən baba; Ay bala, güllə atmayın, biz də azərbaycanlılarıq; -dedi. Amma buna bu tərəfdən heç kim inanmaq istəmirdi. Bir-iki güllə də atıldı. Uşaqlar qorxu içində ağlayırdılar. Birdən İsa kişinin səsi eşidildi;
-Ay İmamverdi qağa, mənəm İsa. Atəş açmayın. Bizi ermənilər məcburən evlərimizdən çıxardıblar.
-Hansı İsa?
-Göyyallı İsa.
Güllə atmayın, bunlar bizimkilərdir; -deyərək İmamverdi kişi irəli yeridi. 10-15 dəqiqə sonra kəndə cavanlardan birini göndərib basqın olmadığını, gələnlərin özümüzünkülər olduqlarını xəbər verdilər. İsa kişinin ailəsi öz ata ocaqlarına gedəcəklərini bildirdilər. Digər ailələri isə kənd camaatı öz evlərinə qonaq apardılar. Bu hadisədən 2 gün sonra həm Göyyal, həm də Fərcan kəndlərinə sahə müvəkkili də başda olmaqla ,,yuxarılardan" gəlmiş, əsasən ruslardan ibarət bir neçə nəfərlik səlahiyyətli şəxslər təşrif gətirdilər. Onlar Sovet ölkəsində qeyri-qanuni silah saxlayan azərbaycanlıların silahı təhvil vermədikləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaqları ilə hədələməyə başladılar. Ötkəmliyi, vurub-tutan olmağı ilə sayılıb-seçilən İmamverdi kişinin kiçik oğlu Tofiq irəli çıxıb; -Niyə bizlərdən adi ov tüfəngini tələb edirsiniz, amma erməniləri görmürsünüz? Onlar hər cür silahlanırlar, bəlkə də elə sizlər silahlandırırsınız, ancaq bizdən ov tüfəngi tələb edirsiniz! Bu ki, haqsızlıqdır! Hirsindən tir-tir titrəyən Tofiqi birtəhər sakitləşdirdilər. Lakin gələnlər öz tələblərində qəti idilər. Hətta Tofiqi artıq öz qara dəftərlərinə salmışdılar. Geri qayıdan kimi daha yuxarılara bu haqda ətraflı məruzə edəcəkdilər. Guya Tofiq kimi düşünənlər iki qonşu xalq arasında ,,nifaq" toxumu səpirlər. Guya Qarabağ söhbəti M.S.Qorbaçovun dediyi kimi yalnız ,,avantüristlərin işidir". Sosialist Sovet ölkələrində belə şeylərə yol vermək olmaz və s. kimi aldadıcı vədlər. Sahə müvəkkili illərdir ki, hər iki kənd camaatını yaxşı tanıyırdı. Arada böyük xətir-hörmət vardı. Odur ki, yenə də sakitcə İmamverdi kişini kənara çəkib narahat olmamasını və mümkün qədər tez, adaşı olan gənc, vüqarlı, qolu bərk, sözübütöv Tofiqi buradan uzaqlaşdırmağı məsləhət gördü. Həm də mümkündürsə bu alçaqların ağızlarını yummaq üçün 1-2 tüfəng təşkil etməyi xahiş etdi. 3 ədəd köhnə tüfəng təşkil edildi ki, onun da biri işləmirdi. Beləcə əliyalın camaatın 5-10 ov tüfəngini də əllərindən almağa çalışanları birtəhər başlarından etdilər.
Günlər bir-birini əvəzləyirdi. İsa kişi min bir əzab-əziyyətlə nəhayət ki, Qafandakı evini Bakıda Nəsimi rayonunda bir erməninin evi ilə dəyişdi. Bakıda qeydiyyata düşdülər. Lakin ailə də böyük olduğu üçün hələ uşaqları Bakıya gətirmədilər. Eyni zamanda İsa kişi özünə yeni iş yeri tapmalı, yen i işinə uyğunlaşmalı idi. Həm də açığı, uşaqları Fərcan kənd orta məktəbinə bərpa etmişdilər. Artıq dərsləri qaydasına düşmüşdü.