Aqşin Yenisey. Yeni Şeirlər.

Aqşin Yenisey. Yeni Şeirlər.

Günel üçün

Bir zəlzələlik canı var şəhərlərin
Bir sevgilik ömrü var şairlərin
Bir nəfərlik unudulmaq qorxusu var qadınların
Şəhərlər zəlzələdən,
Şairlər sevgidən,
Qadınlar unudulmaqdan qorxur.

Zəlzələdən sonra şəhərdən nə qalırsa
Divar odur.
Sevgidən sonra şairdən nə qalırsa
Söz odur.
Unudulandan sonra qadından nə qalırsa
Sən osan.


Küçənin ən yeni tarixi

Uzun illər ayaqların əsarətinə dözən əkiz çəkmələr
Köhnəlib çıxdılar azadlığa – atdılar onları küçəyə.
Azadlıq onları əydi, çürütdü və yox etdi.
Zaman göz qırpımında insanın barmağını əzdi cəkiclə
Və çıxıb getdi.
Zavallı özü sarıdı yarasını kirli əsgiylə
Uzaqdan adama bənzəyən içkili bir ölüm
Uzanmışdı səkiyə
Anlaşılmaz sözlər danışırdı
XXI əsrə.

Yarımçıq

Nə vaxt pəncərədən baxsam
Evdə tək olduğumu görərəm
Mütləq bir qadın görünər gözümə
Hətta qasırğa olsa, qaranlıq olsa yenə
Hardansa bir Marqarita qəhqəhəylə uçub keçər
Minib süpürgəsinə.

Nə vaxt pəncərədən baxsam
Evdə tək olduğumu görərəm
Mütləq bir dilənçi görünər gözümə
Hətta qasırğa olsa, qaranlıq olsa yenə
Hardansa bir qarışqa da çıxar çörəyin üstünə.

Nə vaxt pəncərədən baxsam
Evdə tək olduğumu görərəm
Mütləq bir qoca görünər gözümə
Hətta qasırğa olsa, qaranlıq olsa yenə
Qoca canlı bir ölütək gülümsünər üzümə.

Nə vaxt pəncərədən baxsam
Evdə tək olduğumu görərəm
Mütləq bir siçan görünər gözümə
Hətta qasırğa olsa, qaranlıq olsa yenə
Yalvarar ki, siçanam mən, Tanrının sonbeşiyiyəm
Yerimi heç kimə demə.

Nə vaxt pəncərədən baxsam
Evdə tək olduğumu görərəm
Hətta qasırğa olsa, qaranlıq olsa yenə
Göy üzünə xəncər ucuyla cızılmış ay görünər gözümə...
Və s. və i.