Yevgeni Zamyatin. Üç gün (hekayə)
- 20.07.2020
- 0 Şərh
- 10388 Baxış
Günəş,
qum, mazut qarası ərəblər, qum, dəvələr, palmalar, qum, kaktuslar. Hardasa,
başqa bir yerdə isə ərəblərin yerinə türklər və yenə günəş, dəvələr, qum. Hər
yerdə eyni cingilti, gözqamaşdırıcı parlaqlıq. Və bir limandan digərinə köçərkən
sürəkli eşidilən, buna görə də qulaq batıran, gözlərə pərdə çəkən dalğaların ipək kimi xışıltılı küyü. Sonda
aldığın təəssüratların ağırlığı altında tamamən əzilirsən, bu ipəyin arasından
hər şey bir ilğım kimi sezilir, zorla eşidilir. Bütün söhbətlər eyni kəlmələrlə
başlayır: "Hə-ə, bax, biz Odessaya çatanda...”
Nəhayət,
gəldik. Günəş qüruba enir – demək, gecikmişik. Gömrük baxışı hələ sabah olacaq,
o zamana qədər isə sahilə çıxmaq olmaz.
- Uzaqdan
həzz alın. Əlinizi uzatsanız, çatar, - lap Musa peyğəmbərinkini xatırladan
çallaşmış uzun saqqalına ahəstə-ahəstə tumar çəkən baş mexanik qımışır.
Dalğaların
küyü suyun üzərilə yüngülcə bizə tərəf qaçır. Şəhərin üzərindəki qızılı toz
buludu parıldamaqdadır. Günəş bizim gəminin dor ağaclarının təpəsində,
illüminator şüşələrində hələ bir müddət
qızarır. Sonra sönür. Axşam düşür.
İki bəyaz
hərb zirehlisi. Alatoran mavisi üzərində sanki yonulubmuş kimi, kəskin sezilir.
- Bəs
bu texnika niyə burdadır?
- Görünür,
cənab zabitlərin könlünə Odessa qızları düşüb, ona görə də gəliblər...
Bu, yenə
də həmin mexanikdir; o, hər şeyi bilir, hamısını bilir, həmişə bilir. Binoklu
götürür, baxır.
- Biri
zirehli gəmidir, o biri isə minadaşıyan. Sevastopol gəmiləridir, - o deyir.
Yatmaq
üçün kayutlara enirik. Sadəlövh, səssiz, adi bir gecədir və bu gecə zülmət dərinliyinə
artıq bir qığılcımın atıldığından, indicə alovlanacağından hələ xəbərsizdir.
Səhərin
gözü açılmamış göyərtədə qaçaqaç, hay-küy başlayır; gömrükdən gəliblər. Əllərindəki
qarmaqlarla göyərtədə elə eşələnirlər ki, sanki şeytan cəhənnəmdə gəzir. Ən
adi, tozlu, tər qoxulu bir gün başlayır. Nahar zamanı hamı tələsir – bircə tez
qurtarıb şəhərə girə bilsəydilər... Sahilə bircə o çal saqqallı mexanik ayaq
basa bilib; hər yerdə tanışları, dostları var, özü də bic tərpənib, hələ
gömrükçülər gəlməzdən əvvəl gəmidən çıxa bilib. İndi də oturub, yalan-doğru – nə
eşidibsə, nağıl eləyir.
- Hə,
siz burda oturmusunuz, dünyadan xəbəriniz də yoxdur. Amma orda nələr olur, nələr!
Bu zirehli gəmidəki bütün zabitləri gəmidən atıblar. Leytenantın biri matrosu gəbərdir,
bunlar da keçir hərəkətə. Elə bilirsiniz, aldadıram? Əşi, cəhənnəm olun görək...
Masa ətrafındakılar
gülümsəyirdilər, hamı bilirdi ki, bu qoca təəccübləndirməkdən ötrü sinov gedir.
Nə olar, qoy goplasın...
Nahardan
sonra maşinist Qriqori Vasiliç məni öz
kayutuna dartdı və qapını içəridən bağladı. Onun sağ əlində ikicə barmağı
qaldığından, həmin əli həmişə gizlədərdi, amma bu dəfə hər şeyi unutmuşdu. Elə
hey danışaraq əlini yellədirdi, şikəst əlin salamat qalan barmaqları gözlərimin
önündə bir görünüb bir itirdi.
- Qulaq
asın, o, Novı molda (1) lövbər salıb. Bu faktdır. Hamı da ora axışır – millət
var. Nəsə elə bir şey olacaq ki, heç özüm də bilmirəm... Qulaq asın, gedək ora,
hə?
Qriqori
Vasilyeviç yaxşı adamdır. O belə danışırsa, deməli, doğrudan da nəsə var... Ürəyim
sevincqarışıq bir həyəcan içində döyünməyə başlayır.
Biz
sahil boyu yeyin-yeyin addımlayırıq. Səmada günəş par-par yanır, külək kəsib, dənizə
isə baxa bilməzsən – göz aparır.
Hansısa
yollardan keçirik, səndələyirik, bomboz küçəni dönürük və qəflətən yuxarıdan – şəhərdən
limana tərəf axışan bir dəstə insanın arasına düşürük. Nəsə xaç yürüşlərinə bənzər
bir şeydir: axın elə izdihamlı, hamı elə alabəzək, müxtəlifdir ki. Panamalar,
ayaqyalın uşaqlar, əsgərlər, əlcəklər, ipək çətirlər, nimdaş çarıqlar,
yaxalıqlar...
Gedirik.
Arxadan kiminsə naqolay, ləng səsi eşidilir.
- Hə,
bu da qaradənizlilər. Çoxdan deyirdilər ki, bizim tərəflərə gələcəklər. Bax, gəldilər.
Mən dönüb
baxdım. Üzü çopur bir əsgərdi, yoldaşını başa salırdı.
- Zabitləri
də budur, döyüb-eləməyiblər, sadəcə, qıfıla qoyublar. Mən bilirəm də. Mən...
Və yoxa
çıxır, izdihamda gözdən itir. Artıq yanımda yeni adamlar var: tələbə və bir
qız. Qız tələbəyə sığınıb və deyəsən, titrəyir:
- "Potyomkin”dir,
- tələbə dedi. - Ən təzə zirehli gəmi. Başa düşürsənmi, əgər doğrudan da o
özüdürsə - axı bu ki...
Bizim
xaç yürüşümüz Novı mol istiqamətinə tərəf gedirdi. Bura hansısa naməlum bir mərkəzə
yaxın idi və onun üçün də daha səssiz, daha ciddi təsir bağışlayırdı.
Taxta
yeşiklərin yanında sanki keşik çəkirmiş kimi tərpənməz insan heykəlləri
dayanmışdı.
- Siz
neynirsiz burda? - Qriqori Vasilyeviç soruşdu.
- Arağın
keşiyini çəkirik. Monopolkadı (2) axı. Yerini, Allah eləməmiş, öyrənib eləyərlər.
Komitədənik biz.
Yumşaq
parçadan köynək və qara pencək geyinmiş,
qız gözləri kimi göy gözləri olan bir gənc zor-bəla ilə gecə fənərinə dırmaşdı.
İzdiham üzərinə əlini qaldırdı:
- Yoldaşlar,
bu gün...
Onu
dinləyirdilər. Adamların çoxluğundan və günəşdən baş hərlənirdi, məsələyə heç dəxli
olmayan bir fikir adamların ağlından çıxmırdı: "Axı o qara pencəkdə bu adama
çox isti olmalıdır...”
