Gülbala Dadaş. Şeirlər

Gülbala Dadaş. Şeirlər

BSU Yaradıcılıq fakültəsi, I kurs


Alıram zövq odun canımı yaxdıqca mənim,
Alışır özgələri halıma baxdıqca mənim.

Çoxalır vəslə ümüdüm, azalır dərdi-qəmim,
Acı hicrin bu şirin canımı sıxdıqca mənim.

Qəlbimin atəşi sönmür, alışır getdiycən,
gözümün yaşı gözüm, qəlbimə axdıqca mənim.

Varlığın qəlbimi abad eləyir ey memar,
Yoxluğun hər uçurub qəlbimi yıxdıqca mənim.

Olmasaydı bu qələm mən nə edərdim ki, Dadaş,
Çatır imdadıma ancaq o darıxdıqca mənim.

~ ~ ~

Yenə təklik məni bir küncə sıxıb ağlayıram,
Qorxudan ağlamıram, mən darıxıb ağlayıram.

Ey gülər üzlü, hədər ağlamıram, sənsizlik,
Canımı atəşi-hicranə yaxıb ağlayıram.

Neyləyim ağlamayım, bir könül abad edənin,
Bu könül mülkünü hicranı yaxıb ağlayıram.

Bilmədim qədrini vaxtında ötən günlərimin,
Arxasıycan oların indi baxıb ağlayıram.

Qurumur nəmli gözüm, çünki mənim qəmxarım,
Məni tək başıma qəmlə buraxıb ağlayıram.

Yerə düşmür daha bir damla da göz yaşımdan,
Ağlayanda gözümü çünki sıxıb ağlayıram.

Etmişəm tövbə Dadaş ağlamağa mən, ancaq,
Pozuram tövbəmi hərdən, karıxıb ağlayıram.