Aliyə Nil.  Telekrizis - 2

Aliyə Nil. Telekrizis - 2

Ölkəmizdə və İTV kanalında boğulanlara həsr edirəm

İTV-də bir veriliş var- gərək ki, adı ya«Ortaq məxrəc»-dir, ya da «Gəlin danışaq». Mən əsəbləşəndə rəfiqəm deyir, danışmaq boş şeydi, onsuz da hamı öz bildiyini eləyir, sən də fikir vermə. Danışmaq havayı iş olub. Danışmaq havayadır.

Ötən həftə baxdığım verilişin mövzusu valideyn-övlad arasında məlum səbəblərdən baş verən konfliktdir. Verilişin qonaqlarından olan Ağalar Məmmədov demişkən, Azərbaycanda hər valideyn övladına öz mülkiyyəti kimi baxır. Övlad da hərdən-hərdən narazı-narazı ata-anaya qayıdır. Hər şey qabaqcadan məlumdur. Maraqlı və gözlənilməz olan məsələ studiyada oturmuş gənclərin münasibətidir. Bu uşaqlar hamısı valideyn xeyir-duası ilə evlənmək istəyənlər idi və söhbət də bu konfliktdə məhz evlənməkdən gedirdi. Çünki hər iki tərəf nə qədər oxumuş olursa-olsun, azərbaycanlı valideynlə övlad arasında konfliktə yeganə səbəb, övladın həyatındakı yeganə ictimai hadisə olan evlənməkdir. Onlar nə fikir ayrılığı, nə ideologiya, nə də sənət seçimi üstündə toqquşmazlar. Ona görə yox ki, azərbaycanlı ata-ana üçün evlilik prinsipial məsələdir, ona görə ki, başqa prinsipial məsələləri yoxdur.

Hamı evlənəndə valideyn xeyir-duasının vacibliyindən danışırdı. Sevgidən, xoşbəxtlikdən danışan yeganə gənc adam Ağalar müəllim idi. Hər şey cəhənnəmə, adamı yandıran veriliş müəlliflərinin söz verdiyi valideynlər idi. Onlardan biri övladını yalnız o halda öz seçiminə buraxardı ki, onun kifayət qədər çox övladı olsun. Və onlardan biri-ikisi kimlə istəsələr evlənsinlər: Əvvəllər ailələrdə azı beş-altı uşaq olurdu, bəlkə də ata-ana onlardan bir-ikisini öz seçiminə buraxardı. Mənim iki övladım var, onları istədiyim kimi evləndirəcəm». Təxminən belə : «Beş qazım olsa, ikisi uçub getsə cəhənnəmə. Axı cəmi iki qazım var».

Beyinlərimiz köhnəlib. Şüurumuzdakı valideyn bərkiyib, özünə möhkəm yer salıb. Haqlısınız, Ağalar müəllim, altşüurdakı ata-ananı silə bilmirik. O həmişə beynimizdə bizə nəzarət edir. Bizi idarə edir. Min illərlə genetikamız təkamül keçməlidir onun yox olması üçün bəlkə də. Hamilə olduğumdan, uşaq dünyaya gətirdiyimdən bəri beynimə qorxa-qorxa bir fikri döyəcləyirəm: «Övlad başqa biridir. O, sadəcə məndən keçib bu dünyaya gəlir». Niyə qorxuram? Çünki mən də azərbaycanlıyam, genetik milli mənsubiyyətimdən asılıyam (Necə ki, bu yazını qaralamağa məhkumam). Genetika axmaq şeydi. Ondan yaxa qurtarmaq çətin məsələdir.

«Allah bizim allahdı, keçər günahımızdan...»

Necə ki, illərlə beynimdə assosiasiyalarımda möhkəmlənmiş allah obrazını silmək mümkün deyil. Nənəmin təqdimatıyla beynimdə uca bir kətildə oturmuş, ağ saqqallı, əli ağaclı «Allah baba» yerin-göyün hökmdarıdır. Böyüklərdən qorxan uşaq kimi, həmişə onun əlindəki ağacla mənə zərbə vuracağından qorxuram. Mənim kimisi az deyil. Başqaları da var. Belələri allaha da öz malı, özününkü kimi baxır. Onların allahı ilə hind filmlərində gördüyümüz hər evdə bir büt arasında nə fərq var?

Yaxınlarda hamilə bir qadınla söhbət edirdim. O hamiləliyini uşağın cinsi bilinənə kimi saxlamaq, sonra qərar vermək istədiyini söylədi. «Oğlan olsa saxlayacam, qız olsa yox». Ona avtobusda, küçədə, bazarda adamlar içində az-çox güvəndiyim dəyəri - kütlənin içində guya dəyəri olan islamı xatırlatdım. «Hətta Quranda da bunun günah olduğu bildirilir». Başqa vaxt adamı din üstə diri yeyənlərin qulağı açılsın: qadın tox bir arxayınlıqla, «daha nə qayıraq ee, Allah keçsin günahımızdan, onunu doğmayacağıq ki, içindən biri oğlan çıxar».