İzdihamin
daxilində sanki bir çat yarandı, cığır
açıldı və o cığırla irəliyə - anlaşılmaz bir hədəfə doğru gedib, qayıtdılar. Və
bütün baş verənlərdə çox qəribə, özünəməxsus
bir nizam vardı.
Qriqori
Vasilyeviçlə mən də bu cığırla hərəkət etdik. Birlikdə ağır addımlarla bəndin
başına tərəf yeriməyə başladıq. Qəfildən qabağımızdakı adamlar papaqlarını göyə
atmağa başladı. Ətrafa qorxunc bir səssizlik çökdü.
- Ox,
budur o, budur, ilahi... Necə də yaraşıqlıdır, elə uzanıb ki, elə bil lap
diridir! - bunu da başına yaylıq örtmüş arvad dedi.
Bəndin
lap qurtaracağında, yerə döşənmiş bayraqların üstündə matros uzanıb. Sarı, ölü,
sakit bir sima. Gündüzləri həmişə qorxunc təsir bağışlayan mum şamların alovu.
Ətrafda ancaq pıçıltılar var. İki ağdərili matros – onun yoldaşları başı üzərində
dayanıb. Yan tərəfdə, lap yaxınlıqda bir sərsəri oturub – üzü tamamilə şişib, alnını
da parça ilə sarıyıb – lap ana kimi. Sərsəri başını yırğalayır, üz-gözünü
turşudur, görünür, ağlayır.
Kimdir
o, niyə burdadır?
Camaat
mərhumun yanındakı qaba xırda pullar atıb kənara çəkilir. Meyitin sinəsinə
ilişdirilərək bərkidilmiş, günəşin altında ağarmaqda olan vərəqdəki son kəlmələri
oxuyuruq: "...mənim ölümümə görə...”
Qəflətən
mötəbər səssizliyi sərt bir bağırtı pozur:
- Ey, sən,
rədd elə papağını!
Şlyapalı
cənaba matroslardan hansısa biri qışqırır. Bunu eşidən ətrafdakılar da hamısı
birağızdan:
- Ey, rədd
ol! Karsan, nədir?
Şlyapalı
cənab əyri-əyri gülümsünərək başını açır. Yenə səssizlik. Təkcə başında yaylıq
olan arvad hıçqırır:
- Aman
Tanrım, necə də yaraşıqlıdır. İlahi pərvərdigara!..
Günəş
yandırıb-yaxır. Şamların sarı alovunda cəsədin iti və sarımtıl burnu qorxunc görünür... Və indi bütün Odessa tamamilə yeni, bu vaxtadək görünməmiş,
qeyri-adi bir görkəm alır. Biz insan cığırı boyunca əsgərlərlə,
ipəkdən çətirlərlə və oğlan uşaqları ilə birlikdə şəhərə gedirik. Deribasovsk, Rişelyevsk... Yox, mənlum olur ki,
buralarda sakitlikdir: bər-bəzəkli qadınlar, qəzetçilər, gülsatanlar, hər şey
öz axarı ilə gedir - günün qızmarında, həm də çox sakit bir şəkildə.
- İçmək
istəyirəm, necə də içmək istəyirəm. Belə lap indicə hiss elədim. - Qriqori
Vasilyeviç dilləndi.
Masaya
oturduq, içdik. Qurtarmağa tələsirdik.
- Gedək,
hə?
- Hə.
- Hara?
- deyə soruşmağa heç lüzum da yox idi, limandan savayı hara gedəcəkdik ki?
Hələ
uzaqdan dalğaların gətirdiyi insan dənizini görür və "A-a-e-e-e..” səslərini
eşidirdik.
Papağını
göyə atan kim, əl yellədən kim. İndi artıq aydınlaşdırmaq olurdu - minlərlə səs
bağırırdı:
- Gəlirlər,
a-ee-e, gəlirlər...
Bizmi
itələdik, bizimi sovurub apardılar, bilmədik, lakin tezliklə sahilin lap kənarına çatdığımızı hiss etdik. İndi lap aydın görünürdü: bəmbəyaz
zirehli gəmidən bizə - sahilə tərəf qağayı kimi yüngül və iti sürətlə bir
motorlu qayıq yan almışdı. İndi matrosların bəyaz yaxalıqlarını və üzlərini də aydınca sezmək
mümkündü. Dayanırlar.
- Urr-a-a-a-a!
- arxada bağırtılar eşidildi. Coşaraq irəli atıldılar, dəli kimi bir-birinin
çiyinlərinə dırmandılar və yuxarıya doğru: "Uraaaa!” deyərək qışqırdılar.
Mən ətrafa
boylandım. Küçə fənərlərinin hündür dirəkləri adamlarla dolu idi – bircə saniyənin
içində o qədər adam ora necə dırmaşa bilmişdi? – adamlar ağlara əl yellədirdilər,
havada şlyapalardan və furajkalardan bulud topası yaranmışdı. Potyomkin gəmisinə
məxsus motorlu qayıqdakı motroslar da ağızlarını açaraq, görünür ki, nəsə
bağırırdılar, amma onları eşidən yox idi.
Hə,
matroslardı, məhz onlardı, bu qədər yaxın idilər. Nəyə görəsə həmişə yaddaşlara yalnız bir nəfərin – açıq qəhvəyi bığları aşağıya
sallanmış məkrli xaxol (3) sifətli olanın fizionomiyası həkk olunur.
Motorlu
qayıqdakı xaxol körpünün üzərinə çıxaraq, adamları sakitləşdirmək məqsədilə əl
yellədi.
Onunla
bərabər sahildə olan onlarla insan da tumbaların üzərinə dırmanaraq əl yellədi
və "Sa-ki-i-it! Sakit!” deyə qışqırdı. Təəccüblüdür ki, lap bu dəqiqəyəcən yırğalanan gərilmiş insan dənizi o saat sakitləşdi. Sakitləşərək heç olmasa bircə kəlmə
eşidə bilmək üçün barmaqlarının lap ucunda dayandılar. Hamısı bilirdi ki, indi eşidəcəkləri kəlmələr qəti, dəhşətli
olacaq.
Potyomkinə
məxsus qayıqdakı motros qaşınaraq dilləndi:
- Budur…
görün nə deyirəm… Ərzaq lazımdır bizə. Ərzaq gətirə bilsəydilər bircə...
Bu o qədər
gözlənilməz, elə sadə alındı ki, hamı yüngülləşərək gülümsündü:
- Ərzaq
gətirin onlara! Yemək istəyirlər...
Neyləmək
olar ki, adamlar belədi, hamısı bizim kimi, onlara lazım olan yemək idi.
Doğrudur.
Kater
yüngülcə yırğalandı. Matroslar qayığın gövdəsinə atılan qarmaqların köməyilə
özlərini saxladılar. İzdihamın içindən sanki əvvəlcədən ciblərində gətiriblərmiş
kimi bir cəldliklə sahilə kartof, kökə və digər naməlum tərkibli bağlamalar
atmağa başladılar. Aşağıya atılanları matroslar havada tuturdular.
- Çox
sağ olun, çox sağ olun!
Sallaq
bığlı xaxol yenə də körpüyə çıxdı, əllərini rupor kimi ağzına dayayaraq
qışqırdı:
- Qardaşlar,
indi isə bizə əsgər lazımdır! Biz əsgərlə danışmalıyıq, bizə sıravi əsgər
lazımdır!
Hərəkətə
gələrək sıxlaşdılar, kimisə qabağa
dürtüşdürdülər… Mən həmin o çopur əsgəri tanıdım. Çopur yaxınlaşdı, qarnını məhəccərlərə
söykədi və ləng diksiyası ilə artıq publikadan utanıb-sıxılmadan danışıqlara
başladı:
- Onlar
nümayəndə dalınca kazarmaya qaçıblar. Elə
mən özüm də sizə deyə bilərəm ki...
