Şəlalə Əbil. Həmlə (Hekayə)
Proza
- 17.04.2021
- 0 Şərh
- 11401 Baxış
Qadın məhkəmə binasının giriş qapısının ağzında söhbətləşən işçilərin həris baxışları altında içəri daxil oldu. Uzun dəhlizi, qapıların üstündəki yazıları qorxaq və utancaq nəzərlərlə oxuya-oxuya axıradək getdi. Axtardığını tapa bilmirmiş kimi, çaşqın nəzərlərlə ətrafına bir də göz gəzdirdi. Birdən bayaqkı həris baxışların bir cütünü yanında gördü.
Baxışlar, gənc qadını bir daha başdan-ayağa süzüb, onun dalğın və kədərli bənizində qərar tutdu və bayaq qapının ağzında ilk gördüyü zaman ağlından keçəni öz-özlüyündə bir daha təsdiqlədi: "Gözəldir”.
-Sizə nə lazımdır?
-Bağışlayın, boşanmaq üçün ərizələr hansı otaqda qəbul olunur?
-İddiaçı sizsiniz?
-Hə.
-Uşaq var?
-Hə.
O başı ilə ərizələr qəbul olunun yeri göstərsə də, onunla üzbəüz olan otağın qapısını açıb işəri dəvət elədi. Qadın tərəddüd etdi.
- Çəkinməyin, mən də buranın işçisiyəm. Orada növbə var. Hansı sənədlərin lazım olduğunu mən də yazıb verə bilərəm sizə.
Otağa keçdilər. Qadın küncdə qoyulmuş stulların birində oturdu. Həris baxışlar hələ də qadının üzərində... əllər tələsmədən, qəsdən vaxtı uzadaraq masanın üstündəki dəftərçədən kiçik bir vərəq qopartdı. Qutudakı qələmlərin sankı ən yaxşı yazanını axtarırmış kimi onları bir-bir seçmələdi, yoxladı, guya axır ki, tapdı.
Bütün bu vaxt bir ömür kimi qadına uzun görünürdü.
Həris baxışların müşayiəti ilə əllər vərəqə nəsə yazdı. Sonra əllər yenə tələsmədən, vaxtı uzada-uzada qələmi yerə qoyub qadına yaxınlaşdı. Kağızı ona uzatdı. O, kağızın bir küncündən yapışanda əllər qəsdən qadının əlinə toxundu. Qadın başını qaldırıb baxmadan:
- Çox sağ olun, -deyib tez otaqdan çıxdı.
Ürəyindəki sıxıntını başqa bir hiss daha da ağırlaşdırmışdı: ikrah. Elə bil küçədə küləyin üz-gözünü cırmaqlayan soyuğu bir az da artmışdı.
Dünənki hadisədən sonra o özünə və ikisinin arasında qollarını yana açaraq, hədəqəsindən çıxmış gözləri ilə üzü atasına tərəf dayanıb var gücü ilə "Anama toxunma!” qışqıran balaca qızına "Bu acını özümə və sənə bir daha yaşatmayacağam!” deyə söz vermişdi.
Birdən soyuqdanmı, qəzəbdənmi bərk-bərk sıxdığı yumruğunun içində artıq unutduğu kağızı xatırladı və açıb oxumağa başladı:
"Nigah haqqında şəhadətnamənin əsli; yaşayış yerindən arayış; uşağın doğum haqqında şəhadətnaməsinin surəti; iddia ərizəsi; dövlət rüsumu”.
...Uz-gözündə gəzən həris baxışlar...Əlinə qəsdən toxunan barmaqlar...
Üzü natariusa tərəf iti addımlarla gənc bir qadın irəliləyirdi.