Rövşən Yerfi. Məmurun

Rövşən Yerfi. Məmurun "sevinci" (HEKAYƏ)

        Dördüncü ay idi Səidin əlillik pensiyası kəsilmişdi. Dünyasında heç vaxt ağlına gəlməzdi ki, onun pensiyasını kəssinlər, dayandırsınlar. Ömrü boyu toxunulması mümkün olmayan hal hesab etdiyi işin baş verməsi onu içindən sarsıtmışdı. Elə bil göy üzü çiyinlərinə çökmüş, altında qalmışdı. Gecə-gündüz qəmli ovqatda idi. Sanki, rəsmən təhqir edilmişdi. Durumuna təcavüz edilmiş, boğmaq üçün boğazına əl atılmışdı. Niyə? Nə üçün? Təqsiri nə idi? Dünyaya əlil gəlmək onun istəyimi, ya günahımı idi?..

        Səid sosializm dövründə doğulmuşdu. O zaman mənfur kapitalizmdə olan qədər ədalətsizlik yox idi. Xatırlamır, ona əlillik dərəcəsi birinci dəfə nə vaxt təyin olunmuşdu. Doğulandan onda nitq qüsuru vardı. İki-üç cümləni ard-ardınca gətirə, qarşısındakına demək istədiyini, fikrini tam çatdıra bilmirdi. Dili dolaşır, danışa bilmədiyinə görə boğula-boğula qalırdı. Hərəkətlərində açıqcasına əqli zəiflik vardı. Bu səbəbdən onu məktəbə də qoymamışdılar. Yazıb-oxumağı güclə bacarırdı, anası öyrətmişdi. 

        Atası, o, körpə olanda rəhmətə getmişdi. Anası nə qədər sağ idi, Səidi özü saxlayırdı, işləməyə buraxmırdı. Səid bütün günü evdə, həyətdə, məhəllədə girələnir, vaxtını keçirir, əlillik pensiyasını alırdı.  

        İyirmi üç yaşında anası da rəhmətə getdi. Səid qaldı bir bacısının öhdəsinə. Atasından qalan evdə bacısı ailəsi ilə yaşayırdı. Ona birinci mərtəbədə, evin girişi tərəfdə bir otaqda yer ayırmışdılar. Yeməyinə-geyiminə bacısı baxırdı. 

        Anasının vəfatından sonra, Səid anladı ki, tək pensiya ilə dolanmaq mümkün deyil, işləmək lazımdı. Lakin onun heç bir peşəsi, sənəti yox idi. Əlindən yalnız, çox da ağır olmayan nələrisə aparmaq, daşımaq, yükləmək, boşaltmaq gəlirdi. 

        Onu tanışlıqla yaşadığı kiçik şəhərin qonşu məhəlləsindəki çoxmərtəbəli evin həyətində dalandar işinə düzəltdilər. O, həyətin təmizlik işlərinə baxır və sakinlərin xırda-para qulluqlarını yerinə yetirirdi. 

        Səid razı idi işindən, pis deyildi. Həm başı qarışır, həm də, az da olsa, pul qazanıb evin dolanacağına kömək olurdu. 

        Uzun illər idi, bu qaydada yaşayırdı, onu tanıyan hər kəs xoş xasiyyətinə görə hörmət edir, xətrini istəyirdilər. Subay idi. Səidi bəyənən qız olmamışdı, hər hansı dul, ya boşanmış yaşlı qadını da alıb, başına bəla etməyi də bacısı istəməmişdi. Səid özü də, evlənmək haqqında danışmaq belə istəmirdi. Ailəsini saxlaya bilməyəcəyindən qorxurdu.

        Pensiya kartına pul gəlməyəndə narahat qaldı. Ağlı kəsəndən qanuni pensiya aldığını bilən Səidə qırx altı yaşında rayon sosial təminat şöbəsində deyiləndə ki, sənə pensiya qanunsuz  yazılıb, sözün təsirindən sinəsində ağrı hiss etdi. Etiraz edib sinəsini boşaltmaq istəsə də normal danışa bilməməsi üzündən ürəyi az qala partlasın. Beyni gərginlikdən çatlayırdı. Dili dolaşır, nəfəsi təngiyirdi, axı bu necə ola bilər, onun pensiyası qanunsuz sayılsın...