- Hə,
orda sizdə nə var, qardaşlar, necədir? – aşağıdan, qayıqdan soruşdular.
- Nə
olsun ki, bizimkilər yenə bir işə yarayacaq. Amma bunlar, - əsgər bağıraraq
hansısa kazarmaların, alayların adını çəkirdi ki, aşağıdakılar eşitsin, - görüm
lənətə gəlsinlər, it uşaqları!
Aşağıdan
onun səsinə səs verdilər. Ətrafda isə hamı eşidirdi. Hər şey belə bəsit,
aydın idi.
Qayığın
motoru uğuldadı və matroslar günlüksüz papaqlarını yellədilər:
- Əlvida,
qardaşlar! Sağ olun!
Yenə də
ura səsləri, vəhşi, təntənəli bağırtılar, fənər dirəklərindən sallanmış
adamlar, səmaya uçuşan papaqlar.
Qriqori
Vasilyeviçlə mən sanki mövcud deyildik: kütlə bizi sağa-sola sovurur, məhəccərlərə
çırpır, itələyib ən sıx yerə dürtürdü. İzdiham hərəkət edir, dalğa-dalğa olaraq
axırdı. İnsan axını üzərində az qala gözlə görülə biləcək qədər sıx gərginlik və
təntənə buludu dolaşır və necəsə, kiminsə köməyilə boşalacağı anı
gözləyirdi. Yenə də orda-burda natiqlər
görünməyə başladı. Amma bu artıq kifayət etmirdi, bulud elə hey böyüyür,
qatılaşırdı.
Və
budur, hardasa solda yenidən ura səsləri havaya qalxdı. Bu səs fırtınanın ilkin dalğası kimi qabarır,
böyüyürdü, onun ardından isə ikincisi, üçüncüsü yüksəlirdi. Artıq heç nə
eşidilmirdi – ətrafda yalnız fırtınalı, təntənəli uğultu vardı və bu səsə gəmi
fitinin güllə səslərini andıran fasiləli, qorxunc, eyni zamanda şən səsi
qarışırdı.
Novı
molun lap yaxınlığında nəhəng qara buxar
gəmisi görünür: onu "Potyomkin” zirehlisi
yedəklə dartır. Gəmi adamla doludur. Körpüdə qırmızı bayraqlar, onlarla işçi
var. Hamı papaq yelləyir, sahili fitlə salamlayır. Sahildəkilər isə tələsir, dəli
kimi coşqunluqla qışqırır: ura!
Məlumatı
olanlar deyirdilər ki, "Potyomkin”ə yanacaq lazımmış.” Budur, "Potyomkin”ə məxsus
minadaşıyan gəldi, kömürçünü yedəyinə aldı və dartıb apardı. Kömürçü
minadaşıyana qarşı nə edə bilər ki? İndi Potyomkinin kömürü var, indi "Vira” bizim
işimizdir!”
Buxar gəmisi
getdi. Saat altıdır. Günəş son qüvvəsini toplayaraq yandırıb-yaxmaqda davam
edir. Adamlar boğulur, bütün qüvvələri səfərbər edərək gözləyirlər. Başqa nəsə də olmalıdır, mütləq
olmalıdır.
Biz
Qriqori Vasilyeviçlə birlikdə nahar eləmək üçün gəmiyə qayıtdıq. Bu rahat
kayut-kompaniyada oturmaq bir az qəribə alınırdı, fikirləşirdin ki, orda-sahildə...
Allah bilir indi orda nələr baş verirdi; bəlkə də ən gözlənilməz, ən ağlasığmaz
hadisələr cərəyan etməkdə idi.
Qırmızı,
lal, yabanı günəş qüruba enirdi. Biz yenə də Novı mola yaxınlaşdıq. Qışqırıq səslıri
gəlirdi. Yox, həmişəkilərə bənzəmirdi; əvvəllər bu səs meşənin, leysanın səsini
xatırladardı. İndiki isə əlahiddə, sərt
bağırtılar, qarğa qarıltıları kimi bir şeydi.
Estakadanın
altında dayanan mujikin əlində çirkli vedə vardı, görünür, nə isə satırdı. Əvvəlcə
anlamadıq.
- ...Heç
olmasa siftə eləyi-in! Bütün vedrəyə üçcə qrivvennik verərsiniz. Lap iki qriven
olsun… Şampan...
- Vay səni...
dağıdıblar! – Qriqori Vasilyeviç təlaş içində dilləndi. Yenə özünü unutmuşdu,
yenə şikəst əlinin qalan barmaqlarını havada oynadı.
Hanı səhərki
o izdiham, hanı, hara qeyb oldu? Ümumiyyətlə burda nəyinsə baş verdiyinə
inanmaq olmurdu. Hər yerdə qəddini əyərək sanki iməkləyirmiş kimi yeriyən əli
bağlamalı adamlar – başı yaylıqlı qadınlar, şişkin üzü kartofa bənzəyən avaralar dolaşırdı. Və
bunlar hamısı ətrafa boylanır, künclərdə gözdən itir, soxulcan kimi qaranlıq keçidlərə baş vururdular...
Zirzəmilərin
qarşısında qırıq-qırıq eşidilən küy, hökm sürür. Ətrafda sanki indicə nəsə
darmadağın olub töküləcək və toz buludu qalxacaq kimi bir ab-hava var. Hardansa
baltalar, linglər peyda olub. Sütunları mişarlayırlar, damlar uçulub tölülür,
yaxınlıqdakıların isə dünya vecinə deyil. Əllərində paya tutan adamlar anbarlara atılır, eşələnir, nə
isə çıxardır, bir-birinin əlindən nə isə qapıb alırlar. Kimsə uçulan damın
altında qalıb. Nə olsun, ölüb, ölüb də...
Bir
yığın taxta yeşik. Səhər burada "komitə”dən
adamlar vardı. İzdiham onları da sürükləyib aparıb.
Bu
yeşik dağının lap təpəsində əynində bircə jilet olan ayaqyalın biri dayanıb, jileti
eləcə çılpaq bədəninə geyinib.
Hər əlində
bir şüşə var, içir, sonra da aşağı
tolazlayır. Səndələyir, yeşiklər gurultu ilə aşağı yuvarlanır.
Bir dəqiqə
sonra şüşə və taxta qırıqlarının arasından bayaqkı adam boylanır. Şüşə onun hər
iki əlini kəsib, qan fışqırır, amma buna baxmayaraq o əyilir, yeni şüşə
götürür, açır, başına çəkərək içir. Hər iki əlindən qan axır...
Şərabla
dolu çəlləklər. Dibinə düşüblər. Qapaq-qapaq, ovuc-ovuc, qab-qab, vedrə-vedrə
daşıyırlar. Daşıyır, içir, yerə tökürlər. Bəndin üzərilə şərabdan çaylar axır, sanki
yaxşıca bir leysan töküb. Çayların üzərilə isə taxta lövhələrdən körpülər atılıb.
Hamısını
nə içə bilirlər, nə də özlərilə götürməyə gücləri çatır. Qoy hamısı batsın, cəhənnəmə
ki. Bircə "onlara” qalmasın. Dənizə!
Bəndin
kənarı ilə güzgülər, taxta qəfəslərdə velosipedlər, yeşiklər, çəlləklər,
qutular üzür. Çəllək-çəllək spitri, kerosini dənizə axıdırlar: "Gəz-dolan,
onsuz ki, bircə dəfə edəcəksən...” Hardasa mahnı oxuyurlar, deyəsən, quldur
mahnısıdır, qədim uşkuy (4) soyğunçularının nəğməsidir.