Din, allah onlara sərf edən mənalarda dirçəlir və yaşayır. Bu düşüncəylə dünyaya övlad gətirirlər. Adam övladının dünyaya gəlməsini belə özünə sərf edər şəkildə seçirsə, ondan nə gözləmək olar?

Studiyaya yığılmış gəncləri də belə ata-analar dünyaya gətirib. Onlar ən yaxşı halda mızıldanaraq etiraz edəcəklər. Ata-ananın qabağında utanmaq geridə qalmışsa, sözlərindən çıxmamaq hələ irəlidədir.

Bədbinləşdim. Lap qaramat basdı məni. Qoy heç olmasa mızıldanaraq etiraz edən yerli gənc haqqında bir lətifə yazım, ürəyimiz açılsın.

Demək, bir cavan oğlanı ata-anası evləndirmək istəyirlər. Oğlan dəhşət utancaq imiş. Hiyləgər demokrat ata-anası sərf eləməsə rədd etmək üçün oğlandan kimi sevib-seçdiyini nə qədər soruşsalar da oğlan utandığından nə evlənmək adı tutur, nə bir qız adı çəkir. Axırda əlacsız qalan valideynlər qohum-qonşuda olan tanış-biliş qızların adından ibarət bir siyahı tutub qoyurlar oğlanın qabağına. Ana qələmi bir-bir qızların adının qabağına tutub oxuduqca oğlan başını bulayır. Nəhayət bir adın qabağında oğlandan səs çıxır: «Hm…». Ana görür ki, bu müəyyən parametrlərinə görə onlara qətiyyən sərf etməyən Rüxsara adında bir namizəddir. Oğlunun çaşdığını ümid edə-edə- şübhə və təəccüblə, ərinə boylana-boylana soruşur. «Ruxsara?» Oğlan bir də «Hm» deyir. Üçüncü dəfə bir qədər intonasiyanı sərtləşdirərək, utancaq oğlundan qəzəb, əsəb, tələb və şübhəylə soruşur: «Ruxsara ye, Ruxsara?» Oğlan bu dəfə eyni tələb və acıqla təsdiq edir. «Əşşi hm da…!»

Ən doğma kanalda üzə-üzə

«Səmərəli vaxt» (keçirənlərə)

Mühit o qədər pisləşib ki, ətrafla ziddiyyətim o səviyyəyə gəlib çatıb ki, artıq nihilistcə inkar etmək vərdişə keçib. Bu ilk növbədə dilə təsir göstərir. Ona görə korlanmış dil, üslub vərdişlərimdən, korlanmış qavrama assosiasiyanızdan dolayı ironiya axtarmamanızı xahiş edirəm. “Space” həqiqətən mənim ən sevimli , ən doğma kanalımdır, kanalların saxta, ikiüzlü, fahişə olduğu bir vaxtda əsəbləşmədən feyz aparacağın yer tapmaq, lətifəsi bizdən uzaq, boz biyabanlıqda ulaq tapmaq kimidi, erkəyin dişisin axtarmırsan...

Üstəlik bu kanalı azərbaycanlılar üçün səmərəli hesab edirəm. Necə ki, ötən yazıda unudub xatırlatmadığım «Etiraf» verilişini. Veriliş aparıcısının azərbaycansayağı psixoloq məsləhətlərini. Bu verilişdən nə qədər güldüyüm, nə qədər dincəldiyim, ləzzət almağım sırf subyektiv qazancımdır. Amma bu verilişə baxan, məsləhət alan psixoloji rahatlıq tapan nə qədər insan - azərbaycanlı var.

İş orasındadır ki, İlham Mirzəyevin böyük mənada psixologiya elminə, Freydin əlləşib-vuruşduğu psixoanaliz elminə qətiyyən dəxli yoxdur. Nəinki bu yaradıcı elmə yaradıcı cəhətdən aid deyil, bəlkə də ən elementar məqamlardan belə xəbərsizdir (allah eləməsin ki, bu yazı əlinə keçsin, bütün müqəddəslərə and olsun, nə qədər insana psixoloji yardım göstərmiş bu insanı qətiyyən əsəbləşdirmək istəmirəm. Birdən məni səhv anlayar). Əvəzində ona sırf azərbaycanlı olaraq adamların «Milli psixologiyasının dərinliklərindən» («Yerlə göy arasında» filmindən) vergisi verilib. Bu bir anadangəlmə istedaddır. Siz Milli psixoloq görmüsünüz? “Space”ə baxın. Dedim axı… İnanın mənə, hətta Avstriyada psixologiya üzrə mükəmməl təhsil almış psixoloqlar belə «Etiraf» verilişinin tamaşaçılarına onun qədər kömək edə bilməz. Allah haqqı, ironiya etmirəm (Niyə mən həmişə yüz faiz səmimi olanda and içməli oluram?) Sevgilisinin fikrindən yuxu «basmayan» (ifadə özünündür), başqası ilə görüşən ərindən boşanmış, sevgilisindən uman və ona əsl şərqli kimi mənasız hiylələri ilə naz edən xanımları onun qədər anlayan, «qardaş məhəbbəti ilə» (mənə hədiyyə verilən bir kitabın iç səhifəsindən) sevən, doğru yol göstərən yoxdur. Məhz o, ərindən ayrılmış qadını sətiraltı mənalarla namuslu olub ərinin qayıtmasını gözləməyə, sanki sevməyə haqqı yoxmuş kimi həyatla barışmağa səsləyir, məhz o, gənc qızı sevgi etirafını birinci etməkdən çəkindirə bilir, məhz o milli psixologiyamızın incəliklərini genetik olaraq əlinin içi kimi aşkar bilir.

