Xaliq Rəhimli. Avazın yaxşı gəlir... (Hekayə)
Proza
- 14.09.2023
- 0 Şərh
- 5825 Baxış
Qədir müəllim qəbristanlığın ərazisinə daxil olar-olmaz pusquda duran mollalar dik atıldılar. Professor əvvəl-əvvvəl elə bildi ki, iraq olsun, qəbirlərdən ölülər xortdadı. Baş daşlarının mollalara qoşulub ona tərəf qaçmalarını da təsəvvür elədi. Bir anlığa mollaları qəbirlərdən, qəbirləri mollalardan seçə bilmədi. Elə bil bütöv qəbristanlıq üstünə gəlirdi. Bu müdhiş mənzərədən vahimələndi, bərk qorxdu, özünü güclə ələ aldı,-lənət şeytana, -dedi. Bir parça çörəyə görə hər cür əzaba qatlaşan dindaşların hərəsinin əlində köhnə sürtülmüş, ütülmüş cib dəftərçəsi hazır şəkildə, eləmə tənbəllik, professorun arxasınca düşdülər.
Uzun illər pedaqoji sahədə çalışan Qədir müəllimin xeyli yaşı olmasına baxmayaraq hələ də qəbristanlıqdan qorxurdu. Lakin həmin gün özündə təpər tapıb anasını ziyarət üçün qızıldan qiymətli vaxtını əzizinə ayıra bilmişdi. Son günlər anası tez-tez yuxusuna girirdi, -hardasan ay Qədir, niyə gəlib ananı ziyarət eləmirsən, qonşu qəbirlər gül-çiçəkdən görünmür, heç olmasa bir dəstə nərgizgülü alıb qəbrimi sevindirə bilməzsənmi?...
Bu gözlənilməz yuxu professora təsir eləmişdi. Yatdığı yerdən qalxmayıb ölsə ondan yaxşıydı. Açığını desək, professorun lap uşaqlıqdan qəbristanlıqdan zəhləsi gedirdi, qorxurdu, qara basırdı onu. Hətta, çiynini cənazənin altına verməyə cəsarəti çatmırdı. Elə bilirdi çiynini tabutdan qopara bilməyəcək. Bu yaşına qədər iştirak elədiyi yas mərasimində ürək eləyib qəbristanlığa getməmişdi, bir bəhanə tapıb yarı yoldan qayıtmışdı. Fani dünyanın dirisini qoyub ölüsündən qorxurdu. Təkcə anasının dəfnində özünü güclə toparlayıb sona qədər iştirak eləmişdi. Öz-özünə, -eldən-obadan ayıbdı, -demişdi. Qəbristanlığı daş meşəsinə bənzətmişdi. Daşdan boylanan şəkillərə baxdıqca içini vahimə bürümüşdü.
Hələ uşaqkən babasının dəfn mərasimini, oğrun- oğrun izləmişdi. Həyətdə cəsədi yumaq üçün çadırdan örtülü yer düzəltmişdilər. Balaca Qədir fürsət tapıb gizlincə çadırın arasından babasının üzünə baxmışdı. Amma ölü üzüylə diri üzü arasında elə də fərq görməmişdi. Sağlığında babası Qədiri görəndə həmişə üzü güldüyü kimi eynən də ölmüş vəziyyətdə üzü gülürdü. Bir anlığa Qədirə elə gəldi ki, babası ölməyib, dərin yuxuya gedib onu yalandan basdırmağa hazırlaşırlar. İstədı qışqırsın ki,-mənim babam ölməyib, yığışdırın bu həngaməni, ölməyib, ölməyib, –inanmırsız üzünə baxın, həmişəki kimi gülümsəyir. Amma birdən –birə babasının üzündəki təbəssüm yoxa çıxdı və Qədir indiyədək görmədiyi dəhşətli baxışla qarşılaşdı, hönkürtüsünü güclə saxladı. Mürdəşir Əlif özünə yamanca əl qatmışdı. Mərhum həqiqətən o dünya üçün paklanırdı. Bax elə həmin məqamda qorxu Qədirin iliyinə işlədi, qəfildən qışqırmağıyla mürdəşir Əlifi də qorxutdu:
- Ə, bu uşağı aparın burdan,uşaq-muşaq yeridimi əəə buraaa.