Dar küçə
ilə biz şəhərə tərəf qalxdıq. Sanki küçədə hər şey qaydasındaymış kimi idi,
lakin hər yerdən gözlər bərəlirdi: eyvanlardan, pəncərələrdən, azacıq aralı
qapılardan… Kazak razyezdi (5) fərş
yoldan keçərək harasa gedirdi: atlar yola döşənmiş daşları döyəcləyərək dördnala çapırdılar. Pəncərə və qapıları tələsik
bağladılar.
Yuxarıdan
yenə limana sarı baxdıq. Orda hamı qaynayır, nərə çəkir və şadyanalıq edirdi. Günəşin sonuncu
şüası qızılı işıq saçırdı...
Şəhər
küçələrinin canlanmış, bəzədilmiş səkilərinin tən ortasında əsgər düşərgəsi.
Silahları qozlada qoyublar, yanında da oturublar, qazançalarda nə isə
qaynadırlar: müharibədir...
Lakin
orda – bulvardakı masaların ətrafında əvvəlki kimi şadyanalıqdır, bayram
ab-havası hökm sürür. İncə xanımlar, nəzakətli kavalerlər – lornetli, binokllu,
əllərində də nəzarət boruları. Hamısı səbirsizliklə "Potyomkin”in olduğu tərəfə
boylanır və gözləyirlər. Tamaşanın başlamasını gözləyən adamlar kimi gözləyirlər.
Qriqori
Vasilyeviç dişlərini qıcayaraq söyür, donquldanır.
- Binokllarla?
Bax, indicə elə bir...
O,
sözünü bitirə bilmədi. Qulaqbatırıcı uğultu, zərbə.
Pəncərə
şüşələri çilik-çilik olaraq tıkülür. Tərəddüd anı. Sonra beynin içindən ildırım kimi keçən bir fikir: "Potyomkin”
başladı. Və insan qasırğası.
Adamlar
ağıllarını itirmişdilər. Yüyürür, qab-qacaqla dolu masaları, stulları,
skamyaları tərsinə çevirirdilər.
Kişilər
yıxılıb yerdə qalmış bər-bəzəkli xanımların üzərindən adlayaraq qaçırdılar.
Bircə
saniyə içində kazak razyezdi bulvara
daxil oldu. Qapılara çırpıldılar, üzlərini evlərin divarlarına söykədilər. Hansısa möcüzənin sayəsində mən Qriqori Vasilyeviçi
axtarıb tapdım. O, ağır-ağır nəfəs alırdı, tərini silir, tüpürürdü:
- Ayağım
yerdən üzüldü. Üstümdən keçib qaçdılar. Əcəb izdiha-amdı!..
-
Doğrudanmı "Potyomkin”? - Mən soruşdum. - Niyə bəs birdən-birə o?..
- Yox əşi,
heç də "Potyomkin” deyildi! Onlardı, kazaklara bomba atırdılar. İki nəfər əzilib
lap pirojnaya bönüb, zabitləri yaralayıblar. Odur-odur… baxın bir...
Təcili
yardım karetasının həyəcanla fit verir və qırmızı işığı yanıb-sönürdü. Aptekin yanında dayandı.
Xərəklərdə nə isə aparırdılar.
Qırmızı
və yaşıl şüşəli pəncərələrin qarşısında qana susamış, acgöz, həyəcanlı bir maraqla olanları seyr edən kütlə
toplaşmışdı. Hamısı barmaqlarının ucuna qalxdılar.
- Bax… boynuna,
boynuna bax bir...
- Saçları
da yapışıb... Ay səni… hə?
Hardasa
tüfənglər şaqqıldadı, yaylım atışı açıldı. Kütlə bulvara tərəf hərəkət etməyə
başladı.Orda atların köməyilə divar kimi
sədd çəkmişdilər, kazaklar heç kəsi buraxmırdılar.
- Dağılışın!
Dağılışın! - özünü itirmiş polis nəzarətçisi artıq qışqırmırdı, xırıldayırdı.
Lakin heç kim yerindən tərpənmədi. Hamı dirənərək nəyisə gözləyirdi. Darvazaların
altında hansısa adamlar sakitcə, hərəkət etmədən dayanmışdılar. Yolayrıclarında topalaşıb gözləyirdilər.
Və o gəldi.
Aşağıda dayanaraq qırmızı, dumanlı parıltı ilə yırğalandı.
- Yandırdılar,
yandırdılar!
-
Karantinnayadır (6)... Yanır deyəsən... hə?
- Karantinnaya...
əcəb də Karantinnayadır... Bu ki Novı moldur.
Sevinclə,
həyəcənla dolu səslə danışanların üzləri qaranlıqda seçilmirdi. Elə bil ki, elə bunu gözləyirdilər.
- Qulaq
asın, gəlin Polskiyə gedək. Bəlkə orda bizi aşağıya buraxdılar. - Qriqori Vasilyeviç
dedi.
Polski
yoxuşunda sakitlikdi, burdan heç nə
eşidilmirdi. Pilləkanların lap aşağı pillələrində əsgərlər oturmuşdular,
onlardan yuxarıda isə amfiteatr şəklində tamaşa edənlər yerləşmişdilər.
Qıpqırmızı işıq şüaları hamının gözlərində əks olunurdu, səssizcə tamaşa
edirdilər.
Yaylım
atəşləri indi tez-tez eşidilirdi. Novı molda da, Arbuznı limanında
da,Tamojennıda da anbarlar yanırdı. Daş kömür anbarlarını güclü alov almışdı. Yaxt-klubun
alov içində yanan taxta qülləsi böyük bir şam kimi səmaya ucalırdı.
Limandakı
qatarların və buxar gəmilərinin təlaşlı, cingiltili səsləri aləmi başına
götürmüşdü. Lövbərlər dartılıb gərilərək guruldayırdı; bu, hələ buxar
qazanlarını söndürməyə macal tapmamış bəxtəvərlərdi, sahildən uzaqlaşırdılar.
Sahilə yan alaraq lövbər atan gəmilər artıq alovlanmağa başlamışdılar: əvvəlcə
qayıqlar, sonra göyərtə, daha sonra isə dor ağacları od alırdı. Baxırdın ki,
artıq közərib qıpqırmızı olmuş dəmir parçası da yanğının dilləri arasında
qıvrılır, əyilir.
Axradakı
alovun qırmızı aydınlığında əli silahlı əsgər pilləkanları qalxırdı. Nəfəsini dərərək,
kiminsə qarşısında dayandı.
- Hə, nədir?
- səs eşidildi. Deyəsən, zabit idi.
- Qeyzdəndir,
cənab! Ordakı şəkər anbarına da od vurublar. Qənd əriyib axıb. Ordakı sərxoş isə,
cənab, damın üstündə dayananı deyirəm, başı aşağı yıxıldı həmin ərimiş qəndin
içinə. Var səsilə bağırır. Səsini eşidib onun dalınca ora girənlər də sərxoş
olduqları üçün düşüblər yanan qəndin
içinə, sən bir qeyzə bax! Elə hey atırlar, atırlar...
Alovun
tilsimlədiyi, səssizcə yanğını seyr edən adamlar birdən sanki ayıldılar, hərəkətə
gəldilər, ayağa qalxıb dağılışmağa başladılar. Arabir dayanıb atəş səslərinin gəldiyi
istiqaməti müəyyənləşdirirdilər ki, o tərəfə getməsinlər.