        Bacısı yanına düşüb rayon sosial təminat şöbəsinə getdi. Soruşdu ki, illərdir aldığı pensiyanı niyə qanunsuz hesab edirsiz? Cavab verdilər ki, onun əli, qolu, ayağı, qılçası, başı – hər şeyi qaydasındadır, şikəstliyi yoxdur.
        -Bəs əqli zəifliyi, nitqi, normal danışa bilməməsi... Onlar gözlə görünmür, eləmi?
        -Onlar üçün təzədən ərizə yazmalı, həkimdən, ümumi komissiyadan keçməlidir. Əgər əlillik təsdiq olunmasa, bu vaxta qədər aldığı pensiya geri alınacaq.
        -Ə, nəyi var ki, nə də alasan, - bacısı əsəbiləşmişdi, - xox gəlməyinə bax, siz ya özünüzü axmaq gününə qoymusuz, ya da bizi axmaq sayırsız. Qırx ildi alınan pensiyaya qanunsuz deyirsiz?..
        -Ay bacı, biz neyləyək, - işçi özünü müdafiə etdi, - biz kimik ki, yuxarıdan, Bakıdan nə tapşırırlar, biz də onu yerinə yetiririk.

        İndi, ancaq, çarə ona qalmışdı ki, yenidən sənəd yığsın, həkim komissiyasına getsin, sonra pensiyanın bərpası qərarı verilsin. Həngamə, azı iki-üç ay, bəlkə də çox çəkəcəkdi.
        Nə qədər doğru idi, bilmirdi. Şayiə gəzirdi ki, həkimə, komissiyaya rüşvət verməsən, şikayətin xeyri yoxdur, layiq olduğun əlillik dərəcəsini almaq olmur. Yaxşı halda, ən aşağı dərəcəni yazırlar. Son nəticədə əvvəl aldığın məbləğ xeyli azalmış olur.

        Bacısı eşitdiklərini ağlına sığışdıra bilmirdi. Bir daha şöbəyə qayıdıb soruşdu:
        -Tutaq ki, mənim əlil qardaşım Seyid (qardaşını bu adla çağırırdı) az pensiya aldı, ya heç almadı. Deyin görüm, bundan faydalanan nə olacaq, kim olacaq?.. 
        Bacısının bu sualına, ona ürəyi yanan işçi yaşlı qadın belə cavab vermişdi:
        -Qızım, məqsəd araşdırıb maaliyyə büdcəsinə qənaət etmək, büdcədən sui-istifadənin qarşısını almaqdır.Bizim başqa kimləsə işimiz yoxdur.
        -Büdcə atanızın şəxsi mirasıdırmı? Əlilə, şikəstə çatandamı büdcəyə qənaət yadınıza düşdü?..

        Gölməçəyə daş atılmışdı, şöbədəkilər susmuşdular.

         Bacısının əri deyirdi ki, gəlin yaxşısı, həkimin, komissiyanın pulunu öyrənək, nə istəyirlər verək, qurtarıb getsin. Palaza bürün, elnən sürün. Xalq necədir, sən də elə ol.
Bacısı razılaşmırdı:
        -Sən nə danışırsan, ölmüşlərin görərlər. Uyğun dərəcəni verməsələr, şikayət edəcəyəm.
        -Hara? Hamısı bir-birilə əlbirdi.
        -Lap, məhkəməyə...
        -Məhkəmədə hesab edək ki, möcüzə baş verdi, səni haqlı çıxardılar. Onda, onlar, yəni komissiya apellyasiya şikayəti verəcəklər.
        -Gedəcəyəm Apellyasiya Məhkəməsinə...
        -Hesab edək ki, ikinci möcüzə baş verdi, yenə sən haqlı çıxdın. Bu dəfə, onlar Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.
        -Gedəcəyəm Ali Məhkəməyə!
        -Sənin aşağısı iki-üç ilin məhkəmələrdə, kabinetlərdə, dəhlizlərdə keçəcək. Əsəbin, dəllal vəkillərə əlavə xərclərin... özün-özündən bezəcəksən. Bəs, sənin kimi yola getməyən adamlara, buna görə deyirlər ki, "şikayətin var, demokratiyadır, get ver, məhkəməyə!” Haqq istəmirsən? Bu da sənə, haqq yolu, buyur..  