Qədir o vaxtdan ölüm deyilən şeydən diksindi, heç qəbristanlığa da getmədi. Uşaqlara deyirdi ki ,-babamı səhv basdırıblar, o ölməyib, nə vaxtsa qayıdıb gələcək. Bu səbəbdən saatlarla qəbristanlıqdan evlərinə gələn yola baxardı. Zavallı uşaq bilmirdi ki, o yolnan hələ qayıdan olmayıb. Beləcə Qədir böyüdükcə, ölüm, qəbristanlıq qorxusu da onunla birgə böyüdü. İndi budur, anasını ziyarət eləməyə həmin o qorxular içində gəlmişdi.
Qədir müəllim anasının məzarını çətinliklə tapdı. Əvvəldən bir düz-əməlli nişangah da seçməmişdi ki, gələndə işinə yarasın. Həm də üç il ərzində qəbirlərin sayı fantastik şəkildə artmışdı. Əksəriyyəti də cavan.
- Ölüm necə cavanlaşıb ilahi ,– professor köksünü ötürdü.
Təxmin elədiyi yerə çatınca onlarla irili-xirdalı, kasıb, varlı qəbrlərin arasından keçdi, baş daşlarından boylanan gülümsər şəkillərə baxdı. Belə təsəvvür elədi ki, bu şəkillər yüz faiz ona gülür,- bir qəbri də tapa bilmir, –deyib məzəmmət eləyirlər. Bir az da axtarsa üzünə gülmədiyi baş daşı qalmayacaqdı. Bir yandan qəbirlərin xofundan, bir tərəfdən də içində köhnədən qalan ölüm qorxusundan Qədir müəllim əməllicə əndişələndi, tez də özünü toparladı ,- əşi hamının sonu buradı ,o da qismət ola, ya olmaya,- deyə özünə elmi –fəlsəfi təskinlik verdi. Bu təskinliyin hesabına bir az da cürətləndi. Nəhayət, dindaşlarla mərhumənin məzarını tapdılar.
Anasının gülüşü qəbristanlıq gülüşlərinin ən gözəliydi. Mollalar mübahisəyə son qoymaq üçün Qədir müəllimin seçimini gözlədilər. Nədənsə bu mollalar əlli il öncə babasını pak eləyən mürdəşir Əlifə çox oxşadılar. Düzünə baxanda yas məclislərində kifayət qədər görünmədiyinə görə molla, yasin haqqında Qədir müəllimin elə də geniş təsəvvürü yox idi. Bir dəstə qərənfil almışdı, bir-bir qəbrin üstünə düzəcəkdi, daşdan boylanan anasının təbəssümünün tozunu siləcəkdi, köhnə xatirələrə dalacaqdı, doluxsunacaqdı, nəhayət yorğun öküz kimi ağır-ağır evinə qayıdacaqdı. Əvvəlcədən ziyarət haqqında götür-qoy eləyəndə molla məsələsini plana salmamışdı. Molla tayfasıyla arası yox idi. Onların əzik-üzük dəftərçədən oxuduqları mətnlərlə anasının ruhunun şad olacağına heç cürə ağlına sığışdıra bilmirdi. - Ana mənimdi, özüm bilərəm necə yad edərəm, bu qır-saqqız mollaların heç özlərinin başa düşmədikləri sözlərin mənim anamın o dünyasına nə dəxli var axı. Üstəlik yad dildə oxunan mətnlər... Qədir müəllim özünü işə salmışdı. Daha doğrusu, mollalar onu lazım olmayan yersiz düşüncələrə qərq eləmişdilər.
- Ay müəllim –hansımız oxuyaq, bir söz deyin işimizi bilək dəəə?