- Deyəsən
axı, bizim də geriyə, gəmiyə qayıtmaq vaxtımız çatıb, - mən Qriqori Vasilyeviçə
dedim. – Sonraya qalsa gec olar, keçə bilmərik buralardan.
- Hə,
heç indinin özündə də keçə biləsi
deyilik, - o, laqeydlklə cavab verdi. - Amma bir sınayaq.
Əsgərlər
bizi buraxdılar. Biz aşağıya endik və dərhal da zülmətə qərq olduq. Küçə
lampaları yanmırdı, işıq saçan təkcə alovun dilimləri idi, qabararaq divarlarda
əks olunurdu.
Tanış
olmayan, qaranlıq küçələr, döngələr. Bomboş, tərk edilmiş evlər. Uzaqlarda
uğultular var. Səkilərdə qara, tərpənməyən kisələr: sərxoşlardırmı onlar, ya
ölülərdir?
Biz
yollara yaxınlaşdıq. Mal qatarları başını itirmış halda şütüyür, kimi
mümkündürsə, xilas edirdilər. Hansısa yolayrıcında təcili yardım faytonu
dayanmışdı: qatarın ayaqlarını kəsdiyi bir sərxoşu ora yerləşdirirdilər, sərxoş
isə şən və dolaşan nitqilə nə isə mızıldanırdı.
Novı
mol ətrafında daha işıqlı idi. Hər şey od tutmuşdu, yanırdı, hətta taxta məhəccərləri
qətranlanmış sahil də. Hətta yüzlərlə çəllək kerosin və spirt axıdılmış dəniz
suları da sahil boyu alov içində idi.
Alovun
və şərabın sərxoş etdiyi insanlar dəridən-qabıqdan çıxırdılar ki, alovun
çıtırtısını üstələsinlər. Qırmızı alov dilimləri sanki onların üstünə atılırdı,
ya da onlar özləri bu alovun ətrafında vəhşicəsinə rəqs edirdilər, elə düşünürdülər ki, bu gün
onlara hər şey olar. Həyat burada bir qara qəpiyə də dəymirdi. Burada gəzmək
qorxulu idi, biz yuxarı, estakadaya qalxdıq. Burdan tamamilə od içində olan
liman ovuc içi kimi görünürdü. Dəniz də: alovun kabus kimi rəqs edən əksilə örtülü dəniz də sanki sakit, biganə bir
güzgü idi. Artıq estakadaların sonuna yaxınlaşırdıq ki, qəfildən o biri ucu – bizi
xilas edərək gəmiyə götürəcək tərəfi yanmağa başladı. Mən Qriqori Vasilyeviçin
üzünü heç vaxt bu qədər solğun görməmişdim.
Geri
dönmək ağlasığmazdı. Buralarda hardasa aşağıya enmək üçün trap var. Olmalıdır!
Amma harda?!
Vurnuxurduq.
Bəlkə də o trapın yanından iyirmi dəfə o yan-bu yana keçmişdik. Alov getdikcə
yaxınlaşırdı. Ayağım qapağa ilişdi və yıxıldım: trap əlimin altında idi.
Aşağıya
endik. Bizim lap yaxınlığımızda, arxada yandırır, inildəyir, qışqırırdılar.
Lakin biz artıq gəmimizin dayandığı limanda idik. İndicə gəmidə olacağıq, lap
indicə biz onu görəcəyik, bircə bu anbarı ötsəydik...
Anbarın
ardında gəmi yox imiş. O, sahildən uzaqlaşaraq yarım verstlik məsafədə lövbər
atmışdı. Qışqırmaqdan lap səsimiz batdı, axırda cib dəsmallarımızın üstünə kerosin çiləyib, onları yandırdıq. Möcüzə sayəsində
bizi görüb xilasedici qayığı suya buraxdılar. Biz artıq gəmidəyik.
Ətrafdakı
hər şey od saçırdı. Danışmaq... danışmaq olmurdu, yalnız dinləmək, dinləmək,
dinləmək...
İndi
yaylım atəşi yoxdur. İndi artıq fasiləsiz atırlar. Və bəlkə də hamının daxilində
bu sarsıntının əks-sədası var. Yox, tüfəng atışının səsi deyil bu,
pulemyotların səsinin əks-sədasıdır – quru və özünəməxsus mexaniki dəhşətilə qəlbi
titrədən gurultu. Gecəyarısından bəri pulemyotlar susmayıblar.
Hardasa
uzaqda zirehli gəmi dayanmışdı, onun projektorların göyümtül-bəyaz işıqları
sahili, suları və gəmiləri kəsirdi. Hamı susmuşdu, qulaq asırdılar. Sahildə
güllə səsləri uzun-uzadı iniltilərlə qarışmışdı – budur, lap bu yaxınlıqda baş
verirdi hər şey. Matros dor ağacına dırmanaraq yuxarıdan səsləndi:
- Buradan
hər şey görürür, hər şey. O-o-dur, əsgərlər onların üzərinə gedir. Süngülərlə
onları... Qar-daş-ları-ım mənim!
Həvəssiz
ucalan ura səsləri. Sanki sınıq, qupquru çır-çırpı səsinə bənzəyən revolver səsləri,
sonra yuxarıdan, sahildən gələn yaylım atəşinin səsi... Yuxarıda, dorağaclarına
dəyən toplar şikayət edərcəsinə səslənirdilər. Sonra biri, ardınca isə digəri
bizim oturduğumuz göyərtədəki xilasedici qayığa dəydi. Burdan aşağıya doğru
getmək lazım idi. Bizim dinamomuz işləmirdi. Kayut-kampaniyada olan tutqun
işıqlı yağ lampaları yırğalanırdılar.Hamı səssizcə oturmuşdu, elə hey dinləyirdilər.
Yalnız səhər saat dörd radələrində atəş səsləri kəsilməyə başladı və biz
kayutlara dağılışdıq.
Səhər.
Buludları mirvari dənələrini xatırladan göy üzü. Bütün liman papiros tüstüsü
kimi bəmbəyaz duman içindədir. Hər şey sanki üzür, xəyal kimidir, ətrafda nəsə qəribə bir məstlik var.
Sahildən
bir xilasedici qayıq bizə tərəf üzür. Kim ola bilər? Ax, o, əlbəttə ki o – bizim
çal saçlı qoca mexanikimiz.
Pilləkanları
qalxır, Musa peyğəmbərin saqqalı kimi uzun olan saqqalını tumarlayaraq dillənir:
- Zorla
gəlib çıxmışam sizin yanınıza. Heç kimi buraxmırlar, təkcə mənə icazə verdilər,
o da ki belə, tanışlıqla...
Bizim gəmi
kapitanı, gombul qardaşımız Luka Petroviç qıpqırmızı qızardı və coşmağa
başladı:
- Bəs
birdən mənə sahilə çıxmaq lazım olsa, onda necə olsun, hə? Görüm lənətə gəlsinlər!
Mexanik
hiyləgərliklə gülümsədi:
- Neynəmək
olar. Məni buraxıblar, sizi isə buraxmırlar. Fövqəladə vəziyyətdir, əzizim, fövqəladə
vəziyyət. Hələ siz bir binokldan baxın görüm. Bir sahilə baxın.
Növbə
ilə binokllla sahilə baxdıq. Göz işləyən hər yerdə əsgərlər vardı.
Mexanik
razı görünürdü; niyə də olmasın...
- Hə,
indi isə, bax, bura. Burdakı vaqonları, platformaları görürsünüzmü? Odur, orda.
Lap
görürük, nə olsun ki. Nədir ki bu? Həsirlə örtülü bir şey aparırlar...