***

        Son dörd ayda ləğv edilmiş pensiyaya görə əzəldən sağlamlığı, orqanizmi zəif olan Səidin çəkdiyi daxili hirsdən, əsəbdən beli bükülmüşdü. Ən pisi o idi ki, danışıb içindəkini boşalda bilmirdi. Düşündükləri ürəyində yığılıb, qalaqlanıb nəfəsini kəsirdi. Bəzən ona elə gəlirdi ki, ürəyi daha tab gətirməyəcək, döyünməkdən dayanacaqdı...
        İçki içmirdi, siqaret çəkirdi, amma, çox yox. Çox çəkəndə boğazı tutulur, sinəsi yanırdı. Bilirdi, güman ki, sinəsində başqa bir ciddi xəstəliyi də vardı. Hələ gizlənmişdi bədənində, aşkara çıxmağa tələsmirdi. Səid də tam xəstələnməyənədək, yıxılmayanadək həkimə getmək istəmirdi. Həkimə getmək, müalicə almaq havayı idimi?..
        Hər axşam dalandar işindən yorğun gəlib, çarpayısında uzanardı. Üzbəüzdə qoyulan balaca televizora baxardı, çox vaxt da, eləcə, baxa-baxa yuxulayıb qalardı.

***

        Artıq xeyli vaxt idi, həkim komissiyasına rüşvət verib-verməmək  üstündə bacısının əri ilə nə mübahisəsi bitmirdi, nə də, veriləcək pulun borc-xərc edilib tam yığılması alınmırdı, hər dəfə ortaya bir əmma çıxırdı.

        Səid daim fikirləşməkdən yorulurdu: bu nə həyat idi yaşayırdı? Yaşadığı kiçik şəhərdə onu tanıyan hər kəs bilirdi ki, Səid kimdir, nəyi var, nəyi yoxdur. Hamının gördüyü, bildiyi həqiqət yenidən sübut edilməli idimi, niyə görə?

        Səid axşamların birində yenə, qəmli baxışlarla işdən qayıdıb, televizoru qoşub, yorğun-arğın çarpayısına uzandı. Özünü çox pis hiss edirdi.   
        Bacısı otağına gəldi:
        -Sənin üçün yemək gətirmişəm, dur yeməyini ye. Haramları olsun, azaryemişlərə vermək üçün bir az pul tapmışıq. Səhər heç, o birisi gün səni aparacağam komissiyaya, Bakıya.
        Səidin bacısına nəsə deməyə halı, yemək yeməyə həvəsi yox idi. Acıyanda yeyərəm, - fikirləşdi. Halı niyə belə idi, anlamırdı. Canının ağrıdığını, halının yaxşı olmadığını deməyə nitqinin gücü çatmadı, dili dolaşdı, mızıldandı. Bacısı onu adi halı kimi düşünüb, narahat olmadı, yeməyi stolun üzərinə qoyub otaqdan getdi.   
        Televizorda musiqili kliplər verilirdi. Ardınca sosial təminat sahəsində aparılan islahatlara dair veriliş başladı. Aparıcının verilişə dəvət etdiyi məmur gedən islahatlardan, əldə edilən nəticələrdən danışırdı. Məmur fəxrlə və sevinclə qeyd edirdi ki, əlilliyə görə pensiya alanların sayı xeyli azalmışdır. Məqsədyönlü siyasət nəticəsində yüzlərlə adamın saxta əlilliyi ləğv edilməklə və yenidən təyin edilən əlillik dərəcələri endirilməklə yüz minlərlə manat vəsait büdcəyə qənaət edilmişdir.
         Səid dinlədikcə özündən asılı olmadan qəzəbləndi, Məmurun sevincinə çox da baxa bilməyib, nifrətlə televizorun pultunun qırmızı "OFF” düyməsini basaraq üzünü çevirib yatdı. Çalışdı ki, özünü yuxuya verməklə sinəsindəki sızıltıları unutsun.

***

        Səhər saat doqquzu keçmişdi, bacısı hövlnak Səidin otağına daxil oldu:
        - Ədə, nöş durmursan, yatıb qalmısan, işə niyə getməmisən?
        Axşam gətirdiyi yemək stolun üzərində əl dəyilməmiş qalmışdı.
        - Çörəyini də olsa, yeməyib...
        Yaxına gəldi. Səidi bərk-bərk silkələdi. O, ağırlaşmışdı, nəfəs belə çəkmirdi. Ağlına gələnə inanmaq istəmədi. Dalısıyca hönkürtü dolu qıyyası bütün evi titrətdi:
        - Seyid.., ay Seyid...   
        Səid yuxuda ikən keçinmişdi.

10.2023