Professor istədi desin ki,- avazınız yaxşı gəlir oxuduğunuz quran olsa ,- amma tez də sözünü uddu. Qədir müəllimdən olsa,- hamınız çıxın gedin burdan, məni tək buraxın ,–deyərdi. Amma, deyə bilmədi, qırıldı qaldı. Mollalar üç nəfəriydi. İstədi ki, hərəsinə beş manat verib uzaqlaşdırsın, bacarmadı. Qeybdən qulaqlarına səs gəldi,-ə yekə kişisən, bir yasin surəsi nədir ki, onu oxutmayasan, adət var, ənənə var, yüz illərdi bu belədi, ağlını başına yığ, mərhuməyə yasin oxut, quran tapşırt, qoy anan o dünyada əziyyət çəkməsin, məkanı cənnət olsun... Elə bil bu səsi baş daşları da xorla təkrar elədilər, bütün qəbristanlıq ayağa qalxdı. Haraydan professorun canına vahimə doldu, beyninnən uğultu qopdu. Özü realist olub ateizm təhsili alsa da, yaşının bu çağında nədənsə birdən-birə belə mistik, qeyri real qüvvəyə təslim oldu. Hava qaralırdı. Təsəvvür elədi ki, qaranlıqda qəbristanlıq necə dəhşətli olar. -Vallah, qəbir qazanlar, mollalar qurd ürəyi yeyib, gecə-gündüz qəbristanlıq havası udurlar, rəngi-ruhları da yerində. Mən acından ölərəm, amma burada bir gün də işləyə bilmərəm, ağlım başımdan çıxar, dəli olaram.
-Qaranlıq düşməmiş getmək lazımdı,- öz-özünə mızıldanıb gözlərini qəbristanlıq seyrindən ayırdı, anasının qəbrinə tərəf çevrildi. Gördü ki, üç molladan biri qalıb və ara-sıra mərhumənin şəklinə baxa-baxa dodağının altında xısın-xısın nəsə oxuyur. Özü də şəkilə diqqətlə baxdı. Anasının üzü bayaqkından gözəl göründü. Molla oxuduqca mərhumənin üzü bir az da güldü və gülüş o qədər canlı təsir bağışladı ki, deyərdin bu dəqiqə anası əllərini uzadıb Qədiri bağrına basacaq, üzündən-gözündən bərk-bərk öpəcək. Mollanın avazı Qədir müəllimə olduqca xoş gəldi. Belə qəribə avazla qəbristanlığa, hətta ölümə isinişdi. Bu dünyanın salamını o dünyaya çatdıran mollanın fəhminə heyran qaldı. Elə bil onun avazı o dünyayla əlaqə yaradan məxsusi səsiymiş, kodu da, şrifti də həmin bu molladaymış və Qədir müəllimin ziyarətə gəlməyini, anasının ölümünə olan təəssüf hissini mərhuməyə cani –dildən çatdırırmış, ruhunu şad edirmiş. Hətta, Qədir müəllimə elə gəldi ki, molla olmasaydı, bu mübarək ziyarətdən anasının şəksiz-şübhəsiz zərrəcə xəbəri olmayacaqdı, zəhməti boşuna gedəcəkdi. Mistik düşüncələr, əqidəsindəki realizmə və ateizmə əməlli-başlı güc gəldi. Ölüm qorxusu yavaş-yavaş canından çıxdı. Qəbristanlıq gözlərinə güllü-çiçəkli seyrangah kimi göründü. Baş daşları sərv ağacına bənzədi . Sözlərini başa düşməsə də, mollanın avazı professoru çox-cox uzaqlara, sirli aləmə apardı, öz-özlüyündə xeyli rahatlandı. Ziyarətə gəlməyini mollanın məxsusi avazla anasına çatdırmasına heyran qaldı, sevindi. Qəbrə baxıb ömründə ilk dəfə salavat çevirdi. Anasının təbəssümü xeyli çoxalmışdı...