- Hm,
bir şey... Bəs nə olduğunu necə, bilirsiz?
O,
onların qulaqlarına nə isə pıçıldayır. Nədənsə binokl da əllərində əsir və
onlara elə gəlir ki, həsirlərin altından qollar, ayaqlar görünür...
Mexanik
isə arxadan kiməsə deyir:
- Bu
artıq üçüncü oldu deyəsən...
- Nə?
- Gəmi
sayı, "Potyomkin”lə birlikdə. Gecə "Vexa” gəldi. Orda da eyni şeylərdir; öz
zabitlərinin əl-qolunu sarıyıblar, gətiriblər "Potyomkin”ə və onun yanında lövbər
salıblar.
Baxırıq
ki, doğrudur. Üç gəmidir, kilvaterdə (7) dayanıblar. Deməli, hələ hər şey
itirilməyib, hələ də nə isə baş verə bilər.
Dövlət
liman gəmisi səs-küylə bizə tərəf üzür. İtigözlü, balacaboy kapitan bizim göyərtəyə
qalxır:
- Tanrı
eşqinə, Luka Petroviç, tez olun, gedin. Bütün gəmilərə limanı tərk etmək
tapşırığı verilib. Mümkün qədər tez.
- Nə
olacaq ki?
- O
olacaq ki...
İtigözlü
kapitan pıçıltı ilə, lakin hamının eşidə biləcəyi səslə danışır.
- Eskadra
buraya gəlir. Əmr olunub ki, "Potyomkin” i ya diri götürək, ya da batıraq. Bunu sizə böyük bir sirr kimi deyirəm.
Luka
Petroviç dodağının altında deyinərək söydü:
- Bütün
komanda göyərtəyə! Lənətə gəlsinlər görüm.
Matrosların düz yarısı yox idi, harasa itmişdilər. Luka
Petroviç fısıldayırdı:
- Aha...
belə... Bizə limanı tərk etmək əmri verilib deyirsiniz, eləmi?
Matroslar
bir-birinə baxdılar. Sonra aralarından cəsarətli biri irəli çıxdı, onun
qulağında sırğa vardı.
- Heç
cür olmaz, Luka Petroviç. Komitə bizə tətil əmri verib.
- O
hansı komitədir elə? Nə komitə? Sizi məgər komitə tutub? Lənətə gələsiz sizi...
Of, mən indi sizin hamınızı...
Bağırır,
ayaqlarını yerə döyür. Matroslar isə öz bildiklərini edirlər, "Komitə əmr etməyib”
deyərək yerlərindən heç tərpənmirlər də.
Luka
Petrviç tüpürdü. Baş köməkçisilə pıçıldaşaraq məsləhətləşdi. Baş mexanik köməkçini
sahilə apardı, qərara gəldi ki, onu kordonun (8) arasından keçirsin.
Bir
saat sonra köməkçi geri qayıtdı.Yenə də motrosları toplayaraq sıraya düzdülər. Luka
Petroviç pərt halda elan etdi:
- Budur,
- dedi, - nədir o, sizin o komitə, hə... Komitə qərara alıb ki, bizə buradan
getməyə icazə versin. Başa düşürsünüz?
Və əlindəki
kağız parçasını onlara uzatdı. Matroslar iş başına döndülər. Luka Petroviç göyərtə
uzunu gəzərək deyinirdi: yəni bu tezliklə buraları tərk etmək? Saat hələ səkkizdir,
lap on olsun. "Potyomkin”dəkilər isə lap indicə gələcəklər. Və döyüş
başalyacaq. Bəs biz nə edəcəyik? Qurunun oduna yaş niyə yanmalıdır axı?
Gəmilər
bir-birinin ardınca limanı tərk edirlər. Başqa bir hökumət gəmisi bizə
yaxınlaşır.
- Hə, nəyi
gözləyirsiniz, Luka Petroviç? Tələsin. Buxar var?
- Hə-ə…
Buxar… lənətə gəlsin… Bizi də yedəyinizə alın. Heç olmasa, breykvaterə (9) qədər...
- Olar.
Verin ucluğu.
Hazırdır.
Üzürük. Luka Petroviç məmnundur. Yanmış sahillərin, külə dönmüş binaların kənarı
ilə üzürük...
Getdikcə
də "Potyomkin”ə daha çox yaxınlaşırıq. Budur, silahlar və bəyaz qüllələr görünməkdədir.
Kapitan körpüsündə iki kapitan dayanıb. Gəminin arxa tərəfində bəyaz hollandka (10) geyinmiş bir dəstə adam
toplaşıb, görünür, mitinq olacaq. Odur-odur, biri qalxıb, nitq söyləyir,
şapkasının lentləri havada uçuşur. Gözlərimizi binokldan ayırmırıq.
- Cənab
kapitan!
- Əl çək!
Sonra... - Luka Petroviçin də əlində binokl var.
- Luka
Petroviç, əmr edin onları salamlayaq.
Luka
Petroviçin əlləri havada asılı qalıb. Əsəbi halda boynunun ardını silir.
- Ax,
görüm onları lənətə gəlsinlər...
Həqiqətən
işə düşüb. Andreyevsk bayrağını salamlamağa məcburdur. "Potyomkin” gəmisində isə,
odur, göy xaçlı andreyevsk bayrağı dalğalanır... Digər tərəfdən də bunlar axı
qiyamçılardır! Üçüncü tərəfdən: Salamlamasan, altıdüymlük atəşlə gəminin
böyrünü darmadağın edərlər.
Luka
Petroviç əsəbi halda matrosa çəmkirir:
- Başına
hava gəlib, nədir? Bu gicbəsərləri salamlamaq? İtil öz yerinə get!
Sırğalı
matros getdi. Gedirik, getdikcə də
"Potyomkin” gəmisinə yaxınlaşırıq, yaxınlaşdıqca da silahların qapqara
ağızlarının necə geniş açıldığını görürük. Luka Petroviç yenə qəzəbdən od püskürür, gözlərini də onlardan çəkmir. Ayağa
qalxıb gəminin sarğısına tərəf gedir. Biz də onun ardınca.
Sarğı
bayrağının yaxınlığındayıq. Sırğalı matros sakit görünür. Onun borcu soruşmaq
idi, qalanı onun işi deyil... Luka Petroviç onun yanındadır. "Potyomkin”lə bərabərləşdilər.
Bir saniyə daha. Luka Petroviç qəzəblə bağırır:
- Salamla
bu yaramazları! Əgər belə lazımdırsa, salamla!
Və
salamlayırlar. "Potyomkin” isə buna əhəmiyyət vermədi, heç cavab da vermədi. O hayda deyildi. Luka Petroviç buna doyunca söydü...
Bizi
breykvaterədək yedəkdə daşıdılar. İtigözlü hökumət kapitanı vidalaşmaq üçün
bizim gəmiyə gəlmişdi, o yenə nağıl etməyə başladı:
- ...anlayırsınızmı:
atmağa qorxurlar, neynəmək olar? General bu gün onlara ölən matrosu dəfn eləməyə
icazə verib və kişi kimi söz verib ki, dəfn zamanı heç kimi həbs eləməyəcək. Ona
görə də onlar bütün şəhər boyu yürüş edəcəklər. "Əgər həbs etsəniz, - deyirlər,
- biz də şəhəri atəşə tutacağıq.” Hə, necədi? İşdir, birdən bizim general dözməyib
kimisə həbs etsə?
Stüard
Lavrenti dəli kimi kayut-kampaniyaya daxil olan zaman biz artıq nahar edib qurtarmışdıq. Onun çəpləşmiş göz bəbəkləri elə
hey o yan-bu yana qaçırdı, gözünün təkcə ağını görmək mümkün idi.