Əlbəttə, hər şey bu qədər asan deyil. Ortada mürəkkəb nevrotik hallar keçirənlər var. Adamın allahı var, onlar üçün də savadlı psixoterapevtlər var. Amma kütləvi şəkildə yayımlananı İlham Mirzəyevdir. Çünki kütləyə xidmət edir. Onun xəstələri individual şəxsiyyətlərdən çox, standart düşüncəli adamlardır. Onlar da nə çox. Bütün bunların adınasa səhiyyə demək düz deyil. Həkimlər xəstələrə individual orqanizmlər kimi yanaşa bilmirsə, hətta psixoloqlar belə, onlara standart şəkildə yanaşırsa, əgər qadın məsləhətxanalarında hamiləlik psixozu kimi nevrotik hallar keçirən birini darta-darta abort masasına sarı sürüyürlərsə, hansı səhiyyədən danışmaq olar? Mətləbdən kənarlaşmayaq. İlham Mirzəyevin xəstələri belə, individlər deyil. Və psixoloq İlham müəllim onları, onlar da psixoloqu gözəl başa düşür. Aparıcının çağırdığı nisbətən savadlı qonaqlar-kolleqalar isə mənasız psixologiya terminləri ilə, xəstələrə sərf etməyən psixoloq məsləhətləri ilə əməlli-başlı dilxorçuluq yaradır. Axı bu elmi terminlər, analizlər kimə lazımdır? Hər şey bu qədər sadəsə… Üstəlik kinoşünas dostum Aygün «Triyerin «Antixrist» filminə şərh verərkən rejissorun psixoanalizlə insanın faciəyə çatdırılması kimi bir fikri vurğuladığını deyirdi. Yenə «Etiraf»dan uzaqlaşmayaq.

Verilişin ən gözəl məqamlarından biri də gələn sms-lərin oxunmasıdır. Bu sms-lərlə bir-birinə doğmalaşıb sarmaşan insanlar gəlir gözümə…«Büsbütün gül kimi insanlarız, ay bərəkallah nə gözəl canlarız».

Bu son misraları özündən xəbərsizcə sloqan etmiş başqa bir veriliş «Səmərəli vaxt» adlanır. Ona tamamilə təsadüfən baxdım. İnanın, aktyor İlham Namiq Kamalın apardığı verilişdən üç keyfiyyətli komediyaya baxar qədər dərin zövq aldım. Bunu böyüklər üçün multfilm də adlandırmaq olar. Bilmirəm bu nə janrdırsa, dəhşət baxımlı və gülməlidir. Əlbəttə, yumor hissindən məhrum istedadsız, kompleksli, axmaqcasına ciddi adamlar onu «şit» adlandıra bilər, bu səmərəsiz adamlar verilişin estetikasını, ruhunu «tuta» bilməyiblər, bizövqdürlər və onlar haqda yazmağa dəyməz.

Verilişin cəmi iki buraxılışına baxmışam: birində Allahverdi Yolçuyev, o birində Novruz Qartal qonaq olub. Sonuncuda İlham müəllimin dəyərli, səmərəli zarafatlarından sonra bir qarabala verilişin sloqanına tay olacaq bir mahnı da oxudu: «Azəri torpağının hamımız övladıyıq…». Əhsən. Afərin! Min yaşayın! Verilişin adı da azərbaycan boyda xoşbətlikdə yaşayanların həyat tərzini nişan verir. Vallah, mən səmərəli vaxt keçirdim və hər iki verilişdən dərin zövq, yaşamağa ilham (bu aparıcıların adı deyil) aldım. Verilişin aparıcılarına, tamaşaçılarına, qəhrəmanlarına uzun ömür, can sağlığı, sizəsə “Space” boyda nəhayətsiz xoşbəxtlik arzulayıram. Mən də burdayam, ilahi! Hələlik.