- Potyomkin
getdi! And olsun Tanrıya, indicə getdi!
Hər
şeyi bir kənara atdıq. Bircə saniyə sonra artıq hamı göyərtədə idi. Zirehli gəmi ağır-ağır, suya bata-bata keçib
gedirdi. Kilvaterdə minadaşıyan və "Vexa” üzürdü.
- Bilirsinizmi,
- baş köməkçi dedi. - Elə indilərdə onlar öz ölülərini dəfn edirlər, saat
altıda..
Erməni
köməkçinin qaraşın sifəti avazımadı, hətta
zeytuni rəng aldı.
"Potyomkin”
bortu Odessaya doğru dayandı. İstər-istəməz hamı gözəyarı ölçməyə başladı ki, gəmi
elə bulvarın solunu nişan alsa, başımız əldən
gedəcək... Zirehli gəminin bortunda şən parıltılar oynadı, yumşaq, dairəvi
duman qalxdı. Və atəş guruldadı.
Zeytuni
rəngli baş köməkçi zorla sezilən bir hərəkətlə xaç çevirdi. Luka Petroviç fısıldadı. Daha bir atəş, daha biri. İki dairəvi,
şiddətli zərbə.
Bizim
komandanın toplaşdığı yerdə zarafatlar, gülüş səsləri.
- O,
onların yasını idarə edir.
- Xeyirxah
adamlardır, ehsan verirlər.
- Kimi
ehsana qonaq edirlər, onlarımı?
Su
sakit, aydındır. Zirehli gəminin atəş xəttində iki gəmi üzür. Gedəcəklər görən?
Yoxsa getməyəcəklər?
Şüşə
kimi tərtəmiz musiqi səsi. "Potyomkin”dən gəlir. Sonra təkcə valtorna yüksək səslə
guruldayır.
- Hücum
musiqisi ifa edirlər.
- Hücum...
Hə, indi, qardaşlar, gedəcək!
Hikkəsindən
turp kimi qızaran Luka Petroviç ağzı köpüklənə-köpüklənə mexaniki çağırır.
- Nədir,
buxar yoxdur orada sizdə? Lənətə gələsiz…
Hərçənd
bilir ki, indi hələ buxar ola bilməz. Lakin nə isə eləmək lazımdır, belə oturub
gözləməyə gücü qalmayıb. Zirehli gəmidə açıq-aydın görsənən qırmızı döyüş
bayrağı dalğalanır. Atəş parlayır, zərbənin tanış səsi gəlir, lakin bu dəfə nə
isə yeni bir şeydir: sanki hava ulayır, fit verir. Baş köməkçi əyilir. Arxadan
kimsə deyir:
- Bax,
bu ciddi məsələ oldu, döyüş mərmiləridir.
Bir saniyə
sonra bum-bum – atəş səsləri eşidilir və binoklla şəhərin ortalarında baş verən
uzaq partlayışlardan qalxan duman aydın görünür. Və yenə truba səsi. "Potyomkin”in
dor ağacına asılmış qırmızı bayraq yavaş-yavaş enir. Bəyaz, səssiz zirehli gəmi
hələ uzun müddət beləcə dayanır.
Bayraq
endirildi. Danışdılar, deyindilər və yenidən həyata döndülər.
- Bayrağı
endirdi, deyəsən, bitdi...
- Bitdi…
sən saydığını say, gör fələk nə sayır! Hələ indi başlayır, gör hələ nələr
olacaq..
Nə
olursa-olsun, nə qədər dəhşətli olursa-olsun,
bizim matroslar qorxmaz. Hardansa əllərinə bir iki funt albalı düşüb. Albalıdan
yeyib çəyirdəklərini dənizə tüpürərək, atəşin haradan açılması, "Potyomkin” in
və "o birilər”in hansının nə qədər silahının olması barədə qızğın mübahisə edirdilər.
İki
saat səssiz istirahət. Suyun üzərində ilk kölgələr sürünür. Gəmilərdə axşam zəngləri
çalınırdı. Gəmi zəngi ikicə dəfə çalınmışdı ki, sonuncusu hələ susmağa macal
tapmamış "Potyomkin”in minadaşıyanı lövbərini çəkir və zorla eşidiləcək bir şəkildə suyun aynası üzərində "şütüməyə” başlayır. Əvvəlcə
ağır-ağır, getdikcə daha sürətlə. Minadaşıyan birinci, ikinci, üçüncü
kommersiya gəmisinə yan alır. Hansısa qısa danışıqlardan və əmrlərdən sonra
yoluna davam edir.
- O,
bizim gəmiləri də öz donanmasına götürür. İndicə bizi də götürəcək, çünki bu
onun üçün su içmək kimi şeydir... İlahi pərvərdigara, qardaşlar!..
Bunu
sırğalı cəsur matros deyir. Onun həndəvərindəkilər albalı yeməyi buraxıb
pıçıldaşır, arada çəp-çəp kapitana, onun köməkçisinə baxırlar.
Sırğalı
matros davam edir:
- Bu elə
asandır ki. Sevastopoldakılar bura onu da götürməyə gələcəklər, o da bütün
kommersiya gəmilərini düzəcək özündən
arxaya, növbəyə. İndi vur görüm onu necə vurursan. Heç cür mümkün olmayacaq.
Hamısı dəyəcək bizə. Hiyləgərdir bu "Potyomkin”, qardaşlar, o...
Luka
Petroviç donquldanır:
- Av-varalar...
Qul-durlar...
Qonşu gəmidəki
minadaşıyan isə bizə tuşlanır. Luka Petroviç bircə an içərisində harasa yox
olur. Bütün heyət bortun yanında toplaşıb.
- Ey, gəmidəki!
Hanı sizin kapitan, gəmidədir? - minadaşıyanın kapitan körpüsündən bir
matros sakit, yüksək səslə qışqırır.
Luka Petroviçi axtarmağa qaçırlar, güc-bəla
ilə yerini öyrənə bilirlər. O, qollarının ağzı qızılı saplarla bəzədilmiş kapitan
kostyumunu geyinib. Qarnını çəkərək özünə daha qədd-qamətli görkəm verməyə və məlahətli səslə danışmağa çalışır.
- Salam,
qardaşlar. Nə lazımdır?
Körpücükdəki
matros papağını çıxardaraq, sanki üzündən oxuyurmuş kimi danışmağa başlayır:
-
"Knyaz Potyomkin Tavriçeski” zirehlisindən tapşırıq var: Gəmilər lövbər
atsınlar və şübhələnməsinlər: heç bir təhkükə gözlənilmir.
"...bəs
öz donanmasına götürmək söhbəti necə oldu? Deməli, belə şey yox...”
Və qəfildən
Luka Petroviçin üzü gülür, o, furajkasını yelləyərək, cəsur səslə qışqırır:
- Sağ
olun, qardaşlar! Ura!...
O,
özünü tutaraq ağzını yumur. Minadaşıyandakılar bizə papaq yelləyir və
yavaş-yavaş növbəti gəmiyə tərəf üzürlər.
"Lövbər
salın və şübhəniz olmasın ki...” Biz də "şübhələnmədən”, sakitcə, heç bircə kəlmə
də demədən uzun müddət göyərtəbə otururuq.
Qaranlıq
qatılaşıb. Aysız gecə qara tüklü heyvancığaz kimi mülayimdir. "Potyomkin”in
soyuq və parlaq bıçaqları gecənin zülmətində sezilirlər. Minadaşıyan işıqları
söndürərək bütün gecəni kəşfiyyatda keçirib. Açıq-aydın hiss olunur ki, orda nəyisə
gözləyir, nəyəsə hazırlaşırlar.
Yuxuda
alov görür, qışqırıq səsləri eşidirəm, kiminsə qolundan tutublar, buraxmaq istəmirlər.
Lavrinti amansızcasına çiynimi dürtmələyir:
- Qalxın,
qalxın. Donanma artıq lap yaxındadır. Tanrıya and olsun ki, indicə başlayacaqlar!
Hələ
günəşdən usanmamış bir səhər. Üfüqdə qaralan gəmilər. Binokldan aydın görünür:
üç zirehli və minadaşıyanlardır. Düz buraya – "Potyomkin”ə sarı gəlirlər. Luka
Petroviç ətrafa tüpürcək saça-saça göyərtə uzunu qaçır, mexanikə bağırır:
- Yanacağa
yağ tök, yağ tök! Yandırın, tez eləyin. Cəld olun, lənətə gəlmişlər, cəld olun!
"Potyomkin”
də tərpəndi. Lövbərlər guruldadı. Əvvəlcə özü, ardınca da minadaşıyanı eskadraya qoşuldular və birbaşa yola düzəldilər.
Mexanik
göyərtəyə qalxaraq məlumat verdi:
- Luka
Petroviç, buxar hazırdır.
- Şükür
sənə, Tanrım! Hə, tam sürət: Oçakova.
Bizim
köhnə gəmimiz inildəyir, dor ağacları cırıldayır, göyərtədə nə isə şaqqıldayır
və biz tam sürətlə yola düzəlirik. Qarşımızda Sevostopol eskadrası, Arxamızda
"Potyomkin”, biz də onların arasında. Görəsən onlar atəş açmamış aradan çıxa
bilərikmi? Yoxsa bacarmayacağıq? Eskadra bayraqların köməyilə "Potyomkin”ə işarələr
verməyə çalışır. "Potyomkin” qırmızı döyüş bayrağını qaldıraraq tam sürətlə irəli
şütüyür. Hə, bax, indi...
- Sürət,
artırın sürəti, lənət şeytana... - Luka Petroviç üzünü gəmiyə tutub bağırır.
Amma
ocaqçılar onsuz da dəridən-qabıqdan çıxırlar, qazanlar qaynayaraq fısıldayır, gəmi inildəyir.
Qəfildən
"Potyomkin”in üzərinə gələn üç zirehli gəmidən və minadaşıyanlardan ibarət olan
eskadra ağır-ağır dönür və heç bircə atəş də açmadan geri qayıdır.
- Bax,
belə, əla! Bax, bu cür! Urra! - sırğalı cəsur matros qışqırır.
- Urr… -
Luka Petroviçin ağzını açmağı ilə yummağı bir olur. Özünə əsəbi görkəm verərək,
o aşağıya – heyətə üz tutb qışqırır:
- Hə, nə
var, nə xəbərdi? Bağırmayın!..
"Potyomkin”in
bəyaz korpusu getdikcə kiçilərək üfüqdə əriyir. O, geriyə - Odessaya gedir, biz
isə Odessadan qayıdırıq.
Oçakov.
Yüksək sahildə sarımtıl-bəyaz evciklər. Uzaqda görünən batareyalar. Oçakov mühasirə vəziyyətindədir,
sahilə çıxmaq olmaz. Qızmar günəş bizə səmadan hərarət çiləyir. Oçakovdakı
toplar bütün günü guruldayıb, heç susmayıblar – hər ehtimala qarşı məşq edirlər.
Birdən "Potyomkin” bu tərəfə gəlmək fikrinə düşərsə? Kim bilir?
Gecə
Odessada olduğundan daha sakitdir. Orda, üfüqün uzaqlığında "Potyomkin” zirehli
gəmisinin projektorlarının soyuq şüaları oynamaqdadır, onları burdan da görmək
olur.
Orda, Odessada
nə var? Baş sındırırıq, yoruluruq. "Potyomkin”lə bərabər keçirdiyimiz o üç günü
xatırlayırıq.
- Xülasə,
əgər atəş açsaydılar, elə burdan da eşidilərdi, - baş köməkçi deyir.
Burada
o şən və söhbətcil olub: Oçakov batareyaları ona yaxşı təsir edib.
Ertəsi
gün Odessadan qaçmış daha bir neçə gəmi də gəldi. Biz qayığı sazlayıb yenilikləri
öyrənməyə getdik.
- Yenə
də eskadra gəlmişdi, - deyirdilər. - Hücuma keçdilər, lakin "Potyomkin” onların
arasından elə cəldliklə sivişib keçdi ki, onu atəşə tuta bilən olmadı.
Getdilər.
Biri – "Georgi Pobedonosets” adlı yeni gəmi isə "Potyomkin”lə qaldı.
"Potyomkin”in
uzaq, bəyaz parıltısı üfüqdə hələ iki gecə də göründü. Üçüncü gecə üfüq artıq
soyuq və tənha idi.
Səhər gəmi
Odessadan yeni xəbər gətirdi: "Potyomkin” gedib.
- Hara
gedib?
- Naməlum
səmtə.
Naməlum
səmtə, bəlkə də Oçakova. Hə, hə, nədən olmasın? Kimsə danışırdı ki, hələ
Odessada olanda eşidibmiş ki, "Potyomkin” mütləq Oçakova doğru üzmək istəyirdi.
Sahildəki batareyalar daha cidd-cəhdlə çalışırdılar. Axşamüstü gözətçi gəmiləri
reydə çıxdılar. Lakin bu gecə də o birilər kimi sakit və hərəkətsiz idi. Heç kəs
yoxdu.
Səhərdir.
Sahildən əsən külək çöllükdəki otların ətrini gətirir. Bir dəstə kəpənəyi xatırladan bəyaz yelkənlər ətrafa səpələnib:
balıqçılar dənizə çıxıblar.
Dalğalar
xilasedici qayığı atıb-tutur. Köynək geyinmiş iki avarçəkən. Bizə
yaxınlaşırlar.
- Teleqram...
Odessadan teleqram var!
Bizimkilər
yığışaraq qulaq asır, gözləyirlər.
- "Potyomkin”
Rumıniyaya gedib. Odessada sakitlikdir.
- Rumı-niyaya!
- sırğalı matros sözləri uzadaraq məyusluqla dilləndi. Qəlyandan bir qullab
vurdu, tüpürdü.
1913
Tərcümə:
Dinar Həmidova
İzahlar:
(1) Novı
mol – Odessa limanında 1874-77-ci illərdə K.Qartleyin layihəsinə əsasən tikilən
beton bəndlərdən birinin adı
(2) Monopolka
– çar Rusiyasında araq alverilə məşğul olan hökumətə məxsus şərab dükanları.
(3) Xaxol-ukraynalılara
ruslar tərəfindən verilən ad.
(4) Uşkuy
quldurları – Novqorodda soyğunçuluqla məşğul olan quldur dəstələrə verilən ad. Uşkuy
adlanan xüsusi avarlı qayıqlardan
istifadə etdikləri üçün onlara bu adı
vermişdilər.
(5) Razyezd
– Kavaleriya hissələrinin kəşfiyyat bölməsinin funksiyalarını yerinə yetirən
süvari patrulu.
(6) Karantinnaya
– Odessada üç əsas bənddən birinin adı
(7) Kilvater
– üzən gəminin dənizin suyunu yarması nəticəsində əmələ gələn su şırnağı
(8) Kordon
– uzununa düzülmüş çox da böyük olmayan hərbi dəstələr.
(9) Breykvater
– dalğaqıran
(10) Hollandka
– matros köynəyi